Məhkəmə qərarları › İş №2-2(103)-660/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-660/2024

31.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-660/2024 31.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, ilk iddia üzrə iddiaçı “İddiaçı”nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun və zərərin ödənilməsi” tələbinə dair və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh “İddiaçı”nin Azərbaycan Respublikasındakı Filialına qarşı “müqavilə üzrə borcun və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-66/2024 nömrəli qətnaməsindən “İddiaçı” və Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq M ü ə y y ə n e t d i: İlkin iddia üzrə iddiaçı “İddiaçı” Cavabdeh MMC-yə qarşı iddia və dəqiqləşdirmə ərizələri ilə məhkəməyə müraciət edərək, PDL ilə İSSER arasında bağlanmış xx.xx.2021- ci il tarixli 1421-221 nömrəli Müqaviləsi üzrə yaranmış 135.594,5 manat borc məbləği və bu məbləğə hesablanmış 24.407 manat ƏDV-nin, əldən çıxmış faydaya görə 188.405,5 manat məbləği və bu məbləğə hesablanmış 33.912,99 ƏDV-nin, əlavə görülən işlərin dəyəri olan 201.291,00 manat məbləği və bu məbləğə hesablanmış 36.232,38 manat ƏDV-nin, ödəmələrdəki gecikmələrə görə dəbbə pulu olaraq 161.380 manat məbləği, müqavilə üzrə işlərin bitməsinin gecikdirilməsinə görə məruz qalınan zərər olaraq 512.277,91 manat məbləği, zəmanət məktubunun verilməsi ilə bağlı dəymiş zərər olaraq 6.471,23 manat məbləği, ümumilikdə 1.299.972,51 manat məbləğində pul vəsaitinin, 2000 manat vəkil xərcinin və ödənilmiş 1439 manat dövlət rüsumunun PDL-dən tutularaq İSSER-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 noyabr 2021-ci il tarixli 1421-221 nömrəli müqaviləyə əsasən, “İddiaçı”nin Azərbaycan Respublikasındakı Filialından, 1.110.474 manat miqdarında “İSSER” tərəfindən PDL-dən görülmüş işlərin dəyərindən artıq olaraq alınmış pul vəsaitinin, 618280 manat ödənilmiş ƏDV-ni layihənin vaxtında tamamlanmadığı və işlərin yekunlaşdırılmadığı üçün PDL MMC-nin işgüzar nüfuzuna dəymiş ziyanın əvəzi olaraq və müqavilənin vaxtında tamamlanmadığı üçün PDL-ə dəymiş maddi ziyanın əvəzi kimi ******* manat məbləğinin, 490.262 manat miqdarında dəbbə pulunun, ******* manat məbləği üçün hesablanmış 69404 manat məbləğində əldən çıxmış faydanın, 2394 manat miqdarında İSSER tərəfindən qüsurlu təhvil verilmiş işlərin təmir bərpası üçün çəkilən xərcin, İSSER tərəfindən təhvil verilmiş qüsurlu iş (qaynaq tikişlərinin açılması) üçün 1000 manat məbləğində cərimənin, 2000 manat məbləğində mütəxəssis rəyinin alınması üçün çəkilmiş xərcin, 300 manat məbləğində vəkil xərcinin, ümumilikdə 3.419.324 manat pul vəsaitinin və 2500 manat məbləğində dövlət rüsumunun tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-66/2024 nömrəli qətnaməsi ilə ilk və qarşılıqlı iddialar qismən təmin edimişdir. xx.xx.2024-cü il tarixdə ilk iddia üzrə iddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-66/2024 nömrəli qətnaməsinin İSSER-in ilk iddiasının təmin olunmadığı, qarşılıqlı iddianın isə qismən təmin olunduğu hissədə ləğv edilməsini, ilk iddianın həmin hissələrdə də təmin edilməsini, qarşılıqlı iddianın isə sözügedən hissədə də təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə ilk iddia üzrə cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-66/2024 nömrəli qətnaməsinin qismən - ilkin iddianın təmin edilən hissəsində ləğv edilməsini, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın rədd edilən hissəsində ləğv edilməsini və qarşılıqlı iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, apellyasiya şikayətlərinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.5-ci maddəsinə əsasən iddia qiyməti 1.000.000 manatdan çox olduqda dövlət rüsumu 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) məbləğində müəyyən edilir. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə dövlət rüsumu bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində müəyyən edilir. Mülki Prosessual Məcəllənin 112.1.1-ci maddəsinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda—alınan məbləğlə müəyyən edilir. İşdən görünür ki, apellyasiya şikayəti vermiş tərəflər qətnaməni həm ilk iddia ilə bağlı hissədə, həm də qarşılıqlı iddia ilə bağlı hissədə mübahisələndirirlər. İlk iddia üzrə iddiaçının tələb etdiyi məbləğ 1.299.972,51 manat olduğundan apellyasiya şikayəti verilərkən ilk iddia ərizəsi verilən zaman ödənilməli olan 1440 manat dövlət rüsumunun 50 faizi, yəni 720 manat və qarşılıqlı iddia üzrə tələb edilən məbləğ 3.419.024 manat olduğundan apellyasiya şikayəti verilərkən qarşılıqlı iddia iddia ərizəsi verilən zaman ödənilməli olan 2499 manat dövlət rüsumunun 50 faizi, yəni 1249,5 manat olmaqla, hər bir tərəf işə apellyasiya qaydasında baxılması üçün 1969,5 manat məbləğində dövlət rüsumu ödəməli idi. İşdən görünür ki, ilk iddia üzrə iddiaçı apellyasiya şikayəti verərkən cəmi 720 manat, qarşılıqlı iddia üzrə iddiaçı isə apellyasiya şikayəti verərkən cəmi 1425 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissəhissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin normanın tələbinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətlərini qaytarmalı olduğu halda baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-66/2024 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 363, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrааldı: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-66/2024 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. İş həmin apellyasiya şikayətlərinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar