Məhkəmə qərarları › İş №2-2(103)-773/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-773/2024

19.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-773/2024 19.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3125/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 10 iyun 2024-cü il tarixli qərardadından Cavabdeh S.R.O tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" S.R.O.dan iddiaçının xeyrinə müqavilə üzrə alınan 164000 ABŞ dolları məbləğində pulun, xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilə qədər olan dövr üçün 403,88 ABŞ dolları məbləğində cərimənin, mütəxəssislərin (ekspertlərin) cəlb edilməsi ilə bağlı 603000 ABŞ dolları məbləğində zərərin, 9800 ABŞ dolları məbləğində borc vəsaitləri üzrə faizlərin, 500.000 ABŞ dolları məbləğində itirilmiş mənfəətin, cəmi 734 503,88 ABŞ dolları 88 sent, hüquqi yardıma görə 1000 manat və 1415 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, Cavabdeh S.R.O ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh İddiaçı QSC-yə qarşı qarşılıqlı iddia qaldıraraq, “123.127-TX.TEO” adlı texniki-iqtisadi əsaslandırma sənədinin və onun ayrı-ayrı hissələrinin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması və təqdim edilməsi və iddiaçı Cavabdeh MMC-nin xeyrinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən 55.000 manat məbləğində kompensasiyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, e-2-2(113)-3125/2024 nömrəli qərardadı ilə qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Cavabdeh "xxxx" S.R.O. həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Çexiya Respublikasında qeydiyyatda olan Cavabdeh şirkətinin Nümayəndə2 verdiyi etibarnamə Çexiya Respublikası Mülki Məcəlləsinin 441-ci maddəsinin tələbləri nəzərə alınmaqla tərtib edilmişdir. Bununla yanaşı 3.3 “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.4-cü maddəsinə əsasən müəlliflik mübahisələri üzrə - müəlliflər, müəlliflik hüququ, ixtiralar, faydalı modellər, sənaye nümunələri, habelə əqli mülkiyyətin digər növlərinə dair hüquqlardan irəli gələn iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Bu səbəbdən də dövlət rüsumu ödənilməmişdir. İddiaçı QSC apellyasiya şikayətinə dair etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC tərəfindən məhkəmədə cavabdehi səlahiyyətli nümayəndəsi kimi təmsil etmək üçün vəkil Nümayəndə2 xx.xx.2024-cü il tarixli 222 nömrəli etibarnamə verilmişdir. Elektron qaydada təqdim edilmiş etibarnamə xarici hüquqi şəxs tərəfindən verilməsinə baxmayaraq, etibarnaməni imzalayan şəxsin səlahiyyətinin lazimi qaydada yoxlanılması barədə Azərbaycan Respublikasının da qoşulduğu “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”nin tələblərinə uyğun olaraq müvafiq Apostil şəhadətnaməsi ilə təsdiqlənməmişdir. Bu hal isə qeyd edilən sənədin nümayəndənin səlahiyyətlərini təsdiq edən yazılı sübut kimi məhkəmə tərəfindən qəbul edilməsini mümkünüz edir. Həmçinin, cavabdehin nümayəndəsi qarşılıqlı iddia ərizəsi üzrə dövlət rüsumunun ödənilməməsini müəlliflik hüquqlarının qorunması barədə iddia qaldırması ilə əsaslandırır. Lakin, cavabdehin sənəd üzərində müəlliflik hüququ qeydə alınmamışdır. Bundan başqa, vurulan zərərə görə kompensasiyanın tələb edilməsi üçün istənilən halda dövlət rüsumu ödənilməlidir və belə tələb dövlət rüsumundan azad etmir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Lakin, hazırkı iş üzrə verilmiş qarşılıqlı iddia ərizəsi cavabdehin nümayəndəsinə məxsus “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə yüklənsə də, ərizə elektron qaydada deyil, kağız daşıyıcıda tərtib edilmiş və cavabdehin nümayəndəsi tərəfindən fiziki imzalanmışdır. Eyni zamanda, iş materiallarından görünür ki, cavabdeh xarici elementli hüquqi şəxsin adından olan qarşılıqlı iddia ərizəsini Nümayəndə2 imzalamış, onun adına verilmiş etibarnamə isə qanunla müəyyən edilmiş qaydada təsdiq edilməmişdir. Belə ki, Cavabdeh S.R.O şirkəti Çexiya Respublikası qanunvericiliyinə əsasən müvafiq qaydada qeydiyyata alınaraq təsis edilmişdir (Şirkətin hüquqi ünvanı – Çexiya Respublikasıdır). İddia ərizəsinə əlavə edilmiş 10 may 2024-cü il tarixli etibarnamə isə Azərbaycan dilində tərtib edilmiş və etibarnamənin Cavabdeh S.R.O şirkətinin direktoru Pavlo Mingazov tərəfindən imzalanması qeyd edilmişdir. Lakin iddia ərizəsinə işdə iştirak edən xarici hüquqi şəxsin qanuni nümayəndəsinin səlahiyyətini təsdiq edən sübutlar əlavə edilməmişdir. Bundan başqa, cavabdeh hüquqi şəxs tərəfindən qarşılıqlı iddia ərizəsi verilən zaman qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət rüsumu ödənilməmişdir. Eyni zamanda, cavabdeh “Dövlət rüsumu haqqında” Qanunun 9.1.4-cü maddəsinə əsaslanaraq dövlət rüsumu ödəməkdən azad olunduğunu bildirsə də, hazırki mübahisə tərəflər arasında bağlanmış podrat müqaviləsindən yaranmış və qarşılıqlı iddia ərizəsinə cavabdehin qeydə alınmış müəlliflik hüququnu təsdiq edən sübutlar əlavə edilməmişdir. Qeyd olunan halları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 152.1.2, 152.1.5 və 152.1.10-cu maddələrinə əsaslanaraq kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq qarşılıqlı iddia ərizəsinin geri qaytarılması nəticəsinə gəlmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh "xxxx" S.R.O. tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3125/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 10 iyun 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar