Məhkəmə qərarları › İş №2-2(103)-698/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-698/2025

25.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-698/2025 25.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) qarşı kommersiya mübahisəsi üzrə (Açar sözlər: xidmət müqaviləsi, öhdəliklərin lazımi qaydada icra olunmaması, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi İddiaçı MMC-nin nümyəndəsi (vəkilləri) Vəkil2, Vəkil3, cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 16 aprel 2025-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı MMC (icraçı) ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR/sifarişçi) arasında bağlanmış 27 sentyabr 2019-cu il tarixli SOCAR**********20020182B00007 saylı müqavilə bağlanmışdır.

2. Həmin müqavilənin 2.1-ci bəndinə görə, icraçı Socarın Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 121 ünvanda yerləşən "SOCAR Tower" adlı inzibati binasında (bundan sonra - Bina adlanacaq) və Binaya aid ərazidə "Xidmətlərin Həcmi və Qiymətləri" adlı 3 saylı Əlavəsində göstərilmiş xidmətləri (bundan sonra "Xidmətlər" adlanacaq) müqavilənin "Təmir və İstismar Tələbləri" adlı 1 saylı əlavəsinə və "Təmir və İstismar üzrə Məsuliyyət Matrisası" adlı 2 saylı əlavəsinə uyğun göstərməyi, sifarişçi isə müqaviləyə uyğun göstərilmiş xidmətləri qəbul etməyi və əvəzinin Müqavilədə razılaşdırılmış qaydada ödənilməsini öz öhdəsinə götürür. Həmin bəndin 2-ci yarımbəndinə əsasən, Xidmətlər, 1 saylı Əlavədə və 2 saylı Əlavədə təsvir edilmiş tələb və təlimatlar, məsluliyyətlər bölgüsünə uyğun olmaqla, binada bütün sistemlərin normal fəaliyyətini, təhlükəsizliyini, funksionallığını və sabitliyini təmin edə bilən tədbirli və fəal bir istismar və təmir şirkəti olan icraçı tərəfindən lazımi qaydada (keyfiyyətli və tam) icra olunacaqdır.

3. Sözügedən müqavilənin 3.1-ci bəndinə əsasən, müqavilə tərəflər onu imzaladığı andan qüvvəyə minir və 12 (on iki) ay müddətində qüvvədə olacaqdır. Müqavilənin şərtləri tərəflər arasında 01 avqust 2019-cu il tarixdən müqavilənin qüvvəyə mindiyi tarixədək mövcud olan münasibətlərinə də şamil edilir. Müqavilənin 3.2-ci bəndinə görə, tərəflər müqaviləyə vaxtından əvvəl xitam verilməsi barədə qarşılıqlı razılaşdıqda və ya müqavilənin qüvvədə olma müddətinin uzadılmasına etiraz etdikdə icraçı xidmətlərin göstərilməsini müqaviləyə uyğun 2 aydan çox olmamaqla, davam etdirir, sifarişçi isə bu dövr üçün göstərilmiş xidmətlərin dəyərini müqaviləyə uyğun ödəyir.

4. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, xidmətlərin həcmi və dəyəri Müqavilənin 3 nömrəli Əlavəsində müəyyən edilir. Eyni bəndin 2-ci yarımbəndinə görə, qiymətlərə xidmətlərin göstərilməsi üçün bütün xərclər və qüvvədə olan qanunvericiliyə əsasən nəzərdə tutulmuş vergilər, rüsumlar və digər məcburi ödənişlər daxildir. Sözügedən müqavilənin 4.3-cü bəndinə əsasən, göstərilən xidmətlərin dəyəri hər növbəti ayın ən geci 10-dək Tərəflərin təyin (yazılı qaydada) edəcəkləri səlahiyyətli nümayəndələri tərəfindən təsdiq edilmiş təhvil-qəbul aktları və icraçı tərəfindən verilmiş hesab-faktura əsasında ödənilir. Təhvil-qəbul aktı və hesab-faktura hər növbəti ayın ən geci 5-dək təsdiq edilməli və Sifarişçiyə göndərilməlidir.

5. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, xidmətləri yalnız müqavilədə göstərilmiş ünvanda yerləşən bina və ona aid sahələrdə həyata keçirməyi öz öhdəsinə götürür.

6. Sözügedən müqavilənin 6.7-ci bəndinə görə, sifarişçinin müqaviləyə uyğun olaraq, icraçıya ödəniş etmək və müqavilə ilə müəyyənləşdirilmiş digər öhdəlikləri istisna olmaqla, heç bir məsuliyyəti yoxdur, sifarişçinin məsuliyyəti bu bəndlə məhdudlaşır və icraçı onun öhdəliklərinə aid hərəkət/hərəkətsizlik səbəbi ilə yaranan bütün iddia, tələb, zərər və itkilərə qarşı sifarişçini qorumalı, zərərdən müdafiə etməlidir.

7. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən, icraçı hər ay göstərilmiş xidmətlər üçün Müqavilənin 4.3-cü bəndinə uyğun olaraq, özündə aşağıdakı məlumatları əks etdirən hesab fakturanı hazırlamalı: 1) Aylıq istismar və təmir xidmətlərinin qiyməti; 2) Müqavilənin 5.2-ci maddəsinə əsasən hər bir qüsurun dəyəri, əgər varsa; üçüncü tərəfdən əldə edilən xidmət və malların faktura məbləğinə bərabər olan və Müqavilə Qiymətinə daxil edilməmiş məbləğ və bu məbləğin sifarişçi ilə öncədən razılaşdırılmış 5% (beş faiz) həcmində əlavəsi; və SİFARİŞÇİNİN məmnuniyyəti üçün, satınalınan xidmət və işlər, ehtiyyat hissələri, sərf edilən ləvazimatlar, materiallar, alətlər, avadanlıqlar və sairlə əlaqədar 3-cü tərəflərə aid müşayiətedici fakturalar və ödəniş qəbzlərini fakturaya əlavə edərək sifarişçiyə çatdırmalıdır.

8. Sözügedən müqavilənin 15.1-ci bəndinə görə, müqavilənin qüvvəyə mindiyi tarixdən sonrakı 5 (beş) iş günündən gec olmayaraq avadanlığın təhvil verilməsi ilə, xidmətin icra olunacağı bina, sifarişçi tərəfindən icraçıya təhvil verilmiş hesab olunur. Tərəflər ilkin təhvil-təslim üçün icra tarixi göstərilən təhvil-təslim şəhadətnaməsini hazırlamalı və ikitərəfli qaydada imzalamalıdır. Həmin müqavilənin 15.4-cü bəndinə əsasən tərəflər xidmətlərə dair təhvil-təslim aktında, onlar tərəfindən aşkar edilmiş bütün qüsurları açıq-aydın və təfsilatlı qaydada təsvir etməli və məlumat verməlidir. Təhviltəslim prosesi zamanı zəruri diqqət yetirməsi nəticəsində aşkar etdiyi və ya edə biləcəyi qüsuru aktda qeyd etməyən tərəf, sonradan bu qüsurun(ların) mövcudluğuna istinad edə bilməz.

9. 01 noyabr 2019-cu il tarixli “Socar” və İddiaçı arasında inzibati binaya təmizlik, bina və binada istismar olunan avadanlıqlara texniki xidmətlərin göstərilməsinə dair 27 sentyabr 2019-cu il tarixdə bağlanmış “Ümumi təmizlik və texniki qulluq, daxili və xarici qurğu və texnikalara xidmətlərin göstərilməsi üzrə müqavilə” üzrə göstərilmiş xidmətlərin təhvil-qəbul aktına əsasən görülmüş işlərin cəmi 354 796,36 manat məbləğində, 01 dekabr 2019-cu il tarixli akta əsasən cəmi 319 952,30 manat məbləğində, 07 yanvar 2020-ci il tarixli akta əsasən 324 454,18 manat məbləğində, 01 fevral 2020-ci il tarixli akta əsasən cəmi 323 732,30 manat məbləğində, 02 mart 2020-ci il tarixli akta əsasən cəmi 352 216,30 manat məbləğində, 02 aprel 2020-ci il tarixli akta əsasən 318 683,55 manat məbləğində, 01 may 2020-ci il tarixli akta əsasən 328 457,30 manat məbləğində, 04 iyun 2020-ci il tarixli akta əsasən 373 010,90 manat məbləğində, 03 iyul 2020-ci il tarixli akta əsasən 319 952,30 manat məbləğində, 05 avqust 2020-ci il tarixli akta əsasən 351 859,18 manat məbləğində, 08 sentyabr 2020-ci il tarixli akta əsasən 319 952,30 manat məbləğində, 07 oktyabr 2020-ci il tarixli akta əsasən 324 454,18 manat məbləğində, 03 noyabr 2020-ci il tarixli akta əsasən 323 732,30 manat məbləğində, 08 dekabr 2020-ci il tarixli akta əsasən 319 855,30 manat məbləğində, 08 yanvar 2021-ci il tarixli akta əsasən 373 010,90 manat məbləğində, 09 fevral 2021-ci il tarixli akta əsasən 339 589,80 manat məbləğində, 05 mart 2021-ci il tarixli akta əsasən 323 879,47 manat məbləğində, 05 aprel 2021-ci il tarixli akta əsasən 348 079,18 manat məbləğində, 03 may 2021-ci il tarixli akta əsasən 323 732,30 manat məbləğində, 07 iyun 2021-ci il tarixli akta əsasən 319 952,30 manat məbləğində, 05 iyul 2021-ci il tarixli akta əsasən 319 952,30 manat məbləğində, 06 avqust 2021-ci il tarixli akta əsasən 364 243,40 manat məbləğində, 08 sentyabr 2021-ci il tarixli akta əsasən 347 357,30 manat məbləğində, 11 oktyabr 2021-ci il tarixli akta əsasən 319 952,30 manat məbləğində, 05 noyabr 2021-ci il tarixli akta əsasən 348 079,18 manat məbləğində, 06 dekabr 2021-ci il tarixli akta əsasən 323 732,30 manat məbləğində, 03 fevral 2022-ci il tarixli akta əsasən 319 952,30 manat məbləğində, 04 mart 2022-ci il tarixli akta əsasən 349 385,90 manat məbləğində, 04 aprel 2022-ci il tarixli akta əsasən 352 397,30 manat məbləğində, 05 may 2022-ci il tarixli akta əsasən 319 952,30 manat məbləğində, 03 iyun 2022-ci il tarixli akta əsasən 389 128,36 manat məbləğində, 05 iyul 2022-ci il tarixli akta əsasən ƏDV daxil 483 536,60 manat məbləğində, 04 avqust 2022-ci il tarixli akta əsasən ƏDV daxil 382004,11 manat məbləğində, xx.xx.2022-ci il tarixli akta əsasən ƏDV daxil 382855,93 manat dyərində, xx.xx.2022-ci il tarixli akta əsasən 376511,21 manat dəyərində və xx.xx.2022-ci il tarixli akta əsasən ƏDV daxil cəmi 333964,18 manat dəyərində müəyyən edilmiş və akt hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmişdir.

10. İddiaçı MMC tərəfindən müqavilə üzrə 03 dekabr 2019 – 20 oktyabr 2022-ci illəri əhatə edən e- qaimələr tərtib edilərək Socar-a göndərilmişdir.

11. "xxxx" ASC tərəfindən təqdim edilmiş hesabdan çıxarışa əsasən, SOCAR tərəfindən 07 oktyabr 2022-ci il tarixində 160 000 manat, 15 noyabr 2022-ci il tarixində isə 150 000 manat məbləğində pul vəsaiti İddiaçı MMC-yə köçürülmüşdür.

12. SOCAR tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 03 oktyabr 2022-ci il tarixli SOCAR**********20160350X00004 nömrəli məktubda aşağıdakılar göstərilmişdir:

- “Məlumat üçün bildirilir ki, hazırda Baş ofis tərəfindən “Ümumi təmizlik və texniki qulluq, binanın daxili və xarici qurğu və texnikalarına nəzarət və idarəetmə xidmətlərinin (xidmətlər) Şirkətin daxili normativ sənədlərinə uyğun olaraq satınalınması məqsədi ilə müvafiq tədbirlər həyata keçirilir. Satınalma əməliyyatlarının yekun nəticələrinə uyğun olaraq, bununla bağlı satınalma müqaviləsi bağlananadək sözügedən xidmətlərin SOCAR və "xxxx" MMC arasında bağlanmış 27 sentyabr 2019-cu il tarixli SOCAR**********020020182B00007 nömrəli müqavilənin 3.2 bəndini rəhbər tutaraq müvəqqəti müddətə, 27 oktyabr 2022-ci il tarixinədək davam etdirilməsi niyyətimizi bəyan edirik. Qeyd olunan seçim prosedurlarlarının tamamlanması daha çox vaxt tələb etdiyi təqdirdə, müqavilənin 3.2-ci bəndi ilə müəyyən olunmuş müddət çərçivəsində xidmətlərin göstərilməsi müddətinin artırılması barədə SOCAR tərəfindən müvafiq yazılı bildiriş təqdim edilə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq, xidmətlərin göstərilməsini 27 oktyabr 2022-ci il tarixinədək davam etdirilməsi üçün vaxtında və zəruri tədbirlərin görülməsini Sizdən xahiş edirəm.”

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

13. İddiaçı MMC (iddiaçı) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR/cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən iddiaçıya olan 1 593 072,04 manat məbləğində borcun, hüquqi yardım üçün ödənilən 1000 manatın və dövlət rüsumu kimi ödənilən 1592,39 manatın cavabdedən iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddiaçı iddia tələbini işin faktiki hallarına uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, icraçı görülmüş və təhvil verilmiş işlərin dəyərinin ödənilməsi üçün Socar-a elektron qaimə-fakturalar göndərmiş, lakin Socar borc öhdəliklərini tam həcmdə icra etməmişdir. Hazırda Socarın İddiaçı MMC-yə cəmi, 1 593 072,04 (bir milyon beş yüz doxsan üç min, yetmiş iki manat, 04 qəpik) manat məbləğdə ödənilməmiş borcu qalmışdır. Dəfələrlə müraciət edilməsinə baxmayaraq Socar həmin borcu ödəməmişdir. İddiaçı 18 oktyabr 2024-cü il tarixdə “Elektron Məhkəmə Sistemi” və Dövlət Vergi Xidməti vasitəsi ilə, elektron qaydada cavabdehə pretenziya göndərərək, hesablanmış həmin borc məbləğinin 3 (üç) gün müddətində ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh iddiaçının həmin pretenziyasına cavab verməmişdir.

15. Cavabdehin nümayəndəsi iddiaya qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş təhvil-qəbul aktlarında əks olunan xidmətlərin faktiki olaraq icra edildiyini təsdiqləyən heç bir hüquqi qüvvəyə malik sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi təhvil-qəbul aktlarında göstərilən xidmətlərin icra edildiyini göstərən sübutlar iş materiallarında yoxdur. İddiaçı tərəfindən icra edildiyi iddia olunan xidmətlər əslində yerinə yetirilməmiş və ya onların faktiki icrası ilə bağlı hüquqi baxımdan mötəbər sübut təqdim edilməmişdir. İş materiallarında həmin xidmətlərin hansı işçi heyyəti tərəfindən yerinə yetirildiyi, bu prosesə konkret olaraq hansı əməkdaşların cəlb olunduğu, onların hansı əsasla (əmək müqaviləsi, əmək müqaviləsi bildirişi və digər hüquqi sənədlərlə bu xidmətlərin görülməsində iştirak etmələri barədə hər hansı digər sübut və s.) bu layihədə iştirak etdikləri barədə hər hansı məlumat və sübut yoxdur. Eyni zamanda, iddiaçı tərəfindən görülmüş işlərin dəyərinin nə ilə əsaslandırıldığı, bu xidmətlərin yerinə yetirilməsi üçün istifadə olunmuş materialların haradan və hansı prosedura uyğun şəkildə əldə edildiyi, onların dəyərinin necə hesablandığına dair hər hansı müvafiq təsdiqedici sənədlər iş materiallarına əlavə edilməmişdir. Halbuki, bu məlumatlar və sənədlər borcun mövcudluğunun müəyyən olunması və ümumilikdə iddiaçının tələbinin hüquqi əsaslara söykəndiyini göstərmək baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, iddiaçının yalnız təhvil-qəbul aktları ilə kifayətlənərək, məhkəməyə borcun mövcudluğunu sübut etməyə çalışması hüquqi baxımdan kifayət qədər əsaslandırılmış hesab oluna bilməz. Bütün bu məqamlar iş üzrə həqiqətin tam və obyektiv araşdırılması üçün son dərəcə vacib olduğundan işin tam, hərtərəfli və ədalətli araşdırılmasını təmin etmək məqsədilə aşağıdakı sənədlərlə məhdudlaşmayaraq, borcun mövcudluğunu təsdiq edən sənədlər iddiaçı tərəfindən iş materiallarına əlavə edilməli idi və bu sənədlərin təqdim olunmaması iddiaçının sübutetmə vəzifəsini yerinə yetirmədiyini açıq şəkildə göstərir: 1. Xidmət müqaviləsinə əsasən görülən işlərdə hansı işçi heyətinin iştirak etdiyini təsdiq edən sənədlər: - həmin işçilərlə bağlanmış əmək müqavilələri və ya əmək münasibətlərinin mövcudluğunu sübut edən əmək bildirişləri. 2. Təhvil-qəbul aktlarında əks olunan işlərin icrasında istifadə olunan mal və materialların alınmasını təsdiq edən sənədlər: alqı-satqı müqavilələri; Qaimələr və hesab-fakturalar və ya digər müvafiq təsdiqedici sənədlər. İddiaçı tərəf tələb etdiyi 1 593 072,04 manat məbləğində borcun yaranma səbəblərini əsaslandırmamış və bu borcun mövcudluğunu təsdiqləyən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən borcun təhvil-təslim aktları ilə təsdiq olunmasına dair iddiaçının arqumentləri əsassızdır.

16. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi etiraz ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin rədd edilməsini xahiş etdi.

17. Birinci instansiya məhkəməsinin 16 aprel 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır.

18. Məhkəmə gəldiyi qənaəti aşağıdakı kimi əsaslandırmışdır:

- Məhkəmə tərəflərin izahatlarını dinləyib, materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. - Belə ki, iddiaçı cavabdehin ona göstərilən xidmətlərin dəyəri olan 1 593 072,04 manat ödəniş etmədiyi üçün borcu yaranmış və həmin borcun tutulmasını məhkəmə qaydasında tələb edir. İddia ərizəsinə iddiaçının tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutlar qismində ikitərəfli təhvil aktları və elektron qaimələr əlavə edilmişdir. Cavabdeh isə iddia tələbinə etiraz edərək bildirir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş təhvil-qəbul aktlarında əks olunan xidmətlərin faktiki olaraq icra edildiyini təsdiqləyən heç bir hüquqi qüvvəyə malik sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi təhvil-qəbul aktlarında göstərilən xidmətlərin icra edildiyini göstərən sübutlar iş materiallarında yoxdur. İddiaçı tərəfindən icra edildiyi iddia olunan xidmətlər əslində yerinə yetirilməmiş və ya onların faktiki icrası ilə bağlı hüquqi baxımdan mötəbər sübut təqdim edilməmişdir. İş materiallarında həmin xidmətlərin hansı işçi heyyəti tərəfindən yerinə yetirildiyi, bu prosesə konkret olaraq hansı əməkdaşların cəlb olunduğu, onların hansı əsasla (əmək müqaviləsi, əmək müqaviləsi bildirişi və digər hüquqi sənədlərlə bu xidmətlərin görülməsində iştirak etmələri barədə hər hansı digər sübut və s.) bu layihədə iştirak etdikləri barədə hər hansı məlumat və sübut yoxdur. Eyni zamanda, iddiaçı tərəfindən görülmüş işlərin dəyərinin nə ilə əsaslandırıldığı, bu xidmətlərin yerinə yetirilməsi üçün istifadə olunmuş materialların haradan və hansı prosedura uyğun şəkildə əldə edildiyi, onların dəyərinin necə hesablandığına dair hər hansı müvafiq təsdiqedici sənədlər iş materiallarına əlavə edilməmişdir. Halbuki, bu məlumatlar və sənədlər borcun mövcudluğunun müəyyən olunması və ümumilikdə iddiaçının tələbinin hüquqi əsaslara söykəndiyini göstərmək baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, iddiaçının yalnız təhvil-qəbul aktları ilə kifayətlənərək məhkəməyə borcun mövcudluğunu sübut etməyə çalışması hüquqi baxımdan kifayət qədər əsaslandırılmış hesab oluna bilməz. - Məhkəmə belə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələr və təhvil aktları 27 sentyabr 2019-cu il tarixli SOCAR**********20020182B00007 saylı podrat müqaviləsi üzrə 1 593 072,04 manat həcmində işlərin iddiaçı tərəfindən icra edildiyini təsdiq edən mötəbər sübut hesab edilə bilməz. - Belə ki, sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir. - Məhkəmə hazırlıq iclaslarında cavabdehin nümayəndəsi iddiaçı tərəfindən əlavə sübutların (həmin xidmətlərin hansı işçi heyyəti tərəfindən yerinə yetirildiyi, bu prosesə konkret olaraq hansı əməkdaşların cəlb olunduğu, onların hansı əsasla (əmək müqaviləsi, əmək müqaviləsi bildirişi və digər hüquqi sənədlərlə bu xidmətlərin görülməsində iştirak etmələri barədə hər hansı digər sübut və s.) bu layihədə iştirak etdikləri, iddiaçı tərəfindən görülmüş işlərin dəyərinin nə ilə əsaslandırıldığı, bu xidmətlərin yerinə yetirilməsi üçün istifadə olunmuş materialların haradan və hansı prosedura uyğun şəkildə əldə edildiyi, onların dəyərinin necə hesablandığına dair sənədlərin) təqdim edilməsini tələb etsə də, iddiaçı tərəf təqdim etməmiş, əlavə sübutların təqdim edilməsinə zərurətin olmadığını, misal üçün işlərin görülməsi üçün hər-hansı ləvazimatın alınmasına dair sübutu məhkəməyə təqdim etdikləri halda həmin ləvazimatların məhz bu işlər üçün istifadə edilməsini məhkəmə tərəfindən müəyyən edilə bilməyəcəyini bildirmiş, sonuncu hazırlıq iclasında isə iddiaçı tərəfindən hər-hansı başqa sübutun məhkəməyə təqdim olunmayacağını bildirərək işin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. - İşin məhkəmə tərəfindən müəyyən olunan hallarından da göründüyü kimi iddiaçı tərəfindən 1 593 072,04 manat dəyərində podrat işlərinin həqiqətən də görülməsi möhtəbərliyi şübhə altına alınmayan və təqzib olunmaz sübutla təsdiq olunmur. - Bununla bağlı məhkəmə qeyd edir ki, hüquqi şəxs olan iddiaçı tərəfindən kifayət qədər böyük həcmli və yüksək dəyərdə olan podrat işlərinin görülməsini təsdiq edən heç bir yazılı sübutun təqdim edilə bilməməsi inandırıcı və ağlabatan deyildir. - Bu baxımdan məhkəmə hesab edir ki, heç bir yazılı sübutlar olmadığı halda iş üzrə elektron qaimələr və tərəflər arasında imzalanmış ikitərəfli təhvil aktları podrat işlərinin görülməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Bundan əlavə, məhkəmə tərəfindən təhvil-qəbul aktlarına nəzər yetirdikdə inzibati binaya gündəlik texniki xidmətin göstərilməsi – 191 307,02 manat, binanın daxilinin və həyətyanı sahənin təmizliyinin gündəlik və mütəmadi təmin edilməsi – 62 754,48 manat və s. xidmətlərin bu gədər yüksək qiymətə müəyyən edilməsi (başa gəlməsi) məhkəmədə sübhə yaratmış və iddiaçıya bu qiymətlərin nəyə əsasən bu qədər yüksək olunması, dəqiq olaraq binaya hansı texniki xidmətin göstərildiyi sualı verildikdə, binanın gündəlik təmizliyi, sanitar qovşaqları gigiyenik vasitələr ilə təmin edilməsi və sair bildirmişdir. Lakin, bu cavablar aktlarda göstərilən məbləğlərin həqiqəti əks etdirdiklərini, 1 593 072,04 manat dəyərində işlərin faktiki olaraq görülməsinin doğruluğuna dair məhkəmədə daxili inam yarada bilməmişdir. - Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən 1 593 072,04 manat dəyərində podrat işlərinin yerinə yetirilməsi və bununla da, podrat müqaviləsi üzrə iddiaçının öz öhdəliyini icra etməsi sübut olunmur. - Beləliklə, işin faktiki hallarını və qanunvericiliyin müddəalarını nəzərə alan məhkəmə hesab edir ki, borcun tutulması hissəsində iddiaçı tələbini əsaslandıra və bununla bağlı (tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə 1 593 072,04 manat həcmində işlərin görülməsini təsdiq edən) hər hansı mötəbər və təkzibedilməz sübutlar təqdim edə bilmədiyindən iddia təmin edilməməlidir.

19. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1-ci, 386.1-ci, 398.1-ci, 399.1-ci, 442-ci, 445.2-ci, 752.1-ci, 753.1-ci maddələrinə istinad etmişdir.

20. Qətnamədən iddiaçı MMC apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı şikayətində göstərmişdir ki, məhkəmə işin faktiki hallarını aydınlaşdırmamış və tərəflər arasında təsdiqlənmiş təhvil-təslim aktlarını, eləcə də cavabdehin də mübahisələndirmədiyi elektron-qaimələri nəzərə almayaraq, öz mülahizəsinə uyğun xidmətlərin qiymətinə şübhə etməklə əsassız nəticəyə gəlməsini irəli sürmüşdür.

Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)

21. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz ünvanlanaraq apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Kommersiya Məhkəməsinin 16 aprel 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.

Apellyasiya baxışı, verilən izahatlar

22. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkilləri) təmsil etdikləri hüquqi şəxsin apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunması barədə; cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

24. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

25. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

26. Maddə 43.3. Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər.

27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

28. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

29. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

30. Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir.

31. Maddə 398.3. Əvəzli müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilə şərtlərinə əsasən müəyyənləşdirilə bilməzsə, müqavilənin icrası üçün pul müqayisəyə gələ bilən hallarda oxşar mallar, işlər və ya xidmətlər üçün adətən alınan qiymət üzrə ödənilməlidir.

32. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

33. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

34. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

35. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

36. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

37. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

38. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

39. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

40. Maddə 756.1. Əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur.

41. Maddə 770. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

42. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

45. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

48. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

50. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

51. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

52. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”

53. Bənd 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.

54. Bənd 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.

55. Bənd 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.

56. Bənd 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.

57. Bənd 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaiməfaktura proqram təminatı tərəfindən təsdiq edilir.

Apellyasiya baxışının həddi

58. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

60. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə yanlış nəticəyə gəlmişdir.

61. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

62. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edibetməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarı).

63. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə iddianın qanuni əsasının müəyyən edilməsi üçün tərəflər arasında bağlanmış müqavilələrin şərtləri təhlil olunmalıdır (§ 30, 31).

64. İşin faktiki hallarından, iddiaçının cavabdehlə bağladığı xidmət müqaviləsinin şərtlərindən və təhvil-təslim aktlarından görünür ki, iddiaçı icraçı qismində müqavilədə qeyd edilən binada müvafiq işlərin görülməsi barədə öhdəlik qəbul etmiş, cavabdeh isə sifarişçi kimi həmin xidmətlərə görə müvafiq ödənişləri yerinə yetirməyi öz öhdəsinə götürmüşdür.

65. Mülki qanunvericilikdə xidmət müqaviləsi ilə bağlı tənzimləmələr olmasa da, Mülki Məcəllənin qanunun analogiyası ilə bağlı müəyyən etdiyi qaydalara uyğun olaraq, müqaviləyə podratla bağlı şərtlər tətbiq edilməlidir.1

66. Beləliklə, iddiaçının iddia tələbini əsaslandırdığı faktiki halların məcmusunu nəzərə alan kollegiya hesab edir ki, müvafiq tələbin qanuni əsası kimi mülki qanunvericiliyin podrat müqaviləsi ilə bağlı müddəaları (§ 36) nəzərdən keçirilə bilər və nəzərə alınmalıdır ki, işin yerinə yetirilməsini sübutetmə yükü iddiaçının, görülmüş işlərə görə ödənişlərin edilməsinin sübutetmə yükü isə cavabdehin üzərinə düşür.

67. Kollegiya hesab edir ki, iddiaçı xidmət müqaviləsi üzrə işlərin yerinə yetirilməsini sübuta yetirmişdir. Belə ki, iş materiallarında olan təhvil-təslim aktları və elektron qaimələr iddiaçı tərəfindən işlərin yerinə yetirilməsini sübuta yetirir.

68. İlk növbədə təhvil-təslim aktları ilə bağlı qeyd etmək lazımdır ki, həmin aktları hər iki tərəf təsdiq etmişdir. Bu kontekstdə kollegiya qeyd edir ki, cavabdehin illərlə təsdiq etdiyi təhvil-təslim aktlarını sonradan mübahisələndirməsi ağlabatan olmamaqla vicdanlılıq prinsipinə ziddir.

69. Hazırkı halda cavabdeh dövlətə məxsus şirkət olsa da, mülki dövriyyənin digər iştirakçıları ilə kommersiya münasibətlərinə daxil olarkən məhz həmin dövriyyənin sahibkarlıqla bağlı qaydaları çərçivəsində hərəkət edir (§ 25).

70. Bu baxımdan, cavabdeh özünün təsdiq etdiyi təhvil-təslim aktlarının hüquqi nəticələri ilə bağlı risk daşıyır.

71. Nəzərə alınmalıdır ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Başqa sözlə, sahibkarlıq fəaliyyətinin üç xüsusiyyəti var: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması (§ 28). Eyni zamanda, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 133.1-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 20 sentyabr 2004-cü il Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə sahibkarlıq fəaliyyəti mahiyyət etibarı ilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və ya xidmətlər göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla

1 Ali Məhkəmə, İş № 2-2(102)-324/2023, § 63 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_324+19.07.2023.pdf) Ali Məhkəmə, İş № 2-2(102)-250/2024, § 39 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_250+12.06.2024.pdf) qadağan edilməyən növlər üzrə sahibkarın riski ilə həyata keçirilən, məhz müstəqil bir fəaliyyətdir.

72. Cavabdeh kommersiya fəaliyyəti ilə məşğul olan subyekt kimi, müqaviləni bağlayarkən və təhvil-təslim aktını təsdiqləyərkən iddiaçının xidmət müqaviləsini yerinə yetirmək qabiliyyətini, eləcə də görüləcək işlərin dəyərini və həcmini müəyyən etmək, eləcə də təftiş etmək hüququ var idi.

73. Bu baxımdan, iddiaçı həm müqavilə bağlayarkən, həm də təhvil-təslim aktını təsdiq edərkən görülən işlər ilə bağlı tələb irəli sürməməklə kommersiya subyekti kimi lazımı sayıqlıq göstərməmişdir. Həmçinin kollegiya ona da diqqət çəkir, tərəflər arasında uzun müddət işgüzar münasibətlər mövcud olmuş və cavabdeh görülən işlərlə bağlı hər hansı irad bildirməmiş, hətta müqavilənin uzadılmasına təşəbbüs göstərmişdir.

74. Bu müstəvidə kollegiya qeyd edir ki, tərəflər arasında işgüzar adətlər (lex mercatoria) kommersiya subyektləri arasında geniş istifadə edilən institutdur və mülki qanunvericilikdə bu cür adətlərin tərəflər arasında müqavilədən qabaqkı və müqavilədən sonrakı münasibətlərin şərh edilməsi zamanı istifadə edilməsi təsbit olunmuşdur.

75. Müqavilənin şərtləri təfsir edilərkən, eləcə də müqavilə tərəflərinin hüquq və vəzifələrini həyata keçirib-keçrmədikləri aydınlaşdırıldığı zaman, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər nəzərə alınmalıdır (§ 31, 32).

76. Konstitusiya Məhkəməsinin Plenumu da qeyd etmişdir ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir” ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli Qərar).

77. Ali Məhkəmənin bir sıra qərarlarında da sərgilənən mövqeyə görə, tərəflər arasında münasibətlər təhlil edilərkən onlar arasındakı işgüzar adətlərə xüsusi önəm verilməlidir. Bu halda tərəflər arasında yaranmış işgüzar adətlərin müqavilə üzrə və müqavilədən kənar olmasına2, işgüzar münasibətlərin kommersiya fəaliyyətinin hansı sahəsinə aid olmasına3, bu cür münasibətlərin davamlı və ardıcıl xarakter daşıyıbdaşımamasına4, eləcə də tərəflərin işgüzar münasibətlərinə hansı həddə əməl edilibedilməməsinə5 qiymət verilməsi zəruridir.

78. Göründüyü kimi, işgüzar adətlərin tərəflər arasında bağlanmış müqavilənin şərtlərinin və onların hərəkətlərinin şərh edilməsi zamanı istifadəsinin mümkünlüyü həm qanunvericilikdə, həm də məhkəmə təcrübəsində təsbit edilmişdir.

79. Şərh edilənlərdən çıxış edərək kollegiya qeyd edir ki, cavabdehin uzun zaman kəsiyində təsdiq etdiyi və mübahisələndirmədiyi təhvil-təslim aktlarını sonradan iddiaçının məhkəməyə iddia tələbi ilə müraciət etdikdən sonra irad bildirməsi vicdanlılıq prinsipinə ziddir.

80. “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023-cü il

2 Ali Məhkəmə, İş № 2-2(102)-135/2023 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_135+04.04.2023.pdf) § 51 3 Ali Məhkəmə, İş № 2-2(102)-451/2023 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_451+18.10.2023.pdf) § 69 4 Ali Məhkəmə, İş № 2-2(102)-73/2024 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_73+15.03.2024.pdf) § 66 5 Ali Məhkəmə, İş № 2-2(102)-54/2024 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_54+01.02.2024.pdf) § 17 tarixli Qərarında da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd etmişdir ki, “...burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır.”.

81. Nəhayət kollegiya onu da qeyd edir ki, iddiaçı tərəfindən görülmüş işlərlə bağlı elektron-qaimələr təqdim edilmiş və cavabdeh həmin elektron-qaimələri də mübahisələndirməmişdir.

82. Belə olan halda cavabdeh şübhəsiz olaraq qəbul etdiyi təhvil-təslim aktlarına və etiraz etmədiyi elektron-qaimələrə görə risk daşıyır və hazırda mübahisələndirməsi də vicdanlılıq prinsipinə ziddir.

83. Beləliklə, hazırkı mübahisə üzrə cavabdehə ümumilikdə 1 660 061,06 (409 776,78 + 323 732,30 + 324 454,18 + 319 077,30 + 283 020,50) manat məbləğində təhviltəslim aktları təqdim etmiş, 2022-ci ilin oktyabr noyabr ayları isə cəmi 310 000 manat məbləğində pul vəsaiti iddiaçıya köçürmüşdür (§ 11). Belə olan halda iddiaçı cavabdehdən 1 593 072,04 (1 660 061,06 – 310 000) x 18% ƏDV + 243 010,92) manat pul vəsaiti tələb etməkdə haqlıdır.

84. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi qismən təmin olunmalıdır.

85. Kollegiya, məhkəmə xərclərinin bölüşdürülməsinə dair məhkəmənin gəldiyi nəticə ilə də razılaşmır; belə ki, Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

86. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-924/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) 1.593.072,04 (bir milyon beş yüz doxsan üç min yetmiş iki manat dörd qəpik) manat məbləğində borc, ödənilmiş 1592,39 (bir min beş yüz doxsan iki manat otuz doqquz qəpik) manat dövlət rüsumu İddiaçı MMC-yə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 795 (yeddi yüz doxsan beş) manat dövlət rüsumu cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar