Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-749/2023 28.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, X3 qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, e-2-2(113)-2302/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı (sifarişçi) ilə Cavabdeh (podratçı) arasında xx.xx.2020-ci il tarixdə AZ- PT/2020-051 R saylı podrat müqaviləsinin 1.1-ci bəndinə əsasən podraçı müqavilənin 1.2ci bəndində göstərilən işi icra etməyi, sifarişçi isə işi qəbul edib müqavilə ilə müəyyən olunmuş pulu podratçıya ödəməyi öhdəsinə götürmüşdür.
2. Hazırda iddiaçı cavabdehdən podrat müqaviləsi üzrə öhdəlikləri tam yerinə yetirmədiyi üçün 4.010 manat məbləğində pulun tutulmasını tələb edir.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı Cavabdehnə qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Müqavilə üzrə ödənilməmiş 4.010 (dörd min on) manat borcun, 300 manat faizin, habelə mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 60 (altımış) manat,cəmi 4360 (dörd min üç yüz altmış) manat məbləğində pulun Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sifarişçi - İddiaçı MMC ilə podratçı- Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixdə AZPT/2020-051 R saylı “Podrat” müqaviləsi bağlanılmışdır. Müqavilə üzrə “Podratçı” müəyyən edilmiş işləri görməli və “Sifarişçi” isə müqavilə üzrə görülmüş işlərin haqqını ödəməlidir. Bundan sonra, tərəflər arasında 06 oktyabr 2021-ci il tarixdə “15 sentyabr 2020-ci il tarixli, AZ-PT/2020-051 R saylı podrat müqaviləsinə 1 saylı Əlavə razılaşma müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən, Podratçı razılığa gəlir ki, Podrat müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirmədiyi üçün Sifarişçiyə vurduğu 4.010 (dörd min on) manat ziyanı 20 (iyirmi) iş günü ərzində Sifarişçiyə qaytaracaqdır. Lakin, həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq dəfələrlə şifahi və yazılı müraciətlər edilsədə podratçı öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir.
5. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2302/2023 saylı, 14 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli müqavilə üzrə 4.010 (dörd min on) manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçınə verilməsi, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 (altmış) manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçınə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2302/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından və iddiaçının iddia tələbindən göründüyü kimi tərəflər arasında xx.xx.2020-ci il tarixdə AZ-PT/2020-51 R saylı podrat müqaviləsi bağlanmışdır. Həmin podrat müqaviləsinə əsasən cavabdeh tərəfindən iddiaçıya məxsus obyektdə müvafiq təmir işləri həyata keçirilməli idi. Həmin Müqavilənin eyni tarixli 1 saylı əlavəsi olan qiymət razılaşdırma protokoluna nəzər yetirdikdə görüləcək işlərin ümumi dəyəri 194281.47 manat (vergilər daxil) kimi göstərilmişdir. Daha sonra iddiaçı iddia edir ki, adıçəkilən müqavilə üzrə xx.xx.2021-ci il tarixdə 1 nömrəli əlavə razılaşma bağlanmışdır. Həmin əlavə razılaşmanın 1.4-cü bəndinə əsasən tərəfimizdən podrat müqaviləsi üzrə öhdəliklərin tam yerinə yetirilmədiyinə görə 4010 manat məbləğində iddiaçıya vurulmuş ziyan 20 iş günü ərzində qaytarılmalıdır. Hazırda irəli sürülmüş tələb də bu əlavə razılaşma ilə tənzimlənməkdədir. Lakin adıçəkilən 1 nömrəli əlavə razılaşma ilə tərəflər arasında bağlanmış podrat müqaviləsinə diqqət yetirdikdə hər iki sənədin fərqli müqavilə elementi olduğu müəyyən edilir. Belə ki, xx.xx.2020-ci il tarixli AZ-PT/2020-51 R olsa da, əlavə razılaşmanın nömrəsi AZ-PT/2020- 51-dir. Göründüyü kimi tərəflər arasında iki ayrı müqavilə mövcud olmuş və iddiaçı tərəfindən irəli sürülmüş tələb üzrə yəni R saylı podrat müqaviləsi üzrə iddiaçının hər hansı bir borcu mövcud deyildir. Bundan başqa iş materiallarında olan podrat müqaviləsi və ona bir saylı əlavəyə nəzər yetirdikdə həmin sənədlərin yalnız sonuncu hissəsinin cavabdeh tərəfindən imzalanıb möhürləndiyi aydın görünür. Bu isə ona dəlalət edir ki, iddiaçı tərəfindən tərəflər arasında mövcud olmuş müqavilənin kağız formasında olan mətnində iddiaçının xeyrinə hər hansı bir dəyişikliyin edilməsi istisna olunmur. Qeyd edilənlərə əsasən iddiaçının tələbi əsaslı olmadığından və iddia tələbinin təmin olunması üçün mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. İşə baxan birinci instansiya məhkəməsi müqavilənin hər bir vərəqinin imzalanmaması hissəsində qeyd etmişdir ki, məhkəməyə həmin müqavilənin hər bir vərəqininin imzalanmış nümunəsi təqdim edilmişdir. Halbuki elektron məhkəmə sistemində mövcud olan müqaviləyə nəzər yetirdikdə bu hal öz əksini tapmamışdır. Həmçinin işə baxan hakim iddia ərizəsinə etirazda göstərilən “R” məsələsini deyəsən düzgün şəkildə anlamamışdır. Buna görə də iş üzrə düzgün olmayan məhkəmə qətnaməsi qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
10. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
12. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
13. Həmin Məcəllənin 752.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.
14. Həmin Məcəllənin 766-cı sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.
15. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissəhissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.
16. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməldirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.
17. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə sasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin qanuniliyinin və əsaslılığının iddianın təmin edilən hissəsində yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi mübahisələndirilən-iddia tələbinin təmin edilən hissəsində əsaslıdır.
20. İşin müəyyən olunmuş halları ondan ibarətir ki, İddiaçı (sifarişçi) ilə Cavabdeh (podratçı) arasında xx.xx.2020-ci il tarixdə AZ-PT/2020-051 R saylı podrat müqaviləsi bağlanmışdır.
21. Müqavilənin 1.2-ci bəndinə əsasən müqavilə ilə görülməli iş sifarişçinin obyektində kondisioner və ventilasiya sistemləri üzrə avadanlıq, koplekləşdirici hissələrin və materialların göndərilməsi, montajquraşdırma və buraxılış sazlama işlərinin yerinə yetirilməsindən ibarətdir.
22. Müqavilənin 1.1-ci bəndinə əsasən podratçı, sifarişçinin sifarişi, bu müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan sifarişçinin təqdim etdiyi layihə sənədlərində, spesifikasiyalarda, texniki tapşırıq və şərtnamələrdə göstərilən şərtlər əsasında müqavilənin ayrılmaz tərkib hissəsi olan X2nda göstərilən işləri yerinə yetirməyi, sifarişçi isə podratçının müqaviləyə uyğun, razılaşdırılmış keyfiyyətdə və miqdarda yerinə yetirdiyi işləri qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür.
23. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə ilə görülməsi nəzərdə tutulmuş işlərin qiyməti müqavilənin ayrılmaz tərkib hissəsi olan X2 ilə müəyyənləşdiriləcək.
24. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
25. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli AZ-PT/2020-051 R saylı podrat müqaviləsi üzrə 06 oktyabr 2021-ci il tarixli 1 nömrəli Əlavə razılaşmadan görünür ki, tərəflər podrat müqaviləsi üzrə podratçı tərəfindən 24.010 manat dəyərində işlər görülmədiyini qəbul etmişlər.
26. Əlavə razılaşma ilə tərəflər xx.xx.2021-ci il tarixli akta əsasən podratçının işlərin təminatı qismində sifarişçidə saxlanılan 20.000 manat vəsaitə heç bir iddia və tələbinin olmaması ilə bağlı qarşılıqlı razılığa gəlmişlər.
27. Bundan başqa Əlavə razılaşmanın 1.4-cü bəndinə əsasən podratçı podrat müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirmədiyi üçün sifarişçiyə 4.010 manat pulu 20 gün ərzində qaytaracağı ilə bağlı razılığa gəlmişdir.
28. Əlavə razılaşma hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
29. Göründüyü kimi, hər iki tərəf 24.010 manat dəyərində işlərin görülmədiyi qəbul etmişlər və əlavəyə imza etməklə qeyd edilmiş pulun bir hissəsinin cavabdehdə olan 20.000 pulla əvəz edilməsi və artıq qalan 4.010 manat pulun qaytarılması ilə bağlı razılığa gəlmişlər.
30. Birinci instansiya məhkəməsi cavabdehin dəlillərinə münasibətdə bildirmişdir ki, cavabdeh X1” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəflər arasında bağlanılan müqavilənin yalnız sonuncu səhifəsində imzanın olmasını qeyd etsə də, məhkəmə təqdim edilmiş xx.xx.2020-ci il tarixdə AZ-PT/2020-051 R saylı podrat müqaviləsinin hər səhifəsi cavabdeh MMC-nin direktoru tərəfindən imza edilmişdir.
31. Bundan başqa tərəflər arasında imzalanan Əlavə razılaşma cəmi 1 səhifədən ibarət olmaqla hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
32. Birinci instansiya məhkəməsi həmçinin qeyd edir ki, həm müqavilədə, həmçinin də 06 oktyabr 2021-ci il tarixli 1 nömrəli Əlavə razılaşmada Cavabdeh möhürünün olması onu deməyə əsas verir ki, qeyd edilmiş sənədlər cavabdeh tərəfindən təsdiq edilmişdir.
33. Çünki, oxşar vəziyyətlərdə fiziki şəxslərlə müqayisədə hüquqi şəxslərin üzərinə öz statusuna görə daha böyük məsuliyyət düşür. Belə ki, hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən möhürə və rekvizitlərə, o cümlədən təsis sənədlərinin və digər zəruri rekvizitlərin saxlanmasına maddi məsul olan şəxslərə malikdir.
34. Hüquqi şəxsin rəsmi reyestrdə qeydə alınması və möhürə malik olması onunla hüquq münasibətinə daxil olan fiziki və ya digər hüquqi şəxsdə ona təqdim edilmiş sənədlərin rəsmi xarakterə malik olması barədə əminlik yaradır. Bu zaman sənədin möhürlə təsdiq edildiyini görən şəxs həmin sənədin mötəbərliyini və səlahiyyətli şəxs tərəfindən imzalandığını güman etməkdə haqlıdır. Çünki bir qayda olaraq möhürün saxlanmasına məsul olan şəxs məhz sənədə hüquqi şəxsin adından imza etmək (təmsilçilik) səlahiyyətinə malik olan şəxs olur.
35. Belə olan halda, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, 4.010 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
36. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin 4.010 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə gəldiyi nəticə qanuni və ədalətlidir.
37. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
38. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
39. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
40. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2302/2023 saylı, 14 iyun 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov