Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-730/2024 18.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1226/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 3.484,56 manat dəyərində xidmət haqqı üzrə qalıq borcu məbləğinin, faiz borcu olaraq 83,9 manat; ilkin mediasiya sessiyası xərci kimi mediasiya təşkilatına ödənilmiş 70 manat olmaqla, cəmi 3.638,46 manat məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1226/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh MMC-dən 2556,92 manat əsas borc, 27,7 manat faiz borcu, ödənilmiş 70 manat məbləğində dövlət rüsumu, ümumilikdə 2654,62 (iki min altı yüz əlli dörd manat altmış iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.
3. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1226/2024 nömrəli qətnaməsinin ləğv olunması, iddianın təmin olunmaması barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə "xxxx" ASC arasında 12 iyul 2023-cü il tarixində “Müqavilə əsasında yaranmış borcların qaytarılması üzrə xidmət göstərilməsi haqqında” 12/07-23-01 №-li Xidmət müqaviləsi bağlanmışdır. Müqaviləyə görə "xxxx" ASC Cavabdeh MMC-yə, sonuncuya müqavilələr əsasında borcu olan şəxslərə dair kommunikasiya, informasiya və digər zəruri tədbirlər görüməyi, Cavabdeh MMC isə həmin borclu şəxslərdən mədaxoilunacaq pul vəsaitlərindən İddiaçı ASC-yə müqavilədə müəyyən edilmiş faizlərə uyğun xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.1-ci bəndinə əsasən, Sifarişçi, yəni "xxxx" MMC borclara aid zəruri sənədləri və məlumatları icraçıya təqdim edir. Müqavilənin 2.2.1-ci bəndinə əsasən isə İcraçı borcların qaytarılması üçün qanunvericiliklə qadağan edilməyən üsullardan və vasitələrdən istifadə etməklə bütün tədbirləri görməyi öhdəsinə götürmüşdür. Tərəflərindən İddiaçı ASC-yə sonuncu tapşırıq 2023-cü ilin avqust ayında verilmişdir. Bununla yanaşı xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli aktlarda qeyd olunan hüquqi şəxslər barədə "xxxx" ASC-yə heç bir tapşırıq göndərilməmişdir. Bununla yanaşı, xx.xx.2023-cü il tarixli akt ümumiyyətlə direktor Qanuni nümayəndə tərəfindən imzalanmamışdır. Tərəfimizdən İddiaçı ASC-yəyuxarıda qeyd olunan aktlara dair görülən işlər barədə məlumat verilməsi billdirilsə də, İddiaçı ASC nə həminhüquqi şəxslər barədə sifarişimizin olmasını, nə də ki həmin hüquqi şəxslərlə bağlı görülmüş işlər barədə hər hansı məlumatı təqdim edə bilməmişdir. Buna görə də hesab edir ki, iddia tələbi əsassızdır. Birinci instansiya məhkəməsi qətnamənin 17-ci bəndində qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı və cavabdeh arasında 12 iyul 2023-cü il tarixli 12/07-23- 01 nömrəli müqavilə bağlanmış, həmin müqavilə üzrə iddiaçı cavabdehin tapşırıqlarını icra etmiş, nəticədə 2023-cü ilin sentyabr ayında cavabdehə borclu şəxslər tərəfindən ümumilikdə 10310,82 manat, 2023-cü ilin oktyabr ayında isə ümumilikdə 12715,30 manat məbləğində vəsait ödənilmişdir. Məhkəmənin bu qənaətə gəlməsi üçün iş materiallarında mötəbər sübutlar mövcud deyildir. Belə ki, məhz İddiaçı ASC tərəfindən tapşırıqların icra edilməsi (halbuki cavabdeh tərəfindən belə bir tapşırıq verilməmişdir), habeləl məhz İddiaçı ASC tərəfindən 2023-cü ilin sentyabr ayında cavabdehə borclu şəxslər tərəfindən ümumilikdə 10310,82 manat, 2023-cü ilin oktyabr ayında isə ümumilikdə 12715,30 manat məbləğində vəsait ödənilməsini təsdiq edən hallar mövcud deyildir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.
6. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-nin iddiaçı qarşısında öhdəliyinin yaranması üçün əvvəlcə İddiaçı ASC onun xeyrinə hər hansı işi, xidməti göstərməlidir. Lakin yuxarıda da qeyd etdiyimiz kimi Cavabdeh MMC tərəfindən İddiaçı ASC-yə iddia tələbində qeyd olunan aylar üzrə və aktlarda qeyd olunan hüquqi şəxslər barəsində ümumiyyətlə heç bir tapşırıq verilməmiş, belə olan halda isə iddiaçı cavabdehin xeyrinə nəyə əsasən hansı xidmətləri göstərməsini sübut edə bilməmişdir. Buna görə də hesab edirik ki, Cavabdeh MMCnin İddiaçı ASC qarşısında öhdəliyi mövcud olmadığından iddiaçının hazırkı iddia tələbi əsassızdır. Qətnamədə cavabdehin bu dəlili 5-ci bənddə əks edilir: “5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə etiraz edib iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, materiallarda olan təhvil aktları cavabdeh tərəfindən təsdiq edilsə də, sonradan həmin aktlar cavabdeh tərəfindən araşdırılmış, aktların əsassız olması tərəflərindən müəyyən edilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya müqavilə üzrə sonuncu tapşırıq 2023-cü ilin avqust ayında verilmiş, aktlarda göstərilən hüquqi şəxslərdən cavabdehə olan borcun alınması istiqamətində iddiaçıya tapşırıq verilməmişdir. Bu səbəbdən iddia tələbi əsassızdır”. Məhkəmə iddia tələbini birinci hissədə əsaslı hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı və cavabdeh arasında 12 iyul 2023-cü il tarixli 12/07-23-01 nömrəli müqavilə bağlanmış, həmin müqavilə üzrə iddiaçı cavabdehin tapşırıqlarını icra etmiş, nəticədə 2023-cü ilin sentyabr ayında cavabdehə borclu şəxslər tərəfindən ümumilikdə 10310,82 manat, 2023-cü ilin oktyabr ayında isə ümumilikdə 12715,30 manat məbləğində vəsait ödənilmişdir. Məhkəmə cavabdehin həmin aktlar imzalandıqdan sonra tərəflərindən aktlarda göstərilənlərin həqiqətə uyğun olmamasının müəyyən edilməsi barədə dəlilini əsassız hesab edir. Belə ki, tərəflər arasında bağlanmış 12 iyul 2023-cü il tarixli müqavilənin 2.1.7-ci bəndində tərəflər arasında hesablaşma aparılması üçün icraçının təqdim etdiyi aktda borclar üzrə ona edilmiş ödənişlər barədə məlumatların düzgünlüyünü yoxlamaq sifarişçinin vəzifəsi kimi müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, cavabdehdən 2023-cü ilin sentyabr və oktyabr ayları üzrə yaranmış ümumilikdə 2556,92 manat məbləğində pul (1031,08 manat + 1525,84 manat) tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməlidir”. İddiaçı tərəfindən cavabdehin xeyrinə hansı xidmətlərin göstərilməsini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Qətnamədə 7 və 8-ci bəndlərdə xidmətlərin nədən ibarət olduğu təsvir edilir: “İddiaçı (icraçı) və cavabdeh (sifarişçi) arasında bağlanmış 12 iyul 2023-cü il tarixli 12/07-23-01 nömrəli müqavilə əsasında yaranmış borcların qaytarılması üzrə xidmət göstərilməsi haqqında xidmət müqaviləsinə əsasən sifarişçi icraçıya xidmət müqavilələri əsasında ona ödənilməli olan borcların ödənilməsi üzrə aidiyyəti borclu şəxslərlə kommunikasiyasının təşkilini tapşırır, həmin işlər üzrə nümayəndəlik hüquqlarını, o cümlədən, borc məlumatlarını bildirmək və bilmək səlahiyyətlərini verir. Müqavilənin 1.3-cü bəndinə əsasən icraçının bu müqaviləyə əsasən sifarişçiyə göstərəcəyi xidmət borcların icrası məqsədi ilə aidiyyəti borclu şəxslərlə kommunikasiya, informasiya və digər zəruri tədbirlər görülməsini nəzərdə tutur”. Buna əlavə olaraq qeyd edirik: Tapşırığın məzmunu tərəflər arasında bağlanmış Müqavilənin 1.1-ci bəndində göstərilib (bu müqavilə şərtini aydınlıq üçün 2 hissəyə bölürük): Tapşırığın məzmunu: daşınma xidmət müqavilələri borclarının ödənilməsi üzrə aidiyyəti borclu şəxslərlə kommunikasiyanın təşkili Verilən səlahiyyətlər: həmin işlər üzrə nümayəndəlik hüquqları, o cümlədən, borc məlumatlarını bildirmək və bilmək səlahiyyətləri. Müqaviləyə görə, İddiaçının öz üzərinə düşən öhdəliyin icrasının göstəriciləri bunlar idi: siyahıda olan şəxslərin adından mədaxil və Akt imzalanması (Müqavilənin 2.2.11, 3.1.1 və 3.3-cü bəndləri). Cavabdeh iddiaçıya aktlara dair görülən işlər barədə məlumat verilməsi billdirilsə də, iddiaçı nə həmin hüquqi şəxslər barədə sifarişin olmasını, nə də ki, həmin hüquqi şəxslərlə bağlı görülmüş işlər barədə hər hansı məlumatı təqdim edə bilməmişdir. Bu dəlil də əsassızdır və iddiaya etirazın təkrarıdır. Cavabdeh tərəfindın heç bir sorğu olmamışdır. Bundan başqa Cavabdeh: - əvvəla, belə sorğular verdiyini təsdiq edən sübutları təqdim etməmişdir, habelə - belə sorğular hətta olardısa belə, tərəflər arasındakı müqavilə münasibətlərində hansı hüquqi əhəmiyyətə malik olduğunu əsaslandırmamışdır. “İcraçının apardığı danışıqlar barədə məlumatlar” verməsi ödənişin şərti yaxud xidmətin təsdiqi şərti kimi nə Müqavilədə nəzərdə tutulmayıb, nə də tərəflər arasında mübahisəli aylardan əvvəlki dövrdə ödənişin aparılması və ya xidmətin təsdiqi üçün istifadə edilməyib. Belə məlumatlar ancaq müqavilənin 2.1.11-ci bəndində nəzərdə tutulmuş İcraçının Müqavilə əsasında münasibətləri vicdanlılıq və əməkdaşlıq ruhunda qurmaq vəzifəsi çərçivəsində sorğu zamanı tələb edilə bilərdi. Belə məlumatları təqdim etmək müqavilənin məzmununda birbaşa nəzərdə tutulmayıb, başqa sözlə, bu hərəkətə öhdəliyin hüquqi konstruksiya elementi statusu verilməyib. Birbaşa nəzərdə tutulmuş oxşar öhdəlik yalnız Müqavilənin 2.1.3 və 2.2.3-cü bəndlərindədir ki, o da xidmətin göstərilmə mexanizminə deyil, onun nəticələrinə şamil olunur (“Sifarişçi İcraçıdan borcların qaytarılması vəziyyəti haqqında məlumat və hesabat tələb edə bilər”). Özü də bu vəzifənin icrası üçün “Sifarişçinin yazılı sorğusu” olmalıdır. Bu sahədə İcraçının ancaq ona birbaşa edilmiş mədaxillər haqqında məlumat verməkdən (Müqavilənin 2.1.6-cı bəndi) ibarətdir ki, sonradan bu məlumatlar da 3.3-cü bənddə nəzərdə tutulmuş Akta daxil edilməli idi. Sifarişçinin ancaq Aktda olan məlumatları yoxlamaq hüququ (b.2.1.7) var idi ki, bununla da bağlı cavabdeh hər hansı iradlar bildirməsi barədə sübut təqdim etməmişdir. tərəflər arasında bağlanmış müqavilə üzrə məhz məhz İddiaçı ASC tərəfindən 2023-cü ilin sentyabr ayında cavabdehə borclu şəxslər tərəfindən ümumilikdə 10310,82 manat, 2023cü ilin oktyabr ayında isə ümumilikdə 12715,30 manat məbləğində vəsait ödənilməsini təsdiq edən hallar mövcud deyildir. Bu dəlil cavabdehin rəhbəri tərəfindən imzalanmış aktlarla təkzib olunur.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə yazılı etiraz edərək, məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
8. Cavabdeh tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
10. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
11. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
12. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
13. Həmin Məcəllənin 783.1-ci maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir.
14. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
15. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
16. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
18. Həmin Məcəllənin 376.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı yalnız iddianın təmin edilməyən hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
21. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı və cavabdeh arasında 12 iyul 2023-cü il tarixli 12/07-23-01 nömrəli müqavilə bağlanmış, sentyabr və oktyabr ayları üzrə tərəflər arasında aktlar tərtib edilmiş, tərəflər aktları imzalamış, həmin müqavilə üzrə həmin aktlar əsasında iddiaçı cavabdehin tapşırıqlarını icra etmiş, nəticədə 2023-cü ilin sentyabr ayında cavabdehə borclu şəxslər tərəfindən ümumilikdə 10310,82 manat, 2023-cü ilin oktyabr ayında isə ümumilikdə 12715,30 manat məbləğində vəsait ödənilmişdir.
22. İddiaçı iddia etmişdir ki, müqavilə üzrə üzərinə düşən tapşırıqları yerinə yetirsə də, ödənişi almamış, cavabdeh öhdəliyi pozmuşdur.
23. İddiaçı müqavilə, aktlar, e-qaimələr və digər sənədlər təqdim etmişdir.
24. Məhkəmə yalnız sentyabr və oktyabr ayları üzrə tələb edilən məbləğləri cavabdehdən tutub, noyabr ayı üzrə tələb edilən məbləği cavabdehdən tutmayıb.
25. Apellyasiya baxışının predmeti iddianın təmin edilən hissəsi, yəni əsas borc 1031,08 manat, 1525,84 manat, faiz borcu 27,7 manat təşkil edir.
26. Cavabdehin birinci instansiya məhkəməsindəki mövqeyinə görə materiallarda olan təhvil aktları cavabdeh tərəfindən təsdiq edilsə də, sonradan həmin aktlar cavabdeh tərəfindən araşdırılmış, aktların əsassız olması tərəflərindən müəyyən edilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya müqavilə üzrə sonuncu tapşırıq 2023-cü ilin avqust ayında verilmiş, sentyabr, oktyabr və noyabr ayları üzrə aktlarda göstərilən hüquqi şəxslərdən cavabdehə olan borcun alınması istiqamətində iddiaçıya tapşırıq verilməmişdir. Bu səbəbdən iddia tələbi əsassızdır.
27. Cavabdeh apellyasiya şikayətində eyni mövqedən çıxış edərək, tapşırıqların verilməsi və tapşırıqların yerinə yetirilməsinin sübuta yetirilməməsi əsası ilə iddianın rədd edilməsini xahiş etmişdir.
28. Apellyasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, iddiaçı (icraçı) və cavabdeh (sifarişçi) arasında bağlanmış 12 iyul 2023-cü il tarixli 12/07-23-01 nömrəli müqavilə əsasında yaranmış borcların qaytarılması üzrə xidmət göstərilməsi haqqında xidmət müqaviləsinə əsasən sifarişçi icraçıya xidmət müqavilələri əsasında ona ödənilməli olan borcların ödənilməsi üzrə aidiyyəti borclu şəxslərlə kommunikasiyasının təşkilini tapşırır, həmin işlər üzrə nümayəndəlik hüquqlarını, o cümlədən, borc məlumatlarını bildirmək və bilmək səlahiyyətlərini verir.
29. Müqavilənin 3.4-cü bəndinə əsasən tərəflər arasında akt tərtib olunduqdan və hər ikisinin imzalanmasından sonra icraçı xidmət haqqının ona ödənilməsi üçün sifarişçiyə elektron qaimə və hesab-faktura göndərir.
30. İddiaçı tərəfindən cavabdehə EBDS 018907 nömrəli xx.xx.2023-cü il tarixli 1525,84 manat məbləğində, EBDP 822423 nömrəli xx.xx.2023-cü il tarixli 1031,08 manat məbləğində elektron qaimələr göndərilmişdir.
31. İddiaçı və cavabdeh arasında tərtib olunmuş 03 noyabr 2023-cü il tarixli kredit borcların qaytarılması üzrə xidmət göstərilməsi haqqında 05/06-23-01 nömrəli xx.xx.2023cü il tarixli xidmət müqaviləsi üzrə görülmüş işlərin 03 noyabr 2023-cü il tarixli qəbul aktından görünür ki, icraçının sifarişçiyə göstərdiyi xidmətlər nəticəsində 2023-cü ilin oktyabr ayı ərzində ümumilikdə 12715,30 manat mədaxil olunmuş, iddiaçıya ödənilməli olan borc 1525,84 manat təşkil edir.
32. İddiaçı və cavabdeh arasında tərtib olunmuş 03 noyabr 2023-cü il tarixli kredit borcların qaytarılması üzrə xidmət göstərilməsi haqqında 05/06-23-01 nömrəli xx.xx.2023cü il tarixli xidmət müqaviləsi üzrə görülmüş işlərin 05 oktyabr 2023-cü il tarixli qəbul aktından görünür ki, icraçının sifarişçiyə göstərdiyi xidmətlər nəticəsində 2023-cü ilin sentyabr ayı ərzində ümumilikdə 10310,82 manat mədaxil olunmuş, iddiaçıya ödənilməli olan borc 1031,08 manat təşkil edir.
33. Qeyd olunanlardan göründüyü kimi iddiaçı şirkət müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, aktlar tərtib edildikdən sonra tapşırıqlar yerinə yetirilmiş, bundan sonra eqaimələr göndərilmiş, cavabdeh e-qaimələri təsdiq etmişdir. Bunlara baxmayaraq cavabdeh istinad etdiyi dəlillərə dair heç bir sübut təqdim etməmiş, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmişdir.
34. İddiaçı tərəf istinad etdiyi hallara dair müvafiq sübutları təqdim etmişdir. Belə vəziyyətdə sübutetmə vəzifəsi cavabdehin üzərindədir. Kollegiya qeyd edir ki, cavabdehin şikayətdə göstərdiyi məsələlər üzrə heç bir sübut təqdim edilməmişdir. Odur ki, şikayətdə qeyd edilən dəlillər üzrə xüsusatlar öz təsdiqini tapmadığından əsassız hesab edilməlidir.
35. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
36. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
37. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
38. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1226/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.