Məhkəmə qərarları › İş №2-2(103)-899/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-899/2021

15.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-899/2021 15.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Həmid Üzeyir oğlu Həmidovdan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, İddiaçının nümayəndəsi və vəkili Cavabdeh2, Cavabdehin nümayəndəsi Nümayəndə2, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-8/2017 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 05 yanvar 2017-ci il tarixli qətnaməsindən iddiaçı “X6 Gida Tarım Sanayi ve Ticaret Limited” Şirkəti və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə 15 sentyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İlk iddia üzrə iddiaçı “X6 Gida Tarım Sanayi ve Ticaret Limited” Şirkəti Cavabdeh1yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən Şirkətin xeyrinə 365.000 manat və 138.000 ABŞ dollarının tutulması və Şirkətə məxsus olan, lakin MMC-nin inşaat sahəsində qalmış alət və avadanlıqların qaytarılmasına məcbur edilməyə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2011-ci il 7 iyun tarixində Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyov və Səfərəliyev küçəsinin kəsişməsində 679-cu məhəllədə çoxmərtəbəli otel və biznes mərkəzində mexaniki sistemlərin və elektrik sistemlərinin quraşdırılmasına dair 2 podrat müqaviləsi imzalanmışdır. Həmin müqavilələrə 11 iyul 2013-cü il tarixdə 1 saylı, 25 noyabr 2013-cü il tarixdə 2 saylı, 9 yanvar 2014-cü il tarixdə 1 saylı Əlavə Razılaşmalar imzalanmışdır. Lakin cavabdeh MMC tərəfindən öhdəliklərin yerinə yetirilməmiş, podrat müqavilələrinə və əlavə razılaşmalara əsasən ödənişlər aparılmamışdır. 4 fevral 2015-ci il tarixdə cavabdehin səlahiyyətli şəxsləri tərəfindən iddiaçının inşaat sahəsində işləyən işçiləri çıxarılmış və tikinti sahəsinə girişlər qadağan edilmişdir. İddiaçı Şirkət tərəfindən müqavilələr üzrə öhdəliklər tam yerinə yetirilmiş, lakin cavabdeh tərəfindən Şirkətə hazırki tarixə mexanik təsisatlarla bağlı 365000 manat, elektrik təsisatları ilə bağlı 138000 ABŞ dolları məbləğində borcu qalmışdır. Eyni zamanda inşaat sahəsində dəyəri 45000 manat məbləğində olan alətlər və avadanlıqlar qalmışdır. Sonradan iddiaçı “X6 Gida Tarım Sanayi ve Ticaret Limited” Şirkəti tərəfindən iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edilərək, cavabdeh MMCdən 365.000 manat, 138.000 ABŞ dolları və həmin məbləğlərə hesablanmış 248.200 manat və 93.840 ABŞ dolları məbləğində faizlər olmaqla, cəmi 613.200 manat və 231.840 ABŞ dolları məbləğində pul məbləğinin tutularaq Şirkətə ödənilməsi və Şirkətə məxsus olan, lakin MMC-in inşaat sahəsində qalmış alət və avadanlıqların Şirkətə qaytarılmasına məcbur edilməyə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddia məhkəməyə təqdim edildiyi gündən halhazıradək cavabdeh tərəfindən ödənilməli olan məbləğlər ödənilmədiyindən həmin məbləğin üzərinə qanunvericiliklə nəzərdə tutulmuş faizlər hesablanmalıdır. Cavabdeh tərəfindən ödənilməli olan 365000 manat və 138000 ABŞ dollarının ödənilməsi 4 il gecikmişdir. Eyni zamanda ilk iddia üzrə Cavabdeh1 tərəfindən qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək, ilk iddia üzrə pul tələbinin rədd olunması, qarşılıqlı iddianın təmin edilərək iddiaçıdan 55729 manat və 494661 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsinə dair qətnamə qəbul olunması xahiş edilmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 07.06.2011-ci il tarixdə podrat müqaviləsi bağlanmış və 2014-cü ilədək əlavə razılaşmalar imzalanmışdır. Müqaviləyə əsasən iddiaçı Şirkət Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyov və Səfərəliyev küçələrinin kəsişməsində 679-cu məhəllədə çoxmərtəbəli otel və biznes mərkəzində mexaniki və elektrik sistemlərinin quraşdırılmasını qismən həyata keçirmişdir. Binanın “C” blokunda 14,15,16,17 və 18-ci mərtəbələrində mexaniki işlər görülməmiş, elektrik işləri tamamlanmamışdır. Binalarda mexaniki işlər 246.729 manat dəyərində və elektrik işləri 174.000 manat dəyərində tamamlanmamışdır. Bundan əlavə iddiaçı Şirkət tərəfindən 170.000 ABŞ dolları qiymətində olan MMC-nin mülkiyyətində olan "xxxx" avadanlığı tikinti sahəsindən götürülərək satılmış və pulu MMC-yə ödənilməmişdir. Şirkətə 700.000 ABŞ dolları avans olaraq ödənilərək, Rusiya Federasiyasının Stavropol vilayətinin Yesentuki şəhəri ev 6-8 ünvanında olan "İstoçnik" sanatoriyasına avadanlıq, qurğu və tikinti ləvazimatlarının göndərilməsi sifariş olunmuşdur. İddiaçı Şirkət 237.335 ABŞ dolları dəyərində mal göndərmiş, qalan 462.661 ABŞ dolları dəyərində mal-materialları MMC-ə təqdim etməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-8/2017 saylı 05 yanvar 2017-ci il tarixli qətnaməsi ilə ilk iddianın qismən təmin edilərək, cavabdehdən 249.550 manat və 138.000 ABŞ dollarının tutularaq iddiaçıya ödənilməsi, ilk iddianın qalan hissədə, eyni zamanda qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı “X6 Gida Tarım Sanayi ve Ticaret Limited” Şirkəti tərəfindən apellyasiya şikayəti verilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 2(81)-8/2017 saylı 05 yanvar 2017-ci il tarixli qətnaməsinin qismən –ilk iddianın təmin edilmədiyi hissədə ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Eyni zamanda həmin qətnamədən narazı alan Cavabdeh1 tərəfindən apelyasiya şikayəti verilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)- 8/2017 saylı 05 yanvar 2017-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi, ilk iddianın təmin edilməməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə 365.000 manat pulun tutulması hissəsinə münasibət bildirərkən yalnız yerli baxışla müəyyən edilmiş hallara istinad etmiş və hər hansı ekspert rəyinə istinad etmədən iddianın bu hissədə qismən təmin edilməsi nəticəsinə gəlmişdir. Halbuki, iddia ərizəsində qeyd edilən və müvafiq sənədlərlə təsdiq edilən faktlardan da göründüyü kimi, otel tam fəaliyyət göstərir və səlahiyyətli dövlət orqanları tərəfindən qəbul olunaraq, istismarına icazə verilmişdir. Belə olan halda iddianın bu hissədə qismən təmin edilməsi, yəni 365.000 manat əvəzinə 249.550 manatın tutulmasının qət edilməsi əsassız olmuşdur. İddianın pul vəsaitlərinin ödənilməsinin gecikdirilməsi ilə bağlı cərimə faizlərinin ödənilməsi hissəsinə münasibət bildirən məhkəmə yalnız Konstitusiya Məhkəməsinin qərarına istinad etməklə kifayətlənmiş və belə nəticəyə gəlmişdir ki, cavabdehin qaytarılması gecikdirilən pul vəsaitlərindən istifadə etməklə bəhrələnməsi, fayda götürməsi mövcud olmamışdır. Halbuki, iş materiallarından və məhkəmə qətnaməsinin özündən də göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul vəsaitlərinin ödənilməsi gecikdirilmiş və hazırda da ödənilməmiş qalmışdır. Cavabdeh iddiaçıya məxsus pul vəsaitlərini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmış, yəni Mülki Məcəllənin 449.1-ci maddəsində müəyyən edilmiş hal baş vermişdir. Sübut etməyə ehtiyac yoxdur ki, cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir və bu fəaliyyətdən gəlir əldə edir. Məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsı Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 09.07.2009cu il tarixli Qərarı isə konkret olaraq kredit müqavilələrindən irəli gələn münasibətlərlə əlaqədar verilmiş şərhdir və hazırkı iş üzrə tətbiq edilə bilməz. Hazırkı işdə məqsədi öz fəaliyyətindən gəlir götürmək olan hüquqi şəxs, digər hüquqi şəxsin pul vəsaitlərini ödəməkdən boyun qaçırmaqla, öz fəaliyyətinin digər sahələrində istifadə etmiş və gəlir əldə etməklə bəhrələnmişdir. İddia tələbinin digər hissəsinin - yəni iddiaçıya məxsus olan, lakin cavabdehin inşaat sahəsində qalmış alət və avadanlıqların qaytarılması hissəsində də təmin edilməməsi düzgün deyil. Məhkəmə nəzərə almamışdır ki, cavabdehin səlahiyyətli şəxsləri tərəfindən iddiaçının inşaat sahəsində işləyən işçiləri əvvəlcədən heç bir xəbərdarlıq edilmədən, qəflətən həmin sahədən çıxarılmış və tikinti sahəsinə girişləri qadağan edilmişdir. Belə olan halda inşaat sahəsində qalmış alət və avadanlıqların hər hansı dəqiq siyahısının tərtib edilməsi mümkünsüz idi. Həmçinin, iddiaçı tərəfindən cavabdehə 09.02.2015-ci il tarixdə məktub göndərilərək, inşaat sahəsində qalmış 45.000 AZN dəyəri olan alətlərin və avadanlıqların qaytarılması tələb edilmiş, cavabdeh tərəfindən isə bu alətlərin və avadanlıqların iddia edilən dəyərinə qarşı etiraz edilməmişdir. Cavabdehin apellyasiya şikayəti isə onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının podrat müqavilələri üzrə gördüyü işlərin kəmiyyətcə qüsurlu olmasını qəbul edir, lakin qüsurun məbləğinin 115.450 manat olmasını əsaslandırmamışdır. Bundan əlavə, məhkəmə binanın 14-18-ci mərtəbələrində iddiaçı tərəfındən yalnız mexaniki işlərin natamam olmasını qeyd etməklə səhv etmişdir. Mütəxəssisin rəyi, yerli baxışda iştirak edən şahidlər təsdiq etmişlər ki, binanın qeyd olunan mərtəbələrində mexaniki təsisat olmamış, elektrik təsisatı və quraşdırma işləri görülməmişdir. Məhkəmə müqavilə (1 saylı əlavə) ilə müəyyən edilən iddiaçının öhdəliyinin icrasını təsdiq edən sənəd, yəni hər 30 gündə tərtib edilən görülmüş işin təhvil verilməsinə dair aktların mövcud olmamasını nəzərə almadan səhv nəticəyə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-218/2017 saylı 24 aprel 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətlərinin təmin edilməməsi və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-8/2017 saylı 05 yanvar 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı “X6 Gida Tarım Sanayi ve Ticaret Limited” Şirkəti və Cavabdeh1 trəfindən həmin qətnamədən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-381/17 saylı 15 sentyabr 2017-ci il tarixli qərarı ilə kassasiya şikayətlərinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-218/2017 saylı 24 aprel 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cavabdeh1 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 sentyabr 2017-ci il tarixli 2- 2(102)-381/2017 saylı qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyun 2018-ci il tarixli qərarına əsasən “X6 Gida Tarım Sanayi və Ticaret Limited” Şirkətinin Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı görülmüş işlərin dəyərinin ödənilməsi, inşaat sahəsində qalmış alət və avadanlıqların qaytarılmasına məcbur edilməsinə dair iddia tələbi və s. barədə iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 13-29(102)-2k/2018 saylı 31 oktyabr 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 sentyabr 2017-ci il tarixli 2-2(102)-381/2017 saylı qərarı qərarının və bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-218/2017 saylı 24 aprel 2017-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 2-2(103)-91/2019 saylı 19 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-8/17 saylı 05 yanvar 2017-ci il tarixli qətnaməsinin qismən- cavabdehdən iddiaçının xeyrinə 249550 manat və 93000 ABŞ dollarının tutulması hissəsində ləğv edilməsi, iddianın həmin hissədə təmin edilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-367/2019 saylı 06 noyabr 2019-cu il tarixli qərarı ilə kassasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin 2-2(103)-91/2019 saylı 19 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək, işin yenidən apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegoyasının 2-2(103)-137/2020 saylı 27 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-8/2017 saylı 05 yanvar 2017-ci il tarixli qətnaməsinin ilk iddiaya aid hissədə ləğv edilməsi, iddiaçı “X6 Gida Tarım Sanayi ve Ticaret Limited” Şirkətinin Cavabdeh1-yə qarşı cavabdehdən 365.000 manatın, 138.000 ABŞ dollarının və həmin məbləğlərə hesablanmış 248.200 manatın və 93.840 ABŞ dollarının, cəmi 613.200 manatın və 231.840 ABŞ dollarının tutularaq iddiaçıya ödənilməsi, cavabdehin inşaat sahəsində qalmış alət və avadanlıqların qaytarılması barədə ilk iddianın təmin edilməməsi və qətnamənin qarşılıqlı iddiaya aid hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı tərəfindən kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-166/2021 saylı 02.06.2021-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-137/2020 saylı 27 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bu baxımdan hazırki işə apellyasiya qaydasında yenidən baxılması sonuncu dəfə 15.09.2021-ci il tarixə təyin edilmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Cavabdeh2 öz apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişdi ki, podrat müqaviləsi üzrə iddiaçı Şirkət tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, işlər görülmüşdür. Cavabdeh MMC-nin işçiləri tərəfindən işlərin tamamlanmasına imkan yaradılmamış, Şirkətin işçiləri oradan qovulmuş, nəticədə müqavilə üzrə nəzərdə tutulmuş işlər natamam qalmışdır. Bu səbəbdən də görülmüş işlərin müqabilində pulun ödənilməsi cavabdeh tərəfindən təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qərarında ekspertizanın keçirilməsi barədə olan göstərişə etiraz edərək hazırki vəziyyətdə iş üzrə ekspertizanın keçirilməsinin mümkün olmadığını, belə ki, işlərin görülməsindən sonra uzun müddətin keçməsi ilə bağlı ekspert tərəfindən yerində baxış keçirilməklə iddiaçı şirkətin hansı işləri görməsini müəyyən etmək mümkün deyildir. Bununla bağlı iddiaçının nümayəndəsi və vəkili öz apellyasiya şikayətinin təmin edilməsini, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-8/2017 saylı 05 yanvar 2017-ci il tarixli qətnaməsinin qismən–ilk iddianın təmin edilmədiyi hissədə ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini, cavabdeh tərəfin apellyasiya şikayətinin isə təmin edilməməsini məhkəmədən xahiş etmişdi. Cavabdehin vəkili Vəkil2 öz apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişdi ki, müəyyən işlərin iddiaçı tərəfindən görülməsi etiraf edilir, hansı ki, həmin işlərə görə 3 milyon ABŞ dolları məbləğində pul vəsaiti ödənilmişdir. Müqaviləyə edilmiş əlavələrə əsasən görüləcək işlər dəqiqləşdirilmiş və bu işlərə görə nə qədər haqqın ödəniləcəyi konkretləşdirilmişdir. Lakin hazırki işdə müqaviləyə edilmiş bu əlavələrdən sonra onda nəzərdə tutulan işlər iddiaçı şirkət tərəfindən görülməmişdir. Əgər iddiaçı şirkət bu işlərin görülməsini iddia edirsə, onda bu barədə təhvil-təslim sənədi təqdim etməlidir. Müqavilə üzrə öhdəlik tam icra edilməmiş, işlər yarımçıq qalmışdır. Həmin işlər başqa müəssisələrlə müqavilə bağlanılaraq görülmüşdür. Həmçinin, cavabdehin vəkil Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırki iş üzrə sonuncu qərarında ekspertizanın keçirilməsi ilə bağlı verilmiş göstərişə etiraz edərək bildirmişdir ki, hazırki vəziyyətdə işlərin görülməsindən uzun müddət keçdiyi üçün həmin yerdə iddia olunan işlərin məhz iddiaçı tərəfindən uzun illər öncə görüldüyünü müəyyən etmək mümkün deyildir, keçən müddət ərzində həmin işlər ayrı-ayrı şəxslər tərəfindən müqavilə əsasında icra olunmuşdur. Bundan əvvəl 2016-cı il tarixdə ekspertiza keçirilmiş, lakin rəyin verilməsi mümkün olmamışdır. Çünki iddiaçı tərəfindən işlərin görülməsini təsdiq edən təhvil-təslim aktları təqdim oluna bilmir. Bununla bağlı cavabdehin vəkili öz apellyasiya şikayətinin təmin edilməsini, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)- 8/2017 saylı 05 yanvar 2017-ci il tarixli qətnaməsinin ilk iddianın təmin edildiyi hissədə ləğv edilərək, həmin hissədə iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdi. Cavabdehin nümayəndəsi Nümayəndə2 öz apellyasiya şikayətini müdafiə edərək vəkil tərəfindən verilmiş izahatla razı olduğunu və ona heç bir əlavəsinin olmadığını bildirmiş, bununla bağlı öz apellyasiya şikayətinin təmin edilməsini, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(81)- 8/2017 saylı 05 yanvar 2017-ci il tarixli qətnaməsinin ilk iddianın təmin olunduğu hissədə ləğv edilərək, həmin hissədə ilk iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki işdə birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın rədd edildiyi hissədə kassasiya instansiyası məhkəməsinin sonuncu qərarı ilə qanuni qüvvəsini aldığı üçün məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı yalnız ilk iddia ilə bağlı hissədə yoxlanılır. İş üzrə tərəflər arasında bağlanmış 2011-ci il 7 iyun tarixli “Çoxmərtəbəli otel və biznes mərkəzində elektrik sistemlərinin quraşdırılmasına dair” Podrat müqaviləsindən görünür ki, “X6 Gida Tarım Sanayi ve Ticaret Limited” Şirkəti (bundan sonra-Şirkət) Nəsimi rayonu, Ü.Hacıbəyov və Səfərəliyeva küçəsi kəsişməsi 679 məhəllədə tikilmiş çoxmərtəbəli otel və biznes mərkəzində elektrik sistemlərinin material və quraşdırma işini görməli və əlavədə verilən təklifə görə istismara tam yararlı halda Cavabdeh1-ə (bundan sonra-MMC) təhvil verməlidir. Müqavilənin 4.1-ci maddəsinə əsasən bu müqavilənin 2-ci maddəsində nəzərdə tutulmuş işlər (bu Müqaviləyə 1 saylı Əlavədə göstərilən cədvələ uyğun olaraq) gərəkli tikinti işləri quraşdırıldıqdan sonra 180 iş günü müddətində görülməlidir. Müqavilənin 5-ci maddəsinə görə 2-ci maddədə nəzərdə tutulmuş işlərin materialları, avadanlıqları və işçilik də daxil olmaqla dəyəri 1.500.000 ABŞ dolları təşkil edir. Tərəflər arasında bağlanmış 2011-ci il 7 iyun tarixli "Çoxmərtəbəli otel və biznes mərkəzində elektrik sistemlərinin quraşdırılmasına dair" Podrat müqaviləsinə 2014-cü il 9 yanvar tarixli 1 saylı Əlavə Razılaşmadan görünür ki, MMC-in Şirkətə əvvəlki (yəni Razılaşma bağlanan anadək) görülmüş işlərə görə 45.000 ABŞ dolları, Razılaşmaya əlavədə göstərilən görüləcək işlərə görə 158.000 ABŞ dolları, cəmi 203.000 ABŞ dolları borcu vardır. Tərəflər arasında bağlanmış 2011-ci il 7 iyun tarixli "Çoxmərtəbəli otel və biznes mərkəzində mexaniki sistemlərinin quraşdırılmasına dair" Podrat müqaviləsindən görünür ki, Şirkət Nəsimi rayonu, Ü.Hacıbəyov və Səfərəliyeva küçəsi kəsişməsi 679 məhəllədə tikilmiş çoxmərtəbəli otel və biznes mərkəzində mexaniki sistemlərin material və quraşdırma işini görməli və əlavədə verilən təklifə görə istismara tam yararlı halda MMCə təhvil verməlidir (m. 2). Qeyd olunan Müqavilənin 4.1-ci maddəsinə əsasən bu müqavilənin 2-ci maddəsində nəzərdə tutulmuş işlər (bu Müqaviləyə 1 saylı Əlavədə göstərilən cədvələ uyğun olaraq) gərəkli tikinti işləri quraşdırıldıqdan sonra 180 iş günü müddətində görülməlidir. Müqavilənin 5-ci maddəsinə görə, 2-ci maddədə nəzərdə tutulmuş işlərin materialları, avadanlıqları və işçilik də daxil olmaqla dəyəri 2.150.000 manat və ya 2.738.854 ABŞ dolları təşkil edir. Tərəflər arasında bağlanmış 2011-ci il 7 iyun tarixli "Çoxmərtəbəli otel və biznes mərkəzində mexaniki sistemlərinin quraşdırılmasına dair" Podrat müqaviləsinə 2013-cü il 11 iyul tarixli 1 saylı Əlavə Razılaşmadan görünür ki, MMC adı çəkilən podrat müqaviləsi üzrə görüləcək işlərin, mal, material və avadanlıqların həcminin artmasını və buna müvafiq olaraq müqavilə üzrə Şirkətə ödənilməli olan məbləğin də 2.750.000 manat olmasını təsdiq və qəbul etmişdir. Şirkət də adı çəkilən podrat müqaviləsi üzrə görüləcək işlərin, mal, material və avadanlıqların həcminin artmasını və 2013-cü 11 iyul tarixinə 2.750.000 manat olmasını qəbul etmiş və bu məbləğin ödənilməsi şərtilə müqavilə üzrə işlərin davam etdirilməsini öhdəsinə götürmüşdür. 1 saylı Əlavə Razılaşmanın 1-ci bəndi ilə "Çoxmərtəbəli otel və biznes mərkəzində mexaniki sistemlərinin quraşdırılmasına dair" Podrat müqaviləsinin 5-ci maddəsində "2.150.000 manat" sözləri "2.750.000 manat" sözləri, "2.738.854 (USD)" sözləri "3.503.185 ABŞ dolları" sözləri ilə əvəz olunmuşdur. Tərəflər arasında bağlanmış 2011-ci il 7 iyun tarixli "Çoxmərtəbəli otel və biznes mərkəzində mexaniki sistemlərinin quraşdırılmasına dair" Podrat müqaviləsinə 2013-cü il 25 noyabr tarixli 2 saylı Əlavə Razılaşmadan görünür ki, MMC-in Şirkətə qalan borcu 565.450 manatdır. 2013-cü il 25 noyabr, 2013-cü il 10 dekabr, 2013-cü il 25 dekabr və 2014-cü il 5 yanvar tarixlərində MMC Şirkətə 50.000 manat pul ödəməlidir. MMC təklifindəki bütün mexaniki sistemlərin və aksesuarların quraşdırılmasını bitirdikdən sonra Şirkətə 115.450 manat pul ödəməlidir. "xxxx" MMC ilə MMC arasında bağlanmış 2014-cü il 11 noyabr tarixli müqavilədən görünür ki, "xxxx" MMC ünvan 1 ünvanında inşa olunmuş otel və ofis binasının mexanik təsisatı və montajının yarımçıq qalmış işlərinin və qüsurların aradan qaldırılması işlərini görməyi, MMC isə bunun əvəzində 246.729 manat pul ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə MMC arasında bağlanmış 2014-cü il 14 noyabr tarixli müqavilədən görünür ki, "xxxx" MMC ünvan 1 ünvanında inşa olunmuş otel və ofis binasının “elektrik təsisatı və montajının” yarımçıq qalmış işlərinin və qüsurların aradan qaldırılması işlərini icra etməyi, MMC isə bunun qarşılığında 174.000 manat pul ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən tərtib olunmuş ƏEM/O 71-472/16 nömrəli, 2016-cı il 10 oktyabr tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında inşa olunmuş otel və biznes mərkəzində mexaniki və elektrik sistemlərin quraşdırılmasına dair tamamlanmayan işlərin ümumi dəyəri 587.295 ABŞ dolları təşkil edir: 1. Otel blokuna dair mexaniki işlər üzrə 54.941 ABŞ dolları; 2. A-B Bloklarına dair mexaniki işlər üzrə 71.746,5 ABŞ dolları; 3. A-B-C Bloklarına dair ümumi təchizat üzrə 41.088 ABŞ dolları; 5. C Blokuna dair ümumi təchizat üzrə 62.404,6 ABŞ dollar; 5. Podrat müqaviləsinə əsasən elektrik işləri üzrə-154.577,5 ABŞ dolları; 6. Podrat müqaviləsinə 1 saylı əlavəyə əsasən elektrik işləri üzrə-32.537,7 ABŞ dolları; 7. "xxxx" avadanlığı üzrə 170.000 ABŞ dolları. 2016-cı il 17 iyun tarixində ünvan 1 ünvanında inşa olunmuş otel və biznes mərkəzinə məhkəmə tərəflərin nümayəndələrinin, habelə Şirkətin dəvət etdiyi şahid X7 və MMC-in dəvət etdiyi şahid X2 iştirakı ilə yerinə baxış keçirilmişdir. Bu zaman müəyyən olunmuşdur ki, mərkəzin 14, 15, 16, 17 və 18-ci mərtəbələrində mexaniki işlər natamam qalmışdır. Şahid X7 bildirmişdir ki, 13-cü mərtəbə də daxil olmaqla mexaniki işlər yerinə yetirilmiş, 14-18-ci mərtəbələr üzrə isə natamam qalmışdır. Şahid X7 bildirmişdir ki, 14- 18-ci mərtəbələrdə mexaniki işlərin tamamlanmamasının səbəbi MMC-in qeyri-qanuni hərəkətləri olmuşdur. Belə ki, MMC onlara öz işlərini tam başa çatdırmağa imkan verməmiş, onları oteldən qovmuşdur. Bundan əlavə, onların işlərini yerinə yetirmələri üçün MMC özü də müəyyən işləri görməli idi, lakin bu işləri icra etməmişdir. Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi Dövlət Enerji Nəzarət İdarəsi tərəfindən tərtib olunmuş 110323 nömrəli X1 görünür ki, ünvan 1 ünvanında inşa olunmuş otel və biznes mərkəzi enerji təchizatı üçün quraşdırılmış elektrik qurğuları ilə təmin edildiyindən obyekt istismara yararlı sayılmışdır. 2013-cü il 11 iyun tarixli “Elektrik-quraşdırma işlərinin təhvil-təslim Aktı”ndan görünür ki, Nəsimi rayonu, Ü.Hacıbəyov və Səfərəliyeva küçəsi kəsişməsi 679 məhəllədə tikilmiş çoxmərtəbəli otel və biznes mərkəzində elektrik quraşdırma işləri EAQQ-a tam müvafiq olaraq yaxşı yerinə yetirilmişdir. Hazırda iddiaçı “X6 Gida Tarım Sanayi ve Ticaret Limited” Şirkətinin Cavabdeh1-yə qarşı tələbi “613.200 manat və 231.840 ABŞ dolları məbləğində pulun cavabdehdən tutulması və cavabdehin inşaat sahəsində qalmış alət və avadanlıqların qaytarılması” barədədir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh1 ilə “X6 Gida Tarım Sanayi ve Ticaret Limited” Şirkəti arasında 07 iyun 2011-ci il tarixində Cavabdeh1-yə məxsus çoxmərtəbəli otel və biznes mərkəzində elektrik və mexaniki sistemlərin quraşdırılmasına dair iki podrat müqaviləsi imzalanmışdır. Hər iki müqavilədə görüləcək işlər, işin yerinə yetirilmə müddəti, ödənişin məbləği, ödəmə şərtləri, podratçı və sifarişçinin öhdəlikləri, digər müddəalar öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Qeyd olunan maddi hüquq normasının məzmununa görə muzdun ödənilməsi üçün ilk növbədə podrat müqaviləsində nəzərdə tutulan işlər görülməlidir. İddiaçının mövqeyi ondan ibarətdir ki, 25.11.2013-cü il tarixli 2 saylı və 09.01.2014cü il tarixli 1 saylı Əlavələrdə göstərilən müvafiq olaraq 565.450 manat və 203.000 ABŞ dolları məbləğlərində pul vəsaitləri cavabdeh tərəfindən birmənalı olaraq ödənilməli olan məbləğlərdir. Belə ki, 25.11.2013-cü il tarixli 2 saylı əlavədə cavabdehin pul ödənilməsinə dair öhdəliyinin icrası müddəti həmin əlavədə göstərilən şərtlərin baş verməsindən asılı edilmişdir və həmin şərtlər də baş vermişdir. Görünür ki, otelin “soft-opening”-nin (açılışının) baş verdiyi işin mübahisələndirilməyən hallarına aiddir və cavabdeh tərəfindən də etiraf edilmişdir. Yəni, 2 saylı əlavədə iddiaçıya 200000 manatın ödənilməsi üçün müəyyən edilmiş şərt baş vermişdir. Bundan əlavə, otelin ilk müştərisini qəbul etməsi də işin mübahisələndirilməyən hallarına, yəni iddiaçıya həmin gün ödənilməli olan 25000 manatın və bundan 1 ay sonra daha 25000 manatın ödənilməsi üçün müəyyən edilmiş şərt mövcud olmuşdur. Cavabdeh bu mövqe ilə razılaşmır və bildirir ki, həmin məbləğlər görülməsi nəzərdə tutulmuş işlərə görə ödənilməli olan məbləğlərdir, hansı ki, həmin işlər iddiaçı tərəfindən razılaşdırılmış vaxtda yerinə yetirilməmişdir. Bir daha tərəflər arasında bağlanmış podrat müqaviləsinə 25 noyabr 2013-cü il tarixli 2 saylı əlavə razılaşmanın məzmunu diqqətlə öyrənilərkən məlum olur ki, Sifarişçinin Podratçıya qalan borcu 565.450 manatdır, 25.11.2013-cü il tarixdə 50.000 manat, 10.12.2013-cü il tarixdə 50.000 manat, 25.12.2013-cü il tarixdə 50.000 manat, 05.01.2014-cü il tarixdə 50.000 manat Sifarişçi Podratçıya pul ödəməlidir. (Podratçı ilk ödənişdən sonra 7 iş günü ərzində lazımi miqdarda işçi sayını artıracaqdır). 05.01.2014cü il tarixinə qədər Podratçı bütün material sifarişlərini etməlidir. Podratçı təklifindəki bütün mexaniki sistemlərin və aksesuarların quraşdırılmasını bitirdikdən sonra Sifarişçi Podratçıya 115.450 manat pul ödəməlidir. Sifarişçi otelin soft-opening etdikdən sonra Podratçıya qalan 200.000 manat pulu, otelə ilk müştəri qəbul edilən gün 25.000 manat pulu, həmin gündən 1 ay sonra isə daha 25.000 manat pulu ödəməlidir. Podratçı aşağıdakı işləri də bitirib Sifarişçiyə təhvil verəcəkdir: dayanacaq havalandırma işləri, santral kanallarının fasadla əlaqələndirilməsi, A və C blokların yanğın nərdivanlarında təzyiq sistemlərinin quraşdırılması, mətbəxlərin ventilyasiya və su xətlərinin quraşdırılması, qazanxana, chillerlər və nasos otağının alüminium ilə qapadılma edilməsi, 3-cü mərtəbə slot qutularının yerinə quraşdırılması, su yumuşatma sisteminin quraşdırılması, A Blok Chiller elektron kartının quraşdırılması, C Blok chiller qazının əlavə edilməsi, ventilyasiya üçün lazımi sacin gətirilməsi, ezgost fanlarının gətirilməsi, vitrifıyelərin quraşdırılması, mətbəx sprinker xətlərinin quraşdırılıması, ümumi məkanların sprinklerlərinin quraşdırılması, müqavilədə qalan digər əksik işlərin quraşdırılması. Göründüyü kimi, 25.11.2013-cü il tarixli 2 saylı Əlavəyə görə həmin Əlavədə göstərilən 565.450 manat məbləğində pul vəsaiti əvvəl görülmüş və dəyəri ödənilməmiş podrat işlərinin dəyəri (muzd) deyil, həmin Əlavədə göstərilən və görülməli olan podrat işlərinin dəyəridir. Belə ki, həmin Əlavədə pul vəsaitlərinin (muzdun) hissə-hissə və konkret ödənilməsi tarixləri, həmçinin podratçının hərəkətləri (işçi sayının artırılması, materialların sifariş edilməsi) və konkret görülməli olan işlərin dairəsi müəyyən edilmişdir. Hazırki iş üzrə kassasiya instansiya məhkəməsinin sonuncu qərarında qeyd edilmişdi ki, “......apellyasiya instansiyası məhkəməsi işə baxarkən tərəflər arasında bağlanmış podrat müqavilələri ilə bağlı Əlavələrdə göstərilən işlərin yerinə yetirilməsi hallarını sübut etmə vəzifəsini iddiaçının üzərinə qoyaraq hüquqi qiymət verməmiş və düzgün olmayan nəticəyə gəlmişdir. Odur ki, .....işə yenidən baxan apellyasiya məhkəməsi Əlavələrdə göstərilən işlərin yerinə yetirilməsi hallarının müəyyən edilməsi üçün yenidən araşdırmalı və digər sübutlarla əlaqəli şəkildə qiymətləndirməlidir. Bu hal işin ədalətli həll edilməsi üçün əhəmiyyət kəsb edir.” Həmçinin Qərarda göstərilmişdi ki, “......tərəflər arasında bağlanmış müqavilələrdən göründüyü kimi, ilkin iddia üzrə iddiaçının öhdəliyi tək müəyyən avadanlıqların quraşdırılıb, sazlama işlərinin görülməsindən deyil, həmçinin həmin avadanlıqların ilk əvvəl xarici dövlətdən ölkəyə idxal edilərək sifarişçiyə təhvil verilməsindən də ibarət olmuşdur. Eyni zamanda müqavilə üzrə ödənişlər də özüözlüyündə buna uyğun olaraq avadanlıqların gətirilməsinə və işlərin görülməsinə görə ayrılmışdır. Bu hal Ali Məhkəmənin əvvəlki qərarında da öz əksini tapmişdır. Lakin apellyasiya instansiyası məhkəməsi qeyd olunanlara hüquqi qiymət verməmişdir.” Bundan başqa Qərarda qeyd olunur ki, “Ali Məhkəmənin İnzibati – İqtisadi Kollegiyasının 06 noyabr 2019-cu il tarixli qərarında apellyasiya instansiyası məhkəməsi müqavilə öhdəliklərinin icrasına qiymət verərkən bu öhdəliklərin məzmununun mürəkkəb texniki xüsusiyyətləri baxımından onlara qiymətin verilməsi üçün mühəndis-texniki sahədə xüsusi biliklərin tələb edilməsini nəzərə alınmadığını qeyd edərək, işə yenidən baxarkən mühəndis-texniki ekspertizasının keçirilməsinin vacibliyini göstərmişdir..... lakin apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən həmin göstərişləri yerinə yetirməmişdir.” Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Hazırki işə yenidən apellyasiya qaydasında baxılarkən tərəflər arasında imzalanmış Əlavələrdə göstərilən işlərin yerinə yetirilməsi hallarının müəyyən edilməsi üçün yenidən araşdırma aparılmış və müəyyən edilən hallar digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyun 2018-ci il tarixli qərarında göstərilmişdir ki, «…məhkəmələr Cavabdeh1 ilə Şirkət arasında bağlanmış 7 iyun 2011-ci il tarixli Cavabdeh1-yə məxsus çoxmərtəbəli otel və biznes mərkəzində elektrik sistemlərinin quraşdırılmasına dair podrat müqaviləsi üzrə öhdəliklərin icra edildiyi qənaətinə gələrkən Azərbaycan Respublikası Sənayə və Energetika Nazirliyi Dövlət Enerji Nəzarət İdarəsi tərəfindən tərtib edilmiş İstismara buraxılma aktı və 11 iyun 2013-cü il tarixli elektrik quraşdırma işlərinin təhvil-təslim aktına istinad etmişlər. Məhkəmələr nəzərə almamışlar ki, tərəflər arasında yuxarıda qeyd olunan podrat müqaviləsinə 9 yanvar 2014-cü il tarixində 1 saylı əlavə razılaşma imzalanmış və həmin əlavə razılaşma üzrə yeni öhdəliklər yaranmışdır. Həmin əlavə razılaşmada Şirkətin hər 30 gündən bir gördüyü işlər barədə məlumat verməsi və buna müvafiq olaraq müəyyənləşdirilmiş qrafik üzrə ödənişlərin həyata keçirilməsi razılaşdırılmışdır. Beləliklə, tərəflər göstərilən müqavilələr üzrə ödənişlərin görüləcək işlərin nəticəsindən asılı olaraq hissə-hissə həyata keçiriləcəyini razılaşdırmışlar.» Həmin Qərarda qeyd edilmişdir ki, «…tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.» Konstitusiya Məhkəməsi Plenumunun qərarından göründüyü kimi, hazırki mübahisə məhz tərəflər arasında bağlanmış müqavilələr üzrə qarşılıqlı öhdəliklərinin icrasının yoxlanılması yolu ilə həll edilməlidir. İş üzrə aparılan araşdırmalar nəticəsində müəyyən olunur ki, yuxarıda adı çəkilən Əlavədə cəmi ödənilməli olan muzd 565.450 manat məbləğində müəyyən edilsə də, iddiaçı tərəfindən 365.000 manat məbləğində pulun tutulması tələb olunur. Digər tərəfdən, 09.01.2014-cü il tarixli 1 saylı Əlavənin şərtlərinə görə həmin Əlavədə göstərilən cəmi 203.000 ABŞ dolları məbləğində pul vəsaitindən 45.000 ABŞ dolları əvvəl görülmüş işlərə görə ödənilməli olan pul vəsaitidir, yerdə qalan 158.000 ABŞ dolları isə həmin Əlavədə göstərilən və görülməli olan podrat işlərinin dəyəridir. Həmin Əlavədə cəmi ödənilməli olan muzd 203.000 ABŞ dolları məbləğində müəyyən edilsə də, iddiaçı 138.000 ABŞ dolları məbləğində pulun tutulmasını tələb edir. Qeyd olunan ziddiyyətli məqamla bağlı iddiaçı şirkət tərəfindən hər hansı məntiqli açıqlama heç bir məhkəmə instansiyasına verilməmişdir. Bununla yanaşı, Əlavələrdə göstərilən işlərin görülməsini təsdiq edən hər hansı sübut (tikinti materiallarının alınması və ya gətirilməsini təsdiq edən alqı-satqı, yaxud gömrük və s. yazılı sənədlər, işlərin görülməsini təsdiq edən təhvil-təslim aktları və s.) da iddaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. İddiaçı şirkətin həmin Əlavələrdə göstərilən işlərin görülməsini və cavabdeh tərəfindən də həmin işlərin qəbul edilməsini təsdiq edən sənədlər kimi təqdim etdiyi sənədlərə (2-ci cild, i.v. 106-442) münasibətdə qeyd olunur ki, həmin sənədlər qeyd olunan halları təsdiq edə biləcək mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin sənədlər nəzərdən keçirilərkən onların bir qisminin cavabdeh şirkət tərəfindən imzalanmadığı, bir qisminin tarixlərinin isə Əlavələrin tarixlərindən daha əvvəlki dövrə təsadüf etdiyi məlum olur. Habelə həmin sənədlərdəki işlərin dəyərinin yuxarıda qeyd olunan cavabdeh tərəfindən ödənilmiş məbləğlərdən daha artıq olması faktı da sübut olunmur. Ümumiyyətlə, iddiaçı bütün gedən məhkəmə araşdırmaları zamanı iddia ərizəsində və verdiyi izahatlarda bir tərəfdən müqavilələr üzrə öhdəliklərin onun tərəfindən tam yerinə yetirildiyini bildirir, digər tərəfdən isə 04.02.2015-ci il tarixdə cavabdeh MMC-nin səlahiyyətli şəxsləri tərəfindən iddiaçı Şirkətin inşaat sahəsində işləyən işçilərinin çıxarıldığını və tikinti sahəsinə girişlərinin qadağan edildiyini bildirir. İddiaçı şirkətin bu ziddiyyətli mövqeyi onun nümayəndəsi və vəkili Muxtar Mutafayevin hazırki işə apellyasiya qaydasında baxılarkən verdiyi izahatında da bir daha təsdiq olunmuşdur. Məhkəmə kollegiyası bu barədə qeyd edir ki, iddiaçı şirkətin işçiləri həmin sahədən çıxarılıb və tikinti sahəsinə girişləri qadağan edilmişdisə, demək ki, bundan sonra iddiaçı tərəfindən podrat işlərinin tam yerinə yetirilməsi qeyri-mümkün olmuşdur. Yox əgər, iddiaçı şirkət işçiləri tikinti sahəsindən çıxarıldıqdan sonra da işlərin görülməsini və münasibətlərin davam etdirilməsinə əsaslanırsa, onda bu halları sübut etmək vəzifəsi də məhz onun üzərinə düşür. İşə birinci instansiya qaydasında baxılarkən və bundan əvvəlki apellyasiya baxışı zamanı mübahisəli sahəyə yerində müayinə keçirilərkən 18-ci mərtəbədə mexaniki sistemin quraşdırılması işinin tamamlanmadığı müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının öz öhdəliklərini tam olaraq icra etməsi və işlərin cavabdehə tam təhvil verməsi və ya cavabdehin ödədiyi məbləğlərdən daha artıq işlər görməsi təsdiq olunmur. Hazırki apellyasiya baxışı zamanı mühəndis-texniki ekspertizasının keçirilməsinin vacibliyini göstərən kassasiya instansiyası məhkəməsinin mövqeyinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bundan əvvəl birinci instansiya məhkəməsində icraat zamanı tərəflər ekspert tərəfindən tələb olunan sənədləri təqdim etmədiklərinə görə ekspertizanın keçirilməsi qeyri-mümkün olmuşdur. Eyni zamanda bundan əvvəlki apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən mübahisəli sahəyə yerində müayinə keçirilən zaman müəyyən olunmuşdu ki, artıq 14-17-ci mərtəbələrdə bütün təmir-tikinti işləri başa çatmış, yalnız 18-ci mərtəbədə hazıra qədər mexaniki sistemin quraşdırılması işi tamamlanmamışdır. Bu baxımdan məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında görülmüş işlər barədə müvafiq aktlar tərtib edilmədiyinə və sonuncu dəfə iddiaçı şirkət tərəfindən işlərin görülməsindən bir neçə il keçdiyinə görə həmin sahədə hansı işlərin məhz iddiaçı tərəfindən görüldüyünü ekspertizanın keçirilməsi vasitəsilə müəyyən etmək qeyri-mümkündür. İşdə iştirak edən şəxslər də hazırki vəziyyətdə belə ekspertizanın keçirilməsinin qeyri-mümkün olduğunu bildirmişlər, belə ki, iddiaçının sonuncu dəfə işləri gördüyü vaxtdan hazıradək uzun müddət keçdiyinə görə həmin sahədə keçən müddət ərzində görülmüş işlərin məhz iddiaçı tərəfindən yerinə yetirilməsinə dəlalət etməsi qeyrimümkündür. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarına görə MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburidir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərini, Konstitusiya Məhkəməsinin məsələ ilə bağlı şərhini və Ali Məhkəmənin mübahisə edilən qərarla bağlı hüquqi mövqeyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələbləri baxımından hüquqi qiymət verilərkən yuxarıdakı müzakirələrdən irəli gəlinən nəticədən qeyrisinə gəlmək mümkün deyildir. O ki qaldı otelin “soft-opening”-nin (açılışının) baş verməsinə və otelin ilk müştərisini qəbul etməsinə görə iddiaçıya ödənilməli olan pul məbləğlərinin tələb olunmasına, bu barədə məhkəmə kollegiyası hesab edir ki, otelin hazırda tam fəaliyyət göstərməsi və səlahiyyətli dövlət orqanları tərəfindən qəbul olunaraq, istismarına icazə verilməsi iddiaçının müqavilə üzrə öz öhdəliklərini tam olaraq icra etməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Bundan başqa, tərəflər arasında bağlanmış müqavilələrdən göründüyü kimi, ilkin iddia üzrə iddiaçının öhdəliyi tək müəyyən avadanlıqların quraşdırılıb, sazlama işlərinin görülməsindən deyil, həmçinin həmin avadanlıqların ilk əvvəl xarici dövlətdən ölkəyə idxal edilərək sifarişçiyə təhvil verilməsindən də ibarət olmuşdur. Eyni zamanda müqavilə üzrə ödənişlər də özü-özlüyündə buna uyğun olaraq avadanlıqların gətirilməsinə və işlərin görülməsinə görə ayrılmışdır. Mülki Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) mübahisəli əmlakın mülkiyyətçisi olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Lakin hazırki apellyasiya baxışı zamanı iddiaçı şirkət tərəfindən müqavilədə qeyd olunan avadanlığın xarici dövlətdən ölkəyə idxal edilərək sifarişçiyə təhvil verilməsi və cavabdehin inşaat sahəsində həmin alət və avadanlığın qalması faktı sübuta yetirilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin kollegiya hesab edir ki, ilk iddiada irəli sürülmüş faiz borcunun tutulması barədə tələblər də təmin edilə bilməz. Belə ki, həmin tələblərin qanuni əsasını Mülki Məcəllənin 449-cu maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Hazırki işdə yuxarıda qeyd olunan normada göstərilən əsaslar mövcud deyildir. Belə ki, iş üzrə müəyyən olunur ki, cavabdehin iddiaçı qarşısında hər hansı pul öhdəliyi mövcud deyildir. Ona görə də, iddiaçı cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlərin tutulmasını tələb edə bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda qeyd olunan iş üçün əhəmiyyəti olan halların araşdırılmaması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması səbəbindən ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-8/2017 saylı 05 yanvar 2017-ciil tarixli qətnaməsi ilk iddianın təmin edildiyi hissədə ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı “X6 Gida Tarım Sanayi ve Ticaret Limited” Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-8/2017 saylı 05 yanvar 2017-ci il tarixli qətnaməsi “ilk iddianın təmin edildiyi” hissədə ləğv edilsin. İddia həmin hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Həmid Həmidov Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar