Məhkəmə qərarları › İş №2-2(103)-743/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-743/2024

02.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-743/2024 02.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı kommersiya işi Açar söz: müqavilənin standart şərtləri Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı “” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2- 2(113)-1293/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İşin mübahisəsiz hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli **********2 nömrəli avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsi verilmiş, sığorta təminatı xx.xx.2009-cu il tarixində Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş “Avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə sığorta qaydaları” əsasında həyata keçirilmiş, iddiaçıya məxsus “Toyota Rav 4” hibrid markalı, 2021-ci il buraxılışlı 99PE070 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdeh tərəfindən avtonəqliyyat vasitələrinə dəyən zərərin sığortası qaydasında 49.000 manat sığorta məbləği həddində 1411,20 manat sığorta haqqı müqabilində xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək sığortalanmışdır. Adıçəkilən avtomobil Bakı dairəvi yolunda hərəkətdə olarkən qarşıda gedən avtomobilin arxa təkərindən çıxan daşın ön şüşəyə dəyməsi nəticəsində zədələnmiş, dəymiş zərər müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilmiş və 1318,93 manat müəyyən edilmişdir. Cavabdeh xx.xx.2009-cu il tarixində Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş “Avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə sığorta qaydaları”nın 6.1.2-ci bəndinə istinad etməklə 450 manat məbləğində sığorta ödənişinin edilməsi üçün 24 iyul 2023-cü il tarixli 0-AP-2023-0837 nömrəli məktubla iddiaçıdan bank hesabı məlumatlarının təqdim edilməsini xahiş etmiş, iddiaçı tərəfindən həmin məlumatlar təqdim edilməmişdir.

2. xx.xx.2023-cü il tarixli **********2 nömrəli avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsindən görünür ki, sığorta təminatının Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət sığorta nəzarəti şöbəsi ilə 30 yanvar 2009-ci il tarixində razılaşdırılmış “Avtonəqliyyat vasitələrinin könüllü sığortası Qaydaları” əsasında verildiyi göstərilmiş və sığortalı (iddiaçı) QR kod vasitəsilə yerləşdirilən sığorta qaydaları ilə tanış olduğunu və onlarla razı olduğunu təsdiq etmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra Cavabdeh Sığorta Şirkəti ASC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, **********2 nömrəli sığorta şəhadətnaməsinin tərkib hissəsi olan 30 yanvar 2009-cu il tarixdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış “Atəşgah" Sığorta Şirkəti ASC-nin “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” Qaydalarının 6.1.2-ci maddəsinin etibarsız hesab edilməsi, cavabdehdən 1318,93 manat sığorta ödənişinin, 868,93 manat sığorta ödənişinin gecikdirilməsinə görə xx.xx.2023-cü il tarixdən başlayaraq həmin pulun ödəniləcəyi günədək hər gecikdirilmiş gün üçün 0,1 faizlə hesablanmaqla dəbbə pulunun və ödənilmiş 100 manat dövlət rüsumunun, 200 manat hüquqi yardım xərcinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan “Toyota Rav 4 Hibrid” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehdə könüllü sığorta edilmiş və bu barədə iddiaçıya xx.xx.2023-cü il tarixli **********2 nömrəli sığorta şəhadətnaməsi verilmişdir. xx.xx.2023-cü il tarixdə Bakı dairəvi yolunda (Lökbatan yolu) baş vermiş sığorta hadisəsi nəticəsində öndə gedən “Kamaz” markalı yük maşının arxa təkərindən çıxan daş “Toyota Rav 4 Hibrid” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön şüşəsinə dəymiş və şüşə yararsız hala düşmüşdür. Nəticədə iddiaçıya məxsus maşına zərər dəymişdir. Həmin zərər cavabdeh tərəfindən təklif edilmiş qiymətləndirmə şirkətində qiymətləndirilmiş və zərərin 1318,93 manat olduğu müəyyən edilmişdir. Lakin cavabdeh bu məbləğin ancaq 450 manat hissəsini ödəməyə razı olduğunu bildirərək digər hissəsini ödəməkdən imtina etmişdir. Cavabdeh xx.xx.2009cu ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə razılaşdırılmış “Avtonəqliyyat vasitələrinin könüllü sığortası" Qaydalarının 6.1.2-ci maddəsində müəyyən olunan müddəalarla əsaslanmışdır. Belə ki, həmin maddədə göstərilmişdir ki, “...Bu maddə əsasında hər bir sığorta olunmuş avtonəqliyyat vasitəsi üzrə zərərin əvəzinin ödənilməsi 500 manat həddində olacaqdır; bu məbləğə 50 manat məbləğində ayrıca azadolma məbləği tətbiq edilir...’’. Halbuki sığorta qaydalarının 6.1.2-ci maddəsi etibarsızdır. Belə ki, Mülki Məcəlləyə 926-ci maddəsinə əsasən, sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta şəhadətnaməsində sığorta məbləği 49 000 manat müəyyən edilmişdir. Sığorta qaydalarının 4-cü maddəsində sığorta ödənişi ilə bağlı müddəalar öz əksini tapmışdır. Həmin maddədən göründüyü kimi, avtonəqliyyat vasitəsinin zədələndiyi halda sığorta ödənişi avtonəqliyyat vasitəsinə vurulmuş zərərin aradan qaldırılaraq onun əvvəlki vəziyyətə gətirilməsi ilə bağlı təmir xərcində və zədələnmiş hissələrin eyni hissələrlə əvəz edilməsi ilə bağlı xərclərdə ifadə olunmuşdur. Həmçinin sığorta qaydalarının 6.1.1-ci maddəsində isə qeyd olunmuşdur ki, ön, arxa şüşələrin və (və ya) yan pəncərələrin sınması və sığortalanmış avtonəqliyyat vasitəsinin gövdəsinin sınmış şüşə ilə cızılması hallarında sığorta ödənişi ön, arxa şüşələrin və (və ya) yan pəncərənin dəyişdirilməsi və ya belə ziyanın təmiri qiyməti olacaq. Halbuki sözügedən maddələrə zidd olaraq sığorta qaydalarının 6.1.2-ci maddədə sığortaçı tərəfindən zərərin əvəzinin ödənilməsində 500 manat hədd müəyyənləşdirilmişdir. Etimad və vicdanlılıq prinsiplərinə zidd olmaqla iddiaçı üçün zərərli olan həmin maddə Mülki Məcəllənin 420.2-ci maddəsinə əsasən etibarsızdır. Belə ki, **********2 nömrəli sığorta şəhadətnaməsi və sığorta qaydalarında standart şərtlər nəzərdə tutulmuşdur. Yəni həmin sənədlər dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulan standart şərtli müqavilələrdir və cavabdehin nümayəndəsi xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında bu faktı təsdiq etmişdir. Nəzərə almaq lazımdır ki, yüksək məbləğdə sığorta haqqı ödəyərək (1411,20 manat) avtomobilini könüllü sığorta etdirən sığortalının marağı nəqliyyat vasitəsinə dəyən zərəri sığorta təminatı altına almaqdır. Lakin sığorta qaydalarının 6.1.2-ci maddəsinə əsasən sığortalıya ödənilməsi təklif olunan məbləğ onun sığorta maraqlarına cavab verməməklə sığortalının mənafelərinə ziddir. Həmçinin sözügedən sığorta qaydaları 2009-cu ildə qəbul edilmişdir. Məlumdur ki, bu illər ərzində baş verən devalvasiya və digər mənfi iqtisadi dəyişikliklər 2009-cu illə müqayisədə manatın dəyərini dəfələrlə azaltmışdır. Belə bir vəziyyətdə 15 il əvvəl qəbul edilmiş, sığortalı üçün məcburiyyət, sığortaçının isə hüquqdan sui-istifadəsinə şərait yaradan standart şərtli müqavilənin tərkib hissəsi olan sözügedən maddə etibarsız hesab edilməlidir. Dəfələrlə iddiaçı tərəfindən rəsmi qaydada cavabdehə müraciət olunaraq ödənişin tam edilməsi tələb olunsa da, bu müraciətlər nəticəsiz qalmışdır. Mübahisənin mediasiya mərhələsində də həlli mümkün olmamış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan başqa, sığorta ödənişinin gecikdirilən hissəsinə görə (1318,93 manat – 450 manat = 868,93 manat) xx.xx.2023-cü il tarixdən başlayaraq hər gecikdirilmiş gün üçün 0,1 faiz dəbbə pulu hesablanaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin iddiaçı hüquqlarının məhkəməyə qədər və məhkəmədə təmsil və müdafiə edilməsi ilə əlaqədar Vəkil ilə hüquqi yardımın göstərilməsinə dair müqavilə bağlamış və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən vəkilə 200 manat məbləğində pul ödənilmişdir. Vəkil tərəfindən iddiaçıya hüquqi məsləhətlər verilmiş, mübahisənin məhkəmədən kənar qaydada – mediasiya vasitəsi ilə həll edilməsi üçün müvafiq tədbirlər görülmüş, bu tədbirlər nəticə vermədiyinə görə isə iddia ərizəsi tərtib edilərək məhkəməyə təqdim edilmiş, habelə birinci instansiya məhkəməsində hüquqi yardımın göstərilməsi öhdəliyi qəbul olunmuşdur. Bu səbəbdən iddia təmin edildiyi təqdirdə hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə ödənilmiş 200 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1293/2024 nömrəli qərardadı ilə 868,93 manat sığorta ödənişinin gecikdirilməsinə görə xx.xx.2023- cü il tarixdən başlayaraq həmin pulun ödəniləcəyi günədək hər gecikdirilmiş gün üçün 0,1 faizlə hesablanmaqla dəbbə pulunun tutulması hissəsində iddia tələbinin baxılmamış saxlanılması qərara alınmışdır.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1293/2024 nömrəli qətnaməsi ilə (hakim Nərmin Əhmədova) iddia qismən təmin edilmiş, Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən 450 (dörd yüz əlli) manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.

7. Məhkəmə iddianın müqavilə şərtinin etibarsızlığ hissəsinə münasibətdə qeyd etmişdir ki, mülki qanunvericilikdə sığorta ödənişinin hər hansı aşağı həddi təsbit edilməmiş, könüllü sığortada sığorta ödənişinin miqdarı sığorta müqaviləsindən asılı edilmişdir. Bu mənada “Avtonəqliyyat vasitələrinin könüllü sığortası Qaydaları”nın 6.1.2-ci bəndi hüquq qaydasından hər hansı kənara çıxmanı ehtiva etmir. Digər tərəfdən, həmin şərtin vicdanlılıq və etimad prinsiplərinə zidd olmasını təsdiq edən hər hansı dəlil də məhkəməyə təqdim edilməmişdir. Əksinə, həmin şərt sadə formada ifadə edilmiş, internet resurslarında dərc edilmiş, iddiaçı real vaxt rejimində həmin şərtlə tanış olmaq imkanına malik olmuşdur. Başqa sözlə, iddiaçının güvənmiş olduğu, bilsə idi, müqaviləni bağlamaqdan imtina edəcəyi, lakin bilməsinin mümkün olmadığı şərt kimi “Avtonəqliyyat vasitələrinin könüllü sığortası Qaydaları”nın 6.1.2-ci bəndi nəzərdən keçirilə bilməz.

8. Məhkəmə iddia tələbinin 863,93 manat sığorta ödənişinin tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı həmin tələbi “Avtonəqliyyat vasitələrinin könüllü sığortası Qaydaları”nın 6.1.2-ci bəndinin etibarsızlığına əsaslanmaqla irəli sürmüşdür. Həmin Qaydaların etibarsızlığı üçün əsas müəyyən edilmədiyindən sığorta ödənişinin dəymiş zərər həddində ödənilməsi üçün hər hansı hüquq əsas da yoxdur. Belə olan halda, “Avtonəqliyyat vasitələrinin könüllü sığortası Qaydaları”nın 6.1.2-ci bəndinə uyğun olaraq ödənilməli sığorta ödənişi 450 manat təşkil edir və zərərin digər hissəsinin cavabdehdən tutulması tələbi təmin edilməməlidir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətlərinin dəlilləri

9. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1293/2024 nömrəli qətnaməsinin iddianın rədd edilmiş hissəsində ləğv edilərək iddianın tam təmin edilməsini xahiş etmişdir.

10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Avtonəqliyyat vasitələrinin könüllü sığorta” Qaydalarının 6.1-ci bəndinə görə sığortaçı sığortalanmış avtonəqliyyat vasitəsinin ön, arxa şüşələrə və yan pəncərələrinə vurulmuş ziyanin əvəzini sığortalıya aşağıda göstərilən qaydada ödəyir: 6.1.1-ci bəndinə əsasən ön, arxa şüşələrin və (və ya) yan pəncərələrin sınması və sığortalanmış avtonəqliyyat vasitəsinin gövdəsinin sınmış şüşə ilə cızılması hallarında sığorta ödənişi ön, arxa şüşələrin və (və ya) yan pəncərənin dəyişdirilməsi və ya belə ziyanın təmiri qiyməti olacaq. 6.1.2. Bu maddə əsasında hər bir sığorta olunmuş avtonəqliyyat vasitəsi üzrə zərərin əvəzinin ödənilməsi 500 manat həddində olacaqdır; bu məbləğə 50 manat məbləğində ayrıca azadolma məbləği tətbiq edilir. Avtonəqliyyat vasitəsinin ön, arxa şüşələrinə və yan pəncərələrinə zərər dəydikdə həmin zərərin həcmindən asılı olmayaraq hər bir halda sığortalıya 500 manat məbləğində sığorta ödənişi ediləcək. Çünki, sözügedən bənddə konkret sığorta hadisəsinə görə konkret sığorta ödəniş miqdarı müəyyən edilmişdir. Burada sığorta məbləği ilə sığorta ödənişi qarışdırılmamalı və mütləq fərqləndirilməldir. Belə ki, sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddidir (MM, maddə 904, “Sığorta fəaliyyəti haqqında” Qanun, maddə 1.1.15). Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır və sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir (MM, maddə 926). Göründüyü kimi, sığorta məbləği və sığorta ödənişi fərqli anlayışlar olmaqla fərqli tənzimləmə vasitəsi kimi çıxış edirlər. Digər tərəfdən, sığorta məbləği ifadəsi qeyd olunmadan sığorta ödənişinin 500 manat həddində olması barədə şərt bu bəndin ancaq sığorta ödənişinin konkret məbləğinin miqdarını göstərən şərt kimi başa düşülə bilər. Çünki, ancaq sığorta məbləği ifadəsi qeyd olunduğu təqdirdə bənddə istifadə olunan “hədd” ifadəsi son həddi kimi başa düşülür. Bu, Mülki Məcəllənin 904-cü maddəsinin tələbindən irəli gəlir. Hazırkı işdə isə mübahisələndirilən bənddə sığorta məbləği ifadəsi qeyd olunmamış, 500 manat həddində dedikdə isə bu məbləğin yuxarı və ya aşağı həddi ifadə etməsi göstərilməmişdir. Diqqətəlayiq haldır ki, məhkəmə də bu məbləği sığorta ödənişi miqdarı kimi qəbul etmiş və qətnaməsində göstərmişdir ki, “...mülki qanunvericilikdə sığorta ödənişinin hər hansı aşağı həddi təsbit edilməmiş, könüllü sığortada sığorta ödənişinin miqdarı sığorta müqaviləsindən asılı edilmişdir...”. Lakin, işdən göründüyü kimi, məhkəmə sığorta ödənişinin konkret miqdarının sığorta müqaviləsində göstərilməsinin qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamamışdır. Halbuki, yuxarıda qeyd olunan normaların tələbindən göründüyü kimi, sığorta ödənişi sığorta hadisəsi baş verdikdən sonra dəymiş zərərin həcminə uyğun və sığorta məbləği həddində müəyyən olunan ödənişdir. Başqa ifadə ilə, sığorta ödənişi sığorta hadisəsindən sonra zərərin həcminə görə müəyyən olunan məbləğdir. Sığorta məbləği (həddi) qanunvericiliyin tələblərinə uyğun qaydada və şərtlərdə sığorta müqaviləsi bağlanan zaman müəyyən edilməsi mümkün olsa da, sığorta ödənişinin miqadarını qabaqcadan müəyyən edilə bilməz. Bu, sığorta institutunun mahiyyətinə də ziddir. Buna görə də, qanunvericilikdə sığorta qaydalarının hansı məzmununa dair tələblər imperativ qaydada müəyyən edilmişdir (MM, maddə 916). Qeyd olunan normada sığorta məbləğlərinin müəyyən edilməsi qaydasının Qaydalarda təsbit olunması imkanını müəyyən etsə də, həmin şərrtlər içərisində sığorta ödənişinin miqdarının müəyyən edilməsi qeyd olunmamışdır. Sığortaçı sığorta qaydalarının məzmunun öz mülahizəsinə görə deyil, qanunvericiliyin tələblərinə uyğun tərtib etməli və imperativ normalara zidd olmamalıdır. Qanunvericiliyin imperativ normalarına uyğun gəlməyən şərt etibarsızdır. Sığorta qaydaları sığorta münasibətləri barədə ümumi tələbləri özündə əks etdirən qaydalar toplusudur və bu qaydalarda göstərilməli olan halların siyahısı qanunda konkret tənzimlənir (MM, maddə 916). Sığorta müqaviləsi bağlayan sığortalılar həmin qaydalarda yalnız qanunvericilikdə göstərilən konkret halların əks olunduğuna, hər hansı və hətta onların vəziyyətini pisləşdirən əlavə şərtlərin sığorta qaydalarına daxil edilmədiyinə, standart şərtli sığorta müqaviləsini təklif və tərtib edən sığortaçının qanunveriicliyin tələblərindən kənara çıxmayacağına və vicdanlı davranacağına, sığorta məbləğinin elə sığorta şəhadətnmasində göstərilən məbləğ həddində olduğuna etimad edir və bu müqaviləni bağlayır. Hazırki işdə də iddiaçı sığorta müqaviləsi bağlayarkən qanunvericiliyin müəyyən etdiyi həddə zəruri ehtiyatlılıq göstərərək sığorta məbləğinin məhz sığorta şəhadətnaməsində əks olunan 49.000 manat olduğuna və sığorta şəhadətnaməsindən kənarda hər hansı əlavə sığorta məbləği həddi müəyyən edilmədiyinə, bir sözlə cavabdehin hərəkətlərinin qanuniliyinı və vicdanlılğına etimad etmiş və kifayət qədər yüksək məbləğdə sığorta haqqı (1.411,20 manat) ödəyərək avtomobilini könüllü sığorta etdirmişdir. İşdən göründüyü kimi, məhkəmə iş üçün əhəmiyyət kəsb edən yuxarıda qeyd olunan xüsusatlarla bağlı heç bir araşdırma aparmamış, işin nəticəsinə təsir edən halların nədən ibarət olmasını düzgün müəyyən etməmiş və qətnaməsini tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmamışdır. Bu isə düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnmişdir. Ona görə də, belə qətnamə qanuni və əsaslı qətnamə hesab edilə bilməz. İddiaçı cavabdehin əsassız imtinası ilə bağlı özünün apellyasiya instansiyası məhkəməsində müdafiə olunması məqsədi ilə vəkillə müqavilə bağlayaraq ona ödəniş etmək məcburiyyətində qalmışdır. Yəni ki, cavadehin qanunsuz hərəkətləri iddiaçının əlavə məsrəflərinə (ziyana) səbəb olmuşdur. Bu səbəbdən hesab edirəm ki, iddia tələbinin təmin edilməsi ilə bərabər həmçinin iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, həm də hüquqi yardıma görə vəkilə ödənilmiş vəsait də cavabdehən iddiaçının xeyrinə tutulmalıdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

12. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmişdir.

13. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 390-cı maddə- fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 417-ci maddə- müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Əgər tərəflər müqavilənin şərtlərini müfəssəl müəyyənləşdirmişlərsə, bunlar müqavilənin standart şərtləri sayılmır. 420.2-ci maddə- müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır 420.2-ci maddə-müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. 420.3-cü maddə- Təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində aşağıdakılar da etibarsız sayılır: 420.3.1. qiymətlərin əsassız qısa müddətdə yüksəldilməsini (qiymətlərin qısamüddətli yüksəldilməsi) nəzərdə tutan müddəalar; 420.3.2. müqavilə tərəfinin ona bu Məcəllə ilə verilmiş öhdəliklərin icrasından imtina etmək hüququnu və ya müqavilənin digər tərəfi öz öhdəliklərini yerinə yetirənə qədər müqavilənin icrasından imtina etmək hüququnu (icradan imtina hüququ) məhdudlaşdıran və ya istisna edən müddəalar; 420.3.3. müqavilənin tərəfini şübhəsiz və ya məhkəmə qərarı ilə müəyyənləşdirilmiş tələblərin əvəzləşdirilməsi hüququndan məhrum edən müddəalar (qarşılıqlı tələblərin əvəzləşdirilməsinin qadağan edilməsi); 420.3.4. təklif etmiş tərəfi müqavilənin digər tərəfini xəbərdar etməyə və ya öhdəliyin icrası üçün ona müddət verməyə dair (öhdəliyin icrası barədə xəbərdaretmə; müddət təyinetmə) qanunla nəzərdə tutulan vəzifədən azad edən müddəalar; 420.3.5. zərərin miqdarından çox olan məbləğin tələb edilməsinə dair razılaşma (zərərin əvəzinin ödənilməsinə dair yüksəldilmiş tələb); 420.3.6. təklif etmiş tərəfin və ya onun təmsilçisinin kobud ehtiyatsızlığı üzündən tələbin pozulması nəticəsində vurulan zərər üçün məsuliyyəti (ehtiyatsızlıq üçün məsuliyyəti) istisna edən və ya məhdudlaşdıran müddəalar; 420.3.7. təklif etmiş tərəfin əsas öhdəliyi pozduğu halda müqavilənin digər tərəfinin müqavilədən imtina etmək hüququnu məhdudlaşdıran və ya onu bu hüquqdan məhrum edən və ya müqavilənin digər tərəfini icra etməmə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan məhrum edən və ya 420.3.6-cı maddəyə zidd olaraq onun bu hüququnu məhdudlaşdıran (əsas öhdəliyinin icrası tələbinin pozulması) müddəalar; 420.3.8. təklif etmiş tərəfin öhdəliyi hissə-hissə icra etdiyi halda müqavilənin digər tərəfini bütövlükdə müqavilənin icra edilməməsi üçün zərərin əvəzinin ödənilməsini tələb etmək və ya əgər o, hissə-hissə icrada daha maraqlı deyildirsə (öhdəlik hissə-hissə icra edildikdə marağın itməsi), müqavilədən imtina etmək hüququndan məhrum edən müddəalar; 420.3.9. təklif etmiş tərəfin yeni mallar göndərilərkən və işlər görülərkən əşyanın qüsurları üçün məsuliyyətini nəzərdə tutan qaydalardan fərqli olaraq məhdudlaşdıran müddəalar. 915-ci maddə -sığortaçının təklif etdiyi könüllü sığorta növünün aparılmasının əsaslandığı, həmin sığorta növü üzrə qayda və şərtlərin məcmusu olan sığorta qaydaları bu Məcəllənin və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, sığortaçının özü tərəfindən və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16.5-ci və 16.6-cı maddələrində nəzərdə tutulmuş digər qaydada müəyyən edilir.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət sığorta nəzarəti şöbəsi ilə 30 yanvar 2009-ci il tarixində razılaşdırılmış “Avtonəqliyyat vasitələrinin könüllü sığortası Qaydaları” 6-cı maddə ( “ön, arxa şüşələrə və yan pəncərələrə dəymiş ziyan”)-sığortaçı sığortalanmış avtonəqliyyat vasitəsinin ön, arxa şüşələrə və yan pəncərələrinə vurulmuş ziyanın əvəzini sığortalıya aşağıda göstərilən qaydada ödəyir: ön, arxa şüşələrin və (və ya) yan pəncərələrin sınması və sığortalanmış avtonəqliyyat vasitəsinin gövdəsinin sınmış şüşə ilə cızılması hallarında sığorta ödənişi ön, arxa şüşələrin və (və ya) yan pəncərənin dəyişdirilməsi və ya belə ziyanın təmiri qiyməti olacaq (6.1.1). Bu maddə əsasında hər bir sığorta olunmuş avtonəqliyyat vasitəsi üzrə zərərin əvəzinin ödənilməsi 500 manat həddində olacaqdır; bu məbləğə 50 manat məbləğində ayrıca azadolma məbləği tətbiq edilir (6.1.2). Bu maddə yalnız eyni hadisənin nəticəsində avtonəqliyyat vasitəsinə hər hansı başqa ziyan dəymədikdə və ya o zədələnmədikdə tətbiq edilə bilər. Əks halda ziyanın ödənilməsi 4-cü maddədə müəyyən edilmiş ziyanın ödənilməsinin ümumi qaydası əsasında həyata keçirilməlidir (6.2). Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

14. Qətnamə iddiaçı tərəfindən qismən – iddianın rədd edildiyi hissədə mübahisələndirdiyindən qismən yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

15. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1293/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

16. İşdən görünür ki, tərəflər arasında mübahisə könüllü sığorta müqaviləsinin standart şərtləri ilə bağlıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında göstərilmişdir ki, öhdəlik hüququnda müqavilənin standart şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmamış heç bir qiymətləndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısının alınmaması üçün) mümkün olsun. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir (Mülki Məcəllənin 419.1, 419.2 və 420.1.2-ci maddələri).

17. Hazırkı halda iddiaçı sahibkarlıq subyekti olduğundan tərəflər arasında bağlanmış könüllü sığorta müqaviləsinin standart şərtləri hesab edilən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət sığorta nəzarəti şöbəsi ilə 30 yanvar 2009-ci il tarixində razılaşdırılmış “Avtonəqliyyat vasitələrinin könüllü sığortası Qaydaları” 6.1.2-ci maddəsinin etibarsız hesab edilməsi üçün MM-nin 420.3-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcudluğu sübut edilməli idi.

18. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, hazırkı halda qanunda qeyd edilən əsaslar olmadığından müqavilənin mübahisələndirilən standart şərtlərinin etibarsız hesab edilməsi ilə və rədd bağlı tələb təmin edilə bilməz.

19. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 1293/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

20. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1293/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar