Məhkəmə qərarları › İş №2-2(103)-755/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-755/2021

23.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-755/2021 23.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçı “Yapılar İnşaat Ticaret Limited” şirkətinin vəkili Vəkil, cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 394/2021 nömrəli iş üzrə 15 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, 7.045.000 manat qalıq borcun və 8.211.508 manat zərərin cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 15.04.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamənin əsaslarına görə, “Tərəflər arasında 07.01.2007-ci il tarixdə bağlanmış müqavilə üzrə müddət 05 dekabr 2009-cu il tarixdə bitmişdir” Yəni, həmin müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi barədə tələblər üzrə iddia müddətinin axımı 06 dekabr 2009-cu il tarixdə başlanmış, 06 dekabr 2012-ci il tarixdə isə başa çatmışdır. İddiaçı isə məhkəməyə iddia ərizəsi ilə 28 oktyabr 2020-ci il tarixdə, yəni, iddia müddəti başa çatdıqdan 7 il 10 ay sonra müraciət etmişdir.” Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçının rəhbərliyi tərəfindən 28 dekabr 2009-cu ildə, 18 yanvar 2010-cu ildə, 2012 və 2013-cü illərdə ”Azəryolservis”in rəhbərliyinə, Nəqliyyat Nazirliyinə qalıq borc, yəni 7.045.000 manatın ödənilməsi barədə məktublar ünvanlanmış, faksla dəfələrlə müraciətlər olunmuş, tərəflər arasında danışıqlar aparılmışdır. Lakin nəticə olmamışdır. 2018-ci ildə Binəqədi Rayon Məhkəməsinə, həmin məhkəmənin qərarından Bakı Apellyasiya Məhkəməsinə, 2019-cü ildə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarlarından Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına müraciətlər olunmuşdur. Həmin məhkəmə proseslərində cavabdehin nümayəndəsi iştirak elmiş və iddia müddətinin tətbiqi barədə tələb irəli sürməmişdir. İddiaçının bu müraciətləri ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.3-cü və 380-ci maddələrinə əsasən iddia müddətinin axımı kəsilmiş və müddətin axımı yenidən başlamışdır. 2018-ci ilədək keçmiş vaxt yeni müddətə daxil edilmir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edib, ona uyğun izahat vermiş, cavabdehin nümayəndəsi qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşin mübahisəsiz hallarına görə, AR Nəqliyyat Nazirliyinin "xxxx" Departamenti MMC (sifarişçi) ilə “Yapılar İnşaat Ticaret Limited” şirkəti (podratçı) arasında Bakı şəhərinin Ziya Bünyadov prospekti ilə Azadlıq prospektində 3 saylı yol kəsişməsinin tikintisi üçün 01 iyun 2006-cı il tarixli CW/GOA/2006/3 saylı Razılıq müqaviləsi bağlanmış (dəyəri 15.713.065 manat), 07 yanvar 2007-ci il tarixli Razılıq müqaviləsi ilə iddiaçı (podratçı) Bakı şəhəri Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin 3 saylı kəsişməsinin tikintisini həyata keçirməyi öhdəsinə götürmüş (dəyəri 39.182.965 manat), müqavilə hüquqi qüvvəyə mindiyi gündən 01 iyun 2006-cı il tarixli müqavilə hüquqi qüvvəsini itirmiş hesab edilmiş, 19 sentyabr 2008-ci il tarixdə podratçı ilə sifarşçi arasında 07 yanvar 2007-ci il tarixli müqaviləyə 1 nömrəli Əlavə razılaşma imzalanmış (dəyəri 45.424.707 manat), 15 may 2009-cu il tarixdə eyni müqaviləyə 12 nömrəli Əlavə razılaşma bağlanmış (dəyəri 28.817.035 manat), bununla da Lahiyənin ümümi dəyəri 68.000.000 təşkil etmişdir. AR Nəqliyyat Nazirliyinin "xxxx" Departamenti MMC 22 fevral 2007-ci il tarixdə Nəqliyyat Nazirliyinin tabeliyində ”Azəryolservis” ASC-yə çevrilmiş, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 18 oktyabr tarixli Fərmanı ilə "xxxx" ASC-nin bazasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxsi yaradılmışdır. "xxxx" ASC-nin “Bakı şəhərində yol qovşaqları, avtomobil yolları və piyada keçidlərinin tikintisi üzrə” Layihə idarəetmə qrupunun 25.11.2010-cu il tarixli 62/11Q nömrəli Layihənin tamamlanması haqqında bildirişində Bakı şəhəri Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində müxtəlif səviyyəli yol qovşaqları layihəsinin ümumi dəyəri 68.000.000 manat, müqavilənin tarixi 07 yanvar 2007-ci il, işin başlanma tarixi 02 yanvar 2007-ci il, bitmə tarixi 05 dekabr 2009-cu il qeyd olunmuşdur. Mübahisəli hallar isə ondan ibarətdir ki, iddiaçı 68.000.000 manatdan ona 60.955.000 ödənildiyini, 7.045.000 manat qalıq borcun ödənilmədiyini irəli sürür, cavabdeh buna etiraz edərək, 68.000.000 manatın hamısının ödənildiyini bildirir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək, mübahisəyə iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. İddiaçı 2015-ci ilin fevral və dekabr aylarında Azərbaycan manatı devalvasiyaya uğrayaraq ABŞ dolları qarşısında məzənnəsini itirdiyi üçün cavabdehdən zərər kimi 8.211.508 manat da tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir; 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; 379.1. İddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: 379.1.1. iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda; 379.1.2. iddiaçı və ya cavabdeh hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olduqda; 379.1.3. müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə; 379.1.4. fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni təmsilçisi olmadıqda; 379.1.5. müvafiq münasibəti tənzimləyən qanunun və ya digər normativ hüquqi aktın qüvvəsi dayandırıldıqda; 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir; 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə iddia müddəti keçdiyi üçün iddia rədd edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış müqavilə üzrə müddət 05 dekabr 2009-cu il tarixdə bitmiş, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi barədə tələblər üzrə iddia müddətinin axımı, yəni Mülki Məcəllənin 373.2-ci maddəsində təsbit olunan 3 illik müddət 06 dekabr 2009-cu il tarixdə başlamış, 06 dekabr 2012-ci il tarixdə başa çatmış, iddiaçı məhkəməyə iddia ərizəsi ilə 28 oktyabr 2020-ci il tarixdə, iddia müddəti keçdikdən 7 il 10 ay sonra müraciət etmişdir. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, iş üzrə Mülki Məcəllənin 379.1-ci maddəsində nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına, 380.1-ci maddəsində təsbit olunan iddia müddətinin axımının kəsilməsinə əsas təşkil edən hallar müəyyən edilmir. İddiaçı tərəfindən müəyyənləşdirilmiş qaydada iddia ilk dəfə 2018-ci ildə irəli sürülmüşdür, habelə cavabdehin borcu etiraf etməsini göstərən hərəkətlər iş materialları ilə təsdiqini tapmır. Bununla da iddia müddətinin axımı dayanmamış və kəsilməmişdir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı rədd etməsi faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir. Bununla bağlı olaraq, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya e-2-2(113)-394/2021 nömrəli iş üzrə 15 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı “Yapılar İnşaat Ticaret Limited” şirkətinin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Azər Hüseynov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar