Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-702/2022 20.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-949/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İcraçı İddiaçı MMC ilə sifarişçi Cavabdeh MMC arasında 007/20 saylı, 13 fevral 2020-ci il tarixli müqavilə bağlanmış və müqaviləyə əsasən icraçı sifarişçinin tapşırığı ilə müqavilənin 1.2-ci maddəsində qeyd edilən xidmətlərin göstərilməsini, sifarişçi isə xidmətin haqqını vaxtında və tam ödənilməsini öz öhdəsinə götürmüşdür. Xidmət haqqının məbləği aylıq olaraq 2300 manat məbləğində müəyyənləşdirilmişdir. Müqavilə xx.xx.2020-ci il tarixdən qüvvəyə minir və xx.xx.2021-ci il tarixinə qədər qüvvədədir.
2. Tərəflərin razılığına əsasən 08 may 2020-ci il tarixli 1 saylı Əlavə və 01 sentyabr 2020 tarixli 2 saylı Əlavələr imzalanmışdır. Həmin əlavələrə əsasən icraçı 08 may 2020-ci il tarixdən 01 sentyabr 2020-ci il tarixədək 2700 manat və 01 sentyabr 2020-ci il tarixindən 01 sentyabr 2021-ci il tarixinədək 500 manat aylıq xidmət haqqını ödəməyi öz öhdəsinə götürmüş, habelə müqavilə müddəti 01 yanvar 2020-ci il tarixindən 01 sentyabr 2021-ci il tarixinədək uzadılmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC ilə 13 fevral 2020-ci il tarixində bağlanmış xidmət göstərilməsinə dair müqaviləyə əsasən 8600 manat pul məbləğinin sonuncudan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 21 may 2020-ci il tarixli 225585 saylı elektron qaimə üzrə Cavabdeh MMC tərəfindən 22 may 2020-ci il tarixdə həmin müqavilə üzrə aprel və may aylarına görə ümumilikdə 5000 manat ödəniş olunmuş, iyun, iyul, avqust və sentyabr ayları üzrə isə cavabdeh tərəfindən ödənişlər edilməmişdir.
5. Cavabdeh iddiaya etiraz etmiş və bildirmişdir ki, iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmuş xidmətlərin göstərilməsinə dair hər hansı sübut yoxdur. Belə ki, xidmət göstərildikdən sonra hesab-faktura təqdim edilməli idi. Həmçinin, iddiaçı tərəf müqavilə müddəti ərzində HR xidməti göstərdiyini bildirsə də, xidmət dövründə Cavabdeh MMC-nin Əmək Müfəttişliyi və vergi orqanı ilə problemləri yaranmışdır. Müqavilə üzrə lazimi keyfiyyətdə xidmətlər göstərilsə idi bu hal baş verməzdi.
6. Birinci instansiya məhkəməsi iş materiallarında olan aşağıdakı sübutlara istinad etmişdir: 21 may 2020-ci il tarixli EBAK seriyalı, 225585 saylı elektron qaiməyə əsasən 5000 manat məbləğində cavabdehin borcu yaranmışdır.
7. İddiaçı MMC tərəfindən tərtib edilmiş 211.01 nömrəli hesablama cədvəlinə əsasən xidmətlərin göstərilməsinə görə 08 iyun 2020-ci il tarixində 2700 manat məbləğində, 10 iyul 2020-ci il tarixində 2700 manat məbləğində, 10 avuqst 2020ci il tarixində 2700 manat məbləğində, 05 sentyabr 2020-ci il tarixində 500 manat məbləğində Cavabdeh MMC-yə borc məbləği hesablanmışdır.
8. 17 noyabr 2020-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin işçisinə həmin şirkətə aid sənədlər təhvil verilmişdir.
9. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 752.1, 753.1, 769-cu maddələrinə, Vergi Məcəlləsinin 71-1-ci və 176-cı maddələrinə, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli, 156 №-li qərarı ilə təsdiq edilmiş “Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının” 1.2-ci və 3.9-cu bəndlərinə istinad edərək, qeyd etmişdir ki, xidmətlərin göstərilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə bu hal cavabdeh tərəfindən xidmətin qəbul edilməsi mənasına gəlir. Belə olduğu təqdirdə iddianın rədd və ya qismən təmin olunması üçün cavabdeh tərəfindən məhkəməyə borcun tam və ya qismən ödənilməsini təsdiq edən sənədlər təqdim edilməlidir. Lakin cavabdeh tərəfindən məhkəməyə bununla bağlı hər hansı bir sübut təqdim olunmamışdır. Cavabdehin iddiaya etirazını müqavilə üzrə xidmətlərin keyfiyyətsiz şəkildə göstərilməsi təşkil edir. Bununla bağlı sübut qismində cavabdeh tərəfindən 2019-cu il üzrə maliyyə hesabatlarının auditinin 2020-ci ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçırilməməsı ilə əlaqədar məcburi auditdən yayınmağa görə kommersiya təşkilatlarının törətdikləri inzibati xəta barədə Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş İnzibati xəta haqqında ******* nömrəli protokolun surəti təqdim olunmuşdur. Lakin, tərəflər arasında bağlanmış 13 fevral 2020-ci il tarixli, 007/20 nömrəli müqavilənin 1.2-ci bəndində məcburi audit yoxlamasının aparılması və ya həmin xidmətin aparılmasına köməklik göstərilməsi iddiaçının göstərəcəyi xidmətlər siyahısında qeyd olunmamışdır.
10. Buna görə də, məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən tələb olunan məbləğlər təqdim olunmuş sübutlarla və elektron qaimələrlə təsdiqini tapdığından iddia ərizəsinin təmin olunması üçün əsaslar mövcuddur. İşin halları ilə təsdiq olunur ki, tərəflər arasında təmir xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmış, 13600 manat dəyərində göstərilmiş xidmətlərə görə cavabdeh tərəfindən iddiaçıya 5000 manat məbləğində ödəniş olunmuş, 8600 manat məbləğində borcu yaranmışdır.
11. Bakı Kommersiya Məhkəməsi xx.xx.2022-ci il tarixli e-2-2(113)-949/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir (hakim X1).
12. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
APELYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apelyasiya şikayətinin dəlilləri
13. Məhkəmə cavabdeh tərəfindən elektron kabinetə yüklənmiş sübutlara qiymət verməmişdir. Belə ki, İddiaçı MMC-nin 2019-cu ildə direktoru olmuş Namiq Əfəndiyev tərəfindən göndərilmiş təklifdən görünür ki, "xxxx" MMC Cavabdeh MMC üçün təklif etdiyi xidmətin dəyərini 300 manat qiymətləndirmişdir. Təklifdə əsas xidmət "xxxx" və "xxxx" MMC-lər üçün nəzərdə tutulmuşdur. "xxxx" MMC üçün 800 manat, "xxxx" MMC üçün isə 1700 manat. Ümumi təklif 2800 manat olmuş və razılaşmaya görə İddiaçı MMC-nin hər üç şirkətə göstəriləcək xidmət haqqı 2300 manat müəyyən edilmişdir. Sadəcə səhlənkarlıq nəticəsində xidmət üç şirkətə göstərilsə də, müqavilə bir şirkət ilə bağlanmış və müqavilənin xidmət haqqında qrafasında üç şirkətə göstəriləcək xidmət haqqı qeyd edilmişdir. Buna sübut kimi, e-mail vasitəsi ilə aparılmış yazışmalar məhkəməyə təqdim edilmişdir. Həmin yazışmalar yuxarıda qeyd edilən 2019-cu ilin təklifini və xitmət haqqı məbləğlərini təsdiq edir. Həmçinin İddiaçı MMC-nin hesabına "xxxx" MMC-dən xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərdə ümumilikdə 13.000 manat pul ödənilmişdir. Bundan əlavə, "xxxx" MMC-yə məxsus asan imza "xxxx" MMC-də olduğundan, İddiaçı MMC xx.xx.2020-ci il tarixdə Cavabdeh MMC-nin xəbəri olmadan hesanlarından 5000 manat pulu öz hesabına ödəmişdir. Bununla da İddiaçı MMC qeyd edilən müqavilə üzrə 18000 manat pulu öz hesabına ödəmişdir. Bundan əlavə cavabdeh tərəfindən təqdim edilmiş sübutlardan görünür ki, İddiaçı MMC tərəfindən xidmətlər vaxtlə vaxtında və lazımi qaydada göstərilməmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi və vəkili Vəkil isə apellyasiya şikayətinə etiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.
17. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
18. Mülki Məcəllənin 783.2-ci maddəsinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
APELYASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, iddianın tam təmin olunduğunu və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.
21. Belə ki, tərəflər arasında bağlanmış 13 fevral 2020-ci il tarixli müqavilə mahiyyət etibarı ilə xidmət müqaviləsidir. Çünki iddiaçı cavabdehə HR xidmətlərini göstərməyi, sonuncu isə həmin xidmətlərin dəyərinin ödənilməsini öz öhdəsinə götürmüşdür.
22. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil.
23. Ona görə də kollegiya hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.
24. Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq kollegiya hesab edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
25. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
26. İddiaçı bildirir ki, o, xidmətləri göstərmiş, lakin cavabdeh həmin xidmətlərin dəyərini ona ödəməmişdir.
27. Bu əsaslarla iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 783.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
28. Hazırki işdə də qeyd olunan maddənin dispozisiya şərtləri mövcuddur.
29. Belə ki, tərəflər arasında bağlanmış müqaviləvə ona aid əlavələrin şərtlərindən müəyyən edilir ki, 2020-ci ilin iyun, iyul, avqust ayları üzrə hər ay üçün 2700 manat, cəmi isə 8100 manat, habelə sentyabr ayı üçün 500 manat, ümumilikdə isə 8600 manat ödənilməli idi (3x2700=8100+500=8600).
30. İddiaçı MMC tərəfindən tərtib edilmiş 211.01 nömrəli hesablama cədvəlindən də görünür ki, xidmətlərin göstərilməsinə görə 08 iyun 2020-ci il tarixində 2700 manat məbləğində, 10 iyul 2020-ci il tarixində 2700 manat məbləğində, 10 avuqst 2020-ci il tarixində 2700 manat məbləğində, 05 sentyabr 2020-ci il tarixində 500 manat məbləğində Cavabdeh MMC-yə borc məbləği hesablanmışdır.
31. Lakin işin mübahisəsiz halıdır ki, cavabdeh tərəfindən həmin məbləğdə olan xidmət haqları ödənilməmişdir.
32. 17 noyabr 2020-ci il tarixli təhvil-təslim aktından isə müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin işçisinə həmin şirkətə aid sənədlər təhvil verilmişdir.
33. Qeyd olunan akt da təsdiq edir ki, 2020-ci ilin noyabr ayına qədər iddiaçı tərəfindən xidmətlər göstərilmişdir.
34. Eyni zamanda cavabdeh də dolayısı ilə bu faktı etiraf edir. Çünki xidmətlərin keyfiyyətsiz aparılması halına istinad edir.
35. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı 8600 manat məbləğində xidmət haqqının cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır və ona görə də iddia tam əsaslıdır.
36. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, mübahisəli 007/20 saylı, 13 fevral 2020-ci il tarixli müqavilənin icraçı İddiaçı MMC ilə sifarişçi Cavabdeh MMC arasında bağlanması işin mübahisəsiz halıdır. İddiaçı da məhz həmin müqavilə əsasında cavabdehdən pulun tutulması tələbini irəli sürmüş və iddiasının əsasını təsdiq edən sənədləri məhkəməyə təqdim etmişdir. Ona görə də, iddiaçının cavabdehlə yanaşı digər şirkətlərə də xidmət göstərib-göstərməməsinin hazırki mübahisənin həlli baxımından əhəmiyyəti yoxdur. Xidmətlərin keyfiyyətsiz göstərilməsi barədə dəlillər də əsaslı hesab edilə bilməz. Çünki cavabdeh tərəfindən qüsurla bağlı iddia irəli sürülməmişdir. Ona görə də, həmin dəlillərin də hazırki mübahisənin həlli baxımından əhəmiyyəti yoxdur.
37. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
39. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-949/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov
Vüsalə Baxışova