Məhkəmə qərarları › İş №2-2(103)-700/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-700/2022

11.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-700/2022 11.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X7 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi (direktoru) X1, iddiaçının nümayəndə və vəkilləri Vəkil, Nümayəndə1 və cavabdehin nümayəndələri X3 və X4 iştirakı ilə, İddiaçı MMC Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-790/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı MMC Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin müvafiq tapşırıqlarına əsasən iddiaçı tərəfindən 2016-2017-ci illərdə ümumi dəyəri 1490446,50 manat (ƏDV daxil) məbləğində olan KÜR-2 magistral su kəmərinin Sanqaçal nasos stansiyasından Biləcəri nasos stansiyasınadək olan hissəsindən uzunluğu 11500 metr, diametri isə 1420 mm olan boruların torpaq altından çıxarılaraq pasdan təmizlənməklə faskalanması və Cavabdeh ASC-nin anbarına daşınması işləri, 2017-ci ildə Zərdab rayonu ərazisində, dəyəri 3097894,51 manat (ƏDV daxil) məbləğində, ümumi uzunluğu 4006,71 metr, diametri 1420 mm olan magistral su xəttinin tikinti işləri, 2017-ci ildə, Bakı şəhəri, Qala qəsəbəsi ərazisində, ümumi dəyəri 785314,21 manat (ƏDV daxil) uzunluğu 330000 metr, diametri isə 530 mm olan magistral su xəttinin tikintisi işləri, 2017-2019-cu illərdə isə Şamaxı və Hacıqabul rayonları (Padar çöl) ərazisində dəyəri 8792600,31 manat (ƏDV daxil) uzunluğu 9313,00 metr, diametri isə 1420 mm olan magistral su xəttinin tikintisi işlərinin dəyəri olan 14166255,53 manat (ƏDV daxil), həmin məbləğə görə 6000000,00 manat faiz və ödənilmiş 10879 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh ASC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı bildirir ki, İddiaçıASC ilə Cavabdeh ASC arasında yaranmış qarşılıqlı işgüzar əmakdaşlıq çərçivəsində iddiaçı tərəfindən Cavabdeh ASC-nin müvafiq tapşırıqlarına əsasən 2016-2017-ci illərdə ümumi dəyər 1490446,50 manat (ƏDV daxil) məbləğində olan KÜR-2 magistral su kəmərinin Sanqaçal nasos stansiyasından Biləcəri nasos stansiyasınadək olan hissəsindən uzunluğu 11500 metr, diametri isə 1420 mm olan boruların torpaq altından çıxarılaraq pasdan təmizlənənməklə faskalanması və Cavabdeh ASC-nin anbarına daşınması işləri görülmüşdür. Bundan əlavə, 2017-ci ildə Zərdab rayonu ərazisində, dəyəri 3097894,51 manat (ƏDV daxil) məbləğində, ümumi uzunluğu 4006,71 metr, diametri 1420 mm olan magistral su xəttinin tikinti işləri, 2017-ci ildə, Bakı şəhəri, Qala qəsəbəsi ərazisində, ümumi dəyəri 785314,21 manat (ƏDV daxil) uzunluğu 3300 metr, diametri isə 530 mm olan magistral su xəttinin tikintisi işləri, 2017- 2019-cu illərdə isə Şamaxı və Hacıqabul rayonları (Padar çöl) ərazisində dəyəri 8792600,31 manat (ƏDV daxil) uzunluğu 9313 metr, diametri isə 1420 mm olan magistral su xəttinin tikintisi işləri görülmüşdür. İddiaçı ASC tərəfindən həyata keçirilən yuxarıda göstərilən işlərin ümumilikdə dəyəri 14166255,53 manat (ƏDV daxil) təşkil edir. Cavabdeh ASC ilə İddiaçı ASC arasında olan razılaşmaya əsasən işlər görülüb qurtardıqdan sonra Cavabdeh ASC tərəfindən həmin işlərin dəyəri İddiaçı ASC-yə ödənilməli idi. Lakin işlərin görülüb başa çatmasından 2 il keçməsinə baxmayaraq Cavabdeh ASC tərəfindər üzərinə düşən öhdəlik yerinə yetirilmir. “X12 və Ticarət” ASC-nin adı 06 sentyabr 2018-ci ildə dəyişdirilərək İddiaçı ASC olmuş, 25 oktyabr 2021-ci il tarixdə isə İddiaçı ASC İddiaçı MMC olmuşdur.

3. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, İddiaçı MMC Cavabdeh ASC tərəfindən iddia tələbində qeyd olunan işlərin görülməsinə dair müvafiq razılaşmanın olduğunu və 14166255,53 manat dəyərində işlərin gördüyünü bildirsə də, tərəflər arasında bununla bağlı heç bir müqavilə bağlanmamışdır. Bundan əlavə müqavilə ilə müəyyənləşdirilməli olan işlərin görülməsinə dair Forma-2 və Forma-3 sənədləri, podratçı tərəfindən təqdim edilməli olan elektron qaimə, invoys və digər zəruri sənədlərin heç birinin mövcud olmaması iddianın əsassızlığını bir daha sübut edir. Göründüyü kimi, tərəflər arasında müqavilə öhdəliyi olmadığına görə Cavabdeh ASC iddiaçı qarşısında hər hansı bir məsuliyyət daşıya bilməz. İddiaçı tərəfindən ümumi görülən işlərin dəyərinin 1490446,50 manat olduğu bildirilsə də, həmin işlərin hansı qaydada hesablanması və buna dair müvafiq sənədlər təqdim olunmamışdır. İddiaçı ərizəsində cavabdehin xeyrinə gördüyü işlər barədə öz mülahizələrini qeyd etsə də, məhz cavabdeh tərəfindən həmin hərəkətlərin görülməsinə dair heç bir rəsmi sübut təqdim edilməmişdir. Halbuki, işlər görülməmişdən əvvəl layihənin smeta dəyəri müəyyən edilməli və smeta xərclərini nəzərdə tutan sənədlər hazırlanmalıdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş təhvil-təslim aktları ümumi şöbədə çıxış tarixləri əsas götürülərək araşdırılmış və qeydiyyata alınmadığı, sənədlərdə qeyd edilən nömrələrin ümumiyyətlə fərqli hüquqi aktlara aid olduğu müəyyən olunmuşdur. Təhvil-təslim aktları Etibar Məmmədov tərəfindən imzalanmamış, aktlarda göstərilən müqavilə nömrələri Cavabdeh ASC-də qeydiyyatdan keçməmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-790/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir (hakim Fərrux Qasımov).

5. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

APELYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apelyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (direktoru) X2, iddiaçının nümayəndə və vəkilləri Vəkil və Nümayəndə1 apellyasiya şikayətini müdafiə etdilər, cavabdehin nümayəndələri X5 və X8 isə apellyasiya şikayətinə etiraz etdilər.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

10. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

11. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

12. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun, bu Qanunun 1.2-1.6-cı maddələrinin müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikasında dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən malların (işlərin və xidmətlərin) dövlət vəsaitləri, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar hesabına satın alınmasına şamil edilir.

13. Həmin Qanunun 16.1-ci maddəsinə görə Azərbaycan Respublikasında malların (işlərin) və xidmətlərin dövlət satınalmaları bu Qanunun 17-21-ci maddələrində qeyd olunan tətbiq şərtlərindən asılı olaraq açıq tender, ikimərhələli tender, məhdud iştiraklı və qapalı tender, təkliflər sorğusu, kotirovka sorğusu və bir mənbədən satınalma metodları ilə həyata keçirilir.

14. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanının təsdiq etməsi şərti ilə satınalan təşkilat bu Qanunun 50-ci maddəsinə uyğun bir mənbədən satınalma üsulundan istifadə edə bilər:

15. satın alınan mallar yalnız hər hansı konkret malgöndərəndə (podratçıda) və ya hər hansı konkret malgöndərən (podratçı) həmin mallar (işlər və xidmətlər) üzərində xüsusi hüquqlara malik olduqda, onların əvəzedicisi və alternativi olmadıqda (21.1.1);

16. mallara (işlərə və xidmətlərə) təcili tələbat yarandıqda və tender prosedurlarının keçirilməsi və ya satınalmanın hər hansı digər metodundan istifadə edilməsi məqsədəuyğun olmadıqda; tələbatın təcili olmasına gətirib çıxarmış halları qabaqcadan görmək qeyri-mümkün olduqda və ya bu hallar satınalan təşkilatın ləngiməsinin nəticəsi olmadıqda (21.1.2);

17. fövqəladə hallarla əlaqədar həmin mallara (işlərə və xidmətlərə) təcili tələbat yarandıqda, satınalmanın digər metodlarından istifadə, onlara sərf ediləcək vaxt baxımından məqsədəuyğun olmadıqda (21.1.3);

18. satınalan təşkilat hər hansı malgöndərəndən (podratçıdan) malları, avadanlıqları, texnologiyanı və ya xidmətləri satın aldıqdan sonra standartlaşdırma mülahizələrinə və ya mövcud mallara, avadanlıqlara, texnologiyaya və ya xidmətlərə uyğunluğunu təmin etmək zərurəti baxımından onları həmin malgöndərəndən (podratçıdan) satın alınması qənaətinə gəldikdə (21.1.4).

19. Həmin Qanunun 2-ci maddəsinə görə satınalma müqaviləsi - satınalan təşkilatla tender qalibi (qalibləri) arasında bağlanan və malların (işlərin və xidmətlərin) satın alınması ilə əlaqədar tərəflərin öhdəliklərini müəyyənləşdirən sənəddir.

20. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən tender prosedurlarının tətbiqi zamanı tender təklifinin aksepti və satınalma müqaviləsinin qüvvəyə minməsi bu Qanunun 40-cı maddəsinə uyğun həyata keçirilir.

21. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən tender nəticəsində bağlanmış satınalma müqaviləsi barədə məlumat 5 bank günü ərzində tender haqqında elanın verildiyi mətbuat orqanında dərc etdirilir və rəsmi internet saytında yerləşdirilir. Dövlət satınalmalarının şərtləri və nəticəsi qanunvericiliklə müəyyən edilmiş üsullarla açıqlanır.

APELYASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir.

24. Belə ki, iddiaçı şifahi podrat müqaviləsi əsasında pulun tutulması tələbini irəli sürmüşdür.

25. Cavabdeh isə bildirir ki, onlar arasında müqavilə bağlanmamışdır.

26. Göründüyü kimi mübahisənin həlli baxımından həll edilməli olan birinci məsələ tərəflər arasında etibarlı podrat müqaviləsinin bağlanıb-bağlanmaması məsələsidir.

27. Mülki Məcəllədə podrat müqaviləsinin yazılı şəkildə bağlanılmasına dair hər hansı imperativ göstəriş mövcud deyil. Bu baxımdan podrat müqaviləsinin şifahi formada bağlanılması mümkünlüyü istisna edilmir.

28. Bu əsasla iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 752-ci maddəsi təşkil edə bilər.

29. Lakin kollegiya hesab edir ki, hazırki işdə podrat müqaviləsinin forması ilə bağlı tələblər “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun müəyyən olunmalıdır.

30. Belə ki, həmin Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun, bu Qanunun 1.2- 1.6-cı maddələrinin müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikasında dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən malların (işlərin və xidmətlərin) dövlət vəsaitləri, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar hesabına satın alınmasına şamil edilir.

31. Hazırki işdən də görünür ki, Cavabdeh ASC səhmlərinin 100%-i dövlətə məxsus təşkilatdır.

32. Bu baxımdan kollegiya hesab edir ki, malların (işlərin) və xidmətlərin dövlət satınalmaları ilə bağlı onun tərəfindən həyata keçirilən bütün tədbirlər və bağlanılan bütün müqavilələr «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır.

33. Həmin Qanunun 2-ci, 5.1-ci, 5.3-cü, 16.1-ci, 21.1-ci maddələrinin məzmunundan da göründüyü kimi malların (işlərin) və xidmətlərin dövlət satınalmaları şifahi qaydada deyil, yalnız yazılı satınalma müqaviləsi ilə həyata keçirilməlidir.

34. Lakin hazırki işdə həmin Qanunun tələblərinə uyğun olaraq iddiaçı ilə cavabdeh arasında bağlanmış heç bir satınalma müqaviləsi mövcud deyil.

35. İddianın əsasını isə məhz tərəflər arasında şifahi razılaşmanın, yəni şifahi qaydada bağlanan podrat müqaviləsi üzrə görülmüş işlərin dəyərinin ödənilməsi təşkil edir.

36. Göründüyü kimi iddianın əsasını təşkil edən şifahi podrat müqaviləsi Mülki Məcəllənin 329.1-ci maddəsinə əsasən etibarsız əqddir. Etibarsız əqd isə onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur.

37. Beləliklə, hazırki iddianın əsasını təşkil edən podrat müqaviləsinin etibarsız əqd olduğunu və belə əqdin hüquqi nəticələrə, o cümlədən öhdəliklərin əmələ gəlməsinə səbəb olmadığını nəzərə alaraq kollegiya hesab edir ki, iddia özüözlüyündə əsassız olduğuna görə sübutlar araşdırılmadan rədd olunmalıdır.

38. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

39. Məhkəmə xərcləri isə Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə iddiaçıya aid edilməlidir.

40. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-790/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 200 manat məbləğində pul vəsaiti İddiaçı MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vidadi Məmmədov

Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar