Məhkəmə qərarları › İş №2-2(103)-737/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-737/2023

26.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-737/2023 26.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X7 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı (X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) “yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-470/2023 saylı, 26 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən Bakı şəhəri, A.Məmmədov küçəsində inşa edilmiş 1 girişli yaşayış binasında yerləşən 1.400 kv.m. (o cümlədən binanın 6-cı mərtəbə yerləşən sahəsi 138 kv.m. 3 otaqlı, sahəsi 97 kv.m. olan 2 otaqlı mənzil, 8-ci mərtəbəsində yerləşən sahəsi 106 kv.m. olan 2 otaqlı mənzil, 10-cu mərtəbədə yerləşən hər birinin sahəsi 138 kv.m. 2 ədəd 3 otaqlı, 90 kv.m. 2 otaqlı mənzil, 14-cü mərtəbəsində yerləşən sahəsi 106 kv.m. olan 2 otaqlı, sahəsi 97 kv.m. olan 2 otaqlı, sahəsi 98 kv.m. olan 2 otaqlı mənzilin) yaşayış sahəsinin İddiaçı MTK-ya təhvil verilməsinə, həmçinin mediasiya xidməti və dövlət rüsumu üçün ödənilmiş 100 manat cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tikinti aparan olaraq, tikinti layihə sahibi İddiaçı MTK arasında 20 may 2014-cü il tarixdə podrat müqaviləsi, daha sonra da həmin müqavilədən irəli gələn razılaşmaya əlavə olaraq 27 may 2015-ci il tarixdə “Hündür mərtəbəli yaşayış binasının tikintisinə dair” əməkdaşlıq müqaviləsi bağlanmışdır. Həmin müqavilələrə əsasən İddiaçı MTK özünə aid olan bir bloklu binanın tikinti layihənin reallaşdırılmasını Cavabdeh MMC-yə həvalə edir, Cavabdeh MMC ona həvalə edilmiş Bakı şəhəri, A.Məmmədov küçəsində təsdiq edilmiş layihə əsasında çoxmərtəbəli 1 girişli yaşayış binasının tikilməsini və ona güzəşt edilmiş tikinti layihə sahələrin əvəzində İddiaçı MTK-ya 1.400 kv.m. yaşayış sahəsinin verilməsini öhdəsinə götürmüşdür. Podrat müqaviləsinin 2.1-ci bəndinə əsasən, adıçəkilən 19 mərtəbəli yaşayış binasının tikintisini Cavabdeh MMC bu müqavilə təsdiq edildiyi tarixdən 3 il 6 ay müddətində geç olmayaraq başa çatdırılmasını, müqavilənin 3.1-ci bəndində tikiləcək binanın yaşayış və qeyri-yaşayış sahələrinin 50%-ni İddiaçı MTK-ya verəcəyini, 3.7-ci bəndində isə sərəncamla sifarişçiyə ayrılmış bir girişli binanın tikintisinin hazır vəziyyətə gətirilməsi ilə əlaqədar digər bütün işləri Cavabdeh MMC-nin öhdəliyinə aid edilmişdir. Tərəflər arasında 27 may 2015-ci il tarixdə bağlanmış “Hündür mərtəbəli yaşayış binasının tikintisinə dair” əməkdaşlıq müqaviləsinin 2.1-ci bəndində qeyd edilən razılaşma şərtinə əsasən İddiaçı MTK-ya podrat müqaviləsində veriləcəyi müəyyən edilmiş tikilinin 50 %-i, konkret sahə ilə ifadə edilməklə azaldılıb 1.400 kv.m. yaşayış sahəsinin verilməsi ilə razılaşdırılmışdır. Bu razılaşdırılmış sahəyə podrat müqaviləsi bağlanılana kimi keçmiş müddətlərdə İddiaçı MTK tərəfindən barəsində müqavilə bağlanmaqla özgəninkiləşdirilmiş mənzillər daxil edilməklə, nəzərə alınmışdır. Çünki podrat müqaviləsində sonrakı sahələrin satılması hüququ Cavabdeh MMC-yə ötürülmüşdür. Verilməli olan sahələr aşağıdakı kimi müəyyən edilmişdir. 6-cı mərtəbə yerləşən sahəsi 138 kv.m. 3 otaqlı, sahəsi 97 kv.m. olan 2 otaqlı mənzil, 8-ci mərtəbəsində yerləşən sahəsi 106 kv.m. olan 2 otaqlı mənzil, 10-cu mərtəbədə yerləşən hər birinin sahəsi 138 kv.m. 2 ədəd 3 otaqlı, 90 kv.m. 2 otaqlı mənzil, 14-cü mərtəbəsində yerləşən sahəsi 106 kv.m. olan 2 otaqlı, sahəsi 97 kv.m. olan 2 otaqlı, sahəsi 98 kv.m. olan 2 otaqlı mənzilin hər birinə öncədən MTK tərəfindən müqavilələr yazılmışdır. Verilməsi razılaşdırılmış 1.400 kv.m. mənzil sahəsindən yerdə qalan hissəsinə də İddiaçı MTK-nın icraçı direktoru Müslət Nəcəfovun ölümündən sonra Cavabdeh MMC tərəfindən onun həyat yoldaşı X1 adına yazılıb verilmişdir. Lakin qeyd olunan sahələrin verilməsini cavabdeh müxtəlif bəhanələrlə təmin etmir. Bu müddətlər ərzində müqavilə öhdəliklərinə vaxtında və lazımı qaydada icra edilməsi cavabdehə dəfələrlə təklif olunsa da nəticəsi olmamışdır. Tərəflər arasında tikinti və sahələrin bölgüsü ilə bağlı mövcud podrat və əməkdaşlıq müqavilə münasibətlərindən irəli gələn və iddiaçıya verilməsi cavabdehin öhdəliyinə daxil edilmiş, tikintidən 1.400 kv.m. yaşayış sahəsi cavabdehdən tam şəkildə tələb olunmalıdır.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir

4. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-470/2023 saylı, 26 may 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

5. İddiaçı apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 470/2023saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv, İddiaçı MTK-nın Cavabdeh MMCyə qarşı iddiasının təmini barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianın təmin edilməməsi ilə bağlı məhkəmənin (hakimin) mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı halda iddiaçı tərəflər arasında mövcud müqavilələrdən irəli gələn qarşılıqlı icranın həyata keçirilməsinin tələb etsə də, müqavilədə şərtləşdirilmiş öhdəliyin icra etməsini sübuta yetirə bilməmişdir. Bundan başqa, mübahisəli yaşayış binasının tikintisi tərəflər arasında mövcud əməkdaşlıq və podrat müqavilələrinə əsasən İddiaçı MTK-nın təqdim etdiyi sənədlər (o cümlədən torpaq sahəsinə dair sənədlər) əsasında deyil, Cavabdeh MMC tərəfindən müstəqil olaraq alınmış eskiz layihəsi əsasında və Cavabdeh MMC-nin icarəsində olan torpaq sahəsində inşa edilmişdir. Buradan aşkar şəkildə görünür ki, məhkəmə tərəflər arasında mövcud müqavilələr əsasında qarşılıqlı öhdəliklərin razılaşdırıldığını müəyyən etmiş, lakin mübahisə ilə bağlı halları tam aydınlaşdırmadığından, iş üzrə tərəflərin müqavilə münasibətləri və onun icrası ardıcıllığı baxımı üzrə düzgün nəticəyə gələ bilməmişdir. Ən əsası da torpaq sahəsi və layihəyə sonrakı dəyişiklərin edilməsini, binanın inşasının tərəflər arasında bağlanmış müqavilə əsasında deyil, cavabdeh tərəfindən sərbəst şəkildə torpaq sahəsinin əldə etməsi, binanı özünə məxsus layihə əsasında sərbəst inşa etdiyi kimi, işin əslinə zidd olan, yanlış şərh etməsi nəticədə mübahisə ilə bağlı yanlış qənaətli qətnamənin çıxarılmasına səbəb olmuşdur. Belə ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.1994-cü il tarixli 1119 nömrəli torpaq sahəsinin ayrılması haqqında sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayonu, 267 nömrəli orta məktəbin şimal-qərb hissəsindəki ərazidə 5 bloklu 18 mərtəbəli yaşayış evinin layihələşdirilməsi və tikintisinə İddiaçı MTK-ya icazə verilmişdir. Həmin sərəncam əsasında nəzərdə tutulmuş bina kompleksinin 5 binadan (blokunda) 4 bloku layihələndirilib, tikintisi tamamlanmışdır. Qalmış bir 5-ci blokunun (binanın) inşası üçün kotlavanı qazılmış, tikintisinə başlanması üçün əlaqəli tədbirlər görülmüş, o cümlədə layihənin üstündən uzun müddət keçdiyindən, yenilənməsi və təsdiqlənməsinə verilmişdir. Həmin ərəfədə sonradan Cavabdeh MMC-ni təsis emiş Xanlar Cəfərov həmin layihənin birgə həyata keçirilməsini təklif etmiş və razılaşmışlar. Məhz bu razılaşmanın nəticəsi olaraq sonradan tikinti aparan olaraq Cavabdeh MMC ilə tikinti layihə sahibi İddiaçı MTK arasında 20 may 2014-cü il tarixdə Podrat müqaviləsi, daha sonra da həmin müqavilədən irəli gələn razılaşmaya əlavə olaraq 27 may 2015-ci il tarixdə “Hündür mərtəbəli yaşayış binasının tikintisinə dair” Əməkdaşlıq müqaviləsi bağlanmışdır. Həmin müqavilələrə əsasən İddiaçı MTK özünə aid olan bir bloklu binanın tikinti layihənin reallaşdırılmasını Cavabdeh MMC-yə həvalə edir, Cavabdeh MMC ona həvalə edilmiş Bakı şəhəri, A.Məmmədov küçəsində təsdiq edilmiş layihə əsasında çoxmərtəbəli 1 girişli yaşayış binasının tikilməsini və ona güzəşt edilmiş tikinti layihə sahələrin əvəzində İddiaçı MTK-ya 1.400 kv.m. yaşayış sahəsinin verilməsini öhdəsinə götürmüşdür. Podrat müqavilənin 2.1-ci bəndinə əsasən, adı çəkilən 19 mərtəbəli yaşayış binasının tikintisini Cavabdeh MMC bu müqavilə təsdiq edildiyi tarixdən 3 il 6 ay müddətində geç olmayaraq başa çatdırılmasını, müqavilənin 3.1-ci bəndində tikiləcək binanın yaşayış və qeyri-yaşayış sahələrinin 50%-ni İddiaçı MTK-ya verəcəyini, 3.7-ci bəndində isə sərəncamla sifarişçiyə ayrılmış bir girişli binanın tikintisinin hazır vəziyyətə gətirilməsi ilə əlaqədar digər bütün işləri Cavabdeh MMC-nin öhdəliyinə aid edilmişdir. Tərəflər arasında 27 may 2015-ci il tarixdə bağlanmış “Hündür mərtəbəli yaşayış binasının tikintisinə dair” Əməkdaşlıq müqaviləsinin 2.1-ci bəndində qeyd edilən razılaşma şərtinə əsasən İddiaçı MTK-ya Podrat müqaviləsində veriləcəyi müəyyən edilmiş tikilinin 50 %-i, konkret sahə ilə ifadə edilməklə azaldılıb 1.400 kv.m. yaşayış sahəsinin verilməsi ilə razılaşdırılmışdır. Cavabdeh tərəfindən həmin ərazidə bir bloklu yaşayış binası inşa edilmiş, lakin müqavilədə qarşılıqlı icra edilməli olan 1.400 kv.m. sahəni müqavilənin digər tərəfinə verilməsini təmin etməmişdir. Göründüyü kimi tərəflər arasında müqavilə münasibətləri qarşılıqlı icra öhdəlikləri ilə şərtləndirilmişdir. Məhkəmənin özü də müqavilədə tərəflərin öhdəliklərinin qarşılıqlı icra olunması olduğunu müəyyən etmiş, lakin müqavilənin icrası ilə bağlı işin dəlillərinə uyğun olmayan yanlış nəticəyə gəlmişdir. Belə ki, məhkəmə hesab etmişdir ki, tərəflər arasında qeyd olunan müqavilə bağlanmasına baxmayaraq, iddiaçı müqavilə üzrə icra edilməli olan öhdəliyi yerinə yetirməmiş, cavabdeh sərbəst halda torpaq sahəsi əldə etməklə, yeni layihə təsdiqlətdirmişdir. Ona görə də inşa etdiyi binanın iddiaçıya və tərəflərin arasında mövcud müqaviləyə aidiyyəti olmamışdır. Ortaya belə bir sual çıxır, əgər cavabdeh özü sərbəst halda ayrıca torpaq sahəsi əldə edib, yeni layihəni təsdiqləyi və həmin torpaq sahəsində binanı inşa edirdisə, onda iddiaçı ilə ona məxsus layihənin reallaşdırmaq üçün adı keçən müqavilələri niyə bağlayırdı və həmin müqavilədə öhdəlik götürürdü? Bu hansı məntiqə söykənir? Deyək ki, müqavilə bağlananda tərəflər anlaqsız olmuşdu, onda adı keçən bina iddiaçıya məxsus ərazidə niyə yerləşir? Məhz iddiaçı tərəfindən katlavanı qazılmış yerdə necə inşa olundu? Məhkəmənin belə bir mövqeyin nümayış edilməsi, ümumiyyətlə müqavilədə və layihələrdə adı keçən torpaq sahəsinin yerləşdiyi durumunu aydınlaşdıra bilməmişdir. Halbuki, binanın inşası iddiaçıya ayrılmış torpaq sahəsində və onun adına təsdiqlənmiş layihə əsasında başlamışdır. Sonradan həmin torpaq sahəsinə bitişik və faktiki iddiaçının istifadəsində olan torpaq sahəsi də icarəyə götürülmüş, ərazi genişləndirilmişdir. Layihələr, istifadəsində olan torpaq sahəsi də icarəyə götürülmüş, ərazi genişləndirilmişdir. Layihələr, tikintiyə başlanması və s. bütün razılıqlar layihənin aid olduğu İddiaçı MTK-nın adına olmuş, sonradan Cavabdeh MMC-nin adına dəyişdirilmişdir. Buna da əsas tərəflər arasında adı çəkilən mövcud müqavilələr və onda razılaşdırılmış şərtlərin icrası olmuşdur. Bir sıra eyni sənədlərdə isə hər ikisinin adı keçmişdir. Qətnamənin əsası kimi məhkəmənin istinad etdiyi halların özəyində cavabdeh tərəfindən torpaq sahəsinin icarəyə götürlməsi dayanır və bu baxımdan məhkəmə binanın müqavilədə nəzərdə tutulmuş sahədə deyil, ayrı sahədə inşa edildiyi qənaətinə gəlmişdir. Halbuki, həmin tikintiyə icazə, layihənin təsdiqlənməsi, özülün qazılması və binanın tikintisinə adı çəkilən torpağın icarə müqaviləsinin bağlanmasından qabaq olmuşdur. İcarə müqaviləsinin bağlanması isə faktiki iddiaçının istifadəsində olan torpaq sahəsinin tikinti altı istifadə edildiyi üçün rəsmiləşdirilməsi və layihənin genişləndirilməsi məqsədlərindən irəli gəlmişdir. Layihənin genişləndirilməsi ilə əldə edilən əlavə sahələr, cavabdehə aid olduğundan bu daha çox onun marağında olmuşdur. Məhkəmə isə iş üçün əhəmiyyət kəsb edən qeyd olunan halları tam aydınlaşdırmamış, təqdim edilmiş müqavilə üzrə müəyyən edilmiş öhdəlikləri düzgün şərh etməmiş, faktiki müəyyən edilmiş müqavilə üzrə qarşılıqlı öhdəliklərin icrası ilə bağlı tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. Mülki Məcəllənin 441.1-ci maddəsinə görə tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır.

10. Həmin Məcəllənin 441.2-ci maddəsinə görə mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

12. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

13. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

14. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

15. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır.

16. Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.1994-cü il tarixli 1119 nömrəli torpaq sahəsinin ayrılması haqqında sərəncamı ilə “Azərelektroterm” Birliyinin məktubu nəzərə alınaraq, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayonun şimal-şərq hissəsində çoxmərtəbəli yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahəsində 2 ədəd 18 mərtəbəli yaşayış evinin əvəzinə 267 nömrəli orta məktəbin şimal-qərb hissəsindəki ərazidə dörd (5) bloklu 18 mərtəbəli yaşayış evinin layihələşdirilməsi və tikintisinə icazə verilmiş və binanın yerləşdirilməsi üçün əlavə torpaq sahəsi ayrılmışdır.

17. İddiaçı (sifarişçi) ilə Cavabdeh (podratçı) arasında xx.xx.2014-cü il tarixli podrat müqaviləsi bağlanmışdır.

18. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 1119 saylı sərəncamı ilə İddiaçı MTK-ya verilmiş Bakı şəhəri, A.Məmmədov küçəsində təsdiq edilmiş layihə əsasında çoxmərtəbəli 1 girişli yaşayış binasının Cavabdeh MMC tərəfindən tikilməsi və təhvil verilməsi nəzərdə tutulur.

19. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən təsdiq edilmiş layihə əsasında 1 girişli, 19 mərtəbəli yaşayış binasının tikintisinin Cavabdeh MMC tərəfindən tərəflər arasında hazırki müqavilə təsdiq edildiyi vaxtdan 10 gündən gec olmayaraq başlanılması, 3 il 6 aydan gec olmayaraq başa çatdırılması nəzərdə tutulur.

20. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən podratçının fəaliyyəti üçün İddiaçı MTK ona bütün sənədləri, o cümlədən layihə-smeta sənədlərinin tikinti sahəsini təqdim etməyi, tikintinin başlanıb aparılması üçün şərait yaradılmasını öhdəsinə götürür.

21. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən mənzil və qeyri yaşayış sahəsinin satışı yalnız Cavabdeh MMC-yə məxsusdur. Cavabdeh MMC maliyə əməliyyatlarını nəğd pul və ya bank hesabı ilə aparır.

22. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən mənzillərin satışı maya dəyəri nəzərə alınmaqla nəğd pul, köçürmə və barter yolu ilə Cavabdeh MMC tərəfindən aparılır. İddiaçı MTK-nın mənzil satmaq hüququ yoxdur. Əgər elə hal baş verərsə həmin mənzil və qeyriyaşayış sahəsinə yazılmış müqavilə etibarsız sayılır. İddiaçı MTK-nm payına düşən mənzillər və ya qeyri-yaşayış sahəsi Cavabdeh MMC tərəfindən tam yazılıb veriləndən sonra sifarişçi podratçı təşkilatının işlərinə müdaxilə edə bilməz.

23. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən podratçı sifarişçinin ona təqdim etdiyi layihə sənədləri əsasında bir girişli 19 mərtəbəli binanı tam istismara yararlı vəziyyətə çatdırılmaqla tikintisini, binanın ərazisindəki abadlıq işlərini, kommunikasiya (su, qaz, kanalizasiya, elektrik) işlərini öz materiallar hesabına həyata keçirir, bunun müqabilində sifarişçi tikinti üçün öz mülkiyyətindəki torpaq sahəsinə dair sənədləri təqdim edir, bundan başqa torpaq üzərində tikiləcək yaşayış və qeyri-yaşayış sahələrinin 50%-İ İddiaçı MTK-ya verilir.

24. Həmin müqavilənin 3.7-ci bəndinə əsasən Bakı şəhər İcra Hakimiyyətinin başçısının 1119 saylı sərəncamı ilə sifarişçiyə ayrılmış bir girişli binanın tikintisini podratçı həyata keçirir və tikintinin hazır vəziyyətə gətirilməsi ilə əlaqədar digər bütün işləri öz üzərinə götürür.

25. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

26. X6 (1-ci tərəf), İddiaçı (2-ci tərəf) və Cavabdeh MMC (3-cü tərəf) arasında xx.xx.2015-ci il tarixli hündür mərtəbəli yaşayış binasının tikilməsinə dair əməkdaşlıq müqaviləsi bağlanmışdır.

27. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “1-ci tərəf” ünvan 1 ünvanda yerləşən mülkiyyət hüququ tanınmış yarımçıq tikilinin tikintisini başa çatdırmaq üçün “2-ci tərəfə” və “3-cü tərəfə” təhvil verir.

28. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən “3-cü tərəf” 18 ay müddətində yarımçıq qalmış beş bloklu yaşayış binasını (4 bloku əvvəlcədən inşa edilmiş), 5-ci bloku yenidən inşa edərək tikinti quraşdırma işlərinin görülməsi üçün tələb olunan xərclərin görülməsini, “2-ci tərəf”in adından dövlət qurumlarına təhvil verilməsini, istismara qəbul edilməsini öz üzərinə götürür.

29. Həmin müqavilənin 1.3-ci bəndinə əsasən tikintisi başa çatdırılacaq yaşayış binasının ümumi sahəsi 14.700 kv.metr, yəni yaşayış sahəsi (mənzillər) 12.000 kv.metr, qeyri-yaşayış sahəsi 2.000 kv. metr, mansardın sahəsi 700 kv.metr təşkil edir.

30. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən tərəflərin hazır binanın yaşayış və qeyri yaşayış sahələrində payı aşağıdakı qaydada müəyyən edilir: “1-ci tərəf” - 3.600 kv.metr yaşayış sahəsi; “2-ci tərəf” - 1.400 kv.metr yaşayış sahəsi; “3-cü tərəf” – 7.000 kv.metr yaşayış sahəsi və 2.000 kv.metr qeyri-yaşayış sahəsi və 700 kv.mansard sahəsi.

31. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən “2-ci tərəf” və “3-cü tərəf” bina tikintisi başlandığı andan “1-ci tərəf”ə payına uyğun olaraq 3.600 kv.metr yaşayış sahəsini rəsmiləşdirərək təhvil verirlər.

32. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən gələcəkdə əmələ gələcək nəzərdə tutulmamış xərclər ödənilməsi üçün “1-ci tərəf” və “2-ci tərəf”in payına düşən yaşayış sahəsindən 700 kv.metr (“1-ci tərəf”in payından 400 kv.metr, “2-ci tərəf”in payında 300 kv.metr) “3-cü tərəf”in balansına verilir. Bu xərclər olmadıqda, “3-cü tərəf” qeyd olunan yaşayış sahəsini “1-ci tərəf”ə və “2-ci tərəf”ə qaytaracaq.

33. Həmin müqavilənin 3.1.1-ci bəndinə əsasən “1-ci tərəf” göstərilən ünvanda hündür mərtəbəli yarımtikili yaşayış binasını tikintisini davam etdirmək üçün “3-cü tərəf”ə təhvil verir.

34. Həmin müqavilənin 3.2.1-ci bəndinə əsasən “3-cü tərəf” “1-ci tərəf”ə məxsus yarımçıq tikilini inşa olunacaq hündür mərtəbəli yaşayış binasını müvafiq “inşaat norması və qaydalarına” riayət olunmaqla tikilib başa çatdırmalıdır.

35. Müqavilə tərəflərin imzası və 2-ci və 3-cü tərəfin möhürü ilə təsdiq edilmişdir.

36. Bakı şəhər İcra Hakimiyyəti (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında bağlanmış 22 iyun 2016-cı il tarixli 1174 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən icarəyə verən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, 3169-cu məhəllə, A.Məmmədov və H.Seyidzadə küçələrinin kəsişməsində ayrılmış torpaq sahəsini 49 il müddətinə icarəyə vermişdir.

37. Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2016-cı il tarixli 288 nömrəli Cavabdeh MMC-yə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi və şəhərsalma əsaslandırılmasının təsdiq edilməsi haqqında sərəncamı ilə Cavabdeh MMCnin xx.xx.2016-cı il tarixli, 20 saylı müraciəti nəzərə alınaraq, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, 3169-cu məhəllə, A.Məmmədov küçəsi ilə H.Seyidzadə küçəsinin kəsişməsində yerləşən torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün həmin MMC-yə icazə verilmişdir.

38. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhər ərazisinin tikinti planlaşdırma idarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə təsdiq edilmiş 13194 nömrəli torpaq sahəsinin ayrılmasına və tikintinin layihələndirilməsinə dair inşaat pasportundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 3169-cu məhəllə, A.Məmmədov və H.Seyidzadə küçələrinin kəsişməsində inşa ediləcək yaşayış binasının sifarişçisi Cavabdeh MMC-dir.

39. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-960/2018 nömrəli 28 dekabr 2018-ci il tarixli hökmünə əsasən Cavabdeh MMC-nin təsisçisi və direktoru olmuş X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 213.3 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. Hökmlə müəyyən edilmişdir ki, Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentində vergi ödəyicisi kimi qeydiyyata alınmış, hüquqi ünvanı ünvan 3 ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ev 200 olan, Cavabdeh 'Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) (VÖEN: **********) təsisçisi olmaqla həmin cəmiyyətin direktoru vəzifəsində işləyərkən, 14 aprel 2009-cu il tarixdə təsdiq olunmuş cəmiyyətin nizamnaməsinə əsasən, maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini üzərinə götürməklə, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmək və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.4, 16.1.6, 16.1.7, 17.3, 53.1, 71.1, 71.2, 72, 77.3, 78.1, 82, 149.1, 149.2, 149.3, 218, 219, 220 və 221-ci maddələrinin tələblərini pozaraq bəyannamə təqdim etməməklə ümumilikdə xüsusilə külli miqdar təşkil edən 1,130.377,88 manat məbləğində vergiləri vahid niyyətlə dövlət büdcəsinə ödəməkdən yayındırmışdır.

40. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-571/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx.xx.2020-ci il tarixli, 1080 nömrəli rəyində qeyd edilir ki, binanın 4 girişi inşa edilmişdir. Lakin, binanın 5-ci girişi yeni normativlərə uyğun işlənərək baxılması üçün ekspertizaya təqdim olunmuşdur. Təqdim olunan baş plana əsasən bina 18 mərtəbəlidir. Binanın planında yeraltı avtodayanacaqlar, texniki otaqlar, panduslar, 1-ci və 2-ci mərtəbələrində ticarət sahələri, giriş meydançaları, 3-17-ci mərtəbələrdə 1,2 və 3 otaqlı mənzillər, eyvanlar, texniki mərtəbəsi isə liftin maşın şöbəsi, texniki sahə və eyvan nəzərdə tutulmuşdur. Binanın 1-ci mərtəbəsi qeyri-yaşayış, 2- 18+mansard mərtəbələri isə yaşayış mənzilləri kimi inşa edilmişdir.

41. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 10/2977 saylı rəyində qeyd olunmuşdur ki, faktiki vəziyyətdə mövcud olan bina ilə İddiaçı MTK-nın eskiz layihəsi arasında uyğunsuzluğun mövcud olduğu, həmçinin çoxmərtəbəli yaşayış binasının "xxxx" MMC-yə məxsus eskiz layihəsinə uyğun inşa edildiyi müəyyən olunmuşdur. Eləcə də, eskiz layihəsi faktiki mövcud olan binaya uyğun gələn "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış müqavilədə cavabdehə satılan mənzilin mərtəbəliliyinin hansı qaydada müəyyən olunması (0 nöqtəsindən yuxarıda yerləşən qeyri-yaşayış sahəsinin mərtəbə olaraq nəzərə alınıbalınmaması) barədə məlumat təqdim edilmədiyinə bu barədə də tədqiqat mümkün olmamışdır. Həmçinin, ekspert 1-ci mənzillə 2-ci mənzilin eyni olmasını da tədqiq edə bilməmişdir. Həmin rəyin tədqiqat hissəsində qeyd olunmuşdur ki, ekspert tədqiqatına təqdim edilən İddiaçı MTK-nın və "xxxx" MMC-nin eskiz layihələri müqayisə olunan zaman hər iki eskiz layihənin “Baş plan” bölməsində binanın yerləşmə vəziyyətinin, eyni zamanda “Təkrarlanan mərtəbənin planı” bölməsində mənzillərin və mənzillərin otaqlarının yerləşmə vəziyyətinin eynilik təşkil etdiyi müəyyən olundu. Lakin layihələrin “kəsik hissəsinə” baxılan zaman İddiaçı MTK-nın eskiz layihəsində ilk 4 mərtəbənin qeyri-yaşayış sahəsi, növbəti 15 mərtəbənin yaşayış mərtəbəsi olduğu, "xxxx" MMC-nin eskiz layihəsində isə ilk 3 mərtəbənin qeyri-yaşayış sahəsi, növbəti 17 mərtəbənin yaşayış mərtəbəsi müəyyən olundu.

42. Hazırda İddiaçı MTK mübahisəli yaşayış binasının tikintisinə dair Cavabdeh MMC ilə bağladığı podrat və əməkdaşlıq müqavilələrinə əsasən binanın tikinti işlərinin Cavabdeh MMC tərəfindən başa çatdırıldığını, lakin cavabdehin əməkdaşlıq müqaviləsinin şərtlərinə əsasən tikilmiş binada ona verilməli olan 1.400 kv.m. yaşayış sahəsini təqdim etməkdən imtina etdiyini əsas göstərərək sözügedən yaşayış sahələrinin cavabdeh tərəfindən ona verilməsini tələb edir. Cavabdeh MMC isə mübahisəli müqavilələr bağlanarkən iddiaçı tərəfindən onlara tikintinin aparılacağı torpaq sahəsinə dair hüquqlara malik olması barədə səhv məlumat verildiyini, eləcə də iddiaçının mübahisəli müqavilələr üzrə heç bir öhdəliyini icra etmədiyini, o cümlədən tikintinin aparılması üçün layihə-smeta sənədlərini və digər zəruri sənədləri onlara təqdim etmədiyini bildirir.

43. İşdən görünür ki, binanın yerləşdiyi torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti ilə Cavabdeh MMC (icarəçi) arasında bağlanmış 22 iyun 2016-cı il tarixli 1174 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən Cavabdeh MMC-yə icarəyə verilmiş, eyni zamanda Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2016-cı il tarixli 288 nömrəli sərəncamı ilə “Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, 3169-cu məhəllə, A.Məmmədov küçəsi ilə H.Seyidzadə küçəsinin kəsişməsində yerləşən torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün Cavabdeh MMC-yə icazə verilmişdir.

44. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 1119 saylı sərəncamına münasibətdə isə birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, həmin sərəncama əsasən “Azərelektroterm” Birliyinə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayonun şimal-şərq hissəsində çoxmərtəbəli yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahəsində 2 ədəd 18 mərtəbəli yaşayış evinin əvəzinə 267 nömrəli orta məktəbin şimal-qərb hissəsindəki ərazidə dörd bloklu 18 mərtəbəli yaşayış evinin layihələşdirilməsi və tikintisinə icazə verilmişdir. Odur ki, həmin sənədin İddiaçı MTK-ya, eləcə də X4 hər hansı aidiyyətinin olması müəyyən edilmir.

45. Binanın tikintisi ilə bağlı tətbiq edilmiş vergiləri və kommunal xərcləri ödəməsini təsdiq edən arayışların mübahisəli yaşayış binasının tikintisi ilə bağlılığı müəyyən edilmir. "xxxx" ASC-nin arayışında isə İddiaçı MTK tərəfindən Adil Məmmədov 10 ünvanına dair ödənilmiş elektrik enerjisinə görə ödənişlərin məbləğləri qeyd edilmişdir. Cavabdeh MMC tərəfindən inşa edilmiş mübahisəli yaşayış binası ilə yanaşı İddiaçı MTK tərəfindən inşa edilmiş 4 bloklu yaşayış binasının da həmin ünvanda yerləşdiyindən İddiaçı MTK-nın mübahisəli müqavilələrə əsasən öhdəliklərini icra etməsini təsdiq edən sübut qismində qəbul edilə bilməz.

46. Cavabdeh MMC tərəfindən də məhkəməyə mübahisəli binanın onun sifarişi ilə hazırlanmış eskiz layihəsi təqdim edilmişdir. Bundan əlavə digər məhkəmə mübahisəsi üzrə məhkəmə araşdırması gedişində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 10/2977 saylı rəyinə əsasən faktiki vəziyyətdə mövcud olan bina ilə İddiaçı MTK-nın eskiz layihəsi arasında uyğunsuzluğun mövcud olduğu, həmçinin çoxmərtəbəli yaşayış binasının "xxxx" MMC-yə məxsus eskiz layihəsinə uyğun inşa edildiyi müəyyən olunmuşdur.

47. İddiaçı MTK onun sifarişi ilə tikiləcək binanın layihəsinin hazırlanmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etsə də, iş materiallarına əsasən həmin layihənin Cavabdeh MMC-yə təqdim edilməsi və Cavabdeh MMC tərəfindən tikintinin məhz həmin layihə əsasında aparılması təsdiq olunmur.

48. Göründüyü kimi mübahisəli yaşayış binasının tikintisi əməkdaşlıq və podrat müqavilələrinə əsasən İddiaçı MTK-nın təqdim etdiyi sənədlər (o cümlədən torpaq sahəsinə dair sənədlər) əsasında deyil, Cavabdeh MMC tərəfindən müstəqil olaraq alınmış eskiz layihəsi əsasında və Cavabdeh MMC-nin icarəsində olan torpaq sahəsində inşa edilmişdir.

49. Hazırkı halda Cavabdeh MMC məhz İddiaçı MTK tərəfindən torpaq sahəsinə dair sənədlərin, təsdiq edilmiş layihə-smeta sənədlərinin və tikinti sahəsinin təqdim edilməsi müqabilində tikəcəyi binada yaşayış sahəsinin İddiaçı MTK-yə verilməsini öhdəsinə götürmüş, lakin hazırkı işin hallarından görünür ki, məhkəməyə İddiaçı MTK-nın və ya X3 mübahisəli binanın tikildiyi torpaq sahəsinə dair hər hansı hüquqlarının olmasını təsdiq edən sənədlər, eləcə də tikintinin İddiaçı MTK-nın Cavabdeh MMC-yə təqdim etdiyi layihə sənədləri əsasında aparılmasını təsdiq edən sənədlər təqdim edilməmişdir.

50. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, İddiaçı MTK və X6 podrat və əməkdaşlıq müqaviləsi üzrə şərtləndirilmiş öhdəliklərini icra etmədiyindən Cavabdeh MMC həmin müqavilələr üzrə qarşılıqlı icradan imtina etməkdə haqlı olmuşdur. Odur ki, İddiaçı MTK-nın yaşayış sahələrinin təqdim edilməsi tələbinə dair iddiası isə əsassız olduğundan rədd edilməlidir.

51. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir.

52. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

53. Bu baxımdan, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

54. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-470/2023 saylı, 26 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar