Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-657/2022 15.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1008/2022 nömrəli iş üzrə 07 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, 69.730,91 manat məbləğdə əsas borc, 5.006,48 manat dəbbə pulu, mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 400 manat və vəkilə ödənilmiş 1.000 manat olmaqla, ümumilikdə 76.137,39 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 69.730,91 manat məbləğdə əsas borc və 500 manat məbləğdə dəbbə pulu olmaqla, ümumilikdə 70.230,91 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 800 manatın və ilk mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 376 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, 69.730 manatdan 28.441 manatı xx.xx.2021-ci il tarixli 795872/00183 nömrəli ödəniş tapşırığı ilə cavabdeh tərəfindən iddiaçıya avans formasında ödənilib. Bu səbəblə hal-hazırda cavabdehin iddiaçıya qalan əsas borcu 41.289 manatdır. Məhkəmə mühasibatlıq ekspertizasının təyin olunması ilə bağlı vəsatəti təmin etməyərək, cavabdehin iddiaçıya olan qalıq borcunun dəqiq məbləğinin müəyyən olunmasna mane olmuşdur. Cavabdehin itirdiyi əldən çıxmış gəlir təxminən 10.000 manatdır. Danışıqlar zamanı cavabdeh iddiaçıdan həmin zərərin də bir qisminin ödənilməsini tələb etsə də, iddiaçı bunu qəbul etməmiş və işi Məhkəməyə vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, dəlillər əsassızdır. İşdən müəyyən olunur ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 03/20 nömrəli podrat müqaviləsinə görə, podratçı (iddiaçı) tam təfsilatı, xüsusi şərtləri, yeri, təsviri, qiyməti və icra müddəti müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələr - qiymət razılaşma protokollarına əsasən sifarişçi ilə razılaşdırılmış - ayaqqabı istehsalı ilə bağlı bütün növ işləri öz işçi qüvvəsi və resursları hesabına görməyi, sifarişçi (cavabdeh) isə həmin protokola əsasən razılaşdırılmış işin həcminə uyğun ödənişi etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 9.3-cü bəndinə görə, sifarişçi bu müqaviləyə uyğun olaraq təhvil verilmiş malların tam ödənişini, təhvil verilməsindən ən gec 30 təqvim günü müddətində ödəyir. Sifarişçi bu müqaviləyə uyğun olaraq işin dəyərinin ödənişini gecikdirdikdə, hər təqvim günü üçün gecikdirilmiş məbləğin 0,1%-i miqdarda cərimə ödəyir. xx.xx.2021-ci il tarixli 20 nömrəli Təhvil-təslim aktı ilə 1.200 cüt ƏDV daxil 25.488 manat dəyərində, xx.xx.2021-ci il tarixli 21 nömrəli Təhvil-təslim aktı ilə 1.000 cüt ƏDV daxil 21.240 manat dəyərində, xx.xx.2021-ci il tarixli 23 nömrəli Təhvil-təslim aktı ilə 50 cüt ƏDV daxil 1.239 manat dəyərində, xx.xx.2021-ci il tarixli 25 nömrəli Təhvil-təslim aktı ilə 1.083 cüt ƏDV daxil 23.002,92 manat dəyərində, cəmi 3.283 cüt ümumi dəyəri ƏDV daxil 70.969,92 manat olan işçi ayaqqabısı (572 S2 Bot) cavabdehə təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli 03/20 nömrəli podrat müqaviləsinə istinad edilən xx.xx.2021-ci il tarixli EBBG 344710 nömrəli elektron qaimə ilə 25.488 manat, xx.xx.2021-ci il tarixli EBBG 782794 nömrəli elektron qaimə ilə 21.240 manat, xx.xx.2021-ci il tarixli EBBH 072473 nömrəli elektron qaimə ilə 1.239 manat, xx.xx.2021-ci il tarixli EBBH 234768 nömrəli elektron qaimə ilə 23.002,92 manat məbləğdə işçi ayaqqabılarının dəyərinin ödənilməsi iddiaçı tərəfindən cavabdehdən tələb olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır; Maddə 769. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, podrat müqaviləsinə əsasən razılaşdırılmış muzdun ödənilməsi ilə bağlı götürdüyü öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (sifarişçi) müqavilə üzrə iddiaçıya (podratçıya) olan borcunu ödəməlidir. Bu mənada, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, cavabdeh ona əsas borc tələbi 69.730,91 manat məbləğdə mal təhvil verildiyini bildirsə də, əsas borcu 31.289 manat məbləğdə qəbul edir və bunu 2 halla əsaslandırır: 1) ödənilməli məbləğin 28.441 manat hissəsi onun tərəfindən iddiaçıya xx.xx.2021ci il tarixli 795872/00183 nömrəli ödəniş tapşırığı ilə avans formasında ödənilmişdir; 2) iddiaçı müqavilə üzrə ayaqqabıları vaxtında təhvil vermədiyi üçün o da öz sifarişçilərinə həmin ayaqqabıları vaxtında təhvil verə bilməmiş, bu səbəbdən ona daha az pul ödənilmiş, hətta bəzi ayaqqabılar qüsurlu olduğu səbəbi ilə geri qaytarılmış və cavabdehin itirdiyi əldən çıxmış gəlir təxminən 10.000 manat təşkil etmişdir. Cavabdehin istinad etdiyi xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, həmin sənədin ödənişin təyinatı hissəsində “07 may 2021 tarixli Z1/005 nömrəli hesabfakturaya əsasən mal-material üçün ödəniş” və “30% avans ödəniş” sözləri qeyd olunmuşdur. Göründüyü kimi, 28.441 manat məbləğdə pul vəsaiti xx.xx.2020-ci il tarixli podrat müqaviləsinə əsasən görülmüş işlərə görə ödənilməmişdir. Digər tərəfdən, qəbzdə “30% avans ödəniş” sözləri qeyd olunduğuna və məbləğ 28.441 manat olduğuna görə ümumi ödənilməli olan məbləğ 94.803 manat olmalı idi. Buna görə də məhkəmə hesab edir ki, həmin qəbz mübahisə predmeti olan müqavilə üzrə qismən ödəniş aparılmasını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Bundan başqa, işin halları və sənədlərlə təsdiq olunur ki, cavabdehə ümumilikdə 138.616,89 manat məbləğdə mal təhvil verilmiş, 10.805,69 manat məbləğdə mal geri qaytarılmış və bundan sonra borcun məbləği 127.811,20 manat təşkil etmiş, həmin məbləğin 58.080,18 manat məbləğdə hissəsi ödənilmişdir, qalıq borc isə 69.731,02 manatdır. Şikayətin digər dəlili 10.000 manat məbləğdə əldən çıxmış fayda qismində zərərin mövcudluğu ilə əsaslandırılsa da, cavabdeh Mülki Məcəllənin 443.4-cü maddəsi ilə tələb olunan əldən çıxmış faydanı əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri barədə Məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Bundan əlavə, cavabdehə vurulmuş zərərin əvəzinin ödənilməsi hazırkı mübahisənin predmetini təşkil etmir. Apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin mühasibatlıq ekspertizasını təyin etməməsinə dair dəlil də əsassızdır. Belə ki, iddia tələbinə daxil olan məbləğlərin toplanması və çıxılması sadə riyazi məsələlərdir və onların hesablanması üçün xüsusi biliyə malik olmaq tələb olunmur. Eyni əsasla, məhkəmə kollegiyası da cavabdehin bu barədə vəsatətinin təmin olunmasını zəruri saymamışdır. MPM-in: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı qismən təmin etməklə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1008/2022 nömrəli iş üzrə 07 aprel 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-657/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-657/2022
15.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver