Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-879/2024 06.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Hacıqabul Rayon İcra Hakimiyyətinin Cavabdeh MMC-yə qarşı kommersiya işi Açar söz: satınalma müqaviləsi üzrə cərimə (dəbbə pulu) tələbi Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı Hacıqabul Rayon İcra Hakimiyyətinin Cavabdeh MMC-yə qarşı satınalma müqaviləsi üzrə cərimə (dəbbə pulu) tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3059/2024 nömrəli qətnaməsindən iddiaçı Hacıqabul Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. Hacıqabul Rayon İcra Hakimiyyəti (sifarişçi) ilə Cavabdeh MMC (icraçı) arasında 22 sentyabr 2023-cü il tarixli 02 saylı mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 2.1-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, Sifarişçi “2023-cü ildə Hacıqabul şəhərində Abadlıq işləri”nin satın alınması üçün İcraçının 142.134,01 manat məbləğində tender təklifini qəbul etmişdir. - 2.2-ci bəndinə əsasən icraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Sifarişçiyə satın alınan “2023-cü ildə Hacıqabul şəhərində Abadlıq işləri”nin yerinə yetirilməsini öhdəsinə götürür. Yerinə yetirilmiş işlər İcraçının tender təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, İcraçı aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir. - 2.3-cü bəndinə əsasən Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların (işlərin və ya xidmətlərin) İcraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. - 2.4-cü bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, müqavilənin məbləği dəyişilməz qalır. - 5.1-ci bəndinə əsasən icraçı malların göndərilməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib malları (işləri və xidmətləri) Sifarişçiyə müəyyənləşdirilmiş qaydada təhvil verməlidir. - 5.3-cü bəndinə əsasən İcraçı müqavilənin icrası ilə bağlı müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş icazələrin, lisenziyaların və müvafiq razılaşmaların alınmasını təmin edir. - 13.1-ci bəndinə əsasən Müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) Sifarişçi tərəfindən tenderin əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, İcraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 30 bank günündən gec olmamaq şərti ilə aparılır. - 13.2-ci bəndinə əsasən Sifarişçi satın alınan işlərin yerinə yetirilməsi üçün icraçıya müqavilənin xüsusi şərtlərində göstərilən məbləğdə avans ödəyə bilər. Avansın alınması üçün İcraçı tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilmiş qaydada Sifarişçiyə avans ödənişinin təminatını təqdim edir. Avans ödənişi üçün verilən təminat avans qaytarılana qədər qüvvədə qalır, onun məbləği isə görülən işlərin müqabilində azaldılır. İcraçı avansı yalnız nəzərdə tutulmuş məqsəd üçün (avadanlıqların, qurğuların, materialların və onların səfərbər edilməsi xərclərinin ödənilməsinə) istifadə edə bilər. İcraçı avansın göstərilən məqsədlər üçün istifadə olunmasını müvafiq sənədlərlə əsaslandırmalı və müvafiq sənədlərin surətlərini Sifarişçiyə təqdim etməlidir. - 13.3-cü bəndinə əsasən sifarişçi müqavilənin icrasını təmin etmək məqsədi ilə hər ödənişdən müqavilənin xüsusi şərtlərində göstərilən məbləği tutur. Həmin vəsait müqavilənin icrası tam başa çatdırıldıqdan (texniki təminat müddəti daxil olmaqla) və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra (qüsurların aradan qaldırılmasını nəzərə almaqla) 30 bank günü müddətində İcraçıya ödənilir. - 13.4-cü bəndinə əsasən müqavilə İcraçı və ya Sifarişçi tərəfindən ləğv olunursa, tərəflər müqavilənin xüsusi şərtlərində göstərildiyi qaydada ödənişlərin (o cümlədən avans və digər ödənişlərin) məbləğini müəyyənləşdirən və müqavilənin icrasını təsdiq edən sənədlər tərtib edirlər. Tərtib olunmuş sənədlər əsasında müəyyən edilmiş fərq 15 bank günü müddətində ödənilir müqavilə sifarişçi və icraçı tərəfindən imzalandığı andan qüvvəyə minir. Tenderin əsas şərtlər toplusunda müqavilənin Sifarişçinin yuxarı idarəetmə orqanı tərəfindən təsdiq olunması nəzərdə tutulmuşdursa, müqavilə həmin orqanın təsdiqinədək qüvvəyə minmir. Yuxarı idarəetmə orqanı təqdim olunmuş satınalma müqaviləsini 5 bank günündən gec olmayaraq təsdiq edir. - 14.1-ci bəndinə əsasən icraçı tenderin əsas şərtlər toplusunda göstərilmiş müddət ərzində satınalma müqaviləsini imzalayır və müqavilənin yerinə yetirilməsi təminatını təqdim edir. İcraçının tələb olunan müddət ərzində satınalma müqaviləsini imzalamaması və ya müqavilənin yerinə yetirilməsi təminatını təqdim etməməsi onun öz öhdəliklərini icra edə bilməməsi kimi qiymətləndirilir. İcraçı müqavilə üzrə öhdəlikləri yerinə yetirə bilmədiyi halda Sifarişçiyə dəyən ziyanı müqavilənin yerinə yetirilməsi təminatından ödəməlidir. - 14.2-ci bəndinə əsasən müqavilə Sifarişçi və İcraçı tərəfindən imzalandığı andan qüvvəyə minir. Müqavilənin xüsusi şərtlərində Sifarişçinin yuxarı təşkilatı tərəfindən bağlanmış müqavilənin təsdiqlənməsi nəzərdə tutulubsa, müqavilə təsdiq olunan andan qüvvəyə minir. - 14.3-cü bəndinə əsasən müqavilənin icrası müqavilənin xüsusi şərtlərində göstərilmiş müddət ərzində və Sifarişçi tərəfindən təsdiq olunmuş qrafiklər əsasında aparılır. Qrafiklər yalnız tərəflərin yazılı razılığı əsasında dəyişilə bilər. Bu hallarda İcraçının müqavilə üzrə öhdəlikləri və müqavilənin icra müddəti dəyişilmir. - 20.1-ci bəndinə əsasən icraçı müqaviləni (və ya onun hər hansı hissəsini) tenderin əsas şərtlər toplusunda müəyyən olunmuş qaydada və müddət ərzində yerinə yetirmədikdə (gecikdirdikdə), Sifarişçi digər hüquqlara ziyan vurmadan müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş cərimə sanksiyaları (qarşısıalınmaz qüvvənin təsiri istisna olmaqla) tətbiq edir. Cərimələrin məbləğinin yuxarı həddi müqavilənin xüsusi şərtlərində göstərilir və bu məbləğ müqavilənin qiymətinin 10 faizindən çox olmamalıdır. Cərimələrin məbləği müəyyənləşdirilmiş maksimum həddə çatdıqdan sonra Sifarişçi müqaviləni ləğv edə bilər. - 20.2-ci bəndinə əsasən sifarişçi müqavilədə müəyyən olunmuş müddət ərzində və müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada ödəmələri aparmasa, icraçı müqavilənin xüsusi şərtlərində müəyyən edilmiş məbləğdə cərimə sanksiyaları tətbiq edə bilər. - 24.1-ci bəndinə əsasən müqavilə şərtlərinin pozulmasına görə müqavilənin ləğv edilməsi Müqavilə şərtlərinin əsaslı pozulmasına yol verilərsə, Sifarişçi və ya İcraçı qarşı tərəfə 30 gün əvvəl yazılı xəbərdarlıq etmək şərti ilə müqaviləni bütövlükdə və ya qismən ləğv edə bilər. Aşağıdakı pozuntular əsaslı sayılır: İcraçının müqavilədə nəzərdə tutulmadığı hallarda və ya Sifarişçi ilə razılaşmadan 15 gündən artıq müddətə işləri dayandırması; Sifarişçinin verdiyi təlimat əsasında işlər 15 gündən artıq müddətə dayandırıldıqda, İcraçı ilə işlərin dayandırılması ilə əlaqədar gecikdirmələrin xərclərinin ödənilməsi üçün razılığın əldə edilməməsi; Sifarişçi və ya İcraçının iflasa uğraması və ya ləğv olunması (müəssisə və təşkilatların yenidənqurulması halları istisna edilməklə); Sifarişçinin müqavilənin pozulmasına səbəb ola biləcək qüsurlar haqqında yazılı bildirişinə baxmayaraq, İcraçının təqdim edilmiş sənəd əsasında 30 gün müddətində tədbir görməməsi; müqavilənin xüsusi şərtlərində göstərilən qaydada vurulmuş ziyanların maksimum həddi aşması; tərəflərin tətbiq etdikləri cərimə məbləğinin yuxarı həddi aşması; tərəflərin müqavilədə nəzərdə tutulmuş digər öhdəliklərinin yerinə yetirməməsi. Müqavilə ləğv olunarsa, İcraçı 15 gün müddətində müqavilənin icrasını dayandırır və müqavilənin icrası nəticəsində əldə edilmiş malların (işlərin və xidmətlərin) qorunması üçün təxirəsalınmaz tədbirləri görərək, onları Sifarişçiyə təhvil verir. - 24.2-ci bəndinə əsasən ödəmə qabiliyyəti olmaması səbəbindən müqavilənin ləğv edilməsi Sifarişçinin və ya İcraçının ödəmə qabiliyyəti olmadıqda qarşı tərəf yazılı bildiriş göndərərək müqaviləni ləğv edə bilər. İcraçı iflasa uğradıqda, onun hüquqi varisi varislik hüquqları aldıqdan 10 gün müddətində Sifarişçiyə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək haqqında yazılı müraciət edərsə, iflasa uğramış İcraçının varisi ilə müqavilənin şərtləri əsasında satınalma müqaviləsinin başa çatdırılması barədə yeni müqavilə bağlana bilər. Əks halda, iflasa uğramış İcraçının müqavilə üzrə yerinə yetirilmiş öhdəlikləri və ya ödənilmiş vəsaitləri Sifarişçinin ixtiyarına keçir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
2. 22 sentyabr 2023-cü il tarixli 02 saylı müqaviləyə 1 nömrəli əlavə olan qiymətlərin razılaşma protokoluna əsasən tərəflər sözügedən müqavilə üzrə malların, iş və xidmətlərin (adı, ölçüsü, miqdarı, qiyməti daxil) (o cümlədən elektrik kabellərinin çəkilməsi, elektrik sayğaclarının quraşdırılması və s.) dəyərinin ƏDV daxil 142.134,01 manat olması barədə razılaşmışlar. Qiymətlərin razılaşma protokolu hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
3. Hacıqabul Rayon İcra Hakimiyyəti (sifarişçi) ilə Cavabdeh MMC (icraçı) arasında bağlanmış 22 sentyabr 2023-cü il tarixli 02 saylı mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin xüsusi şərtlərinə (MXŞ) görə: 16-19. Müqavilə üzrə ödəmələr (13-cü maddə) - Müqavilə üzrə ödəmələr Sifarişçi tərəfindən İcraçının təqdim etdiyi ödəniş sertifikatları əsasında aparılır. - Ödəniş sertifikatına aşağıdakı məlumatlar daxil edilir: - Satınalma müqaviləsinin 13.1-ci maddəsində qeyd olunan təhvil təslim aktı ilə Sifarişçi tərəfindən qəbul edilmiş işlərin həcmi və qiyməti; - İşlərin həcmində göstərilən digər xərclər, məsələn avans, zəmanət, tutulan məbləğlər və s.; - Yerinə yetirilmiş işlər satınalma müqaviləsinin 13.1-ci maddəsində qeyd olunan təhvil-təslim aktı ilə Sifarişçi tərəfindən qəbul edildikdən sonra ödəniş sertifikatları yuxarıda qeyd olunan qaydada tərtib olunur, imzalanır və Sifarişçiyə təqdim edilir. - Ödəniş sertifikatlarının bütün nüsxələri təqdim edildikdən sonra Sifarişçi tərəfindən təsdiq olunur, bir nüsxəsi Sifarişçidə saxlanılır, qalan nüsxələri digər tərəflərə qaytarılır, Ödəniş sertifikatı əsasında müvafiq hesab-fakturalar (ƏDV hesab-fakturaları da daxil olmaqla) birbaşa Sifarişçiyə təqdim edilir. Ödəniş İcraçı tərəfindən təqdim olunmuş hesabfaktura əsasında ən qısa müddət ərzində, lakin 30 bank günündən gec olmamaq şərti ilə Sifarişçi tərəfindən həyata keçirilir. Satınalma müqaviləsi üzrə ödəniləcək avans məbləği: müqavilədə avans verilməsi nəzərdə tutulmayıb. Avans təminatı: nəzərdə tutulmayıb. Avans təminatının qüvvədə olma müddəti: nəzərdə tutulmayıb. Müqavilənin icrasını təmin etmək məqsədi ilə hər ödənişdən tutulmalar: avans verilmədiyi üçün əlavə tutulmalar nəzərdə tutulmur. Ləğv etmədən sonra ödənişin aparılma qaydası: Bu qaydaların yerinə yetirilməsi üçün 13.1-ci maddənin müddəaları tətbiq olunur.
4. Müqavilənin icrası (14-cü maddə) Müqavilənin yerinə yetirilməsi təminatı: 0 % Müqavilənin qüvvədə olma müddəti: müqavilənin icra müddəti bitdikdən sonra 3 ay Satınalma müqaviləsinin qüvvəyə minməsi üçün onun Sifarişçinin yuxarı təşkilatı tərəfindən təsdiq olunması: Tətbiq edilmir Müqavilənin icra müddəti: xx.xx.2023 xx.xx.2023 İcraçı müqavilənin icrasını özünün təqdim etdiyi və Sifarişçinin müqavilə ilə birlikdə təsdiq etdiyi Proqrama uyğun aparmalıdır. Həmin Proqramda dəyişikliklər Sifarişçinin razılığı ilə aparıla bilər. İcraçı satınalma müqaviləsinin icrasını “tələb olunan icra müddətinə” başa çatdırmalıdır. Tərəflər razılaşır ki, əks təqdirdə Sifarişçi, Müqavilə üzrə icraçıya aid olan təminatları qeyri-şərtsiz olaraq icraya yönəldə bilər. Sifarişçi kifayət qədər əsaslı olan İcraçının xahişi ilə (əgər obyektiv səbəblərdən işləri vaxtında yerinə yetirə bilməyibsə) müqavilənin müddətini dəyişdirə bilər. Sifarişçinin razılığı olmadan müqavilənin icra müddəti dəyişdirilə bilməz, əks halda icraçı müqavilədə göstərilmiş qaydada məsuliyyət daşıyır. Əgər icraçıdan asılı olmayan səbəblərdən işlərin “Müqavilənin icra müddəti”ndə başa çatdırılması mümkün olmazsa və bu zaman işlərin tələb olunan müddətdə başa çatdırılması üçün icraçının bununla əlaqədar əlavə xərcləri olarsa, Sifarişçi “Müqavilənin icra müddəti’’ni uzadır. Müqavilənin Xüsusi şərtləri (MXŞ) hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
5. Natamam podrat işləri barədə xx.xx.2024-cü il tarixli akta əsasən müəyyən edilir ki, Cavabdeh MMC ilə Hacıqabul Rayon İcra Hakimiyyəti arasında bağlanmış 142.134,01 manat məbləğində podrat işlərinə dair 22 sentyabr 2023-cü il tarixli 02 nömrəli satınalma müqaviləsi üzrə işlərin qəbulu aktı (forma 2 və forma 3) üzrə ümumi yerinə yetirilən iş 91.947,54 manat dəyərində olmuş, müqavilə üzrə işlərin 64,69%-i yerinə yetirilmiş, tenderin yekun protokolunda nəzərdə tutulan işləri 10 gün ərzində başa çatdırmağı öhdəsinə götürən MMC natamam gördüyü işləri 100 günə həyata keçirmişdir. Akt Hacıqabul Rayon İcra Hakimiyyətinin səlahiyyətli şəxsləri imza edilməklə möhürü ilə təsdiq edilmişdir.
6. Cəmi ƏDV daxil 15.989 manat dəyərində malların (əymə, kabel və s.) yola salınmasına dair müvafiq olaraq "xxxx" MMC və fiziki şəxs X4 tərəfindən xx.xx.2023xx.xx.2023-cü il tarixli elektron qaimələr tərtib edilərək Cavabdeh MMC-yə göndərilmişdir.
7. Cəmi ƏDV daxil 11.800 manat dəyərində görülmüş işlərə (asfaltın vurulması) dair "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli EBDU seriyalı 913845 nömrəli elektron qaimə tərtib edilərək Cavabdeh MMC-yə göndərilmişdir.
8. Hacıqabul Rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli pretenziya məktubu göndərərək, qeyd etmişdir ki, “X2" MMC “2023-cü ildə Hacıqabul şəhərində Abadlıq işləri” üzrə keçirilən açıq e-tenderin qalibi seçilmiş və onlarla 22 sentyabr 2023-cü il tarixli 02 nömrəli satınalma müqaviləsi bağlanmışdır. Avans tələb etməyəcəkləri və işləri 10 gün ərzində başa çatdırmaları ilə bağlı öhdəlik götürdükləri üçün tenderin əsas şərtlər toplusunun tələbinə görə hər şərt üzrə 20 bal qazanmışlar və tenderin qalibi seçilmişlər. İşlərin yerinə yetirilməsi zamanı götürdükləri öhdəliklərə əməl etməmiş, 10 gün ərzində görməli olduqları iş həcminin 64,69%-ni 100 gün ərzində başa vurmuşlar, tender predmeti üzrə nəzərdə tutulan iş həcmlərinin 35,31 %-i yerinə yetirilməmişdir. Qeyd olunanlarla bağlı portal vasitəsilə onlara xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə xəbərdarlıq edilmişdir. Lakin xəbərdarlığa məhəl qoymamışlar və nəticədə 2023-cü ildə Hacıqabul şəhərində Abadlıq işləri üçün nəzərdə tutulmuş satınalma planı pozulmuş, 168 nöqtədə işıqlandırma həyata keçirilməmiş və bu da həmin küçələrdə yaşayan insanların böyük etirazına səbəb olmuşdur. Satınalma müqaviləsinin 20-ci maddəsinin tələbinə görə müqavilə öhdəliklərini vaxtında və tam icra etmədikləri üçün müqavilə məbləğinin 10%-i (142.134,01x10%=14.213,40 manat) həcmində cərimə hesablanmışdır, 14.213,40 cərimə məbləğini 14 iş günü ərzində Hacıqabul Rayon İcra Hakimiyyətinin bank hesabına ödəməyi tələb etmişlər, onlara bildiriş çatdıqdan 10 gün müddətədək öhdəliklərini yerinə yetirərək bütün borclarını ödəməyi tövsiyə edirlər, əks təqdirdə bununla bağlı zəruri sənədlər hazırlanıb məhkəməyə təqdim olunacaqdır.
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Hacıqabul Rayon İcra Hakimiyyəti Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "X2" MMC-dən 22 sentyabr 2023-cü il tarixli 02 nömrəli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin 20-ci maddəsinin tələbinə görə müqavilə öhdəliklərini vaxtında və tam icra etmədiyi üçün müqavilə məbləğinin 10%-i (142.134,01x10%=14.213,40 manat) həcmində hesablanmış 14.213,40 cərimə məbləğinin alınaraq iddiaçı Hacıqabul Rayon İcra Hakimiyyətinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ”2023-cü ildə Hacıqabul şəhərində Abadlıq işləri” üzrə keçirilən açıq e-tenderin qalibi seçilmiş cavabdeh "X2" MMC ilə Hacıqabul Rayon İcra Hakimiyyəti arasında 22 sentyabr 2023-cü il tarixli 02 nömrəli Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi bağlanmışdır. Lakin cavabdeh 10 gün ərzində görməli olduğu iş həcminin 64,69%-ni 100 gün ərzində başa vurmuş, tender predmeti üzrə nəzərdə tutulan iş həcmlərinin isə 35,31%-i yerinə yetirməmişdir. Qeyd olunanlarla bağlı portal vasitəsilə xx.xx.2023-cü il vǝ xx.xx.2023-cü il tarixlərdə xəbərdarlıq edilmişdir. Lakin cavabdeh xəbərdarlığa məhəl qoymamış və nəticədə 2023-cü ildə Hacıqabul şəhərində abadlıq işləri üçün nəzərdə tutulmuş satınalma planı pozulmuş, 168 nöqtədə işıqlandırma həyata keçirilməmiş və bu da həmin küçələrdə yaşayan insanların böyük etirazına səbəb olmuşdur. 22 sentyabr 2023-cü il tarixli 02 nömrəli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin 20-ci maddəsinin tələbinə görə müqavilə öhdəliklərini vaxtında və tam icra etmədiyi üçün cavabdehə tərəflərindən müqavilə məbləğinin 10%-i (142.134,01x10%=14.213,40 manat) həcmində cərimə hesablanmışdır. 14.213,40 cərimə məbləğinin 14 iş günü ərzində Hacıqabul rayon İcra Hakimiyyətinin bank hesabına ödəməsi tələb edilən 29 fevral 2024-cü il tarixli 5-48/2-Vİİİ14-130/2024 nömrəli pretenziyadan bir aydan çox müddət keçməsinə baxmayaraq yenə də cavabdeh tərəfindən heç bir əməli tədbir görülməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətindədirlər.
11. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 387 və 388-ci maddələrinə istinad etmişdir.
12. Cavabdeh MMC məhkəməyə məktub ünvanlayaraq bildirmişdir ki, Hacıqabul Rayon İcra Hakimiyyəti ilə xx.xx.2023-cü ildə müqavilə imzalanmış, işin gedişatı ərzində müəyyən maneələr olsa da, işləri tam və keyfiyyətlə yerinə yetirmişlər. Nəzərdə tutulmuş işləri yerinə yetirdikdən sonra işıqlandırma sistemində müəyyən maneələrlə üzləşmişlər, işıqlandırma sisteminin quraşdırılması üçün hər bir ləvazimat və avadanlıqlar hazır idi, sifarişçi tərəfindən küçələrdə olan işlərin yerinə yetirməmək üçün müxtəlif bəhanələr gətirərək günlərlə işçilərini küçələrdə saxlayaraq əymələrin başqa küçələrə vurulmasını istəmişlər və 8 ədədini onlar planda olmayan küçələrə yerləşdirmişlər, qalan əymələrə yer təyin etmədiklərinə görə mallar onların anbarında qalmışdır. Bu haqda onlar icra hakimiyyətinin böyük məsləhətçisinə (X3) şifahi olaraq müraciət etsələr də, o, həmin küçələrdə işıq əymələrinə ehtiyac olmadığını bildirmişdir. xx.xx.2023-cü il tarixində "xxxx" MMC-dən aldıqları 160 ədəd əymə və işıqlandırma sistemi, fiziki şəxs olan X1 aldıqları 2000 metr cif kabel, Hacıqabulda icarəyə götürdükləri anbarlarında qalmışdır. Anbarda qalan ləvazimatları təsdiq edən sənədləri məhkəməyə təqdim edirlər (e-qaimlər əlavə olunub). Hacıqabul Rayon İcra Hakimiyyəti işləri yerinə yetirmək üçün aldıqları malmaterialı anbarda saxladıqlarına görə müəssisələrinə 22.000 manat ziyan dəymişdir.
13. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3059/2024 nömrəli qətnaməsi ilə (hakim Leyla Əliyeva) iddianın rədd edilməsi qət edilmişdir.
14. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Hacıqabul rayon İcra Hakimiyyəti (sifarişçi) ilə Cavabdeh MMC (icraçı) arasında 22 sentyabr 2023-cü il tarixli 02 saylı mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə görülməsi nəzərdə tutulan işlərin yalnız bir hissəsi Cavabdeh MMC tərəfindən icra edilmiş, bununla da cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər pozulmuşdur.
15. Məhkəmə qeyd etmişdir ki, müqavilənin xüsusi şərtlərində isə icraçı tərəfindən müqavilə öhdəliklərinin lazımi qaydada icra edilməməsinə görə tutulmalı olan dəbbə pulunun (cərimənin, penyanın) məbləği, hesablama qaydasını müəyyən edən şərtlər, eləcə də ümumiyyətlə dəbbə pulunun tutulması olması barədə şərt yer almamışdır.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətlərinin dəlilləri
16. İddiaçı Hacıqabul Rayon İcra Hakimiyyəti qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3059/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onların bütün rəsmi məktublarına (pritenziya və bildirişlərinə) rəğmən cavabdehin yalnız Hacıqabul Rayon İcra Hakimiyyətinin məsləhətçisinə vəziyyəti şifahi bildirmələri absurtdur. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 38.12-ci maddəsinə əsasən satınalma müqaviləsində tərəflərin götürdükləri öhdəliklərin icra edilməməsi və ya natamam icra edilməsi üçün qanuna əsasən məsuliyyət tədbirləri, dəbbə pulu, təminatlar, mübahisələrin həlli qaydası, satınalma müqaviləsinin icra müddətinin başlanması və ya bitməsi müddətinin dəyişdirilməsinə əsas verən hallar və bunun şərtləri, habelə tətbiq edildikdə sığortalanma şərtləri göstərilməlidir. Məhkəmə mübahisələndirdikləri qətnamənin 27-ci bəndində cavabdehlə aralarında bağlanmış müqaviləni “mübahisəli” müqavilə adlandırmışdır. Halbuki, müqavilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 38.12–ci maddəsinin 38.12-ci maddəsinə əsasən tərtib edilmişdir. Məhkəmə bu məsələdə də qeyd edilən maddi hüquq normasını pozmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 417-ci maddəsi (Müqavilənin standart şərtləri anlayışı). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 417-ci maddəsinə əsaən (417.1) müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. (417.2) əgər tərəflər müqavilənin şərtlərini müfəssəl müəyyənləşdirmişlərsə, bunlar müqavilənin standart şərtləri sayılmır.(417.3) tərəflərin bilavasitə razılaşdırdıqları şərtlərə standart şərtlərə nisbətən üstünlük verilir. Cavabdeh "X2" MMC ilə Hacıqabul Rayon İcra Hakimiyyəti arasında 22 sentyabr 2023-cü il tarixli 02 nömrəli Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin 20.1-ci bəndinə əsasən icraçı müqaviləni (və ya onun hər hansı hissəsini) tenderin əsas şərtlər toplusunda müəyyən olunmuş qaydada və müddət ərzində yerinə yetirmədikdə (gecikdirdikdə), Sifarişçi digər hüquqlara ziyan vurmadan müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş cərimə sanksiyaları (qarşısıalınmaz qüvvənin təsiri istisna olmaqla) tətbiq edir. Cərimələrin məbləğinin yuxarı həddi müqavilənin xüsusi şərtlərində göstərilir və bu məbləğ müqavilənin qiymətinin 10 faizindən çox olmamalıdır. Cərimələrin məbləği müəyyənləşdirilmiş maksimum həddə çatdıqdan sonra Sifarişçi müqaviləni ləğv edə bilər. Göründüyü kimi müqavilədə müfəssəl olaraq cərimənin məbləğinin müqavilənin qiymətinin 10 faizindən çox olmaması tərəflər arasında bilavasitə razılaşdırılmışdır. tərəflərin bilavasitə razılaşdırdıqları şərtlərə üstünlük verildiyi üçün satandart müqavilələrdə nəzərdə tutulmuş cərimə (dəbbə) məbləğinə münasibətdə də bilavasitə cavabdehlə razılaşdığımız məbləğ əsas götürülməlidir. Lakin məhkəmə mübahisələndirdiyimiz qətnamədə hazırda əsaslandığımız maddi hüquq normasını pozmuşdur. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.5-ci maddəsinə əsasən satınalma müqaviləsi üzrə ödəmələr (o cümlədən avans ödənişi) satınalma müqaviləsində müəyyən olunmuş müddətdə ödənilmədikdə, gecikdirilmiş hər gün üçün satınalma müqaviləsində müəyyən olunmuş məbləğdə dəbbə pulu hesablanır. Mübahisələndirdikləri qətnamənin 28-ci bəndində məhkəmə qeyd etmişdir ki, “Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qanunda, eləcə də tərəflər arasında bağlanmış müqavilədə müqavilə öhdəliklərinin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu müəyyənləşdirilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulu tutulmasını tələb etməkdə haqlı deyil.” kimi qeyd etməklə maddi hüquq normasını pozmuşdur. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 386-cımaddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Mübahisələndirdiyimiz qətnamənin 27-ci bəndində məhkəmə qeyd etmişdir ki, “müqavilənin mətnində icraçı tərəfindən müqavilə öhdəliklərinin lazımi qaydada icra edilməməsinə görə xüsusi şərtlərlə müəyyənlədiirilmiş cərimə sanksiyaların tətbiq edilməsi nəzərdə tutulduğu halda xüsusi şərtlərlə həmin sanksiyaların mühüm şərtlərinin müəyyən edilməməsi, belə olan halda müqavilənin ümumi və xüsusi şərtlərinin arasında uyğunsuzluqların olması məsələsinə münasibətsə isə məhkəmə onu qeyd edir ki, mübahisəli müqavilənin cərimə sanksiyalarının tətbiqini nəzərdə tutan 20-ci bəndi AR Nazirlər Kabinetinin 28 fevral 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi”nə uyğun tərtib edilməklə müqavilənin standart şərti təşkil edir. Mülki Məcəllənin 417.3-cü maddəsinin tələblərinə əsasən isə tərəflərin bilavasitə razılaşdırdıqları şərtlər (müqavilənin xüsusi şərtləri) standart şərtlərə nisbətən üstünlüyə malikdir”. Göründüyü kimi birinci instansiya məhkəməsi qanuni səhv təfsir etmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
19. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
20. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 405.1-ci maddəsinə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 462.3-cü maddəsinin müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 417.1-ci maddəsinə görə müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. 417.3-cü maddəsinə görə tərəflərin bilavasitə razılaşdırdıqları şərtlərə standart şərtlərə nisbətən üstünlük verilir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə iddiaçı Hacıqabul Rayon İcra Hakimiyyəti tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
22. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3059/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Hacıqabul rayon İcra Hakimiyyəti (sifarişçi) ilə Cavabdeh MMC (icraçı) arasında 22 sentyabr 2023-cü il tarixli 02 saylı mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə görülməsi nəzərdə tutulan işlərin yalnız bir hissəsi Cavabdeh MMC tərəfindən icra edilmiş, bununla da cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər pozulmuşdur.
24. İddiaçı Hacıqabul rayon İcra Hakimiyyəti müqavilə öhdəliklərini vaxtında və tam icra etmədiyi üçün müqavilə məbləğinin 10%-i həcmində hesablanmış 14.213,40 dəbbə pulunun cavabdehdən tutulmasını tələb etmişdir.
25. Məhkəmə ilk növbədə qeyd edir ki, Mülki Məcəllənin 462.1-ci maddəsinin məzmunundan da göründüyü kimi dəbbə pulu (cərimə, penya) öhdəliyin icra edilməməsinə və ya lazımınca icra edilməsinə görə tətbiq edilən maliyyə sanksiyası olmaqla yalnız qanunda və ya müqavilədə müəyyənləşdirildiyi halda tətbiq edilir.
26. Hazırkı halda cavabdehin mübahisəli müqavilə üzrə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödəmək öhdəliyi qanunda nəzərdə tutulmamışdır.
27. Tərəflər arasında bağlanmış müqaviləyə gəldikdə isə iş materiallarından görünür ki, iddiaçının istinad etdiyi həmin müqavilənin 20-ci bəndində icraçının müqaviləni (və ya onun hər hansı hissəsini) tenderin əsas şərtlər toplusunda müəyyən olunmuş qaydada və müddət ərzində yerinə yetirmədiyi halda müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş cərimə sanksiyalarının tətbiq edilməsi, cərimələrin məbləğinin yuxarı həddinin müqavilənin xüsusi şərtlərində göstərilməsi və bu məbləğin müqavilənin qiymətinin 10 faizindən çox olmaması göstərilmişdir.
28. Göründüyü kimi iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi həmin şərtdə icraçının müqavilə öhdəliklərinin lazımi qaydada icra etməməsinə görə ödəməli olduğu cərimə sanksiyaları birbaşa müəyyən edilməmiş, həmin sanksiyaların müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilməli olması qeyd edilməklə xüsusi şərtlərdə nəzərə tutulmalı olan sanksiyaların yuxarı həddi müəyyənləşdirilmişdir. Müqavilənin xüsusi şərtlərində isə icraçı tərəfindən müqavilə öhdəliklərinin lazımi qaydada icra edilməməsinə görə tutulmalı olan dəbbə pulunun (cərimənin, penyanın) məbləği, hesablama qaydasını müəyyən edən şərtlər, eləcə də ümumiyyətlə dəbbə pulunun tutulması olması barədə şərt yer almamışdır.
29. Belə olan halda məhkəmə tərəflərin dəbbə pulu barədə razılaşmanın mühüm şərtləri olan dəbbə pulunun miqdarı və hesablanması qaydası barədə razılığa gəlmədiklərini nəzərə alaraq belə qənaətə gəlir ki, tərəflər arasında dəbbə pulu barədə razılaşma bağlanmamışdır.
30. Müqavilənin mətnində icraçı tərəfindən müqavilə öhdəliklərinin lazımi qaydada icra edilməməsinə görə xüsusi şərtlərlə müəyyənlədirilmiş cərimə sanksiyaların tətbiq edilməsi nəzərdə tutulduğu halda xüsusi şərtlərlə həmin sanksiyaların mühüm şərtlərinin müəyyən edilməməsi, belə olan halda müqavilənin ümumi və xüsusi şərtlərinin arasında uyğunsuzluqların olması məsələsinə münasibətsə isə məhkəmə onu qeyd edir ki, müqavilənin cərimə sanksiyalarının tətbiqini nəzərdə tutan 20-ci bəndi AR Nazirlər Kabinetinin 28 fevral 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi”nə uyğun tərtib edilməklə müqavilənin standart şərti təşkil edir. Mülki Məcəllənin 417.3-cü maddəsinin tələblərinə əsasən isə tərəflərin bilavasitə razılaşdırdıqları şərtlər (müqavilənin xüsusi şərtləri) standart şərtlərə nisbətən üstünlüyə malikdir.
31. Beləliklə, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, qanunda, eləcə də tərəflər arasında bağlanmış müqavilədə müqavilə öhdəliklərinin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu müəyyənləşdirilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulu tutulmasını tələb etməkdə haqlı deyil.
32. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
33. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı Hacıqabul Rayon İcra Hakimiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3059/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.