Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-74/2023 09.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası və iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3233/2022 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Sifarişçi Cavabdeh MMC ilə icraçı İddiaçı MMC arasında 14 iyun 2021-ci il tarixli 03 nömrəli podrat müqaviləsi bağlanmış və müaviləyə əsasən icraçı Zirə qəsəbəsində yerləşən “X4”nda müqavilədə nəzərdə tutulan işləri yerinə yetirməyi və sifarişçi isə görülən işlərin müqabilində icraçıya razılaşdırılmış məbləği ödəməyi öz öhdəsinə götürmüşdür.
2. Həmin müqaviləyə 1, 2 və 3 saylı əlavələr (qiymətlərin razılaşdırılmış protokolları) imzalanmışdır.
3. 1 saylı əlavədə cəmi mal-materialların dəyəri 208692,41 manat və işçiliyin dəyəri 83476,96 manat, ƏDV ilə birlikdə cəmi məbləğ isə 344759,86 manat məbləğində müəyyən edilmişdir.
4. 2 saylı əlavədə cəmi mal-materialların dəyəri 233378,49 manat və işçiliyin dəyəri 46675,7 manat, ƏDV ilə birlikdə cəmi isə məbləğ isə 330463,95 manat məbləğində müəyyən edilmişdir.
5. 3 saylı əlavədə cəmi mal-materialların dəyəri 25631,76 manat və işçiliyin dəyəri 5126,35 manat, ƏDV ilə birlikdə cəmi məbləğ isə 36294,58 manat məbləğində müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə bağlanmış xx.xx.2021-ci il tarixli, 03 saylı (işlərin görülməsi barədə) müqavilənin icrası əsasında yaranmış 100812,46 manat məbləğində pulun, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 1950 manat pulun, ödənilmiş 400 manat dövlət rüsumunun müqavilədən irəli gələn, gecikdirilmiş borc məbləğinin məhkəmə qərarının qəbul edildiyi günə olan rəsmi uçot dərəcəsi ilə faizinin hesablanaraq Cavabdeh MMC-dən tutularaq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Həmçinin iddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı tərəfindən müqavilə öhdəlikləri üzrə ödənilmiş 100000 manat, işlərin yerinə yetirilməməsi ilə bağlı olaraq çəkilmiş xərclərə görə 214275,62 manat, ƏDV-yə görə 38569,61 manat və ödənilmiş dövlət rüsumun əvəzi olaraq 642 manat məbləğində pulun cavabdeh İddiaçı MMC tərəfindən tutularaq Cavabdeh X1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3526/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin işlər bir icraata birləşdirilmişdir.
9. İddiaçı MMC bildirir ki, müqaviləyə əsasən iddiaçı tərəfindən Cavabdeh MMCnin sifarişi ilə müqavilədə nəzərdə tutulmuş işlər görülmüş və faktiki olaraq və müvafiq təhvil-təslim aktları ilə cavabdehə təhvil verilmişdir. Müqavilə üzrə görülmüş işlər üzrə cavabdeh tərəfindən ümumi olaraq İddiaçı MMC-yə ödənilməli cəmi 100812,46 manat məbləğində borc yaranmışdır. Belə ki, cavabdehə iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələrə əsasən ümumi ödənilməli məbləğ 602981,68 manat olmuşdur. Bu məbləğdən 502169,22 manat məbləğində vəsait artıq cavabdeh tərəfindən ödənilmişdir. Nəticədə yuxarıda göstərilən qalıq borc məbləği, yəni 100812,46 manat qalıq məbləğ ödənilməmişdir. Borcun ödənilməsi əsaslarından biri olaraq, ən son təqdim edilmiş elektron qaimənin tarixi 16 dekabr 2021-ci il tarixinə təsadüf etmiş və bu tarixdən 4 aydan çox müddət keçmişdir. Bu müddət ərzində cavabdeh tərəfindən hər hansı ödəniş edilməmiş, həmçinin hər hansı əsaslandırılmış imtina və ya reklamasiya məktubu verilməmişdir. İddiaçı dəfələrlə Cavabdeh MMC-nin rəhbərliyi ilə görüşüb bu münaqişəni danışıqlar yolu ilə həll etməyə çalışmasına baxmayaraq cavabdeh tərəfindən laqeyd rəftar edilərək, iddiaçının əsaslı tələbləri təmin edilməmişdir.
10. Cavabdeh MMC iddiaya etiraz edir və yeni iddia irəli sürərək, bildirir ki, müqaviləyə əsasən vaxt cədvəlindəki texniki spesifikasiyalara və müqavilənin müddəalarına uyğun olaraq 30 dekabr 2021-ci il tarixi işlərin tam başa çatma vaxtı kimi nəzərdə tutulmuşdur. Lakin qeyd olunan vaxtda cavabdeh təşkilat nəinki işləri başa çatdırmış, əksinə işləri yarımçıq və keyfiyyətsiz görərək, öhdəliklərini icra etmədən ərazini tərk etmişdir. Bunun nəticəsində onlara xeyli maddi ziyan dəymişdir. Təqdim etdikləri “X7” tərəfindən verilmiş “X5 Zavodunun mövcud vəziyyətinə dair texniki uyğunluq hesabatının texniki müayinəsi”ndən aydın olur ki, A hissəsində ventilyasiya qurğusunun içi tozludur, quraşdırma tamamlanmamışdır, K hissəsində ventilyasiya cihazları dizaynda göstərildiyi kimi quraşdırılmayıb, ventilyasiya borusu deformasiya olunub, örtük yoxdur. “ClimaLine” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Abşeron rayonu, Zirə qəsəbəsində "zeytun bağları" ərazisində zeytun yağı və süfrəlik zeytun istehsalı zavodunun havalandırma sisteminin qüsurlarının aşkarlanması, bu qüsurların bərpa edilməsi və natamam işlərin tamamlanması barədə aktdan görünür ki, işlər həqiqətən də qüsurlu şəkildə icra edilmişdir. Belə ki, həmin akta əsasən süfrəlik zeytun zavodunda havalandırma kanallarının bərkidilmə (xamutlama) işləri düzgün qurulmamış, kanallar sökülərək, xamutlarla bərkidilməklə yenidən quraşdırılmalı, havalandırma kanalları layihəyə uyğun işlənməmiş, kanalların birləşməsi, bina xaricində quraşdırılması nəzərə alınaraq işləndiyindən (layihəyə uyğun deyil) əlavə kanal altı dayaqların quraşdırılmasına ehtiyac vardır, hava kanallarından deformasiya olanları mövcuddur, hava kanal setkalarından mövcud olmayanları var, havalandırma kanalları çöl qurğulara birləşdirilməmiş, çöl qurğularının boru xətləri quraşdırılmamış, çöl qurğularının kabelləşmə işləri görülməmiş, ventilyasiya qurğuları uzun müddət kənar ərazidə qaldığından, əsən külək nəticəsində içəriləri qumla dolmuşdur, ventilyasiya qurğuları layihədə göstərildiyi kimi quraşdırılmamış, havalandırma sistemi (çöl qurğular daxil) test edilməmiş və sifarişçiyə təhvil verilməmiş, Zeytun yağı zavodunda isə havalandırma kanallarının bərkidilmə (xamutlama) işləri düzgün qurulmamış, kanallar sökülərək, xamutlarla bərkidilməklə yenidən quraşdırılmalı, hava kanallarından deformasiya olanları mövcuddur, hava kanal setkalarından mövcud olmayanları var, havalandırma kanalları çöl qurğulara birləşdirilməmiş, çöl qurğularının boru xətləri quraşdırılmamış, çöl qurğularının kabelləşmə işləri görülməmiş, ventilyasiya qurğuları uzun müddət kənar ərazidə qaldığından, əsən külək nəticəsində içəriləri qumla dolmuş, ventilyasiya qurğuları layihədə göstərildiyi kimi quraşdırılmamış, havalandırma sistemi (çöl qurğular daxil) test edilməmiş və sifarişçiyə təhvil verilməmiş, ofis binasında rekuperatorlar quraşdırılmamış, boru xətləri çəkilməmiş, kabelləşmə işləri və qurğuların sınağı, təhvil-təslimi olunmamışdır. Müqavilənin “Tərəflərin maddi məsuliyyəti” adlı bəndinin 10.1-ci maddəsinə əsasən tərəflər müqavilənin şərtlərinə əsasən işlərin vaxtında və keyfiyyətli görülməsini təmin etməli, hər hansı bir mübahisəli məsələlər qarşılıqlı müzakirə yolu ilə həll edilməlidir. Müqavilə öhdəlikləri çərçivəsində əlavə xərclərə məruz qalan tərəf əsaslanmış hesabatı qarşı tərəfə təqdim etməlidir və qarşılıqlı müzakirə əsasında qərarlar verilməlidir. Müqavilənin 10.3-cü maddəsinə əsasən icraçı işlərin görülməsi zamanı sifarişçinin əmlakına və/və ya hər hansı üçüncü şəxslərə vurduğu zərərə görə birbaşa özü və vurduğu zərərin tam məbləği həcmində məsuliyyət daşıyır. Lakin göründüyü kimi müqavilə üzrə öhdəliklər yerinə yetirilməmiş, iddiaçıya xeyli miqdarda maddi zərər vurulmuşdur. Həmçinin müqavilədə nəzərdə tutulan qaydada icraçı məsuliyyət daşımalı olduğu halda vurduğu zərərin əvəzini ödəməkdən yayınmaqda davam edir. Bütün bu qüsurların aradan qaldırılması üçün və natamam işlərin tamamlanması üçün dəfələrlə cavabdehə müraciət edilmişdir. Belə ki, tərəfindən preteziya məktubu göndərilmiş və buna baxmayaraq, cavabdeh şirkət heç bir tədbir görməmişdir. "xxxx" MMC tərəfindən verilmiş təklif formuna əsasən cavabdeh tərəfindən iddiaçıya yekun olaraq 214275,62 manat, ƏDV-yə görə 38569,61 məbləğində zərər vurmuşdur. Nəticədə müqavilənin göstərilən müddətə icra edilməməsinə görə 100000 manat, işlərin yerinə yetirilməməsi ilə bağlı olaraq çəkdikləri xərclərə görə 214275,62 manat, ƏDV görə 38569,61 manat məbləğində pul onlara ödənməlidir.
11. İddiaçı MMC Cavabdeh MMC-nin iddiasına etiraz edir və bildirir ki, tələb olunan 100812,46 manat məbləğ həcmdə işlər görülmüş, Cavabdeh MMC tərəfindən görülmüş işlər müvafiq təhvil-təslim aktlarına əsasən qəbul edilmiş və işlərin qüsurları barədə heç bir irad bildirilməmişdir. Bununla yanaşı Cavabdeh MMC bir sıra işlərin "xxxx" MMC tərəfindən keyfiyyətsiz və natamam görüldüyünə istinad etsə də, mübahisələndirilən işlərin əksəriyyəti "xxxx" MMC tərəfindən icra edilməmiş, bir sıra mübahisəli işlərlə bağlı isə bu iddia çərçivəsində pul tələb edilməmişdir. Həmçinin Cavabdeh MMC-nin keyfiyyəti yoxlayan “TWİ” şirkətin tərtib etdiyi sənədə istinad etməsi ilə bağlı bildirir ki, sözügedən yoxlama təhviltəslim aktı tərtib ediləndən sonra aparılmış və həmin aktda "xxxx" MMC-nın gördüyü işlərdən yalnız havalandırma sistemin boruların birində deformasiyanın və dörd borunun üzərində başlığın olmadığının aid olduğunu və həmin qüsurların işi təhvil alandan sonra yarandığını nəzərə alaraq iddia tələbinin təmin, Cavabdeh MMC-nin iddiasının rədd olunmasını xahiş etmişdir.
12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3233/2022 saylı qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iddiasının qismən təmin edilməsi, Cavabdeh MMC-dən 100812,46 manat məbləğində borc, hüquqi yardım üçün ödənilmiş 1950 manat və müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu kimi 40 manat cəmi 102802,46 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi, İddiaçı MMC-nin iddiasının qalan hissədə rədd edilməsi, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı müqavilə öhdəlikləri üzrə ödənilmiş 100000 manat, işlərin yerinə yetirilməməsi ilə bağlı olaraq çəkilən xərclərə görə 214275,62 manat, ƏDV görə 38569,61 manat və ödənilmiş dövlət rüsumun əvəzi olaraq 642 manat məbləğində pul tələbi barədə iddiasının rədd edilməsi qət edilmişdir.
13. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və İddiaçı MMC-nin iddiasının rədd, özünün iddiasının isə təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə etdi, "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil1 isə apellyasiya şikayətinə etiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
18. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
19. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
20. Həmin Məcəllənin 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.
21. Həmin Məcəllənin 764.1-ci maddəsinə əsasən əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər.
22. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və İddiaçı MMC-nin iddiasının qismən təmin olunduğunu, lakin onun tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız İddiaçı MMC-nin iddiasının qismən təmin olunmuş hissəsində və Cavabdeh MMC-nin iddiasının rədd olunması hissəsində yoxlanılır.
APELYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı MMC-nin iddiası mübahisələndirilən hissədə əsaslı, Cavabdeh MMC-nin iddiası isə əsassızdır.
25. Belə ki, İddiaçı MMC-nin iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 752.1-ci maddəsi təşkil edir. Həmin maddəyə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
26. Hazırkı işdə də iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək, müqaviləyə aid əlavələrdə göstərilən işləri icra etmiş, cavabdeh isə həmin xidmətlərin dəyərini tam ödəməmişdir.
27. Belə ki, 3 ədəd Forma 2 aktından görünür ki, 14 iyun 2021-ci il tarixli 03 saylı müqavilənin 1 saylı əlavəsində qeyd olunan mal-materialların bir qisminin alınması və təhvil-təslim edilməsi təsdiq edilmiş, cəmi mal-materialların dəyəri 208692,41 manat və işçiliyin dəyəri 83476,96 manat, ƏDV ilə birlikdə cəmi məbləğ isə 344759,86 manat məbləğində müəyyən edilmiş; həmin müqavilənin 2 saylı əlavəsində qeyd olunan mal-materialların bir qisminin 30 oktyabr 2021-ci il tarixdə alınması və təhvil-təslim edilməsi təsdiq edilmiş, cəmi mal-materialların dəyəri 23378,49 manat və işçiliyin dəyəri 46675,7 manat, ƏDV ilə birlikdə cəmi məbləğ isə 330463,95 manat məbləğində müəyyən edilmiş və həmin müqavilənin 3 saylı əlavəsində qeyd olunan xidmətlərin göstərilməsi və işlərin görülməsini 16 dekabr 2021-ci il tarixdə təhvil verilməsi təsdiq edilmiş, cəmi malmaterialların dəyəri 25631,76 manat və işçiliyin dəyəri 5126,35 manat, ƏDV ilə birlikdə cəmi məbləğ isə 36294,58 manat məbləğində müəyyən edilmişdir.
28. Həmin Forma 2 aktlarını İddiaçı MMC-nin mühəndisi Şəhriyar Nərimani və Cavabdeh MMC-nin mühəndisi Vaqif Cəfərov imzalamış, habelə tərəflərin direktorları öz imzaları və MMC-nin möhürləri təsdiq etmişlər.
29. Bundan əlavə, 03 ədəd təhvil-təslim aktından görünür ki, 30 avqust 2021-ci il tarixdə mal-material təhvil-təslim edilmiş, cəmi mal-materialların dəyəri 208692,41 manat və işçiliyin dəyəri 83476,96 manat, ƏDV ilə birlikdə cəmi məbləğ isə 344759,86 manat məbləğində müəyyən edilmiş; 30 oktyabr 2021-ci il tarixdə mal-materiallar təhvil-təslim edilmiş, cəmi mal-materialların dəyəri 23378,49 manat və işçiliyin dəyəri 46675,7 manat, ƏDV ilə birlikdə cəmi məbləğ isə 330463,95 manat məbləğində müəyyən edilmiş və 14 iyun 2021-ci il tarixli 03 saylı müqaviləyə əsasən xidmətlərin Bakı şəhəri, Zirə qəsəbəsi, Zeytun bağları ünvanında təhvil verilməsi təsdiq edilmiş, cəmi mal-materialların dəyəri 25631,76 manat və işçiliyin dəyəri 5126,35 manat, ƏDV ilə birlikdə cəmi məbləğ isə 36294,58 manat məbləğində müəyyən edilmişdir.
30. Həmin təhvil-təslim aktlarını İddiaçı MMC-nin mühəndisi Şəhriyar Nərimani və Cavabdeh MMC-nin mühəndisi Vaqif Cəfərov imzalamış, habelə tərəflərin direktorları öz imzaları və MMC-nin möhürləri təsdiq etmişlər.
31. Həmçinin, İddiaçı MMC tərəfindən xx.xx.2021-ci il tarixli 03 saylı müqavilə üzrə təhvil verlmiş mal-material və görülmüş işlərə görə Cavabdeh MMC-yə xx.xx.2021-ci il tarixli 298103, 304441, 300088 və 310538 nömrəli, xx.xx.2021-ci il tarixli 177998 və 208638 nömrəli, xx.xx.2021-ci il tarixli 234766 və 235967 nömrəli, xx.xx.2021-ci il tarixli 257613 nömrəli elektron qaimələr göndərilmişdir.
32. Eyni zamanda, işin mübahisəsiz halıdır ki, cavabdeh tərəfindən ümumilikdə 502169,22 manat iddiaçının hesabına köçürülmüşdür.
33. Beləliklə, qeyd olunanlara əsasən müəyyən edilir ki, tərəflərin imzaladığı Forma 2 və təhvil təslim aktları, habelə iddiaçının göndərdiyi elektron qaimələrin cəmi ƏDV xaric 602981,68 manat, cavabdehin ödədiyi məbləğ 502169,22 manat, cavabdeh tərəfindən ödənilməli olan məbləğ isə 100812,46 manat təşkil edir (602981,68 – 502169,22 = 100812,46).
34. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı 100812,46 manat məbləğində pul vəsaitini cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır və ona görə həmin hissədə iddia təmin edilməlidir.
35. Cavabdeh MMC-nin iddiası isə rədd edilməlidir.
36. Belə ki, həmin iddia üzrə birinci tələb İddiaçı MMC tərəfindən öhdəliklərin müqavilədə göstərilən müddətdə icra edilməməsinə görə 100000 manat məbləğində, ikinci tələb isə işlərin yerinə yetirilməməsi ilə bağlı çəkilmiş xərclərə görə 214275,62 manat məbləğində zərərin ödənilməsindən ibarətdir.
37. Zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən Mülki Məcəllənin 21.2-ci maddəsinin, həmçinin hazırkı mübahisə üzrə xüsusi norma kimi çıxış edən Mülki Məcəllənin 443-cü maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.
38. Yalnız qeyd olunan əsaslar müəyyən olunduqda birinci tələb təmin olunaraq cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.
39. Həmçinin ikinci tələblərin əsaslı hesab edilməsi üçün iddiaçı (sifarişçi) sübut etməlidir ki, podrat işləri natamam və ya qüsurlu görülmüş, sifarişçi həmin qüsurları aradan qaldırmış və o, bunun nəticəsində maddi itkiyə məruz qalmışdır.
40. Lakin hazırkı işdə qeyd olunan əsaslar və hallar mövcud deyildir.
41. Belə ki, işin yuxarıda da qeyd olunan hallarından görünür ki, İddiaçı MMC tərəfindən görülmüş podrat işləri Cavabdeh MMC tərəfindən qəbul edilmiş, bununla bağlı tərəflərin rəhbərləri və mühəndisləri tərəfindən Forma 2 və təhviltəslim aktları imzalanmış, həmin aktlarda işlərin keyfiyyətsiz və ya qüsurlu olması ilə bağlı heç bir qeyd aparılmamışdır.
42. Eyni zamanda, iş materiallarında olan Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən İddiaçı MMC-yə verilmiş mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan müəyyən edilir ki, Cavabdeh MMC-nin nümayəndəsi xx.xx.2022-ci il tarixində saat 17:00-17:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmiş, Cavabdeh MMC ilkin mediasiya sessiayanın tarixi, saatı və yeri barədə 7 gün əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmışdır.
43. Cavabdeh MMC-nin istinad etdiyi "xxxx" MMC-nin “Abşeron rayonu, Zirə qəsəbəsində “Zeytun Bağları” ərazisində zeytun yağı və süfrəlik zeytun istehsalı zavodunun havalandırma sisteminin qüsurlarının aşkarlanması, bu qüsurların bərpa edilməsi və natamam işlərin tamamlanması barədə” aktdan isə görünür ki, həmin akt xx.xx.2022-ci il tarixdə tərtib edilmişdir.
44. Göründüyü kimi həmin akt Cavabdeh MMC-yə ilkin mediasiya sessiyasında iştirak barədə təklif göndərildikdən sonra tərtib edilmişdir.
45. Bundan başqa, həmin akt birtərəfli qaydada, İddiaçı MMC-nin nümayəndələrinin iştirakı olmadan tərtib edilmişdir.
46. Eynilə “TWİ LTD” tərəfindən tərtib edilmiş “X6 Gardendə mövcüd vəziyyətin texniki müayinəsi” adlı sənəd də İddiaçı MMC-nin nümayəndələrinin iştirakı olmadan tərtib edilmişdir.
47. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, həmin sənədlər podrat işlərinin qüsurlu yerinə yetirilməsini təsdiq edən mötəbər sübutlar kimi qiymətləndirilə bilməz.
48. Bundan başqa, Cavabdeh MMC tərəfindən həmin qüsurların aradan qaldırılması barədə sübutlar da (podrat müqaviləsi, işlərin görülməsi barədə aktlar, ödəniş sənədləri və s.) təqdim edilməmişdir.
49. Halbuki, məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi bildirdi ki, bütün qüsurlar onlar tərəfindən aradan qaldırılmışdır.
50. Göründüyü kimi zərərin mövcud olması işin halları ilə müəyyən olunmur.
51. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
52. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3233/2022 saylı qətnaməsi İddiaçı MMC-nin iddiasının qismən təmin olunmuş hissəsində və Cavabdeh MMC-nin iddiasının rədd olunması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn