Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-655/2023 14.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı podrat müqaviləsi üzrə borcun tutulmasına dair kommersiya işi Açar söz: podrat müqaviləsi üzrə borc Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının qanuni təmsilçisi Nümayəndə3, vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2- 2(113)-2741/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İşin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli SVxx-xx/2020 saylı “Mallar/İşlər/Xidmətlərin göstərilməsi barədə” müqavilə bağlanmış, iddiaçı cavabdehin sifarişinə uyğun olaraq siyahısı, qiyməti, növləri, miqdarı, çatdırılma və ya icra müddəti və digər parametrləri tərəflər arasında rəsmiləşdirilən müqavilənin müvafiq əlavələrində (Protokol və ya əlavə) göstərilən malları, işləri və ya xidmətləri (bundan sonra Mallar/İşlər/Xidmətlər) razılaşdırılımış şərtlərlə istifadə məqsədləri və (və ya) təyinatı üçün yararlı halda cavabdehə təchiz etməyi və sifarişə uyğun olaraq digər xidmətlər göstərməyi, cavabdeh isə həmin mallar/işlər/xidmətləri təhvil alıb dəyərini bu müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. Müqaviləyə 1 və 2 saylı Əlavələrdə təchiz ediləcək mal-materialın və görüləcək işlərin dəyəri razılaşdırılmışdır. 2 saylı Əlavədə (smeta) mal-material və işlərin dəyərinin ƏDV daxil 309101,89 manat olduğu qeyd edilmişdir. İddiaçı təsdiq edir ki, cavabdeh tərəfindən müqavilə üzrə ƏDV ilə birgə 132.212 manat məbləğində avans ödənilmişdir.
2. İddiaçı tərəfindən məhkəməyə “Baku Knightsbridge” layihəsində görülmüş 19746 manat dəyərində izolyasiya işlərinin təhvil verilməsi barədə xx.xx.2020-ci il tarixli akt təqdim edilmiş, həmin akt cavabdehin adından texniki sahə üzrə mühəndis Hafiz Mirzəyev və sahə mühəndisi Rauf Həşimov tərəfindən imzalanmışdır. Müqavilə üzrə təhvil verilmiş mal-materialla bağlı cavabdehə elektron qaimələr göndərilsə də, qeyd qeyd edilən akt üzrə elektron qaimə göndərilməmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı xx.xx.2020-ci il tarixli SVxx-xx/2020 saylı “Mallar/İşlər/Xidmətlərin göstərilməsi barədə” müqaviləyə əlavə olaraq cavabdeh tərəfindən imzalanmış 10 mart 2020-ci il tarixli akta əsasən ödənilməli olan 19.746 manat əsas borcun və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat məbləğin, vəkil xidmətləri üçün ödənilmiş 200 manat məbləğin cəmi 19.946 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020- ci il tarixli SVxx-xx/2020 saylı “Mallar/İşlər/Xidmətlərin göstərilməsi barədə” dəyəri ƏDV daxil 309101,89 manat olan müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən, iddiaçı cavabdehin sifarişinə uyğun olaraq siyahısı, qiyməti, növləri, miqdarı, çatdırılma və ya icra müddəti və digər parametrləri tərəflər arasında rəsmiləşdirilən müqavilənin müvafiq əlavələrində (Protokol və ya əlavə) göstərilən malları, işləri və ya xidmətləri (bundan sonra Mallar/İşlər/Xidmətlər) razılaşdırılımış şərtlərlə istifadə məqsədləri və (və ya) təyinatı üçün yararlı halda cavabdehə təchiz etməyi və sifarişə uyğun olaraq digər xidmətlər göstərməyi, cavabdeh isə həmin mallar/işlər/xidmətləri təhvil alıb dəyərini bu müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Bu müqavilə əsasında iddiaçı, “Baku Knightsbridge” layihəsində hidroizolyasiya işlərinin icrasını öhdəsinə götürmüş və işləri icra etmişdir. Buna dair sifarişçiyə malların, işlərin, xidmətlərin təqdim edilməsi barədə 129521 saylı xx.xx.2020-ci il tarixli, 449544 saylı xx.xx.2020-ci il tarixli, 464165 saylı xx.xx.2020-ci il tarixli, 458761 saylı xx.xx.2020-ci il tarixli elektron qaimələr də təqdim edilmişdir və bunun əsasında sifarişçi icraçıya müxtəlif vaxtlarda avans məbləğləri ödəmişdir. Bundan sonra iddiaçı işlərin gedişində "xxxx" MMC-dən aldığı mallarda keyfiyyət problemi yaşamış, problemi aradan qaldırmaq üçün dəfələrlə gördüyü işləri demontaj edərək yenidən icra etmişdir. Beləliklə, qarşılaşdığı problemlərə və manelərə baxmayaraq, razılaşmaya uyğun olaraq işlərin icrası tam həyata keçirilmişdir. Buna müvafiq olaraq sonuncu dəfə cavabdeh ilə aralarında “Baku Knightsbridge” layihəsində görülmüş işlərin 10 mart 2020-ci il tarixli akt tərtib olunmuşdur ki, həmin akta əsasən, cavabdeh görülən işlərin müqabilində 19.746 manat ödənişi həyata keçirəcəyinə razılıq ifadə etmişdir. Lakin qeyd etdiyi akt bu günə qədər icra olunmamaqdadır. Belə ki, müvafiq aktın icra edilməsi barədə cavabdehə dəfələrlə müraciət edilmiş, lakin bir nəticəsi olmamışdır. Sonuncu dəfə cavabdehə xx.xx.2021-ci il tarixli, 20-09/21 saylı pretenziya məktubu ünvanlayaraq qeyd edilən məbləğin 10 günü ərzində rekvizitlərinə ödənilməsi, əks halda qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edəcəyini bildirmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli, 030 saylı məktubunda cavab olaraq “görülmüş işlər və sahəyə çatdırılmış mallara görə avans olaraq müxtəlif zamanlarda nağd və köçürmə vasitəsi ilə ödənişlər etməsini bildirmişdir. Həmçinin cavabdehlə dəfələrlə apardığı danışıqlar zamanı guya 10 mart 2020-ci il tarixli Aktı imzalayan şəxslərin onların işçisi olmadığı, belə bir aktı imzalamağa onların səlahiyyətlərinin olmaması və s. kimi müxtəlif bəhanələr gətirərək qeyd edilən ödənişi ödəməkdən imtina etmişlər. Göründüyü kimi cavabdehlə bağladıqları müqavilə əsasında bütün işlər tamamilə icra edilməsinə baxmayaraq cavabdeh qarşılığında bunun əvəzini ödəməkdən müxtəlif yollarla boyun qaçırmış, müqavilə üzrə öhdəliyini icra etməmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2741/2022 nömrəli qətnaməsi ilə (hakim Zaur Pirverdiyev) iddia tələbi təmin edilmişdir.
6. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, işləri görmüş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Buna görə də xx.xx.2020-ci il tarixli SVxx-xx/2020 saylı “Mallar/İşlər/Xidmətlərin göstərilməsi barədə” müqaviləyə əsasən ödənilməmiş 19.746 manat borc iş materialları ilə təsdiq olunduğundan və cavabdeh tərəfindən bu borcu təkzib edən hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2741/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılaraq iddia rədd edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qaimələri iddianın təmin edilməsi üçün əsas olaraq göstərməklə xx.xx.2020-ci il tarixli EBAG seriyalı 129521 saylı, xx.xx.2020-ci il tarixli EBAH seriyalı 449544 saylı, xx.xx.2020-ci il tarixli EBAJ seriyalı 458761 saylı və xx.xx.2020-ci il tarixli EBAJ seriyalı 464165 saylı elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən müvafiq olaraq 27561,40 manat, 20614,55 manat, 29166,76 manat, 20709,03 manat, cəmi 98051,74 manat dəyərində görülmüş işlərə dair cavabdehə elektron qaimələr təqdim edilmişdir. Bundan başqa heç bir əsas olmadan forma 2 Aktı olmalı olduğu halda qanunda nəzərdə tutulmayan tərəfin, pis niyyətlə tərtib etdiyi xx.xx.2020-ci il tarixli “Baku Knightsbridge” layihəsində görülmüş işlərin “aktına”istinad edərək , iddiaçı tərəfindən 19746 manat dəyərində görülmüş işləinr cavabdehə təhvil verilməsinə və cavabdeh tərəfindən təhvil alınmasına dair əsaslandırma ilə iddianı təmin etmişdir. Belə ki,iddiaçının məhkəməyə təqdim etdiyi elektron qaimələrdən görünür ki, avans olaraq iddiaçıya ,cavabdeh tərəfindən ödənilən pullar elektron qaimədə göstərilən Forma 2 Aktı əsasında ödənilmişdir. İddiaçının bilərəkdən məhkəməyə təqdim etdiyi görülmüş işlərin aktına dair elektron qaimədə qeyd yoxdur. Bundan başqa mübahisə öncəsi şifahi və yazılı bildirişlərdə dəfələrlə “Tutto Bello “ MMC iddiaçıya işləri təhvil verməyi təkid etmişdir. Bu barədə yazılı bildirişlər məhkəməyə təqdim edilsə də, hakim nədənsə onlara diqqət ayırmamışdır. Eyni zamanda istər pretenziyaya cavabda, ,istərsə də mediyasiya gedişində cavabdeh qarşılıqlı olaraq üzləşmə aparmağı təklif etsə də, iddiaçı nə işlərin təhvil verilməsinə, nə də üzləşmə aparılmasına razılaşmamışdır. Bu səbəbdən hazırda “ Tutto Bello “ MMC-nin "xxxx" MMC-yə qarşı 132.212 manat məbləğində iddia tələbi mediyasiya baxışı mərhələsindədir. Tərəflər arasında mübahisənin obyektiv tərəfi ona dəlalət edir ki, “ Tutto Bello “ MMC deyil, "xxxx"MMC mülki iş üzrə cavabdeh olmalıdır. "xxxx" MMC-yə 132.212 manat məbləğində avans olaraq ona pul ödənilməsini etiraf etmiş, lakin aldığı məbləğin müqabilində işlər təhvil verilməmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
10. İddiaçının nümayəndələri məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
11. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 433.1-ci maddə-borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 433.2-ci maddə-əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1-ci maddə-hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
12. Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
13. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2741/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir.
14. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz halı bundan ibarətdir ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli SVxx-xx/2020 saylı “Mallar/İşlər/Xidmətlərin göstərilməsi barədə” həm podrat, həm də altı-satqı müqaviləsinin ünsürlərini əks etdirən qarışıq müqavilə bağlanmşdır. İddiaçı iddia etmişdir ki, həmin müqavilə üzrə 19746 manat dəyərində izolyasiya işləri görülərək cavabdehə xx.xx.2020-ci il tarixli cavabdehə təhvil verildiyi halda həmin işlərin dəyəri ödənilməmişdir.
15. Cavabdeh iddiaya etirazında həmin işlərin görüldüyünü qəbul etmədiyindən işlərin həqiqətən görüldüyünü və öhdəliyin icrasının ixtiyarlı şəxs tərəfindən qəbul edildiyini sübut etmək vəzifəsi iddiaçının üzərinə düzşdüyü halda iddiaçı bu barədə məhkəməyə digər sübutlar təqdim edə bilməmişdir. İddiaçının sübut qismində məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli aktı imzalamış texniki sahə üzrə mühəndis H.Mirzəyev və sahə mühəndisi R.Həşimovun cavabdehin adından podrat müqaviləsi üzrə işləri qəbul etməyə səlahiyyətli olduğu təsdiq edilməmişdir. İşə apellyasiya qaydasında baxılarkən tərəflərin izahatlarına əsasən müəyyən edilmişdir ki, bu aktdan əvvəl hər hansı iş görülməmiş və həmin şəxslər tərəfindən cavabdehin adından digər akt imzalanmamışdır. Eyni zamanda iddiaçının qanuni təmsilçisinin izahatına əsasən, müəyyən edilmişdir ki, dəyəri tələb edilən izolyasiya işləri torpağın altında görüldüyündən həmin işlərin görülüb-görülmədiyini ekspertiza təyin etməklə yoxlamaq mümkün deyil.
16. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi elektron qaimələr dəyəri tələb edilən işlərlə bağlı deyil, cavabdehə təqdim edilmiş mallarla bağlı göndərilmişdir.Dəyəri tələb edilən işlərlə bağlı isə elektron qaimə göndərilməmiş, iddiaçı tərəf bunun səbəbini tərəflər arasında qarşılıqlı razılıq olması ilə izah etmişdir. Halbuki, cavabdehin iş materiallarına əlavə edilmiş məktublarından görünür ki, cavabdeh nəinki buna razılıq vermiş, görülmüş işlərin forma 2 aktının göndərilməsini, qarşılıqlı borcların müəyyənləşdirilməsi üçün qarşılıqlı üzləşmə aktı tərtib edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin qeyd edilən hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı öz iddiasının əsaslı olduğunu mötəbər sübutlarla təsdiq edə bilmədiyindən iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.
17. Birinci instansiya məhkəməsi işə baxarkan sübutlara düzgün hüquqi qiymət verməmiş, qətnamənin əsaslandırıcı hissəsində mübahisə ilə bağlı olmayan elektron qaimələri sadalayaraq həmin sübutlarla işin hansı mübahisəli halının müəyyən edildiyini qeyd etməmiş, yalnız cavabdeh tərəfindən mübahisələndirilən xx.xx.2020-ci il tarixli akta istinad etməklə iddianın əsaslı olduğuna dair nəticəyə gəlmişdir. MPM-nin 385.1.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
18. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2741/2022 nömrəli qətnaməsi ləğv edilərək iddia rədd edilməlidir.
19. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2741/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.