Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-87/2020 29.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Nuriyeva Afaq Bayram qızı, hakimlər Ağayev Valeh Məmməd oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh ASC-nə qarşı pul tələbinə dair 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, e-2-2(81)-1050/2019 saylı qətnaməsindən cavabdehin nümayəndəsi F.Kazımov tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, e-2-2(81)- 1050/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh ASC-dən 123.287,93 manat əsas borcun, 1000 manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun 20 manat hissəsi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir (hakim A.Oruczadə). Həmin qətnamədən narazı qalan cavabdehin nümayəndəsi F.Kazımov apelyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı ASC Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən 123.287,93 manat əsas borcun, 11.827 manat cərimənin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 135.144,93 manat pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh ASC arasında bağlanmış 374/2/1.5-12/BQ saylı, xx xxx 2013-cü il tarixli podrat müqaviləsinə əsasən Podratçı (İddiaçı ASC) müqavilə ilə müəyyən olunmuş işləri yerinə yetirməyi, Sifarişçi isə görülmüş işlərin müqabilində Podratçıya razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürmüşdür (müqavilənin 1-ci, 3-cü, 5-ci bəndləri və 1 saylı Əlavəsi). Müqavilənin predmetini “Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğular kompleksinin tikintisi” layihəsi çərçivəsində “X5” İdarəsinin ərazisində Cavabdeh ASC-nin sifarişi ilə quraşdırılan yeni içməli su qurğularının xarici elektrik təchizatı üçün mühəndis-axtarış, tikintiquraşdırma və sazlama işləri təşkil etmişdir. Tərəflər arasında bağlanmış müqavilənin ümumi məbləği ƏDV daxil olmaqla 5.118.000,00 (beş milyon yüz on səkkiz min) manat müəyyən olunmuşdur və müqavilə məbləğinin 40 % hissəsinin müqavilə imzalandıqdan sonra avans şəklində Podratçıya ödənilməsi nəzərdə tutulmuşdur. Podratçı təşkilat olaraq İddiaçı ASC tərəfindən işlər yerinə yetirilmiş və müxtəlif tarixli icra aktlarına əsasən Sifarişçi təşkilat Cavabdeh ASC-yə təhvil verilmişdir. Sifarişçi tərəfindən avans ödənişinin və görülmüş işlərin bir qisminin dəyəri ödənilsə də, Podratçı tərəfindən təhvil verilmiş və Sifarişçi tərəfindən təhvil alınmış sonuncu avqust 2016-cı il tarixli yerinə yetirilmiş tikintiquraşdırma işlərinin qəbul aktı üzrə 123287,93 (yüz iyirmi üç min iki yüz səksən yeddi manat 93 qəpik) manat məbləğində borc bu günədək ödənilməmişdir. Bu əsasla Sifarişçinin Podratçıya ƏDV daxil olmaqla 123287,93 (yüz iyirmi üç min iki yüz səksən yeddi manat 93 qəpik) manat məbləğində borcu yaranmışdır. Cavabdeh ASC ilə dəfələrlə danışıqlar aparılmış, lakin borcun ödənilməsinə nail olunmamışdır. Tərəflərindən HS041/AZ saylı, xx.xx.2019-cu il tarixli pretenziya məktubu ilə Cavabdeh ASC-nin rəhbərliyinə müraciət olunmuş və borcun ödənilməsi xahiş edilmişdir. Lakin hələ də borclu Cavabdeh ASC tərəfindən yaranmış borc ödənilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 3.4-cü bəndinə əsasən Podratçının Sifarişçiyə təqdim etdiyi icra aktının 5 (beş) gün müddətində Sifarişçi tərəfindən təsdiqlənməli və təsdiqdən sonra növbəti 7 (yeddi) iş günü müddətində ödənilməli olması nəzərdə tutulmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin 10.2-ci bəndinə əsasən Sifarişçi və Podratçı tərəfindən müvafiq olaraq ödəmələrin, görülmüş işlərin qəbulunun və görüləcək işlərin təyin olunmuş müddətlərinə riayət olunmadığı təqdirdə tərəflər qarşılıqlı maddi məsuliyyət daşımalı və gecikdirilmiş hər gün üçün gecikdirilmiş dəyərin 0,01% məbləğində cərimə ödəyəcəkdir. Müqavilənin 10.3-cü bəndinə əsasən istənilən halda bu cür iddiaların cəmi müqavilə dəyərinin 5% aşmamalıdır. Sifarişçi tərəfindən ödəmənin bir gün gecikməsinə görə ödənilməli olan cərimə məbləği 12,32 manat (123287,93×0,01) təşkil edir. İşlərin Sifarişçiyə 2016-cı ilin avqust ayından təhvil verildiyini və müqavilənin 3.4-cü bəndini nəzərə alaraq, ödənişin gecikmə müddətini ən geci 2016-cı ilin sentyabr ayının 13-dən hesabladıqda xx.xx.2019-cu il tarixinə gecikmə günlərinin sayı 960 (doqquz yüz altmış) gün təşkil edir. Tərəflər arasında bağlanmış müqavilənin 10.2-ci bəndinə və qeyd olunan hesablamalara əsasən Sifarişçi tərəfindən Podratçıya ödənilməli olan cərimə məbləği 11.827 manat təşkil edir. Hesablanmış cərimə məbləği müqavilənin 10.3-cü bəndinə uyğun olaraq müqavilə dəyərinin 5%-ni aşmır. İş üzrə birinci instansiya məhkəməsi yuxarıda göstərilən qətnaməni qəbul etmişdir. Apelyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərdi ki, “Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğular kompleksinin tikintisi" layihəsi çərçivəsində X5 idarəsinin ərazisində yeni içməli su qurğularının xarici elektrik təchizatı üçün mühəndis-axtarış, tikinti- quraşdırma və sazlama işlərinin yerinə yetirilməsi üçün bağlanmış 374/2/1.5- 12/BQ nömrəli xx xxx 2012-ci il tarixli podrat müqaviləsi üzrə "Cavabdeh" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinə x xxxxxx 2013-cü ildə 1734915.25 manat və 312284.75 manat, xx xxxx 2014cü ildə 281198.74 manat və 1562215.22 manat, xx xxxx 2015-ci ildə 180566.74 manat, 173965.22 manat, 31313.74 manat və 32502.01 manat məbləğində vəsait ödənilmişdir.Göstərilən məbləğlərin ödənilməsini təsdiq edən ödəniş tapşırıqları sübut kimi məhkəməyə təqdim edilmiş və məhkəmə tərəfindən iş materiallarına əlavə edilmişdir.Yuxarıda göstərilənlərə əsasən nümayəndə bildirdi ki, "Cavabdeh" Açıq Səhmdar Cəmiyyəti müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, iddiaçı tərəfindən görülmüş işlərin dəyərini ödəniş tapşırıqlarından da göründüyü kimi tam şəkildə ödəmişdir. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin e-2-2(81)-1050/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, işdə olan sübutları qiymətləndirərək, apelyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İş materiallarından görünür ki, Cavabdeh ASC ilə İddiaçı ASC arasında374/2/1.5- 12/BQ nömrəli, xx xxx 2013-cü il tarixli “Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğular kompleksinin tikintisi layihəsi çərçivəsində „X5“ idarəsinin ərazisində „Cavabdeh“ ASC tərəfindən quraşdırılan yeni içməli su qurğularının xarici elektrik təchizatı üçün mühəndis axtarış, tikinti-quraşdırma və sazlama işləri üzrə maqavilə” bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən “Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğular kompleksinin tikintisi” layihəsi çərçivəsində “X5” İdarəsinin ərazisində “ Cavabdeh” ASC-nin sifarişi ilə quraşdırılan yeni içməli su qurğularının xarici elektrik təchizatı üçün mühəndis-axtarış, tikinti-quraşdırma və sazlama işlərinin müqavilə ilə müəyyən olunan müddət ərzində görülməsidir və bu məqsəd ilə sifarişçi podratçıya müqavilənin 1 saylı Əlavəsində göstərilən işlərin yerinə yetirilməsini tapşırır, sifarişçi isə görülmüş işlərin müqabilində podratçıya razılaşdırılmış məbləği ödəyir. Müqavilənin 3.1-ci maddəsinə əsasən müqavilənin ümumi məbləği ƏDV daxil olmaqla 5.118.000 AZN təşkil etmişdir. Müqavilənin 3.2-ci bəndinə əsasən müqavilənin qiymətinin 2 faizinə qədər məbləği müvafiq qaydalara uyğun olaraq, müqavilə üzrə sifarişçini təmsil edən „Cavabdeh“-nin Tikilməkdə olan obyektlərin müdiriyyətinin saxlanmasına yönəlmişdir. Müqavilənin 3.3-cü bəndinə əsasən müqavilə məbləğinin 40% hissəsi avans şəklində müqavilə imzalandıqdan sonra işlərin həyata keçirilməsi üçün podratçıya resursların mobilizasiyası məqsədilə ödənilmişdir. Müqavilənin 3.4-cü bəndinə əsasən müqavilə məbləğinin qalan hissəsi podratçı tərəfindən texnika, mal-material və işçi qüvvəsinin mobilizasiyasını həyata keçirildikdən sonra işlərin gedişatı zamanında faktiki görülmüş işlərin yerinə yetirilməsi üzrə sifarişçi tərəfindən təsdiqlənmiş və qəbul edilmiş icra aktı və həmin akta uyğun olaraq aylıq olaraq sifarişçiyə təqdim olunan hesab-faktura əsasında ödəniləcəkdir, təqdim olunan icra aktları 5 gün müddətində təsdiqlənir və təsdiqdən sonra növbəti 7 iş günü müddətində ödənilir. xx xxx 2013-cü il tarixli 374/2/1.5-12/BQ saylı müqavilənin “Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğular kompleksinin tikintisi” layihəsi çərçivəsində “X5” İdarəsinin ərazisində Cavabdeh ASC-nin sifarişi ilə quraşdırılan yeni içməli su qurğularının xarici elektrik təchizatı üçün mühəndis-axtarış, tikinti-quraşdırma və sazlama işləri üzrə qiymətlənlərin/işlərin/xidmətlərin razılaşdırılması protokolunda işlərin görülməsi və görülmüş işlərin müqabilində ödəniləcək məbləğ göstərilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -2014-cü ilin may ayında yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qəbul aktı üzrə ”İddiaçı” ASC tərəfindən 3.072.356,61 manat dəyərində işlər görülərək təhvil verilmiş və Cavabdeh ASC tərəfindən təhvil alınmışdır. 2014-cü ilin mayın ayında yerinə yetirilən podrat işlərinin müqavilə qiyməti ilə dəyəri haqqında arayışdan görünür ki, müqavilə qiymətinə daxil olan xərcləri nəzərə alınmaqla tikinti üzrə cəmi (ƏDV ilə) -3.072.356,61 manat (ƏDV-468.664,57manat), o cümlədən avans məbləği 1.228.942,65 manat təşkil etmişdir. -2014-cü ilin dekabr ayında yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qəbul aktı üzrə ”İddiaçı” ASC tərəfindən 355.114,58 manat dəyərində işlər görülərək təhvil verilmiş və Cavabdeh ASC tərəfindən təhvil alınmışdır. 2014-cü ilin mayın ayında yerinə yetirilən podrat işlərinin müqavilə qiyməti ilə dəyəri haqqında arayışdan görünür ki, müqavilə qiymətinə daxil olan xərcləri nəzərə alınmaqla tikinti üzrə cəmi (ƏDV ilə) -355.114,58 manat (ƏDV-54.170,02 manat), o cümlədən avans məbləği 142.045,83 manat təşkil etmişdir. -2015-ci ilin aprel ayında yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qəbul aktı üzrə ”İddiaçı” ASC tərəfindən 881.490,48 manat dəyərində işlər görülərək təhvil verilmiş və Cavabdeh ASC tərəfindən təhvil alınmışdır. 2014-cü ilin mayın ayında yerinə yetirilən podrat işlərinin müqavilə qiyməti ilə dəyəri haqqında arayışdan görünür ki, müqavilə qiymətinə daxil olan xərcləri nəzərə alınmaqla tikinti üzrə cəmi (ƏDV ilə) -881.490,48 manat (ƏDV-134.464,65 manat), o cümlədən avans məbləği 352.596,19 manat təşkil etmişdir. -2016-ci ilin avqust ayında yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qəbul aktı üzrə ”İddiaçı” ASC tərəfindən 123.287,93 manat dəyərində işlər görülərək təhvil verilmiş və Cavabdeh ASC tərəfindən təhvil alınmışdır. -İddiaçı ASC tərəfindən təqdim edilmiş Seriya: HN, 117205 nömrəli xx.xx.2017-ci il tarixli elektron vergi hesab fakturasından görünür ki, görülmüş xidmətlərin dəyəri ƏDV daxil 123.287,93 manat təşkil edir. Cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş sənədlər: -xx.xx.2013-cü il tarixli ********** nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh ASC tərəfindən İddiaçı ASC-nin “xxxx” ASC-də olan AZ03AZEN******************** hesabına 1.734.915,25 manat avans ödəniş etmişdir. -xx.xx.2013-cü il tarixli ********** nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh ASC tərəfindən avans üzrə 312.294,75 manat ƏDV ödənişi etmişdir. -xx.xx.2014-cü il tarixli ********** nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh ASC tərəfindən İddiaçı ASC-nin “xxxx” ASC-də olan AZ03AZEN******************** hesabına 1.562.215,22 manat ödəniş etmişdir. -xx.xx.2014-cü il tarixli ********** nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh ASC tərəfindən 281.198,74 manatƏDV ödənişi etmişdir. -xx.xx.2015-ci il tarixli ********** nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh ASC tərəfindən İddiaçı ASC-nin “xxxx” ASC-də olan AZ03AZEN******************** hesabına 173.965,22 manat ödəniş etmişdir. -xx.xx.2015-ci il tarixli ********** nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh ASC tərəfindən İddiaçı ASC-yə 31.313,74 manat ƏDV ödənişi etmişdir. -xx.xx.2015-ci il tarixli ********** nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh ASC tərəfindən İddiaçı ASC-nin “xxxx” ASC-də olan AZ03AZEN******************** hesabına 180.566,74 manat ödəniş etmişdir. -xx.xx.2015-ci il tarixli ********** nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh ASC tərəfindən 32.502,01 manat ƏDV ödəniş etmişdir. İşdə olan xx xxxxxx 2019-cu il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ASC Cavabdeh ASC-dən 123.287,93 manat borc məbləğinin ödənilməsini pretenziya qaydasında tələb etmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etdi ki, iddiaçı ilə cavabdeh arasında müqavilə münasibətləri mövcud olmuşdur və iddiaçı qeyd edilən münasibətlər zəminində üzərinə düşən öhdəlikləri yerinə yetirərək cavabdeh üçün “Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğular kompleksinin tikintisi” layihəsi çərçivəsində “X5” İdarəsinin ərazisində “ Cavabdeh” ASC-nin sifarişi ilə quraşdırılan yeni içməli su qurğularının xarici elektrik təchizatı üçün mühəndis-axtarış, tikinti-quraşdırma və sazlama işlərini görmüş, lakin cavabdeh iddiaçı tərəfindən görülən işlərin dəyərini tam ödəməmiş, 123.287,93 manat məbləğində görülmüş işin dəyəri ödənilməmiş qalmışdır. İddiaçı cavabdehlə bağladığı müqavilələrin şərtlərinə əsasən ödəmənin gecikdirildiyinə görə cavabdehə 11.827 manat cərimə hesablamışdır. Göründüyü kimi tərəflər arasında bağlanmış 374/2/1.5-12/BQ saylı, xx xxx 2013-cü il tarixli podrat müqaviləsinə və onun 1 Saylı Əlavəsinə əsasən (qiymətlərin razılaşma protokolu) müqavilənin (görüləcək işlərin) ümumi məbləği ƏDV daxil olmaqla 5118000,00 (beş milyon yüz on səkkiz min) manat müəyyən olunmuşdur. Yuxarıda qeyd olunan təhvil-təslim aktlarından görünür ki, iddiaçı tərəfindən yerinə yetirilərək cavabdehə təhvil verilmiş işlərin ümumi dəyəri ƏDV daxil 4.432.249,60 manat təşkil etmiş və Cavabdeh ASC tərəfindən qəbul edilmişdir.Cavabdeh tərəfindən edilmiş ödənişlərin ƏDV daxil ümumi məbləği 4.308.961,67 manat təşkil etmişdir. (Qalıq borc məbləği: 4432249,60 manat (görülmüş işlərin dəyəri)-4308961,67 manat (ödənişlər) = 123.287,93 manat). Beləliklə, işin hallarından aydın olur ki, müqavilə üzrə İddiaçı ASC tərəfindən işlər görülmüş, lakin Cavabdeh ASC tərəfindən borc məbləği tam ödənilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh Cavabdeh ASC –nin İddiaçı ASC-yə müqavilə üzrə 123.287,93 manat olduğu 2016-cı il tarixli təhvil-təslim aktı ilə təsdiq edildiyindən, iddiaçının əsas borc hissəsində tələbi əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 427.5-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bundan əlavə, iddiaçı iddia tələbi ilə öhdəliyin gecikdirilməsi nəticəsində cərimə - 11.827 manat məbləğində pulun ödənilməsini də tələb etmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 10.1-ci bəndinə əsasən sifarişçi və podratçı tərəfindən müvafiq olaraq ödəmələrin, görülmüş işlərin qəbulunun və görüləcək işlərin təyin olunmuş müddətlərinə riayət olunmadığı təqdirdə tərəflər qarşılıqlı maddi məsuliyyət daşımalı və gecikdirilmiş hər gün üçün gecikdirilmiş dəyərin 0.01% məbləğində cərimə ödəyəcəkdir. Müqavilənin qeyd edilən şərtinə əsasən iddiaçı tərəfindən cavabdehə öhdəliyinin icrasının gecikdirilməsi ilə əlaqədar 11.827 manat məbləğində cərimə hesablanmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbinin bu hissəsinin qanuni əsası kimi Mülki Məcəllənin 465.2-ci maddəsi çıxış edir. Həmin maddəyə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi hal üçün cərimənin (dəbbə pulu) hesablanması nəzərdə tutulduğundan, iddiaçının həm də cərimənin (dəbbə pulunun) ödənilməsini tələb etmək hüququ vardır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İşin hallarını nəzərə alaraq birinci instansiya məhkəməsi belə nəticəyə gəlir ki, cərimə məbləği tənasübsüz sürətdə yüksəkdir və iddiaçının mənafeləri nəzərə alınmaqla, həmin məbləğ azaldılaraq, 1.000 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli (Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi), məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsi). Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə xərcləri ilə bağlı birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir və hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1, 392, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, e-2-2(81)- 1050/2019 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-2(103)-87/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-87/2020
29.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver