Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-887/2023 29.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı kommersiya işi Açar söz: borcun silinməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov İkram Sabir oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1751/2023 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə 03 sentybar 2015-ci il tarixli 1454-09- 15 nömrəli müqavilədən görünür ki, iddiaçıya məxsus müəssisəyə xx.xx.2014-cü il tarixdə “Elster G-250” markalı 75142244 nömrəli sayğac quraşdırılmışdır.
2. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2020-ci il tarixli ******* nömrəli aktdan görünür ki, “Elster G-250” markalı 75142244 nömrəli sayğaca baxış keçirilmiş, sayğacın elementinin bitmək üzrə olduğu qeyd edilmişdir. Akt müəssisənin nümayəndəsi tərəfindən də imzalanmışdır.
3. xx.xx.2023-cü il tarixə çap olunmuş **********00065 kodlu abonentin saldosundan görünür ki, saldonun 2020-ci ilin iyul ayından etibarən “elektron göstəricisi” sütunu 182424 ədədində sabit qalmış, lakin mexaniki göstərici 2020- ci ilin iyul ayında 107278, avqust ayında 108023, sentyabr ayında 108555, oktyabr ayında 109497, noyabr ayında 114321, dekabr ayında 107278, 2021-ci ilin yanvar ayında 193422 olmuş, sonrakı aylarda da artmaqda davam etmişdir. Həmçinin görünür ki, “elektron göstəricisi” sütununda qeyd olunan yuxarıda qeyd olunan sabit rəqəm yalnız 2022-ci ilin may ayından etibarən dəyişməyə başlamışdır. Həmçinin qaz sərfiyyatının məbləği 2020-ci ilin 7-ci ayı üçün 124,2 manat, 8-ci ayı üçün 217 manat, 9-cu ayı üçün 196,2 manat, 10-cu ayı üçün 245,2 manat, 11-ci ayı üçün 659,6 manat, 12-ci ayı üçün 12158,4 manat, 2021-ci ilin 1-ci ayı üçün 9399,8 manat, 2-ci ayı üçün 1257 manat, 3-cü ayı üçün 475,2 manat təşkil etmişdir. Bundan başqa görünür ki, “Qalıq və aktlar” sütununda 2020-ci il dekabr ayı üçün 3039,30 manat, 2021-ci ilin yanvar ayı üçün 2698,40 manat borc əks olunmuşdur.
4. İddiaçı MMM-nin məhkəməyə təqdim etdiyi qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktlarından görünür ki, 2020-ci il və 2021-ci il üçün üzləşdirmə aparılaraq bütün ayları üzrə sərfiyyat məbləğləri qeyd olunmuşdur.
5. Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2020-ci il tarixli ******* nömrəli aktdan görünür ki, hesablanmış qaz sərfinin məbləği 4440,8 manat göstərilmiş və “45594 * 1,487 = 67798 – 45594 = 22204” qaydasında hesablanmışdır.
6. Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2021-ci il tarixli ******* nömrəli aktdan görünür ki, hesablanmış qaz sərfinin məbləği 3779,60 manat göstərilmiş və “33507 * 1,564 = 52405 – 33507 = 18898” qaydasında hesablanmışdır.
7. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli və ******* nömrəli aktlardan görünür ki, “Elster G-250” markalı 75142244 nömrəli sayğacın elektron hissəsinin söndüyü qeyd edilmiş, sayğac qaz xəttindən çıxarılmış, müvəqqəti olaraq “Elster G-250” markalı 75019136 nömrəli sayğac quraşdırılmışdır.
8. Qeyri-əhali sayğacının yoxlanması haqqında 29/1640- 01254 nömrəli xx.xx.2022ci il tarixli aktdan görünür ki, “Elster G-250” markalı 75142244 nömrəli sayğac Cavabdeh İB-nin Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında yoxlanılmış, sayğacın daxilinin çirkli olduğu, korrektorun söndüyü, korrektorun sönməsi nəticəsində arxivlərin pozulduğu, mexaniki hissədən keçən 144546 m3 qaz həcminin elektron hissədə qeydə alınmadığı, impuls ötürücüsünün normal olduğu qeyd edilmiş, yoxlamanın nəticəsi kimi xətaların normaya uyğun olduğu, batareyanın tələb olunduğu göstərilmişdir
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 21558,2 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia ərizəsində iddianın faktiki əsası olaraq göstərilən hallarla bağlı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsində qeyd olunan təbii küləyin güclənməsi səbəbindən qəza baş verməsi, nəticədə boruların qırılması, təbii qazın günlərlə havaya buraxılması nəticəsində borcun yaranması barədə faktiki halların mövcud olmadığını bildirmiş və yazılı qaydada mövqeyini ifadə edərək göstərmişdir ki, sonradan onlara bəlli olmuşdur ki, silinməsi tələb olunan borc Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmışdır. Cavabeh tərəfin bildirdiyi hallar sayğacın sərfiyyatı elektron və mexaniki qaydada hesablaması, yəni sayğacın elektron hissəsi xarab olduğu üçün borcu mexaniki hissənin hesablaması, sayğacın elektron korrektorunun işləməməsi barədə İddiaçı MMMnə heç bir məlumat verilməmişdir. Qaz sayğacı xüsusi mühafizə zolağında cavabdehə aid paylayıcı stansiyada yerləşir. İddiaçı MMM-nin həmin əraziyə girməsi və yaxınlaşması mümkün deyildir. Qaz sayğacında nasazlıq baş verdiyi halda "xxxx"-nin məlumatı əsasında MMM onun təmiri ilə bağlı hər hansı bir tədbir görmüş olardı.
11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1751/2023 nömrəli qətnaməsi ilə (hakim Nərmin Əhmədova) iddia tələbi qismən təmin edilərək Cavabdeh tərəfindən İddiaçınə məxsus **********00065 nömrəli abonent koduna 30 dekabr 2020-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 3039 (üç min otuz doqquz) manat 60 (altmış) qəpik və 29 yanvar 2021-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 2698 (iki min altı yüz doxsan səkkiz) manat 40 (qırx) qəpik məbləğində borcun silinməsi qət edilmişdir.
12. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus müəssisəyə xx.xx.2014-cü il tarixdə “Elster G-250” markalı 75142244 nömrəli sayğac quraşdırılmış, xx.xx.2020-ci il tarixdə “Elster G-250” markalı 75142244 nömrəli sayğaca baxış keçirilmiş, ******* nömrəli akt tərtib olunaraq sayğacın elementinin bitmək üzrə olduğu qeyd edilmiş, 2020-ci ilin iyul ayından etibarən batareyanın tükənməsi ilə bağlı olaraq elektron göstərici sönmüşdür. Həmin tarixdən etibarən qaz sərfiyyatı sayğacın mexaniki hissəsinin göstəricilərinə (sərfiyyat məbləği) və həmin göstəricilərə əsasən müəyyən əmsal tətbiq edilməklə müvafiq aktlara əsasən (qalıq və aktlar) hesablanmışdır. Quraşdırılmış “Elster G-250” markalı 75142244 nömrəli sayğac xx.xx.2022-ci il tarixdə xətdən çıxarılaraq dövlət yoxlamasına aparılmış və sayğacda batareyanın bitməsi ilə bağlı korrektorun sönməsi istisna olmaqla hər hansı qüsur aşkar olunmamış, korrektorun sönməsi nəticəsində arxivlərin pozulduğu, mexaniki hissədən keçən 144546 m3 qaz həcminin elektron hissədə qeydə alınmadığı təsbit olunmuşdur. Həmçinin tərəflərin izahatı ilə müəyyən olunur ki, qaz sayğacı cavabdehə aid paylayıcı stansiyada yerləşmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, 2020-ci ilin dekabr, 2021-ci ilin yanvar aylarına olan silinməsi tələb olunan borc məbləğinin bir hissəsi sayğacın mexaniki göstəricisinə əsasən, bir hissəsi isə mexaniki hissənin göstəricisinə korreksiyaedici əmsal tətbiq edilib hesablanmaqla yaranmış borcdur. Sayğacın göstəricisinin abonent saldosuna daxil edilməsi və korreksiyaedici əmsal tətbiq edilməklə borcun hesablanması barədə aktların tərtib edilməsi hər ay sayğaca baxışla əlaqədar tərtib olunmuşdur və cavabdehin hərəkətləri sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı olmamışdır. 14.Məhkəmə qeyd etmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablamaq üçün hər ay qaz sayğacına baxış keçirməli və bu barədə hər ay istehlakçıya hesab təqdim etməli və ya göndərməlidir. Bu, Qaydaların tələbidir və cavabdehin hüququ olaraq müəyyən edilmişdir. Yəni, hazırki işdə cavabdehin bu qaydaya uyğun olaraq sayğaca baxış keçirməklə borc hesablamasının qanunvericiliyin sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı müddəalarına aidiyyatı yoxdur. Digər tərəfdən işin müəyyən olunan halına əsasən qaz sayğacı xüsusi mühafizə zolağında cavabdehə aid paylayıcı stansiyada yerləşmiş, qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektinin fəaliyyət göstərdiyi yerə gəlməmiş, yoxlama həyata keçirməmişdir.
15. Məhkəmə bildirmişdir ki, iddiaçı ona məxsus “Elster G-250” markalı 75142244 nömrəli sayğacın batareyasının tükənməsindən xəbərdar olmadıqlarını bildirsə də, xx.xx.2020-ci il tarixli ******* nömrəli aktla sayğac elementinin tükənmək üzrə olduğu göstərilmiş və həmin akt məhz iddiaçının nümayəndəsi tərəfindən imzalanmışdır. Digər tərəfdən 2020-ci ilin iyul ayından etibarən elektron göstəricinin söndüyü abonentin saldosundan görünmüşdür. Həmçinin iddiaçının məhkəməyə sübut kimi təqdim etdiyi Cavabdeh İB tərəfindən iddiaçıya təqdim olunan elektron qaimələrdən də görünür ki, əlavə qeydlər hissəsində aktlara əsasən borcun hesablandığı əks olunmuşdur. Belə olan halda iddiaçı öz vəsaiti ilə qaz sayğacını dəyişdirməməklə sayğacın işləkliyi ilə bağlı riskləri öz üzərinə götürmüşdür.
16. Məhkəmə iddiaçının hüquqi şəxsə məxsus zavodun və baş ofisin fərqli ünvanlarda yerləşməsi ilə bağlı müəyyən rabitəsizliyin baş verdiyi və bununla bağlı zəruri tədbirlər görülmədiyi barədə məhkəmə iclaslarında irəli sürdüyü arqumentlərini məhkəmə əsassız hesab etmişdir. Qeyd edilmişdir ki, hüquqi şəxs təşkilati vahidlik, mülki dövriyyədə öz adından çıxış etmək, əmlak müstəqilliyi və s. ilə xarakterizə olunan qurumdur və Mülki Məcəllənin 448.3-cü maddəsinə əsasən, borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır, onda bu və ya digər işçinin səhvlərinin iddiaçını müvafiq məsuliyyətdən azad etməsi mülki dövriyyənin sabitliyi və mülki dövriyyə iştirakçıları arasında qarşılıqlı etimad münasibətləri ilə uzlaşmır.
17. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya məxsus abonentin saldosundan görünür ki, istehlakçıya hesablanan qazın sərfi 2020-ci ilin dekabr ayı üçün 9118,3 manat sərfin məbləği və 3039,6 manat qalıq və aktlar olmaqla 12158,4 manat, 2021-ci ilin yanvar ayı üçün 6701,40 manat sərfin məbləği və 2698,40 manat qalıq və aktlar olmaqla 9399,8 manat müəyyən olunmuşdur. Həmçinin xx.xx.2020-ci il tarixli ******* nömrəli aktla hesablanmış qaz sərfinin məbləği 4440,8 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli aktla hesablanmış qaz sərfinin məbləği 3779,60 manat göstərilmişdir. Cavabdeh 2020-ci ilin dekabr ayı və 2021-ci ilin yanvar ayı üzrə abonentin saldosunun “qalıq və aktlar" hissəsində qeyd edilmiş məbləğlərin hansı əsasla hesablandığı, xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli aktlarla saldoda qeyd edilən məbləğlar arasındakı fərqin səbəblərini izah edə bilməmişdir. Həmçinin korreksiya əmsalı tətbiq edilməklə hesablanan məbləğin nə üçün abonent saldosunun “qalıq və aktlar" hissəsində qeydə alındığı da qeyri-müəyyən qalmışdır.
18. Məhkəmə həmçinin qeyd etmişdir ki, nə Qaydalarda, nə də “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununda istehlakçının təqsiri olmadan qaz sayğacının işləmədiyi dövr üçün müxtəlif korreksiya əmsalları tətbiq edilməklə sayğacın elektron göstəricisinin işləmədiyi halda qaz sərfinin məbləğinin müvafiq hesablanması nəzərdə tutulmuşdur. Cavabdehin nümayəndəsi isə xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli aktlarda qeyd olunan hesablamanın hansı normativ hüquqi akta istinad edərək həyata keçirildiyini əsaslandıra bilməmişdir.
19. Məhkəmə cavabdeh tərəfindən 2020-ci ilin dekabr ayı üzrə 9118,3 manat, 2021ci ilin yanvar ayı üzrə 6701,40 manat borcun da əsassız hesablanması ilə bağlı iddiaçının arqumentləri ilə razılaşmayaraq qeyd etmişdir ki, abonent saldosunun “sərfin məbləği” sütununda qeyd edilən borcun əsassız olaraq hesablamasını sübutetmə vəzifəsini iddiaçı daşıdığı halda bu barədə sübutlar təqdim edilməmişdir.
20. Məhkəmə son olaraq qeyd etmişdir ki, iddiaçıya məxsus müəssisədə quraşdırılmış “Elster G-250” markalı 75142244 nömrəli sayğac xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçının istifadəsində olmuş, 2021-ci ilin yanvar ayından sonra təqribən daha 1 il 4 ay sərfin həcmini hesablamaq üçün istifadə olunmuşdur. Bu isə onun göstərir ki, əksi sübut olunmayana qədər 9118,3 manat və 6701,40 manat istehlak olunmuş qazın dəyəridir. Belə ki, sayğacda baş vermiş hər hansı nasazlıq yalnız 2 ay davam edə bilməzdi. Lakin iddiaçı yalnız 2 ay üçün qaz sərfiyyatının dəyərini mübahisələndirir, həmin borcun əsassız olduğu isə iş materiallarındakı sübutlarla təsdiqlənmir. Beləliklə, iddiaçı mexaniki hissədə qeydə alınmış sərfiyyatın əsassız hesablanmasına dair tələbinin əsası kimi istinad etdiyi halların sübut edilməsi ilə bağlı vəzifəsini yerinə yetirməmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
21. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1751/2023 nömrəli qətnaməsinin iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1751/2023 nömrəli qətnaməsini təmin edilmiş hissədə ləğv edib, iddia tələbinin tam rədd olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir.
23. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktlarına əsasən Cavabdeh tərəfindən 2020-ciilin dekabr ayı üçün 12518,40 manat, 2021-ci ilin yanvar ayı üçün isə 9399,80 manat olmaqla, ümumilikdə 21558,20 manat borc hesablanmışdır. Borc müəssisənin adına hesablandığı üçün halhazırda müəssisəsin qazdan istifadəsinə qadağa qoyulmuşdur. Məsələ ilə əlaqədar Bakı Regional Qaz İstismar İdarəsinə müraciət edilmişdir. Həmin idarədən isə bildirilmişdir ki, qaz xətti abunəçilərin istifadəsində olduğundan mövcud olan hər hansı qüsura görə abunəçi məsuliyyət daşıyır. Lakin yaranmış borcun hansı səbəbdən digər aylara münasibətdə 2 ay üçün daha çox olması əsaslandırılmamış, və bugün qədər də bizə ətraflı məlumat verilməmişdir. Cavabdeh tərəfindən İddiaçı MMM-yə məxsus olan sayğaca işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə 3 ayda 1 dəfə baxış keçirilməli və nəticələri aktla rəsmiləşdirilərək, həmin aktın nüsxəsi bizə təqdim edilməlidir. Cavabdeh xx.xx.2020-ci il tarixli,9018938 nömrəli aktda sayğac elementinin tükənmək üzrə olduğunu göstərdiyini və həmin aktın bizim nümayəndəmiztərəfindən imzalandığını qeyd edərək və “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi özlərinin daşıdığını əsas gətirərək əsassız olaraq hesabladığı borc məbləğinə haqq qazandırmağa çalışmışdır. Lakin iş materiallarında olan **********00065 kodlu abonentin saldosundan da göründüyü kimi, saldonun elektron göstərici sütunu 2020-ci ilin iyul ayından etibarən sabit qalmışdır. Yəni qaz sərfiyyatı 2020-ci ilin iyul ayından etibarən mexaniki göstəricilər əsasında hesablanmağa başlamışdır. Belə olan halda, istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə digər qaz sayğaclarına 3 (üç) ayda 1 (bir) dəfə baxış keçirməli, nəticəsi aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməli olan cavabdeh sayğacın elektron korrektorunun sıradan çıxdığı barədə bizə məlumat verməmişdir. Elektron korrektor 2020ci ilin iyul ayından etibarən sıradan çıxsa da, 2020-ci ilin dekabr ayınadək qaz sərfiyyatının məbləği əvvəlki aylarda olan məbləğlərə yaxın olduğu, yəni şişirdilmiş məbləğdə olmadığı üçün biz iddiaçı sayğacda texniki problem olduğundan şübhələnməmişdir. Əks halda, yəni cavabdeh tərəfindən sayğacın elektron korrektorunun sıradan çıxdığı barədə məlumat verilsə idi, biz “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə tədbir görülərdi. Üstəlik, onu da qeyd etmək lazımdır ki, elektron korrektorun sıradan çıxdığı halda 2020-ci ilin avqust, sentyabr, oktyabr, noyabr aylarında qaz sərfiyyatının məbləğini düzgün hesablamış olan qaz sayğacının mexaniki göstəricisinin birdən-birə təbii qazdan yalnız müəssisədə çalışan işçilərə yemək hazırlamaq məqsədilə istifadə edən müəssisənin 2020-ci ilin dekabr, 2021-ci ilin yanvar ayı üçün qaz sərfiyyatının məbləğini bu qədər yüksək hesablaması absurddur. Qeyd olunan tarixlərdən sonra, yəni dekabr və yanvar aylarından sonra da qaz sayğacı əvvəlki kimi işləməyə başlamışdır. Əgər qaz sayğacında hər hansı bir texniki nasazlıq var idisə onda təmir işləri aparılmalı idi. Lakin belə bir təmir işləri də aparılmamışdır.
24. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, qaz sayğacına görə məsuliyyət bütövlükdə hüquqi şəxsin üzərinə qoyulmuşdur. Lakin birinci instansiya məhkəməsi normanı düzgün tədbiq etməmişdir. İş materiallarından da göründüyü kimi cavabdeh tərəf iddia tələbinə dair etirazı ilə bağlı kifayət qədər sübutlar təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş abonent saldosundan göründüyü kimi 2020-ci ilin dekabr və 2021-ci ilin yanvar aylarında iddiaçının istifadəsində olan qaz sayğacı sərf edilən qaz həcmini elektron hissədə qeyd etmədiyinə görə cavabdeh tərəfindən qaz sayğacının mexaniki göstəricilərinə əsasən təbii qazdan istifadəyə görə qazın dəyəri hesablanmışdır. Qətnamədən də göründüyü kimi iddiaçının, istifadəsində olan qaz sayğacının elektron korrektor hissəsinin nasaz olması barədə məlumatı olmuş lakin iddiaçı qanunla üzərinə qoyulmuş öhdəlikləri vaxtında icra etməmiş və nəticədə hesablanmış borcun cavabdeh tərəfindən qanunsuz hesablandığını iddia edərək silinməsini xahiş etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi bu halı müəyyən etsədə, hesab edirik ki düzgün hüquqi qiymət verməmişdir. İddiaçının istifadəsində olan qaz sayğacının elektron korrektoru işləmədiyinə görə sərf edilən qazın həcmi sayğacın mexaniki göstəricilərinə əsasən müəyyən olunaraq iddiaçının qaz hesabına işlənmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
25. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş, cavabdehin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
26. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir.
27. Tətbiq edilən hüquq
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu 11-ci maddəsinin 6-cı bəndi- qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 5.2-ci bənd (xx.xx.2023-cü il tarixədək qüvvə olmuş redaksiyada)- qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. 4.2-ci bənd- (29 aprel 2016-cı il tarixli redaksiyası) əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8-ci bənd- fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cü bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1.-ci maddə-hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
28. Qətnamə iddiaçı və cavabdeh tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
29. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1751/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
Cavabdehin apellyasiya şikayəti ilə bağlı məhkəmənin hüquqi mövqeyi
30. İşdən görünür ki, iddiaçı tərəfindən mübahisələndirilən borc 2020-ci ilin dekabr ayı üçün hesablanmış 12158,40 manat (9118,80 manat -sayğacın mexaniki hissəsində qeydə alınmış sərfiyyat+3039,60 manat akt əsasında) və 2021—ci ilin yanvar ayı üçün hesablanmış 9399,80 manat (6701,40 manat -sayğacın mexaniki hissəsində qeydə alınmış sərfiyyat+2698,40 manat akt əsasında) borc məbləğidir. İşin mübahisəsiz halıdır ki, abonent tərəfindən qaz sayğacına hər hansı müdaxilə edilməmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçıya məxsus obyektin qaz sayğacının mexaniki hissəsi düzgün işləmiş, lakin elektron hissə göstəricisinin düzgün işləmədiyi 2020-ci ilin iyul ayından 2022-ci ilin may ayınadək saldoda həmin göstəricidə hər hansı dəyişiklik olmadığından aydın görünür. Məhkəmə kollegiyası hesab edir ki, sayğacın elektron hissəsinin işləməməsi əsası ilə cavabdeh tərəfindən abonentə əlavə sərfiyyat hesablanması, bu hesablamanın mexanizmi və qaydası “Qaz təchizatı haqqında” Qanunda və “Qazdan istifadə Qaydaları”nda nəzərdə tutulmadığından aktlar əsasında 30 dekabr 2020-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 3039,60 manat və 29 yanvar 2021-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 2698,40 manat məbləğində borcun silinməsi hissəsində qətnamə qanuni və əsaslıdır.
İddiaçının apellyasiya şikayəti ilə bağlı məhkəmənin hüquqi mövqeyi
31. İddiaçı 2020-ci ilin dekabr ayı və 2021-ci ilin yanvar ayı üçün sayğacın mexaniki göstəricisi əsasında hesablanmış və abonent saldosunda öz əksini tapmış borcların silinməsi üçün nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə hər hansı əsas təqdim etməmişdir. Əksi sübut edilmədiyinə görə müəyyən olunur ki, 2020-ci ilin dekabr ayı üçün hesablanmış 9118,80 manat və 2021-ci ilin yanvar ayı üçün hesablanmış 6701,40 manat dəyərində sərfiyyat iddiaçının həmin aylarda istehlak etdiyi qazın dəyəridir.
32. İddiaçı 2020-ci ilin dekabr ayı və 2021-ci ilin yanvar aylarında qeydə alınmış qaz sərfinin digər aylardakı sərfiyyatın məbləğindən yüksək olduğunu göstərməklə həmin aylar üzrə borcun əsassız hesablandığını sübut etməyə çalışsa da, məhkəmə düzgün olaraq hesab etmişdir ki, işdə qeyd edilən aylarda iddiaçının qaz sayğacının mexaniki hissəsində hər hansı problem olduğuna, o cümlədən həmin aylarda abonent saldosunda əks olunmuş sərfiyyat məbləğinin faktiki qaz sərfiyyatının məbləğindən artıq olduğuna dair sübutlar olmadığından iddiaçının yalnız ehtimallara (izahata) əsaslanan bu tələbi təmin edilə bilməz. Göstərilənlərə əsasən iş üzrə qəbul edilmiş qətnamə iddianın rədd edildiyi hissədə də qanuni və əsaslı hesab edilir.
33. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 1751/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı MMC və Cavabdeh İB-nin apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1751/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.