Məhkəmə qərarları › İş №2-2(103)-881/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-881/2024

20.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-881/2024 20.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, hakimlər Əkbərov Mübariz Dosməmməd oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlu və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, e-2-2(113)-5191/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1612,32 manat pul vəsaitinin və 36,53 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 1648,85 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, e-2-2(113)-5191/2024 nömrəli qərardadı ilə baxılan iş üzrə iddia ərizəsinin qəbul edilməsindən imtina edilmişdir. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Bakı Kommersiya Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, e-2-2(113)-5191/2024 nömrəli qərardadı ilə şikayət təmin olunmamış və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. MPM-in 48-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 25.1 və 25.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. MPM-in 58.1-ci maddəsinə görə, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Həmin Məcəllənin 254.1.1-ci maddəsinə görə işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə məhkəmə iş üzrə icraatı dayandırır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh Dmitriyeviç vəfat etdiyindən işə məhkəmə qaydasında baxıla bilməz və iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Şikayətin dəlillərində qeyd olunmuşdur ki, iddiaçı cavabdehin ölümündən xəbərsiz olmuşdur. MPM-in tələbinə əsasən məhkəmə iddia ərizəsini icraata qəbul etməli və cavabdehim vərəsələrinin müəyyən olunması üçün iş üzrə icraatı dayandırmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, qeyd edir ki, tərəf olan şəxsin onun vərəsəsi ilə əvəz edilməsi prosessual qanunvericiliyin tələbləri baxımından işin icraatı zamanı tərəflərdən hər hansı biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) yol verilir. Hazırkı halda isə iddia ərizəsi ilə məhkəməyə müraciət olunan zaman cavabdeh artıq ölmüşdür. Göründüyü kimi, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət olunan zaman cavabdeh artıq öldüyündən birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmuşdur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassız olmaqla, qərardadın ləğvinə əsas ola bilməz. Bu səbəbdən də şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, e-2-2(113)-5191/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar