Məhkəmə qərarları › İş №2-2(103)-662/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-662/2025

03.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-662/2025 03.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2- 2(113)-1950/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İşin Halları

1. “İddiaçı (istehlakçı) ilə cavabdeh (paylayıcı) arasında qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2023-cü il tarixli, AMX- 5978/23 saylı müqavilə bağlanmışdır.

2. İddiaçıya məxsus abonentin saldosundan görünür ki, cavabdeh tərəfindən iddiaçıya aktlar əsasında 2024-cü ilin yanvar ayı üçün 39090,26 manat, 2024-cü ilin fevral ayı üçün 19530,28 manat, 2024-cü ilin mart ayı üçün 17843,10 manat, 2024-cü ilin aprel ayı üçün 5765,32 manat, 2024-cü ilin may ayı üçün 1488,52 manat olmaqla ümumilikdə 83717,48 manat borc hesablanmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı) Cavabdeh İB-yə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 166056,38 manat məbləğində borcun **********00000 nömrəli abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək Cavabdeh İB tərəfindən "xxxx" MMC-yə əsassız olaraq hesablanmış 83717,48 manat məbləğində borcun **********00000 nömrəli abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1950/2025 saylı qətnaməsi ilə iddia təmin edilərək, iddiaçı "xxxx" MMC-yə əsassız olaraq hesablanmış 83717,48 (səksən üç min yeddi yüz on yeddi manat qırx səkkiz qəpik) manat borcun silinməsi öhdəliyinin Cavabdeh İB-yə həvalə edilməsi, Cavabdeh İB-dən 341,15 (üç yüz qırx bir manat on beş qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi, iddia ərizəsi verilərkən ödənilmiş 114,91 (bir yüz on dörd manat doxsan bir qəpik) manat dövlət rüsumunun iddiaçı "xxxx" MMC-nin özünə aid edilməsi qət edilmişdir.

6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli borclar cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə keçirilmiş yoxlamaların nəticəsi olaraq hesablandığı halda həmin yoxlamalar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlamalar heç bir hüquqi nəticə yaratmır. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlamalar vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamaların nəticəsi olaraq iddiaçıya 83717,48 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır. Belə olan halda, həmin yoxlamaların (baxışın) nəticələri, yəni iddiaçının abonent hesabına işlənmiş 83717,48 manat məbləğində borcun hesablanması yuxarıda göstərilən normativ hüquqi aktların tələblərinin pozulması ilə aparıldığından yoxlamaların hüquqi nəticəsi olmamışdır. Bu səbəbdən yoxlamaların nəticəsi olaraq hesablanmış həmin borclar da əsaslı hesab edilə bilməz.

7. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1950/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi "xxxx" MMC-nin abonent qeydiyyatı üzrə istixanada istehlak olunmuş təbii qaz sərfiyyatı ayrı-ayrı vaxtlarda qanunvericiliyin tələblərinə uyğun olaraq sayğac göstəricilərinə əsasən yəni, mexaniki və elektron göstəricilərə görə aparılmışdır. Hazırkı iddia məbləği isə mübahisələndirilən dövr ərzində abonentin ünvanında istismarda olan elektron qaz sayğacının tam işləməməsinə görə hesablanmış və abonent koduna daxil edilmiş qaz sərfi hesabatıdır. Baxmayaraq ki, qanunvericilikdə bu halda qaz təminatının dayandırıla bilməsi xüsusilə qeyd olunmuşdur, lakin müqavilə tərəfi olaraq abonentin bilavasitə razılığı ilə elektron hissəsi işləməyən sayğacın mexaniki hissədə qeydə aldığı qaz sərfiyyatının korreksiyasının fiziki aparılması qərara alınmışdır. Belə ki, istixanaya quraşdırılmış qaz sayğacının normal işləmədiyi və istehlak olunmuş qaz sərfiyyatını tam qeydə almadığı ayrı-ayrı dövrlərə-yəni konkret olaraq 2024-ci ilin yanvar ayı üçün 39090,26, 2024-cü ilin fevral ayı üçün 19530,28, 2024-cü ilin mart ayı üçün 17843,10, 2024-cü ilin aprel ayı üçün 5765,32, iyun ayı üçün 32,56, 2024-cü ilin may ayı üçün isə 1488,52, manatlıq hesabatda qeydə alınmamış qaz sərfi müəyyən edilərək abonent hesabına daxil edilmişdir. Qeyd edək ki, həmin məbləğlər sərfiyyat olaraq sayğacın mexaniki göstərici hissəsində qeydə alınsa da təzyiqlər fərqinə görə korreksiya olunmamış və elektron tabloda əks olunmamışdır. Hazırkı aparılmış hesabat isə sayğacın müddət ərzində faktiki qeydə aldığı mexaniki göstəricinin əvvəlki müvafiq dövrdə olmuş təzyiqlər fərqinə uyğunlaşdırılması nəticəsində istehlak olunmuş qaz sərfidir ki, onun da dəyəri 83717,48 manatdır. Qeyd edək ki, edilmiş xəbərdarlıqların və müvafiq izahat işlərinin nəticəsi həm də abonent tərəfindən etirafedici hərəkətlilik olaraq mübahisənin məhkəmədən kənar həlli prinsipinə əməl edilməklə ödəniş təmin olunduğundan tərəfimizdən hüquq müstəvisində mübahisələndirilməmişdir. Belə ki, iddiaçı tərəf olaraq qaz hesabatının sadəcə qanunsuz aparılması bildirilsə də bununla bağlı heç bir sənədləşmə təqdim etməmişdir. Hətta cavabdeh tərəf olaraq təqdim etdiyimiz sənədləşmələrdə "xxxx" MMC-nin rəhbərinin eləcə də nümayəndəsinin iştirakı və imzası ilə qeydə alınmış mexaniki sayğac göstəricisi eləcə də onun əsasında aparılmış hesabat məhkəmə icraatı zamanı araşdırılmış lakin heç bir səbəb olmadan-göstərilmədən nəzərə alınmamışdır. Beləliklə icraat müddətində iddiaçı olaraq sübut təqdim etmək əvəzinə tərəfimizdən təqdim edilmiş sübutları da əngəlləmiş nəticədə düzgün olmayan qərar qəbul edilmişdir. Həmin maddəyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarından göründüyü kimi qeyd olunan borc məbləği istismarda olan qaz sayğacının işləmədiyi dövr üçün istehlak olunan və sayğacın mexaniki hissəsində qeydə alınmış qaz sərfiyyatının əvvəlki müvafiq dövrə uyğun olaraq korreksiya olunması nəticəsində yaranmış və hal-hazırda istehlakçı tərəfindən tam olaraq ödənilmişdir. Abonentin salbosuna diqqət yetirərkən məlum olur ki, mexaniki göstərici hissəsi artan fərqlə dəyişsə də elektron hissəsi isə həmin müddət ərzində stabil olaraq qalmaqdadır. Sayğacda hesablana bilməyən bu fərq isə fiziki korreksiya olunaraq abonent hesabına daxil edilmişdir. Beləliklə sayğacın yerinə yetirə bilmədiyi funksiya fiziki olaraq icra edilmişdir. Məhkəmə qətnaməsində qeyd edilmişdir ki, hazırki vəziyyətdə qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə istehlakçı "xxxx" MMC-nin məsuliyyət daşımadığı üçün qanunsuz müdaxilə edilməsinin təsdiqlənmədiyi halda dəymiş ziyanın ona aid edilməsi qanuni sayılmamalıdır. Qeyd edək ki, məhkəmənin hazırkı iş materialları üzrə gəldiyi nəticə yanlışdır. Belə ki, yuxarıda sahə qanunvericiliyinə uyğun olaraq qeyd olunan borc məbləği təbii qazdan hər hansı qanunsuz istifadə nəticəsində müəyyənləşdirilmiş dəymiş ziyan məbləği deyil, sayğacın elektron hissəsində görünməyən, mexaniki hissədə qeydə alınan istehlak olunmuş qaz sərfidir ki, bu da fiziki korreksiya ilə abonentin eləcə də nümayəndəsinin iştirakı ilə hesablanaraq abonent hesabına daxil edilmişdir. Ona görə də qanunun tələbi ilə bu dəymiş ziyan məbləği sayıla bilməz. Hesab edilir ki, əsası qeyd olunan dəymiş ziyana əsaslanan iş üzrə qəbul edilmiş qərar səthi araşdırmanın nəticəsidir və ləğv olunmalıdır. Məhkəmənin diqqətinə çatdırılır ki, qeyd edilən və mübahisəyə səbəb olmuş borc məbləği 2024-cü ilin 5 (beş) ayı ərzində istehlak olunmuş lakin sayğacın yalnız mexaniki hissəsində qeydə alınmış qaz sərfinin fiziki korreksiyası nəticəsində yaranmış borc məbləğidir və həmin məbləğ də halhazırda ödənilmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi iş materiallarında yer alan qeyri sübutlara əsaslanaraq 1-ci instansiya məhkəməsi səhv nəticəyə gəlmiş və işə iş materiallarında heç bir halda sübut olunmadan, faktlara əsaslanmadan işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.

11. Cavabdeh tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir.

13. Qaydaların 2.10-cu bəndinə əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir.

14. Qaydaların 5.2-ci bəndində qeyd edilir ki, bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.

15. Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.

16. Qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

17. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.

18. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə həmin Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.

19. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

20. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) həmin Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

21. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.

22. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.

23. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.

24. Həmin Məcəllənin 376.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

26. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda qətnamənin əsaslılığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. İşin müəyyən olunan hallarından göründüyü kimi, iddiaçı (istehlakçı) ilə cavabdeh (paylayıcı) arasında bağlanmış qaz paylaycısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2023-cü il tarixli, AMX-5978/23 saylı müqaviləyə görə paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəyir.

29. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin əməkdaşları tərəfindən xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024cü il tarixlərində iddiaçıya məxsus istixanada quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, baxış nəticəsində iddiaçı barəsində aktlar tərtib edilərək ona ümumilikdə 83717,48 manat borc hesablanmışdır.

30. Göründüyü kimi cavabdeh təbii qaz təchizatı sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.

31. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borclar cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə keçirilmiş yoxlamaların nəticəsi olaraq hesablandığı halda həmin yoxlamalar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlamalar heç bir hüquqi nəticə yaratmır.

32. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən aparılmış yoxlamalar vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamaların nəticəsi olaraq iddiaçıya 83717,48 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır.

33. Məhkəmə kollegiyası hesab edir ki, həmin yoxlamaların (baxışın) nəticələri,yəni Şəmkir RQİİ Şəmkir Xidmət Sahəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 24009 nömrəli akt, Şəmkir RQİİ Şəmkir Xidmət Sahəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 24019 nömrəli akt, Şəmkir RQİİ Şəmkir Xidmət Sahəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 24030 nömrəli akt, Şəmkir RQİİ Şəmkir Xidmət Sahəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 24052 nömrəli akt, Şəmkir RQİİ Şəmkir Xidmət Sahəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 24047 nömrəli aktlara əsasən iddiaçının abonent hesabına işlənmiş 83717,48 manat məbləğində borcun hesablanması yuxarıda göstərilən normativ hüquqi aktların tələblərinin pozulması ilə aparıldığından yoxlamaların hüquqi nəticəsi olmamışdır. Bu səbəbdən yoxlamaların nəticəsi olaraq hesablanmış həmin borclar da əsaslı hesab edilə bilməz.

34. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”n 5-ci bəndinə əsasən qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir... Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

35. Göründüyü kimi qaz paylayıcısı olan cavabdeh tərtib etdiyi aktların əsaslılığını göstərən halları və dəlilləri təsdiq edən sübutları təqdim etmək vəzifəsini yerinə yetirməmişdir. Belə ki, cavabdeh sayğaca iddiaçı tərəfindən müdaxiləyə istinad etməmiş, sayğacın nasazlığında iddiaçını təqsirli bilməmişdir. Belə vəziyyətdə əlavə borc məbləğinin hesablanması əsası və qaydası (faktiki və hüquqi əsaslar) ətraflı şəkildə aktlarda qeyd edilməli idi. Cavabdeh iddiaya etirazda və şikayətdə aktların əsaslılığına dair heç bir sübut təqdim etməmişdir.

36. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

37. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1950/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şiakyətinin verilməsi üçün ödənilmiş rüsum apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar