Məhkəmə qərarları › İş №2-2(103)-685/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-685/2022

29.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-685/2022 29.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndələri Nümayəndə1 və X1, Cavabdeh MMC-nin nümayəndəsi Qanuni nümayəndə2, vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 988/2022 nömrəli iş üzrə 29 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, pulu köçürülmüş, lakin görülməmiş və təhvil verilməmiş işlər üçün 671.315 manat, 186 ton armatur çatışmazlığı üzrə 289.926 manat, müqavilə üzrə görülən işlər üzrə nöqsanların aradan qaldırılması üçün çəkilmiş xərclər 193.773 manat, çəkilmiş əlavə nəzarət və digər xərclər üçün 50.000 manat, müqavilənin 8-ci bəndinə müvafiq olaraq 433.565 manat dəbbə pulunun, mediasiya xərcləri və dövlət rüsumu üçün ödənilmiş olan 900 manat pulun, ümumilikdə, 1.584.979 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı və cavabdeh arasında xx.xx.2020-ci il tarixli Tikintidə subpodrat müqaviləsi imzalanmışdır. Həmin müqavilənin predmetini cavabdeh tərəfindən iddiaçının sifarişi əsasında Gəncə şəhəri Azərbaycan Bayrağı küçəsi 6,23 ha ərazidə yaşayış kompleksinin tikintisi ilə əlaqədar 5 ədəd binada dəmir-beton işlərinin görülməsi, iddiaçının isə bu müqavilənin şərtlərinə uyğun olaraq bu işlər üzrə müvafiq haqqın ödənilməsi münasibətləri təşkil edir. Lakin tikinti zamanı köçürülmüş vəsait hesabına cavabdeh məlum olmayan səbəblərdən tam olaraq dəmir beton konstruksiya işlərini görməmiş və müqavilə üzrə yerinə yertiməli olduğu öhdəlikləri lazımınca, edilən yazılı və şifahi tələblərə baxmayaraq icra etməmişdir. İddiaçı tərəfindən köçürülən pul qarşılığında az miqdarda işlər görmüş, həmçinin həmin işləri tam keyfiyyətsiz həyata keçirmişdir. Görüləcək işlər və alınacaq mal-material üçün iddiaçı tərəfindən cavabdehə 2.502.718 manat pul vəsaiti köçürülmüşdür. Müqavilənin şərtlərinə görə cavabdeh tərəfindən görüləcək işlər müqavilənin Əlavələrində müəyyən olunmuş müddətdə və mövcud normalar, qaydalar, standartlar və bu Müqavilə şərtlərinə uyğun yerinə yetirilməli idi. Müqavilə üzrə cavabdehə Gəncə şəhəri Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha torpaq sahəsində - 3, 4, 5 , 6 və 7 saylı yaşayış binalarnın tikintisində beton konstruksiya işləri üçün ümumilikdə 2.502.718,87 manat və ƏDV 450.489,4 manat pul vəsaiti köçürülsə də, cavabdeh tərəfindən öhdəliklər icra edilməmiş, tikinti, quraşdırma və mal material tam alınmamışdır. Öhdəliklərin icra edilməməsi faktı cavabdeh tərəfindən etiraf edilmişdir. Bundan başqa, öhdəliklərin tam icrası üçün tərəflər arasında razılaşdırılmış son icra müddəti də bitmişdir. Bununla da müqavilə, onun əlavələri və ödənilmiş maddi vəsait qarşılığında cavabdeh tərəfindən öhdəliklərin icra edilməməsi səbəbindən iddiaçının müqavilə üzrə tələb hüququ yaranmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən təhvil verilməmiş işlərə görə 671.315 manatın, təhvil verilmiş 186 ton armatura görə 289.926 manatın, 30.000 manat dəbbə pulunun və ödənilmiş 500 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 991.741 manat məbləğdə pulun tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamənin əsaslarına görə, “Buna görə də etirazının əsası kimi istinad etdiyi bu halı, yəni 671315 manat məbləğində işlərin də görülüb təhvil verildiyini cavabdeh sübut etməlidir. Cavabdeh həmin məbləğə münasibətdə sonuncu 2 saylı Formanın da tərəfindən tərtib edilərək iddiaçıya verildiyini, lakin iddiaçı tərəfindən təsdiq edilmədiyini, bundan əlavə, iddiaçıya göndərilmiş elektron qaimələrin işlərin tam təhvil verilidiyini təsdiq etdiyini bildirir. Məhkəmə cavabdehin həmin dəlilinə cavab olaraq bildirir ki, cavabdeh həmin hissədə işlərin icra edilib təhvil verilməsini təsdiq edən belə bir sənəd (müqavilənin 6.1-ci maddəsinə əsasən 2 saylı Forma) təqdim edə bilmir. Həmin sənədin tərtib edildiyini, lakin iddiaçı tərəfindən təsdiq edilmədiyini bildirsə də, müqavilənin 6.2-ci maddəsinə əsasən bu halda (işlər podratçı tərəfindən 10 gün ərzində qəbul edilməzsə və ya podratçı əsaslandırılmış imtinanı təqdim etməzsə) cavabdeh tərəfindən birtərəfli akt tərtib edilməli idi. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş elektron qaimələr hazırkı iş üzrə öhdəliklərin icrasını təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, ilkin vergi uçot sənədi olan elektron qaimələr mahiyyət etibarilə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq edən düzünə (bilavasitə) sübut olmadığından, hər bir mübahisədə həmin sənədlərə fərdi qaydada (işin hallarına uyğun şəkildə) yanaşılmalıdır. Yəni, qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib olunaraq göndərilmiş və ləğv olunmamış, yaxud mübahisələndirilməmiş elektron qaimələr işdə başqa mötəbər sübutlar olmadığı halda mübahisənin həlli üçün mühüm əhəmiyyət kəsb etsə də, digər hallarda müqavilə şərtləri, tərəflər arasında formalaşmış münasibətlərin xarakteri, işgüzar təcrübə, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla işdəki digər sübutlarla birlikdə (kompleks şəkildə) qiymətləndirilməlidir. MPM-in 88-ci maddəsinin tələblərindən biri də məhz ondan ibarətdir ki, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Cavabdeh bununla bağlı başqa sübut təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi pulu köçürülmüş, lakin görülüb təhvil verilməmiş işlər üçün 671315 manat pulun tələb edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. ... İddia ərizəsində cavabdehə təhvil verilmiş, lakin qaytarılmamış 186 ton armatura görə 289926 manat məbləğində (bir tonunun orta bazar qiymətinin 1300 manat olması nəzərə alınmaqla) pul vəsaitinin ödənilməsi tələb edilir. İddiaçı həmin armaturun "xxxx" MMC-dən xx.xx.2020-ci il tarixli müqavilə əsasında ƏDV ödənilməklə alınıb cavabdehə verildiyini, tərəflər arasında bağlanmış üzləşmə aktına əsasən həmin armatur qaytarılmadıqda, hesablaşma gününə olan dəyərinin ödənilməli olduğunu, hazırda ölkədə əsas armatur istehsalçısının “X3” QSC olduğunu, həmin QSCdən verilmiş arayışa əsasən xx.xx.2022-ci il tarixinə armaturun 1 tonunun qiymətinin 1320 manat (ƏDV-siz), 1557,60 manat (ƏDV daxil) olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, həmin hissədə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, cavabdehin nümayəndəsi də məhkəmə iclasında armaturun dəyərinin artdığını, hazırda orta bazar qiymətinin 1500 manat civarında olduğunu, bununla belə, onlardan armaturun hazırkı deyil, təhvil verildiyi vaxtda olan (2021-ci ildə) dəyərinin tələb edilməli olduğunu göstərmişdir. Məhkəmə bununla bağlı bildirir ki, cavabdeh xx.xx.2021-ci il tarixli üzləşmə aktında 186 ton armatur üçün hesablaşma gününə həmin miqdarın bir tonu üzrə qiymətinin 186 ton üçün cəmi qədər iddiaçıya borcunun yarandığını qəbul etmiş, həmin üzləşmə aktı cavabdeh tərəfindən mübahisələndirilməmişdir.” Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə görülmüş işlərin təsdiqi kimi cavabdeh tərəfindən təqdim edilmiş sübutlara obyektiv qiymət verməmişdir. Belə ki, cavabdeh tərəfindən görülmüş işlərin təsdiqi kimi təqdim edilmiş elektorn qaimələri mötəbər sübut hesab etməmişdir. Maraqlıdır ki, məhkəmə iddiaçının “X3” QSCdən aldığı arayışı mötəbər sübut hesab edərək məhz həmin arayışa əsaslanaraq qətnamə çıxarır, elektron qaimələri isə mötəbər sübut hesab etmir. Halbuki elektron qaimələr və Forma 2lər cavabdeh tərəfindən işlərin görülməsini və təhvil verilməsini təsdiq edən birbaşa və mötəbər sübutlardır. Apellyasiya məhkəməsinin diqqətinə çatdırır ki, elektron qaimələr üzrə məbləğlər iddiaçı tərəfindən cavabdehin hesabına köçürülmüş cəmi 2.502.718 manat məbləğin hamısını əhatə edir. Belə olan halda işlərin cavabdeh tərəfindən görülməsi təsdiq edilir. Bundan başqa, cavabdeh tərəfindən məhkəməyə Forma 2-lər təqdim edilmişdir ki, həmin Forma 2-lər iddiaçı tərəfindən təsdiq edilmişdir. Bu da cavabdeh tərəfindən görülmüş işlərin iddiaçı tərəfindən qəbul edilməsini təsdiq edən sübutlardır. Sonuncu Forma 2 cavabdeh tərəfindən iddiaçıya təqdim edilsə də, iddiaçı məlum olmayan səbəbdən onu təsdiq etməmişdir. Sonradan isə cavabdehə bildirmişdir ki, ona təqdim edilmiş sonuncu Forma 2 itmişdir. Beləliklə, iddiaçı sonuncu Forma 2-nin təsdiq edilməsindən müxtəlif bəhanələrlə yayınmış, cavabdeh tərəfindən dəmir-beton işləri yekunlaşdırıldıqdan 1 il sonra məhkəməyə müraciət etmişdir. Cavabdehdən 186 ton armatura görə 289.926 manatın tutulması da əsassızdır. Belə ki, xx.xx.2021-ci il tarixli üzləşmə aktı iddiaçı ilə cavabdeh arasında həmin dövrdə olan qarşılıqlı etimad əsasında imzalanmış, üzləşmə aktının imzalanmasına səbəb o olmuşdur ki, 186 ton armaturun dəyərini əsas sifarişçidən istəməsi üçün həmin üzləşmə aktı iddiaçıya lazımdır. Sonradan isə iddiaçı həmin üzləşmə aktını cavabdehdən pul tələb etmənin əsası kimi istifadə etmişdir. 186 ton armaturun bir tonunun 1.300 manatdan (2022-ci ilin aprel ayında olan qiymətlə) hesablanması da əsassızdır. Belə ki, iddiaçı məhkəməyə müraciət etməzdən bir il əvvəl binalarda dəmir-beton işləri görülmüş, həmin dövrdə armaturun bir tonunun qiyməti hər iki tərəfin imza və möhürlə təsdiq etdiyi qəbul aktlarında 935 manat göstərilmişdir. Cavabdehdən 30.000 manat dəbbə pulunun tutulması da əsassızdır. Belə ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliyini tam icra etmiş, müqavilənin hər hansı şərtini pozmamışdır. “Dövlət rüsumu haqqında” AR Qanununun 8.1.4-cü maddəsinə görə, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi miqdarında, iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) miqdarında dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 113.2-ci maddəsinə əsasən, iddia tələbləri artırıldıqda, rüsumun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq olaraq ödənilir. İşdən görünür ki, iddiaçı ilkin olaraq 600.000 manat məbləğdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bunun üçün mediasiya xərcləri (400 manat) daxil 500 manat dövlət rüsumu, yəni, cəmi 900 manat pul ödəmişdir. Sonradan iddianın həcmini artıraraq cavabdehdən 1.638.579 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, lakin artırılmış iddia qiymətinə uyğun olaraq rüsumun kəsir məbləğini ödəməmişdir. Belə ki, 1.635.579 manat məbləğində iddia üçün 1.609,29 (bir min altı yüz doqquz manat iyirmi doqquz qəpik) manat dövlət rüsumu ödənilməli olduğu halda, cəmi 900 manat rüsum ödənilmiş, 709,29 manat dövlət rüsumu ödənilməmişdir. Məhkəmə işin bu halına qiymət verməmişdir. Cavabdeh apellyasiya şikayətinə əlavədə göstərmişdir ki, iş birinci instansiya məhkəməsinin icraatında olarkən xx.xx.2022-ci il tarixdə (hazırlıq iclasında) elektron məhkəmə sistemi vasitəsilə birinci instansiya məhkəməsinə iddiaçının Azərbaycan Beynəlxalq Bankına ünvanladığı xx.xx.2021-ci il tarixli müraciət və məktub, həmçinin Azərbaycan Beynəlxalq Bankının cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli məktub təqdim edilmişdir. Qeyd olunan sənədlər elektron məhkəmə sistemində sənədlər siyahısında 23-cüdür. Lakin, birinci instansiya məhkəməsi həmin sənədləri iş materiallarına əlavə etməmiş, qətnamədə də həmin sənədlərə hər hansı münasibət bildirməmişdir Həmin sənədlərdən görünür kı, iddiaçı Beynəlxalq Banka müraciət edərək cavabdehin tərəflər arasında bağlanmış xx.xx.2020-ci ıl tarixli müqavilə şərtini pozduğunu, buna görə də xx.xx.2021-ci il tarixli bank qarantiyası üzrə 433.566 manat pulun iddiaçının bank hesabına ödənilməsini xahiş etmiş, Beynəlxalq Bank həmin məbləği iddiaçının hesabına köçürmüşdür. Lakın, birinci instansiya məhkəməsi 433.566 manatı iddianın təmin edilmiş hissəsi olan 991.741 manatdan çıxmamışdır. İddiaçı Azərbaycan Beynəlxalq Bankına ünvanladığı xx.xx.2021-ci il tarixli müraciət məktubunda pul tutulmasının əsası kimi müqavilə şərtlərinin pozulması ilə yanaşı xüsusi olaraq xx.xx.2021-ci il tarixli üzləşmə aktına da istinad edilmişdir. Hansı ki, məhz həmin akta əsasən birinci instansiya məhkəməsi cavabdehdən 186 ton armatura görə 289.926 manat pul tutmuşdur. Belə çıxır ki, iddiaçı üzləşmə aktına əsasən pulu həm bankdan almış, həm də təkrar məhkəməyə müraciət edərək məhkəmə yolu ilə əldə etmək istəyir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndələri və vəkili şikayəti müdafiə edərək, ona uyğun izahat vermiş, iddiaçının nümayəndələri şikayəti qəbul etməyib, rədd olunmasını xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini MPM-in 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, aşağıdakıları qeyd edir. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edilsə də, mübahisənin predmeti bölünən olduğu, iddiaçı iddianın qismən təmin olunması ilə razılaşaraq apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün, birinci instansiya məhkəməsinin qətnaməsinə iddia rədd olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün qətnamənin mübahisələndirilməyən hissəsinə toxunulmamalı, qətnamə iddia təmin olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır. İşdən müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli AG-39/20 nömrəli Tikintidə subpodrat müqaviləsinə əsasən subpodratçı (cavabdeh) podratçının (iddiaçı) tapşırığı ilə özünün və/və ya podratçının materiallarından və avadanlıqlarından istifadə etməklə müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrdə nəzərdə tutulan konkret tikinti, təmir, quraşdırma, sazlama, işəsalma və sair işləri həmin əlavələrdə müəyyən olunmuş müddətdə mövcud norma və qaydalara, standartlara və müqavilə şərtlərinə uyğun yerinə yetirməyi öz öhdəsinə götürür. Podratçı isə görülmüş işləri təhvil götürməyi və müəyyən edilmiş müddətdə şərtləşdirilmiş qiymətlə haqqını ödəməyi öhdəsini götürür. Müqavilənin: 1.4-cü bəndinə əsasən, müqavilə üzrə görüləcək işlərin maksimal həcmi 4.335.651,11 manat (ƏDV daxil) məbləğində müəyyən edilir; 5.1-ci bəndinə görə, işlərin qiyməti Əlavə ilə razılaşdırılır və ödənişi təhvil-təslim aktı əsasında aparılır; 5.2-ci bəndinə əsasən, işlər üzrə hesablaşma işlərin hər mərhələsinin qəbulundan sonra bir ay müddətində podratçı tərəfindən subpodratçının bank hesabına köçürülməklə aparılır; 5.3-cü bəndinə görə, əlavədə başqa ödəniş qaydası da (beh, avans ödəmə, aralıq hesablaşmaları və s.) nəzərdə tutula bilər. Podratçı işlərin qiymətinin 25%-i miqdarında avans yolu ilə subpodratçının ilkin xərclərinin ödənilməsində iştirak edə bilər. Avansın alınması üçün subpodratçı podratçıya avansın 100% məbləğdə bank təminatını təqdim edir. Avans ödənişi üçün verilən təminat avans qaytarılana qədər qüvvədə qalır. Aralıq hesablaşmaların dəyəri işlərin qiymətinin 90% qədər təşkil edə bilər. Məbləğin son 10%-lik hissəsi obyekt təhvil verilən tarixdən sonrakı 1 il ərzində yarana biləcək çatışmazlıqların podratçının öz qüvvəsi ilə aradan qaldırılmasının təmin edilməsi məqsədilə bu müddət ərzində ödənməyəcək və yalnız bu müddət keçdikdən sonra istifadə edilməyəcək məbəğ miqdarında subpodratçıya ödənəcək; 6.1-ci bəndinə əsasən, işlərin hər mərhələsinin və yaxud son nəticəsinin qəbulu Tərəflərin görülən işlərin təhvil-təslim aktının imzalanması və subpodratçı tərəfindən 2 saylı Formanın təqdim edilməsi ilə təsdiq edilir; 6.2-ci bəndinə görə, Podratçı, Subpodratçı ona işləri tam yerinə yetirməsi haqqında rəsmi məlumat verəndən sonra 10 gün ərzində Subpodratçının iştirakı ilə yerinə yetirilmiş işləri baxıb qəbul etməli, təhvil-təslim aktını imzalayıb, onun bir nüsxəsini Subpodratçıya qaytarmalı və yaxud Subpodratçıya işlərin qəbul olunmasından əsaslandırılmış imtina təqdim etməlidir. Əgər Podratçı həmin müddət ərzində təhvil-təslim aktını imzalamazsa və yaxud əsaslandırılmış imtinanı təqdim etməzsə, işlər Subpodratçı tərəfindən tərtib olunan birtərəfli akt əsasında Podratçı tərəfindən qəbul edilmiş hesab olunacaqdır; 8.2-ci bəndinə əsasən, subpodratçı müqavilədə/əlavədə nəzərdə tutulan müddət ərzində işləri təhvil verməzsə, podratçı hər gecikdirilmiş günə görə işlərin qiymətinin 0,1 faizi məbləğində dəbbə pulu ödənilməsini Subpodratçıdan tələb edə bilər. Tərəflər arasında xx.xx.2021-ci il tarixdə tərtib edilmiş AG-39/20 nömrəli xx.xx.2020-ci il tarixli müqavilə üzrə Üzləşmə aktına əsasən, “... smeta üzrə görülən işləri başa çatdırmaqda çətinlik yaranmış, yaranmış çətinliyin aradan qaldırılmasında iddiaçı tərəfindən əlavə olaraq armatur alışı həyata keçirilərək, layihə üzrə beton quraşdırma işlərini bitirmək üçün cavabdehə natura şəklində 651,5 ton armatur təhvil verilmişdir. Qeyd edilənlərlə əlaqədar cavabdehin 186 ton armatur və ya hesablaşma gününə həmin miqdarın bir tonu üzrə qiymətinin 186 ton üçün cəmi qədər iddiaçıya borcu yaranmışdır.” İşin 2-ci cildinin 41-128-ci vərəqlərində olan, 2020-ci ilin sentyabr ayından 2021-ci iln fevral ayınadək olan dövrləri əhatə edən 23 ədəd Yerinə yetirilmiş işlərin qəbul aktlarına əsasən, ƏDV daxil 1.916.961,71 manat məbləğdə iş təhvil alınmışdır. İşin 1-ci cildinin 133-150-ci vərəqlərində olan, xx.xx.2020-xx.xx.2020-ci il tarixləri əhatə edən 18 ədəd elektron qaimə, həmin qaimələrin 151-ci vərəqdə olan detallı siyahısından, 152-177-ci vərəqlərində olan, xx.xx.2020-xx.xx.2021-ci il tarixləri əhatə edən 26 ədəd ödəniş tapşırığı və həmin ödəniş tapşırıqlarının 178-ci vərəqdə olan hesabdan çıxarış adlı detallı siyahısından, 2-ci cildin 147-170-ci vərəqlərində olan, xx.xx.2020xx.xx.2021-ci il tarixləri əhatə edən 23 ədəd ƏDV və avans ödəniş tapşırıqlarından müəyyən edilir ki, əsas məbləği 2.502.719 manat, ƏDV məbləği 450.489,42 manat olan elektron qaimələr üzrə iddiaçı cavabdehə əsas məbləğ üzrə 2.502.718,99 manat, ƏDV üzrə 450.489,40 manat olmaqla, cəmi 2.953.207 manat məbləğdə pul ödəmişdir. İddiaçı ödədiyi həmin puldan yanız 2.281.892 manat pulun müqabilində işlərin görüldüyünü, qalan 671.315 manat məbləğdə (ondan 568.911 manat əsas məbləğ, 102.404 manat ƏDV məbləği) işlərin cavabdeh tərəfindən təhvil verilmədiyini irəli sürür və bu halı cavabdehin həmin məbləğdə işlərin icra edilib təhvil verilməsini təsdiq edən, Müqavilənin 6.1-ci bəndi ilə nəzərdə tutulan 2 saylı Formanı təqdim edə bilməməsi ilə, cavabdeh isə ona verilmiş pulun müqabilində bütün işlərin təhvil verildiyini bildirir və bu mövqeyini iddiaçının həmin məbləğdə elektron qaimələri təsdiq edib, bütünlüklə ödəməsi ilə əsaslandırır. İş materaillarlndan və məhkəmə kollegiyasının iclaslarında verilən izahatlarından məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixli AG-39/20 nömrəli Tikintidə subpodrat müqaviləsi üzrə 2021-ci ilin əvvəllərindən etibarən tərəflər arasında qarşılıqlı narazılıqlar artmış, həmin ilin fevral ayından cavabdehin tikinti meydançasından kənarlaşdırılması prosesi başlamış, mart ayında isə cavabdeh işləri tamamilə dayandırmış, bununla da iddiaçı müqavilədən imtina etmişdir. Lakin iddiaçının müqavilədən imtina etməsi və cavabdehin işləri tamamilə dayandırması ilə tərəflər arasında hüquq münasibətləri dərhal başa çatmamış, bundan sonra da, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək cavabdeh iddiaçıya cəmi məbləği 441.014,45 manat təşkil edən 6 ədəd elektron qaimə təqdim etmiş, sonuncu da həmin qaimələri qəbul edərək, ləngitmədən ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir; Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır; Maddə 770. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın: 1.2. Elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir; 3.9. ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın: 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir; 3.7. Elektron qaimə-faktura aşağıdakı müddətlərdə təqdim edilir: 3.7.1. malların təqdim edilməsi üzrə mallar göndərilən (verilən) vaxt; 3.7.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 (beş) gün müddətində; 3.7.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 (beş) gün müddətində. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2022-ci il tarixli Qərarında göstərilmişdir ki, “Bu baxımdan, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergihesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.” İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olmuşdur ki, iddiaçı podrat müqaviləsi üzrə sifarişçi kimi hüququndan istifadə edərək, müqavilənin davamından imtina etsə də, podratçı cavabdehə yerinə yetirilmiş işlərin haqqını da vermişdir. İşin bu halı işdə olan yerinə yetirilmiş işlərin qəbul aktları, elektron qaimələr və ödəniş tapşırıqları ilə təsdiq olunur. Belə ki, adıçəkilən sənədlərin tarix, məbləğ, əsas və təyinatlarını təhlil etdikdə müəyyən olunur ki, əvvəlcə yerinə yetirilmiş işin qəbul aktı tərtib olunmuş, bundan sonra həmin aktda qəbul edilmiş işin ƏDV daxil əks etdirilmiş cəmi məbləğinə uyğun elektron qaimə təqdim olunmuş və sonda tələb olunan məbləğ ödənilmişdir. Misal olaraq, 2020-ci ilin sentyabr ayında 5 nömrəli binada, 4 nömrəli binada, 6 nömrəli binada və 7 nömrəli binada yerinə yetirilmiş işlərin qəbul aktları ilə ƏDV daxil cəmi 469.273,33 manat məbləğdə işin görüldüyü təsdiq edilmiş, bu barədə cavabdeh tərəfindən iddiaçıya əsası xx.xx.2020-ci il tarixli AG-39/20 nömrəli müqavilə göstərilən, əsas məbləği 400.000 manat, ƏDV məbləği 72.000 manat, yekun məbləği 472.000 manat olan xx.xx.2020-ci il tarixli EBAQ 366113 nömrəli elektron qaimə təqdim edilmiş, cavabdeh həmin məbləğə görə xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərdə müvafiq olaraq 200.000 manat və 100.000 manat avanslar da nəzərə alınmaqla, xx.xx.2020-ci il tarixdə 100.000 manat, yəni cəmi 400.000 manat əsas məbləği, xx.xx.2020-ci il tarixdə 36.000 (avans), xx.xx.2020-ci il tarixdə isə 18.000 manat ƏDV ödəmişdir. İş materialalrında həmin elektron qaimə üzrə digər 18.000 manat məbləğdə ƏDV-nin ödənilməsi barədə sənəd yoxdur, lakin tərəflər həmin məbləğin ödənildiyini mübahisə etmir. Bundan əlavə, işdə xx.xx.2020-ci il tarixdə EBAP 694218 nömrəli elektron qaimə üzrə 36.000 manat ƏDV-nin ödənilməsi haqqında ödəniş tapşırığı var ki, nə Məhkəməyə təqdim olunan elektron qaimələrin arasında, nə elektron qaimələrin siyahısında belə bir qaimə vardır. EBAP 694218 nömrəli elektron qaimə üzrə əsas məbləğ 32.500 manat xx.xx.2021-ci il tarixdə ödənilmişdir. Qeyd olunanlar da onu ehtimal etməyə əsas verir ki, həmin qaimə üzrə ödənilən məbləğ EBAQ 366113 nömrəli elektron qaimənin qalan 18.000 manat ƏDV-sini də əhatə edir. Göründüyü kimi, subpodrat müqaviləsi üzrə tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika “1. yerinə yetirilmiş işin qəbul aktının tərtib olunması - 2. elektron qaimənin təqdim olunması - 3. ödənişin həyata keçirilməsi” ardığıllığı (sxemi) üzrə formalaşmış və davam etmişdir. Belə olan halda, iddiaçının, “baxmayaraq ki, cəmi ƏDV daxil 2.953.207 manat məbləğdə pul ödənilmişdir, cavabdeh cəmi ƏDV daxil 671.315 manat məbləğdə işləri görməmiş və təhvil verməmişdir” məzmunda mülahizəsi işin müzakirə olunan halları ilə tam təkzib olunur. Belə ki, 2021-ci ilin mart ayında tikinti meydançasından çıxarılan cavabdehə xx.xx.2021-ci il tarixədək, həm də xx.xx.2021xx.xx.2021-ci il tarixləri arasında təqdim olunan 6 elektron elektron qaimələr üzrə ödəniş həyata keçirdikdən sonra belə bir iddianın irəli sürülməsi inandırıcı deyil. Bu mövqe Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarının şərhinə də uyğundur. Çünki, qeyd olunan nəticə təkcə elektron qaimələrin təqdim olunmasına əsaslanmır. Sözügedən nəticə daha çox tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikaya, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsuluna və həyata keçirilən ödənişlərə əsaslanır. İddiaçının qeyd olunan mülahizəsi iddia ərizəsi ilə də təkzib olunur. Belə ki, ilk dəfə iddia cəmi 600.000 manat tələbi ilə qaldırılmış, iddianın faktiki əsası kimi isə ümumi ifadələrlə az miqdarda işlərin görülməsi, öhdəliklərin tam olaraq icra edilməməsi göstərilmişdir. Halbuki, cavabdeh 2021-ci ilin mart ayında tikintidən ayrıldıqdan 9 ay sonra verilən iddia ərizəsi tərtib edilərkən işin hazırkı mənzərəsi barədə iddiaçıda tam təsəvvürün olması labüd idi. Bundan əlavə, iddiaçı görülməmiş və təhvil verilməmiş işlər üçün 671.315 manat məbləğdə pul tələbi ilə bağlı Məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş, hər hansı konkret fakta istinad etməmiş, tələbini bu hissədə yalnız Müqavilənin 6.1-ci bəndi ilə tələb olunan 2 saylı Formanın subpodratçı tərəfindən təqdim edilməməsi ilə əsaslandırmışdır. Halbuki, Müqavilənin 6.2-ci bəndinə görə, iddiaçı bu halda subpodratçıya (cavabdehə) işlərin qəbul olunmasından əsaslandırılmış imtina təqdim etməli idi ki, bunu etməmiş, üstəlik, cavabdeh tikintidən kənarlaşdırıldıqdan sonrakı 3 ay ərzində 400.000 manatdan çox ödəniş etməkdə davam etmişdir. Bu da özlüyündə Mülki Məcəllənin 770-ci maddəsinin dispozisiya şərtlərinin iş üzrə yerinə yetirilməsi deməkdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia pulu köçürülmüş, lakin görülməmiş və təhvil verilməmiş işlər üçün 671.315 manat məbləğdə pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissədə də, sübuta yetmədiyi əsası ilə, rədd edilməli idi. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin tələbin həmin hissəsi ilə bağlı dəlilləri ilə razılaşır və onları əsaslı sayır. Apellyasiya şikayətinin 186 ton armatura görə 289.926 manatın tutulması ilə bağlı dəlili isə əsassızdır. Belə ki, xx.xx.2021-ci il tarixli üzləşmə aktında birmənalı qaydada təsbit olumuşdur ki, cavabdeh ya 186 ton armaturun özü, ya da hesablaşma gününə həmin miqdarın bir tonu üzrə qiyməti qədər borcludur. Odur ki, cavabdehin armaturun bir tonunun qiymətinin tərəflərin təsdiq etdiyi qəbul aktlarında göstərilən 935 manat götürməsi “... hesablaşma gününə həmin miqdarın bir tonu üzrə qiyməti ...” barədə aktın şərtinə ziddir. Şikayətin 30.000 manat dəbbə pulunun tutulması tələbinin rədd edilməsi barədə dəlili isə əsaslıdır. Belə ki, iddia 671.315 manat məbləğdə pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissədə əsassız olduğundan, həmin məbləğə hesablanmış dəbbə pulu məbləği də əsaslı sayıla bilməz və bu səbəbdən rədd edilməlidir. Apellyasiya şikayətinin xx.xx.2021-ci il tarixli bank qarantiyası üzrə 433.566 manat pul iddiaçının bank hesabına ödənildiyi halda iddianın təmin edilmiş hissəsindən çıxılmamasının qanunsuzluğu haqqında dəlili də əsassızdır. Birincisi, sözügedən dəlillə bağlı təqdim olunan sənədlərdən müəyyən olunur ki, bank qarantiyasının tarixi xx.xx.2021ci il, üzləşmə aktının tarixi isə xx.xx.2021-ci il, yəni sonrakı tarixdir. Bu da o deməkdir ki, bank qarantiyası verilən tarixdə məlum olmayan öhdəliyə görə qarantiya verilə bilməzdi. İkincisi, bank qarantiyasının xx.xx.2021-ci il tarixdə iddiaçıya ödənilən 433.566 manat məbləğinin iddia tələbinin görülməmiş və təhvil verilməmiş işlər üçün 671.315 manat, 186 ton armatur çatışmazlığı üzrə 289.926 manat, müqavilə üzrə görülən işlər üzrə nöqsanların aradan qaldırılması üçün çəkilmiş xərclər 193.773 manat, çəkilmiş əlavə nəzarət və digər xərclər üçün 50.000 manat və 433.565 manat dəbbə pulundan hansını əhatə etdiyini cavabdeh göstərməmişdir. Həmin məbləğ birinci instansiya məhkəməsinin qətnaməsi ilə təmin olunan 991.741 manatdan da 2 dəfə azdır. Odur ki, cavabdeh əsaslandıra bilmir və bu işdən də görünmür ki, xx.xx.2021-ci il tarixli bank qarantiyası üzrə ödənilən məbləğ hansı borca görə ödənilmişdir və məhz hansı qaydada hesablanaraq hazırkı tələbdən çıxılmalıdır. Üçüncüsü, baxmayaraq ki, xx.xx.2021-ci il tarixli üzləşmə aktı xx.xx.2020-ci il tarixli subpodrat müqaviləsinin tərkib hissəsidir və iddiaçının Banka ünvanladığı xx.xx.2021-ci il tarixli müraciət məktubunda pul tutulmasının əsası kimi müqavilə şərtlərinin pozulması ilə yanaşı xüsusi olaraq xx.xx.2021-ci il tarixli üzləşmə aktına da istinad edilmişdir, bu hal ona dəlalət etmir ki, Bank tərəfindən ödənilən 433.566 manat məhz həmin akta əsasən ödənilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixli üzləşmə aktında heç bir konkret borc məbləğinə istinad olunmur, dolayısı ilə nəzərdə tutulmuşdur ki, cavabdeh ya 186 ton armaturu qaytarmalıdır, ya da onun hesablaşma gününə dəyərini. Şikayətin iddiaçı tərəfindən dövlət rüsümunun az ödənildiyi barədə dəlili isə əsaslıdır. Belə ki, “Dövlət rüsumu haqqında” AR Qanununun: Maddə 8.1.4. İddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi miqdarında, iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) miqdarında dövlət rüsumu ödənilməlidir; Maddə 9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. MPM-in: Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Maddə 113.1. İddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır; Maddə 113.2. İddia tələbləri artırıldıqda, rüsumun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq olaraq ödənilir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür; Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. İşdən görünür ki, iddiaçı 1.609,29 manat məbləğdə dövlət rüsumu ödəməli olduğu halda, 900 manat ödəmiş, cavabdeh isə apellyasiya şikayətinin verilməsinə görə düzgün olaraq 804,6 manat məbləğdə dövlət rüsumu ödəmişdir. İş üzrə cəmi 2.413,89 manat məbləğdə dövlət rüsumu ödənilməli, təmin olunan iddia tələbinin isə ümumi iddianın 17,69%-i olduğu nəzərə alınarsa, o halda mütənasibliyə uyğun olaraq cavabdehdən 427,02 manat məbləğdə tutulmalı, qalan xərclər (1.986,87 manat) isə iddiaçıya aid edilməlidir. Bu məqsədlə də, 377,58 manat iddiaçıdan tutularaq cavabdehə, 709,29 manat (1.986,87-900-377,58) isə dövlət büdcəsinə ödənilməlidir. MPM-in: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.

Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin olunması ilə əlaqədar gəldiyi nəticə cavabdehdən təhvil verilməmiş işlərə görə 671.315 manat, 30.000 manat dəbbə pulu və ödənilmiş 500 manat məbləğdə dövlət rüsumu hissədə qanuni və əsaslı deyil, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə qismən təsdiq olunur, dəlillər qətnamənin qismən ləğvinə əsas verir. Bununla bağlı olaraq, qətnamə iddia qismən təmin olunan hissəd ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia müzakirə edilən qaydada qismən təmin edilməli, apellyasiya şikayəti qismən təmin edilməli, məhkəmə xərcləri tərəflər arasında ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq bölüşdürülməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-988/2022 nömrəli iş üzrə 29 aprel 2022-ci il tarixli qətnaməsi iddia qismən təmin olunan - Cavabdeh MMC-dən təhvil verilməmiş işlərə görə 671.315 manat, 30.000 manat dəbbə pulu və ödənilmiş 500 manat məbləğində dövlət rüsumu, ümumilikdə 991741 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilsin - hissədə ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin və eyni hissədə iddia təmin edilməsin. İddia təhvil verilməmiş işlərə görə 671.315 manat və 30.000 manat dəbbə pulunun tutulması hissədə təmin edilməsin. Qətnamə rədd olunan qalan hissədə və “Cavabdeh MMC-dən 186 ton armatura görə 289.926 (iki yüz səksən doqquz min doqquz yüz iyirmi altı) manat məbləğdə pul tutularaq İddiaçı MMC-yə ödənilsin.” hissədə dəyişdirilmədən saxlanılsın. Dövlət rüsumunun ödəmədiyi 709,29 manat məbləği İddiaçı MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdehin ödədiyi dövlət rüsumu məbləğindən 377,58 manatı İddiaçı MMC-dən tutularaq Cavabdeh MMC-yə ödənilsin. Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar