Məhkəmə qərarları › İş №2-2(103)-847/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-847/2021

03.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-847/2021 03.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi ilə, iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə, cavabdehin vəkili və nümayəndəsi Nümayəndə qızının iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı podrat müqaviləsi üzrə borcun və dəymiş zərərin tutulmasına dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 03.05.2021-ci il tarixli e-2- 2(113)-1211/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən podrat müqavilələri üzrə görülmüş işlərin dəyəri olan 194.931 manat pulun və iddiaçıya dəymiş zərərə görə 20000 manat, cəmi 214931 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış podrat müqaviləsinə əsasən iddiaçı tərəfindən 2010-2012-ci illərdə Xəzər rayonu, Zirə qəsəbəsi, Şirvani küçəsinin sol tərəfində kanalüstü yaşayış sahəsində qaz təchizatının yaxşılaşdırılması üçün 162406,62 manatlıq, Qala qəsəbəsində 26762,17 manatlıq və Zirə qəsəbəsi, Şirvani küçəsi 28 May QRS istiqamətinin sağ tərəfində yerləşən ərazidə qaz təchizatının yaxşılaşdırılması üçün 5762,41 manatlıq, cəmi 194931,2 manatlıq (ƏDV-siz) iş görülərək forma-1 aktları ilə cavabdehə təhvil verilmiş və Dövlət Komissiyasının aktı ilə istismara qəbul edilmişdir. Cavabdeh tərəfindən 2012-ci ilin iyun ayında "Alyans" Birliyi yaradılaraq "xxxx" MMC baş podratçı operator təyin edilmişdir. Cavabdeh tərəfindən bildirilmişdir ki, Azərbaycan Dövlət Neft Şirkətinin tapşırığına əsasən "Alyans" yaradıldığına görə "Alyans"ın üzvü olan şirkətlər vasitəsilə ödənilməlidir. Ona görə də iddiaçı tərəfindən görülmüş işlərin dəyəri 194931 manat, "Alyans"ın üzvü olan V.V.Construction tərəfindən iddiaçının hesabına köçürülmüşdür. Lakin V.V.Construction MMC tərəfindən onların hesabına köçürülmüş 194931 manat vəsait götürülmədiyindən iddiaçı tərəfindən məhkəmədə pul tələbinə dair iddia qaldırılmışdır. Həmin iddiaya Bakı şəhəri İnzibati-İqtisadi Məhkəməsi və eləcə də Bakı Apellyasiya Məhkəməsi tərəfindən iddiaçının xeyrinə qətnamə qəbul edilsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası qeyd edilən qazlaşdırılma işlərinin "xxxx" MMC tərəfindən yerinə yetirilməsi qənaətinə gələrək iddiaçının iddiası rədd edilmişdir. İddiaçı tərəfindən bu məsələ ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə müraciət edilmiş və bu müraciətlə rəsmi cavabda qeyd edilmişdir ki, Xəzər rayonu, Zirə qəsəbəsi, Şirvani küçəsinin sol tərəfində kanalüstü yaşayış sahəsinin qaz təchizatının yaxşılaşdırılması (Sifariş N23-229-10) və Xəzər rayonu, Zirə qəsəbəsi, Şirvani küçəsi 28 May QPS istiqamətində sağ tərəfdə yerləşən ərazinin qaz təchizatının yaxşılaşdırılması (Sifariş N23- 231-10) obyektlərində 2010-2012-ci illərdə iddiaçı və V.V.Construction MMC tərəfindən tikinti-quraşdırılma aparılmışdır. Hər 2 podratçı təşkilat tərəfindən yerinə yetirilmiş iş həcmlərinə uyğun forma F3 və F2 aktları qəbul olunmuş və cavabdeh tərəfindən təsdiq olunmuşdur. Obyektin istismara qəbul edilməsi üçün podratçı təşkilat iddiaçı və V.V.Construction MMC tərəfindən ayrı-ayrılıqda tərtib və təsdiq olunmuş, "Texniki İcra Sənədləri"ndə yerinə yetirilmiş işlər (istifadə olunmuş mal və materiallar) öz əksini tapmışdır. Hər iki obyektdə adları qeyd olunan podratçılar tərəfindən 2015-ci ilin oktyabr ayında istismara qəbul aktı hazırlanmış və qəbul komissiyasına təqdim olunmuşdur. Təqdim olunmuş istismara qəbul aktını iddiaçının və "xxxx" MMC-nin direktorları Qanuni nümayəndə və S.Aİmaslı imzalamış və imzaları idarələrin möhürləri ilə təsdiq edilmişdir. Adları qeyd olunan Xəzər rayonu, Zirə qəsəbəsi, Şirvani küçəsininin sol tərəfində kanalüstü yaşayış sahəsinin qaz təchizatının yaxşılaşdırılması (sifariş N23-229-10) və Xəzər rayonu, Zirə qəsəbəsi, Şirvani küçəsi 28 May QPS istiqamətində sağ tərəfdə yerləşən ərazinin qaz təchizatının yaxşılaşdırılması (sifariş N23-231-10) obyektlər 28 oktyabr 2015-ci il tarixli SOCAR/15-2900/02-06-000662 nömrəli əmri ilə istismara qəbul edilmişdir. İddiaçı tərəfindən cavabdehə müraciət edilərək Xəzər rayonunda aparılmış qazlaşdırma işlərinin ödənilməməsini hansı səbəbdən ödənilməməsinin araşdırılması və 194931 manatın iddiaçının hesabına köçürülməsi xahiş edilmişdir. Lakin cavabdeh tərəfindən müraciətdə qeyd olunan görülmüş qazlaşdırma işlərinin dəyərinin ödənilməməsinin səbəbləri araşdırılmamış və müraciətə bundan əvvəl cavab verilməsini qeyd etməklə kifayətlənmişdir. Cavabdeh ilə iddiaçı arasında bağlanmış podrat müqaviləsinin şərtləri iddiaçı tərəfindən tam yerinə yetirilmiş və cavabdehə təhvil verilmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 769-cu maddəsinin tələbləri kobud surətdə pozularaq görülmüş işlərin dəyəri olan 194931 manat vəsaitinin ödənilməsi təmin edilməmiş, müxtəlif bəhanələrlə pulun ödənilməsindən imtina edilmişdir. İddiaçıya çatası pulun uzun müddət ödənilməməsi nəticəsində iddiaçı böyük sıxıntılar keçirmiş və uzun müddətdir ki, fəaliyyətini dayandırmışdır. Bakı Kommersiya Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2-2(113)-1211/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 06 mart 2020-ci il tarixli, e-2-2 (113)-404/2020 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəf məhkəməyə gəlməmiş və nəhayət üçüncü baxış zamanı cavabdehin nümayəndəsi məhkəmə iclasına gələrək bildirmişdir ki, “Azərqaz” İB ilə İddiaçı arasında bağlanmış podrat müqavilələri iş materiallarında yoxdur, ona görə də podrat müqaviləsinin şərtlərində tərəflərin öhdəlikləri ilə taniş deyil və qazlaşdırma işləri 2013-cu ildə aparıldığından ola bilsin ki, iddia müddəti də keçmiş olsun. İşə sədirlik edən Zaur Pirverdiyev tərəfindən Cavabdeh İB nümayəndəsinə bildirdi ki, işlə taniş olmaq üçün əlavə vaxt yoxdur, iş bu gün yekunlaşmalıdır.Əgər o iş üzrə müddətin keçməsi ilə bağlı vəsadət vermək istəyirsə onda yazılı surətdə ərizə versin. Zaur Pirverdiyevin bu tövsiyyəsindən sonra Cavabdeh İB nümayəndəsi elə məhkəmə prosesi vaxtı iddia müddətinin keçməsinə dair ərizə yazdı və hakim Pirverdiyev iş üzrə heç bir araşdırma aparmadan, işin hallarını tam , obyektiv və hərtərəfli araşdırılması üçün İddiaçıMMC tərəfindən yazılı surətdə verilmiş vəsatəti belə müzakirə etmədən müşaviriyə gedərək qanunsuz qərar qəbul etmişdir. Bakı Kommersiya Məhkəməsində İddiaçı MMC-nin iddiasına baxılarkən məhkəməyə tərəfindən yazılı təqdim edilmiş vəsaitdə "xxxx" MMC tərəfindən Xəzər rayonunda heç bir qazlaşdırma işlərinin aparılmaması və Cavabdeh İB tərəfindən öz qanunsuz hərəkətlərinin ört basdır etmək məqsədi ilə rəsmi cavabda"xxxx" MMC tərəfindən eyni sifarişlər üzrə işlərin görülməsi qeyd edilmişdir. Halbuki toplanmış sənədlərdən və eləcə də, məhkəmə proseslərində Cavabdeh İB-nin nəzarətçi mühəndisləri Müşfiq Zeynalov, Əli Abdullayev və Fikrət Mustafayev "xxxx" MMC tərəfindən Xəzər rayonunda ümumiyyətlə heç bir qazlaşdırma işlərinin aparılmamasını qeyd etmişdilər.Həmin fakt Azərbaycan Respublikasə Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 aprel 2018-ci il tarixli qərarında da öz əksini tapmışdır. "xxxx" MMC tərəfindən Xəzər rayonunda heç bir qazlaşdırma işləri aparılmadığı halda onun hesabına ödənilmiş 194931 manat dövlət vəsaiti mənimsənilmiş və cinayəti gizlətmək üçün "xxxx" MMC şirkəti 2016-cı ildə ləğv edilmişdir Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Nümayəndə qızı apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə nümayəndələrin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2-2(113)-1211/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı cavabdehlə 2010-2011-ci illərdə bağlanmış podrat müqavilələrinə əsasən qalıq borcun və ödənişin vaxtında həyata keçirilməməsinə zərərin ödənilməsini tələb etmiş, lakin iddianın əsası kimi istinad edilən podrat müqavilələri birinci instansiya məhkəməsinə təqdim edilməmiş, həmin müqavilələrin kserosurəti işə apelyasiya qaydasında baxılarkən təqdim edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə əsasən əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçının nümayəndəsi podrat müqavilələrinin birinci instansiya məhkəməsinə təqdim edilməməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilmədiyindən həmin sübutlar məhkəmə tərəfindən sübut kimi qəbul edilmir. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə onun tərəfindən cavabdehin sifarişi əsasında görülmüş podrat işlərinin həcmini müəyyən etməyə imkan verən forma 2 aktları, smeta və s) təqdim edilməmişdir. Cavabdeh İB-nin iddiaçının müraciətinə 26.07.2019-cu il tarixli cavab məktubunda Xəzər rayonu, Zirə qəsəbəsi, Şirvani küçəsinin sol tərəfində kanalüstü yaşayış sahəsində, Qala qəsəbəsində, Zirə qəsəbəsi, Şirvani küçəsi 28 May QRS istiqamətinin sağ tərəfində yerləşən ərazidə 2010-2012-ci illərdə qaz təchizatının yaxşılaşdırılması işlərinin iddiaçı və "xxxx" MMC tərəfindən həyata keçirildiyi və 2015-ci ilin oktyabr ayında Dövlət Komissiyasının aktı ilə istismara qəbul edildiyi təsdiq edilsə də bu məktuba əsasən iddiaçı tərəfindən görülmüş iş həcmini və qalıq borcu müəyyən etmək mümkün olmadığından məhkəmə düzgün olaraq hesab etmişdir ki, iddia tələbinın əsaslı olması barədə işdə kifayət qədər mötəbər sübutlar təqdim edilməmişdir. Cavabdehin nümayəndəsi işə birinci instansiya qaydasında baxılarkən məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373-cü maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il müəyyən olunmuşdur. Həmin Məcəllənin 377.1 -ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş üç illik iddia müddəti ötürüldüyündən iddia təmin edilə bilməz. İşin hallarından göründüyü kimi, iddiaçı tərəfindən cavabdehin sifarişi əsasında podrat işləri 2010-2012-ci illərdə görüldüyündən iddia müddətinin axımı həmin tarixlərdən başlanmış, cavabdeh tərəfindən iddia müddətinin axımının kəsilməsinə əsas olan hər hansı hərəkət edildiyinə dair iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə 03.02.2021- ci il tarixdə müraciət etməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulmuş üç illik iddia müddətini ötürmüşdür. İşdəki Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-187/18 saylı 10.04.2018-ci il tarixli qərarından görünür ki, iddiaçı eyni əsaslarla cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-yə qarşı iddia qaldırmış, həmin iddia cavabdehlərlə iddiaçı arasında hər hansı öhdəlik münasibəti olduğu təsdiq edilmədiyindən rədd edilmişdir. İddiaçinin nümayəndəsi izahatında iddia müddətinin axımının başlanmasının Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-187/18 saylı 10.04.2018-ci il tarixli qərarının qəbul edildiyi tarixdən hesablanmasını xahiş etsə də, məhkəmə bu mülahizəni əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Mülki Məcəllənin qeyd edilən normasına əsasən yalnız borclu şəxsə qarşı iddianın irəli sürülməsi iddia müddətinin axımını kəsdiyindən hazırkı halda iddiaçı tərəfindən digər hüquqi şəxslərə qarşı iddianın irəli sürülməsi iddia müddətinin axımını kəsməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 03.05.2021-ci il tarixli e-2-2(113)-1211/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 03.05.2021-ci il tarixli e-2-2(113)-1211/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar