Məhkəmə qərarları › İş №2-2(103)-677/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-677/2023

25.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-677/2023 25.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" QSC-yə qarşı subroqasiya qaydasında pul tələbi Açar söz: subroqasiya hüququ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, iddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" QSC-yə qarşı “subroqasiya qaydasında pul” tələbinə dair Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)- 25302023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İşin sübutlarla təsdiq edilən mübahisəsiz hallarından görünür ki, iddiaçı tərəfindən minik avtomobillərin tam sığortası üzrə MİB-HO-0029-0/14 nömrəli sığorta şəhadətnaməsi əsasında X3 məxsus “Subaru Forester” markalı ** ZZ *** dövlət nömrə nişanlı avtomobil sığortalanmış, sığorta müqaviləsi bağlanarkən azadolma məbləği 350 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş CYP 447872 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X10 xx.xx.2014-cü il tarixdə 14:40-da “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 59-cu maddəsinin 111.5-ci bəndinin tələbini pozaraq C.Məmmədquluzadə küçəsi H.Ələsgərov küçəsinin kəsişməsində işıqforun qırmızı işığında hərəkətini davam etdirmiş, nəticədə H.Ələsgərov küçəsində hərəkət edən “Subaru” markalı ** ZZ *** dövlət nömrə nişanlı maşınla toqquşmuşdur. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli avtonəqliyyat vasirəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyənarayışına əsasən hadisə nəticəsində X2 idarə etdiyi nəqliyyat vasitəsinin qabaq buferi, qabaq sol qanad, sol fara, qabaq setka, alın şüşəsinə zərər dəymişdir. xx.xx.2014-cü il tarixli kassa məxaric orderinə əsasən iddiaçı tərəfindənƏ.Abdıyevə 7623,60 manat sığorta ödənişi verilmişdir.

2. Həmin məbləğin 4789.75 manat məbləğində olan hissəsi “Toyota Rav-4” markalı, H 020 319 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən 2014-cü ildə ödənildiyindən iddiaçı xx.xx.2023-cü il tarixli məktubla cavabdehə müraciət edərək qalıq 2833.85 manat məbləğində pulu cavabdehdən tələb etmişdir.

3. xx.xx.2014-cü il tarixli 630/14 nömrəli X4 məxsus “Subaru Forester” markalı ** ZZ *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2014-cü il tarixdə həyata keçirilmiş zərərin hesablanması aktından görünür ki, ümumilikdə 6757,29 manat, 1216,31 manat ƏDV olmaqla, yekunda 7973,60 manat zərər hesablanmışdır.

4. "xxxx" QSC (hazırda adı "xxxx" QSC olan) ilə X11 arasında bağlanmış 03310 nömrəli əmək müqaviləsindən görünür ki, iddiaçı tərəfindən sığortalanmış nəqliyyat vasitəsinə ziyan vurmuş avtomobili idarə edən şəxs cavabdeh tərəfindən xx.xx.2010-cu il tarixdə satış üzrə müdir vəzifəsinə işə götürülmüşdür.

5. Ziyan vurmuş “Toyota Rav-4” markalı, H 020 319 dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsindən görünür ki, nəqliyyat vasitəsi "xxxx" QSC-nin mülkiyyətində olmuşdur.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı "xxxx" ASC cavabdeh "xxxx" QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2833.85 manat məbləğində sığorta ödənişi, 60 manat məbləğində mediasiya xərci, 06 manat məbləğində dövlət rüsumu, 04 manat məbləğində poçt xərci və 0.4 manat xidmət haqqının, cəmi2904.25 manat pul vəsaitinin tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 7.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixdə Bakı şəhəri, C.Məmmədqulizadə və H.Ələsgərov küçələrinin kəsişməsində cavabdeh "xxxx" QSCnin mülkiyyətində olmuş (h/ş əvvəlki adı "xxxx" QSC) “Toyota Rav-4” markalı, H 020 319 dövlət qeydiyyat nişanlı avtomobil yol vərəqəsinə əsasən Türkiyə Respublikasının vətəndaşı, xx.xx.1971-ci il tarixdə Ceyhan şəhərində anadan olmuş X11 tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də “əmlak sığortası” qaydasında sığortalanmış “Subaru Forester” markalı ** ZZ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Caspian Tech” QSC- nin mülkiyyətində olmuş (h/ş əvvəlki adı "xxxx" QSC) “Toyota Rav-4” markalı, H020 319 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X11 təqsirli bilinərək, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası İXM-in 151.2-ci maddəsi ilə inzibati məsuliyyətəcəlb edilmişdir. Baş vermiş sığorta hadisəsi ilə bağlı “Subaru Forester” markalı ** ZZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə ASC tərəfindən 7623,6 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmin məbləğin 4789.75 manat məbləğində olan hissəsi “Toyota Rav-4” markalı, H 020 319 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən ödənilməli olduğundan ASC qalıq 2833.85 manat məbləğində pulucavabdehdən tələb etmək hüququna malikdir.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-25302023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.

9. Cavabdeh iddiaya etiraz edərək, dəymiş ziyanın 7623.6 manat olmadığını, hadisəsinin üzərindən uzun müddət keçdiyi üçün cavabdehin qüsur aktını mübahisələndirmək imkanını itirdiyini, həmin sübutun mötəbərliliklə bağlı şərtə cavab vermədiyini bilmişdir. Məhkəmə cavabdehin həmin dəlili ilə razılaşmayaraq bildirmişdir ki, hadisə nəticəsində sığortalanmış avtomobilə dəymiş zərər sığortaçı (iddiaçı) tərəfindən müəyyən edilmiş, sığortalı tərəfindən də mübahisələndirilməmişdir.

10. Cavabdeh etirazında göstərmişdir ki, vaxtında iddiaçı tərəfindənona baş vermiş hadisə barədə müraciət edilsəydi, mülkiyyətində olan avtomobilin sığortaçısı tərəfindən dəymiş zərər ödəniləcəkdi. Məhkəmə cavabdehin həmin dəlilini də əsassız hesab edərək qeyd etmişdir ki, sığorta hadisəsi nəticəsində sığortaçıya ("xxxx" ASC) məlumat vermək vəzifəsi hazırkı halda iddiaçının deyil, cavabdehin vəzifəsi olmuşdur. Belə ki, Mülki Məcəllənin 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya vəya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.

11. Bundan əlavə, cavabdeh hadisənin törədilməsində təqsirli olmuş işçisinin həmin hadisəni törədərkən əmək funksiyalarını icra etmədiyini, nahar fasiləsində olduğunu, həmin avtomobilin ona iş yerinə gedib gəlməklə əlaqədar müvəqqəti istifadəyə verildiyini, bu səbəbdən baş vermiş hadisəyə görə işəgötürən olaraq onun hər hansı məsuliyyətinin yaranmadığını göstərmişdir. Məhkəmə cavabdehin etirazının bu dəlili ilə də razılaşmamış, qeyd etmişdir ki, inzibati xəta haqqında protokola əsasən hadisə xx.xx.2014-cü il tarixdə, saat 14:40-da baş vermiş, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş əmək müqaviləsinə əsasən işçinin nahar vaxtı saat 12:00dan saat 14:00-dək müəyyən edilmiş, həmin saatlar çıxılmaqla saat 09:00-dan 18:00-a qədər olan vaxt işçinin iş vaxtı kimi müəyyən edilməklə, həmin saatlarda işçinin vaxtını işəgötürənin işinə həsr etməli olduğu, bundan əlavə tərəflərinbirinin digərinin əmlakına dəyən zərərə görə maddi məsuliyyət daşıdığı göstərilmişdir. Cavabdeh həmin saatda işçinin (X9) iş günü ərzində öz əmək funksiyalarının icrasından azad edildiyi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdimetməmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üçün əhəmiyyət kəsb edən faktiki hallar içərisində ən önəmli məsələ olan zərərin düzgün müəyyən edilibedilmədiyini nə araşdırmamışdır, nə də qətnamədə bunu əsaslandırmamışdır. Baş vermiş hadisənin üstündən 9 ilə yaxın keçdikdən sonra iddiaçı ilk dəfə cavabdehə 06 yanvar 2023-cü il tarixli BS-S-23/0014 No-li pretenziya vermiş, bundan sonra məhkəməyə müraciət etmişdir. Məhkəmənin işi tam, hərtərəfli və obyektiv araşdırmaq öhdəliyi vardır. Məhkəmə iddiaçının özünün 9 il əvvəl birtərəfli qaydada tərtib etdiyi akta əsasən zərərin düzgün müəyyən edildiyi qənaətinə gəlir. Digər tərəfdən, məhkəmə zərəri əsaslandırarkən yalnız ona istinad edir ki, həmin avtomobilin sığortalısı bunu mübahisələndirməmişdir. Sual meydana çıxır ki, həmin sığortalı zərəri mübahisələndirmirsə, bu o deməkdirmi ki, zərər düzgün müəyyən edilib. Məhkəmə nəzərə almır ki, sığortaçının əməkdaşları ilə sığortalı razılığa gəlib zərəri şişirdə də bilər. Həmçinin şübhəli məqam odur ki, məhz bəlkə zərərin şişirdilmiş olmasına görə cavabdehə qarşı hadisədən sonra ağlabatan qısa müddətdə pretenziya irəli sürülməyib. Cavabdehin öz nəqliyyat vasitələrini "xxxx" ASC-də kompleks sığorta etdirməsiilə bağlı məhkəmə qətnaməsinin 36-38-ci bəndlərində onu bildirir ki, cavabdehin dəlili əsassızdır, çünki sığorta hadisəsi nəticəsində sığortaçıya("xxxx"ASC) məlumat vermək vəzifəsi hazırkı halda iddiaçının deyil, cavabdehin vəzifəsi olmuşdur. Burada məsələ ondan ibarətdir ki, kompleks sığortada cavabdeh həm öz avtomobillərinə dəymiş zərəri, həm də bu avtomobillərə mülki məsuliyyət sığortasını təmin etmişdir. Cavabdeh bunu əsas gətirməklə onu nəzərdə tutur ki, əgər vaxtında cavabdehə qarşı iddiaçı pretenziya versə, cavabdeh məhz mülki məsuliyyət sığortası ilə bağlı ondan tələb edilən məbləği, əsaslı olması şərtilə "xxxx"dan tələb edə bilərdi. Eyni zamanda iş üzrə mötəbərliyi şübhə doğuran sənəd əsasında qətnamə çıxarıldığı qənaətindəyik. Mühüm əhəmiyyəti olan aşağıdakıfaktiki hallar müəyyən edilməmişdir: 1. Zərər. 9 il öncə baş vermiş hadisə ilə bağlı zərərin məbləğinin həqiqi olub-olmamağı müəyyən edilməmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının nümayəndəsi isə şikayətə etiraz edərək rədd edilməsini xahiş etmişlər.

15. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 936.1-ci maddə- subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla (936.6-Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir.) sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddə- faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddə- mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddə-delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddə-mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddə-hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddə-bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1108.1-ci maddə-ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

16. Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

17. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-25302023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

18. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2014-cü il tarixdə cavabdeh "xxxx" QSC-nin mülkiyyətində olmuş (h/ş əvvəlki adı "xxxx" QSC) “Toyota Rav-4” markalı, H 020 319 dövlət qeydiyyat nişanlı avtomobil yol vərəqəsinə əsasən Türkiyə Respublikasının vətəndaşı, xx.xx.1971-ci il tarixdə Ceyhan şəhərində anadan olmuş X11 tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də “əmlak sığortası” qaydasında sığortalanmış “Subaru Forester” markalı ** ZZ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymiş,baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində "xxxx" QSC-nin mülkiyyətində olmuş “Toyota Rav-4” markalı, H 020 319 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X11 təqsirli bilinərək, həmin vaxt qüvvədə olan AR İXM-in 151.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Baş vermiş sığorta hadisəsi ilə bağlı “Subaru Forester” markalı ** ZZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə iddiaçı tərəfindən 7623,6 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmin məbləğin 4789,75 manat məbləğində olan hissəsi “Toyota Rav-4” markalı, H 020 319 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən ödənildiyindən iddiaçı qalıq 2833.85 manat məbləğində pulu cavabdehdən tələb etmişdir.

19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətini əsassız hesab edir.

20. Hazırkı halda cavabdeh "xxxx" QSC iddiaçı tərəfindən sığortalanmış nəqliyyat vasitəsi ilə toqquşmuş “Toyota Rav-4” markalı, H 020319 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi olduğundan, o cümlədən hadisə baş verərkən avtomobili idarə etmiş X5 işçisi olduğundan MM-nin 1108.1 və 1099-cu maddələrinə əsasən həm yüksək təhlükə mənbəyinin mülkiyyətçisi kimi, həm də iççisinin vurduğu ziyanla bağlı işəgötürən olaraq məsuliyyət daşıyır.

21. İddiaçının hadisənin baş verməsindən 9 il sonra məhkəməyə müraciət etməsi ilə bağlı cavabdehin apellyasiya şikayətində qeyd edilənlər 10 illik iddia müddəti ötürülmədiyindən əsassızdır.

22. Dəymiş zərərin məbləği ilə bağlı sübutların mötəbərliyinə düzgün hüquqi qiymət verilməməsi ilə bağlı cavabdehin dəlilləri də əsassız hesab edilir. Belə ki, iddiaçı tərəfindən sığortalanmış nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləğinin 7973,60 manat təşkil etdiyi cavabdehə məxsus nəqliyyat vasitəsini sığortalamış "xxxx" ASC tərəfindən də müəyyən edilərək iddiaçıya 4780,52 manat sığorta ödənişi ödənilmişdir. Dəymiş ziyanın bu məbləğdən az olduğu cavabdeh tərəfindən ehtimal olunur və hər hansı mötəbər sübutla təsdiq edilmir. MPM-nin 77.1-ci maddəsinə əsasən etirazın əsasları ilə bağlı sübutları təqdim etmək cavabdehin vəzifəsi olduğundan məhkəmə hesab edir ki, hazırkı halda cavabdehin hər hansı sübuta əsaslanmayan mülahizələri mübahisələndirilən qətnamənin ləğv edilərək iddianın rədd edilməsi üçün əsas ola bilməz.

23. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)- 25302023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh "xxxx" QSC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-25302023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir və kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar