Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-843/2021 13.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı MMC-nin vəkili və nümayəndəsi Vəkil1, cavabdeh "xxxx" QSC-nin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 453/2021 nömrəli iş üzrə 02 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, 20.02.2020-ci il tarixli BM/SM-S-20-88 nömrəli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi üzrə 1-ci fazanı təşkil edən yerinə yetirilmiş “Konseptual dizaynın hazırlanması” işlərinə görə ƏDV daxil 141.989,40 manatın və bu ödənişin gecikdirilməsinə görə 9.889,88 manat cərimənin, müvəqqəti virtual server icarəyə götürülməsi ilə əlaqədar çəkilmiş ƏDV daxil 4.602 manat zərərin, mütəxəssislərinin 2-ci faza üzrə işlərinin haqqının ödənilməsi ilə əlaqədar 28.611 manat məbləğdə çəkilməli olan zərərin, 30 manat dövlət rüsumunun, cəmi 185.122,28 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 02.04.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı Müqavilə üzrə 1-ci fazada nəzərdə tutulmuş işləri yerinə yetirmiş, konseptual dizayn sənədlərini cavabdehə təhvil vermiş, bununla da müqavilə öhdəlilklərini icra etmişdir. X1 cavabdehin məsul əməkdaşları ilə razılaşdırılmaqla hazırlanmışdır, layihə idarəetməsi hər iki tərəfin məsuliyyəti olmuşdur və sonradan irəli sürülmüş tələblər ödənişin icrasından imtina üçün əsas ola bilməzdi. 1-ci faza üzrə konseptual dizaynın hazırlanmasında cavabdehin məsul əməkdaşları iştirak etmiş, bu mərhələnin icrasına və nəticəsinə görə cavabdehlik daşımış və müvafiq hesabatlar təsdiq edilmişdir və bu əsasla görülmüş işlərin dəyəri cavabdeh tərəfindən ödənilməlidir. İşə baxılması zamanı təqdim edilmiş 13 nəfər əməkdaşa cavabdehin N.Nərimanov adına elektrik Deposu ərazisinə keçid imkanı verən buraxılış vərəqələri ilə sübuta yetirilmişdir ki, əməkdaşlar fevral-mart 2020 tarixləri ərzində mütəmadi və davamlı şəkildə depo ərazisində olmuşdur. “X1 ilə bağlı elektron yazışmalara dair” arayış və ona əlavə edilmiş elektron poçt yazışmaları (çap edilmiş şəkildə və elektron qaydada) ilə sübuta yetirilmişdir ki, tərəflərin nümayəndələrinin iştirakı ilə geniş toplantılar nəticəsində layihənin əhatə həcmini ehtiva edən konseptual dizayn müzakirə edilmiş, ilkin qeydlər yazılı şəkildə tərəflər arasında elektron poçt vasitəsi ilə mübadilə edilmiş və bundan sonra iddiaçı tərəfindən konseptual dizaynın ilkin redaksiyada nüsxələri hazırlanmış və yenə də elektron poçt vasitəsi ilə mübadilə edilmiş, fikir, rəy və düzəlişlər alınmış, yekun mətnlər razılaşdırılmış və paylaşılmışdır. Bütün bunlar iddiaçı tərəfindən müqavilə üzrə işlərin həqiqi olaraq icra edilməsini təsdiq edir. Cavabdehin təhvil-təslim aktını imzalamaqdan yayınması ex turpis causa (lat. yolverilməz vicdansız davranış) olmaqla ödəniş edilməməsi üçün əsas ola bilməz. Əks təqdirdə iş sifarişçiləri sadəcə təhvil-təslim aktlarını imzalamaqdan imtina etməklə öhdəliklərinin icrasından yayınar və mülki dövriyyənin sabitliyi pozular. Məhkəmənin isə buna şərait yaratması hüququn klassik prinsipi olan ex dolo malo non oritur action (lat. məhkəmə öz tələbini vicdansız davranışla əsaslandıran şəxsin tərəfini tutmur) prinsipinə ziddir və təəssüf doğurur. Məhkəmə iddia tələblərinin rədd edilməsinin əsası kimi tərəflər arasında təhviltəslim aktının olmamasına istinad etməklə mülki məhkəmə icraatının məqsəd və vəzifələri ilə biraraya sığmayan nəticəyə gəlmiş, iddiaçının məhkəməyə müraciət etmək və mübahisəni mahiyyəti üzrə həll edilməsini tələb etmək hüququnu pozmuş, hüququn tətbqində səhvə yol vermişdir. Tərəflər arasında təhvil-təslim aktının olmamasının iddianın rədd edilmə əsası kimi çıxış etməsi qaydalara həddindən artıq izafi formal yanaşma olmaqla yanaşı mülki qanunvericiliyin pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi prinsiplərinə ziddir. İşin mübahisəsiz halıdır ki, “Konseptual dizaynın hazırlanması” işlərin 1-ci fazasını təşkil edirdi və bu hesabat kağız daşıyıcıda və elektron şəkildə faktiki və həqiqi olaraq cavabdehə təhvil verilmişdir. Məhkəmə işlərin təhvil-təslimi ilə bağlı mövqeyini əsaslandırmaq üçün yanlış olaraq Müqavilənin 22.1-ci və Müqavilənin xüsusi şərtlərinin 4.3-cü bəndlərinə istinad etmişdir. Konseptual dizayn hesabatları 18.03.2020 tarixində cavabdehin məsul işçiləri tərəfindən təsdiq edilmişdir. Müqavilə şərtlərinə görə müvafiq ödəniş 1-ci faza icra olunduqdan sonra 10 bank günü ərzində həyata keçirilməli idi. Bayram və istirahət günlərini nəzərə almaqla cavabdeh ən geci 06.04.2020-ci il tarixdə ƏDV daxil 141.989,40 manat xidmət haqqını ödəməli idi. Konseptual dizayn sənədlərindən və yuxarıdakı müqavilə müddəalardan çıxış edərək layihənin əhatə dairəsinə aid olmasa da, server və ödəniş məsələlərində cavabdeh öz öhdəliklərini icra etməsə də, iddiaçı tərəfdən əhatə dairəsindən kənar tələblərin əksəriyyətinin təmin ediləcəyi 31.05.2020 tarixli və 10.06.2020 tarixli məktublarla bildirilmiş, nəhayət ki, ödənişin icra ediləcəyi və serverin təqdim ediləcəyinə ümid ifadə edilmişdir. İlk növbədə qeyd edilməlidir ki, müqavilə şərtlərinə əsasən cavabdehin qüsur hesab etdiyi hallar barədə məlumatı iddiaçıya dərhal verməsi nəzərdə tutulmuşdur və 22.05.2020 tarixinə qədər cavabdeh iddiaçıya heç bir irad bildirməmişdir. Əksinə, iddiaçı cavabdehə ödəniş və serverlə bağlı iradını yazılı şəkildə bildirmişdir. Nəzərə alınmalıdır ki, 1-ci fazaya görə ödənişlərin icra edilməsi öhdəliyini və o cümlədən server və bağlantının təmin edilməsi öhdəliyini məhz cavabdeh icra etməmişdir. Məhz bu səbəbdən müqavilənin icrasında problemlər yaranmışdır və bu yubanmaya görə məhz cavabdeh məsuliyyət daşıyır. 08.07.2020-ci il tarixli məktubda cavabdeh Müqavilənin 13.2-ci maddəsinə istinad etməklə iddiaçının sanki öncədən avans ödənişi istəməsini və bunun üçün bank zəmanəti, əsaslandırma və müvafiq sənədlərin təmin edilməli olmasını, lakin təmin edilməməsini qeyd edir. Müqavilə üzrə avans ödənişi qaydası deyil, ödəmələrin satın alan təşkilat tərəfindən işlərin görülməsinə mütənasib olaraq satınalma müqaviləsində nəzərdə tutulmuş qaydada və müddətdə mal göndərənə (podratçıya) ödənilməsi fazalara bölünməklə mərhələli şəkildə ödnişi qaydası razılaşdırılmışdır. Göründüyü kimi, Müqavilənin 13.2-ci maddəsinə istinad tamamilə əsassızdır. Digər tərəfdən, 08.07.2020-ci il tarixli məktubda iddiaçının öhdəlikləri 2020-ci ilin iyununda başa çatdırmalı olduğu, buna baxmayaraq 20 iyun 2020 tarixdən sonra daha 3 ay əlavə vaxt istəməyi, cavabdehin yazılı xəbərdarlığından 30 gün keçməsi və pozuntuların aradan qaldırılmasına heç bir təminatın olmaması bildirilməklə, Müqavilənin 24-cü maddəsinə əsaslanmaqla müqavilənin bütünlüklə ləğv edildiyi qeyd edilmişdir. Cavabdeh Müqavilə ilə öz üzərinə götürdüyü və qanunvericliklə onun üzərinə qoyulmuş öhdəlikləri icra etmədiyindən iddiaçı qarşısında maddi məsuliyyət daşıyır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi şikayəti müdafiə edib, ona uyğun izahat vermiş, cavabdehin vəkili və nümayəndəsi şikayəti qəbul etməyib, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşdən müəyyən edilir ki, tərəflər arasında bağlanmış 20 fevral 2020-ci il tarixli BM/SM-S-20-88 saylı mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin və həmin müqavilənin xüsusi şərtlərinə görə, iddiaçı müqavilənin xüsusi şərtlərinin qoşmalarında qeyd edilən xidmət xüsusiyyətlərinə uyğun olaraq SAP proqram təminatının qurulması üzrə xidmətləri göstərməyi, cavabdeh isə onun dəyərini ödəməyi və xidmət nəticələrini qəbul etməyi öhdəsinə götürmüş, ümumi işlərin dəyəri 473.298 manat müəyyən edilmişdir (1-ci faza - konseptual dizaynın hazırlanması - 141.989,40 manat, 2-ci faza - standard proqram modullarının istifadəçilərə təqdim edilməsi və onların ehtiyaclarına uyğun modulların təkmilləşdirilməsi - 165.654,30 manat, 3-cü faza - sistemə məlumatların yüklənməsi, tədris materiallarının hazırlanması və istifadəçilər üçün təlimlərin keçirilməsi - 94.659,60 manat, 4-cü faza - SAP Sistemə yekun tətbiqlərin edilməsi və istifadəçilərlə birgə SAP modullara nəzarət edilməsi - 70.994,70 manat). Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 22 may 2020-ci il tarixli məktubda SAP proqram təminatının metropoliten tərəfindən təqdim olunan texniki tapşırığa uyğun tətbiq olunması ilə əlaqədar tərəflər arasında keçirilən görüşlər və skype toplantıları nəticəsində uyğunsuzluqların aşkar edilməsi, iradların aradan qaldırılması və nəticəsi barədə rəsmi məlumat verilməsi xahiş edilmişdir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 31 may 2020-ci il tarixli məktubda SAP proqram təminatının tətbiqi ilə bağlı iradlara münasibət bildirilmiş və ödənişin aparılması xahiş edilmişdir. Cavabdehin iddiaçıya ünvanlanan 05.06.2020-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, “Sizin 31.05.2020-ci il tarixli məktubunuza "xxxx" QSC-də baxılmışdır. “Bakı Metropoliteni" QSC ilə "xxxx"Consulting MMC arasında bağlanmış 20 fevral 2020-ci il tarixli BM/SM-S-20-88 saylı müqavilə üzrə yaranan suallara bir daha aydınlıq gətirmək məqsədilə aşağıdakıları nəzərinizə çatdırmaq istərdik. Bakı metropolitenində SAP proqram təminatının tətbiq edilməsi ilə əlaqədar müqavilənin Xüsusi Şərtlərinə uyğun olaraq Konseptual dizaynın hazırlanması mərhələsində sizinlə “Bakı Metropoliteni" QSC-nin mütəxəssislərindən ibarət işçi qrupu arasında bir neçə dəfə görüşlər (birbaşa və video görüntülü) keçirilmişdir ki, bu görüşlər zamanı texniki tapşırığın şərtləri dəfələrlə diqqətinizə çatdırılmış və iştirakınızla müzakirə olunmuşdur. Lakin sonradan təqdim etdiyiniz Konseptual dizayn layihəsində bu şərtlər nəzərə alınmamışdır ki, bu barədə sizə 22.05.2020-ci il tarixli 40N-10/3-473 nömrəli məktubla bildirilmişdir. Bir daha nəzərinizə çatdırırıq ki, hazırlayıb təqdim edəcəyiniz konseptual dizayn üçün texniki tapşırıq şərtləri - təmir prosesinin təşkili, idarə edilməsi, pasportların rəqəmsallaşdırılması, qatarın qaçışının avtomatik hesablanması və xüsusiyyətləri sizə öncədən bildirilmiş və layihədə mütləq şəkildə əks olunmalı idi. Bu səbəbdən də bu şərtlərin 31.05.2020-ci il tarixli məktubunuzda “Bakı Metropoliteni" QSCnin əlavə istəyi kimi göstərilməsi anlaşılan deyil və qətiyyən qəbuledilməzdir. Qeyd olunan iradlar əlavə istək deyil, müqaviləyə uyğun olaraq əsas şərtlər kimi qəbul edilməlidir. Əlavə olaraq bildiririk ki, bu müddət ərzində "xxxx" QSC-nin spesifik xüsusiyyətləri ilə dərindən tanış olsaydınız, Rusiya Federasiyasından alındığına görə Bakı metropoliteni vaqonlarının bütün texniki sənədlərinin rus dilində tərtib edildiyinin şahidi olardınız. Layihənin daha sürətli və keyfiyyətli yerinə yetirilməsi üçün işçi qrupunuzun tərkibinə həm rus, həm də azərbaycan dilini mükəmməl bilən mütəxəssislərin də cəlb edilməsi zəruridir. Lakin Siz layihə üzrə ilk toplantımıza Türkiyə Cümhuriyyətindən olan mütəxəssislərinizi dəvət etmişdiniz ki, bu da layihənin hazırlanmasında müəyyən çətinliklər yaratmışdır. Eyni zamanda bildiririk ki, müqavilədə tərcümə xərcləri ilə əlaqədar üzərimizə heç bir öhdəlik götürməmişik. 40N-10/3-473 nömrəli 22.05.2020-ci il tarixli məktubumuzda göstərdiyimiz iradların əksər hissəsinin aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görüləcəyinə dair 31.05.2020-ci il tarixli məktubunuzu müsbət qiymətləndiririk və 20 fevral 2020-ci il tarixli İBM/SM-S-20-88 saylı müqavilədə nəzərdə tutulmuş layihənin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında uğurla həyata keçirilməsi məsələsinə daha ciddi yanaşmağınıza ümid edirik.” İddiaçının cavabdehə ünvanlanmış 10.06.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, “40N-10/3-529 saylı 05 iyun 2020-ci il tarixli məktubunuza cavab olaraq nəzərinizə bir daha çatdırmaq istəyirik ki, qeyd etdiyiniz texniki şərtlər və istəkləriniz bizim növbəti mərhələlərdə artıq nəzərə alınıb və icra ediləcək. Sizinlə daha əvvəlcədən razılaşdırılıb və bilavasitə Siz tərəfdən 07 fevral 2020 tarixində onlara 464-466, 467, 475, 510 saylı buraxılış vərəqələri verilmiş içşi heyətinə də Sizinlə olan layihəmizin vaxtında və düzgün işləməsi üçün sizin əlavə istəyiniz olan Rus və Azərbaycan dillərini bilən bir mütəxəssisi daha əlavə edirik. Konseptual Dizayn hazırlanması fazası artıq 18 Mart 2020-ci tarixində tam hazırlanaraq 3 sənəd şəklində sizin 6 nəfər işçinizdən ibarət Layihə qrupu üzvləri tərəfindən qəbul edilib, əlavələr Sizinlə razılaşdırılıb və hazırda növbəti mərhələlərə keçmək üçün yeni Layihə planını birlikdə müzakirə edərək yeni tarixləri müəyyənləşdirməyi təklif edirik. Biz tərəfdən bütün işlərin tamamlanması üçün sadəcə 3 təqvim ayına ehtiyac olduğunu da bir daha nəzərinizə çatdırırıq. Layihənin uğurlu tamamlanması üçün həm bizim, həm sizin lazımi səyləri göstərəcəyimizə ümid edirik.” Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 08 iyul 2020-ci il tarixli məktubda qeyd olunmuşdur ki, “05 iyun 2020-ci il tarixli 40N-10/3-529 saylı məktubumuzun davamı və 10 iyun 2020-ci iİtarixli məktubunuza cavab olaraq bildiririk ki: Müzakirəsi aparılan müqavilə üzrə əvvəlcədən ödəniş aparılması üçün 20 fevral 2020-ci il tarixli BM/SM-9-20-88 saylı Mallar (işlər və xidmətlər) üzrə saxlanılma müqaviləsinin 13.2-ci bəndinə görə, tərəfinizdən bank zəmanəti, əsaslandırma və müvafiq nədlər təqdim edilməli idi. Lakin bizə belə müraciət etməmisiniz. Müqavilə razılaşmasına görə öhdəliklərinizi 2020-cı ilin iyununda başa çatdırmalı idiniz. Buna baxmayaraq, 20 iyun 2020-ci ildən sonra daha 3 ay əlavə vaxt istəyirsiniz. Belə yanaşma anlaşılan və qəbul edilən deyil. Deməli, tərəfinizdən müqavilə öhdəlikləri əsaslı və kobud şəkildə pozulmuş və onların yerinə yetirilməsi qeyri-mümkün olnmuşdur. Ona görə də, 20 fevral 2020-ci ildə bağladığımız BM/SM-9-20-88 saylı Mallar (işlər və xidmətlər) üzrə saxlanılma müqaviləsi 24-cü maddəsinə əsasən, yazılı xəbərdarlığımızdan 30 gün keçdiyinə və pozuntuların aradan qaldırılmasına heç bir təminat olmadığına görə, bu gün, yəni 08 iyul 2020-ci ildə müqaviləni bütövlükdə ləğv etdiyimizi bildirir və nəzərə almağınızı xahiş edirik.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən, aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi; 447.1-ci maddəsinə görə, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur; 447.2-ci maddəsinə əsasən, aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 752.1-ci maddəsinə görə, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 759.2-ci maddəsinə əsasən, əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun; 762.2-ci maddəsinə görə, podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır; 762.3-cü maddəsinə əsasən, podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verildikdə müəyyən olunur ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, iddiaçı ərizəsində iddianın 141.989,40 manat məbləğdə pul vəsaitinin ödənilməsi ilə bağlı hissəsini onunla əsaslandırır ki, 20 fevral 2020-ci il tarixli BM/SM-S-20- 88 saylı mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi üzrə birinci fazanı təşkil edən yerinə yetirilmiş “Konseptual dizaynın hazırlanması” işləri başa çatdırılmış və cavabdehə təhvil verilmişdir. Təhvil verilmə isə, iddiaçıya görə, ondan ibarətdir ki, layihə sifarişçinin 6 işçisi tərəfindən təsdiq edilmiş və elektron poçt vasitəsilə də sifarişçiyə göndərilmişdir. Bununla bağlı iddiaçı işin 2-ci cildinin 142-ci vərəqində olan MM-Materialların idarə edilməsi X1 adlı sənədə istinad edir ki, həmin sənəddə də təhvil-təslim, layihənin yaxud fazanın bitməsi və sair barədə heç bir qeyd yoxdur. Halbuki, Müqavilənin xüsusi şərtlərinin 4.3-cü bəndində qeyd olunmuşdur ki, sifarişçi ödənişləri hər faza icra olunduqdan və təhvil-təslim aktı imzalandıqdan sonra köçürmə yolu ilə 10 bank günü ərzində həyata keçirir. 20 fevral 2020-ci il tarixli müqavilənin 22.1-ci bəndində göstərilmişdir ki, müqavilə üzrə sənədləşdirmə (o cümlədən xəbərdarlıq, bildiriş və s.) yazılı şəkildə aparılır. Qəbul edən tərəf müvafiq sənədlərin (məlumatların) alınmasını təsdiq etməlidir. Göndərilən sənədlər (məlumatlar) digər tərəfə çatdırıldığı tarixdən qüvvəyə minir. İddiaçının layihənin birinci fazasını tam hazır etdiyi fərz olunsa, o halda hazır məhsul iddiaçının dediyi kimi sifarişçinin 6 işçisi tərəfindən təsdiq edilməklə və elektron poçt vasitəsilə sifarişçiyə göndərilməsi ilə deyil, bilavasitə müqavilədə qeyd olunan qaydada sənədləşdirmənin yazılı şəkildə aparılması və hər faza icra olunduqdan sonra təhvil-təslim aktının imzalanması yolu ilə cavabdehə təqdim olunmalı idi. İddiaçının təqdim etdiyi, lakin hazırkı cavabdehin sifarişi əsasında görülən işlərə dair 12 dekabr 2019-cu il tarixli 2019-006 saylı digər müqavilə üzrə görülən işlərin təhvil-təslim aktından da görünür ki, tərəflər arasında xidmətlərin göstərilməsi üzrə görülən işlər akt əsasında təhvil verilmiş, səlahiyyətli şəxslərin imzaları və möhürlərlə təsdiq olunmuşdur. Başqa sözlə, tərəflər arasında əvvəlki müqavilələr üzrə işlərin görülməsini təsdiq edən sənəd kimi təhvil-təslim aktının imzalanması ilə bağlı praktika mövcud olsa da, hazırkı mübahisə üzrə belə bir akt, baxmayaraq ki, müqavilə ilə tələb olunur, imzalanmamışdır. Bundan əlavə, işdən görünür ki, müqavilə 4 fazadan ibarət olan işin görülməsini və bütövlükdə işin 2020-ci ilin iyun ayının 30-na kimi yekunlaşmasını nəzərdə tutur. Cavabdeh də iddiaya qarşı yazılı etirazında bildirmişdir ki, “İş bütövlükdə və tam olaraq təyinata malik olmuşdur və yalnız belə nəticə Sifarişçi cavabdeh üçün məna və əhəmiyyət kəsb etmişdir.” Lakin 30.06.2020-ci il tarixə nəinki iş bütövlükdə, həmin işin birinci fazası belə cavabdehə təqdim olunmamış, iddiaçı 10.06.2020-ci il tarixli məktubunda isə bütün işlərin tamamlanması üçün əlavə 3 təqvim ayına ehtiyac olduğunu bildirmişdir. İddiaçının server və bağlantının təmin olunmasının sifarişçinin öhdəliyinə aid olmasına dair mülahizələri də əsaslı deyil. Belə ki, müqavilədə və ona əlavə olunan sənədlərdə server və bağlantının sifarişçi tərəfindən təmin edilməsi öhdəliyi müəyyən olunmamışdır. Eləcə də, yuxarıda qeyd olunduğu kimi, birinci faza üzrə görülən işlər təhvil verilmədən, müqavilədə nəzərdə tutulmadan, sifarişçinin razılığı olmadan müvəqqəti virtual server icarəyə götürülməsi ilə bağlı xərclərin cavabdehdən tutulması əsassız olardı. 28.611 manat məbləğdə pul vəsaitinin ödənilməsi, həmçinin, bu xərclərin mövcud olması, sifarişçinin hərəkətləri nəticəsində yaranması ilə bağlı da iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmamışdır. 20 fevral 2020-ci il tarixli müqavilənin 24.1-ci bəndində qeyd olunmuşdur ki, müqavilə şərtlərinin əsaslı pozulmasına yol verilərsə, sifarişçi və ya icraçı qarşı tərəfə 30 gün əvvəl yazılı xəbərdarlıq etmək şərti ilə müqaviləni bütövlükdə və ya qismən ləğv edə bilər. Sifarişçinin müqavilənin pozulmasına səbəb ola biləcək qüsurlar haqqında yazılı bildirişinə baxmayaraq icraçının təqdim edilmiş sənəd əsasında 30 gün müddətində tədbir görməməsi barədə pozuntular əsaslı sayılır. Müqavilənin xüsusi şərtlərinin 7.3-cü bəndində isə göstərilmişdir ki, sifarişçinin razılığı olmadan müqavilənin icra müddəti dəyişdirilə bilməz, əks halda icraçı müqavilədə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir.” Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, öhdəliklərin icrası iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulan müddət ərzində həyata keçirilməmiş, müqavilə ilə hədəflənən məqsədə nail olunmamış və hüquqi nəticə əldə edilməmiş, bununla da cavabdehin həmin işlərə marağı qalmamışdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-453/2021 nömrəli iş üzrə 02 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətdə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-843/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-843/2021
13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver