Məhkəmə qərarları › İş №2-2(103)-677/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-677/2022

01.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-677/2022 01.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu, Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 3366/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı məxsus Biləcəri Bələdiyyəsi hüdudları daxilində 8000 m2 -a əlavə olunmuş cizgi əsasında tikinti altına düşmüş 0,7 ha torpaq sahəsinə görə 35000 manat və uçurulmuş hasara görə 25.000 manat kompensasiyanın, dövlət rüsumu üçün ödənilmiş 270 manatın ödənilməsi öhdəliyinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin üzərinə vəzifə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 3366/2022 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilmişdir. İddiaçı həmin qərardaddan şikayət verib, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-3366/2022 nömrəli qərardadının ləğv edilməsini, iddianın icraata götürülməsi barədə yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. MPM-nin 24.2-ci maddəsi məhkəmə tərəfindən pozulmuşdur. Maddənin məzmunundan görünür ki, məhkəmə işin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyətini işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən etməlidir. Məhkəmə qərardadda bu maddəyə yalnız subyektiv tərkib cəhətdən qiymət verməklə yanlış nəticəyə gəlmişdir. Belə ki, maddəni tətbiq edərkən məhkəmə iş üzrə subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri kompleks şəkildə qiymətləndirib yekun nəticəyə gəlməli idi. İşin hallarından aydın görünür ki, iş sahibkarlıq fəaliyyəti ilə həm birbaşa, həmdə dolayısı ilə əlaqəli olduğuna görə işə kommersiya məhkəməsində baxılmalıdır. Subyektiv tərkibə münasibətdə isə onu qeyd etmək istəyirik ki, tərəflərdən biri hüquqi şəxsdir, digəri isə əmlak istifadəsindən gəlir əldə etmək niyyətində olan fiziki şəxs (AR Mülki Məcəlləsinin 13cii maddəsinə uyğun olaraq sahibkarlıq fəaliyyətinə aid edilən fəaliyyət). Göründüyü kimi, iş üzrə subyektiv tərkib də işin aidiyyətinin kommersiya məhkəməsinə aid olmasına dəlalət edir. Mülki Prosessual Məcəllənin 25.1-ci və 26.1-ci maddələri pozulmuşdur. Sözügedən maddələrdən aydın görünür ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Bizim iş üzrə mübahisə isə həm birbaşa, həmdə dolayısı ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisədir. Belə ki, iddiaçının mübahisə predmeti olan qeyri-yaşayış sahəsini cavabdehə icarəyə verməkdə məqsədi gəlir əldə etmək idi. Eyni zamanda, cavabdehin də həmin qeyri-yaşayış sahəsini icarəyə götürməkdə məqsədi həmin qeyri-yaşayış sahəsində sahibkarlıq fəaliyyətini həyata keçirməkdən ibarət idi. Göründüyü kimi, iddia tələbləri Azərbaycan Respublikası MPM-nin tələblərinə uyğun olaraq aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə təqdim edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 3366/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apelyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 3366/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı ona məxsus torpaq sahəsinin bir hissəsinin Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən dövlət əhəmiyyətli layihənin həyata keçirilməsi üçün kompensasiya verilmədən alındığını iddia edir. Məhkəmə mübahisənin kommersiya mübahisəsi olmaması və işə inzibati icraat qaydasında baxılmalı olduğuna dair birinci instansiya məhkəməsinin mövqeyini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2-ci maddəyə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. İstinad edilən normalardan göründüyü kimi, kommersiya məhkəmələrinin səlahiyyətinə Məcəllənin 40-5-ci, 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlər istisna olmaqla yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan kommersiya mübahisələrinə baxmaq aid edilmişdir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında hansı mübahisələrin kommersiya mübahisələri hesab edilməli olduğuna bir daha aydınlıq gətirilmiş və qərarda qeyd edilmişdir ki, “məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır.” “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 14-cü bəndində qeyd edilir ki, tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır. Məhkəmə qeyd edilənlərə əsasən hesab etmişdir ki, iddiaçı fərdi sahibkar olsa da mübahisə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ümumi (publik) hüquq sahəsindəki hərəkətlərindən irəli gəldiyindən mübahisəyə baxılması inzibati məhkəmənin səlahiyyətinə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1.-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə düzgün olaraq hesab etmişdir ki, inzibati orqanların qanunsuz qərarları və ya hərəkətləri nəticəsində vurulmuş ziyanla bağlı kompensasiyanın ödənilməsinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan MPM-nin 153.2.1-ci maddəsinə əsasən iş üzrə xitam verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 3366/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 3366/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar