Məhkəmə qərarları › İş №2-2(103)-688/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-688/2022

14.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-688/2022 14.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil Əliddin qızının, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, iddiaçı Türkiyə Respublikasının UGETAM X2 və X1 Mühendislik Sanayi Ticaret AŞ cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilə üzrə borcun, zərərin tutulmasına dair iddiası üzrə qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-1238/2022 nömrəli qətnaməsindən (hakim Zaur Pirverdiyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Türkiyə Respublikasının hüquqi şəxsi olan UGETAM X2 və X1 Mühendislik Sanayi Ticaret AŞ cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cavabdehdən 1.278.696,88 ABŞ dolları əsas borcun, həmin borca görə hesablanmış 511478, 75 ABŞ dolları məbləğində faiz borcunun, ödənilmiş 400 manat ilkin mediasiya xərcinin və ödənilmiş 1911,65 manat məbləğində dövlət rüsumunun, cəmi 1790175,63 ABŞ dollarının və 2311,65 manat məbləğində pulun birdəfəlik tutularaq iddiaçının cari bank hesabına köçürülməklə, geri qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2012ci ildə “İçməli su və çirkli su avadanlıqlarının təmin olunması və tətbiqi, içməli su və çirkli su ilə bağlı texniki məsələlərdə həyata keçiriləcək istehsal, uyğunluğa nəzarət, konsultasiya xidmətləri və Azərbaycanda keçiriləcək texniki təlim proqramları ilə əlaqədar texniki məsələlərdə konsultasiya xidmətləri” haqqında müqavilə imzalanmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 3-cü bəndinə əsasən, sifarişçinin Türkiyə və digər ölkələrdən içməli su və çirkli sular təmin etdiyi avadınlıqların İcraçı tərəfindən 3-cü partiya üzrə Sifarişçi tərəfindən hazırlanan texniki şərtlər və ya Avropa Birliyi standartlarına və ya digər beynəlxalq standartlara uyğunluğuna nəzarət, məsələ ilə bağlı müvafiq test və təcrübələrin aparılması və ya işin 3-cü şəxslər tərəfindən həyata keçirilməsi, istehsalçıların lazımi tələblərin ödənilməsi tutumuna nəzarət, istehsal və yüklənilməsi zamanı zavoda nəzarətin həyata keçirilməsi, yeni texnologiyaların paylanılması, su, qaz və neft ilə bağlı müvafiq infrastruktur işlərinin icrası, layihələrdə istifadə olunacaq avadanlıqlara nəzarət, laboratoriya xidmətlərinin göstərilməsi, Azərbaycanda yeni labortoriyanın təsisi məsələsində konsultasiya xidmətlərinin göstərilməsi ilə bağlı hər növ texniki təlim, məhsul və işçi heyəti sənədləşdirmə işləri və tərəflərin qarşılıqlı razılığı ilə digər məsələləri ehtiva edir. Müqavilənin 8-ci bəndinə əsasən, müqavilədə qeyd edilən iş və xidmətlər üçün vahid xidmət ödənişləri Əlavə 1-də qeyd edilən cədvələ uyğun qaydada olacaqdır. Qeyd edilən Əlavə 1 cavabdeh tərəfindən də təsdiq edilmişdir. Əlavə 1-də göstəriləcək xidmətlərin dəyəri cədvəl formasında qeyd edilir. İddiaçı müqavilə üzrə öhdəliklərini, cavabdeh tərəfindən verilən sifarişləri tam icra etsə də, müqavilə üzrə göstərilən xidmətlərlə bağlı cavabdeh tərəfindən icraçıya xidmət haqqının müəyyən hissəsi ödənilsə də, iddiaçı göstərilmiş xidmətin tam qarşılığını ala bilməmişdir. Belə ki, cavabdehin iddiaçıya olan bu günə borcu 1.278.696,88 ABŞ dolları təşkil edir və borc bu günə kimi ödənilməmişdir. Borcun ödənilməsinə dair cavabdehə dəfələrlə xəbərdarlıqlar edilmiş, cavabdeh tərəflə işgüzar görüşlər keçirilmiş, həmçinin pretenziya məktubları da göndərilmiş, lakin cavabdeh onlardan asılı olmayan səbəblərə görə ödənişin gecikdiyini və tez bir zamanda borcu ödəyəcəklərini söz versələr də, borc bu günə kimi ödənilməmiş qalmaqdadır. Göstərilən xidmətlər üzrə 3.403.377,46 ABŞ dolları məbləğində hesab-fakturalar göndərilmiş, onda 2.124.680,58 ABŞ dollar ödənilmiş, 1.278.696,88 ABŞ dolları cavabdeh tərəfindən hələ də ödənilməmişdir. İddiaçı tərəflər arasında olan işgüzar münasibətləri, iki qardaş dövlət arasında olan səmimi əlaqələri, göstərilən xidmətin dövlət əhəmiyyətli olmasını nəzərə alaraq, müqavilədə də razılaşdıqları kimi mübahisəni dəfələrlə öz aralarında həll etməyə çalışsa da təəssüf ki, cavabdeh tərəfindən heç bir əməli addım atılmamışdır. Pretenziya məktublarından sonra, mübahisənin tərəflər arasında məhkəmədən kənar həll edilməsi üçün işin mediasiyada həll edilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə təklif verilsə də, həmin məktuba da cavabdeh heç bir cavab verməmişdir. Bakı Kommersiya Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, e-2-2(113)-1238/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-1238/2021 qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmənin əsaslandırmasından məlum olur ki, məhkəmə özü də bildirdiyi kimi məhz müqavilə üzrə 3 il iddia müddətinin keçməsi səbəbindən məhkəmə iddia tələbini yetərincə araşdırmağa ehtiyac duymur, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Baxılmağa qəbul edilir ifadəsi, ancaq iddianın üzünə baxmağı yox, işi yetərincə araşdırmağı nəzərdə tutur. Məhkəmə isə bu cür mürəkkəb işlə bağlı cəmi bir baxış iclası keçirərək işi tam araşdırmadan yekunlaşdırmışdır. Belə ki, cavabdehin vəkili işə yeni qoşulduğunu və işlə tanış olmağa vaxt istədiyini bildirdiyi üçün ilk hazırlıq iclası təxirə salındı. İkinci hazırlıq iclasında hakim çox qısa iddiaçını dinlədi və cavabdeh iddia müddəti keçdiyinə görə iddianı qəbul etmədiyini bildirdi. Son məhkəmə prosesində, yeganə baxış iclasında isə hakim heç bir araşdırma aparmadan, tərəfləri 5-10 dəqiqə dinləməklə məhkəmə prosesini yekunlaşdırıb, iddianı təmin etməyən qərar qəbul etdi. Halbuki iddiaçıya cavabdehin iddianı qəbul etməmə əsasları, cavabdeh tərəfindən iddiaçıya edilən ödənişləri də etiraf etməməsi, qəbul etməməsi həmin baxış iclasında məlum olmuşdur. Baxış iclasında cavabdehin ödəniş etməsi barədə bank çıxarışları tərəfə və məhkəməyə göstərilsə də, məhkəmə sənədə gözucu baxaraq, sənədləri qəbul etmədən, araşdırma aparmadan, iddiaçının məhkəmə iclasını təxirə salması, işi hərtərəfli araşdırması barədə xahişini nəzərə almadan, heç bir araşdırma aparmadan işi bir məhkəmə iclasına yekunlaşdırmışdır. Bakı Kommersiya Məhkəməsinin icraatında olan digər məhkəmə araşdırmaları dəfələrlə təxirə salınaraq, detallı araşdırılmaq da davam etsə də, digər iddialardan sonra verilən bu iddia iki ay ərzində bir baxış iclası keçirilməklə yekunlaşdırılmışdır. Beləliklə, məhkəmə milli qanunvericiliyin və İnsan Hüquqları üzrə Konvensiyanın ədalətli məhkəmə araşdşırması, çəkişmə və tərəflərin bərabərliyi prinsipini pozmuşdur və iddiaçının qanunla nəzərdə tutulan hüquqlarından və əsaslı məhkəmə qərarı əldə etmək hüququndan məhrum etmişdir. Habuki, Avropa Məhkəməsi presidentlərində də qeyd edilir ki, vaxta qənaət etmək İddiaçının nümayəndəsi Vəkil Əliddin qız məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-1238/2022 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia rədd edilməlidir. Tərəflər arasında imzalanmış xx.xx.2012-ci il tarixli “İçməli su və çirkli su avadanlıqlarının təmin olunması və tətbiqi, içməli su və çirkli su ilə bağlı texniki məsələlərdə həyata keçiriləcək istehsal, uyğunluğa nəzarət, konsultasiya xidmətləri və Azərbaycanda keçiriləcək texniki təlim proqramları ilə əlaqədar texniki məsələlərdə konsultasiya xidmətləri” müqaviləsindən görünür ki, bu müqavilə tərəflər arasında sifarişçinin Türkiyə və digər ölkələrdən içməli su və çirkli sular təmin etdiyi avadınlıqların İcraçı tərəfindən 3-cü partiya üzrə Sifarişçi tərəfindən hazırlanan texniki şərtlər və/və ya Avropa Birliyi standartlarına və/və ya digər beynəlxalq standartlara uyğunluğuna nəzarət, məsələ ilə bağlı müvafiq test və təcrübələrin aparılması və/və ya işin 3-cü şəxslər tərəfindən həyata keçirilməsi, istehsalçıların lazımi tələblərin ödənilməsi tutumuna nəzarət, istehsal və yüklənilməsi zamanı zavoda nəzarətin həyata keçirilməsi, yeni texnologiyaların paylanılması, su, qaz və neft ilə bağlı müvafiq infrastruktur işlərinin icrası, layihələrdə istifadə olunacaq avadanlıqlara nəzarət, laboratoriya xidmətlərinin göstərilməsi, Azərbaycanda yeni laboratoriyanın təsisi məsələsində konsultasiya xidmətlərinin göstərilməsi ilə bağlı hər növ texniki təlim, məhsul və işçi heyəti sənədləşdirmə işləri və tərəflərin qarşılıqlı razılığı ilə digər məsələləri ehtiva edir. Müqavilə türk dilində tərtib edilmiş, müqavilənin notarial qaydada tərcüməsi təsdiq edilmiş nüsxəsi məhkəməyə təqdim edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışında qeyd edilir ki, iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 3.403.377,46 ABŞ dolları təşkil etmiş, cavabdeh tərəfindən 2.124.680,58 ABŞ dolları ödənilmiş, cavabdehin iddiaçıya 1.278.696,88 ABŞ dolları borcu qalmışdır. Arayışda qeyd edilənlərə əsasən cavabdehə sonuncu hesab faktura xx.xx.2014-cü il tarixdə göndərilmişdir. İşdəki sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2012-ci il tarixdə podrat müqaviləsi bağlanmış, müqavilənin müddəti iki il müəyyən edilmiş, müqavilə üzrə cavabdeh tərəfindən ödənişlər həyata keçirilmişdir. Mübahisə xarici elementli olduğundan məhkəmə kollegiyası hesab edir ki, ilk öncə Azərbaycan Respublikası məhkəmələrinin mübahisəyə baxmağa səlahiyyətli olub olmadığı və hansı ölkənin hüququnun tətbiq edilməli olduğu ilə bağlı məsələlərə hüquqi qiymət verilməlidir. Müqavilənin 10.1-ci bəndində qeyd edilmişdir ki, bu müqavilə çərçivəsində tərəflərin anlaşılmazlığı hallarında məsələnin həlli üçün Azərbaycan Respublikasının məhkəmələri səlahiyyət daşıyacaqlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 443.0.1, 443.0.3, 443.0.7ci maddələrinə əsasən iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda; cavabdeh Azərbaycan Respublikasının ərazisində əmlaka malik olduqda; iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan işlərə baxmağa haqlıdır MPM-nin qeyd edilən normalarını və tərəflər arasında bağlanmış müqavilənin 10.1ci bəndini əsas götürərək məhkəmə müəyyən edir ki, Azərbaycan Respublikasının məhkəmələri hazırkı mübahisəyə baxmağa səlahiyyətlidir. Xarici elementli hüquq münasibətlərindən mübahisəyə tərəflərdən hansının hüququnun tətbiq edilməli olduğu “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə əsasən müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə aşağıda göstərilən tərəflərin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir: 25.1.6. podrat müqaviləsində-podratçının. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən tərəflər tətbiq edilməli olan hüququ istənilən vaxtda, o cümlədən müqavilənin imzalandığı vaxt və ya ondan sonra seçə bilərlər. Tərəflər həm də istənilən vaxt müqavilə ilə əlaqədar tətbiq olunan hüququn dəyişilməsi barədə razılığa gələ bilərlər. Qanunun 24.4-cü maddəsinə əsasən müqavilə ilə bağlı ölkənin imperativ normalarının tətbiq edilməməsinə səbəb olan hüququn seçilməsi etibarsızdır. Hazırkı halda iddiaçı iddia qaldırarkən tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası qanunvericiliyinə istinad etdiyindən, o cümlədən cavabdeh iddiaya etirazını Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq normaları ilə əsaslandırdığından tərəflərin iradə ifadəsi mübahisəyə Azərbaycan Respublikasının qanunvericiliyi əsasında baxılması olmuşdur və hazırda mübahisəyə tətbiq edilmiş hüquqla bağlı tərəflər arasında mübahisə yoxdur. Tələbin hüquqi əsasını aşağıdakı normalar təşkil edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə .əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 779-cu maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndində nəzərdə tutulur ki, konsultasiya xidmətləri podratçı və işəgötürən (cavabdeh) tərəfindən tərtib olunacaq “Konsultasiya xidmətləri təqvimi”nə əsasən aparılacaqdır. Müqavilənin 5.2-ci bəndində qeyd edilir ki, podratçı işəgötürən üçün hesabatları azərbaycan, türk və ingilis dillərində tərtib edəcəkdir. Müqavilənin 5.4-cü bəndində nəzərdə tutulmuşdur ki, podratçı işəgötürən adından Türkiyə və ya digər ölkələrdə mal təmin edən müəssisələri məlumat vermədən yoxlayacaq və partiyalardan seçilən malları öz test stansiyalarında testdən keçirərək malların uyğunluğu ilə bağlı hesabat verəcəkdir. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiqi barədə ərizə verilərək müqavilədən irəli gələn tələb üzrə üç illik iddia müddəti keçdiyindən iddianın rədd edilməsi xahiş olunmuşdur. Eyni zamanda cavabdeh tərəf birinci instansiya məhkəməsində iddiaya etirazında göstərmişdir ki, tərəflər arasında müqavilə bağlansa da müqavilə üzrə xidmətlərin göstərilməsi və cavabdehin iddiaçıya hər hansı məbləğdə borcun olması barədə MMC-də hər hansı sənəd yoxdur. İddiaçı tərəfin təqdim etdiyi sənədlər əsasında isə həmin borcun mövcudluğunu müəyyən etmək mümkün deyil. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.1-ci, 372.1-ci, 372.2-ci, 373.3-cü, 375.2-ci maddələrinə istinad edərək hesab etmişdir ki, cavabdehə son hesab faktura xx.xx.2014-cü il tarixdə təqdim olunduğundan, xx.xx.2014cü il tarixdən sonra cavabdehin borcu etiraf etməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etdiyi nəzərə alınarsa müqavilədən irəli gələn tələb üzrə üç illik iddia müddəti keçmişdir. Mülki Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Qeyd edilən normaların məzmunundan göründüyü kimi, iddia müddəti pozulmuş hüququn məhkəmə qaydasında müdafiəsi üçün qanunla nəzərdə tutulmuş müddət olduğundan hüququn pozulduğu müəyyən edilmirsə iddia müddətinin başlanğıcını müəyyən etmək və iddia müddətinin keçib-keçmədiyinə hüquqi qiymət vermək mümkün deyil. Məhz bu səbəbdən Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında qeyd edilir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş müqavilə, hesab fakturalar və cavabdeh tərəfindən müqavilə üzrə həyata keçirilmiş ödənişlər təsdiq edir ki, həqiqətən tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibəti olmuş, iddiaçı tərəfindən cavabdehə xidmət göstərilmiş və bu xidmət müqabilində ödənişlər həyata keçirilmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının tələb etdiyi pul məbləği müqabilində konsultasiya xidmətləri göstərildiyi və 2012-ci ildə bağlanmış müqavilə üzrə hər hansı borc qalığı olduğu qəbul edilmədiyindən iddianın əsaslı olduğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşdüyü halda iddiaçı müqavilə üzrə yerinə yetirilmiş xidmətlərin ümumi dəyərinin 3.403.377,46 ABŞ dolları olması və qalıq borcun 1.278.696,88 ABŞ dollar təşkil etdiyinə dair məhkəməyə sübutlar təqdim edə bilməmişdir. Halbuki tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən göstəriləcək xidmətlərlə əlaqədar “Konsultasiya xidmətləri təqvimi” və hesabatlar tərtib edilməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar Məhkəmə kollegiyası hesab edir ki, maddi hüquq normaları düzgün tətbiq edilmədiyindən mübahisələndirilən qətnamə ləğv edilməklə iddiaçının tələbi iddia müddətinin keçməsi əsası ilə deyil, tələbin əsaslı olduğunun mötəbər sübutlarla təsdiq edilməməsi əsası ilə rədd edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-1238/2022 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı UGETAM X2 və X1 Mühendislik Sanayi Ticaret AŞ-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1238/2022 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar