Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-855/2024 26.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı (X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “mobil nömrənin digər istifadəçinin adına keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2072/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin istifadəsində olan ********** mobil nömrəsinin X2 adına keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2072/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir.
3. İddiaçı Açıq Səhmdar Cəmiyyəti qətnamədən apellyasiya şikayəti verərək, həmin qətnaməsinin ləğv olunması, iddianın təmin olunması barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasındakı müqavilə münasibətlərinin xüsusiyyətlərini müəyyən edilən zaman nəzərə alınmalı idi, hansını ki, birinci instansiya məhkəməsi bunu etməmişdir. Məhkəmə Mülki Məcəllənin 400-cü maddəsinin normasını düzgün tətbiq etməmişdir. Burada həm iddiaçının, həm də iddiaçı tərəfdə çıxış edən üçüncü şəxsin qanuni maraqları bazarda hökmran mövqe tutan sahibkarlıq subyektinin qanunla müəyyən edilmiş davranış qaydalarına riayət etməsinə gözlənti hüququ vardır. Bakı kommersiya məhkəməsinin e-2-2(113)-2072/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi əsassız və qanunsuzdur. Belə ki, Cavabdeh iddiaçıya məxsus olan “211” ilə başlayan mobil telefon nömrəsinin, sonuncu tərəfindən digər şəxsin adına keçirilməsinə (istifadəsinə verilməsinə) etiraz etmişdir. Bunu onunla izah etmişdir ki, belə əməliyyatlar ancaq cavabdehin öz mülahizəsinə əsasən müstəqil olaraq həyata keçirilə bilər. Ancaq bu mülahizənin nəyə əsaslandığı, hansı meyarlara uyğun olmasını izah edə bilməmişdir. İddiaçı xx.xx.2015-ci il tarixində 055 ***-**-** nömrəli mobil nömrəni əldə etmişdir. Həmin vaxtdan da bu nömrə iddiaçının istifadəsində olmuşdur. 2023-cü ilin sonlarında iddiaçı cavabdehə müraciət edərək, nömrəni digər istifadəçiyə keçirməyi xahiş etsə də, sonuncu buna etiraz etmişdir. İddiaçı ilə Cavabdeh arasında 1861 №-li 23 dekabr 2013-cü il tarixli “Mobil rabitə xidmətlərinin göstərilməsinə dair” Müqavilə bağlanmışdır. Bu müqavilə ilə cavabdehin iddiaçıya xidmət göstərməsi, habelə konkret siyahıda göstərilən və operatorun özünün abunəçiyə təqdim etdiyi nömrələrə dair yaranan münasibətlərdən gedir. Barəsində mübahisə gedən mobil nömrə həmin müqavilədə göstərilməmişdir. Amma əgər bu müqavilə tərəflər arasındakı münasibətlər üçün analoji şərtlər toplusu kimi tətbiq edilirsə, bu yanaşmaya sonadək riayət edilməlidir. “Mobil rabitə xidmətlərinin göstərilməsinə dair” Müqavilədə mobil operator tərəfindən təqdim edilmiş “Qold” nömrələrin istifadəçiləri statusu, bu statusda olan şəxslərin dəyişilməsi imkanları da nəzərdə tutulmuşdur. İddiaçının bir sıra əməkdaşları ilə əmək münasibətlərinə xitam verildikdən sonra iddiaçının istifadəsində olmuş nömrələrin fiziki şəxs kimi onlara adına keçirilməsi halları onu göstərir ki, iddiaçı ilə cavabdeh arasında bu təcrübə bərqərar olmuşdur. Cavabdeh öz fəaliyyətinin xarakterinə görə bazarda hökmran mövqe tutan kommersiya təşkilatı olaraq, ona müraciət edəcək hər kəs barəsində rabitə xidmətlərinin göstərilməsi sahəsində özünün həyata keçirməli olduğu vəzifələri müəyyənləşdirən müqavilə bağlamalıdır. Belə müqavilələr ümumi müqavilə sayılır. Cavabdeh 055-211 ilə başlayan nömrə resurslarının pərakəndə qaydada abunəçilərin istifadəsinə ayrılması, addan-ada əməliyyatından istifadə etməklə yeni abunəçinin adına rəsmiləşdirilməsinə məhdudiyyətlər tətbiq edildiyini qeyd edir. Lakin belə nömrələrin istifadəsində hansı əsasla məhdudiyyətlər qoyması qeyri-müəyyəndir. Sözügedən nömrə iddiaçıya keçməzdən əvvəl də fiziki şəxsdə olmuşdur. Nömrələrin özəlliyi müqavilə bağlamaq qərarına təsir edən əsas amillərdən biridir, eyni zamanda nömrə seçimi hüququ da ofertanın tərkib hissəsidir. Buna görə də müqavilənin standart şərtləri ilə bələ qeyri-şəffaf və nizamsız rəftar belə bazar subyekti üçün yol verilməzdir. Tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixdə “Mobil rabitə xidmətlərinin göstərilməsinə dair” 1861 saylı müqavilənin 2.2.6-cı bəndində korporativ abunəçi “Qold” nömrələrin istifadəçiləri ilə əmək münasibətlərinə xitam verdikdə və istifadəçi həmin nömrə üzrə bütün borcları ödədikdən sonra, korporativ tarifləri dəyişdirmək şərti ilə istifadəçi ilə müvafiq müqavilə imzalaya bilər kimi şirkətin hüququ kimi nəzərdə tutulsa da, bu bənddə şərtlərin belə geniş təsviri imtina üçün real əsasların da olması tələbini nəzərdə tutur. İddiaçının subyektiv hüququ olmaması qənaəti ilə də razı deyilik. Belə ki, yuxarıda şərh edilən hallar iddiaçının cavabdeh tərəfindən özünün öhdəliyini icra etmək tələbi hüququ olduğunu göstərir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.
7. İddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
9. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
10. Həmin Məcəllənin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.
11. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.
12. Həmin Məcəllənin 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.
13. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.
14. Həmin Məcəllənin 390.6-cı maddəsinə əsasən müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.
15. Həmin Məcəllənin 390.7-ci maddəsinə əsasən əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir.
16. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. Həmin Məcəllənin 400.1-ci maddəsinə əsasən əgər müqavilə tərəflərindən biri bazarda üstün mövqe tutursa, o, fəaliyyətin bu sahəsində kontragentlə müqavilə bağlamaqdan əsassız imtina etməməli, habelə kontragentə qeyri-bərabər şərtlərini təklif etməməlidir.
18. Həmin Məcəllənin 400.2-ci maddəsinə əsasən sahibkarlıq məqsədi olmadan və ya özünün zəruri ehtiyaclarının ödənilməsi üçün əmlak və ya xidmət əldə edən və ya onlardan istifadə edən şəxslə, əgər digər tərəf özünün sahibkarlıq fəaliyyəti həddində hərəkət edirsə, müqavilə bağlamaqdan əsassız imtina edilə bilməz.
19. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
20. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın təmin edilən hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
24. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı (korporativ abunəçi qismində) ilə cavabdeh (şirkət qismində) arasında xx.xx.2013-cü il tarixdə “Mobil rabitə xidmətlərinin göstərilməsinə dair” 1861 saylı müqavilə bağlanmış, müqaviləyə əsasən cavabdeh iddiaçıya mobil rabitə xidmətləri göstərməyi, iddiaçı isə xidmətləri qəbul edib bu müqavilənin tərkib hissəsi olan korporativ tarif planı əsasında xidmət haqqının ödənilməsini öhdəsinə götürmüşdür. Mübahisə predmeti olan ********** mobil nömrəsi 2015-ci ilin avqust ayından iddiaçının istifadəsinə verilmişdir. İddiaçı xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixdə cavabdehə yazılı qaydada müraciət edərək “055211” ilə başlayan bir nömrənin tərəfdaş biznes partnyorunun adına keçirilməsini xahiş etmiş, cavabdeh cavab məktubunda “055211XXXX” kombinasiyalı nömrələrə münasibətdə də pərakəndə qaydada abunəçilərin istifadəsinə ayrılması, addan-ada əməliyyatından istifadə etməklə yeni abunəçinin adına rəsmiləşdirilməsi əməliyyatlarının dayandırıldığına istinad edərək müraciəti təmin etməmişdir.
25. İddiaçı bildirmişdir ki, X3 onun keçmiş işçisi olmuş, işlədiyi dövrdə ********** mobil nömrəsi onun istifadəsinə verilmiş, nömrəni həmin şəxsin adına keçirilməsi üçün cavabdehə müraciət olunsa da, cavabdeh əsassız olaraq bundan imtina etmişdir. Halbuki onların əvvəllər əməkdaşı olmuş digər şəxslərin istifadəsində olan mobil nömrələri cavabdeh iddiaçının adından həmin şəxslərin adına keçirmişdir. Bundan başqa cavabdeh bazarda üstün mövqe tutduğundan Mülki Məcəllənin 400.1-ci maddəsinə əsasən müqavilə bağlamaqdan əsassız imtina etməməlidir. Ona görə də ********** mobil nömrəsinin X2 adına keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
26. Cavabdeh iddiaya etiraz etmiş və bildirir ki, Cavabdeh MMC tərəfindən hər hansı bir nömrə resursunun başqa istifadəçinin adına keçirilməsi yalnız abunə müqaviləsi əsasında həyata keçirilə bilər və belə bir müqavilə yalnız tərəflərin qarşılıqlı razılığı əsasında bağlanıla bilər. Bu cür müqavilənin bağlanılmasına məcbur etmək qanunsuz və əsassızdır. Həmçinin iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur.
27. Üçüncü şəxsbildirir ki, 2023-cü ilin 03 iyul – 31 avqust tarixlərdə İddiaçı ASC-də yığımların təqibi şöbəsinin müdiri vəzifəsində işləmiş, nömrə onun istifadəsinə verilmişdir. Motivasiya danışığı zamanı işlədiyi ikinci ayda da yaxşı nəticələr göstərəcəyi halda motivasiya meyarına uyğun olaraq mobil nömrənin onun adına keçirilə biləcəyi ona bildirilmiş, bu təklif onun da marağında olmuş, qarşıya qoyulan hədəfləri yerinə yetirmişdir. Hal-hazırda nömrə onun istifadəsində deyildir. Belə ki, nömrəni adına olmadan istifadə etmək istəməmiş, işdən çıxan zaman nömrəni iddiaçıya təhvil vermişdir. Nömrənin adına keçirilməsi ilə bağlı iddiaçıya müraciət etmiş, cavabdehə müraciət etməmişdir.
28. Məhkəmə qeyd etmişdir ki, hazırkı iddia müqavilənin bağlanması öhdəliyinin qoyulması kimi nəzərdən keçirilməlidir. Belə olan halda iddia tələbinin əsaslandığı obyektiv hüquq Mülki Məcəllənin 390.3-cü maddəsinə əsaslanır. Həmin maddədə qeyd edilmişdir ki, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.
29. Qeyd olunan normanın tələbinə əsaslanaraq məhkəmə qeyd etmişdir ki, iddiaçının subyektiv hüquqa malik olub-olmadığının müəyyən edilməsi üçün cavabdehin iddiaçı qarşısında yeni abunəçi ilə müqavilə bağlamaq öhdəliyini götürüb-götürmədiyi və ya Mülki Məcəllədə təsbit olunan cavabdehin belə bir öhdəliyinin olub-olmadığı aydınlaşdırılmalıdır.
30. Tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixdə “Mobil rabitə xidmətlərinin göstərilməsinə dair” 1861 saylı müqavilənin 2.2.6-cı bəndində şirkətin hüququ kimi nəzərdə tutulmuşdur ki, korporativ abunəçi “Qold” nömrələrin istifadəçiləri ilə əmək münasibətlərinə xitam verdikdə və istifadəçi həmin nömrə üzrə bütün borcları ödədikdən sonra, korporativ tarifləri dəyişdirmək şərti ilə istifadəçi ilə müvafiq müqavilə imzalaya bilər.
31. Məhkəmə qeyd etmişdir ki, həmin bənddə cavabdeh müqavilə bağlamağı öhdəlik kimi öz üzərinə götürməmiş, yalnız onun hüququ kimi nəzərdə tutulmuşdur. Müqavilənin digər bəndlərində cavabdehin belə bir öhdəliyi təsbit olunmamış, Mülki Məcəllədə də cavabdehin iddiaçı qarşısında belə bir vəzifəsi nəzərdə tutulmamışdır. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ (pozulmuş və təsdiq edilməli hüquq) yoxdur.
32. Bundan başqa, “Telekommunikasiya haqqında” Qanunun 40.2-ci maddəsinə əsasən operator, provayder texniki imkanlarına uyğun olan telekommunikasiya xidmətinin göstərilməsi üçün müraciət edən abunəçi ilə belə xidmətin göstərilməsinə dair müqavilə bağlamaqdan, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, imtina edə bilməz. Həmin maddədən də göründüyü kimi, həmin norma da telekommunikasiya xidmətinin göstərilməsi üçün müraciət edən abunəçi ilə operator, provayder arasında olan münasibətləri tənzimləyir və həmin normadan irəli gələn iddiaçının hər hansı pozulmuş hüququ mövcud deyildir.
33. Göründüyü kimi məhkəmə müqavilə azadlığı prinsipini rəhbər tutaraq iddianı əsaslı olaraq rədd etmişdir. Məhkəmə Mülki Məcəllənin 390.3-cü maddəsində qeyd edilən istisna halları araşdırmış və həmin maddi hüquq normasının hazırkı işə aidiyyətinin olmamasını müəyyən etmişdir.
34. “Telekommunikasiya haqqında” Qanunun 40.2-ci maddəsi üçüncü şəxs olan hüquqi şəxsin işçisi ilə müqavilə bağlanmasının imperativliyi müəyyən etmir.
35. 17-ci bənddə qeyd edilmiş və apellyator tərəfindən istinad edilmiş Mülki Məcəllənin 400.1-ci maddəsi də üçüncü şəxs olan hüquqi şəxsin işçisi ilə müqavilə bağlanmasının imperativliyi müəyyən etmir. Həmin maddəyə əsasən iddiaçı cavabdehlə müqavilə bağlanması barədə iddia qaldıra bilər. Bu halda cavabdehin imtinası qanunsuz olacaqdı. Lakin iddiaçının tələbi yeni işçisi olan istifadəçi ilə müqavilənin bağlanmasıdır. İddiaçı müqaviləni imzalamaqla cavabdehin yeni istifadəçi ilə müqavilə bağlamaq hüququnu tanımışdır. Odur ki, qeyd olunan norma tərəflər arasında yaranmış münasibətlərə şamil oluna bilməz.
36. İddiaçı şikayətdə işgüzar adətin məhkəmə tərəfindən tətbiq edilməli olduğu halda tətbiq edilmədiyini qeyd etmişdir.
37. Mülki Məcəllənin 390.7-ci maddəsinə əsasən əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir.
38. Qeyd edilən maddi hüquq normasının tələbinə əsasən müqavilə tərəfləri şərti müəyyən etməyiblərsə və ya qanun müvafiq şərti tənzimləməyibsə işgüzar adət təbiq edilir. Lakin müqavilədən görünür ki, yeni istifadəçi ilə bağlı şərti tərəflər müəyyən edib. Ona görə işgüzar adət hazırkı iş üzrə tətbiq edilə bilməz.
39. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qanunvericiliyin tələblərinə ziddir və məhkəmənin gəldiyi nəticə əsaslandırılmış, qanuni və ədalətlidir.
40. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
41. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
42. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2072/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.