Məhkəmə qərarları › İş №2-2(103)-655/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-655/2022

15.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-655/2022 15.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçı X1 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-417/2022 nömrəli iş üzrə 28 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ödənilməmiş 16.419 manat məbləğin, mediasiya xərci kimi ödənilmiş 200 manat məbləğin cavabdehdən tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 16.155,92 manat əsas borcun və 200 manat mediasiya xərcinin tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Şikayətin dəlillərinə görə, həmin dövrdə müəssisənin rəhbəri X2 idi, müqavilə isə Anar Məmmədov tərəfindən imzalanmışdır. Hazırlıq iclası zamanı iddiaçı etiraf etmişdir ki, müqavilənin əsli onda mövcud deyil. Bu bir daha onu göstərir ki, sənədlərin saxtalaşdırılması ehtimalı yüksəkdir. Ümumiyyətlə sənəddəki imzanın həqiqiliyini müəyyən etmək əsli təqdim edilmədiyi təqdirdə mümkün deyil. İlk hazırlıq iclasında cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə məlumat verilmişdir ki, iddiaçı Qazaxstan Respublikasında cavabdehə qarşı eyni predmetli iki iddia qaldırmış və həmin iddialara baxış davam edir. Sübut edici sənədlər elektron məhkəmə kabinetinə yerləşdirilmişdir. Həmin iddiaların eyni predmetli olub-olmamasına dair müvafiq sorğu verilməsi məqsədəuyğun olardı. Eyni zamanda, məhkəmə gedişatı prosesində işdə cinayət elementləri mövcud olduğu üçün Qazaxstan Respublikasında prokurorluğa müraciət edilməsi barədə sübutlar da təqdim edilmişdir. Lakin hakim bunların heç birinə məhəl qoymadan iddianı təmin etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il 1 aprel tarixindən, bütün digər vergi ödəyiciləri tərəfindən 2018-ci il 1 yanvar tarixindən malların (işlərin, xidmətlərin) alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara (malların, işlərin, xidmətlərin sifarişçisinə) elektron qaimə- faktura təqdim edilir. İş materiallarına hər hansı qaimə əlavə edilməmişdir. Qarşı tərəf borcu əsaslandırmaq üçün heç bir qaimə təqdim etməmişdir. İddiaçı sözügedən mübahisənin əmək mübahisəsi olduğu əsasıyla iş üzrə rüsum ödəməmiş, hakim buna ümumiyyətlə münasibət bildirməmiş və iddia ərizəsini icraata qəbul etmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili şikayəti qəbul etməyib, rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşdən müəyyən edilir ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdə AX-FS 20/009A nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icraçı (iddiaçı) sifarişçinin (cavabdehin) Qazaxıstan Respublikasında icrasını həyata keçirdiyi Almatı layihəsində maliyyə və mühasibatlıq uçotu ilə əlaqədar işlərin icrasını və nəzarətini həyata keçirməyi, sifarişçi isə 1 ay üçün iddiaçıya 3.294 manat xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin: 2.2-ci bəndinə görə, icraçı bu müqavilənin 1.1-ci bəndində göstərilən xidmətləri sifarişçinin təyin etdiyi iş yerində həftənin 6 günü icra edir; 2.3-cü bəndinə əsasən, ödəniş tərəflər arasında icra olunmuş işlər haqqında təhvil-təslim aktları imzalandıqdan sonra sifarişçi tərəfindən hər növbəti ayın sonunadək bank köçürmə yolu ilə icraçıya ödənilir. Xidmət müqaviləsi ilə fəaliyyət göstərən icraçıların iş vaxtının aylıq uçotu cədvəllərindən məlum olur ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi iddiaçının fevral ayı ərzində xidmət göstərdiyi 13 gün üçün xidmət haqqı 1.713 manat, mart ayı ərzində xidmət göstərdiyi 26 gün üçün xidmət haqqı 3.294 manat, aprel ayı ərzində xidmət göstərdiyi 26 gün üçün xidmət haqqı 3.294 manat, may ayı ərzində xidmət göstərdiyi 26 gün üçün xidmət haqqı 3.294 manat, iyun ayı ərzində xidmət göstərdiyi 26 gün üçün xidmət haqqı 3.294 manat, iyul ayı ərzində xidmət göstərdiyi 27 gün üçün xidmət haqqı 3.294 manat, avqust ayı ərzində xidmət göstərdiyi 10 gün üçün isə xidmət haqqı 1.267 manatdır. Tərəflər arasında tərtib olunmuş Görülmüş işin təhvil-təslimi barədə xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixli aktlarla təsdiq olunur ki, iddiaçının xidmət göstərdiyi xidmət haqqı xx.xx.2020-xx.xx.2020ci il dövrü ərzində 13 gün üçün 1.976,40 manat, xx.xx.2020-xx.xx.2020-ci il dövrü ərzində 26 gün üçün 3.294 manat, xx.xx.2020-xx.xx.2020-ci il dövrü ərzində 26 gün üçün 3.294 manat, xx.xx.2020-xx.xx.2020-ci il dövrü ərzində 27 gün üçün 3.294 manat, xx.xx.2020xx.xx.2020-ci il dövrü ərzində 26 gün üçün 3.294 manat, xx.xx.2020-xx.xx.2020-ci il dövrü ərzində 27 gün üçün 3.294 manat, xx.xx.2020-xx.xx.2020-ci il dövrü ərzində 10 gün üçün 1.266,92 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Eyni Məcəllənin 176-cı maddəsinə görə, həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. MPM-in: Maddə 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Qanunun: Maddə 1.1. Dövlət rüsumu - dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir); Maddə 9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, xidmət müqaviləsinə əsasən iddiaçının gördüyü işlərin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə müəyyən edilən müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya yaranan borcunu ödəməlidir. Belə ki, tərəflər arasında mülki hüquq münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklərin yaranması xidmət müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən xidmətlərin göstərilməsi və təhvil verilməsi, habelə borcun məbləği, iş materiallarında olan müqavilə, xidmət müqaviləsi ilə fəaliyyət göstərən icraçıların iş vaxtının aylıq uçotu cədvəlləri, görülmüş işin təhvil-təslimi aktları və cavabdehin iddiaçıya bir dəfə 3.294 manat xidmət haqqı ödəməsi ilə təsdiq olunur. Xidmət müqaviləsi üzrə cavabdehin iddiaçıya əvvəllər ödənişlər etməsi isə icraçının öz öhdəliklərini icra etməkdə olduğu faktının sifarişçi tərəfindən qəbul edildiyinə dəlalət edir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşmır. Şikayətin həmin dövrdə müəssisənin rəhbəri H.Bürhan olduğu halda, müqavilənin A.Məmmədov tərəfindən imzalanması barədə dəlili əsaslı deyil. Belə ki, müqaviləni A.Məmmədov müəssisənin rəhbəri kimi yox, tikinti direktoru qismində imzalamışdır. Başlıcası isə, müqaviləyə cavabdehin möhürü vurulmuşdur ki, sonuncu da möhürün ona məxsus olmadığını yaxud həqiqiliyini mübahisə etmir. Bu məqamda vurğulanmalıdır ki, fiziki şəxslərlə müqayisədə hüquqi şəxslərin statusa görə fərqlənən xüsusiyyətləri vardır. Belə ki, hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən möhürə və maddi məsul şəxslərə malikdir. Hüquqi şəxsin rəsmi reyestrdə qeydə alınması və möhürə malik olmasının mahiyyəti ondan ibarətdir ki, onunla hüquq münasibətinə daxil olan fiziki və hüquqi şəxslərlə qarşılıqlı əlaqələrdə dövriyyədə olan sənədlərin mötəbərliyi və səlahiyyətli şəxs tərəfindən imzalanması yalnız müvafiq möhürlə təsdiq edildiyi halda hüquqi qüvvəyə malik olur. Odur ki, məhkəmə kollegiyası müqavilənin əslinin onda olmamasının səbəbi kimi iddiaçının həmin sənədin cavabdeh tərəfindən ona yalnız surətinin verildiyini göstərməsini inandırıcılıqdan uzaq fakt kimi qiymətləndirmir. Bundan əlavə, iddiaçının Qazaxstan filialının direktoru Taleh Əliyev adlı şəxs tərəfindən imzalanaraq təsdiq olunan xidmət müqaviləsi ilə fəaliyyət göstərən icraçıların iş vaxtının aylıq uçotu cədvəlləri və görülmüş işin təhvil-təslimi barədə aktlar da cavabdeh tərəfindən mübahisələndirilmir. Digər tərəfdən, cavabdehin nümayəndəsinin məhkəmə kollegiyasının əvvəlki məhkəmə iclasında barışıq sazişinin bağlanması təşəbbüsü ilə çıxış etməsi də onu göstərir ki, qeyd olunan dəlillər yalnız formal mülahizələrdir. İddiaçının Qazaxstan Respublikasında cavabdehə qarşı eyni predmetli iki iddia qaldırması ilə bağlı dəlil də əsassızdır. Belə ki, həmin məhkəmə işlərinə dair qəbul edilmiş qətnamə və qərardadlardan aydın olur ki, sözügedən hüquqi mübahisələr tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 212 nömrəli əmək müqaviləsi üzrə münasibətlərdən meydana gəlmişdir, başqa sözlə, hazırkı işin predmeti ilə əlaqədar deyil. Şikayətin Vergi Məcəlləsinin 218.1.2-ci maddəsinə istinad edən, iddiaçının borcu əsaslandırmaq üçün qaimə təqdim etməməsinə dair dəlili də əsaslı deyil. Belə ki, xidmət müqaviləsi ilə elektron qaimələrin təqdim edilməsi nəzərdə tutulmamış, müqavilənin 2.3-cü bəndi ilə yalnız ödəniş üçün təhvil-təslim aktının imzalanması tələb olunmuşdur. Bundan əlavə, elektron qaimələrin təqdim edilməsi ümumi hüququn tənzimləmə predmetinə daxil olan Vergi Məcəlləsinin və digər normativ-hüquqi aktın tətbiqi sahəsinə aid publik hüquqi xarakterli hərəkət olub, təqdim edilməməsi özlüyündə mülki hüquqi məsuliyyət yaratmır. Bu baxımdan, icraçının elektron qaimələri təqdim etməməsi sifarişçini görülmüş işlərin müqabilində ödənişləri etməkdən azad etmir. Şikayətin iddiaçının iş üzrə dövlət rüsumunu ödəməməsi haqqında dəlili də əsassızdır. Belə ki, “Dövlət rüsumu haqqında” Qanuna əsasən mediasiya xərci onu ödəmiş tərəfi həmin məbləğdə dövlət rüsumunu ödəməkdən azad edir, iddiaçı isə 139,26 manat dövlət rüsumu ödəməli olduğu halda, 200 manat mediasiya xərci ödəmişdir. MPM-in: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-417/2022 nömrəli iş üzrə 28 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar