Məhkəmə qərarları › İş №2-2(103)-897/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-897/2023

18.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-897/2023 18.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2619/2023 saylı, 22 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı “Şirvan LTD" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən aktlara əsasən 2012-ci ilin avqust ayında hesablanmış 6015 manat, 2013-cü ilin mart ayında hesablanmış 2780 manat, aprel ayında hesablanmış 11678 manat, 2019-cu ilin oktyabr ayında hesablanmış 18400 manat, 2020-ci ilin oktyabr ayında hesablanmış 4282 manat, 2021-ci ilin noyabr ayında hesablanmış 66645,48 manat, 2022ci ilin dekabr ayında hesablanmış 12640,10 manat, ümumilikdə 122400 manat borcun "xxxx" MMC-nin **********00000 nömrəli abunə hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-yə məxsus olan və Salyan rayonu ərazisində fəaliyyət göstərən kərpic zavodunda qanunlara uyğun qaz sayğacı quraşdırılıb, hər il müqavilə əsasında sayğacla qaz işlətmişlər və pulunu da ödəmişlər. Qaz hesabı **********00000 nömrəli olmuşdur. Cavabdeh tərəfindən 2021-ci ilin noyabr ayında kərpic zavoduna 66645 manat 48 qəpik, 2022-ci ilin dekabr ayında 12640 manat cərimə yazılıb. Cavabdehin Salyan Regional qaz idarəsi cərimələrin sayğacın işləmədiyinə görə yazıldığını bildirir. Onların qaz sayğacında heç bir problem olmayıb, həmişə normal işləyib. Sayğac zavoddan kənar ərazidə, istənilən zaman cavabdehin baxa biləcəyi şəraitdə quraşdırılıb. Cavabdehin işçiləri demək olar ki, hər gün, istədikləri vaxt sayğaca baxır, hər ay hesab-faktura verirlər. Həmin hesab fakturalarda sayğacın yazdığı qaz sərfiyyatı öz əksini tapır və həmin sərfiyyata əsasən ödəniş edirlər. Sayğac işləməsəydi cavabdehin işçiləri aşkar edər və bu barədə zavod rəhbərliyinə bildirərdilər. Yazılmış borclarla əlaqədar nümayəndələri tərəfindən araşdırma aparıldıqda cavabdeh tərəfindən həmin cərimələrdən əlavə hesaba 2012-ci ilin avqust ayında 6015 manat, 2013-cü ilin mart ayında 2780 manat, aprel ayında 11678 manat, 2019-cu ilin oktyabr ayında 18400 manat, 2020-ci ilin oktyabr ayında 4282 manat cərimələr yazılmasını müəyyən etmişlər. Onlar həmin cərimələrlə bağlı tam məlumatsız olmuşlar, cavabdeh həmin cərimələri onlara borc kimi göstərməklə ödənilməsinə nail olmuşdur. Qeyd etdikləri kimi zavodda qaz ancaq sayğacla işlədilib və pulu ödənilib. Cavabdeh İstehslat Birliyi tərəfindən zavoda ümumi olaraq 122440 manat qanunsuz borc yazılıb. Yazılmış cərimələr qanunsuzdur, həmin cərimələrlə razı deyillər, ondan imtina edirlər. Nümayəndə qanunsuz yazılmış cərimələrin silinməsi üçün dəfələrlə qaz idarəsinə müraciət etsədə heç bir nəticəsi olmayıb. Onlar mübahisənin mediasiya yolu ilə həll olunması üçün cavabdehə təklif göndərmişlər. Lakin təklifdə göstərilən müddətdə cavabdeh heç bir münasibət bildirmədiyi üçün Bakı 11 saylı Mediasiya Təşkilatına müraciət etmişlər. Bakı 11 saylı Mediasiya Təşkilatında keçirilən ilkin mediasiya sesiyasında cavabdehlə heç bir razılıq əldə olunmamışdır. Bakı 11 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli MŞB/11/2023-00293 nömrəli ilkin mediasiya sesiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. İlkin mediasiya sesiyasının xərci olaraq 400 manat xidmət haqqı tərəflərindən ödənilmişdir. Onlar əsassız yazılmış 122440 manat borcun silinməsi üçün xx.xx.2023-cü il tarixdə elektron pretenziya məktubu ilə cavabdehə müraciət etmişlər və 3 gün ərzində borcun silinməsini təklif etmişlər. Lakin pretenziya göndərilməsindən 25 gün keçsə də cavabdeh heç bir münasibət bildirməmiş, hərəkətsizlik göstərmişdir. Cavabdeh zavoda əsassız borclar yazmaqla bir istehlakçı kimi hüquqlarını pozmuşdur.

3. Cavabdeh iddia ərizəsinə etirazda göstərmişdir ki, 2012-ci ilin avqust ayında iddiaçıya məxsus müəssisədə istismarda olan qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və sayğacsız qazdan istifadəyə görə 6015,10 manat hesabat aparılaraq abonentin hesabına əlavə edilmişdir. 2013-cü ilin mart ayında iddiaçıya məxsus müəssisədə istismarda olan qaz sayğacının işləməməsi müəyyən edilmiş və sayğacın qeydə almadığı 2780,50 manat məbləğində qaz sərfi hesablanaraq abonentin hesabına əlavə edilmişdir. 2013-cü ilin aprel ayında iddiaçıya məxsus müəssisədə istismarda olan qaz sayğacının işləməməsi səbəbindən müəssisədə istismarda olan qaz cihazlarının sərfiyyatına uyğun hesabat aparılaraq 11678 manat məbləğində qaz sərfi hesablanaraq abonentin hesabına əlavə edilmişdir. xx.xx.2019-cu ildə iddiaçıya məxsus müəssisəyə baxış keçirilən zaman sayğacın işləmədiyi müəyyən edilmiş, xx.xx.2019-xx.xx.2019-cu il tarixlərə əvvəlki ayların orta günlük sərfiyyatına uyğun hesabat aparılmışdır. Gündəlik qaz sərfi 4000 m3 nəzərə alınmaqla 23 gün müddətində hesabat aparılmış və 92000 m3 qaz sərfi olması müəyyən edilmişdir. Bu barədə xx.xx.2019-cu il tarixli akt tərtib edilmiş və akt hər iki müəssisənin nümayəndələri tərəfindən imzalanmışdır. Qeyd olunan akta əsasən 18400 manat məbləğində qaz sərfi iddiaçının hesabına işlənmişdir. xx.xx.2020-ci ildə iddiaçıya məxsus müəssisəyə baxış keçirilən zaman sayğacın işləmədiyi müəyyən edilmiş, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərə əvvəlki ayların orta günlük sərfiyyatına uyğun hesabat aparılmışdır. Gündəlik qaz sərfi 6346 m3 nəzərə alınmaqla 3,5 gün müddətində hesabat aparılmış və 21413 m3 qaz sərfi olması müəyyən edilmişdir. Bu barədə xx.xx.2020-ci il tarixli akt tərtib edilmiş və akt hər iki müəssisənin nümayəndələri tərəfindən imzalanmışdır. Qeyd olunan akta əsasən 4282,60 manat məbləğində qaz sərfi iddiaçının hesabına işlənmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçıya məxsus kərpic zavodun qaz xətti üzərində quraşdırılmış G-400 markalı 80091142 nömrəli qaz sayğacı dövlət yoxlamasından keçirilməsi üçün cıxarılmışdır. G-400 markalı 80091142 nömrəli qaz sayğacına Cavabdeh İB-nin Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında baxış keçirilmiş və sayğacın daxilinin çirkli olması, impuls ötürücüsünün qulaqcığının qırıq olması, impuls ötürücüsünə vurulan nömrəli plombun siminin boş olması, asanlıqla impuls ötürücüsünün açılmasının mümkün olması, göstəricilər arasında fərq olması, sayğacın sökülməsi zamanı pərin arxa hissəsində cızıq izlərinin olması, xx.xx.2021-xx.xx.2021-ci il tarixləri əhatə edən saatlıq arxivə əsasən 266 m3 korreksiya olunmamış qaz sərfi olması, arxivə əsasən son sərfiyyatın xx.xx.2021-ci il tarixdə qeydə alınması, elektron göstəricinin mexaniki göstəricidən 174 m3 çox olması, saatlıq arxivə əsasən qaz sərfinin müntəzəm olaraq 09:00-18:00-dək qeydə alınması, kollektorun saatlıq arxivinə əsasən 1170 saat sərfiyyatın qeyd almaması barədə xx.xx.2021-ci il tarixli SS № 29/1640-02464 nömrəli rəy verilmişdir. Qeyd olunan rəyə əsasən xx.xx.2021-ci il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilmişdir. Tərtib edilmiş akta əsasən 302934 m3 (66645,48 manat dəyərində) qaz sərfi hesablanaraq iddiaçı müəssisənin hesabına əlavə olunmuşdur. xx.xx.2022-ci il tarixdə iddiaçıya məxsus kərpic zavodun qaz xətti üzərində quraşdırılmış G-400 markalı 80091142 nömrəli qaz sayğacı dövlət yoxlamasından keçirilən zaman sayğacın qaz sərfi xətasının normalara uyğun olmaması müəyyən edilmiş və bu barədə 52-005918 nömrəli “Təbii qazın uçotunun pozulması haqqında” akt tərtib edilmişdir. Tərtib edilmiş akta əsasən 57455 m3 (12640,10 manat dəyərində) qaz sərfi hesablanaraq iddiaçı müəssisənin hesabına əlavə olunmuşdur. İddiaçı iddia ərizəsində “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsaslanmışdır. Qeyd etdiyim kimi, sayğac işləmədiyi üçün 2012-ci ilin avqust ayında 6015,10 manat, 2013-cü ilin mart ayında 2780,50 manat, 2013-cü ilin aprel ayında 11678 manat, xx.xx.2019-cu il tarixdə 18400 manat, xx.xx.2020-ci ildə 4282,60 manat məbləğində qaz sərfi iddiaçının hesabına işlənmişdir. Qeyd olunan qaz sərfləri paylayıcının səhvindən deyil, iddiaçıya məxsus müəssisədə sayğacın işləməməsinə görə hesablanmış qaz sərfinin dəyəri olmuşdur. 2012-ci ilin avqust ayında ( 6015,10 manat,) 2013-cü ilin mart ayında (2780,50 manat,) 2013-cü ilin aprel ayında (11678 manat,) aparılmış hesabatlarla bağlı tərtib olunmuş sənədləri uzun müddət keçdiyi və dəyərləri iddiaçı tərəfindən ödənildiyi üçün sənədlər arxivə təhvil verilmişdir. Bu səbəbdəndə məhkəməyə təqdim etmək mümkün olmamışdır. xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli aktlar isə iddiaçının nümayəndəsi tərəfindən qəbul edilərək imzalanmışdır. xx.xx.2021-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akta əsasən hesablanmış 302934 m3 (66645,48 manat dəyərində) qaz sərfi və xx.xx.2022-ci il tarixli akta əsasən hesablanmış 57455 m3 (12640,10 manat dəyərində) qaz sərfi sayğacın elektron arxivinə əsasən hesablanmışdır ki, həmin arxivin oxunması xüsusi cihazla həyata keçirilir. Bu səbəbdəndə qeyd olunan qaz sərfləri xüsusi cihazla oxunaraq iddiaçının hesabına əlavə edilmişdir. İddiaçı iddia ərizəsində Cavabdeh İB tərəfindən yoxlama keçirilərkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələbləri kobud şəkildə pozulmasını, yoxlamaların yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadığını, yoxlamanın keçirilməsi ilə əlaqədar bildiriş verilmədiyini qeyd etmişdir. Bildirirəm ki, qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” (Qaydalar) ilə tənzimlənir və Qaydaların 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı Müqaviləsinə əsasən həyata keçirilir. Cavabdeh İB tərəfindən Qaydaların 4.1-ci bəndinə uyğun olaraq balans mənsubiyyəti sərhədində quraşdırılmış qaz sayğaclarına baxış keçirilir və qazın alqı-satqısı müqaviləsinin 2.1.6-cı yarımbəndinə uyğun olaraq istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotu aparılır. Bu məqsədlə istixanada istismarda olan qaz qurğularının tam və dəqiq uçotu aparılarkən məlum olmuşdur ki, istehlakçı tərəfindən Qaydaların 3.4.1-ci yarımbəndinin tələbləri pozularaq tikinti obyektinin qazlaşdırma layihəsindən kənar qaz qurğuları özbaşına quraşdırılmış və istismar edilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, bu Qanunun tətbiq dairəsi yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə şamil edilir. Cavabdeh İB-nin nümayəndələri tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə daxil olmadan, yalnız “Qazdan istifadə Qaydaları”nın 4.1-ci bəndinə uyğun olaraq balans mənsubiyyəti sərhədində quraşdırılmış qaz sayğaclarına baxış keçirilir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

4. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2619/2023 saylı, 22 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh tərəfindən 2012-ci ilin avqust ayında, 2013-cü ilin mart və aprel aylarında, 2019-cu ilin oktyabr ayında, 2020-ci ilin oktyabr ayında, 2021-ci ilin noyabr ayında və 2022-ci ilin dekabr ayında aktlara əsasən hesablanmış cəmi 122440 manat məbləğində borcun "xxxx" MMC-nin **********00000 nömrəli abunə hesabından silinməsi qət edilmişdir.

5. Cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2619/2023 nömrəli qətnaməsinin ləğv edillməsi, "xxxx" MMC-nin Cavabdeh tərəfindən hesablanmış 122440 manat cərimə borcunun silinməsi barədə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırılmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

9. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq iddiaçının nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsinə əsasən sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir.

11. 3.5-1-ci maddəsinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

12. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.

13. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.

14. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

15. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

16. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.

19. Tərəflər arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmış və tərəflər həmin müqavilə öz üzərlərinə öhdəliklər götürmüşlər.

20. Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2019-cu il tarixli 29-10-19 nömrəli aktın sürətindən görünür ki, abonent kodu **********00000 olan "xxxx" MMC-yə 92000 m3 qaz sərfiyyatı hesablanmışdır.

21. Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2019-cu il tarixli 27.10.20 nömrəli aktın sürətindən görünür ki, abonent kodu **********00000 olan "xxxx" MMC-yə 21413 m3 qaz sərfiyyatı hesablanmışdır.

22. xx.xx.2021-ci il tarixli, SS 29/1640-02464 nömrəli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında aktın və xx.xx.2021-ci il tarixli uçota aparılmayan təbii qazın həcminin hesablanmasına dair tələbnamənin sürətlərindən görünür ki, Cavabdeh İB-nin SOCAR**********31791640X02464 saylı xx.xx.2021-ci il tarixli telefonoqramına əsasən dövlət yoxlamasına aparılmış G400 markalı 80091142 nömrəli turbin tipli Elster qaz sayğacına xx.xx.2021-ci il tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş, minimal sərfiyyatda xətanın normaya uyğun olmaması, impuls ötürücüsünün tələb olunması müəyyən edilmiş və 302934 m3 qaz sərfiyyatı hesablanmışdır.

23. 08.11.2022-ci il tarixli, SS 29/1640-02755-14 nömrəli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında aktın və 52-005918 nömrəli aktların surətlərindən görünür ki, Cavabdeh İB-nin SOCAR**********31791640X02755 saylı xx.xx.2022-ci il tarixli telefonoqramına əsasən dövlət yoxlamasına aparılmış G400 markalı 80102145 nömrəli turbin tipli Elster qaz sayğacına xx.xx.2022-ci il tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş, xətaların normaya uyğun olmaması, batareya və impuls ötürücüsünün tələb olunması müəyyən edilmiş və 57455 m3 qaz sərfiyyatı hesablanmışdır.

24. "xxxx" MMC-nin abonent saldosunun sürətindən görünür ki, qalıq və aktlar qrafasında 2012-ci ilin avqust ayında 6015,10 manat, 2013-cü ilin mart ayında 2780,50 manat, aprel ayında 11678,10 manat, 2019-cu ilin oktyabr ayında 18400 manat, 2020-ci ilin oktyabr ayında 4282,60 manat, 2021-ci ilin noyabr ayında 66645,48 manat, 2022-ci ilin dekabr ayında 12640,10 manat cəmi 122441,88 manat məbləğində cərimə borcu hesablanmışdır.

25. Cavabdeh iddiaçının barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, cavabdeh tərəfindən aparılan yoxlamalar yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır.

26. Belə olan halda isə iddiaçıdan həmin yoxlamalar nəticəsində hesablanan borc tələb oluna bilməz.

27. Çünki istinad olunan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

28. Ona görə də, iddiaçı həmin yoxlamaların nəticəsi olaraq hesablanmış borcun silinməsini tələb etməkdə haqlıdır.

29. Cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

30. Bundan başqa, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu xx.xx.2013-cü il tarixdə dərc edilmiş və bu Qanun dərc edildiyi gündən altı ay sonra qüvvəyə minmişdir. Odur ki, 2012-2013-cü illərdə tərtib olunmuş aktlar ilə bağlı həmin Qanunun müddəaları tətbiq oluna bilməz.

31. Cavabdeh tərəfindən 2012-2013-cü illərdə tərtib edilmiş aktlar və onunla bağlı hesabat sənədləri və həmin aktların əsaslığını sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir.

32. Bununla yanaşı kollegiya qeyd edir ki, işdən görünür ki, iddiaçı aktlara əsasən 2012-ci ilin avqust ayında hesablanmış 6015 manat, 2013-cü ilin mart ayında hesablanmış 2780 manat, aprel ayında hesablanmış 11678 manat, 2019-cu ilin oktyabr ayında hesablanmış 18400 manat, 2020- ci ilin oktyabr ayında hesablanmış 4282 manat, 2021-ci ilin noyabr ayında hesablanmış 66645,48 manat, 2022-ci ilin dekabr ayında hesablanmış 12640,10 manat, ümumilkidə 122400 manat borcun silinməsini xahiş etmişdir.

33. Birinci instansiya məhkəməsi 122441,88 manat məbləğində cərimə borcun əsassız hesablandığını, iddiaçının isə 122440 manat məbləğində borcun silinməsini tələb etdiyini nəzərə alaraq iddiaçının tələbinin əsaslı olduğuna görə təmin edilməsi və iddia tələbindən kənara çıxaraq 2012-ci ilin avqust ayında, 2013-cü ilin mart və aprel aylarında, 2019-cu ilin oktyabr ayında, 2020-ci ilin oktyabr ayında, 2021-ci ilin noyabr ayında və 2022-ci ilin dekabr ayında hesablanmış cəmi 122440 manat məbləğində borcunun silinməsi qənaətinə gəlmişdir.

34. MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

35. Odur ki, kollegiya hesab edir ki, iddiaçı iddia tələbində cəmi 122400 manat borcun silinməsini xahiş etdiyindən, məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, Cavabdeh tərəfindən aktlara əsasən hesablanmış cəmi 122400 manat məbləğində borc "xxxx" MMC-nin **********00000 nömrəli abunə hesabından silinməlidir.

36. Kollegiya həmçinin qeyd edir ki, cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

37. Beləliklə, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 2619/2022 saylı qətnaməsi dəyişdirilməli, 122400 manat məbləğində borc "xxxx" MMC-nin **********00000 nömrəli abunə hesabından silinməlidir.

38. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 2619/2022 saylı qətnaməsi dəyişdirilsin, 122400 manat məbləğində borc "xxxx" MMC-nin **********00000 nömrəli abunə hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar