Məhkəmə qərarları › İş №2-2(103)-820/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-820/2024

26.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-820/2024 26.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi X8 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh1 və Cavabdeh3 qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 1964/2024 nömrəli qətnaməsindən Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 48000 manat pul vəsaitinin və 234 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1964/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 MMC-dən zərərin əvəzi olaraq 48.000 (qırx səkkiz min) manat və dövlət rüsumunun əvəzi olaraq 234 manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir.

3. Cavabdeh2 MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1964/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbindən, iş materiallarından və tərəflərin verdiyi izahatdan da göründüyü kimi, iddiaçı tərəfindən də təqdim edilmiş sübutlarla müəyyən olunur ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə iş üzrə mülki iddia üzrə cavabdeh qismində MMC və 2 təqsirləndirilən şəxs müəyyən edilmiş olsa da, məhkəmə subroqasiya qaydasında tələb olunan pulu yalnız cavabdehdən tutmuşdur. Məhkəmə tərəfimizdən təqdim edilmiş sübutu düzgün qiymətləndirməmiş. Düzgün olmayan nəticəyə gəlmişdir. Göründüyü kimi borcun 3 şəxs-MMC, X10 və X4 tutulması müəyyən edilsə də, subroqasiy qaydasında iddia yalnız MMC-yə aid hissədə qoyulmuş, məhkəmə də əsassız olaraq digər şəxslərin borcla bağlı məsuliyyət məsələsini həll etməmişdir. İddia tələbindən, iş materiallarından və tərəflərin verdiyi izahatdan da göründüyü kimi, iddiaçı tərəfindən də təqdim edilmiş sübutlarla müəyyən olunur ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə iş üzrə mülki iddia üzrə cavabdeh qismində MMC və 2 təqsirləndirilən şəxs müəyyən edilmiş olsa da, məhkəmə subroqasiya qaydasında tələb olunan pulu yalnız cavabdehdən tutmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X12 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.

7. Cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

9. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

10. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

11. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

12. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

13. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

14. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edənzəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

15. Həmin Məcəllənin 1099.1-cı maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

19. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin yalnız Cavabdeh2 MMC tərəfindən verilməsini, qətnamə ilə iddianın qismən təmin edilməsini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı yalnız iddianın təmin edilən hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

22. İşin müəyyən edilən halları ondan ibarətdir ki, xx.xx.2020-ci il tarixli 477 saylı dəyən zərərin hesabatına dair verilmiş rəylərdə X6 yekun 19500 manat məbəğində və X2 isə 29500 manat məbləğində ziyan dəydiyi müəyyən edilmiş, xx.xx.2020-ci il tarixli, AKT1241/Fİ-0138/2019 saylı sığorta aktına və AZ/056889 saylı sığorta müqaviləsinə (şəhadətnaməsinə) əsasən 400 manat azadolma məbləği çıxıldıqdan sonra 19100 manat məbləğində sığorta ödənişi sığortalı X5 bank hesabına köçürülmüş, xx.xx.2020-ci il tarixli, AKT1240/Fİ-0139/2019 saylı sığorta aktına və AZ/056890 saylı sığorta müqaviləsinə (şəhadətnaməsinə) əsasən 600 manat azadolma məbləği çıxıldıqdan sonra 28900 manat məbləğində sığorta ödənişi sığortalı X1 bank hesabına köçürülmüş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(102)- 18/2023 saylı qərarının təsviri hissəsində zərərçəkmişlər arasında X7 46398 manat və X2 54386 manat məbləğində əmlaklarına ziyan dəydiyi qeyd olunmuşdur.

23. Qeyd olunanlardan göründüyü kimi iddiaçının məhkəməyə təqdim etdiyi sübutlardan və baş vermiş hadisə ilə bağlı qəbul edilmiş məhkəmə aktından da zərərçəkmiş şəxslər müəyyən edilməklə, onlara dəymiş ziyana dair rəy tərtib edilmiş, o cümlədən hadisəsin baş verməsində cavabdehin direktoru təqsirləndirilən şəxs qismində tanınmaqla da cinayət məsuliyyətinə cəlb edilmişdir. İddiaçı ASC-də öz növbəsində tərəfindən həmin şəxlsərə müvafiq sığorta ödənişləri həyata keçirilmişdir.

24. Qeyd edilənlər məhkəmə qərarı, sığorta şəhadətnaməsi, sığorta aktları, ödəniş tapşırıqları, sığorta müqaviləsi və digər sənədlərlə təsdiqlənmişdir.

25. Məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 subroqasiya qaydasında pulun tutulması tələbini rədd etmiş, pulun yalnız Cavabdeh2 MMC-dən tutulmasını qət etmişdir.

26. Məhkəmə qeyd etmişdir ki, yanğının baş verdiyi qeyri-yaşayış sahəsi hadisə zamanı Cavabdeh2 MMC-yə məxsus olmuşdur, MMC-də yanğın təhlükəsizliyi, ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi və elektrik enerjisindən istifadə qəydaların pozulması nəticəsində hadisə baş vermişdir. İddiaçı isə təsisçilər Cavabdeh1 və Cavabdeh3 borclu Cavabdeh2 MMC-nin mülkiyyətində olan Bakı ş., Binəqədi ray., Sulutəpə qəs. 1 ünvanında yerləşən daşınmaz əmlak kompleksini özlərinin mülkiyyətinə keçirmələrini əsas gətirərək pulun onlardan da tutulmalarını xahiş etmişlər. Məhkəmə bu əsaslarla iddianın Cavabdeh1 və Cavabdeh3 münasibətdə təmin edilməsini əsassız hesab etmişdir.

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 87.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır.

28. Digər cavabdehlərin hüquqi şəxsin öhdəliyi üzrə məsuliyyət daşımadıqlarına görə məhkəmə əsaslı olaraq onlara qarşı iddia tələbini rədd etmişdir. Göründüyü kimi məhkəmə şikayətdə qeyd edilənin əksinə olaraq bu məsələyə münasibət bildirmiş və qanunun tələbinə əsasən onlara münasibətdə iddianı rədd etmişdir.

29. Qeyd edilənlərdən görünür ki, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi hallar iş materialları ilə təsdiqini tapmamış və əksinə inkar edilmişdir.

30. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

31. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən Cavabdeh2 MMC tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

32. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1964/2024 nömrəli qətnaməsi (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar