Məhkəmə qərarları › İş №2-2(103)-732/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-732/2025

24.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-732/2025 24.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: inflyasiya nəticəsində dəymiş zərərin ödənilməsi, preyudisia) hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və X3 ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçının və cavabdehin nümayəndələri (vəkilləri) tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı (sifarişçi) ilə Cavabdeh (podratçı) arasında xx.xx.2011-ci il tarixdə bağlanmış müqaviləyə görə sifarişçi sifariş verir, podratçı isə Bakı şəhəri, Səbail rayonu, 20-ci sahədə yerləşən 15 mərtəbəli “Biznes Mərkəz”nin 7-ci mərtəbəsinin bütövlükdə ona verilməsini öhdəsinə götürür.

2. Cavabdeh Şəmsədddin oğlunun imza və möhürü ilə təsdiq olunmuş arayışda, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 20-ci sahədə 15 mərtəbəli “Biznes Mərkəzi”nin 7-ci mərtəbəsinin tikintisi üçün ödənilməli olan 840 000 manatın sifarişçi İddiaçı tərəfindən tam ödənildiyi və xx.xx.2011-ci il tarixə borcun olmadığı qeyd edilmişdir.

3. İddiaçı iddia ərizəsi və sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 172 ünvanında yerləşən, sahəsi 13 077,6 m2 olan qeyri-yaşayış binasının 7-ci mərtəbəsinin bütünlüklə İddiaçı adına rəsmiləşdirilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması, 200 000 manat borc qismində aldığı pul vəsaitinin və 1300 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin 13 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 200 000 manatın və dövlət rüsumunun əvəzi olaraq 490 manatın tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

5. Məhkəmə hesab etmişdir ki, iddiaçının “qeyri-yaşayış sahəsinin 7-ci mərtəbəsinin onun adına rəsmiləşdirilməsi” tələbinin təmin edilməsi, qeyd olunan əmlakın üçüncü şəxsə satılması və ona təhvil verilməsi səbəbi ilə artıq qeyri-mümkün olduğu üçün təmin oluna bilməz, bu baxımdan iddiaçı, öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

6. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 30 noyabr 2023-cü il tarixli qətnaməsi ilə İddiaçıın apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, eyni tarixli qərardadla cavabdehin hərəkətlərində cinayət əlamətlərinin olub-olmamasının araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilməsi qərara alınmışdır.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının sözügedən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində1 olan “İstehlak qiymətləri indeksinin hesablanmasına dair kalkulyator”a əsasən 2025-ci ildə avqust ayında 2011-ci ilin oktyabr ayına nisbətən istehlak qiymətləri indeksi 211,8 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 2,1 dəfə artmışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

9. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən dəymiş zərərin əvəzi kimi 1 680 000 manatın, nümayəndəyə çəkilən xərcə görə 3000 manatın, dövlət rüsumunun əvəzi qismində 1632 manatın tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi aşağıda göstərildiyi kimi əsaslandırılmışdır:

10.1. İddiaçı 02 iyun 2011-ci il tarixində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh 1 040 000 manat ödəməklə Bakı şəhəri, Səbail rayonu, 20-ci sahədə yerləşən 15 mərtəbəli “Biznes Mərkəz”nin 7-ci mərtəbəsini 1 Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsi, “İstehlak qiymətləri indeksinin hesablanmasına dair kalkulyator” (https://www.azstat.gov.az/pr03101011/) bütövlüklə ona verilməsi barədə müqavilə imzalamışdır. Müqavilə bağlanan zaman, yəni 02 iyun 2011-ci il tarixində iddiaçı tərəfindən cavabdehə 840 000 manat ödənilmişdir. Bundan başqa, cavabdeh iddiaçıdan borc şəkilində əlavə 200 000 manat pul vəsaiti almışdır. Müqavilənin şərtinə əsasən obyekt 1 (bir) il ərzində təhvil verilməli olduğu halda, tikinti işləri yubandığından binanın tikintisi 2016-cı ildə başa çatmışdır. Bundan sonra iddiaçı obyektin təhvil verilməsini dəfələrlə cavabdehdən tələb etsə də, o, hər dəfə bir bəhanə ilə təhvil-təslimdən yayınmışdır. Cavabdeh son olaraq bildirmişdir ki, tezliklə binanın istismara qəbul aktı tərtib olunacaq, bundan sonra o, binaya hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması üçün aidiyyatı qurumlara müraciət edəcəkdir. 10.2. 2022-ci ilin aprel ayının sonlarında iddiaçıya məlum olmuşdur ki, cavabdeh 2018-ci ildə həmin binaya reyestrdən çıxarış əldə edib və binanı hissələrlə satmağa başlayıb. İddiaçı Cavabdeh tərəfindən aldadıldığını başa düşüdükdən sonra vəkilə müraciət etmişdir. Vəkil sorğusuna İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixində verilən cavabdan məlum olmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 172 ünvanında yerləşən ümumi sahəsi 13077,6 m2 təşkil edən qeyri-yaşayış sahəsi Cavabdeh, X9, X5, X6, X7 və "xxxx" MMC-nin adına qeydiyyata alınmaqla hazırda onların mülkiyyətindədir. 10.3. İddiaçı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 172 ünvanında yerləşən 13077,6 m2 olan qeyri-yaşayış binasının 7-ci mərtəbəsinin bütünlüklə İddiaçı adına rəsmiləşdirilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması, sonradan 200 000 manat borc qismində aldığı pul vəsaitinin və iş üzrə ödənilmiş 1300 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin icraat çərçivəsində ona bildirilmişdir ki, cavabdeh öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən o, 2011-ci ildə podrat müqaviləsi üzrə ödədiyi 840 000 manatı cavabdehdən geri tələb etmək hüququna malikdir. 10.4. Eyni zamanda, Cavabdeh Şəmsədddin oğlunun imza və möhürü ilə təsdiq olunmuş arayışa əsasən Bakı şəhəri, Səbail rayonu, Səlyan şossesi 20-ci sahədə 15 mərtəbəli “Biznes Mərkəzi”nin 7-ci mərtəbəsinin tikintisi üçün ödənilməli olan 840 000 manat məbləğin sifarişçi İddiaçı tərəfindən tam ödənildiyi və xx.xx.2011-ci il tarixə borcun olmadığı qeyd edilmişdir. Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş sənədin surətindən müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh 7-ci mərtəbəyə görə xx.xx.2016-cı il tarixində 50 000 manat məbləğində, xx.xx.2016-cı il tarixində 50 000 manat məbləğində, xx.xx.2016-cı il tarixində 25 000 manat məbləğində, xx.xx.2016-cı il tarixində 50 000 manat məbləğində və xx.xx.2016-cı il tarixində isə 25 000 manat məbləğində (cəmi 200 000 manat) ödəniş edilmiş və həmin məbləğin verilməsi və onun alınması Cavabdeh imza və möhürü ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin internet saytında istehlak qiymətləri indeksinin hesablanmasına dair kalkulyator vasitəsilə 2011-ci ilin iyun ayından 2024-cü ilin iyun ayına olan istehlak qiymətlərinin indeksi hesablandıqda məlum olmuşdur ki, 2024-cü ildə iyun ayında 2011-ci ilin iyun ayına nisbətən istehlak qiymətləri indeksi 201,3 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 2 dəfə artmışdır. Bu əsasla cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan borc 2 dəfə artmışdır, yəni 840 000 manat x 2= 1 680 000 manat

11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmiş, məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilmiş (məhkəmə iclasları barədə bildirişlər cavabdehin X1 Sistemindəki (AVİS) kabinetinə yerləşdirilmiş və SMS xəbərdarlıq göndərilmişdir) cavabdeh isə məhkəməyə gəlməmişdir.

12. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması, cavabdehdən 840 000 (səkkiz yüz qırx min) manat pul vəsaitinin, həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1130 (min yüz otuz) manatın və vəkil yardımına çəkilmiş xərclərə görə 1000 (min) manatın iddiaçının xeyrinə tutulması qət edilmişdir.

13. Məhkəmə, Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırkı iş üzrə preyudisial xarakterli qərarına və iş materiallarında olan maliyyə arayışına istinad edərək belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən müqavilə üzrə cavabdehə 840 000 manat pul vəsaiti ödənilmiş, bununla da iddiaçı tərəfindən öhdəliklər tam yerinə yetirilmişdir. Həmçinin hazırki icraat çərçivəsində cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsinin yenidən sübut edilməsinə ehtiyac yoxdur. Belə ki, bu hal əvvəlki icraat çərçivəsində sübuta yetirilmişdir və hazırda bununla bağlı hər hansı mübahisə ola bilməz. Buna görə də iddia tələbi 840 000 manat pul vəsaitinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi hissəsində tamamilə əsaslıdır və təmin edilməlidir.

14. Bununla belə məhkəmə, iddia tələbinin digər hissəsini əsassız hesab etmişdir. Belə ki, iddiaçı həmin hissədə tələbini Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin internet saytında “istehlak qiymətləri indeksinin hesablanmasına dair” kalkulyatordakı nəticəyə uyğun əsaslandırmışdır. Məhkəmə həmin dəlili tutarlı hesab etmədiyindən iddia tələbini həmin hissədə (dəymiş zərər) rədd edilməsi qənaətinə gəlmişdir.

15. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 21.1-ci, 385.1ci, 442-ci, 443-cü, 448.1-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə istinad etmişdir.

16. Qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini aşağıda göstərildiyi kimi əsaslandırmışdır: “...İddiaçının hüququ pozulmasaydı, o zaman iddiaçı cavabdehə ödədiyi pul ilə özünün ehtiyaclarını ödəmək üçün başqa mallar ala bilərdi. Eyni malları hal-hazırda inflyasiyanı nəzərə alaraq, iddiaçı iki dəfə bahasına almağa məcbur olacaq. Cavabdeh fərdi xüsusiyyətləri müqavilədə əks olunan daşınmaz əmlakı iddiaçıya verməli idi və həmin müqavilə üzrə öhdəliyini icra etməmişdir və cavabdehə pulunu da qaytarmamışdır. Hal-hazırda həmin xüsusiyyətlərə malik olan daşınmaz əmlakı əldə etmək üçün cavabdeh iki dəfə daha çox pul xərcləməlidir. Məhkəmə iddiaçıya vurulan zərərin tam şəkildə ödənilməsini təmin etməmişdir. Bu normada birbaşa inflasiyanın nəzərə alınması vəzifəsi müəyyən edilmişdir. Həmin vəzifə torpaqların alınması ilə bağlı münasibətlərə şamil edilsə də, qanunun analogiyası üzrə hazırki münasibətlərə də şamil edilməlidir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin internet saytında “istehlak qiymətləri indeksinin hesablanmasına dair” kalkulyator vasitəsilə 2011-ci ilin iyun ayından 2024-cü ilin iyun ayına olan istehlak qiymətlərinin indeksi hesablandıqda məlum olmuşdur ki, 2024-cü ildə iyun ayında 2011-ci ilin iyun ayına nisbətən istehlak qiymətləri indeksi 201,3 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 2 dəfə artmışdır. Bu əsasla cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan borc 2 dəfə artmışdır, yəni 840.000 manat x 2 = 1.680.000 manat olmuşdur. Sözügedən tələbin hüquqi əsası qismində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən elan edilmiş hər il üzrə istehlak qiymətləri indeksi çıxış edir. Bu səbəblə iddiaçı iddia tələbinin əlavə 840 000 manat tələb edilməsi hissəsində istehlak qiymətləri indeksinin hesablanmasına dair kalkulyator vasitəsilə hesablanmış çıxarışa istinad etmişdir. 2011-ci il ilə müqayisədə qiymətlərin, o cümlədən də daşınmaz əmlaka olan qiymətlərin artdığı hamıya məlum faktdır və təbii ki, məhkəmə də bunu gözəl bilir. Həmçinin hamıya məlum olan faktdır ki, 2015-ci ildə Azərbaycanda devalvasiya baş vermişdir və manatın dəyəri yenə də iki dəfə aşağı düşmüşdür. İddiaçı 2011-ci ildə müqaviləyə əsasən cavabdehə pulu ödəyəndə bir il ərzində daşınmaz əmlakı əldə edəcəyinə, ondan gəlir əldə etməyə başlayacağına ümid etmişdir. Lakin, cavabdeh nəinki əmlakı ona təhvil verməmişdir, hələ iddiaçının pullarını da özündə saxlamışdır və iddiaçını məhrumiyyətlərə məruz qoymuşdur, iddiaçını öz pulundan bəhrələnmək imkanından məhrum etmişdir. Hal hazırda iddiaçının cavabdehdən alacağı 840 000 manat pul vəsaitinin dəyəri 2011-ci ildə həmin vəsaitin dəyəri ilə eyni deyil və məhkəmə bu faktı nəzərə almalı idi. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məhərrəmov Azərbaycana qarşı” (5046/07) saylı ərizə üzrə 09 may 2019-cu il tarixli Qərarında müəyyən olunmuşdur ki, “hazırki işdə maddi zərərin qiymətləndirilməsi Məhkəmənin Guiso-Gallisa İtaliyaya qarşı işindəki ((əvəzin ədalətli ödənilməsi) [BP], no 58858/00, xx.xx.2009) qərarında qəbul edilmiş prinsiplərə əsaslanmalıdır. Xüsusilə, maddi zərərin (məsələn, əmlakın bazar qiyməti) qiymətləndirilməsində nəzərə alınacaq tarix əmlakdan məhrum olmanın baş verdiyi tarix olmalıdır və əgər dövlət daxili səviyyədə hər hansı kompensasiya ödənilibsə, bu, əmlakın bazar dəyərinə uyğun olan məbləğdən çıxılmalıdır (§§ 103-105). Bundan əlavə, bu məbləğ inflyasiyanın təsirlərini əvəzləşdirmək üçün cari dəyərinə çevrilməlidir və faiz ən azı ərizəçinin əmlakdan məhrum edilmiş olduğu uzun dövr üçün müəyyən hissədə ödənilməlidir.”

17. Qətnamədən cavabdehin nümayəndəsi (vəkili) də apellyasiya şikayəti verərək, onun ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi cavabdehin iştirakını təmiş etməmiş və bununla da çəkişmə prinsipini pozmuş, tərəflər arasında eyni münasibət və eyni predmet arasında mübahisənin olmasını nəzərə almamaqla Mülki Prosessual Məcəllənin 233-cü maddəsinin tələblərini pozmuşdur.

Apellyasiya şikayətinə qarşı etiraz

18. İddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, Mülki Prosessual Məcəllənin 233-cü maddəsinə istinadı əsassız hesab etdiyini, iddiaçının ilkin olaraq qaldırdığı iddia üzrə iddia predmetinin tamamilə fərqli olduğunu, həmin iddia tələbi üzrə mübahisəyə baxan məhkəmələrin onun 2011-ci ildə podrat müqaviləsi üzrə ödədiyi 840 000 manatı cavabdehdən geri tələb etmək hüququna malik olduğunu izah etdiklərini bildirmişdir.

Apellyasiya baxışı, izahatlar

19. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili), habelə cavabdeh və onun nümayəndəsi (vəkili) hər bir öz apellyasiya şikayətlərinin dəlillərini müdafiə edərək müvafiq qətnamə çıxarılmasını xahiş etmişlər.

20. Bakı Apellyasiya Məhkəməsinin 23 iyul 2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin olunmuş və ekspertin qarşısında - Bakı şəhəri, Səbail rayonu, 20ci sahə, 15 mərtəbəli “Biznes mərkəzi”ndə ümumi sahəsi 862,30 m2 olan 7-ci mərtəbənin hazırki dövrdə təmirsiz bazar dəyəri nə qədər təşkil edir? – sualı qoulmuşdur.

21. “Əmlak Ekspertiza Mərkəzinin” 03 sentyabr 2025-ci il tarixli rəyinə görə, Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, 15 mərtəbəli “Biznes mərkəzi”ndə ümumi sahəsi 862,30 m2 olan 7-ci mərtəbənin 03 sentyabr 2025-ci il tarixinə bazar dəyəri 1 897 000 manat təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

22. Maddə 15 (İİ). Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir.

23. Maddə 59 (İ). Hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

24. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir

25. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.

26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

27. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

28. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

29. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

30. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

31. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

“Sahibkarlıq fəaliyyəti haqqında” Qanun

32. Maddə 7. Öz fəaliyyəti haqqında dövlət, statistika və maliyyə orqanlarına müəyyən edilmiş formada hesabatlar vermək sahibkarın vəzifəsidir.

33. Maddə 8.2. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən sahibkar bu fəaliyyətlə bağlı öhdəliklər üçün özünün bütün əmlakı ilə cavabdehdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

34. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

35. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

44. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

47. Cavabdehin nümayəndəsinin (vəkilinin) apellyasiya şikayətinin bir dəlili də məhkəmə prosesləri barədə məlumatlandırılmamış olması ilə bağlıdır; bu dəlil isə birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozuntusuna yol verib-vermədiyinin araşdırılmasını zəruri edir.

48. Mülki prosessual qanunvericilikdə təsbit edilmiş çəkişmə prinsipi Konstitusiyanın 60-cı maddəsinə uyğun olaraq məhkəmə müdafiəsi hüququnun təməl institutudur (§ 34). Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı mövqeyə görə məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən xəbərdar olmasını da ehtiva edir (“K.Abbasovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 21 yanvar 2016-cı il tarixli Qərarı).

49. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə çəkişməli məhkəmə hüququ prinsip etibarilə cinayət və ya mülki məhkəmə tərəflərinə məhkəmənin qərarına təsir etmək üçün hətta milli hüquq xidmətinin müstəqil üzvü tərəfindən təqdim edilmiş bütün sübutlar və müşahidələrlə tanış olmaq və onlara dair şərh vermək imkanını nəzərdə tutur (Ruiz-Mateos İspaniyaya qarşı, § 63; McMichael Birləşmiş Krallığa qarşı, § 80; Vermeulen Belçikaya qarşı, § 33; Lobo Portuqaliyaya qarşı, § 31; Kress Fransaya qarşı [BP], § 74). Bununla belə, çəkişməli məhkəmə hüququ mütləq hüquq deyil və onun tətbiq dairəsi sözügedən məhkəmə işinin xüsusi hallarından asılı olaraq dəyişə bilər (Hudakova və digərləri Slovakiyaya qarşı).

50. Qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir (§ 41).

51. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi prosesin gedişatı barədə tərəfləri məlumatlandırmış, müvafiq bildirişlər cavabdehin AVİS kabinetinə yerləşdirilmiş və ünvanına göndərilmiş, eləcə də SMS xəbərdarlıq vasitəsi ilə prosesslər barədə ona məlumat verilmişdir (§ 11).

52. Göründüyü kimi birinci instansiya məhkəməsi cavabdehin iştirakın təmin edilməsi üçün bütün zəruri prosessual səyləri göstərmiş, lakin cavabdeh lazımı fəallıq və sayıqlıq göstərməyərək məhkəmə iclaslarının gedişatı barədə maraqlanmamışdır.

53. Bu xüsasatda kollegiya ona da diqqət çəkir ki, sahibkarlıq fəaliyyəti müəyyən risklər daşımaqla yanaşı həmin fəaliyyətlə məşğul olan şəxsin öz fəaliyyətini peşəkar qaydada təşkil etmək öhdəliyini də ehtiva edir. Bu isə digər məsələlərlə yanaşı vaxtlı-vaxtında dövlət orqanlarının təqdim etdiyi sənədlərə (xəbərdarlıqlar, bildirişlər, məktublar və s.) ya özü, ya da bu sahədə peşəkarlar (hüquqşünaslar, maliyyəçilər və s.) cəlb etməklə vaxtında münasibət bildirməsini də əhatə edir (§ 32). Əks təqdirdə kommersiya subyektləri vaxtında göstərmədikləri sayıqlığın riskini daşıyırlar. Bu baxımdan, bu cür fəaliyyətlə məşğul olan şəxslər dövlət orqanlarında (həmin orqanların qanuni çərçivədə verilmiş göstərişlərini) özləri və ya öz nümayəndələri vasitəsi ilə təmsil olunaraq hüquqlarını daha aktiv qorunması üçün səy göstərməlidirlər.

54. Nəzərə alınmalıdır ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Başqa sözlə, sahibkarlıq fəaliyyətinin üç xüsusiyyəti var: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması (§ 24). Eyni zamanda, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 133.1-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 20 sentyabr 2004-cü il Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə sahibkarlıq fəaliyyəti mahiyyət etibarı ilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və ya xidmətlər göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyən növlər üzrə sahibkarın riski ilə həyata keçirilən, məhz müstəqil bir fəaliyyətdir.

55. Bu kontekstdə kollegiya qeyd edir ki, məhkəmə pozulmuş hüququnun bərpası institutudur və kommersiya subyekti olan iddiaçının nöqsanlarını düzəltmək vəzifəsi yoxdur. Kollegiya vurğulamağı zəruri hesab edir ki, Konstitusiyada "azad sahibkarlığa təminat" məhz təminatdır (§ 22, 23) və Azərbaycan Respublikasının sahibkarların daşımalı olduğu riskləri onlarla birgə bölüşdürülməsi kimi şərh edilə bilməz.

56. Beləliklə məhkəmə, iclasların yeri və vaxtı barədə cavabdeh lazımi qaydada məlumatlandıraraq işə baxmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipləri pozmamışdır.

57. Mübahisənin mahiyyəti və apellyasiya şikayətlərinin digər dəlilləri ilə bağlı isə kollegiya aşağıdakıları qeyd edir:

58. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

59. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

60. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, o, 02 iyun 2011-ci il tarixində cavabdehə 840 000 manat ödəməklə Bakı şəhəri, Səbail rayonu, 20-ci sahədə yerləşən 15 mərtəbəli “Biznes Mərkəz”nin 7-ci mərtəbəsinin bütövlüklə ona verilməsi barədə müqavilə imzalamışdır; cavabdeh isə buna etiraz edərək bildirir ki, sözügedən müqavilə üzrə mübahisə ilə bağlı artıq qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur və hazırkı iddia irəli sürülə bilməz.

61. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun təmin edilməsində təməl konstitusion prinsip olan hüquqi müəyyənlik və onun tərkib hissəsi olan “res judicata” prinsiplərinin birgə tətbiqi onu tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın (“A.Əliyevin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 may 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun 11 iyun 2019-cu il tarixli Qərarı).

62. Konstitusiya Məhkəməsinin ifadə elədiyi hüquqi mövqeyə əsasən, məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi onun bütün keyfiyyətlərini özündə əks etdirməsini ehtiva edir. Bu isə digər məsələlərlə yanaşı qərarın preyudisial qüvvə alması ilə nəticələnir (“R.Süleymanov və F.Adıgözəlovun şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2017-ci il tarixli qərarının AR-ının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumu 12 iyul 2018-ci il tarixli Qərarı). Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı sabitliyi təmin etməkdir. Eyni zamanda preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarı). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.

63. Göründüyü kimi bir icraatda qəbul edilən qərarın digər icraatın gedişatına müəyyən təsiri olur; bununla belə bu təsir mütləq xarakter daşımır və müvafiq olaraq hər icraatın (müki, cinayət, inzibati və kommersiya) təbiətinə, eləcə də fəlsəfəsinə uyğun olaraq tətbiq edilir.

64. Preydusianın tətbiq edilməsi üçün isə mübahisə eyni tərəflər, eyni əsas və eyni predmet üzrə olmalıdır.

65. Hazırkı halda mübahisə eyni tərəflər arasında olsa da, iddia tələbinin əsası və predmeti fərqlidir. Belə ki, cavabdehin istinad etdiyi qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının əsasını təşkil edən iddia tələbi (§ 3) ilə hazırkı iddia tələbi (§ 9) tamamilə fərqlidir. Bu halda kollegiya onu da nəzərə alır ki, əvvəlki iddia tələbi üzrə məhkəmələr cavabdehin öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi səbəbindən, iddiaçıya 2011-ci ildə podrat müqaviləsi üzrə ödədiyi 840 000 manatı cavabdehdən geri tələb etmək hüququna malik olmasını izah etmişlər.

66. Belə olan halda birinci instansiya məhkəməsinin 840 000 manat pul vəsaitinin iddiaçının xeyirinə tutulması barədə gəldiyi qənaəti tamamilə əsaslıdır.

67. Bununla belə, birinci instansiya məhkəməsi hazırkı iddia tələbini digər hissədə (təmin edilməyən 840 000 manat hissəsində) təmin etməməklə əsassız nəticəyə gəlmişdir.

68. Belə ki, iddiaçı inflyasiya nəticəsində itirdiyi pul vəsaitini Mülki Məcəllənin 21.1, 442-ci və 443.1-ci maddələrinə görə tələb edə bilər.

69. Konstitusiya Məhkəməsinin Plenumu da qeyd etmişdir ki, “...Əmlakın bir şəxsə aid pulla qiymətləndirilə bilən bütün haqq (subyektiv hüquq) və öhdəliklərin məcmusu olduğu nəzərə alınarsa şəxsin əmlakında onun iradəsindən kənar istənilən azalma zərəri ifadə edir. Faktiki (real) zərər əmlakın dəyərində birbaşa pulla ölçülə bilən azalmada ifadə olunmaqla əmlak aktivinin faktiki azalması, passivinin isə artması şəklində təzahür olunur. Əldən çıxmış fayda isə əmlakın aktivinin (əmlak haqlarının dəyərinin) artması imkanının, həmçinin passivlərinin (öhdəliklərin dəyərinin) azalması imkanının aradan qalxması şəklində baş verir. Mülki Məcəllənin 135.1 və 135.2-ci maddələrinə əsasən, əşya olaraq pul da əmlak anlayışının tərkibinə daxildir. Qeyd edilməlidir ki, pulun məbləği və pulun dəyəri fərqli anlayışlar olmaqla birinci valyuta məzənnəsinin üzərində öz əksini tapan rəqəm (pul nişanı) ilə müəyyənləşdirildiyi halda, pulun dəyəri valyutanın bir vahidinə alına bilən malların (xidmətlərin) kəmiyyətini ifadə edir və pulun alıcılıq qabiliyyətinə əsasən təyin edilir. İnflyasiya (latın dilindən tərcümədə - şişmə) məhz mal və xidmətlərin qiymətinin artması ilə müşayiət olunan pulun dəyərsizləşməsi, pulun alıcılıq qabiliyyətinin azalması prosesini ifadə edir. Beləliklə, pul vahidinin mal və xidmətlərin əldə edilməsi üçün əvvəlki satınalma gücünün azalması pulun dəyərinin azalmasıdır ki, əmlak xarakterli öhdəliklərin, o cümlədən borc öhdəliyinin icra edilməməsi halında pulun məbləğinin dəyərinin düşməsi kreditorun (mülkiyyətçinin) əmlak aktivinin faktiki azalmasına səbəb olmaqla onun mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Kreditor öhdəliyin icrasının gecikdirilməsi halında həmin müddət üçün əmlakından məhrum olur, bu da əmlakdan istifadə etmək, yararlanmaq imkanının aradan qalxması ilə nəticələnir. Halbuki, öhdəliyin vaxtında icra edildiyi təqdirdə borcverən (kreditor) həmin pul məbləğindən məhz həmin ana uyğun alıcılıq qabiliyyəti üzrə istifadə etmək imkanına malik olardı. Öhdəliyin icra edilməməsi dedikdə isə Mülki Məcəllənin 442 və 443.1-ci maddələrinə əsasən onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Göstərilənlərə əsasən belə qənaətə gəlinir ki, Mülki Məcəllənin 21.2-ci maddəsinin əmlakından məhrum olması və ya əmlakının zədələnməsi müddəası digər real zərərlərdə olduğu kimi gecikdirmə müddəti ərzində pulun dəyərinin azalması şəklində ifadə olunan zərər anlayışını da özündə ehtiva edir.” (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ və İİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 aprel 2025-ci il tarixli Qərarı).

70. Göründüyü kimi pul vəsaitinin dəyərinin azalmasına (inflyasiya) görə iddiaçı zərər tələb edə bilər.

71. Azərbaycan Dövlət Statistika Komitəsinin müvafiq məlumatına görə 2025-ci ildə avqust ayında 2011-ci ilin oktyabr ayına nisbətən istehlak qiymətləri indeksi 211,8 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 2,1 dəfə artmışdır. Həmçinin Ali Məhkəmə Dövlət Statistika Komitəsinin bu tipli məlumatlarının kommersiya dövriyyəsində istifadəsini təsbit etmiş və bu məlumatlardan yararlanmağı tərəflərə tövsiyyə etmişdir.2

72. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsinin 23 iyul 2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş və “Əmlak Ekspertiza Mərkəzinin” 03 sentyabr 2025-ci il tarixli rəyində göstərilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, 15 mərtəbəli “Biznes Mərkəzi”ndə ümumi sahəsi 862,30 m2 olan 7-ci mərtəbənin 03 sentyabr 2025-ci il tarixinə bazar dəyəri 1 897 000 manat təşkil edir.

73. Göründüyü kimi istehlak qiymətləri Respublikanın ərazisində 2025-ci ildə avqust ayında 2011-ci ilin oktyabr ayına nisbətdə 2,1 dəfə artmışdır. Başqa sözlə, ölkədə qeyd edilən dövrlərdə inflyasiya nəticəsində pul vəsaitinin dəyəri azalmışdır və aydın məsələdir ki, bu halda iddiaçının 2011-ci ildə cavabdehə ödədiyi 840 000 manat pul vəsaitinin dəyəri də azalmışdır.

74. Digər tərəfdən, hazırda sözügedən əmlakın bazar dəyəri 1 897 000 manat təşkil edir, yəni əmlakın dəyəri iddiaçı ödəniş etdiyi vaxtdan bəri 1 057 000 manat məbləğində artmışdır.

75. Belə olan halda iddiaçı əlavə olaraq 840 000 manat məbləğində pul vəsaitini tələb etməkdə haqlı olmuşdur.

76. Şərh edilənləri ümumiləşdirərək kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmalı, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmalı, iddia tələbi həmin hissədə təmin olunmalı, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməlidir.

77. Məhkəmə xərclərinə də qiymət verilməsinin zəruriliyini vurğulayan kollegiya hesab edir ki, iddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 816 (səkkiz yüz on altı) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməli, cavabdeh tərəfindən verilən apellyasiya şikayəti üçün ödənilən rüsumun məbləği tərəfin özünə aid edilməli, apellyasiya instansiyasında keçirilmiş ekspertizanın dəyəri olan 500 (beş yüz) manat pul vəsaiti Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına köçürülməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

2 Ali Məhkəmə, İş № 2-2(102)-123/2025, § 49 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2025/3_123+02.04.2025.pdf)

78. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli e-16(113)-5346/2024 qətnaməsi iddianın təmin edilməmiş hissəsində ləğv edilsin və həmin iddia tələbi təmin edilsin. Cavabdeh dəymiş zərərin əvəzi olaraq 840.000 (səkkiz yüz qırx min) manat, hüquqi yardım göstərilməsinə görə 2000 (iki min) manat və 502 (beş yüz iki) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 816 (səkkiz yüz on altı) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qətnamə “Cavabdeh 840 000 (səkkiz yüz qırx min) manat pul vəsaiti, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 1130 (bir min yüz otuz) manat və vəkil yardımına çəkilmiş xərclərə görə 1000 (bir min) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun” hissəsində dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Apellyasiya instansiyasında keçirilmiş ekspertizanın dəyəri olan 500 (beş yüz) manat pul vəsaiti Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar