Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-903/2022 14.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh “REN X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “avansın qaytarılması” tələbinə dair Açar söz: borcun ödənilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə3, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, e- 2-2(113)-1967/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları 1.İddiaçı QSC (əvvəlki adı Sentra MMC) (sifarişçi) ilə “REN X1” MMC (icraçı) arasında 13 yanvar 2017-ci il tarixdə podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən icraçı “acces” control sisteminin quraşdırılması, informasiya texnologiyalarına aid digər xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Müqavilənin ümumi qiyməti 50.000 ABŞ dolları müəyyən edilmiş, 6.2-ci bənddə 30.000 ABŞ dolları ilkin ödəniş olaraq nəzərdə tutulmuşdur. Məhkəmə iclasında qeyd edilən işin mahiyyətinin Neft və Sənaye Universitetinin (keçmiş Neft Akademiyası) binasına kartla giriş-çıxış sistemin quraşdırılmasından ibarət olduğu müəyyən olunmuşdur. İşdəki 18.0.2017-ci il tarixli kassa məxaric orderindən görünür ki, işin görülməsinə görə avans şəkilində “REN X1” MMC-nə xx.xx.2017-ci il tarixdə 30.000 ABŞ dolları məbləğində pul verilmişdir.
2. Tərəflər arasında bağlanmış 13 yanvar 2017-ci il tarixli müqavilənin 5.1-ci bəndindən görünür ki, müqavilənin müddəti 1 il yəni 13 yanvar 2018-ci il tarixinə kimi müəyyən edilmişdir.
3. İşin hallarından görünür ki, cavabdeh müqavilə üzrə öhdəliyini razılaşdırılmış müddətdə yerinə yetirə bilmədiyindən sifarişçi müqavilədən imtina edərək avansın qaytarılmasını tələb etmişdir. 4.İşin mübahisəsiz halıdır ki, 30.000 ABŞ dolları (51.000 manat) avans məbləğindən 22.500 manat geri qaytarılmışdır. İddiaçı qalan 28.500 manatı cavabdehdən tələb edir. Cavabdehin nümayəndəsi isə sifarişçi ilə olan şifahi razılaşmaya əsasən işin bir hissəsi icra edildiyindən qalan məbləğin qaytarılmalı olmadığını bildirir.
5. Cavabdeh “REN X1” MMC-nin xx.xx.2018-ci il tarixdə iddiaçıya ünvanlanmış “İzahat” adlı məktubunda qeyd edilmişdir ki, “xx.xx.2017-ci il tarixli müqavilə əsasında avadanlığın bir qismi obyektdə quraşdırılmış, proqram təminatı ilə bağlı işlər tamamlanmamışdır. Bu problemlə əlaqədar sifarişçi işləri dayandıraraq ödəməni geri istəyib. 30.000 ABŞ dolları avansdan 10.000 manat məbləğində pul xx.xx.2018-ci il tarixdə nağd olaraq qaytarılmış, geridə qalan ödəmə bank yoluyla həyata keçiriləcəkdir.”
6. xx.xx.2022-ci il tarixindən İddiaçı QSC tərəfindən “REN X1” MMC-yə mediasiya prosesinin tətbiqi barədə təklif məktubu göndərilmişdir.
Birinci instansiya məhkəməsində icraat 7 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdeh “REN X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “REN X1” MMC-dən 29.925 manat məbləğində borcun tutularaq İddiaçı QSC-yə ödənilməsi və 13 yanvar 2017ci il tarixli 156 nömrəli podrat müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC (əvvəlki adı İddiaçı MMC) ilə cavabdeh “REN X1” MMC arasında 13 yanvar 2017-ci il tarixli 156 nömrəli podrat müqaviləsi bağlanmışdır. “REN X1” MMC-nə xidmət göstərməsi üçün əvvəlcədən avans ödənilmişdir. Müqavilənin 3.2.7-ci maddəsinə əsasən icraçı, müqavilə ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımi qaydada icra edilməsini və onların pozulmasına yol verilməməsini öhdəsinə götürür. Lakin “REN X1” MMC müqavilə öhdəliyini yerinə yetirə bilməmişdir. Beləliklə illər ərzində borcun 22.500 manatını ödəmişdir. Dəfələrlə müraciət etməklərinə baxmayaraq cavabdeh borcun ödənilməsini təmin etməmişdir. İddiaçı avansın ödənilməmiş 28500 manat məbləğində hissəsinin, MM-nin 449.1-ci maddəsinə əsasən illik 5 %-lə 1425 manat əldən çıxmış faydanın ödənilməsini xahiş etmişdir.
9. Cavabdeh tərəfindən məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edilərək xx.xx.2018-ci il tarixədək qüvvədə olmuş müqavilə üzrə iddia müddəti bitdiyindən iddianın rədd edilməsi xahiş edilmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1967/2022 saylı qətnaməsi ilə (hakim Kənan Hüseynov) iddia rədd edilmişdir.
11. Məhkəmə cavabdehin ərizəsini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Məhkəmə qeyd etmişdir ki, iddia müddətinin axımı cavabdeh tərəfindən avans məbləğinin bir hissəsinin qaytarıldığı xx.xx.2018-ci il tarixdə başlamış, xx.xx.2021-ci il tarixdə bitmişdir. İddiaçı tərəf mübahisə ilə bağlı mediasiya təşkilatına xx.xx.2022-ci il tarixdə, məhkəməyə isə iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə müraciət etdiyindən MM-nin 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik müddəti ötürmüşdür.
12. Məhkəmə həmçinin qeyd edir ki, müqavilədə “müqavilənin “müqavilənin müddəti bildikdən sonra 10 iş günü ərzində tərəflərdən heç birinin müqavilənin ləğv edilməsi təşəbbüsü ilə çıxış etmədikdə müqavilə eyni şərtlərlə və müddətə uzadılmış hesab edilir bəndi” müqavilənin qeyri-müəyyən müddətə bağlanmış olması kimi qəbul edilə bilməz, çünkü müddət hüquqi anlayış kimi özündə həmişə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir, həmin maddəyə görə “müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər”.
13. Tərəflər arasında qarşılıqlı etimada əsaslanan müqavilə münasibətləri artıq 2018-ci ilin yanvar ayından mövcud olmadığından və tərəflər arasında müqavilə münasibətlərinin davam etdirilməsi ilə bağlı hər hansı bir hərəkət edilmədiyindən mövcud olmayan müqavilənin ləğv edilməsi barədə iddiaçının tələbi təmin edilə bilməz.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022 tarixli, e-2-2(113)- 1967/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə “REN X1” MMC arasında xx.xx.2017- ci il tarixdə 1 illik müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə əsasən tərəflər müqavilənin ləğvini (yazılı) tələb etməsələr müqavilə növbəti eyni şərtlərlə eyni müddətə uzadılmış hesab edilir. Cavabdeh pretenziyanı aldıqdan sonra iddiaçı ilə danışıqlar apararaq müqavilənin bitdiyi tarixə xx.xx.2019-cu il tarixə bütün öhdəliklərini icra edəcəyini vəd etmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixdə 10.000 manatı, xx.xx.2018-ci il tarixdə növbəti dəfə 10.000 manatı, xx.xx.2019-cu il tarixdə isə 2500 manatı qaytardı və işi icra edə bilməyəcəyini bildirdi. Vəsaitin qalanını dövlət sifarişi icra etdiyini və ödənişi alan kimi ödəyəcəyini bildirmişdir. Lakin həmin vaxtdan hər dəfə əlaqə saxlayanda pandemiyanı bəhanə edərək maliyyə vəziyyətinin pis olduğunu bildirmiş işə başlayan kimi ödəyəcəyini bildirmişdir. Hətta xx.xx.2022-ci il tarixdə mediyasiya prosesinə başlayanda belə ödəniş üçün ona vaxt verilməsini, məhkəməyə müraciət edilməməsini xahiş etmişdir. Göründüyü kimi, məhkəmə 30.000 ABŞ dolları ödəniş edildiyini, lakin iddia tələbinin isə 29.925 manat olmasının səbəblərini belə araşdırmamışdır. Kollegiyanın diqqətinə çatdırırıq ki, müqavilənin müddəti xx.xx.2019-cu il tarixdə (həmin gün bazar günü olduğundan xx.xx.2019-da) bitdiyindən 3 illik müddət xx.xx.2022-ci il tarixdə başa çatmışdı. Mediyasiya prosesi xx.xx.2022-ci il tarixdə başlamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iştirak edərək apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
18. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi; 759.2-ci maddə-əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 421.1-ci maddə-müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddə-tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddə-müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
372.1-ci maddə- başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddə- hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddə- müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddə- məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddə-iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 380.1-ci maddə-müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu 35.1-ci maddə-mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 372.2-ci maddə-yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
19. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
20. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1967/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
21. İşin məhkəmə tərəfindən müəyyənləşdirilmiş mübahisəsiz hallarından görünür ki, tərəflər arasında 13 yanvar 2017-ci il tarixdə Bakı Ali Neft Məktəbində elektron davamiyyət sisteminin quraşdırılması üçün podrat müqaviləsi bağlanmış, müqavilə şərtlərinə uyğun olaraq cavabdehə 30.000 ABŞ dolları avans ödənilmiş, cavabdeh iddiaçı tərəfindən sifariş verilmiş işləri razılaşdırılmış müddət ərzində icra etmədiyindən sifarişçi müqavilədən imtina edərək ödənilmiş avansın geri qaytarılmasını tələb etmiş, avans məbləğinin 22500 manat hissəsi qaytarılmış, qalan məbləğ qaytarılmamışdır.
22. İddiaçının hazırda irəli sürdüyü tələb 2 hissədən ibarətdir: tərəflər arasında bağlanmış podrat müqaviləsinin ləğv edilməsi və cavabdehdən ödənilməmiş avans məbləğindən 28500 manat borcun tutulması.
23. Məhkəmə kollegiyası iddia tələblərinin rədd edilməli olduğuna dair birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni aşağıdakılara əsasən qanuni və əsaslı hesab edir.
24. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 13 yanvar 2017-ci il tarixli 156 nömrəli podrat müqaviləsi hazırda qüvvədə deyil. Belə ki, müqavilənin 5.1-ci bəndində onun bir il müddətinə bağlandığı qeyd edilsə də, işin hallarından görünür ki, podratçı tərəfindən müqavilə üzrə öhdəlik icra edilmədiyindən sifarişçi müqaviləni ləğv edərək ödənilmiş avans məbləğinin geri qaytarılmasını tələb etmişdir. Avans məbləğinin qismən qaytarılması MM-nin 421.1-ci maddəsinə əsasən tərəflərin qarşılığı razılığı əsasında podrat müqaviləsinin ləğv edildiyini təsdiq edir.
25. Məhkəmə kollegiyası iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair də birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. MMnin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il olduğundan iddiaçı podrat müqaviləsi üzrə ödənilmiş avans məbləğinin geri qaytarılması barədə iddianı müqavilənin ləğv edildiyi tarixdən 3 il ərzində irəli sürə bilərdi.
26. İş materiallarında müqavilənin hansı tarixdə ləğv edildiyi barədə hər hansı sübut olmadığından məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia müddəti avans məbləğinin bir hissəsinin geri qaytarıldığı xx.xx.2018-ci il tarixdə başlamış, xx.xx.2021-ci il tarixdə bitmişdir. İddiaçı həmin müddət bitdikdən sonra 2022-ci ilin yanvar ayında mediasiya prosesinin başlanması üçün müraciət etdiyindən qanunla nəzərdə tutulmuş üç illik iddia müddətini ötürmüşdür.
27. İddiaçının apellyasiya şikayətinə əlavə etdiyi iddia müddətinin axımının kəsildiyini təsdiq etmək üçün kassa mədaxil orderləri birinci instansiya məhkəməsinə təqdim edilmədiyindən və iddiaçı həmin sübutların apellyasiya instansiyası mərhələsində qəbul edilməsi üçün qanuni əsasların mövcudluğunu sübut etmədiyindən məhkəmə tərəfindən qəbul edilmir. İddiaçının nümayəndəsi işə birinci instansiya məhkəməsində baxılarkən xx.xx.2022-ci il tarixli məhkəmə iclasında 22500 manat pulun qaytarılması barədə mühasibatlıqda rəsmi sənəd olmadığını göstərmişdir.
28. İşə baxmış məhkəmə tərəfindən hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verilmədiyindən, mübahisə işin faktiki hallarına uyğun olaraq düzgün həll edildiyindən mübahisələndirilən qətnamənin ləğv edilməsi üçün əsaslar müəyyən edilmir.
29. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 1967/2022 2022 qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı QSC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1967/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.