Məhkəmə qərarları › İş №2-2(103)-753/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-753/2025

18.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-753/2025 18.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Əliyevanın sədrliyi və məruzəsi ilə, Təranə Nəriman qızı Mahmudova və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 1626/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli liftlərə texniki xidmət müqaviləsinə əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən “Hayat Palace” yaşayış kompleksində quraşdırılmış sərnişin-yük liftlərinə mövcud qayda üzrə texniki xidmət göstərməyi, İddiaçı isə xidmətlərin dəyərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin ödəniş şərtləri ilə 20 ədəd “Schindler” markalı liftə xidmət göstərilməsi, 1 lift üçün aylıq xidmət haqqının ƏDV daxil olmaqla 100 manat olması, liftlərə ayda ən azı bir dəfə texniki baxış keçirilməsi, hesabat ayının 3 iş günü ərzində liftlərə texniki xidmətə dair irad olmazsa, göstərilən xidmətlərin qəbul olunmuş hesab edilməsi, təqdim edilən aylıq aktlara əsasən hər ayın 10-dan gec olmayaraq keçən ay üçün hesablanmış xidmət haqqının köçürmə yolu ilə ödənilməsi razılaşdırılmışdır.

2. Hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 01 nömrəli təhvil-təslim aktı ilə 2022-ci ilin sentyabr ayı üzrə ƏDV daxil olmaqla 2000 manat, xx.xx.2022-ci il tarixli 02 nömrəli təhvil-təslim aktı ilə 2022-ci ilin oktyabr ayı üzrə ƏDV daxil olmaqla 2000 manat, xx.xx.2022-ci il tarixli 03 nömrəli təhvil-təslim aktı ilə 2022-ci ilin noyabr ayı üzrə ƏDV daxil olmaqla 2000 manat, xx.xx.2022-ci il tarixli 04 nömrəli təhviltəslim aktı ilə 2022-ci ilin dekabr ayı üzrə ƏDV daxil olmaqla 2000 manat dəyərində xidmət təhvil alınmışdır.

3. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixdə EBCM seriyalı 224080 nömrəli (sentyabr 2022), EBCM seriyalı 224159 nömrəli (oktyabr 2022), EBCM seriyalı 224235 nömrəli (noyabr 2022), xx.xx.2022-ci il tarixdə EBCM seriyalı 305975 nömrəli (dekabr 2022), xx.xx.2023-cü il tarixdə EBDA seriyalı 667137 nömrəli (fevral 2023), xx.xx.2023-cü il tarixdə EBCN seriyalı 757345 nömrəli (yanvar 2023) hər biri ƏDV daxil 2000 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.

4. xx.xx.2022-ci il tarixli, 01 nömrəli təhvil-təslim aktına görə xx.xx.2022-ci il tarixli müqavilə üzrə “Hayat Palace” yaşayış kompleksindəki 20 ədəd liftə 2022-ci ilin Sentyabr ayı üzrə texniki xidmət göstərilmişdir. Xidmətin dəyəri 305.08 manat ƏDV daxil 2000 manat təşkil edir. Servis aktları tərtib edilmiş hər iki tərəfin nümayəndəsinin imzası ilə təsdiq edilmişdir.

5. xx.xx.2022-ci il tarixli, 02 nömrəli təhvil-təslim aktına görə xx.xx.2022-ci il tarixli müqavilə üzrə “Hayat Palace” yaşayış kompleksindəki 20 ədəd liftə 2022-ci ilin Oktyabr ayı üzrə texniki xidmət göstərilmişdir. Xidmətin dəyəri 305.08 manat ƏDV daxil 2000 manat təşkil edir. Servis aktları tərtib edilmiş hər iki tərəfin nümayəndəsinin imzası ilə təsdiq edilmişdir.

6. xx.xx.2022-ci il tarixli, 03 nömrəli təhvil-təslim aktına görə xx.xx.2022-ci il tarixli müqavilə üzrə “Hayat Palace” yaşayış kompleksindəki 20 ədəd liftə 2022-ci ilin Noyabr ayı üzrə texniki xidmət göstərilmişdir. Xidmətin dəyəri 305.08 manat ƏDV daxil 2000 manat təşkil edir. Servis aktları tərtib edilmiş İddiaçı MMC-nin nümayəndəsinin imzası ilə təsdiq edilmişdir.

7. xx.xx.2022-ci il tarixli, 04 nömrəli təhvil-təslim aktına görə xx.xx.2022-ci il tarixli müqavilə üzrə “Hayat Palace” yaşayış kompleksindəki 20 ədəd liftə 2022-ci ilin Dekabr ayı üzrə texniki xidmət göstərilmişdir. Xidmətin dəyəri 305.08 manat ƏDV daxil 2000 manat təşkil edir. Servis aktları tərtib edilmiş İddiaçı MMC-nin nümayəndəsinin imzası ilə təsdiq edilmişdir.

8. 30/31 yanvar 2023-cü il tarixli, liftlərə texniki xidmət göstərilməsi haqqında Akta görə “Hayat Palace” yaşayış kompleksindəki 20 ədəd liftə 2022-ci ilin Yanvar ayı üzrə texniki xidmət göstərilmişdir. Servis aktları tərtib edilmiş hər iki tərəfin nümayəndəsinin imzası ilə təsdiq edilmişdir.

9. 27 fevral 2023-cü il tarixli, liftlərə texniki xidmət göstərilməsi haqqında Akta görə “Hayat Palace” yaşayış kompleksindəki 20 ədəd liftə 2022-ci ilin Fevral ayı üzrə texniki xidmət göstərilmişdir. Servis aktları tərtib edilmiş hər iki tərəfin nümayəndəsinin imzası ilə təsdiq edilmişdir. Birinci instansiya məhkəməsindəki icraat:

10. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli liftlərə texniki xidmət müqaviləsi üzrə 12000 manat məbləğində pulun və ödənilmiş 128 manat dövlət rüsumunun, 500 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh 19 sentyabr 2022-ci il tarixdə liftlərə texniki xidmət müqaviləsi bağlanmışdır. Qeyd olunan müqaviləyə əsasən cavabdehin 2022-ci il üzrə sentyabr, oktyabr, noyabr, dekabr, 2023-cü il üzrə yanvar və fevral ayları üzrə göstərilmiş texniki xidmətlərlə bağlı 18% ƏDV daxil 12000 manat borc öhdəliyi yaranmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçı ünvan 1 ünvanında yerləşən “Hayat Palace” yaşayış kompleksində quraşdırılmış sərnişin-yük liftlərində mövcud qayda üzrə texniki xidmət göstərməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən hesabat ayının 3 iş günü ərzində cavabdeh tərəfindən liftlərin texniki xidmətinə dair irad olmazsa, göstərilən xidmətlər qəbul olunmuş sayılır. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən cavabdeh iddiaçı tərəfindən təqdim edilən aylıq aktlara əsasən hər ayın 10-dan gec olmayaraq keçən ay üçün hesablanmış xidmət haqqının ödənilməsini köçürmə qaydasında həyata keçirəcəkdir. 2.2. Cavabdehin halhazırda qeyd olunan xidmət müqaviləsinə əsasən 18% ƏDV daxil ümumilikdə 12000 manat borcu qalmışdır. Qeyd olunan borc məbləği müvafiq təhvil-təslim aktları və elektron qaimə-faktura ilə öz təsdiqini tapır. Cavabdeh hal-hazırkı vaxtadək qeyd olunan borc məbləğini ödəməmişdir. Borclu hüquqi şəxsin öz borcunu ödəməsi üçün xx.xx.2024-cü il tarixində pretenziya göndərilmişdir. Ancaq hər hansı bir etiraz daxil olmamışdır. Qanunvericiliyin göstərilən tələbinə əsasən, pretenziya məktubu onlayn kargüzarlıq vasitəsilə cavabdehə göndərilmişdir. Eyni zamanda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat da iddiaçı tərəfindən onlayn kargüzarlıq vasitəsilə cavabdehə göndərilmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən tərəflərin hər ikisinin üzərinə düşən icra hərəkətləri olub. İddiaçı həmin hərəkətləri müqavilə ilə müəyyən edilmiş vaxtda və qüsursuz şəkildə yerinə yetirməsinə baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb olmadan qarşılıqlı olaraq öz üzərinə düşən öhdəliklərini yerinə yetirmir və yaranmış borcu qəsdən ödəmir.

12. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3, 441.1, 448.2-ci və s. maddələri göstərilmişdir.

13. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 1626/2025 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.

14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hər iki tərəfin izahatları və təqdim edilən sübutlar əsasında müəyyən olunur ki, tərəflər arasında formalaşmış işgüzar praktikaya əsasən ayda bir dəfə cavabdehə məxsus 20 ədəd liftə iddiaçının əməkdaşları tərəfindən texniki baxış aparılır, bu barədə “servis aktları” imzalanır, sonra “liftlərə texniki xidmət göstərilməsi haqqında akt”lar tərtib edilərək hər iki tərəfin nümayəndəsi tərəfindən imzalanır. Daha sonra həmin aktlar cavabdehin baş ofisinə göndərilir, “təhvil-təslim aktları”na məhz baş ofisdə möhür vurulur. Belə ki, 2022-ci ilin sentyabr ayı üzrə əvvəla servis aktları tərtib edilmiş, daha sonra liftlərə texniki xidmət göstərilməsi haqqında xx.xx.2022-ci il tarixli akta imza edilmiş, 2022-ci ilin sentyabr ayı üzrə göstərilən xidmət yalnız 29 dekabr 2022-ci il tarixdə hər iki hüquqi şəxsin möhürü ilə təhvil alınmışdır. Eləcə də 2022-ci ilin oktyabr ayı üzrə əvvəla servis aktları tərtib edilmiş, daha sonra liftlərə texniki xidmət göstərilməsi haqqında xx.xx.2022-ci il tarixli akta imza edilmiş, 2022-ci ilin oktyabr ayı üzrə göstərilən xidmət yalnız 29 dekabr 2022-ci il tarixdə hər iki hüquqi şəxsin möhürü ilə təhvil alınmışdır. Analoji praktika mübahisələndirilməyən 2022-ci ilin noyabr və dekabr ayı üzrə göstərilmiş xidmətlərdə də özünü göstərmişdir. Eyni zamanda 2022-ci ilin sentyabr – dekabr ayları üzrə xidmətlərin göstərilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli EBCM 224235, xx.xx.2022-ci il tarixli EBCM 224080, xx.xx.2022-ci il tarixli EBCM 224159, xx.xx.2022-ci il tarixli EBCM 305975 seriya və nömrəli elektron qaimələr tərtib edilərək cavabdehə göndərilmiş, həmin elektron qaimələr sistem tərəfindən təsdiq edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, eyni praktika cavabdehin hazırda mübahisələndirdiyi 2023-cü ilin yanvar və fevral ayı üzrə xidmətlərin göstərilməsi ilə bağlı da özünü göstərmişdir. Belə ki, 2023-cü ilin yanvar ayı üzrə servis aktları tərtib edilmiş, daha sonra liftlərə texniki xidmət göstərilməsi haqqında 30-31 yanvar 2023-cü il tarixli akta imza edilmiş, 2023-cü ilin fevral ayı üzrə servis aktları tərtib edilmiş, daha sonra liftlərə texniki xidmət göstərilməsi haqqında 27 fevral 2023-cü il tarixli akta imza edilmişdir. Cavabdeh liftlərə texniki xidmət göstərilməsi haqqında aktlardakı imzaların ona məxsusluğunu mübahisələndirsə də, servis aktlarına imza etdiyini qəbul etmişdir. Əgər həmin aylar üçün xidmətlər göstərilməmişdirsə, servis aktlarına imza edilməsinin səbəbləri isə cavabdeh tərəfindən izah edilə bilməmişdir. Digər tərəfdən, cavabdeh tərəflər arasında möhürlü təhvil-təslim aktının olmadığını bildirsə də, nəzərə alınmalıdır ki, 2022-ci ilin sentyabr – dekabr ayları üzrə göstərilən xidmətlər üzrə də təhvil-təslim aktları uzun müddət sonra tərtib edilmişdir. Bu isə həmin xidmətlərin göstərilmədiyini təsdiq etmir. Bununla yanaşı, 2023-cü ilin yanvar ayında göstərilən xidmətlərlə bağlı xx.xx.2023-cü il tarixli EBCN 757345 seriya və nömrəli elektron qaimə tərtib edilərək cavabdehə göndərilmiş, həmin elektron qaimədə əsas kimi xx.xx.2022-ci il tarixli müqaviləyə istinad edilmiş, əlavə qeyd kimi 2023-cü ilin yanvar ayı yazılmışdır. Adıçəkilən elektron qaimə sistem tərəfindən təsdiq edilmiş, ləğvə və ya düzəlişə qaytarılmamışdır. Halbuki 2022-ci ilin dekabr ayından xidmətlərin dayandırıldığına istinad edən cavabdeh 2023-cü ilin yanvar ayında dayandırılmış xidmət üzrə, aşkar rekvizitlərlə göndərilən elektron qaiməyə nə üçün etiraz edilmədiyini əsaslandıra bilməmişdir. Oxşar vəziyyət 2023-cü ilin fevral ayında da yaranmış, xx.xx.2023-cü il tarixli EBDA 667137 seriya və nömrəli elektron qaimə adıçəkilən müqaviləyə istinad edilməklə, fevral 2023 qeydi ilə cavabdehə göndərilmiş, sistem tərəfindən təsdiq edilmişdir. Elektron qaimələrin ləğv edilmək üçün qaytarılmaması, ötən dövr ərzində maliyyə-mühasibatlıq hesabatları tərtib edilərkən göstərilməyən xidmət üçün elektron qaimənin mövcudluğunun aşkar olunmaması, bu barədə keçən dövr ərzində hər hansı etiraz göndərilməməsi ağlabatan deyildir. Belə olan halda, məhkəmə göstərmişdir ki, cavabdehin göstərilmiş xidmətlər üzrə 12000 manat məbləğində borcu yaranmış, xx.xx.2022-ci il tarixli xidmət müqaviləsinin 4.3-cü bəndində nəzərdə tutulmuş öhdəliyini – göstərilmiş xidmətin dəyərini ödəmək vəzifəsini icra etməmişdir.

15. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 390.1, 427.3, 442, 448.1, 448.2, 448.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

16. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsini, iddia tələbinin qismən təmin edilməsi, 2023-cü il ilin yanvar və fevral ayları üzrə "xxxx" MMC tərəfindən 01 sentyabr 2022-ci il tarixli müqavilə üzrə xidmətlərin göstərilməmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında cavabdehin nümayəndəsi izahat verərkən bildirmişdir ki, "X4" MMC yaşayış binalarına kommunal-təsərrüfat xidməti göstərən təşkilatdır. "X4" MMC-nin faktiki mülkiyyətçisinin binaların tikintisi və saxlanması ilə məşğul olan 10 ayrı adda kommersiya təşkilatları mövcuddur və "xxxx" MMC uzun müddətdir ki, həmin təşkilatlara müqavilə əsasında xidmət göstərir. 2022-ci il dekabr ayında "xxxx" MMC şirkətlərə qeyri-rəsmi rəhbərliyi həyata keçirən X2 MMC-yə müraciət edərək xidmətləri dayandırdığını bildirmişdir və bütün şirkətlərlə müqavilə münasibətlərinə xitam vermişdir. 29-dekabr 2022-ci il tarixində "X4" MMC-nin nümayəndələri, "xxxx" MMC-nin nümayəndəsi ilə birgə görülmüş işlərin təhviltəslim aktları tərtib edilmiş və "xxxx" MMC tərəfindən elektron qaimələr göndərilmişdir. "X4" MMC-nin nümayəndəsi məhkəməyə bildirmişdir ki, 2022-ci il 29 dekabr tarixindən sonra "xxxx" MMC tərəfindən həmin binada hər hansı iş görülməmişdir və həmin aylar üzrə təhvil təslim aktı və servis aktı imzalanmadığı halda liftlərə texniki xidmət göstərilməsi haqqında aktı nə vaxt , hansı şəraitdə imzaladığını xatırlamır. İmzanın həqiqiliyi onda şübhə doğurur. Bundan əlavə 2022-ci il üzrə liftlərə texniki xidmət göstərilməsi aktlarında texniki xidmət işçisinin imzasının olduğu halda 2023-cü il yanvar , fevral ayı üzrə texniki xidmət aktında texniki xidmət işçisinin imzası olmamışdır. Həmçinin 2023-cü il yanvar, fevral aylarında tərtib edilmiş servis aktları "X4" MMC tərəfindən imzalanmamış, təhviltəslim aktları tərtib edilməmişdir. Lakin məhkəmə deyilən faktları, təqdim edilmiş sübutları araşdırmadan düzgün olmayan qətnamə qəbul etmişdir. Cavabdehin nümayəndəsi məhkəmədə izahat verərkən bildirmişdir ki, 2022-ci il sentyabr-dekabr ayları üzrə görülən işlər üzrə təhvil təslim aktları və servis aktları olduğu halda 2023-cü ilin yanvar, fervral ayı üzrə təhvil-təslim aktı və servis aktları olmamış həmçinin liftlərə texniki xidmət aktında texniki xidmət işçisinin imzası olmamışdır və 2022-ci il dekabr ayında artıq "xxxx" MMC müqavilə üzrə liftlərə xidmət göstərilməsini dayandırdığından 2023-cü il üzrə iddiaçı tərəfindən hər hansı işin görülməsini və bu barədə liftlərə texniki xidmət aktını imzalanmasını xatırlamır. Bu səbəbdən imzanın həqiqiliyinin yoxlanılması üçün ekspertiza keçirilməsi barədə məhkəməyə vəsatət verilmiş, lakin hakim vəsatəti təmin etməmiş və nəticədə iş üçün əhəmiyyətli olan bütün faktiki hallar araşdırılmadan düzgün olmayan qətnamə qəbul edilmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

18. Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətində qeyd edilən hallar və dəlillər tamamilə əsassızdır. Cavabdeh tərəfindən apellyasiya şikayətində müəyyən “dəlillər” gətirilsə də, onları təsdiqləyəcək hər hansı sübutlar məhkəməyə təqdim edilməmişdir. Üstəlik qeyd edilməlidir ki, cavabdeh tərəf eyni dəlilləri birinci instansiya məhkəməsində iddia ərizəsinə yazılı etirazında da, qeyd etmişdir. Lakin, həmin dəlilləri təsdiqləyəcək sübutları məhkəməyə təqdim etməmişdir. Eyni dəlilləri apellyasiya şikayətində təkrarlamaqla cavabdeh sadəcə olaraq ona verilmiş hüquqlardan istifadə etməklə məhkəmə qətnaməsinin qanuni qüvvəsini almasını yubatmaq və bununla da, borcun ödənilməsindən yayınmaq məqsədini güdür. Hesab edir ki, birinci instansiya məhkəməsi təqdim edilmiş bütün sübutları obyektiv və qərəzsiz araşdıraraq düzgün və ədalətli qərar qəbul etmişdir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alınmasını, cavabdehin formal mülahizələr əsasında vermiş olduğu apellyasiya şikayətinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər..

Məhkəmə icraatı iştirakçılarının izahatları:

14. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi. Bildirdi ki, yanvar fevral, aylarında xidmət göstərilməyib, servis aktları mövcud deyil və aktlar imzalanmayıb, iddiaçının təqdim etdiyi servis aktları noyabr-dekabr ayına aiddir. Bütün təhvil-təslim aktları isə dekabr ayında imzalanıb.

15. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatda xidmətlərin göstərildiyini, təhvil-təslim aktlarının imza ilə təsdiqləndiyini bildirdi. Noyabr ayında tərtib edilən servis aktının imzalanmaması ehtimalı olduğunu qeyd etdi. Həmçinin, tərəflər arasında mövcud olan münasibətlərin ödənişlərin icra edilməməsi səbəbilə pozulduğunu vurğuladı. Tətbiq edilən hüquq:

16. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. -753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.

17. Mülki Prosessual Məcəllənin: -77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1 -ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "HTM Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, "...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”

Apellyasiya baxışının hədləri:

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin 2023-cü ilin yanvar və fevral ayları üzrə göstərilmiş xidmətlərə görə 4000 manat məbləğində xidmət haqqının tutulmasına dair hissədə ləğv edilməsinə və həmin hissədə iddianın rədd edilməsinə yönəldilmişdir. Odur ki, qətnamənin əsaslığı həmin hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

23. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli liftlərə texniki xidmət müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilə üzrə cavabdehə 2022-ci ilin sentyabr-2023-cü ilin fevral ayından xidmət göstərdiyini, lakin həmin xidmətlərə görə muzdun cavabdeh tərəfindən ödənilmədiyini iddia edir və yuxarıda göstərilən 6 ay üçün göstərilmiş xidmətlərə görə 12.000 manat pulun tutulmasını tələb edir. Cavabdeh isə 2022-ci ilin sentyabr-2022-ci ilin dekabr aylarında cavabdeh tərəfindən xidmət göstərilməsini və həmin xidmətlərə görə borclarının olmasını qəbul etsə də, 2022-ci ilin dekabr ayının sonundan iddiaçının xidmət göstərilməsini dayandırdığını və 2023-cü ilin yanvar və fevral ayında iddiaçı tərəfindən cavabdehə heç bir xidmət göstərilmədiyini əsas göstərərək iddianın 2023-cü ilin yanvar-fevral ayları üzrə 4000 manat xidmət haqqının tutulması hissəsində iddiaya etiraz edir.

24. Kollegiya ilk növbədə qeyd edir ki, iddianın qanuni əsasını Mülki Məcəllənin 752.1-ci maddəsi təşkil edir.

25. İşin məhkəmə tərəfindən araşdırılmalı olan mübahisəli halı 2023-cü ilin yanvar və fevral aylarında iddiaçı tərəfindən cavabdehə xidmət göstərilib-göstərilməməsindən ibarətdir.

26. Bununla bağlı kollegiya qeyd edir ki, əvvəlki aylarda olduğu kimi 2023-cü ilin yanvar və fevral ayları üzrə xidmət göstərilməsinə dair hər iki tərəfinin imza və möhürü ilə təsdiq edilmiş təhvil-təslim aktı mövcud olmasa da, iş materiallarından görünür ki, mübahisəli aylar üzrə iddiaçı tərəfindən liftlərə texniki baxış keçirilməsini təsdiq edən servis aktları tərtib edilmiş, daha sonra liftlərə texniki xidmət göstərilməsi haqqında aktlara imza edilmiş, bununla yanaşı həmin xidmətlərlə bağlı iddiaçı tərəfindən cavabdehə elektron qaimələr göndərilmiş, həmin qaimələr düzəliş üçün qaytarılmamış və sistem tərəfindən təsdiqlənmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh mübahisəli aylar üzrə servis aktlarının nümayəndələri tərəfindən imzalanmasını mübahisələndirməmiş, servis aktlarına imza edilməsinin səbəblərini isə izah edə bilməmişdir. İşə apellyasiya instansiya məhkəməsində baxılarkən iddiaçının 2023-cü ilin yanvar-fevral ayları üzrə servis aktları kimi təqdim etdiyi aktların əslində mübahisələndirməyən noyabr və dekabr ayları üzrə aktlar olduğunu bildirsə də, göstərilən halı sübuta yetirə bilməmişdir. Bundan əlavə cavabdeh mübahisəli müqavilə üzrə münasibətlərə 2022-ci ilin dekabr ayından faktiki xitam verilməsi barədə dəlilinin əsaslılığını təsdiq edən hər hansı sübutu (iddiaçının müqavilənin ləğvi barədə bildirişi, yanvar-fevral ayların həmin xidmətlərin başqa şəxs tərəfindən göstərilməsi təsdiq edən müqavilə və s.) da məhkəməyə təqdim etməmişdir.

27. Odur ki, kollegiya hesab edir ki, iddiaçı tərəfindən cavabdehə 2023-cü ilin yanvar və fevral aylarında xidmət göstərilməsi faktı sübutların məcmusu ilə öz təsdiqini tapır. Odur ki, iddiaçı həmin aylar üzrə göstərilmiş xidmətlərə görə 4000 manat məbləğində xidmət haqqının cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.

28. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

29. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

30. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət e t d i : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 1626/2025 saylı saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti bilməz.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar