Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-727/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə qəbul etdiyi QƏTNAMƏ Açar söz: icarə müqaviləsi üzrə pul tələbi Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı icarə müqaviləsi üzrə yaranmış borcun, dəymiş zərərin ödənilməsi barədə iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-495/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları 1.İşdə olan xx.xx.2018-ci il tarixli İddiaçı ilə Cavabdeh arasında bağlanmış, notarial qaydada təsdiq edilmiş icarə müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 73 kv.m qeyri-yaşayış sahəsinin 66 kv.m hissəsini Cavabdeh icarəyə vermişdir. Müqavilənin qüvvədə olma müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilmiş, müqavilənin 3-cü bəndində nəzərdə tutulmuşdur ki, onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha bir il müddətinə uzadılmış hesab edilir. İcarə müqaviləsinin 5-ci bəndində icarə haqqı olaraq 500 manat göstərilmişdir.
2. Tərəflərin izahatlarına əsasən işin müəyyən edilmiş mübahisəsiz halı ondan ibarətdir ki, müqavilədə 500 manat icarə haqqı nəzərdə tutulsa da, tərəflərin razılaşdırdıqları aylıq icarə haqqı məbləği 2500 manat olmuşdur.
3. İcarə müqaviləsinin 12-ci bəndində nəzərdə tutulmuşdur ki, kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya, telefon abunə) istifadə edilməsinə görə haqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqları icarəçi tərəfindən ödənilir.
4. Müqavilənin 10-cu bəndində qeyd edilir ki, tərəflərin razılığına əsasən “icarəçi” hər ay aylıq icarə haqqından qanunla müəyyən edilmiş məbləğdə vergi ödəyir.
5. Müqavilənin 7-ci bəndində qeyd edilir ki, icarəçi icarəyə götürdüyü əmlakı ikinci əldən icarəyə verə bilməz.
6. Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13 aprel 2020-ci il tarixli qərarından və tərəflərin izahatlarından görünür ki, cavabdeh icarəyə götürdüyü obyekti İddiaçı razılığı olmadan 2019-cu ilin may ayından işçisi olmuş X2 vermiş, X4 icarə haqqı ödənişlərini ödəməyi öz öhdəsinə götürsə də, 2020-ci ilin yanvar ayından sonra icarə haqqı ödənilməmişdir.
7. Hər iki tərəf təsdiq edir ki, 2020-ci ilin aprel ayında icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi barədə tərəflər arasında yazılı razılaşma olmadığı halda icarəyə verilmiş obyekt boşaldılaraq icarə münasibətlərinə faktiki xitam verilmişdir.
8. İşdəki xx.xx.2017-ci il tarixli 204 saylı “Özəlləşdirilən müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi barədə” müqavilədən görünür ki, iddiaçı ünvan 1 ünvanında qeyri-yaşayış binasının yeləşdiyi torpaq sahəsinə görə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə ayda 295,05 manat icarə haqqı ödənilməsini öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, iddiaçının xx.xx.2017-ci il tarixli icarə müqaviləsi üzrə dövlət büdcəsinə 3236,15 manat icarə haqqı borcu var.
9. İş materiallarının 9-cu vərəqinə əlavə edilmiş fakturadan, abonent saldosundan, Bakı Regional Qazın Satışı Departamentinin rəis müavini M.Quliyevin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, H.Əbdülrəhim küçəsində yerləşən kafe kimi fəaliyyət göstərən obyektin xx.xx.2020-ci il tarixə olan borcu 2560 manat təşkil edir.
10. İş materiallarının 20-ci vərəqinə əlavə edilmiş "xxxx" ASC-nin Yasamal rayonu Enerji Təchizatı və Satışı İdarəsinin xx.xx.2020-ci il tarixli xidməti məlumatından görünür ki, ünvan 1 ünvanında yerləşən “Gəncə təndiri” kimi fəaliyyət göstərən obyektin daxili elektrik təchizatının kabel xətti yararsız vəziyyətə düşmüşdür.
11. Bakı Regional Qazın Satışı Departmentinin xx.xx.2020-ci il tarixli məktubunda Bakı şəhəri, H.Əbdülrəhim küçəsində yerləşən “Gəncə” çörəkbişlirmə sexində qaz sayğacının müraciət əsasında xx.xx.2019-cu il tarixdə yoxlanıldığı, laboratoriya aktında sayğacın istismara yararsız olduğu qeyd edilmişdir. Qeyd edilmiş akt iş materiallarına əlavə edilmişdir.
12. İş materiallarının 1-ci cildinin 196-cı vərəqinə əlavə edilmiş "xxxx" ASC-nin hesab ödəniş vərəqindən görünür ki, iddiaçıya məxsus çörək sexinin xx.xx.2021-ci il tarixə 158,40 manat ödənilməmiş borcu vardır.
13. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli hesab fakturasından görünür ki, iddiaçıdan 247,23 manat ödəniş tələb olunmuşdur.(1-ci cild 202-ci vərəq)
14. İş materiallarının 1-ci cildinin 206-cı vərəqinə əlavə edilmiş telefon abunə haqqı ilə bağlı şəxsi hesab vərəqindən görünür ki, 2020-ci ilin avqust ayınadək “5383638” telefon nömrəsinə görə aylıq abunə haqqı 8,65 manat olmuşdur.
Birinci instansiya məhkəməsində icraat 15.İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələblərinin dəyişdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, icarə müqaviləsinin müddəti üçün (xx.xx.2020-ci il tarixədək) aylıq 2500 hesablanaraq icarə haqqının, xx.xx.2019-cu il tarixdən məhkəmə yekununa qədər torpaqdan istifadəyə görə icarə haqqının aylıq 300 manat hesablanaraq ödənilməsi, yararsız hala salınmış icarə obyektinin bərpasına görə 25.000 manat, kommunal xidmətlərdən istifadə edilməsinə görə haqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqlarının hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 16.İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 42 saylı Notariat ofisində bağlanmış 04 avqust 2018-ci il tarixli icarə müqaviləsinə əsasən Yasamal rayonu, Ə.Haqverdiyev 2 C ünvanda yerləşən 73.6 kv/m tam mülkiyyət hüququ əsasında ona mənsub olan qeyri-yaşayış binasının 66 kv/m-ni X5 xx.xx.2020- ci il tarixədək icarəyə vermişdir. İcarə haqqı tərəflərin razılığına əsasən 2500 manat məbləğində müəyyən edilməsinə baxmayararaq icarə müqaviləsində səhvən 500 manat göstərilmişdir. Cavabdeh icarə haqqını 03 aprel 2020-ci il tarixdən ödəməmişdir. Bu Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin təhqiqatçısının 13 aprel 2020-ci il tarixli qərarı ilə təsdiqlənmişdir. Eyni zamanda cavabdeh tərəfindən icarə müqaviləsinin 10 və 12-ci bəndləri üzərinə götürdüyü öhdəliklər icra edilməmiş və kommunal xidmət haqları, icarə haqqında vergilər ödənilməmişdir. Külli miqdarda borc yaranmışdır. Cavabdeh obyekti tamamilə yararsız hala salmışdır. Müşahidə kamerası və avadanlıqlar məhv edilmişdir. O cümlədən televizor, telefon, TVR və yaddaş diski də sıradan çıxmışdır. Cavavbheh müqavilənin 6,9,11-ci bəndlərinin tələblərini pozaraq icarə obyektində texniki təhlükəsizlik qaydalarını əməl etməmiş, iddiaçının razılığı olmadan obyektdə 4-cü təndir tikmişdir. Bundan əlavə cavabdeh icarə müqaviləsinin 7-ci bəndinə zidd olaraq əmlakı ikinci əldən icarəyə vermişdir. Yararsız hala salınmış obyektin təmirinə və qanunsuz tikilmiş təndirin sökülməsinə və arakəsmənin bərpasına görə 25.000 manat ziyandadır. İcarə müqaviləsinin 3-cü bəndinə görə icarə müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilmiş və onun bitməsinə bir ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müdddəti daha bir il müddətinə uzadılmış hesab edilir. İcarə müqaviləsi ləğv edilmədiyindən cavabdeh müqavilənin qüvvədə olduğu müddətdə müqavilə ilə razılşdırılmış bütün xərcləri ödəməlidir. 17.Cavabdehin iddiaya yazılı etirazlarında qeyd edilir ki, 2019-cu ilin iyun ayında obyekti iddiaçının razılığı ilə tanışı X3 təhvil vermişdir. Həmin vaxta kimi hər ay iddiaçıya 2500 manat icarə haqqı ödəmişdir. 2020-ci ilin aprel ayınadək ikinci icarəçi X.Hüseynzadə ilə icarə münasibətləri davam etmişdir. Tərəflər arasında bağlanmış müqavilədə yalnız iddiaçının mülkiyyətində olan 66 kv.m sahənin icarəyə verilməsi nəzərdə tutulduğundan iddiaçının torpaq icarə haqqı ilə bağlı tələbi əsassızdır. İddiaçının obyektinin yararsız hala salınması barədə dəlillər əsassızdır. Əksinə obyekt təmir edilmiş, 5000 manat xərc çəkilmişdir. Özünün obyektdə fəaliyyət göstərdiyi dövrdə bütün kommunal xərclər ödənilmişdir. 18.Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-495/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Kənan Hüseynov) iddia rədd edilmişdir. 19.Birinci instansiya məhkəməsi tərəfindən işin sübutlar əsasında müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2018-ci il tarixdə notarial qaydada təsdiq edilmiş icarə müqaviləsi əsasında icarə hüquq münasibətləri yaranmış, icarə haqqı müqavilədə 500 manat qeyd edilsə də, faktiki olaraq icarə haqqının məbləği 2500 manat olmuşdur. 20.İddiaçı tərəf Cavabdeh icarə obyektindən xx.xx.2020-ci il tarixdən çıxdığını, o zamana qədər Cavabdeh oradan istifadə etdiyini, icarə haqqını isə 2020-ci ilin yanvar ayından ödəmədiyini göstərərək icarə haqqının icarə müddəti bitənədək-xx.xx.2020-ci il tarixədək ödənilməsini tələb etmiş, cavabdeh tərəf isə icarə obyektindən 2019-cu ilin iyun ayından çıxdığını, istifadəetdiyi müddət üçün icarə borcunu tam ödədiyini və o zamandan oranı Hüseynzadə Xaliqin istifadə etdiyini bildirmişdir.
21. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində Cavabdeh öncədən tanıdığını, İddiaçı obyektin icarəsi zamanı tanıdığını, obyektdən 2019-cu ilin iyuniyul aylarından istifadə etdiyini, İddiaçı ilə şifahi olaraq danışıb aylıq 2500 manata razılığa gəldiklərini və 2020-ci ilin aprel ayında pandemiya səbəbi ilə İddiaçı müraciət edərək aylıq icarə haqqının 1250 manata endirməsini təklif etdikdə isə onun razı olmadığını və aylıq 2500 tələb etdiyini və sonradan İddiaçı aprel ayının əvvəlində obyektə gələrək onu obyektdən çıxardığını bildirmişdir. Bundan başqa mart ayının da icarə haqqını İddiaçı verdiyini, aprel ayında isə obyektdən çıxdığına görə aprel ayı üçün icarə haqqını ödəmədiyini qeyd etmişdir. Həmçinin iş materiallarında olan İddiaçı ilə onun arasında bağlanmış müqavilədən xəbəri olmadığını və imzanın da ona məxsus olmadığını bildirmişdir. 22.Məhkəmə İddiaçı Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsində vermiş olduğunu izahatları, iş üzrə tərəflərin izahat və şahidin ifadəsini nəzərə alaraq hesab etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında icarə hüquq münasibətləri 2019-cu ilin iyun-iyul aylarına qədər davam etdiyindən, iddiaçı ilə aralarında yazılı şəkildə icarə müqaviləsi olmasa da belə, Abdı Səbuhi Vaqif oğlu ilə X4 icarə hüquq münasibətlərinə daxil olduğundan iddiaçının cavabdehdən 2020-ci ilin yanvar ayından sonra icarə haqqının tutulmasına dair tələbi əsassızdır. İddiaçı da icarə haqqı borcunun 2020-ci ilin yanvar ayından ödənilmədiyini bildirsə də, həmin dövrdə artıq Cavabdeh icarəçisi olmadığından ondan icarə haqqı tələb edilə bilməz. 23.Məhkəmə hesab etmişdir ki, Cavabdeh torpaq deyil, 73 kv.m qeyri-yaşayış sahəsinin 66 kv.m hissəsi icarəyə verildiyindən iddia xx.xx.2019-cu il tarixdən məhkəmənin yekununa qədər torpaqdan istifadəyə görə icarə haqqının aylıq 300 manat hesablanaraq ödənilməsi barədə hissəsi əsassızdır. 24.Məhkəmə Mülki Məcəllənin 21.1, 21.2, 1096.1-ci maddələrinə istinad edərək hesab etmişdir ki, iddiaçı tərəf məhz nəyin yararsız hala salındığını və yararsız hala salınmış olsa da belə, onun məhz Cavabdeh tərəfindən edilməsi barədə sübutları məhkəməyə təqdim edə bilmədiyindən, həmçinin obyektin qaz sayğacının məhz Cavabdeh icarəçi olduğu dövrdə sıradan çıxdığı sübut olunmadığından 25.000 manat pulun tutulması barədə iddiası təmin edilməməlidir. 25.Məhkəmə iddianın kommunal xidmətlərdən istifadə edilməsinə görə haqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqlarının hesablanaraq ödənilməsinin tələb edilməsi hissəsində ona görə əsassız hesab etmişdir ki, kommunal xidmətlərin göstərilməsinə dair borcun məhz obyektin Cavabdeh istifadəsində olduğu müddətdə yaranması sübuta yetirilməmişdir. Şahid qismində dindirilmiş X4 2020-ci ilin aprel ayında obyektdən çıxarkən ümumi olaraq kommunal xidmətlərə görə 2000 manata yaxın borcunun qaldığını bildirdiyindən məhkəmə hesab etmidir ki, borcların obyektin Cavabdeh istifadəsində olduğu müddətdə yarandığı sübut olunmadığından iddia təmin edilə bilməz.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayəti, dəlilləri 26.İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 27.İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarını pozmuş, sübutları nəzərə almamış, işin hallarına düzgün hüquqi qiymət verməmişdir. Cavabdeh onun razılığı olmadan obyekti başqa şəxsə icarəyə vermiş, 2020-ci ilin yanvar ayından icarə haqqı ödənilməmiş, kommunal xidmətlər ödənilməmiş, obyektdə televizor, telefon, TVR və yaddaş diski sıradan çıxmışdır. Obyektin təmiri, təndirin sökülməsi və arakəsmənin bərpasına 25.000 manat ziyan ödənilmişdir. İcarə müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilmiş, müqavilə müddətinin bitməsinə qalmış tərəflərdən hər hansı biri ona xitam verilməsi barədə iradə ifadəsini bildirmədiyindən eyni müddət üçün uzadılmış hesab edilir. Cavabdeh ona ödəməli olduğu 2500 manatdan 14 faiz dövlət büdcəsinə verginin ödənilməsini təmin etməmiş, dövlət büdcəsinə 12950 manat borc yaranmışdır. İcarə müddətində kommunal xidmətlərdən istifadəyə görə təqdim edilmiş hesab fakturalara əsasən obyektin “Azəriqaz” İB-nə 3897 manat, "xxxx" ASC-nə 159 manat, "xxxx" ASC-nə 248,23 manat, aylıq telefon abunə haqqı 144,4 manat, kabel televiziyasına 560 manat borcu yaranmışdır. İşə birinci instansiya məhkəməsində baxılarkən şahid X.Hüseynzadə obyektin ona cavabdeh tərəfindən təhvil verildiyini bildirmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə obyekti iddiaçının razılığı olmadan Xaliqə verdiyini etiraf etmişdir. Obyektin vəziyyəti barədə fotoşəkillər iş materiallarına əlavə edilsə də məhkəmə sübutları nəzərə almamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları 28.İddiaçı məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. 29.Cavabdeh məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq 30.Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq normalaı aşağıdakıları nəzərdə tutur: 675-ci maddə-əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 683.1-ci maddə- kirayəyə verənin icazəsi olmadan kirayəçinin kirayəyə götürdüyü əşyanı kirayəyə verənin ailəsinin tərkibinə daxil olmayan üçüncü şəxsin istifadəsinə vermək, o cümlədən əşyanı ikinci əldən kirayəyə vermək hüququ yoxdur. Əgər kirayəyə verən icazə verməkdən imtina edirsə, kirayəçi qanunla müəyyənləşdirilmiş müddəti gözləməklə hüquq münasibətlərini ləğv edə bilər, bu şərtlə ki, obyektiv baxıldıqda üçüncü şəxs icazədən imtina üçün mühüm əsaslar verməsin. 683.3-cü maddə-istifadə hər hansı üçüncü şəxsə verilərkən kirayəçi, hətta kirayəyə verən ikinci əldən kirayəyə razılıq versə belə, həmin üçüncü şəxsin istifadə zamanı əmələ gələn təqsiri üçün məsuliyyət daşıyır. 689.1-ci maddə- kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir. 689.2-ci maddə- əgər kirayə müqaviləsində müddət müəyyənləşdirilməyibsə, kirayə hüquq münasibətlərinin istənilən iştirakçısı bu Məcəllənin 690-cı maddəsinin göstərişlərinə uyğun olaraq müqavilənin ləğvinə dair bildiriş verə bilər. 700.1-ci maddə- icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3-cü maddə- əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 704.1-ci maddə- əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir. 704.2-ci maddə- icarəçinin bu Məcəllənin 691-ci maddəsinə uyğun olaraq müqaviləni ləğv etmək hüququ yoxdur. 421.1-ci maddə- müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.3-cü maddə- müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 423.1-ci maddəsi- müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddə- müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddə- öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 1097.1-ci maddə- mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
31.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq normalaı aşağıdakıları nəzərdə tutur: 77.1-ci maddə-hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 112.1-ci maddə-iddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.1. pul vəsaiti alınması haqqındakı iddialarda—alınan məbləğlə. 112.4.-cü maddə-iddianın qiyməti iddiaçı tərəfindən göstərilir. 112.5-ci maddə-iddianın qiyməti iddia ərizəsi verilən vaxt mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq iddia ərizəsinin icraata qəbul edilməsi mərhələsində müəyyən olunmalıdır. 149.-ci maddə- ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3-cü maddə-iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri 32.İddia tam rədd edildiyindən iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunur. 33.İddiaçı işə apellyasiya qaydasında baxılarkən iddia ərizəsində irəli sürülmüş tələblərin məbləğləri ilə bağlı dəqiqləşmə vermiş, həmin ərizəyə əsasən müəyyən edilmişdir ki, iddiaçı cavabdehdən "xxxx" ASC-yə yaranmış 160 manat, “Azəriqaz” İB-nə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə yaranmış 2560 manat, qaz sayğacının dəyişdirilməsinə görə 3897 manat, "xxxx" ASC-yə olan 328,23 manat, aylıq telefon abunə haqqına görə aylıq 8,65 manat olmaqla xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi 173 manat borcun, 14% ödəmə mənbəyindən vergiyə görə 12600 manat borcun, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 50.000 manat icarə haqqının, 13200 manat icarə obyektinə vurulmuş zərərin əvəzinin ödənilməsini xahiş etmişdir. 34.İddiaçı iddia tələbərinin məbləğlərinin dəqiqləşdirilməsi barədə ərizədə birinci instansiya məhkəməsində baxış predmeti olmamış yeni tələblər (internetdən istifadə haqqı, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək icarə haqqı borcu və s) irəli sürmüşdür. 35.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd edilən normanın tələbinə əsasən iddiaçının ərizəsində irəli sürülmüş birinci instansiya məhkəməsi tərəfindən baxış predmeti olmamış yeni tələblər məhkəmə tərəfindən qəbul edilmir.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
36. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-495/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, Cavabdeh İddiaçı xeyrinə 17.500 manat icarə müqaviləsi üzrə borc, icarəyə verilmiş obyektdə qazdan istifadəyə görə 2560 manat, elektrik enerjisindən istifadəyə görə 158,40 manat, sudan istifadəyə görə 247,23 manat, aylıq telefon abunə haqqı olaraq 60,55 manat və 20 manat dövlət rüsumu tutulmalı, iddia qalan hissədə təmin edilməlidir.
37. Birinci instansiya məhkəməsi iddaçı tərəfindən MPM-nin 112 və 149-cu maddələrinin tələblərinə riayət edilmədiyi və iddia ərizəsində iddia tələblərinin qiyməti qeyd edilmədiyi halda iddiaçının cavabdehdən tələb edilən məbləğləri müəyyən etmədən işə baxaraq qətnamə qəbul etmişdir. 38.İşin hallarından görünür ki, tərəflər arasında yazılı bağlanmış və notarial qaydada təsdiq edilmiş icarə müqaviləsinin qüvvədə olma müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilmişdir. MM-nin 423.1-ci maddəsinin tələbindən görünür ki, yazılı qaydada bağlanmış müqavilənin ləğv edilməsi yazılı formada rəsmiləşdirilməli, müqavilənin vaxtından əvvəl ləğv edilməsinə hər iki tərəfin razılığı olmalı idi. Hazırkı halda tərəflər arasında bağlanmış icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi barədə tərəflər arasında nə yazılı, nə də şifahi razılaşma olmadığından və icarə müqaviləsində icarəçinin müqavilədən birtərəfli imtina etmək hüququ nəzərdə tutulmadığından icarəçi xx.xx.2020-ci il tarixədək razılaşdırılmış məbləğdə (ayda 2500 manat) icarə haqqını iddiaçıya ödəməyə borclu idi.
39. İddiaçı ilə icarə münasibətlərinin 2019-cu ilin iyun-iyul ayından X4 ilə davam etdiyinə dair birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı deyil. Şahid qismində dindirilmiş X1 ifadəsindən və tərəflərin izahatlarından aydın olur ki, iddiaçı ilə X4 arasında obyektin icarəsi ilə bağlı nə yazılı, nə də şifahi müqavilə bağlanmamışdır.
40. X.Hüseynzadə ilə cavabdeh öz aralarından razılığa gəlmişlər ki, 2019-cu ilin iyul ayından obyektdən icarə haqqının ödənilməsi şərti ilə X.Hüseynzadə istifadə etsin. İddiaçının icarə haqqı ödənişlərinin vaxtında həyata keçirilməsi şərti ilə buna razılıq verməsi icarəçinin öhdəliyinə xitam vermir və cavabdehi MM-nin 683.3-cü maddəsinə əsasən müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin icrasından azad etmir.
41. İddiaçı ilə X.Hüseynzadə arasında hər hansı müqavilə münasibəti olmadığından icarə haqqı ödənişlərinin həyata keçirilməməsinə görə hazırkı halda obyektin icarəçisi olmuş cavabdeh məsuliyyət daşıyır. 2020-ci ilin yanvar ayından sonra müqavilənin qüvvədə olma müddətinin bitdiyi xx.xx.2020-ci il tarixədək 7 ay üçün ayda 2500 manat olmaqla 17500 manat icarə haqqının iddiaçıya ödənilməsi barədə cavabdehin sübutu olmadığından həmin borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
42. İşə baxmış məhkəmə işin faktiki hallarına və sübutlara düzgün hüquqi qiymət vermədiyindən, maddi hüquq normalarının tələblərini nəzərə almadığından mübahisələndirilən qətnamə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməlidir.
43. İcarə müqaviləsinin 12-ci bəndinə əsasən icarə müqaviləsinin qüvvədə olduğu müddətdə icarəçi kommunal ödənişləri ödəməli olduğundan icarə müddəti üçün ödənilməmiş kommunal borcların cavabdehdən tutulmasına dair hissədə iddiaçının tələb əsaslıdır.
44. Abonent saldosundan görünür ki, iddiaçıya məxsus obyektin 2019-cu ilin may ayınadək qazdan istifadəyə görə borcu olmamış, 2019-cu ilin iyun ayından borclar ödənilməmiş, 2020-ci ilin aprel ayına 2600 manat borcu yaranmışdır. Həmin borcun cavabdehdən tutulmasına dair hissədə iddia əsaslı hesab edilərək təmin edilməlidir.
45. Aylıq telefon abunə haqqının 8,66 manat olduğu nəzərə alınarsa 2020-ci ilin yanvar ayından avqust ayınadək cavabdeh tərəfindən telefona görə ödənilməli abunə haqqı 60,55 manat təşkil edir. Bu borcun cavabdeh tərəfindən ödənildiyi sübut edilmədiyindən məhkəmə hesab edir ki, bu məblğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
46. İddiaçı tərəfindən icarə müqaviləsinin qüvvədə olduğu müddət üçün obyektin kommunl xərclərə "xxxx" ASC-yə 158,40 manat, "xxxx" ASC-yə 247,23 manat borcu olduğuna diar sübutlar məhkəməyə təqdim edildiyindən iddia tələbi qeyd edilən borcların cavabdehdən tutulması hissəsində də təmin edilməlidir.
47. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçı qarşısında torpaqdan istifadəyə görə aylıq 300 manat icarə haqqı ödəmək öhdəliyi olmadığından iddia tələbi həmin hissədə təmin edilə bilməz.
48. Yararsız hala salınmış icarə obyektinin bərpasına görə çəkilmiş 25.000 manat xərcin ödənilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı bu tələblə bağlı məhkəməyə fotoşəkillərdən başqa mötəbər sübutlar təqdim edə bilməmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə obyektə cavabdeh tərəfindən vurulmuş zərərin 18395 (3 təndirin bərpası üçün 5195+ kamera sisteminin bərpası, söküntü bərpa işləri, elektrik xətlərinin dəyişdirilməsi, sanitar qovşağın təmiri, rəngsaz işləri-13200) manat olduğu göstərilir. Məhkəmə hesab edir ki, fotoşəkillər əsasında zərər vurulduğu iddia edilən əmlakların əvvəl hansı vəziyyətdə olduğunu, həmin əmlaklara ziyan dəyməsində cavabdehin təqsirli olduğunu müəyyən etmək mümkün olmadığından bu hissədə iddia təmin edilə bilməz.
49. İddiaçı icarə haqqından 14% ödənilməli olan cavabdeh tərəfindən ödənilməmiş ödəmə mənbəyindən vergilərin də cavabdehdən tutulmasını tələb edir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 10-cu bəndində tərəflərin razılığına əsasən icarəçinin hər ay aylıq icarə haqqından qanunla müəyyən edilmiş məbləğdə vergi ödəməli olduğu nəzərdə tutulduğundan müəyyən olunur ki, ödənilməli olan verginin məbləği icarə haqqı məbləğinə daxildir. Buna görə də məhkəmə cavabdehdən iddiaçının xeyrinə vergilərə görə əlavə ödəniş tutulmasını əsassız hesab edir.
50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 51.Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-495/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, Cavabdeh İddiaçı xeyrinə 17.500 manat icarə müqaviləsi üzrə borc, icarəyə verilmiş obyektdə qazdan istifadəyə görə 2560 manat, elektrik enerjisindən istifadəyə görə 158,40 manat, sudan istifadəyə görə 247,23 manat, aylıq telefon abunə haqqı olaraq 60,55 manat və 20 manat dövlət rüsumu tutulmalı, iddia qalan hissədə təmin edilməlidir.
52. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-495/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh İddiaçı xeyrinə 17.500 manat icarə müqaviləsi üzrə borc, icarəyə verilmiş obyektdə qazdan istifadəyə görə 2560 manat, elektrik enerjisindən istifadəyə görə 158,40 manat, sudan istifadəyə görə 247,23 manat, aylıq telefon abunə haqqı olaraq 60,55 manat və 20 manat dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir