Məhkəmə qərarları › İş №2-2(103)-713/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-713/2022

29.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-713/2022 29.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1797/2022 nömrəli iş üzrə 19 may 2022-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, 3.000 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamənin əsaslarına görə, Cavabdeh MMC ilə müqavilə hazırkı iş üzrə İddiaçı MMC ilə yox, "xxxx" MMC ilə imzalanmışdır. "xxxx" MMC-nin isə hazırda İddiaçı MMC adı ilə fəaliyyət göstərdiyi iş materialları ilə öz təsdiqini tapmır. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin edilməsini xahiş etmişdir. Şikayətin dəlillərinə görə, iş üzrə barəsində mübahisə mövcud olan xx.xx.2018-ci il tarixli 18-0001 nömrəli müqavilə bağlanandan sonra sifarişçi "xxxx" MMC-nin adı dəyişərək İddiaçı MMC olmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərək hesab etmişdir ki, "xxxx" MMC müqavilənin tərəfi olduğu halda, İddiaçı MMC hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyil. Bu dəlillə razılaşmır. Belə ki, hüquqi şəxsin ən mühüm və dəyişməz eyniləşdirmə elementi onun VÖEN-dir. Həmin VÖEN xx.xx.2018-ci il tarixli 18-0001 nömrəli müqavilədə olduğu kimi “**********” rəqəmindən ibarətdir. Lakin birinci instansiya məhkəməsi müqavilə tərəfi olan "xxxx" MMC ilə İddiaçı MMC-nin VÖEN-lərinin eyni olmasını diqqətdən qaçırmış, bu iki kommersiya hüquqi şəxsinin eyni şəxs olub-olmamasını müəyyən etməmişdir. İş birinci instansiya məhkəməsində olan zaman da elektron məhkəmə sistemi vasitəsilə təqdim olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin elektron çıxarışından da görünür ki, qurumun əvvəli adı "xxxx", hazırkı adı isə İddiaçı MMC-dir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşdə olan, icraçı cavabdeh ilə sifarişçi "xxxx" MMC arasında bağlanmış xx.xx.2018ci il tarixli 18-0001 nömrəli Layihələndirmə işləri haqqında müqavilə ilə icraçı Bakı şəhəri Babək prospektində yerləşən 0,345 ha ərazidə yerləşəcək “Radius 2” adlanacaq anbar, servis və ofis kompleksinin layihələndirməsi işlərinin görülməsini, sifarişçi isə bu işləri təhvil-təslim aktı əsasında qəbul edib, bu müqavilə ilə müəyyən edilmiş şərtlər əsasında görülən işlərin haqqını ödəməyi öhdələrinə götürmüşlər. xx.xx.2018-ci il tarixli 10-0001 nömrəli Qiymətlərin razılaşdırılma protokoluna görə, baş plan, ərazinin şaquli planlaşdırılması və abadlaşdırılması layihəsi, memarlıq tikinti layihəsi 1.236 manat, bina və qurğuların yükdaşıyan elementlərinin konstruktiv hesabatı və layihələndirilməsi 1.545 manat, tikintinin təşkili layihəsi 309 manat məbləğdə qiymətləndirilmişdir. xx.xx.2018-ci il tarixli **********98 nömrəli ödəniş qəbzinə əsasən, "xxxx" MMC cavabdehin hesabına 3.000 manat məbləğdə ödəniş etmişdir. AR İN DVX Milli gəlirlər baş idarəsi Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2021-ci il tarixli **********988600 nömrəli çıxarışından görünür ki, xx.xx.2005-ci il tarixdə 0105-P167-44189 nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin (VÖEN **********) adı İddiaçı MMC-yə dəyişdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir; 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, podrat müqaviləsinə əsasən götürdüyü öhdəliyi pozaraq, müqavilədə nəzərdə tutulan işi icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (podratçı), iddiaçının (sifarişçinin) işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilmək hüququndan istifadə edərək, müqaviləyə bilavasitə cavabdehin podratçı kimi hərəkətsizliyi ilə bağlı olan səbəbə görə xitam verdiyi və iddiaçının sifarişçi kimi həmin işlərə hansısa marağı qalmadığı üçün, işin görülməsi məqsədilə ödənilmiş muzdu iddiaçıya qaytarmalıdır. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşır. Belə ki, hazırkı iddianın faktiki əsasını təşkil edən xx.xx.2018-ci il tarixli müqavilənin tərəfi olan "xxxx" MMC-nin hazırda İddiaçı MMC adlanması, podrat müqaviləsinə əsasən iddiaçının cavabdehə pul ödədiyi, lakin cavabdehin həmin müqavilə üzrə heç bir iş görməyib, öhdəliklərini yerinə yetirmədiyi və iddiaçının müqavilədən imtina etməsi iş materialları ilə təsdiq olunur. MPM-in: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslı deyil, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunmaqla, qətnamənin ləğvinə əsas verir. Bununla bağlı olaraq, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməli, apellyasiya şikayəti təmin edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1797/2022 nömrəli iş üzrə 19 may 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. 3.000 (üç min) manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. İddiaçının apellyasiya şikayəti təmin edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar