Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-857/2025 18.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdeh "Yüksəliş-C” MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: Subroqasiya hüququ, sübutetmə vəzifəsi) hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi ilə İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdeh "Yüksəliş-C” MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1458/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. RAT ********** nömrəli sığorta şəhadətnaməsinin 129925 nömrəli sığorta aktının surətindən göründüyü kimi X6 məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 7-ci Əhmədli küçəsi (yeni Həmid Cəfərli küçəsi) ev 55-də yerləşən fərdi yaşayış evi İddiaçı SŞ-da sığortalanmışdır.
2. Bakı şəhəri, Xətai rayonu, Əhmədli Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli baxış aktına əsasən xx.xx.2024-cü tarixdə Cavabdeh MTK tərəfindən inşa edilən yeni tikili binadan axan sudan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 7-ci Əhmədli küçəsi (yeni Həmid Cəfərli küçəsi) ev 55-də yerləşən X6 məxsus fərdi yaşayış evinə ziyan dəymişdir.
3. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli **********7/766772405 nömrəli ödəniş tapşırığına əsasən, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 7-ci Əhmədli küçəsi (yeni Həmid Cəfərli küçəsi) ev 55-də yerləşən fərdi yaşayış evinə görə zərərçəkən X4 etibarnamə üzrə nümayəndəsi X2 1204.48 manat sığorta ödənişi həyata keçirmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
4. İddiaçı Sığorta Şirkəti ASC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTKdan X7 məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 7-ci Əhmədli küçəsi (yeni Həmid Cəfərli küçəsi) ev 55-də yerləşən fərdi yaşayış evinə dəymiş zərərə görə ödənilmiş 1204.48 AZN (min iki yüz dörd manat qırx səkkiz qəpik) sığorta ödənişi və ödənilmiş 32.04 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə q qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli baxış aktına əsasən xx.xx.2024-cü tarixdə Cavabdeh MTK tərəfindən inşa edilən yeni tikili binadan axan sudan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 7-ci Əhmədli küçəsi (yeni Həmid Cəfərli küçəsi) ev 55-də yerləşən X6 məxsus fərdi yaşayış evinə ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş RAT ********** nömrəli sığorta şəhadətnaməsinin 129925 nömrəli sığorta aktının surətindən göründüyü kimi X6 məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 7-ci Əhmədli küçəsi (yeni Həmid Cəfərli küçəsi) ev 55-də yerləşən fərdi yaşayış evi İddiaçı SŞda sığortalanmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli əmlakın zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 7-ci Əhmədli küçəsi (yeni Həmid Cəfərli küçəsi) ev 55 yaşayış sahəsinə 1455 AZN (min dörd yüz əlli beş manat) məbləğində zərər dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli **********7/766772405 nömrəli ödəniş tapşırığına əsasən, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 7-ci Əhmədli küçəsi (yeni Həmid Cəfərli küçəsi) ev 55-də yerləşən fərdi yaşayış evinə görə zərərçəkən X4 etibarnamə üzrə nümayəndəsi X2 250 manat azadolma məbləği (franşiza) və 0.52 manat bərpa məbləği çıxılmaqla 1204.48 AZN (min iki yüz dörd manat qırx səkkiz qəpik) sığorta ödənişi həyata keçirmişdir. Bildirmək istəyirik ki, xx.xx.2024-cü il tarixdəki hadisə ilə əlaqədar Cavabdeh MTK-ya qarşı subroqasiya hüququmuz yaranmışdır. Belə ki, xx.xx.2024-cü il tarixli tərtib edilmiş baxış aktına əsasən dəymiş zərərin Cavabdeh MTK-ya məxsus yeni inşa edilən binadan olduğu müəyyən edilib. Bu səbəbdən hesab edirik ki, ödənilmiş sığorta ödənişi, yəni 1204.48 AZN Cavabdeh MTK-dan İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 1458/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilməmiş, ödənilmiş 32.04 (otuz iki manat dörd qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı Sığorta Şirkəti ASC-nin iddia tələbi Cavabdeh MTK-dan X6 məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 7-ci Əhmədli küçəsi (yeni Həmid Cəfərli küçəsi) ev 55-də yerləşən fərdi yaşayış evinə dəymiş zərərə görə ödənilmiş 1204.48 AZN sığorta ödənişinin subroqasiya qaydasında alınmasından ibarətdir.
8. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, sığortaçının subroqasiya hüququnun yaranması əsaslarını müəyyən edən Mülki Məcəllənin 936-ci maddəsinin məzmunundan göründüyü kimi sığortaçı tərəfindən sığorta ödənişi ödənildikdən sonra sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı zərərin ödənilməsini tələb etmək hüququ sığorta ödənişi həddində subroqasiya qaydasında sığortaçıya keçir.
9. Hazırkı halda İddiaçı Sığorta Şirkəti ASC ödədiyi sığorta ödənişini subroqasiya qaydasında tutulması tələbini Cavabdeh MMC-yə qarşı yönəltdiyi halda sığorta ödənişi almış şəxsə dəymiş zərərə görə cavabdeh "xxxx" MMC-nin məsuliyyət daşımalı olmasını sübuta yetirə bilməmişdir. Belə ki, məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehin dəymiş zərərə görə məsuliyyət daşıyan şəxs olmasına dair məhkəməyə yeganə təqdim edilən sübut Bakı şəhəri, Xətai rayonu, Əhmədli Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli baxış aktıdır, hansı ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 7-ci Əhmədli küçəsi (yeni Həmid Cəfərli küçəsi) ev 55-də yerləşən fərdi yaşayış evinə axan su nəticəsində dəymiş zərərin cavabdehin təqsirli hərəkəti nəticəsində baş verməsini təsdiq edən sübut hesab edilə bilməz.
10. Məhkəmə qeyd etmişdir ki, sübutların qiymətləndirilməsi həm də onların kifayətliliyi ilə bağlıdır. Məhkəmə iş üzrə nəticəyə gəlmək üçün kifayət qədər sübuta malik olmalıdır. Sübutlar o vaxt kifayət hesab oluna bilər ki, məhkəmə onlar əsasında işi həll etmək iqtidarında olur.
11. Məhkəmə həmçinin qeyd etmişdir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə əsaslı nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) əsaslı nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
12. Məhkəmə nəzərə almışdır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür.
13. Məhkəmə işə baxarkən və sübutlara qiymət verərkən nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir.
14. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.
15. Məhkəmə həmçinin qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.
16. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh MMC-yə qarşı iddiası əsassız olduğundan rədd edilməlidir.
17. Məhkəmə hesab etmişdir ki, hazırkı qətnamə ilə iddia rədd edildiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
18. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə AR Mülki Məcəlləsinin 21.1, 21.2, 936.1, 1096.1,1097.1-ci maddələrini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrini tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki hazırkı icraat
a) Apellyasiya şikayətinin dəlilləri
19. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 1458/2025 nömrəli qətnaməsindən İddiaçı Sığorta Şirkəti ASC apellyasiya şikayəti verərək məhkəmə qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunun Xüsusi bölməsində ayrı qayda nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisəsinin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə səlahiyyətli orqanın təqdim etdiyi arayış (o cümlədən elektron formada) sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərdir. Maddənin məzmunundan görünür ki, sığorta hadisəsi hesab edilən halın təfərrüatları, hadisənin baş verməsində təqsirli olan şəxs, zərərçəkmiş şəxs və dəymiş zərərin miqdarı barədə Bakı şəhəri, Xətai rayonu, Əhmədli Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli baxış aktı mötəbər sübut hesab edilir. Mülki işin materiallarından aydın olur ki, sığorta hadisəsi baş verərkən həmin hadisə Bələdiyyənin nümayəndələri tərəfindən qeydə alınmış və akt tərtib edilmişdir. Bu da onu göstərir ki, fərdi yaşayış evinə yetirilmiş zərərlə bağlı mübahisə Bələdiyyənin səlahiyyətinə aiddir. Bu səbəbdən də həmin aktın verilməsi başqa orqan tərəfindən deyil, sırf Bələdiyyə tərəfindən verilməsi məqsədəmüvafiqdir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Maddənin məzmunundan aydın olur ki, hakim Bələdiyyənin aktını əsaslı və mötəbər sübut kimi qəbul etməyib, qərarı rədd edərkən həmin sübutun mötəbərliyini yoxlamalı olduğu halda bunu etməmiş, həmin sübutun hansı normaya əsasən mötəbər olmamasını əsaslandırmamışdır. Mülki prosessual qanunvericiliyin müddəalarına əsasən məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyin tələblərini pozmuş və həqiqətə uyğun olmayan qətnamə qəbul etmişdir. Belə ki, qətnamənin məzmunundan aydın olur ki, məhkəmə mötəbər saymadığı arayışı təqdim edən Bələdiyyənin nümayəndəsini şahid və ya mütəxəssis qismində dəvət etməmiş, ondan izahatlar almamış, bununla da, mülki prosessual qanunvericiliyinin qaydalarını pozaraq səhv nəticəyə gəlmişdir. 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddənin məzmunundan aydın olur ki, məhkəmə vurulmuş ziyanın səbəbini, mənbəsini və dəyərini aydınlaşdırmaq məqsədi ilə ekspertiza təyin edə biləcəyi halda, bunu etməmişdir. Məhkəmə ekspertiza təyin etsəydi, həmin zərərin həm mənbəsini (hardan zərər dəyməsini), həm də səbəbini (hansı proseslərin baş verməsi nəticəsində) biləcəkdi. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1458/2025 saylı qətnaməsi düzgün qəbul edilmədiyindən ləğv edilməlidir.
Apellyasiya şikayətinə qarşı etiraz
21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. İddiaçının nümayəndəsi məhkəmə iclasında appellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
23. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
25. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
26. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
27. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
28. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
29. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
30. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
31. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
40. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, iddiaçı qətnaməni tam mübahisələndirdiyindən qətnamə tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Baxılan iş üzrə birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.
43. Belə ki, Mülki Məcəllənin 936.1, 936.2, 936.5-ci maddələrindən müəyyən edilir ki, sığortaçının subroqasiya hüququ sığortalıya zərərvuran şəxs və ya zərərin vurulmasına görə məsuliyyət daşıyan şəxsə qarşı yaranır.
44. Mülki Məcəllənin 21.1, 1096.1, 1096.2, 1097.1-ci maddələrinin mənasına görə isə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.
45. Eyni zamanda, Mülki Məcəllənin 1097.3-cü maddəsində zərərvuranın təqsirsiz məsuliyyəti müəyyən edilmişdir. Lakin həmin madənin tələblərinə görə obyektiv surətdə hüquqa zidd əməl üçün məsuliyyət qanunla müəyyən edilməlidir.
46. Beləliklə, hazırki iddianın əsaslı hesab edilməsi üçün müəyyən edilməlidir ki, sığorta hadisəsi (Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 7-ci Əhmədli küçəsi (yeni Həmid Cəfərli küçəsi) ev 55-də yerləşən X6 məxsus fərdi yaşayış sahəsindəki subasma hadisəsi) cavabdehin qanunsuz və təqsirli hərəkətləri nəticəsində baş vermiş və ya həmin hadisənin baş verməsinə görə cavabdeh qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
47. Lakin həmin hadisənin cavabdehlərin qanunsuz və təqsirli hərəkətlərinə görə baş verməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.
48. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir:məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).
49. «Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən işbölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur.
50. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı).
51. Oxşar hüquqi mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio(sübut etməkyükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)prinsipi rəhbər tutulur. Sübut kifayətqədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər.1
52. Subroqasiya ilə bağlı idianın təmin edilməsi üçün cavabdehin sığorta hadisəsinin baş verməsində təqsirli olduğu təkzibedilməz sübutlarla təsdiq olunmalıdır.
53. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin dəymiş zərərə görə təqsirli olduğuna dair məhkəməyə yeganə təqdim edilən sübut Bakı şəhəri, Xətai rayonu, Əhmədli Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli baxış aktıdır.
54. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, xx.xx.2024-cü il tarixli akt Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 7-ci Əhmədli küçəsi (yeni Həmid Cəfərli küçəsi) ev 55-də yerləşən fərdi yaşayış evinə axan su nəticəsində dəymiş zərərin cavabdehin təqsirli hərəkəti nəticəsində baş verməsini təsdiq edən sübut hesab edilə bilməz.
55. Belə ki, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
56. Belə olan halda məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; dördüncüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir.
57. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Məhkəmə xərcləri isə Mülki Prosessual Məcəllənin 119.1-ci madəsinə əsasən cavabdehə aid edilməlidir.
58. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
1 Ali Məhkəmə, 2-2(102)-465/2024 (https://sc.supremecourt.gov.az/decision-search/ )
59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı Sığorta Şirkəti ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1458/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə dərhal qanuni qüvvəyə minir, qətnamədən kassasiya şikayəti verilə bilməz.