Məhkəmə qərarları › İş №2-2(103)-69/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-69/2021

23.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-69/2021 23.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı podrat müqaviləsi üzrə borcun və zərərin tutulması barədə iddiası üzrə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2 (81)- 462/2017 saylı 15.05.2017-ci il tarixli qətnaməsindən (hakim İlham Əhmədov) iddiaçının apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət edərək, sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə verərək tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə 252500 manat qalıq əsas borcun, 30510 manat faiz məbləğinin, 91531 manat əldən çıxmış faydanın, hüquqi xidmətlərə görə ödəniləcək 37454 manat vəsaitin və 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında Şəmkir rayonu Şəhidlər Xiyabanında, “X1”, Şəmkir rayonu Zabitlər Parkında və Şəmkir rayonu Heydər Əliyev kompleksində təmir-bərpa işlərinin (mərmər-qranit materialları ilə) təşkili ilə bağlı müxtəlif tarixlərdə subpodrat müqavilələri imzalanmışdır. İddiaçı MMC götürdüyü öhdəlikləri lazımı keyfiyyətdə və müddətdə yerinə yetirmişdir, işlərin lazımi keyfiyyətdə yerinə yetirilməsinə görə Cavabdeh MMC-nin rəhbəri, yerli İcra hakimiyyətinin başçısı, həm də rayonun digər vəzifəli şəxsləri tərəfindən təqdir olunmuşdur. Götürülən işlərin yerinə yetirilməsinə görə ümumi müqavilə dəyərinin bir hissəsi avans olaraq, qalan məbləğlər isə işlərin yerinə yetirilmə qrafıkinə uyğun ödənilməli idi. İşlərin təhvilindən sonra Cavabdeh MMC tərəfindən ödənilmiş məbləğ avans da daxil olmaqla 252.500 manat olmuşdur. Bu günə kimi qalan 252500 manat məbləğ ödənilməmişdir. Görülmüş işlərin qısa vaxtda yerinə yetirilməsi üçün mərmər, sement, armatur, daş və s. istifadə edilən materiallar İddiaçı MMC tərəfindən şəxsi vəsait hesabına alınmış, işlərin görülməsi üçün istifadə edilən nəqliyyat vasitələri və texniki avadanlıqlar şəxsi vəsait hesabına icarəyə götürülmüş, ştatda olan işçilərdən (32 nəfər) əlavə yaxın ərazidə yaşayan şəxslər günəmuzd kimi işlərə cəlb olunmuşdur. Cavabdeh MMC fəaliyyətini dayandırdığından və onlarla əlaqə saxlamaq mümkün olmadığından görülmüş işlər, o cümlədən Şəmkir rayonu Şəhidlər Xiyabanı üzrə işlər əsas sifarişçi olan Şəmkir Rayon İcra Hakimiyyətinə təhvil verilmiş, təntənəli açılış mərasimi həyata keçirilmiş və hal-hazırda istifadə edilməkdədir. Öhdəliyin icrasının gecikdirilməsinə görə cavabdehdən MM- nin 445-ci maddəsinə əsasən 29 ay üçün illik 5 %-lə 30510 manat, MM-nin 449-cu maddəsinə əsasən Mərkəzi bankın uçot dərəcəsi ilə illik 15%-lə 91531 manat əldən çıxmış fayda tutulmalıdır. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2 (81)-462/2017 saylı 04.05.2017-ci il tarixli qərardadı ilə Şəmkir rayon İcra Hakimiyyəti iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2 (81)-462/2017 saylı 15.05.2017-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iddiaçı tərəfindən görülmüş işlərin sifarişçiyə təqdim edilməsini təsdiq edən hər hansı sübut təqdim edilmədiyinə dair mövqeyi əsassızdır. İddiaçı məhkəməyə işlərin görülməsini təsdiq edən fotoşəkillər (“Şəhidlər xiyabanı”nın təntənəli açılışı barədə), “xxxx” jurnalında gedən məqaləni təqdim etmişdir. İşlərin cavabdehə təhvil verilməsi MMC fəaliyyətini dayandırdığına görə mümkün olmamışdır. MMC-nin əvvəlki rəhbəri Türkiyə Respublikasına getmiş, yeni direktor isə iddiaçının qanuni təmsilçisi ilə görüşməkdən imtina etmişdir. Məhkəmə işə baxılarkən cavabdehin nümayəndəsinin izahatlarında işlərin görüldüyünü mübahisələndirmədiyini, nümayəndənin görülmüş işlərin dəyərinin İcra Hakimiyyəti tərəfindən ödənilməli olduğuna dair izahatlarını nəzərə almamışdır. Məhkəmə eyni zamanda nəzərə almamışdır ki, tərəflər arasında bağlanmış müqavilə ləğv edilməmiş, sifarişçi müqavilədən imtina etməmişdir. Görülmüş işlərlə bağlı sifarişçinin hər hansı pretenziyası olmadığına baxmayaraq razılaşdırılmış muzdun ödənilməsindən əsassız olaraq imtina etmişdir. İşlərin qəbul edildiyinə dair təhvil-təslim aktının olmaması işin təhvil verilməməsi demək deyil. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-472/2017 saylı iş üzrə 21 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən: H.Ü.Həmidov, hakimlər: X.A.Mərdanova və X.Ə.Sarıyev) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 may 2017-ci il tarixli, 2- 2(81)-462/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının (hakimlər sədrlik edən Kəmaləddin Bədəlov, İlqar Dadaşov, Azər Hüseynov) 10 iyul 2018-ci il tarixli 2- 2(102)-286/2018 saylı qərarı ilə təmin edilmiş, apelyasiya instansiyası məhkəməsinin 21 sentyabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 oktyabr 2018-ci il tarixli 2-2(103)- 547/2018 saylı qətnaməsi ilə (hakimlər sədrlik edən Valeh Ağayev, Afaq Nuriyeva, Cahangir Yusifov) apelyasiya şikayəti qismən təmin edilmiş, qətnamənin ləğv edilməsi, cavabdehdən 252500 manat əsas borc, 30510 manat faiz məbləği və hüquqi xidmətlərə görə 1000 manat məbləğ tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 27.02.2019-cu il tarixli 2-2(102)-100/19 saylı qərarı (hakimlər sədrlik edən Zakir Quliyev, Nigar Rəsulbəyova, İlqar Hüseynov) ilə təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 oktyabr 2018-ci il tarixli 2-2(103)- 547/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin ərizəsi əsasında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17.02.2020-ci il tarixli qərarı ilə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 27.02.2019-cu il tarixli 2-2(102)-100/19 saylı qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğu yoxlanılaraq qeyd edilən qərar Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, habelə Mülki Prosessual Məcəlləsinin 416, 418.1-418.3-cü maddələrinə uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 18.09.2020-ci il tarixli 13- 2(102)-2(k)2020 saylı qərarı ilə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 27.02.2019-cu il tarixli 2-2(102)-100/19 saylı qərarı və onunla bağlı Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 oktyabr 2018-ci il tarixli 2-2(103)- 547/2018 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. İşə apelyasiya qaydasında baxılması sonuncu dəfə 23.04.2020-ci il tarixə təyin edilmiş, iş üzrə üçüncü şəxs Şəmkir rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, iclasda səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2 (81)-462/2017 saylı 15.05.2017-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 196.108,2 manat əsas borc, 23696,3 manat illik 5 % ilə faiz məbləği, 30 manat dövlət rüsumu, cəmi 219834,5 manat pul tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. İşin hallarından görünür ki, hazırkı iş üzrə mübahisə Şəmkir rayonunda yerləşən 3 ayrı obyektdə qranit və mərmər işlərinin görülməsi ilə bağlı tərəflər arasında bağlanmış subpodrat müqavilələrindən irəli gəlir. Subpodrat müqaviləsi podrat müqaviləsinin bir növüdür və Mülki Məcəllənin 755-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla (podratçının işi şəxsən yerinə yetirməyə borclu olması) podratçı işlərin görülməsi üçün subpodratçı cəlb etməyə haqlıdır. İşdəki 41 saylı 10.10.2014-cü il tarixli subpodrat müqaviləsinə əsasən iddiaçı cavabdehin sifarişi əsasında Şəmkir rayonu, Şəhidlər Xiyabanında mərmər materialının təşkili və vurulmasını, 117 nömrəli 24 dekabr 2014-cü il tarixli subpodrat müqaviləsinə əsasən X1 qranit işlərinin görülməsini, 118 saylı 27.12.2014-cü il tarixli subpodrat müqaviləsinə əsasən isə Şəmkir şəhəri Zabitlər bağında qranit işlərinin görülməsini öhdəsinə götürmüşdür. Müqavilələrin notarial qaydada təsdiq edilmiş surətləri iş materiallarına əlavə edilmişdir. Müqavilələrdə öhdəliyin icra müddəti nəzərdə tutulmamışdır. İş materiallarındakı Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmiş 19.11.2014-cü il tarixdə tərtib edilmiş smeta sənədlərinin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Şəmkir rayonu, Şəhidlər Xiyabanında görüləcək işlərin dəyərinin 356900 manat, Şəmkir Çörək zavodunda görüləcək işlərin dəyərinin 55008,2 manat, Zabitlər bağında 36700 manat olduğu razılaşdırılmışdır. Müəyyən olunur ki, üç müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya razılaşdırılmış qiymətlər əsasında ümumilikdə 448608,2 manat muzd ödənilməli idi. İddiaçının gördüyü işlərə görə cavabdehdən tələb etdiyi əsas borc məbləği iki hissədən ibarətdir: müqavilə münasibətləri çərçivəsində razılaşdırılmış smetalar üzrə görülmüş işlərin dəyəri və smetası razılaşdırılmamış işlərin dəyəri. İddiaçı iddia ərizəsində tərəflər arasında bağlanmış müqavilələr üzrə Şəmkir rayonunda Zabitlər bağı, X2 və Şəmkir şəhəri Şəhidlər Xiyabanında görülmüş işlərə görə avans da daxil olmaqla cavabdeh tərəfindən cəmi 252.500 manat məbləğində pul ödənildiyini göstərmişdir. Belə olan halda müəyyən olunur ki, 24 dekabr 2014-cü il tarixli və 27.12.2014-cü il tarixli subpodrat müqavilələri üzrə işlərin dəyəri iddiaçıya tam ödənilmiş, cavabdehin iddiaçıya 10.10.2014-cü il tarixli subpodrat müqaviləsi üzrə razılaşdırılmış smeta üzrə 196108,2 manat qalıq borcu qalmışdır. Cavabdehin nümayəndəsi və vəkili həm birinci instansiya, həm də apelyasiya instansiyası məhkəmələrinə verdiyi izahatlarda tərəflər arasında subpodrat müqavilələri bağlandığını, həmin müqavilələr əsasında qranit və mərmər işlərinin görülməsinin sifariş verildiyini inkar etməsə də görülmüş işlərin dəyərinin bir hissəsinin cavabdeh tərəfindən ödənildiyini qəbul etməmiş, qeyd edilən işlərin görülməsi üçün Şəmkir rayon İcra Hakimiyyəti ilə aralarında podrat müqaviləsi bağlanmadığı, iddiaçının müqavilədən kənar gördüyü işlərin dəyərini cavabdehdən tələb etmək hüququ olmadığı, işlərin təhvil-təsliminə dair aktlar olmadığı üçün iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə görülmüş işlərin dəyərinin 252.500 manat məbləğində hissəsinin cavabdeh tərəfindən ödənilməsi ilə bağlı iddiaçının məhkəməyə sübut təqdim etməli olduğuna dair cavabdehin mülahizəsini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən normanın tələbinə əsasən iddiaçı tələb irəli sürmədiyi halla bağlı məhkəməyə sübut təqdim etməyə borclu deyil. İş üzrə 3-cü şəxs qismində cəlb edilmiş Şəmkir rayon İcra Hakimiyyətinin mübahisə ilə bağlı mövqeyi məhkəməyə ünvanlanmış 17.01.2018-ci il tarixli və 05.10.2018-ci il tarixli məktublarda ifadə edilmişdir. Şəmkir rayon İcra Hakimiyyətinin 17.01.2018-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Şəmkir şəhərində aparılan abadlıq-quruculuq işləri çərçivəsində 2013-cü ildə Şəhidlər Xiyabanında yenidənqurma işlərinə başlanılmış və 2014-cü ildə başa çatdırılmışdır. Həmin işlər Cavabdeh MMC-nin sifarişi əsasında Qədim Qafarovun təsisçisi olduğu İddiaçı MMC tərəfindən yerinə yetirilmişdir. Görülmüş işlərin dəyəri Cavabdeh MMC-yə tamamilə ödənilmiş və hal-hazırda heç bir borc qalmamışdır. 05.10.2018-ci il tarixli digər məktubunda isə qeyd edilmişdir ki, Şəmkir rayonu, Şəhidlər Xiyabanında, X1, Zabitlər Parkında təmir bərpa işlərinin aparılması ilə bağlı Şəmkir rayon İcra Hakimiyyəti tərəfindən heç bir şirkətlər müqavilə bağlanmamışdır. Həmin işlərin aparılması ilə bağlı maliyyə vəsaitinin ayrılması müxtəlif sponsorlar və Şəmkir sahibkarları tərəfindən həyata keçirilmişdir. Bu səbəbdən həmin işlərin həcmi və işlərə dair ödənilmiş vəsaitin məbləği barədə Şəmkir rayon İcra Hakimiyyətində heç bir məlumat yoxdur. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddianın rədd edilməsi barədə iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən tərəflər arasında bağlanmış subpodrat müqaviləsi üzrə işlərin görüldüyü və sifarişçiyə təhvil verildiyi barədə məhkəməyə sübutlar təqdim edilmədiyindən iddia əsassızdır. Məhkəmə kollegiyası aşağıdakılara əsasən iddia tələbinin tam əsassız olduğuna dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.3-cü maddəsinə görə, əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. Həmin Məcəllənin 770-ci maddəsinə müvafiq olaraq, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməlidirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. 770-ci maddənin tələbindən göründüyü kimi, işin podratçı tərəfindən görüldüyü sübut edildiyi təqdirdə onun sifarişçi tərəfindən qəbul edilməməsi sifarişçidən podratçının xeyrinə razlaşdırılmış muzdun tutulmasından imtina üçün əsas ola bilməz. Görülmüş işləri təhvil almaq öhdəliyi qanunvericiliyin tələbinə əsasən sifarişçinin vəzifəsi olduğundan bu vəzifəsini icra etməmiş sifarişçi görülmüş işin nəticəsinin hansı səbəbdən qəbul edilmədiyini əsaslandırmağa borcludur. İddiaçı tərəfindən sifariş verilmiş işlərin görülməsi birinci instansiya məhkəməsinə təqdim edilmiş maddi sübutlar-fotoşəkillər, “Dünya xxxxları” adlı jurnaldan çıxarışla təsdiq olunur. Jurnalın 2014-cü il tarixli buraxılışında Şəmkir rayonunda gedən abadlıq-quruculuq işləri ilə bağlı çap edilmiş məqalədə Şəmkir şəhər “Şəhidlər Xiyabanındakı” yenidən qurma və abadlıq işlərinin İddiaçı MMC tərəfindən aparıldığı, həmin ərazidə İddiaçı” MMC-nin işçilərinin çalışdığı qeyd edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında ifadə edilmiş hüquqi mövqeyə görə, məhkəmə, sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin səbəbləri, o cümlədən qərarın əsaslandırılması üçün hansı sübutun əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərin (çap olunmuş və flaş daşıyıcıda olan) və məqalənin hansı səbəbdən sübut kimi qəbul edilmədiyini qətnamədə əsaslandırmamış, ümumiyyətlə bu sübutlara hər hansı hüquqi qiymət verməmişdir. Halbuki fotoşəkillər və çap olunmuş materiallar maddi sübutlara aid olmaqla sübut növlərindən biridir. Təqdim edilmiş maddi sübutların mötəbərliyi məhkəmədə şübhə doğurduğu halda məhkəmə yerində müayinə təyin etməklə iddiaçı tərəfindən işlərin həqiqətən görülüb-görülmədiyini müəyyənləşdirə bilərdi. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə iddiaçının təqdim etdiyi maddi sübutların mötəbərliyini şübhə altına almağa əsas verən hər hansı sübut təqdim etməmiş, iddiaya etirazında görülmüş işlərin hansı səbəbdən təhvil götürülmədiyini əsaslandıra bilməmişdir. Məhkəmə nəzərə almamışdır ki, əgər işlər tam həcmdə görülməməsi, vaxtından gec görülməsi və ya qüsurla icra edilməsi əsası ilə qəbul edilməmişdirsə, bu halların mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin (sifarişçinin) üzərinə düşdüyü halda cavabdeh bununla bağlı məhkəməyə əsaslı səbəb göstərə bilməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclaslarda izahatında göstərmişdir ki, Cavabdeh MMC-nin rəhbəri dəyişmiş və 2006-cı ildən MMC fəaliyyətini dayandırmışdır. Məhkəmə hesab edir ki, hüquqi şəxsin qanuni təmsilçisinin dəyişməsi və fəaliyyətini dayandırması əvvəlki rəhbərin dövründə bağlanmış müqavilələr üzrə öhdəliyin icrasından imtina üçün əsas ola bilməz. Məhkəmə kollegiyası tərəflər arasında subpodrat müqaviləsindən irəli gələn öhdəlik münasibətinin mövcud olduğunun, bağlanmış müqavilələr üzrə öhdəliklərin iddiaçı tərəfindən yerinə yetirildiyinin işdəki sübutlarla təsdiq edildiyini nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən 10.10.2014-cü il tarixli bağlanmış subpodrat müqaviləsi üzrə görülmüş işlərin təhvil alınması və dəyərinin tam ödənilməsi ilə bağlı öhdəlik yerinə yetirilmədiyindən həmin müqavilə əsasında Şəmkir rayonu, Şəhidlər Xiyabanında görülmüş işlərə görə ödənilməmiş 196108,2 manat məbləğində qalıq borcun cavabdehdən tutulması hissəsində iddiaçının tələbi təmin edilməlidir. Cavabdehdən tələb edilən 56391,8 manat əsas borc tələbi ilə bağlı hissədə iddianın əsaslı olduğu sübut edilmədiyindən məhkəmə hesab edir ki, həmin hissədə iddia rədd edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş, Cavabdeh MMC tərəfindən təsdiq edilməmiş, “76 saylı müqaviləyə 1 saylı Əlavə” adlı yalnız iddiaçının özü tərəfindən təsdiq edilmiş sənəddə iddiaçı tərəfindən Şəmkir rayonu, Şəhidlər Xiyabanında 10.116,4 manat dəyərində beton demontaj işləri, Şəmkir rayon İcra Başçısının göstərişi ilə isə 35.936,88 manat dəyərində əlavə işlər görüldüyü qeyd edilmişdir. Bu sənədə əsasən müqavilədən kənar görülmüş işlərin dəyəri 46.053,28 manat təşkil etdiyi halda, iddiaçı tərəfindən əlavə işlərə görə 56391,8 manat ödəniş tələb edilir. Mülki Məcəllənin 753.2-ci maddəsinə müvafiq olaraq, əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. Qeyd edilən normanın tələbindən göründüyü kimi, podrat müqavilələri üzrə müqavilə bağlandıqdan sonra yerinə yetirilməli olan iş həcmi sifarişçinin sərəncamı əsasında dəyişdiyi halda yeni qiymət mütləq sifarişçi ilə iş görülməzdən əvvəl razılaşdırılmalıdır. Eyni zamanda MM-nin 754.1, 754.2-ci maddələrinə əsasən əgər podratçı təqribi smetadan əhəmiyyətli dərəcədə kənara çıxarsa, yalnız razılaşdırılmış muzdun verilməsini tələb edə bilər, amma artıq xərci qabaqcadan nəzərdə tutmağın mümkün olmadığı hallar istisna təşkil edir. Müqavilə bağlanarkən nəzərdə tutulması mümkün olmayan təqribi smetadan bu cür kənaraçıxma barəsində podratçı ləngimədən sifarişçiyə məlumat verməlidir. Əgər sifarişçi smetadan kənaraçıxma nəticəsində müqaviləyə xitam verərsə, icra olunmuş işi təqribi smeta üzrə ödəməyə borcludur. İş üzrə qəbul edilmiş Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin Plenumunun qərarlarında qeyd edilmişdir ki, işə baxan məhkəmələr tərəfindən İddiaçı MMC tərəfindən iddia edilən əlavə işlərin subpodrat müqaviləsi üzrə sifarişçi olan Cavabdeh MMC ilə razılaşdırılaraq icra edilib-edilməməsi faktı aydınlaşdırılmalı idi. Qərarda qeyd edilir ki, “məhkəmələr nəzərə almamışlar ki, mübahisə predmetini yenidənqurma və abadlıq işlərinin kimin tərəfindən görülməsi faktı deyil, həmin işlərin İddiaçı MMC tərəfindən kimin sifarişi əsasında və hansı müqavilə münasibətləri çərçivəsində yerinə yetirilməsi faktı təşkil etmişdir. İddiaçının əlavə işlərlə bağlı təqdim etdiyi, üzərində cavabdehin möhürü və ya imzası olmayan sənəddə istinad edilmiş 76 saylı müqavilənin mövcudluğu məhkəmə araşdırması zamanı təsdiq edilməmişdir. Bundan başqa müqavilələrdə nəzərdə tutulmamış əlavə həmin işlərin məhz Cavabdeh MMC-nin sərəncamı əsasında görüldüyünə dair məhkəməyə iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmiş, iddiaçının nümayəndəsi izahatlarında həmin işlərin Şəmkir Rayon İcra Başçısının göstərişi ilə görüldüyünü göstərmişdir. Məhkəmə hesab edir ki, cavabdeh ona məxsus olmayan obyektlərdə Şəmkir Rayon İcra Başçısının göstərişi əsasında görüldüyü iddia edilən işlərin dəyərini ödəmək öhdəliyi daşımadığından iddia həmin işlərin dəyərinin tutulması hissəsində rədd edilməlidir. İddiaçı 15.05.2017-ci il tarixli məhkəmə iclasında təqdim etdiyi iddia tələbinin həcminin artırılması barədə ərizədə MM-nin 445.7-ci maddəsinə əsasən, cavabdehdən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 %-lə 29 ay üçün 30.510 manat faiz məbləğinin tutulmasını xahiş etmişdir. 445.7-ci maddəyə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Hazırkı halda iddiaçı tərəfindən subpodrat işlərinin 2014-cü ildə təhvil verildiyi iş üzrə üçüncü şəxs Şəmkir rayon icra Hakimiyyətinin yazılı izahatı və “Dünya xxxxları” adlı jurnalın çap olunma tarixi ilə təsdiq edilsə də işlərin hansı ayda yekunlaşdığı barədə məlumat yoxdur. Buna görə də məhkəmə hesab edir ki, icranın başa çatma müddəti şərti olaraq 2014-cü ilin dekabr ayı qəbul edilməli, iddiaçı tərəfindən iddia tələbinin həcminin artırılması barədə ərizə verildiyi 15.05.2017-ci il tarixədək 196.108,2 manat əsas borcun ödənilməsinin gecikdirildiyi 29 ay üçün cavabdehdən iddiaçının xeyrinə illik 5%-lə 23696,3 manat pul tutulmalı, faizlə bağlı tələb qalan hissədə rədd edilməlidir. İddiaçı MM-nin 449.1-ci maddəsinə əsasən cavabdehdən Mərkəzi bankın uçot dərəcəsi ilə illik 15%-lə 29 ay üçün 91531 manat əldən çıxmış faydanın tutulmasını tələb etmişdir. MM-nin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsаitini qаnunsuz sаxlаmаqlа, onu qаytаrmаqdаn boyun qаçırmаqlа, onun ödənilməsini digər şəkildə gecikdirməklə və yа toplаmаqlа ondаn fаydаlаnmаğа görə həmin vəsаitin məbləğindən fаizlər ödənilməlidir. Fаizlərin miqdаrı pul öhdəliyinin və yа onun müvаfiq hissəsinin icrа edildiyi gün üçün bаnk fаizinin uçot dərəcəsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında 9 iyul 2009-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ödənişi gecikdirilmiş əsas borc məbləğindən cavabdehin faydalanaraq gəlir əldə etməsi barədə hər hansı sübut təqdim edilmədiyindən bank uçot faizi ilə 91531 manat əldən çıxmış faydanın tutulması hissəsində iddia rədd edilməlidir. Məhkəmə eyni zamanda iddianı 37454 manat məbləğində hüquqi xidmətə görə xərcin tutulması hissəsində də əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçı tərəfindən məhkəməyə hüquqi xidmət xərci ödənişi ilə bağlı qəbz və ya hesab faktura təqdim edilmədiyindən məhkəmə hesab edir ki, hüquqi xidmət xərci ilə bağlı hissədə iddia rədd edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2 (81)-462/2017 saylı 15.05.2017-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 196.108,2 manat əsas borc, 23696,3 manat illik 5 % ilə faiz məbləği, 30 manat dövlət rüsumu, cəmi 219834,5 manat pul tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı MMC-nin apelyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2 (81)-462/2017 saylı 15.05.2017-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilərək Cavabdeh MMC-nin iddiaçı Cavabdeh MMC-nin xeyrinə 196.108,2 manat əsas borc, 23.696,3 manat illik 5 % ilə faiz məbləği, 30 manat dövlət rüsumu, cəmi 219.834,5 manat pul tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar