Məhkəmə qərarları › İş №2-2(103)-876/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-876/2023

25.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-876/2023 25.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MTK-ya qarşı kommersiya işi üzrə Açar söz: podrat müqaviləsi üzrə borcun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 Mirrahid oğlu, cavabdehin nümayəndəsi və vəkilləri Nümayəndə3, X1, nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehdən podrat müqaviləsi üzrə borcun tutulması barədə iddia üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 187/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İşin mübahisəsiz hallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh MTK arasında xx.xx.2021-ci il tarixli P01/21 nömrəli podrat müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı, cavabdehin tələblərinə əsasən cavabdehə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişməsindəki 252-ci məhəllə ünvanında tikintisi yarımçıq qalmış 3 bloklu, çoxmərtəbəli yaşayış binasında tikinti - quraşdırma işləri görmüşdür. Cavabdeh tərəfindən müqavilə üzrə müqavilə dəyərinin 20%-i 520163,4 manat avans olaraq ödənilmiş, eyni zamanda həmin məbləğdə bank qarantiyası verilmişdir. 2021-ci ilin fevral ayı üçün görülmüş işlər Forma 2 arayışı əsasında cavabdeh tərəfindən təhvil alınmış və işlərin dəyəri olaraq ödənilməli olan 352822,95 manatın bir hissəsi- 70254,69 manat avansdan çıxılmış, 282258,36 manat hissəsi cavabdeh tərəfindən ödənilmişdir. 2021-ci ilin mart, aprel, may ayları üçün iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 402.302,81 manat olan Forma 2 təqdim edilmiş, həmin Forma 2 arayışı cavabdeh tərəfindən təsdiq edilməmiş, cavabdehin həmin işlərə görə tərtib etdiyi Forma 2 arayışında işlərin dəyəri 300.473,98 manat qeyd edilmişdir. Ödəniş həyata keçirilmədiyindən xx.xx.2021-ci il tarixdən işlər dayandırılmış və iddiaçı həmin tarixdə yazılı bildiriş göndərməklə müqaviləyə xitam vermişdir. Cavabdeh tərəfindən qəbul edilməmiş Forma 2 üzrə işlərin dəyərindən 151339,83 manat bank qarantiyasından silinmişdir.

2. İddiaçı tərəfindən cavabdehə qalıq 101828,83 manatın 5 gün ərzində ödənilməsi barədə xx.xx.2022-ci il tarixdə pretenziya məktubu göndərilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdehnə qarşı cavabdehdən əsas borc olaraq 101828.83 manat, pul vəsaitinin ödənilməsini gecikdirilmiş borca görə 7891,73 manat, cəmi 109720,56 manat məbləğində pul vəsaitinin və 400 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli P- 01\21 nömrəli ümumi dəyəri ******* manat təşkil edən müqavilə bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh müqavilənin ümumi məbləğinin 20% hissəsini, yəni 520163.4 manat məbləğində pul vəsaitini avans şəklində iddiaçıya ödəmişdir. Eyni zamanda iddiaçı tərəfindən cavabdehə 520163,4 manat məbləğində bank qarantiyası verilmişdir. 2021-ci ilin fevral ayı üçün görülmüş işlərin dəyəri 2 nömrəli forma arayışına əsasən 352822,95 manat təşkil etmiş, həmin məbləğin 70564,59 manat hissəsi avansdan çıxılmış, qalan 282258,36 manat məbləğində olan hissəsi isə iddiaçıya ödənilmişdir. 2021- ci ilin mart ayı üçün görülmüş işlərə görə ümumi dəyəri 289802,47 manat təşkil edən 2 nömrəli forma arayışı iddiaçı tərəfindən cavabdehə təqdim olunmuşdur. Daha sonra həmin 2 nömrəli forma arayışı əsasında cavabdehə hesab-faktura və elektron qaimə göndərilmişdir. Həmin ödəniş cavabdeh tərəfindən həyata keçirilməmiş və səbəb olaraq bank hesabının üzərində həbsin olması bildirilmişdir. İddiaçı tərəfindən 2021-ci ilin aprel və may aylarında da işlər davam etdirilmiş, lakin hər hansı ödəniş həyata keçirilmədiyinə görə xx.xx.2021-ci il tarixində işlər dayandırılmışdır və iddiaçı tərəfindən müqaviləyə xitam verilməsi qərara alınmışdır. Bununla bağlı olaraq 2021-ci ilin mart, aprel və may ayları üzrə ümumi dəyəri 402302,81 manat təşkil edən 2 nömrəli forma arayışı cavabdehə təqdim olunmuş, lakin həmin arayış cavabdeh tərəfindən qəbul olunmamışdır və qeyd edilən dövrə görə ümumi dəyəri 300473.98 manat təşkil edən 2 nömrəli forma arayışı iddiaçıya təqdim olunmuşdur, lakin həmin arayış da iddiaçı tərəfindən qəbul olunmamışdır. Buna baxmayaraq cavabdeh 151339,83 manat məbləğində ödəniş tələbi ilə banka müraciət etmiş və həmin məbləğ bank qarantiyasından silinmişdir. Hesab edir ki, 2021-ci ilin mart, aprel və may ayları üzrə görülmüş işlərin dəyəri 402302,81 manat təşkil etdiyi halda, cavabdeh tərəfindən həmin dövrə görə görülmüş işlərin dəyəri 300473,98 manat məbləğində müəyyən edilmişdir. Beləliklə mübahisəli dövr üzrə 101828,83 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Bununla bağlı olaraq cavabdehə podrat müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə dair xx.xx.2022-ci il tarixdə pretenziya göndərilmiş və 101828,83 manat məbləğində pul vəsaiti ödənilmədikdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin pretenziyada göstərilən müddətin keçməsinə baxmayaraq həmin məbləğ hələ də ödənilməmişdir. Həmçinin hesab edir ki, cavabdeh müqavilə üzrə yerinə yetirilmiş işlərə görə pul vəsaitinin ödənilməsini gecikdirdiyinə görə həmin məbləğdən faizlər ödəməlidir. Bu halda Mərkəzi Bank tərəfindən müəyyən edilən uçot dərəcəsi nəzərə alınsa, cavabdeh tərəfindən pul öhdəliyin icra edilməməsinə görə 7.75% miqdarında faiz hesablanıb borc məbləğinə əlavə edilməlidir. Bu halda həmin məbləğ 7891,73 manat təşkil edəcəkdir (101828.83 *7.75%=7891.73).

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-187/2023 nömrəli qətnaməsi ilə (hakim Zaur Pirverdiyev) iddia qismən təmin edilmiş, Cavabdehndən 94696,52 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.

6. Tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə 2021-ci ilin mart, aprel və may ayları üzrə görülən işlərin dəyərinin nə qədər təşkil etdiyinin müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/41 saylı ekspert rəyi ilə, Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişməsindəki 252-ci məhəllə ünvanında tikintisi yarımçıq qalmış 3 bloklu, çoxmərtəbəli yaşayış binasında İddiaçı ilə Cavabdeh MənzilTikinti Kooperativi arasında bağlanmış xx.xx.2021 -ci il tarixli P-01V21 nömrəli podrat müqaviləsinə əsasən 2021-ci ilin mart, aprel və may aylarında yerinə yetirilən işlərinin ümumi dəyəri 334890,26 manat (ƏDV-siz) məbləğində müəyyən edilmişdir.

7. Məhkəmə Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd etmişdir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Məhkəmə hesab etmişdir ki, ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Çünki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyi hazırki iş üzrə sübut əhəmiyyətinə malikdir və məhkəmənin icra edilmiş işlərin dəyəri ilə bağlı gəldiyi yekun nəticədə istinad edilən mötəbər sübutdur.

8. Ekspert rəyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya ödənilməli borc 94696.52 manat (395170,5 (334890,26 x 18%ƏDV = 60280,24 + 334890,26 = 395170,5) – 300473,98 = 94696,52) müəyyən edilir

9. Məhkəmə iddia tələbinin pul vəsaitinin ödənilməsini gecikdirilmiş borca görə tələb olunan pul vəsaitinə münasibətdə qeyd etmişdir ki, iddiaçı cavabdehin borcun ödənilməsini gecikdirməklə faydalandığını sübuta yetirə bilməmiş və bu halı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də həmin hissədə iddia rədd edilmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-187/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam rədd edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh MTK arasında cavabdehə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişməsindəki 252-ci məhəllə ünvanında 3 bloklu, çoxmərtəbəli yaşayış binasının tikinti – quraşdırma üzrə podrat işlərini yerinə yetirilməsi üçün xx.xx.2021-ci il tarixli P-01/21 nömrəli podrat müqaviləsi və podrat müqaviləsinə 1 saylı Əlavə bağlanmışdır. 2021-ci ilin fevral ayı üçün iddiaçı tərəfindən görülmüş işlərin dəyəri 2 nömrəli Forma arayışına əsasən 352.822,95 manat təşkil etmiş, həmin məbləğ iddiaçıya ödənilmişdir. 2021-ci ilin mart, aprel, may ayları üzrə isə görülmüş işlərin dəyəri iddiaçı tərəfindən 402.302,81 manat müəyyən edilmişdir. Lakin sözügedən aylar üzrə görülmüş işlərin dəyəri cavabdeh tərəfindən 300.473,98 manat qiymətləndirildiyindən həmin məbləğ də iddiaçıya ödənilmişdir. Belə ki, Cavabdeh MTK tərəfindən görülən işlərin dəyərinin hesablanması tərəflər arasında iş həcmi cədvəlinə uyğun hesablanmışdır. Sözügedən cədvəldə göstərilən işlərin və xərclərin adı, ölçü vahidi, miqdarı, vahidin qiyməti və məbləği qeyd edilmişdir. Tərtib olunmuş smeta tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı tərəfindən təqdim olunmuş 2021-ci ilin mart, aprel, may ayları üzrə görülmüş işlərin dəyəri olan 402.302,81 manatın müəyyən edilməsi barədə 2 nömrəli Forma arayışdan görünür ki, görülən işlərin dəyəri iş həcmləri cədvəlinin xaricinə çıxmışdır. Həmçinin, iddiaçı tərəfindən yerinə yetirilməmiş işlər də görülmüş işlər siyahısına daxil edilmişdir. Hazırkı iş üzrə Bakı Kommersiya Məhkəməsinin müvafiq qərardadı ilə 2021-ci ilin mart, aprel və may aylarında iddiaçı tərəfindən görülən işlərin dəyərinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Xəyyam İsgəndərov tərəfindən iddiaçının gördüyü işlərin ƏDV xaric dəyəri 334.890,26 manat qiymətləndirilmişdir. Ekspertiza zamanı cavabdeh tərəfindən ekspertə görülən işlərin dəyərinin müəyyən edilməsi məqsədilə İddiaçının işləri natamam təhvil verdiyi dövrdə çəkilmiş foto və video sübutlar təqdim edilmiş, habelə müqavilə dəyərinin düzgün hesablanması məqsədilə müvafiq sənədlər verilmişdir. Lakin, ekspert cavabdeh tərəfindən işin faktiki hallarına dair təqdim edilən sübutları nəzərə almayaraq əsassız rəy vermiş, iddiaçı tərəfindən təqdim olunmuş işlərin siyahısı olduğu kimi, araşdırılmadan rəyə köçürülmüşdür. Aşağıda qeyd olunan hallara görə ekspertin rəyini əsassız esab edirik: belə ki, iddiaçı tərəfindən təqdim olunmuş 2 nömrəli Forma arayışda “taxta ASK-dan qalıb” kimi qeyd olunan və ekspertiza rəyində məbləği 1.939,20 manat göstərilən həmin material iddiaçıya məxsus kimi qiymətləndirilərək, görülən işlər siyahısına daxil edilmişdir. Həmçinin, 2.320,27 manat məbləğində istifadə olunmuş materiallar-ambardar, 12.445,50 manat məbləğində havalandırma işləri, 3.953 manat məbləğində qeyd olunan bina ətrafı drenaj xəttinin çəkilməsi və quyuların tikilməsi iddiaçı tərəfindən yerinə yetirilmədiyi halda görülmüş işlər kimi qeyd olunmuşdur. Əlavə olaraq bildirik ki, elektrik işlərinin montajı və işə salınması-işçilik dəyəri cavabdeh tərəfindən smeta dəyərinə uyğun 1.300 manat nəzərdə tutulduğu halda ekspert tərəfindən 6.500 manat dəyərində, binanın daxilindəki kanalizasiya xətlərinin quyulara çəkilməsi və binanın həyətində quyuların birləşməsi işçilik dəyəri cavabdeh tərəfindən smeta dəyərinə uyğun 1.100 manat nəzərdə tutulduğu halda ekspert tərəfindən 2.200 manat dəyərində, -8,5 metr səviyyəsində monolit dəmir/beton sütunlar – işçilik cavabdeh tərəfindən smeta dəyərinə uyğun 3.330 manat nəzərdə tutulduğu halda ekspert tərəfindən 6.808 manat dəyərində, pəncərələrdə tamamlama işləri cavabdeh tərəfindən smeta dəyərinə uyğun 3.456 manat nəzərdə tutulduğu halda ekspert tərəfindən 8.678,40 manat dəyərində, maşın mexanizm xərcləri 6.515,75 manat nəzərdə tutulduğu halda ekspert tərəfindən 8.707,26 manat dəyərində, müvəqqəti bina və qurğular 5.090,43 manat nəzərdə tutulduğu halda ekspert tərəfindən 6.802,55 manat dəyərində, şirkətin gəliri 20.361,71 manat nəzərdə tutulduğu halda ekspert tərəfindən 27.142,9 manat dəyərində, sifarişçinin anbarına mədaxil olunan dikt 132 manat nəzərdə tutulduğu halda ekspert tərəfindən 180 manat dəyərində, metal qapı dəsti 8.550 manat nəzərdə tutulduğu halda ekspert tərəfindən 9.690 manat dəyərində hesablanmışdır. Həmçinin, yuxarıda qeyd olunan işlərin iddiaçı tərəfindən görülməməsi barədə Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişməsindəki 252-ci məhəllə ünvanında 3 bloklu, çoxmərtəbəli yaşayış binasında əyani şəkildə ekspertə göstərilmişdir. Əlavə olaraq, İddiaçının işləri natamam təhvil verildiyi dövrdə çəkilmiş foto və videolar da sübut kimi ekspertə təqdim edilmişdir. Lakin, bunlara baxmayaraq, ekpert tərəfindən İddiaçının xeyrinə olan qərəzli rəy verilmişdir. Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyrimötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır. Təkrar ekspertizanın aparılması başqa ekspertə və ya ekspertlərə tapşırılır. Məhkəmə Ekspertiza Mərkəzinin müvafiq rəyi məhkəməyə daxil olduqdan sonra Qanunun 18-ci maddəsini rəhbər tutataq, 2021-ci ilin mart, aprel və may ayları üzrə iddiaçı tərəfindən görülən işlərin dəyərinin obyektiv, qərərsiz və sübutlar nəzərə alınmaqla müəyyən edilməsi məqsədilə təkrar ekspertizanın özəl məhkəmə eksperti tərəfindən keçirilməsi barədə qərardad qəbul edilməsi xahiş olunsa da, cavabdehin vəsatəti Bakı Kommersiya Məhkəməsi tərəfindəntəmin edilməmişdir. Bununla da məhkəmə sözügedən işdə öz qərəzli mövqeyini göstərmişdir. Qətnamədə tərəflərin işlərin icra edilməsini mübahisələndirmədiyi, tərəflər arasındakı mübahisənin yalnız 2021-ci ilin mart, aprel, may ayları üzrə icra edilmiş işlərin dəyəri barədə olması qeyd olunsa da, məhkəmə nəzərə almamışdır ki, mübahisə yalnız görülmüş işlərin dəyəri barədə deyil, həmçinin iddiaçının görülmüş işlər siyahısına daxil etdiyi, lakin realda yerinə yetirmədiyi işlər barəsindədir. Yuxarıda qeyd olunanları əsas tutaraq, hesab edirik ki mühüm əhəmiyyəti olan bütün faktiki hallar məhkəmə tərəfindən aydınlaşdırılmamış, nəticədə həqiqəti əks etdirməyən və qanunun tələblərinə zidd olan qətnamə qəbul edilmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Cavabdehin nümayəndəsi və vəkilləri Nümayəndə3 və X1, cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

13. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 Mirrahid oğlu məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək rədd edilməsini xahiş etmişdirlər.

14. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi; 752.1-ci maddə- podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddə- sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. 753.3-cü maddə-əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. 760.2-ci maddə-əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 769-cu maddə-əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 770-ci maddə-əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 78.1-ci maddə-sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 101.7-ci maddəsinə əsasən-ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 102.2-ci maddə-məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. 119.5-ci maddə-apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 119.6-cı maddə-yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. 372.2-ci maddə-yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

15. Qətnamə cavabdeh tərəfindən iddianın təmin edildiyi hissədə mübahisələndirildiyindən həmin hissədə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

16. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-187/2023 qətnaməsi dəyişdirilərək Cavabdeh MTK-dan İddiaçı MMC-nin xeyrinə 93.351,32 manat pul tutulmalıdır.

17. İşin hallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh MTK arasında xx.xx.2021-ci il tarixli P01/21 nömrəli Podrat müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı, cavabdehin tələblərinə əsasən cavabdehə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişməsindəki 252-ci məhəllə ünvanında tikintisi yarımçıq qalmış 3 bloklu, çoxmərtəbəli yaşayış binasında 2021-ci ilin mart, aprel, may aylarında görülmüş tikinti – quraşdırma işlərinin həcmi və dəyəri ilə bağlı tərəflər arasında mübahisə yaranmışdır.

18. İddiaçı tərəfindən cavabdehə həmin dövr üçün təqdim edilmiş ümumi dəyəri 402302,81 manat olan Forma 2 arayışı təsdiq edilməmiş, cavabdeh həmin işlərin tam görülmədiyini bildirərək 300.473,98 manat hissədə ödəniş etməyi qəbul etmişdir.

19. İddiaçı tərəfindən dəyəri tələb edilən işlərin həqiqətən görülüb-görülmədiyinin müəyyənləşdirilməsi üçün işə birinci instansiya qaydasında baxılarkən iş üzrə məhkəmə mühəndis texniki ekspertizası təyin edilmiş, ekspert Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişməsindəki 252-ci məhəllə ünvanında tikintisi yarımçıq qalmış 3 bloklu, çoxmərtəbəli yaşayış binasında görülmüş işlərə yerində baxış keçirməklə işlərin ümumi dəyərinin ƏDV-siz 334890,26 manat təşkil etdiyinə dair nəticəyə gəlmişdir. Ekspert iş həcmini ekspertiza tədqiqatı zamanı görülmüş işlərə yerində baxış keçirməklə, işlərin dəyərini isə tərəflər arasında razılaşdırılmış smetada qeyd edilmiş qiymətlər əsasında hesablanmışdır.

20. Cavabdeh tərəf qəbul edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/41 saylı rəyində öz əksini tapmış işlər həqiqətən görülmüşdür. Lakin iddiaçı müqaviləni ləğv edərkən işlər tam görülmədiyi üçün iddiçının dəyərini tələb etdiyi işlərin bir hissəsi cavabdehin sonradan müqavilə bağladığı digər şirkət tərəfindən görülmüşdür. Cavabdehin mövqeyinə görə, ekspert ekspertiza tədqiqatı zamanı cavabdeh tərəfindən ona təqdim edilmiş foto şəkillərə və video materiala əsasən işlərin hansı hissəsinin iddiaçı tərəfindən, hansı hissəsinin digər şirkət tərəfindən görüldüyünü müəyyənləşdirməli idi.

21. Məhkəmə qeyd edir ki, MPM-nin 78.1-ci maddəsinin tələbinə əsasən prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdeh tərəfindən sübutlar ekspertə deyil, hazırlıq icraatı mərhələsində məhkəməyə təqdim edilməli olduğundan ekspertə cavabdehin təqdim etdiyi, iş materiallarında olmayan foto şəkil və ya video material əsasında hər hansı tədqiqat aparıla bilməzdir. Ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sual iddiaçının dəyərini tələb etdiyi işlərin həqiqətən görülüb-görülmədiyini müəyyən etmək olmuşdur. Faktiki görüldüyü müəyyən edilmiş işlərin bir hissəsi digər şirkət tərəfindən icra edilmişdirsə bu hala cavabdehin təqdim edəcəyi sübutlara əsasən hüquqi qiymət verilməsi ekspertin dəyil, məhkəmənin səlahiyyətinə aiddir. İşdən görünür ki, cavabdeh iddiaya etirazında bu halı qeyd etsə də, dəyəri tələb edilən işlərin bir hissəsinin digər şirkət tərəfindən görüldüyünə dair birinci instansiya məhkəməsinə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh tərəfindən apellyasiya instansiyası mərhələsində təqdim edilmiş, "xxxx" MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli podrat müqaviləsi və müqaviləyə əlavə edilmiş smeta cavabdehin iradəsindən asılı olmayaraq birinci instansiya məhkəməsinə təqdim edildiyi əsaslandırılmadığından MPM-nin 372.2-ci maddəsinə əsasən sübut kimi qəbul kimi qəbul edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hətta təqdim edilmiş yeni sübutlar məhkəmə tərəfindən qəbul edilsəydi belə, müqavilənin icrasını təsdiq edən Forma 2 aktları, ödəniş sənədləri olmadan həmin müqavilənin sonradan əvvəlki tarixlə tərtib edilmə ehtimalı nəzərə alınarsa dəyəri tələb edilən işlərin bir hissəsinin digər podratçı tərəfindən icra edildiyi təsdiq edilə bilməzdi. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsinin apellyasiya instansiyası mərhələsində iş üzrə təkrar ekspertiza keçirilməsi barədə verdiyi vəsatət məhkəmə tərəfindən əsassız hesab edilərək təmin edilməmişdir.

22. Cavabdehin apellyasiya şikayətində qeyd edilir ki, iddiaçı tərəfindən təqdim olunmuş 2 nömrəli Forma arayışda “taxta ASK-dan qalıb” kimi qeyd olunan və ekspertiza rəyində məbləği 1.939,20 manat göstərilən materialın iddiaçıya məxsus material kimi qiymətləndirilərək dəyərinin cavabdehdən tutulması əsassızdır. Məhkəmə apellyasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə və smetaya əsasən cavabdeh iddiaçıya həm görülmüş işlərin, həm də istifadə edilmiş tikinti materiallarının dəyərini ödəməli idi. Həmin materialların podratçı tərəfindən əvəzli və ya əvəzsiz şəkildə əldə edilməsindən asılı olmayaraq (hazırkı halda iddiaçının nümayəndəsi izahatında müəyyən materialların əvvəlki podratçı "xxxx" ASC-dən dəyəri ödənilməklə əldə edildiyini bildirmişdir) sifarişçi faktiki istifadə edilmiş mal- materialların dəyərinin ödənilməsindən imtina edə bilməz. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə alır ki, ekspert rəyinin “Blok 3” də görülmüş elektrik işlərinə aid 44-cü bənddə liftlərə quraşdırılmış requlyatorların montajına sərf edilmiş 330 manat dəyərində kabelin də "xxxx"dan qaldığı qeyd edildiyi halda, cavabdeh özünün Forma 2 arayışında həmin kabelin dəyərinin ödənilməli olduğu ilə razılaşmışdır.

23. Məhkəmə ekspert rəyini və hər iki tərəfin təqdim etdiyi Forma2 aktlarını müqayisəli araşdıraraq müəyyən etmişdir ki, iddiaçı tərəfindən görülmüş müəyyən işlərin həcmi, o cümlədən cavabdehin özü tərəfindən təsdiq edilmiş aktlarla təhvil verilmiş müəyyən qurğu və avadanlıqların sayı, o cümlədən işlərin smeta üzrə razılaşdırılmış qiyməti cavabdehin tərtib etdiyi Forma 2 aktında azaldılaraq göstərildiyi üçün ödəniş qiymətində fərq yaranmışdır. Məsələn: işdəki xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli aktlara əsasən, iddiaçı tərəfindən cavabdehə hər birinin qiyməti 200 manat olan 6 ədəd su nasosu təhvil verildiyi halda, cavabdeh Forma 2 arayışında cəmi 1 ədəd su nasosu, hər birinin dəyəri 1850 manat olan 3 ədəd drenaj nasosu təhvil verildiyi halda cavabdeh 2 ədəd drenaj nasosu göstərmişdir. Blok 1 üzrə damın izolyasiya işlərinin dəyəri 1 m2 üçün razılaşdırılmış smetada 65 manat nəzərdə tutulduğu halda cavabdeh Forma 2-də 1m2 üçün qiymət 27 manat göstərmişdir. Ekspert qiymətləri smeta üzrə göstərdiyindən məhkəmə ekspert rəyinin əsassız olduğuna dair cavabdehin mülahizələri ilə razılaşmır. Ekspert rəyinin 69-cu bəndində “Görülmüş elektrik işləri” əvəzinə “Görüləcək elektrik işləri” qeyd edilməsini isə məhkəmə texniki səhv kimi qəbul edir. Belə ki, cavabdehin birtərəfli təsdiq etdiyi Forma 2 arayışının 69-cu bəndində də iddiaçı tərəfindən elektrik işləri görüldüyü qeyd edilmiş, həmin işlərin həcmi fərqli göstərilmiş və bu işlərə görə 1300 manat ödəniş hesablanmışdır.

24. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayəti ilə bu hissədə razılaşır ki, iddiaçı trəfindən təqdim edilmiş Forma 2 arayışında və Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/41 saylı rəyində iddiaçı tərəfindən cavabdehə hər birinin dəyəri 95 manat olan 102 ədəd metal qapı dəsti təhvil verildiyi qeyd edildiyi halda, iş materiallarına əlavə edilmiş Cavabdeh MTK-nın möhürü ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, iddiaçı tərəfindən MTK-nın anbarına 90 ədəd mənzillər üçün metal qapı təhvil verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehə 90 ədəd qapıdan artıq qapının təhvil verilməsi barədə iddiaçı tərəfindən sübut təqdim edilmədiyindən iddiaçının tələbi 12 ədəd qapıya görə cavabdehdən 1345,20 manat (12x95=1140 manat+205,20 manat ƏDV=1345,20) pulun tutulması hissəsində əsassız olmuşdir. Bu məbləğ təmin edilmiş məbləğdən çıxılaraq iddia tələbinin podrat müqaviləsi üzrə ƏDV daxil 93.351,32 manat qalıq borcun tutulması hissəsində əsaslı olduğu müəyyən olunur.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təxminən 85% əsaslı hesab edildiyindən 400 manat məhkəmə xərcinin 340 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. O cümlədən ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 25 manatı İddiaçı MMC-dən, 85 manatı Cavabdeh MTK-dan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır.

26. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 187/2023 qətnaməsi dəyişdirilərək Cavabdeh MTK-dan İddiaçı MMC-nin xeyrinə 93.351,32 manat pul tutulmalı, məhkəmə xərclərinin 85 faizi cavabdehdən tutulmalıdır.

27. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh MTK-nın apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-187/2023 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh MTK-dan İddiaçı MMC-nin xeyrinə xx.xx.2021-ci il tarixli P-01\21 nömrəli ƏDV daxil 93.351,32 manat pul tutulsun. Cavabdeh MTK-dan İddiaçı MMC-nin xeyrinə 340 manat ödənilmiş məhkəmə xərcinə görə pul tutulsun. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 25 manatı İddiaçı MMC-dən, 85 manatı Cavabdeh MTK-dan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar