Məhkəmə qərarları › İş №2-2(103)-660/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-660/2025

11.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-660/2025 11.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X4 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı “sahənin boşaldılması, vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2041/2025 saylı, 04 aprel 2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq qərara aldılar. İş üzrə qəbul edilmş məhkəmə aktları: Birinci instansiya məhkəməsindəki ilk icraat

1. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Məhəmədəli oğlundan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ******* saylı, 05 mart 2018-ci il tarixli Çıxarışına əsasən İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.10137 ha torpaq sahəsində olan ümumi sahəsi 871.7 kv.m qeyri-yaşayış sahəsinin boşaldılması, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 05 mart 2018- ci il tarixdən boşaldıldığı tarixədək hər ay üçün əldən çıxmış fayda olaraq 5000 manat məbləğində pul, maddi ziyana görə 10.000 manat pul, mənəvi ziyana görə 10.000 manat pul, dövlət rüsumunun əvəzi olaraq 500 manat məbləğində pul cavabdehdən alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İlkin iddianın rədd edilməsi, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisində rəsmiləşdirilən 9428 reyestr nömrəli ərizənin etibarsız hesab edilməsi və qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia icraata götürülmüşdür.

4. Cavabdeh nümayəndəsi və vəkili vəsatətlə məhkəməyə müraciət edərək, inzibati mübahisə həll edilib çıxarılmış qərar qanuni qüvvəsini alanadək icraatda olan e-2- 2(113)-2041/2025 nömrəli kommersiya mübahisəsi üzrə icraatın dayandırılmasını xahiş etmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2041/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olmuş iddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs İddiaçı MMC cəlb olunmaqla) “qeydin qanunsuz hesab edilərək ləğv edilməsi” tələbinə dair 2-1(112)-3130/2024 saylı işlə bağlı yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək hazırkı iş üzrə icraat dayandırılmışdır.

6. İlk iddia üzrə İddiaçı məhkəməyə elektron qaydada Bakı Kommersiya Məhkəməsinin 04 aprel 2025-ci il tarixli, e-2-2(113)-2041/2025 nömrəli qərardadından şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2041/2025 saylı, xx.xx.2025ci il tarixli qərardadının ləğv edilərək, iş üzrə icraatın təzələnməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərardadında iş üzrə icraatın dayandırılma əsası kimi Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-3130/2024 saylı inzibati iş üzrə məhkəmə aktının qanuni qüvvəyə minməməsini, iş üzrə yekun məhkəmə aktının qəbul edilməməsini göstərir. Belə ki, halhazırda 2-1(112)-3130/2024 saylı inzibati iş üzrə nəinki yekun məhkəmə aktı çıxarılmış, hətta işə apellyasiya instansiya məhkəməsində baxılaraq yekun məhkəmə aktı qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsi Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiasını qəbul etməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası da Bakı İnzibati Məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Yuxarıda qeyd edilənlərdən də aydın göründüyü üzrə Bakı Kommersiya Məhkəməsinin iş üzrə icraatı dayandırma əsası kimi göstərdiyi hal artıq mövcud olmadığından icraatının dayandırılmasına da artıq lüzüm yoxdur. Digər yandan Cavabdeh tərfindən İddiaçı MMC-nin hüquqları pozulduğu, şəxsin iddiaya cavab verməli olduğundan qəsdən süründürməçilik edərək məhkəmənin diqqətini yayındırmağa, vaxtı lüzumsuz yerə uzatmağa çalışır. Bu məqsədlə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və iddiasında əsassız olduğundan iddiası rədd edilmiş, qərardan şikayət verilməsinə baxmayaraq apellyasiya instasiyası şikayəti əsassız hesab edərk birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2041/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiya məhkəməsindəki icraat

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

9. Maddə 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır.

10. Maddə 256.0.3. Bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır.

11. Maddə 395.1. İşdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. Bu Məcəllədə göstərilən hallarda; 395.1.2. Məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. 395.2-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər.

12. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

13. Maddə 398.0.3. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Məhkəmənin mövqeyi

14. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır.

15. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və mülki iş, icraatın təzələnərək işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

16. İşin hallarından aydın olur ki, ünvan 1 ünvanında yerləşən 0.10137 ha torpaq sahəsində olan ümumi sahəsi 871.7 kv.m daşınmaz əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmazəmlakın Dövlət Reyestrindən verilmiş ******* saylı, 05 mart 2018-ci il tarixli Çıxarışına əsasən İddiaçı tam paylı xüsusi mülkiyyətinə qeydiyyata alınmışdır.

17. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi göstərilən əsasla dayandırdığı zaman, qeyd olunan işlərin arasındakı bağlılığın mahiyyətinə düzgün hüquqi qiymət verməmişdir.

18. Belə ki, qanunverici məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan - Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın.

19. Bu kontekstdə qeyd olunmalıdır ki, İddiaçı MMC-nin, məhkəmə aktı əsasında mülkiyyət hüququnun tanındığı qeyri-yaşayış sahəsindən digər şəxslərin çıxarılması tələbinə baxılması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeydin qanunsuz hesab edilərək ləğv edilməsi” tələbinə baxılmasından asılı edilə bilməz. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun mövcudluğu onun “qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə təxirə salınmadan baxılmasını zəruri edir.

20. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.

21. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2041/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməlidir.

22. Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.

23. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

İlk iddia üzrə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2041/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv olunsun və mülki iş, icraatın təzələnərək işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar