Məhkəmə qərarları › İş №2-2(103)-90/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-90/2024

14.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-90/2024 14.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı kommersiya işi Açar söz: podrat müqaviləsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, cavabdehin nümayəndəsi Sismanoğlu Yasemin, vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (əvvəlki adı İddiaçı) cavabdeh Türkiyə Respublikasının hüquqi şəxsi olan Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(113)-320/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İşin mübahisəsiz hallarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasında Filialı ilə “işverən” İddiaçı MMC- “podratçı” arasında xx.xx.2021-ci tarixli, 2059-089 nömrəli podrat müqaviləsi imzalanmış, bu müqavilənin şərtlərinə əsasən iddiaçı “Əhmədbəyli- Horadiz-Mincivan-X1 tikintisi” layihəsi üzrə müqavilənin 2 saylı Əlavəsində nəzərdə tutulmuş “torpaq işləri”ni görməyi, cavabdeh dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 7.1.1-ci bəndində müqavilənin imzalandığı tarixdən bir il davam edəcəyi nəzərdə tutulmuşdur. Müqavilənin 17.1.1-ci bəndində qeyd edilmişdir ki, müqavilənin icrasından irəli gələn mübahisələri həll etmək üçün Azərbaycan Məhkəmələri səlahiyyətlidir.

2. Tərəflər arasında bağlanmış müqaviləyə xx.xx.2022-ci il tarixli məktubla xitam verilmiş (1-ci cild 236-cı vərəq), iddiaçı tərəfindən 2022-ci ilin avqust ayınadək görülmüş işlərlə bağlı tərəflər arasında 2022-ci ilin yanvar ayı üçün 1 saylı, 2022-ci ilin fevral ayı üçün 2 saylı, 2022-ci ilin mart ayı üçün 3 saylı, 2022-ci ilin aprel ayı üçün 4 saylı, may və iyun ayları üçün 5 saylı, iyul ayı üçün 6 saylı Forma 2 (hakediş) sənədi imzalanmışdır. Sonuncu Fprms 2 sənədində ödəniləcək ümumi məbləğ kəsintilərlə birgə 1.207.828,61 manat qeyd edilmişdir.

3. İddiaçı tərəfindən Cavabdeh Azərbaycan Respublikasındakı Filialına xx.xx.2021ci il tarixli, 2059-089 saylı müqavilə əsasında ödənilməsi üçün EBBS seriyalı, 034661 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə ( 389.894,36 manat), , EBCB seriyalı, 373473 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə (188.628,90 manat), EBCB seriyalı, 374295 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə (250.455 manat), EBCB seriyalı, 374351 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə (206.129,48 manat) EBCC seriyalı, 866515 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə (243.923,50 manat), EBCC seriyalı, 867278 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə (40.662,40 manat) təqdim edilmişdir.

4. xx.xx.2022-ci il tarixli 010AZ**********6 nömrəli ödəniş tapşırığı üzrə 200.000 manat (avans), xx.xx.2022-ci il tarixli 010AZ**********9 nömrəli ödəniş tapşırığı üzrə 127.118,64 manat, xx.xx.2022-ci il tarixli 010AZ**********3 nömrəli ödəniş tapşırığı üzrə 127.118,64 manat, xx.xx.2022-ci il tarixli 010AZ**********8 nömrəli ödəniş tapşırığı üzrə 152.149,44 manat, xx.xx.2022-ci il tarixli 010AZ**********5 nömrəli ödəniş tapşırığı üzrə 262.010,52 manat, xx.xx.2022-ci il tarixli 111OPX122271223D saylı ödəniş tapşırığı ilə 33629,11 manat, xx.xx.2022-ci il tarixli **********/500234520 saylı ödəniş tapşırığı ilə 124.213,77 manat, xx.xx.2022-ci il tarixli **********/510903837 saylı ödəniş tapşırığı ilə 15.562,55 manat, xx.xx.2022-ci il tarixli **********/513575907 saylı ödəniş tapşırığı ilə 15.562,55 manat Cavabdehnə məxsus bank hesabından iddiaçının “PaşaBank” bank hesabına köçürülmüşdür.

5. xx.xx.2022-ci il tarixli **********1635 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən 36.000 manat, xx.xx.2022-ci il tarixli **********762963 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən 22.881,36 manat, xx.xx.2022-ci il tarixli **********0614 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən 22.881,36 manat, xx.xx.2022-ci il tarixli **********9237 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən 27.386,9 manat, xx.xx.2022-ci il tarixli **********7162 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən 47.161,89 manat, xx.xx.2022-ci il tarixli **********741228 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən 6.053,24 manat, xx.xx.2022-ci il tarixli **********9835 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən 22.358,48 manat, xx.xx.2022-ci il tarixli **********954887 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən 2.801,26 manat, xx.xx.2022-ci il tarixli **********0295 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən 2.801,26 manat Cavabdeh Azərbaycan Respublikası Filialı tərəfindən İddiaçı ƏDV sub-uçot hesabına köçürülmüşdür.

6. "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı MMC tərəfindən yerinə yetirilmiş işlərin dəyəri 1.469.001 manat- 2.198.401 manat intervalındadır. İddiaçı MMC tərəfindən avqust-oktyabr aylarında həyata keçirilmiş boşdayanma səbəbindən ödənişlərin və mobilizasiya xərclərinin cəmi 424.991,622 manat təşkil edir. Torpaq işlərinin aparılmasının dayandırılmasına görə Cənub Nəqliyyat Layihə” MMC hər ay 849 min manat- 1298 min manat intervalında itkiyə məruz qalır.

7. Cavabdeh Azərbaycan Respublikasındakı Filialına İddiaçı MMC tərəfindən göndərilmiş pretenziya məktubunda üç gün müddətində 710.184 manat məbləğində borcun ödənilməsi tələb edilmişdir.

8. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2023-cü il tarixli **********663800 nömrəli çıxarışından məlum olur ki, ********** nömrəli vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti kimi qeydiyyata alınmışdır.

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı (İddiaçı MMC) (hazırkı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) (VÖEN: **********) Cavabdeh Azərbaycan Respublikasında Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mexanizmlə qazma işlərinə görə ******* manat və dolğu işlərinə görə 82280 manat olmaqla, ümumilikdə ******* (bir milyon beş yüz doxsan dörd min doqquz yüzəlli beş) manat, pul öhdəliyinin gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 66456 (altmış altı min dörd əlli altı) manat, mobilizasiya xərclərinə görə 488271 (dörd yüz səksən səkkiz min iki yüz yetmiş bir) manat, boş dayanma xərclərinə görə 531000 (beş yüz otuz bir min) manat, mütəxəssis rəyinə görə çəkilən xərcin əvəzi olaraq 3200 (üç min iki yüz) manat, vəkil xərcinin əvəzi olaraq 510 (beş yüz on) manat, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş rüsumunun əvəzi olaraq 410 (dörd yüz on) manat, dövlət rüsumunun əvəzi olaraq 2132,4 (iki min bir yüz otuz iki qırx qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh Azərbaycan Respublikasında Filialından tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh Azərbaycan Respublikasında Filialı arasında xx.xx.2021-ci il tarixli, 2059-089 nömrəli podrat müqaviləsi bаğlаnmışdır. Həmin müqaviləyə əsasən iddiaçı Əhmədbəyli-HoradizMincivan- X1 Tikinti Layihəsi üzrə müqavilənin tərkib hissəsi olan Əlavə 2-də müəyyən edilmiş işləri yerinə yetirməyi, cavabdeh isə iddiaçının gördüyü işin müqabilində Əlavə 2-də razılaşdırılmış dəyəri ödəməyi öhdəsinə götürmüşdür. Əlavə 2-də (Kəşf Xülasəsi, 2059-Tİ- 3 bölümü) müəyyən edilmiş icra edilməsi nəzərdə tutulan ümumi miqdarı 720000 m3 “normal zəmində qruntun qazılması və ərazidən uzaqlaşdırılması” işlərinin 90% hissəsi qranit-bazalt qaya tipli suxur birləşmələrdən təşkil edildiyi üçün iddiaçı tərəfindən miqdarı 249000 m3 görülmüş qazma işlərinin 90%-i mexanizmlə aparılmışdır. Müqavilənin Əlavə 2-yə (Kəşf Xülasəsi, 2059-Tİ-5 bölümü) əsasən isə “qaya tipli suxurlarda mexanizmlə qazma işlərinin aparılması və maşınlara yüklənməsi” işlərinin vahid qiyməti hər 1 m3 üçün 10 manat müəyyən edilmişdir. Lakin cavabdeh həmin işləri ”normal zəmində qruntun qazılması və ərazidən uzaqlaşdırılması” işləri kimi, vahid qiyməti hər 1m3 üçün 3.25 manat olmaqla dəyərləndirərək ödəmişdir. Bununla podratçıya edilən ödənişlərdə mexanizmlə qazma işlərinin dəyəri nəzərə alınmamışdır. Nəticə etibarı ilə cavabdeh iddiaçıya görülmüş, miqdarı 249000 m3 olan qazma işlərinin 90%, yəni 249000 m x 90% = 224100 m3 görə hər 1 m3 6.75 manat (10 - 3.25) hesablanaraq ******* (bir milyon beş yüz on iki min altı yüz yetmiş beş) manat borcu yaranmışdır. Bundan başqa, müqavilə ilə müəyyən edilmiş dolğu işləri (Əlavə 2, Kəşf Xülasəsinin 2059-Tİ-7 və 2059-Tİ8 nömrəli hissələr) çətin relyefli ərazilərdə aparılmışdır. Podratçı tərəfindən qazmadan dolğuya qaya tipli material ilə birinci və ikinci laylarla 25317 m3 -dən artıq dolğu işləri görülmüşdür. Lakin şirkət həmin işləri qaya tipli materialın dolğusu işləri kimi dəyərləndirmiş və hər 1 m 5.25 manat hesablayaraq, 5.25 manat x 25.317 m3 = 132914,25 manat ödəmişdir. Halbuki, bu işlər müqavilənin Əlavə 2 əsasən dolğuda qazma işləri kimi dəyərləndirilməli və hər 1 m3 üçün 8.50 (5.25+3.25) manat hesablanaraq 215194,5 manat ödəniş edilməli idi. Nəticə etibarı ilə (215194,5-132914,25=82280) 82280 (səksən iki min iki yüz səksən) manat borc yaranmışdır. Digər tərəfdən cavabdeh üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməmiş və 10 aydır ki, pul məbləğinin ödənilməsini gecikdirmişdir. Belə olan halda, mülki qanunvericiliyin müddəalarına əsasən (AR MM 445- ci maddə) (1512675+82280) = ******* pul vəsaitlərinin 10 ay müddətində qaytarılmamasına illik 5% olmaqla 66456 manat pul tutulmalıdır. Bundan əlavə, podrat müqaviləsinin 16-cı bəndinə əsasən cavabdeh işlərin icrasını dayandırdığı halda iddiaçıya mobilizasiya və boşdayanma xərclərini ödəmək öhdəliyini götürmüşdür. Cavabdeh heç bir əsas gətirilmədən 2022-ci ilin avqust ayından iddiaçıya müqavilə ilə müəyyən edilmiş bütün işlərin dayandırılmasını bildirmişdir. Müqavilənin qüvvədə olmasına baxmayaraq, cavabdehin təşəbbüsü ilə iddiaçı sahədə işlərin icrasını dayandırmışdır. Nəticə etibarı ilə iddiaçı itkilərə məruz qalaraq ziyanla qarşılaşmışdır.

11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-320/2023 nömrəli qətnaməsi ilə (hakim Zeynəb Axundova) iddia rədd edilmişdir.

12. Məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, İddiaçı və Cavabdeh arasında bağlanmış podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Həmin müqavilə və ona əlavələrdə görüləcək işlər və həmin işlərə uyğun ödəmələr tərəflər arasında əvvəlcədən razılaşdırılmışdır. İşlər görülmüş, görülmüş işlərə dair hesab-fakturalar tərtib edilmiş, müvafiq ödənişlər edilmişdir.

13. Məhkəmə iddiaçı tərəfindən təqdim edilən "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyinə münasibətdə qeyd etmişdir ki, rəy çəkişmə prinsipinə əməl edilmədən birtərəfli qaydada verildiyinə, mübahisəli olduğuna görə həmin rəy mötəbər sübut kimi qəbul oluna bilməz.

14. Məhkəmə iddianın mexanizmlə qazma işlərinə görə ümumilkdə 1.594.955 manat pul məbləğinin cavabdehdən tutulmasına münasibətdə qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi hallarla bağlı məhkəməyə sübutlar təqdim edə bilməmiş, bundan başqa, məhkəməyə təqdim edilmiş “hakediş raporu” və “hakediş icmalı” sənədlərində iddiaçının qeyd etdiyi işlər üzrə hə rhansı işlərin görülməsi öz təsdiqini tapmamış, iddiaçı tərəfin vəsatətinə uyğun olaraq, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert vəsatətində ekspertizanın keçirilməsi üçün zəruri hesab olunan sənədlərin təqdim edilməsini təklif edilsə də, həmin sənədlər təqdim edilməmişdir.

15. Pul öhdəliyinin gecikdirilməsi üçün illik 5% olmaqla 66.456 manatın tutulmasına münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdehin iddiaçı qarşısında hər-hansı icra edilməmiş öhdəliyinin olması öz təsdiqini tapmadığından iddia tələbi həmin hissədə də təmin olunmamalıdır.

16. Məhkəmə iddianın mobilizasiya xərclərinə görə 488.271 manat, boşdayanma xərclərinə görə 531.000 manat pulun cavadehdən tutulmasını hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı həmin hissədə də iddiasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

17. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-320/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılaraq iddianın təmin edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslanmışdır ki, iddiaçı tərəfindən məhkəmə qətnaməsində qeyd olunan müqavilələr üzrə nəzərdə tutulan işlər icra edilmiş, lakin cavabdeh tərəfindən müqavilə öhdəlikləri ilə nəzərdə tutulmuş muzd ödənilməmişdir. Məhkəmə araşdırması zamanı bu fakt qiymətləndirilməmişdir. Belə ki, cavabdeh tərəfindən borc məbləğlərinin hansı qaydada ödənildiyi, həqiqətən də məbləğlərin müqavilə öhdəliklərinə əsasən düzgün olub-olmaması faktı aydınlaşdırılmamışdır. Bakı Kommersiya Məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, mübahisəni həll edərkən maddi hüquq normalarını düzgün tətbiq etməməklə yanaşı ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipləri pozmuşdur. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir. Bakı Kommersiya Məhkəməsinin qərarı bizim Konstitusiya və qanunlarla qorunan hüquqlarımızı pozmaqla yanaşı bərabərlik prinsipinə riayət etmədən qərar qəbul edilmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. İddiaçının nümayəndələri əvvəlki məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş, iş üzrə ekspertiza keçirilməsi barədə vəsatət vermişlər. 20 Cavabdehin nümayəndələri məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təsdiq edilmiş forma 2-lər üzrə iddiaçıya ödənişin tam həyata keçirildiyini, görülmüş işlərin dəyərinin hər iki tərəfin təsdiq etdiyi forma 2-lər üzrə razılaşdırıldığını, bu səbəbdən həmin işlərin dəyərinin yenidən hesablanması üçün ekspertiza keçirilməsinin əsassız olduğunu göstərmişlər.

21. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddə- öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 752.1-ci maddə- podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddə- əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 753.1-ci maddə- sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 759.1-ci maddə-sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 398.1-ci maddə-müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 398.2-ci maddə-müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir. 398.3-cü maddə-əvəzli müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilə şərtlərinə əsasən müəyyənləşdirilə bilməzsə, müqavilənin icrası üçün pul müqayisəyə gələ bilən hallarda oxşar mallar, işlər və ya xidmətlər üçün adətən alınan qiymət üzrə ödənilməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1-ci maddə-hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddə-qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

22. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

23. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-320/2023 qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Hazırkı kommersiya mübahisəsi üzrə cavabdeh tərəf xarici hüquqi şəxs olduğu üçün mübahisə xarici elementi olduğundan məhkəmə əvvəlcə mübahisənin Azərbaycan Respublikası məhkəməsinin yurisdiksiyasına aid olub-olmaması, hansı ölkənin hüququnun mübahisəyə tətbiqi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Cavabdeh Türkiyə Respublikasının hüquqi şəxsi olan Cavabdeh Azərbaycan Respublikasında filialı olduğundan və tərəflər arasında bağlanmış podrat müqaviləsinin 17.1.1-ci bəndində müqavilənin icrasından irəli gələn mübahisələri həll etmək Azərbaycan Respublikasının məhkəmələrinin səlahiyyətinə aid edildiyindən Bakı Kommersiya Məhkəməsi işə baxmağa haqlı olmuşdur.

25. Eyni zamanda mübahisə üzrə tətbiq edilmiş hüquq düzgün seçilmişdir. Belə ki, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanunun 25.1-ci maddəsinə əsasən müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə aşağıda göstərilən tərəflərin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir: 25.1.6. podrat müqaviləsində - podratçının. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilənin 3.1.1-ci bəndində müqavilənin Azərbaycan Respublikası qanunları ilə tənzimlənəcəyi nəzərdə tutulmuşdur.

26. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci tarixli, 2059-089 nömrəli podrat müqaviləsi əsasında “Əhmədbəyli-Horadiz-Mincivan-X1 tikintisi” layihəsi üzrə (sifarişçi "xxxx" ASC) subpodrtaçı olaraq iddiaçı tərəfindən qazma işləri görülmüş, görülmüş işlərin dəyəri tərəflər arasında hər iki tərəfin təsdiq etdiyi 6 ədəd forma 2 (hakediş sənədləri) üzrə təqdim edilmiş elektron qaimələr üzrə ödənilmişdir.

27. İddiaçı pretenziya məktubunda yerinə yetirilmiş 224250 m3 qazma işlərinin 28 faizinin mexanizmlə aparıldığını, belə olan halda təhvil verilmiş işlərin vahidinin 3,25 manatla deyil, 10 manatla hesablanmalı olduğunu, bundan əlavə dolğu işləri çətin relyefli ərazilərdə aparıldığı üçün qazı işləri kimi qiymətləndirilməli, hər m2 üçün 8,50 manat ödəniş edilməli olduğunu qeyd etmişdir. Məktubda cavabdehdən ümumilikdə 710184 manat əlavə ödəniş tələb edilmişdir. İddia ərizəsində isə iddiaçı yerinə yetirilmiş 249000 m3 qazma işlərinin 90 faizinin mexanizmlə aparıldığını göstərərək bu işlərə görə 1.512.675 manat əlavə ödəniş, qaya tipli materialın dolğusu kimi qiymətləndirilmiş dolğuda qazma işlərinə görə isə əlavə 82280 manat ödəniş həyata keçirilməli olduğunu göstərmişdir. Pretenziya məktubu ilə iddia ərizəsindəki rəqəmlərin uyğunsuzluğunun səbəbi ərizədə qeyd edilməmişdir.

28. İddiaçı həm birinci instansiya məhkəməsinə, həm də işə apellyasiya qaydasında cavabdehə təhvil verilmiş işlərin hansı hissəsinin mexanizmlə görüldüyünün və dolğu işlərinin hansı zəmində görüldüyünün müəyyənləşdirilməsi üçün iş üzrə ekspertiza təyin edilməsi barədə vəsatət vermişdir. MPM-nin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, iddiaçının görülmüş işlərin dəyərinin ekspertiza təyin edilməklə yenidən hesablanması və əlavə ödəniş tələbi əsassızdır. Belə ki, “Əhmədbəyli-Horadiz-Mincivan-X1 tikintisi” layihəsinin “torpaq işləri” Əlavə-2 cədvəldən məlum olur ki, ərazinin təmizlənməsi işi üzrə hər kv.m üçün 0.2 manat, bitki qatının çıxarılması h=20 sm və təkrar istifadə edilməsi üçün ehtiyat saxlanması işi üzrə hər m3 üzrə 1,75 manat, normal zəmində qruntun qazılması və ərazidən uzaqlaşdırması işi üzrə hər m3 üzrə 3,25 manat, qaya tipli süxurların partladılması və maşınlara yüklənməsi hər m3 üzrə 6,5 manat, qaya ipli süxurlarda mexanizmlə qazma işlərinin aparılması və maşınlara yüklənməsi hər m3 üzrə 10 manat, qruntun ocaqdan qazılması, nəqliyyat, dolğu yerinə lay-lay yayılması, 10% su əlavə edilməklə qruntun isladılması və kipləşdirilməsi (ocaqdan) hər m3 üzrə 5,50 manat, qruntun qazmadan qazılması, nəqliyyat, yararlı hissəsinin ehtiyata (stoka) yığılması, ehtiyatdan dolğu yerinə lay-lay yayılması, 10% su əlavə edilməklə qruntun isladılması və kipləşdirilməsi (kazıdan) hər m3 üzrə 5,25 manat olmaqla, ümumilikdə 4.882.709,49 manat razılaşdırılmışdır.(1-Cİ CİLD 167—ci vərəq). Hazırkı halda tərəflər arasında təsdiq edilmiş forma 2 aktlarına əlavələrdə (hakediş icmalı) iddiaçının gördüyü işlərin hansı üsulla, hansı zəmində (normal və ya qaya tipli süxurlarda), neçə kv.metr ərazidə aparıldığı və həmin işlərə görə ödəniləcək məbləğ hər iki tərəfin səlahiyyətli şəxslərinin imzası ilə təsdiq edilmiş və dəyəri ödənilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi əgər qazma işləri mexanizmlərdən istifadə edilməklə həyata keçirilmişdisə forma2 aktlarında hansı səbəbdən qiymətin az göstərilməsinə məntiqli izah verə bilməmiş, buna məcbur olduqlarını bildirsə də, bu məcburiyyətin səbəbini göstərə bilməmişdir.

30. Məhkəmə kollegiyası iddiaçı tərəfindən görülmüş işlərin həcmi və dəyəri, o cümlədən hansı üsulla görülməsi barədə işdə sübutlar (forma 2 aktları)_olduğunu nəzərə alaraq iş həcminin və görülmüş işin dəyərinin yenidən hesablanması üçün iş üzrə ekspertiza təyin edilməsi barədə iddiaçının vəsatətini əsassız hesab etmişdir.

31. İddiaçının sübut qismində təqdim etdiyi "xxxx" MMC-nin mütəxəssis rəyində iddiaçı tərəfindən görülmüş işin həcmi iddiaçı tərəfindən təqdim edilmiş məlumatlar əsasında hesablandığından məhkəmə tərəfindən düzgün olaraq sübut kimi qəbul edilməmişdir. Hazırda görülmüş işlərin qiyməti ilə bağlı tərəflər arasında razılaşdırılmış smeta olduğundan MM-nin 398.1-ci maddəsinin tələbinə əsasən bu işlərin dəyərinin bazar qiymətinə uyğunluğunun müəyyənləşdirilməsinə zərurət olmamışdır. İkincisi, mütəxəssisin öz rəyindəki hesablamaları hansı sübutlar əsasında həyata keçirdiyi (məsələn mobilizasiya xərclərini) rəydən aydın görünmür. Mobilizasiya xərcləri ilə bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən iddianın həmin hissədə rədd edilməsi də qanuni və əsaslıdır.

32. İddiaçının boşdayanmaya görə tələb etdiyi ödənişlə bağlı məhkəmə qeyd edir ki, həmin ödəniş sifarişçi tərəfindən müqavilənin vaxtından əvvəl ləğvi ilə əlaqədar zərər olaraq tələb edilsə də işlərin avqust ayında məhz cavabdehin göstərişi ilə dayandırıldığına dair iş materiallarında hər hansı sübut mövcud deyil. Lakin, hətta bu sübut edilmiş olsaydı belə, iddiaçı tərəfindən boşdayanmaya dair çəkilmiş xərclərlə bağlı sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia bu hissədə də əsassız hesab edilir.

33. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 320/2023 qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-320/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar