Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-674/2021 14.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1238/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 06.04.2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 106872,38 manat pulun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 06.04.2021-ci il tarixli e-2-2(113)-1238/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən müqavilədə nəzərdə tutulan tikintilər iddiaçıya forma 2 sənədi ilə təhvil verilmiş, iddiaçı isə mübahisəsiz tikintiləri qəbul etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 10 aprel 2018-ci il tarixli 4-1/18 saylı podrat müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh MMC İddiaçı MMC-nin təqdim etdiyi tapşırıqlar əsasında layihəyə və smetaya müvafiq olaraq, tərəflər arasında müəyyən edilmiş müddət ərzində Salyan rayonu, Kürsəngi kəndində yerləşən İstixana Kompleksinin ərazisində inzibati bina və digər köməkçi sahələr ilə bağlı inşaat-tikinti və digər əlaqəli işləri görməyi, İddiaçı MMC isə Cavabdeh MMC-yə bunun müqabilində razılaşdırılmış muzd ödəməyi öhdələrinə götürmüşdür. İddiaçı MMC tərəfindən həmin müqaviləyə əsasən Cavabdeh MMC-nin hesabına 03 may 2018-ci il tarixdə 52983,12 manat və 9536,96 manat, 28 avqust 2018-ci il tarixdə isə 37586,70 manat və 6765,60 manat, cəmi 106872,38 manat pul vəsaiti köçürülmüşdür. İddiaçı bildirir ki, cavabdeh müqavilə üzrə iddiaçı qarşısında olan öhdəliklərini icra etməmişdir. Ona görə də, ona ödənilən 106872,38 manat məbləğində pul vəsaiti geri qaytarılmalıdır. Cavabdeh iddiaya etiraz edir və öz etirazını apellyasiya şikayətində göstərilənlərlə əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Hazırkı işdə də iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək, müqavilə üzrə görüləcək işlərin dəyərini əvvəlcədən cavabdehə ödəmiş, lakin sonuncu müqavilə üzrə podrat işlərini həyata keçirməmişdir. Çünki bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Halbuki Mülki Məcəllənin 762.1 və 762.3-cü maddələrinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun (762.1). Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur (762.3). Həmin Məcəllənin 765-ci maddəsində isə təsbit olunmuşdur ki, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Cavabdeh də podratı kəmiyyətcə yerinə yetirmədiyinə görə sifarişçi olan iddiaçının müqavilədən imtina etməsi və müqavilə üzrə çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Bu baxımdan kollegiyası hesab edir ki, iddiaçı cavabdehə ödədiyi 106872,38 manat məbləğində pul vəsaitinin geri qaytarılmasını tələb etməkdə tam haqlıdır. Cavabdeh MMC-nin dəlilləri əsassızdır və hazırki apelyasiya baxışı zamanı təqdim etdiyi fotoşəkillər, qaimə-fakturalar və “Forma-2” adlandırdığı sənəd iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, birinci instansiya məhkəməsində cavabdeh həmin sənədləri təqdim etməmişdir. Apellyasiya icraatında həmin sənədlərə istinad olunması isə Mülki Prosessual Məcəllənin 371-ci maddəsinə ziddir. Belə ki, həmin maddənin tələblərinə görə yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdeh qeyd olunan maddənin tələblərinə riayət etməmişdir. Ona görə də, kollegiyanın qənaəti yalnız birinci instansiya məhkəməsində təqdim olunmuş sübutlara əsaslanır. Həmçinin kollegiya qeyd edir ki, həmin sənədlər qəbul edilsə belə, sübut kimi qiymətləndirilə bilməz. Çünki cavabdehin təqdim etdiyi “Forma-2” adlandırdığı sənəd əslində podrat müqaviləsi üzrə smeta olmuş və sadəcə olaraq üzərindən diyircəkli qələmlə xətt çəkilərək, əlyazma ilə “Forma-2” yazılmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş qaimə-fakturalarda isə heç bir seriya nömrəsi qeyd olunmayıb və həmin qaimə-fakturaların məhz hazırki işə aidiyyatının müəyyən olunması mümkün deyildir. Fotoşəkillərdə qeyd olunan tikililərin də məhz cavabdeh tərəfindən inşa edilməsi hər hansı sübutla təsdiq edilmir. Ona görə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1238/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 06.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-674/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-674/2021
14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver