Məhkəmə qərarları › İş №2-2(103)-7/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-7/2023

01.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-7/2023 01.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Hüseynin sədrliyi və məruzəsi ilə, Kamran Hüseyn oğlu Əkbərov və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndələri X4 və X1, cavabdehin nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbi”nə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 27 fevral tarixli e-2-2(113)- 379/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. Sifarişçi "xxxx" ASC ilə İcraçı Cavabdeh MMC arasında bağlanmış “ABB-nin mövcud ATM şəbəkəsi üçün ehtiyat hissələrinin alınması üzrə” İBAR2017/004 saylı, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Tərəflər təsdiq edirlər ki, Sifarişçi "xxxx" ASC-nin mövcud ATM şəbəkəsi üçün ehtiyat hissələrinin satın alınması üçün İcraçının 257.773,32 manat məbləğində (ƏDV, gömrük rüsumları və digər məcburi ödənişlər daxil olmaqla) tender təklifini qəbul etmişdir.

2. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən Malların texniki tələblərinə dair məlumatlar və qiymət cədvəlləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-də göstərilmişdir.

3. İddiaçı ilkin olaraq iddia ərizəsində və cavabdehə ünvanladığı xx.xx.2017-ci il tarixli Bildiriş-də (pretenziyada) “ehtiyat hissələrinin ATM-lərə quraşdırılması zamanı avadanlıqların istifadəyə tam yararsız olmasının müəyyən edildiyi” qeyd edilmiş, müəyyən edilmiş qüsur və çatışmazlıqların tez bir zamanda aradan qaldırılması tələb edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı "xxxx" ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətindən 85.036,90 (səksən beş min otuz altı manat doxsan qəpik) manat, cərimə kimi 25.777,33 (iyirmi beş min yeddi yüz yetmiş yeddi manat otuz üç qəpik) manat pul vəsaitlərinin və 30.40 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh MMC arasında “ABB-nin mövcud ATM şəbəkəsi üçün ehtiyat hissələrinin alınması üzrə” İBAR-2017/004 saylı, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən cavabdeh dəyəri 257.773,32 (iki yüz əlli yeddi min yeddi yüz yetmiş üç manat 32 qəpik) manat təşkil edən keyfiyyətli ehtiyyat hissələri ilə ABB-ni təmin edəcəyinə dair bank qarşısında öhdəlik götürmüşdür. Yuxarıda qeyd olunan müqavilə qanunvericiliyin tələblərinə uyğun şəkildə (Dövlət Satınalmaları haqqında Qanunun 17-ci maddəsinə müvafiq) müəyyən tender prosedurları həyata keçirildikdən sonra bağlanmış, cavabdeh bağlanmış müqavilənin şərtlərinə uyğun şəkildə vicdanlı hərəkət edəcəyinə dair bank qarşısında öhdəlik götürmüşdür. Bank müqavilə şərtlərinə uyğun olaraq cavabdehə ehtiyat hissələrinin təmin edilməsi üçün ödənilməli olan 257.777,33 manat vəsaitdən 135.579,10 manatını ödədikdən sonra ödənilən məbləğə müvafiq olaraq ehtiyat hissələri banka təhvil verilmişdir. Həmin ehtiyat hisələrinin ATM-lərə quraşdırılması zamanı isə avadanlıqların istifadəyə tam yararsız olduğu müəyyən edildiyindən cavabdeh banka dəvət olunmuş, bu barədə ona geniş məlumat verilərək tez bir zamanda ehtiyat hissələrinin orijinal hissələrlə dəyişdirilməsinin vacibliyi bildirilərək, ABB-nin Respublikada ən geniş ATM şəbəkəsinə malik bank olduğu, əhalinin 60 %-dən çoxunun əmək haqları, sosial müavinətlər, pensiya, dövlət qulluqçularının maaşları, xarici turistlər (məlumat üçün bildiririk ki, ABB “VİZA və “MASTER CARD” beynəlxalq ödəniş sisteminin üzvüdür) və sair kimi çoxsaylı ödənişlərin məhz Beynəlxalq Bank vasitəsilə həyata keçirildiyi, ehtiyat hissələrinin vaxtında dəyişdirilməyəcəyi təqdirdə bankomatların boş qalacağı, bu isə öz növbəsində müəyyən sosial xaosa səbəb olacağı, buna isə cavabdeh şəxs olaraq Cavabdeh MMC-nin məsuliyyət daşıyacağı izah edilmişdir. İlk danışıqlarda bank tərəfindən ona qarşı edilən iradları qəbul edən cavabdeh, bütün deyilənlərlə tam razılaşdığını, problemi tez bir zamanda həll edəcəyi barədə öhdəlik götürsə də, sonradan ona göndərilən pretenziya məktublarını müxtəlif üsullarla qəbul etməkdən imtina edərək (gah cavabdeh həmin ünvanda yerləşmədiyi barədə poçt xidmətinə yalan məlumat verir, gah da pretenziya məktublarını qəbul etməkdən dolayısı ilə imtina edir) bank qarşısında müqavilə üzrə üzərinə düşən öhdəliklərdən yayınmağa çalışmışdır. Cavabdehlə bank arasında bağlanmış müqavilənin 2.3-cü bəndinə əsasən göndərilmiş mallar icraçının tender təklifinə və ya müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, icraçı aşkar olunan qüsurların 20 iş günü müddətində aradan qaldırılmasına təminat verir. Həmin müqavilənin 7-ci bəndinə uyğun olaraq göndərilən mallar tenderin əsas şərtlər toplusunda nəzərdə tutulmuş standartlara, bu cür standartlar göstərilmədiyi (olmadığı) hallarda isə malların mənşə ölkəsində qüvvədə olan standartlara uyğun olmalıdır. İcraçı malların tələb olunan standartlara uyğunluğunu müvafiq sənədlərlə təsdiq etməlidir. Müqavilənin 14-cü bəndində Sifarişçi tərəfindən müqavilənin icrasına texniki nəzarət və sınaq keçirmək hüquqları qeyd edilmişdir ki, burada sifarişçi (onun nümayəndəliyi) heç bir əlavə xərc çəkmədən, müqavilənin texniki və digər şərtlərinin icrasına nəzarət etmək və sınaq keçirmək hüququna malikdir. Müqavilənin 14.4-cü bəndinə əsasən Sifarişçi texniki nəzarətdən və ya sınaqdan keçməyən mallardan imtina edə bilər. Bu halda, İcraçı texniki nəzarətdən və ya sınaqdan keçməyən malları dəyişdirir və ya Sifarişçinin tələblərini təmin edən digər malları təqdim edir. Həmin müqavilənin 17-ci bəndinə əsasən İcraçı bu müqaviləni (və ya onun hər hansı hissəsini) müəyyən olunmuş qaydada və müddət ərzində yerinə yetirmədikdə (gecikdirdikdə), sifarişçi, digər hüquqlara ziyan vurmadan, cərimə sanksiyaları tətbiq edir. Cərimələrin məbləğinin yuxarı həddi bu müqavilənin qiymətinin 10 faizindən çox olmamalı, (müqavilənin ümumi məbləğinin 10 (on) faizi miqdarında, yəni 25.777,33 (iyirmi beş min yeddi yüz yetmiş yeddi manat otuz üç qəpik) manat məbləğində cərimə ödənişi müəyyən olunur).

6. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-379/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

8. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

b) Apellyasiya instansiya məhkəməsindəki birinci icraat

9. Bakı Apellyasiya Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2-2(103)-332/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki icraat

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2- 2(102)-121/2021 saylı, 13 aprel 2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 13 oktyabr tarixli 2-2(103)-332/2020 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə göndərilmişdir.

12. Ali Məhkəmə işi apellyasiya baxışına qaytararkən qeyd etmişdir ki, işin hallarına görə tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış və alınmış avadanlıqların qüsurlu olduğu əsası ilə iddiaçı tələbini irəli sürmüşdür. Alqı-satqının predmeti kimi komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda, alıcı əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını o halda tələb edə bilər ki, əgər o sübuta yetirərsə ki, əşyanın qüsurları ona verilməzdən əvvəl və ya həmin anadək yaranan səbəblərdən əmələ gəlmişdir. Apellyasiya məhkəməsi tərəfindən bu maddi hüquq normalarının tətbiqi mülki prosessual qanunvericiliyin tələblərinə əsasən aparılmış ekspert rəyi əsasında mümkün olmuşdur, çünki ekspert rəyi ilə alqı-satqının predmetini təşkil edən avadanlıqlarda qüsurlar aşkar edilməmiş, iddiaçı isə digər sübutlarını təqdim etməmişdir. İddiaçı tərəfindən apellyasiya məhkəməsinin tətbiq etdiyi maddi hüquq normaları mübahisələndirilməyərək ekspert rəyi və onun tərəfindən apellyasiya icraatı zamanı dəvət olunmuş mütəxəssisin rəyinin nəzərə alınmaması mübahisələndirilmişdir. Qeyd edilmiş mütəxəssis rəyi ilə və kassasiya şikayətində bildirdiyi dəlillərlə iddiaçı alınmış avadanlıqlarda quraşdırılmış proqram təminatının istifadə olunub-olunmamasını mübahisələndirmiş, çünki hesab etmişdir ki, cavabdeh tərəfindən həmin avadanlıqlara kustar üsulla müdaxilə edilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin predmetini “ATM şəbəkəsi üçün ehtiyat hissələrinin satın-alınması” təşkil etdiyi üçün, onların keyfiyyətinin məcburi tələblərə uyğun olduğu halda təqdim etmək öhdəliyini cavabdeh daşımışdır. İşin hallarından göründüyü kimi, iddiaçı tərəf alınmış avadınlıqlarda istehsalçıya məxsus olmayan plombların vurulmasına əsaslanmışdır ki, onun ehtimallarına və dəvət edilmiş mütəxəssis rəyinə görə bunun səbəbi müvafiq lisenziyalı proqram təminatının yüklənməməsindən, bunun əksinə olaraq qeyri-lisenziyalı, yəni müəllif hüquqları qorunmayan proqramın yüklənməsindən irəli gəlmişdir. Cavabdehin bildirdiklərindən isə məlum olur ki, onun sifarişi ilə həmin avadanlıqlara Azərbaycan üçün proqram təminatı yazılmış, bu səbəbə görə həmin plomb açılmış və sonradan yenidən plomblanaraq buraya göndərilmişdir. Lakin proqram təminatının məcburi tələblərə uyğun olub-olmadığı barədə cavabdeh bildirməmişdir. Tərəflər arasında yaranmış mübahisəli halın müəyyən edilməsi üçün isə apellyasiya məhkəməsi ekspert rəyinə əsaslansa da, lakin məhkəmə kollegiyası hesab edir ki, bu hissədə iddiaçının dəlilləri əsaslıdır və apellyasiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin aşağıdakı tələbləri pozulmuşdur. Prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, ekspertizanın aparılması xüsusi biliklə bağlı olmalı, tərəflərin çəkişmə prinsipini riayət edilməklə aparılmalı, habelə verilmiş ekspert rəyi müəyyən hallarda təkrar və ya əlavə ekspertizanın aparılmasını zəruri edə bilər. İlkin ekspert rəyinin mübahisələndirilməsi müəyyən edilmiş şərtlərin mövcudluğu halında mümkündür. Bu şərtlər kimi rəyin aydın olmaması, sualların həll edilməməsi, rəyin əsaslı olmaması və s. göstərilmişdirlər. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı tərəfindən əsaslı olaraq əlavə ekspertizanın aparılması barədə vəsatət qaldırılmış, çünki mübahisəli məsələ ekspertizanın aparılması yolu ilə həll oluna bilərdi. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən yuxarıda göstərilmiş maddi-hüquq normalarının tətbiqini zəruri edən şərtlər kimi müəyyən edilməli olan işin hallarında boşluq mövcuddur ki, onun yaranması mülki prosessual qanunvericiliyin tələblərinin pozulmasından irəli gəlmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

13. İş üzrə məhkəmə ekspertizası təyin edildikdən, xx.xx.2020-ci il tarixdən İnzibati- İqtisadi Məhkəmələrin nəzdində yeni kommersiya və inzibati məhkəmələrin təşkili, aparılan proseslər zamanı icraatda olan işlərin təhvil verilməsi və yenidən yeni məhkəmələrin icraatına qəbul edilməsindən sonra "xxxx" ASC-nin qeyd edilən işin icraatı, prosesin təyin edilməsi ilə bağlı məhkəmə bildirişlərindən məlumatı olmamış, bununla da Bankın qanunla qorunan müdafiə hüquq məhkəmə tərəfindən kobud şəkildə pozulmuşdur. Qətnamədən yalnız rəsmi poçt vasitəsilə aldıqdan sonra məlumatları olmuşdur. İkinci pozuntu təyin edilmiş ekspertizanın nəticəsi ilə bağlıdır. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılan ekspertizanın rəyində qeyd edilən 30 ədəd EPP v.5 avadanlıqlarının üzərində cızıq, yeyilmə, həmçinin avadanlıqların proqram təminatları üzrə istifadə olunubolunmaması barədə suallara ekspert tərəfindən birmənalı və qərəzli cavab verilməmiş, məhkəmə tərəfindən qarşıya qoyulmuş konkret sualların cavablandırılmasından yayınılmışdır. Belə olan halda bankın eksperti prosesə dəvət edib vermiş olduğu rəyin əsaslandırılmasını tələb etmək hüququ təmin edilməmişdir. İddia ərizəsində qeyd edildiyi kimi, Cavabdeh MMC tərəfindən göndərilmiş mallar tender təklifinə və müqavilədə göstərilmiş şərtlərə uyğun olmamışdır. Bu səbəbə görə də sifarişçi "xxxx" ASC-yə istifadəyə yararsız avadanlıqlar verdiyinə görə Cavabdeh MMC barəsində müvafiq araşdırmalar aparılmasından ötrü bank tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinə edilmiş şikayət əsasında cavabdeh tərəfindən 39162,75 manat dəyərində yeni avadanlıq banka təhvil verilmişdir. İşin mühüm əhəmiyyət kəsb edən bu halı iddianın cavabdeh tərəfindən artıq qismən icra olunduğunu tam sübuta yetirdiyinə görə iddianın əsassızlığına dair rədd edilməsi qəbul edilən deyildir. Cavabdehin banka təzə, işlənməmiş, yeni avadanlıq adı ilə təqdim etdiyi EPP avadanlıqları vizual görünüşdən belə köhnə olduğu və bununla bağlı bankın mütəxəssislərinin müvafiq arayışı da məhkəmə tərəfindən nəzərə alınmamış, məhkəmə yalnız ekspertin qeyri-müəyyən şəkildə tərtib etdiyi rəyi mötəbər hesab etmişdir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, Məhkəmə ekspertiza mərkəzinin 28 dekabr 2022-ci il tarixli rəyinin 1 və 2-ci suallara cavabına nəzər yetirsək “tədqiqata təqdim olunmuş EPP cihazının arxa hissəsindəki yapışqan kağızın hazırlanmasında materialın kimyəvi tərkibinə görə polietilendən istifadə olunmuşdur və 2ci suala cavab kimi EPP cihazlarının arxa hissəsindəki yapışqan kağızlar kimyəvi tərkiblərinə görə öz aralarında fərqlənirlər” qeyd edilmişdir. Həmçinin, həmin ekspert rəyində 3-cü suala cavab kimi bildirilmişdir ki, “məhkəmə kompüter-texniki ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid olmadığından həmin sual üzrə tədqiqat aparılmadı”. X2 GmbH tərəfindən verilmiş rəyin sonuncu abzasında qeyd olunur ki, yoxlanılmış EPP cihazları yeni və orijinal deyil, bu klaviaturaların mənşəyi Diebold Nixdorf üçün Verifone tərəfindən istifadə edilən və ya istehsal olunan EPP klaviaturaları üçün səlahiyyətli təchizatçı və ya rəsmi xidmət mərkəzi ilə əlaqəli deyil. Bu cür saxta və təmir olunmuş EPPlərdən istifadə təhlükəsizliklə bağlı problemlərə gətirib çıxara bilər. Bundan əlavə bu EPPlər qəti olaraq PCİ-yə uyğun deyil və belə klaviaturaların istifadəsi bankomat şəbəkəsini yüksək risk altında qoya bilər. Odur ki, cavabdeh tərəfindən təqdim olunmuş işlənmiş EPP cihazları üçüncü şəxslərin təhlükəsiziyi baxımından riskli idi və tərəflərindən istifadə oluna bilməzdi. EPP-lərin işlənmiş olmasına dair məlumatları olan kimi bu barədə məlumatı cavabdehin elektron kabinetinə yerləşdirmişlər. Həmin avadanlıqlar anbara təhvil veriləndə bilinmirdi, sonra mütəxəssislər tərəfindən müayinə olundu və dərhal akt tərtib edib cavabdehin elektron kabinetinə yerləşdirdilər. Təhlükəli avadanlıqlar hesab olunmalarına dair xarici şirkətin rəyi var idi, onlar cavabdehlik daşımamalarını qeyd edirdilər. Bu səbəbdən vətəndaşların təhlükəsizliyi mövqeyindən istifadə edə bilməzdilər. Avadanlıqları qaytarmağa hazırdılar, 1 ədəd də yeni avadanlıq verilməmişdir. Yeni avadanlıqlar olmadığına görə şirkətlər cavabdehlik daşımamalarını qeyd etmişlər. Çin Respublikasında qablaşdırılmadır. X2 GmbH tərəfindən verilmiş rəydə də qeyd olunur ki, Almaniya Respublikasına məxsus avadanlıqlardan istifadə olunması tövsiyə olunur.

16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

17. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq izahatında bildirdi ki, sifariş verilərkən həm yeni avadanlıqlar, həm də işlənmiş avadanlıqlar verilməsi qeyd olunub, hansı birini Cavabdeh MMC-yə vermələri məlum deyil. Keçən məhkəmə iclasında yanlışlıqla qeyd etmişdir ki, onlar 4 avadanlığın əvəzinin verilməsinə razıdırlar, lakin mexaniki səhvdən qaynaqlanmışdır. Belə ki, birinci dəfə ekspertiza keçiriləndə bir avadanlığın yararsız olmasına dair qeyd var, ikinci ekspertiza rəyində 4 qeyd olunmuşdur. 2017-ci ildə avadanlıqlar gələn zaman iddiaçıya məxsus anbara yerləşdirilmişdir. Təhvil verilən zaman hamısı işlək vəziyyətdə olmuşdur, çünki iddiaçı tərəfindən yoxlanılıb qəbul edilmişdir. İddiaçı tərəfindən dəyişdirilmə ehtimalları var, 1 il ərzində onların anbarında qalmışdır, çünki o avadanlıqlara əlçatanlıqları yoxdur. Həmçinin, birinci rəyi tərtib edən mütəxəssis sırf bu sahə üzrə mütəxəssis idi, sonradan başqa müəssisədə fəaliyyət göstərməyə başladı. İddiaçı bu avadanlıqları ala bilmədiyinə görə 2015-ci ildə tenderə çıxardılar. Wincor Nixdorf şirkəti sifariş etməyib, çünki onlar EPP6-larla işləməyə başlayıblar. Zavod başqa sifarişlər üçün də işləyir, bu qablaşdırılmada da fərqli ola bilər, çünki istehsalçı tərəfindən o sifariş Wincor Nixdorf şirkətinin sifarişi əsasında hazırlanmamışdır. Və ya anbarda qalmış mallardır, başqa şirkət sifarişi əsasında hazırlanıb.

TƏTBİQ EDİLƏN HÜQUQ

18. Mülki Məcəllənin 581.1-ci maddəsinə əsasən, satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur.

19. Həmin Məcəllənin 581.2-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur.

20. Həmin Məcəllənin 581.4-cü maddəsinə əsasən, satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər.

21. Həmin Məcəllənin 587.2-ci maddəsinə əsasən, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin.

22. Həmin Məcəllənin 587.4-ci maddəsinə əsasən, komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər.

23. Həmin Məcəllənin 588.1-ci maddəsinə əsasən, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir.

24. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

27. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir

28. Mülki Prosessual Məcəllənin 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

29. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

30. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.

31. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır.

34. İş materiallarından görünür ki, Sifarişçi "xxxx" ASC ilə İcraçı Cavabdeh MMC arasında bağlanmış “ABB-nin mövcud ATM şəbəkəsi üçün ehtiyat hissələrinin alınması üzrə” İBAR2017/004 saylı, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Tərəflər təsdiq edirlər ki, Sifarişçi "xxxx" ASC-nin mövcud ATM şəbəkəsi üçün ehtiyat hissələrinin satın alınması üçün İcraçının 257.773,32 manat məbləğində (ƏDV, gömrük rüsumları və digər məcburi ödənişlər daxil olmaqla) tender təklifini qəbul etmişdir.

35. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən Malların texniki tələblərinə dair məlumatlar və qiymət cədvəlləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-də göstərilmişdir.

36. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulan avans ödənişi İcraçının bank hesabına mədaxil olunduqdan sonra, İcraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Sifarişçiyə satın alınan malların 15 iş günü ərzində, lakin 30 iş günündən gec olmayaraq təhvil verilməsini öhdəsinə götürür. Göndərilmiş mallar İcraçının tender təklifinə və ya bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, İcraçı aşkar olunan qüsurların 20 iş günü müddətində aradan qaldırılmasına təminat verir.

37. 24 iyul 2017-ci il tarixli, İBAR-2014/004 saylı müqaviləyə 1 saylı əlavəsində 28 adda avadanlığın Sifarişçiyə təhvil verilməsi nəzərdə tutulmuşdur ki, həmin siyahıda 2, 3 və 4-cü sıralarda hər biri 30 ədəd olmaqla müvafiq olaraq EPP v. 5 (yeni), EPP v. 5 (işlənmiş) və EPP v. 6 (işlənmiş) avadanlıqlar qeyd edilmişdir.

38. İddiaçı ilkin olaraq iddia ərizəsində və cavabdehə ünvanladığı xx.xx.2017-ci il tarixli Bildirişdə (pretenziyada) “ehtiyat hissələrinin ATM-lərə quraşdırılması zamanı avadanlaqların istifadəyə tam yararsız olmasının müəyyən edildiyini” qeyd etmiş, müəyyən edilmiş qüsur və çatışmazlıqların tez bir zamanda aradan qaldırılması tələb edilmişdir.

39. Sonradan iddiaçı mövqeyini dəyişərək, banka təzə, işlənməmiş, yeni avadanlıq adı ilə köhnə avadanlaqların təqdim edildiyini bildirmişdir.

40. 20.04.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iddiaçının nümayəndəsi təhlükəsizlik baxımından işlənmiş EPP-lərin istifadə edilə bilməyəcəklərini qeyd etmişdir. Yuxarıda da göstərildiyi kimi tərəflər arasında bağlanmış müqaviləyə 1 saylı əlavədə işlənmiş avadanlıqların da verilməsi nəzərdə tutulmuşdur. Həmin müqaviləyə əlavədə istifadə edilməmiş (yeni) avadanlıqla işlənmiş avadanlığın qiyməti arasında kifayət qədər fərq olduğu da açıq görünür.

41. İddiaçı ona yeni olmayan avadanlıqların təqdim edildiyini bildirsə də iş materiallarına əlavə edilmiş Cavabdeh MMC-nin İBAR-2017/004 saylı müqaviləsi əsasında alınan ATM-lər üçün ehtiyat hissələrinə ABB-nin Nağd vəsaitlərlə iş departamentinin ATMlərə texniki dəstək şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilməsi barədə tərtib edilmiş xx.xx.2017-ci il tarixli aktda əsasən 30 ədəd 29439329, 29439186, 29439335, 29439185, 29439179, 29439184, 29439196, 29439188, 29439336, 29439175, 29439177, 29439277, 29439337, 29439176, 29439271, 29439313, 29439172, 29439180, 29439183, 29439187, 29439332, 29439327, 29439173, 29439310, 29439314, 29439278, 29439178, 29439171, 29439274, 29439328 nömrəli EPP v.5 avadanlıqlardan 20 ədədinin qarşısında “Ok” işarəsi qoyularaq istifadəyə yararlı olması bildirilmiş, qalan 10 ədəd EPP v.5 avadanlığının qarşısında isə müxtəlif qüsurların olması (əsasən düymələrin bəzilərinin pis işləməsi) qeyd edilmişdir.

42. Həmin aktın qeyd hissəsində göstərilmişdir ki, “Yeni hesab olunan EPP v.5 əlavə stiker vurulub, qablaşdırma işlənmişlərlə eyni formadadır. Yeni hesab olunan bəzi qurğuların yeni olmadığını sübut edən şəkillər Cavabdeh MMC-nin elektron ünvanına göndəriləcək. Bəzi hissələrin sınaq testi keçirilib və nəticələr qeyd olunub. Yerdə qalan hissələrə vizual baxış keçirilib.

43. Lakin iş materiallarında aktın qeyd hissəsində göstərilmiş şəkillərin cavabdehə göndərilməsi barədə hər hansı sübut mövcud deyildir.

44. İş üzrə bir neçə dəfə ekspertiza keçirilmişdir.

45. Məhkəmə Ekspertiza Mərkəzinin 13 noyabr 2019-cu il tarixli, 17853 saylı ekspert rəyinin nəticəsi hissəsindən görünür ki, Cavabdeh MMC tərəfindən Banka təhvil verilmiş xx.xx.2017-ci il tarixdə istifadə olunmuş 30 ədəd 29439329, 29439186, 29439335, 29439185, 29439179, 29439184, 29439196, 29439188, 29439336, 29439175, 29439177, 29439277, 29439337, 29439176, 29439271, 29439313, 29439172, 29439180, 29439183, 29439187, 29439332, 29439327, 29439173, 29439310, 29439314, 29439278, 29439178, 29439171, 29439274, 29439328 nömrəli 30 ədəd EPP v.5 avadanlıqların qablaşdırılmasında və üzərində təhvil verilənə qədər intensiv, daimi istifadə olunması əlamətləri – gövdənin tamlığını pozan batıqlar, cızıqlar, düymələr örtüyündə yeyilmə və digər əlamətlər müəyyən edilməmişdir. Həmin avadanlıqların yeni avadanlıqlarla fərqləndirici əlamətləri müəyyən etmək mümkün olmamış. Həmçinin avadanlıqların yaddaşında və cihazların proqram təminatında daha əvvəllər istifadə edilməsi nəticəsində yarana biləcək izlər və əlamətlər saxlanılmır. Avadanlıqlar təhvil verildikdən sonra 15 ədədi ATM-ə tanıtılaraq istifadə edilmişdir, digər 14 ədədi isə yenidir, yəni ki, istifadə edilməmişdir. 1 ədəd işlək vəziyyətdə deyildir, 29 ədəd işlək vəziyyətdədir.

46. Məhkəmə Ekspertiza Mərkəzinin 29 dekabr 2021-ci il tarixli, 5/1118 saylı ekspert rəyinin nəticəsi hissəsindən görünür ki, təqdim olunan 30 ədəd xx.xx.2017-ci ildə istehsal olunan EPP V.5 avadanlığın (29439329, 29439186, 29439335, 29439185, 29439179, 29439184, 29439196, 29439188, 29439336, 29439175, 29439177, 29439277, 29439337, 29439176, 29439271, 29439313, 29439172, 29439180, 29439183, 29439187, 29439332, 29439327, 29439173, 29439310, 29439314, 29439278, 29439178, 29439171, 29439274, ********) qablaşdırılma formasının nümunə qismində xx.xx.2017-ci ildə istehsal olunan “26991981” seriya nömrəli EPP V.5 avadanlığın qablaşdırılmasından fərqli əlamətləri (Rəyin “Tədqiqi hissəsi”nin 1-ci bəndində göstərilən) aşkar olunsa da, istehsal tarixləri arasında 3 ay fərqin olması müəyyən olundu. Bu səbəbdən rəyin “Tədiqiqi hissəsi”nin 1-ci bəndində qeyd olunan əlamətləri qəti şəkildə fərqli əlamət kimi göstərilməsi mümkün deyildir. Baxış zamanı Cavabdeh MMC tərəfindən Banka təhvil verilmiş xx.xx.2017-ci ildə istehsal olunmuş hər biri karton qutu daxilində qablaşdırılmış 30 ədəd EPP V.5 avadanlığında (29439329, 29439186, 29439335, 29439185, 29439179, 29439184, 29439196, 29439188, 29439336, 29439175, 29439177, 29439277, 29439337, 29439176, 29439271, 29439313, 29439172, 29439180, 29439183, 29439187, 29439332, 29439327, 29439173, 29439310, 29439314, 29439278, 29439178, 29439171, 29439274, ********) istismar olunmalarına dair (cızıq, düymələr üzərində pozulma və ya zədə izi, ATM qoşulmaq üçün nəzərdə tutulan portda əyilmə, batıq və s.) hər hansı bir əlamət müəyyən olunmadı. Təqdim edilmiş xx.xx.2017-ci il tarixdə istehsal olunmuş 30 (otuz) ədd EPP V.5 avadanlığın yaddaşında və proqram təminatında əvvəllər istifadə edilməsi nəticəsində yarana bilən izlər və əlamətlər saxlanmır. Təqdim edilmiş 30 (otuz) ədəd EPP V.5 avadanlığı üzərində xx.xx.2019-xx.xx.2019-cu ildə ATM-ə qoşularaq ekspertiza tədqiqatının aparılması və rəyin “Tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə həmin obyektlərin hal-hazırda yeni olub-olmamasını müəyyən edilməsi üzrə tədqiqat aparılmadı. Təqdim edilmiş 30 (otuz) ədəd EPP V.5 avadanlığının 4 (Dörd) ədədi işlək vəziyyətdə deyildir, 26 (iyirmi altı) ədəd işlək vəziyyətdədir.

47. Məhkəmə Ekspertiza Mərkəzinin 28 dekabr 2022-ci il tarixli, 5/1259-5/1261 saylı ekspert rəyinin nəticəsi hissəsində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş xx.xx.2017 tarix göstəricisi qeyd olunan 01 ədəd **********7 nömrəli EPP V.5 cihazının arxa hissəsindəki yapışqan kağızın hazırlanmasında materialının kimyəvi tərkibinə görə polietilendən istifadə olunmuşdur. Tədqiqata təqdim edilmiş xx.xx.2017 tarix göstəricisi qeyd olunan 30 ədəd 29439329, 29439186, 29439335, 29439185, 29439179, 29439184, 29439196, 29439188, 29439336, 29439175, 29439177, 29439277, 29439337, 29439176, 29439271, 29439313, 29439172, 29439180, 29439183, 29439187, 29439332, 29439327, 29439173, 29439310, 29439314, 29439278, 29439178, 29439171, 29439274, 29439328 nömrəli EPP cihazlarının arxa hissəsindəki yapışqan kağızın hazırlanmasında materialının kimyəvi tərkibinə görə polietilendən və polivinilxloridən istifadə olunmuşdur. Tədqiqata təqdim edilmiş xx.xx.2017 tarix göstəricisi qeyd olunan 01 ədəd **********7 nömrəli EPP V.5 cihazının və xx.xx.2017 tarix göstəricisi qeyd olunan 30 ədəd 29439329, 29439186, 29439335, 29439185, 29439179, 29439184, 29439196, 29439188, 29439336, 29439175, 29439177, 29439277, 29439337, 29439176, 29439271, 29439313, 29439172, 29439180, 29439183, 29439187, 29439332, 29439327, 29439173, 29439310, 29439314, 29439278, 29439178, 29439171, 29439274, 29439328 nömrəli EPP cihazlarının arxa hissələrindəki yapışqan kağızlar tərkiblərinə görə öz aralarında fərqlənirlər.

48. Ekspertizanın təyin edilməsi haqqında qərardadda ekspert qarşısında qoyulmuş Cavabdeh MMC tərəfindən Banka təhvil verilmiş 30 ədəd 29439329, 29439186, 29439335, 29439185, 29439179, 29439184, 29439196, 29439188, 29439336, 29439175, 29439177, 29439277, 29439337, 29439176, 29439271, 29439313, 29439172, 29439180, 29439183, 29439187, 29439332, 29439327, 29439173, 29439310, 29439314, 29439278, 29439178, 29439171, 29439274, 29439328 nömrəli EPP-lərə proqram təminatının yüklənməsi (hər hansı bir hissə, yer) açılmadan mümkündürmü?” sual məhkəmə kompüter ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid olmadığından həmin sual üzrə tədqiqat aparılmadı.

49. Yuxarıda qeyd edildiyi kimi iddiaçı, cavabdehin müqavilə şərtlərini pozaraq istifadə olunmayan tam yeni avadanlıq adı ilə istifadə olunmuş avadanlıqları təqdim etdiyini bildirsə də bu halı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Təqdim edilmiş 30 əvəv EPP v 5 avadanlığından 20 ədədinin iddiaçı tərəfindən qəbul edilməsi iş materialları ilə öz təsdiqini tapır.

50. Bundan başqa iddiaçı apellyasiya şikayətində Cavabdeh MMC barəsində müvafiq araşdırmalar aparılmasından ötrü bank tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinə edilmiş şikayət əsasında cavabdeh tərəfindən 39162,75 manat dəyərində yeni avadanlığın banka təhvil verildiyini qeyd etmişdir.

51. Təqdim edilən avadanlıqların müqavilə şərtlərin uyğun olub-olmamasının müəyyən edilməsi üçün iş üzrə verilmiş ekspert rəylərinə istinad edilməsi qaçınılmazdır.

52. 20.04.2023-cü il tarixdə keçilən məhkəmə iclasında cavabdehin nümayəndəsi birinci dəfə ekspertiza keçirilərkən 4 cihazın işlək olmaması faktını qəbul etdiklərini, dəyərini ödəməyi və ya yenisi ilə əvəzləşdirməyi öhdələrinə götürdüklərini bildirmişdir.

53. Növbəti məhkəmə iclasında cavabdehin nümayəndəsi həmin etirafın mexaniki səhvdən qaynaqlandığını, yalnız 1 ədəd avadanlığın işlək vəziyyətdə olmamasını qəbul etdiklərini bildirsə də MPM-in 106.3-cü maddəsinə əsasən bu məhkəmə kollegiyası tərəfindən qəbul edilmir.

54. Nə qədər ki, iddiaçı 30 ədəd EPP V.5 avadanlığının işlək olmaması barədə mötəbər sübutları məhkəməyə təqdim etməmişdir, cavabdeh isə Məhkəmə ekspertiza mərkəzinin 29 dekabr 2021-ci il tarixli, 5/1118 saylı ekspert rəyini əsas götürərək 4 ədəd EPP V.5 avadanlığının işlək olmaması qəbul edir, məhkəmə kollegiyası qeyd edilən ekspert rəyini əsas götürməklə 4 ədəd EPP V.5 avadanlığının dəyərinin tutulmasını əsaslı hesab edir.

55. İddiaçı tərəfindən təqdim edilən xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi isə birtərəfli qaydada tərtib edildiyindən məhkəmə kollegiyası tərəfindən sübut kimi qəbul edilmir.

56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

57. Həmin məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

58. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

59. Məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə kollegiyası Məhkəmə Ekspertiza Mərkəzinin 29 dekabr 2021-ci il tarixli, 5/1118 saylı ekspert rəyini mötəbər sübut kimi qəbul edir.

60. 24 iyul 2017-ci il tarixli, İBAR-2014/004 saylı müqaviləyə 1 saylı əlavəsində 1 ədəd EPP v.5 (yeni) avadanlığının qiyməti 2556,70 AZN müəyyən edilmişdir. Avadanlığın məbləği ilə bağlı tərəflər arasında mübahisə mövcud deyildir.

61. Odur ki, kollegiya hesab edir ki, iddiaçı işlək vəziyyətdə olmayan 4 ədəd avadanlığın dəyərinin ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də, həmin hissədə iddia təmin edilməli, digər avadanlıqların dəyərinin ödənilməsi hissəsində təmin edilməməlidir.

62. 4 ədəd EPP v.5 avadanlığa görə cəmi (4x2556.70=10.226,8) 10.226,8 AZN cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

63. Bununla yanaşı kollegiya hesab edir ki, 25.777,33 (iyirmi beş min yeddi yüz yetmiş yeddi manat otuz üç qəpik) manat cərimənin tutulması hissəsində iddia təmin edilə bilməz.

64. Belə ki, həmin tələblərin qanuni əsasını Mülki Məcəllənin 462.1-ci maddəsi təşkil edir.

65. Həmin maddənin tələblərindən də göründüyü kimi dəbbə pulu məhz müqavilə ilə müəyyənləşdirilən öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

66. xx.xx.2017-ci il tarixli İBAR2017/004 saylı müqavilənin 17.1-ci maddəsinə əsasən icraçı bu müqaviləni (və ya onun hər hansı hissəsini) müəyyən olunmuş qaydada və müddət ərzində yerinə yetirmədikdə (gecikdirdikdə), Sifarişçi digər hüquqlara ziyan vurmadan, cərimə sanksiyaları (qarşısıalınmaz qüvvənin təsiri istisna olmaqla) tətbiq edir. Cərimələrin məbləğinin yuxarı həddi bu müqavilənin qiymətinin 10 faizindən çox olmamalıdır. Cərimələrin məbləği müəyyənləşdirilmiş maksimum həddə çatdıqdan sonra Sifarişçi müqaviləni ləğv edə bilər.

67. Hazırkı işdə isə cavabdeh tərəfindən öhdəliyin vaxtında icra edilmədiyi müəyyən edilmir. Belə ki, cavabdeh tərəfindən avadanlıqların təhvil verilməsi işin mübahisələndirilməyən halıdır. Ona görə də, həmin hissədə iddia tələbi rədd edilməlidir.

68. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş 45 manatın 15 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 30 manatı isə iddiaçıya aid edilməlidir.

69. Həmçinin aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 294.82 manatın 94.82 manatı cavabdehdən, 200 manatı iddiaçıdan tutularaq Məhkəmə ekspertizası mərkəzinə ödənilməlidir.

70. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 27 fevral tarixli e-2-2(113)-379/2020 saylı qətnaməsi ləğv olunmalı, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC-dən 10.226,8 manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

71. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 27 fevral tarixli e-2-2(113)-379/2020 saylı qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 10.226,8 manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Ödənilmiş 45 manat dövlət rüsumunun 15 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilsin, 30 manatı isə iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 294.82 manatın 94.82 manatı cavabdehdən, 200 manatı iddiaçıdan tutularaq Məhkəmə ekspertizası mərkəzinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Kamran Əkbərov Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar