Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-906/2024 27.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC nin cavabdeh İddiaçı MMC-yə qarşı kommersiya işi Açar söz: xidmət müqaviləsi, işgüzar nüfuz Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, ilk iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İlkin iddia üzrə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1138/2024 nömrəli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 49 saylı xidmət müqaviləsinə əsasən: 10. Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı Sifarişçiyə Sosial Media Marketinq xidmətlərini (bundan sonra "Xidmətlər") həyata keçirəcək. Sifarişçi isə İcraçıya bu Xidmətlərin müqabilində xidmət haqqı ödəyəcəkdir. 1.1. Müqavilənin 1.2-ci bəndinə əsasən İcraçı Sifarişçiyə Sosial Media Marketinq xidmətləri (bundan sonra "Xidmətlər") çərçivəsində aşağıdakıları həyata keçirəcəkdir: Sifarişçi üçün şəxsi səhifənin yaradılması və / və ya idarə edilməsi; Marketinq planının və mərhələli şəkildə həyata keçirilməsinin metodlarının işlənib hazırlanması; Sifarişçiyə məxsus xüsusi üslubunuzun (Çərçivə, Font-Şrift və .s.) yaradılması; Sifarişçinin fəaliyyətinə uyğun olaraq, sosial şəbəkələrdə (İnstagram) məqalənin yazılması və məqaləyə uyğun şəkil(lər)in dizayn edilməsi (ayda 16 dəfə); Müsabiqələrin və səhmlərin keçirilməsi (ayda 2 dəfə); Sifarişçinin fəaliyyətinə uyğun olaraq, sosial şəbəkələrdə (İnstagram) ayda 20-25 storis dizayn edilməsi; Hədəflənmiş reklam qurğusu (1 reklam kampaniyası (inst) 2 kreativ ilə); İnfluenser Marketinq- Blogerlərlə Reklam; Professional foto və video çəkiliş (ayda 1 dəfə) 1.2. Müqavilənin 2.1-ci bəndinə əsasən Bu Müqavilə üzrə aylıq xidmət haqqı müqavilənin ayrılmaz hissəsi olan qiymətlərin razılaşdırılması protokoluna əsasən müvafiq surətdə müəyyən olunur. 1.3. Müqavilənin 2.2-ci bəndinə əsasən Aylıq xidmət haqqı hər ay İcraçının təqdim etdiyi hesab-faktura əsasında avans olaraq ödənilir. 1.4. Müqavilənin 3.1-ci bəndinə əsasən İcraçının hüquq və vəzifələri:- Xidmətləri peşəkar səviyyədə və vaxtında yerinə yetirmək;- Xidmətin göstərilməsi ilə əlaqədar Sifarişçinin sorğusu olarsa, ona lazımi və dolğun məlumat vermək;- Xidmətlərə görə Müştəridən ödənilməli olan xidmət haqqını tələb etmək. 1.5. Müqavilənin 3.2-ci bəndinə əsasən Sifarişçinin hüquq və vəzifələri:- Sifarişçinin İcraçıdan bu Müqavilə üzrə öhdəliklərini vaxtında, peşəkar səviyyədə, keyfiyyətlə və düzgün yerinə yetirilməsini tələb etmək;- icraçı tərəfindən texniki tələblərə uyğun olaraq yerinə yetirilmiş, Sifarişçinin tələblərinə cavab verən Xidmətlərin nəticələrini qəbul etmək və Xidmətlərin dəyərini razılaşdırılmış vaxtda ödəmək. 1.6. Müqavilənin 8.1-ci bəndinə əsasən müqavilə imzalandığı andan hüquqi qüvvəyə minir və 1 il müddətində etibarlıdır.
2. 01 saylı qiymətlərin razılaşdırılması protokoluna əsasən müqavilə üzrə göstəriləcək xidmətin dəyəri 7100 manat, ƏDV məbləği- 1278 manat, yekun olaraq 8378 manat müəyyən edilmiş və protokol yalnız icraçının möhürü və imzası ilətəsdiqlənmişdir.
3. xx.xx.2023-cü il tarixli, 01/23 saylı hesab fakturaya əsaəsn 02 iyun-02 iyul tarixlərində göstərilmiş SMM xidmətin məbləği 8378 manat və xx.xx.2023-cü il tarixli 01/23 saylı hesab fakturaya əsasən xx.xx.2023-xx.xx.2023-cü tarixləri əhatə edən SMM xidmətlərinin göstərilməsi üçün 4012 manat avans ödənilməsi nəzərdə tutulmuşdur.
4. xx.xx.2023-cü il tarixli 001X0H********** saylı ödəniş tapşırığına əsasən 01/23 hesab-fakturaya əsasən 3400 manat, 001BUDG231590157 saylı ödəniş tapşırığına əsasən 612 manat İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə avans ödənişləri edilmişdir.
5. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 6372 manat məbləğində xx.xx.2023cü il tarixli, EBDK875424 saylı e-qaimə göndərilmişdir.
6. Birinci instansiya məhkəməsində icraat
7. İlkin iddia üzrə İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Arteast Group " MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cii il tarixli 49 saylı müqaviləyə əsasən xidmət göstərilməsi barədə öhdəliklər cavabdeh tərəfindən yerinə yetirilmədiyindən ödənilmiş 4012 manat əsas vəsait və 60 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq, "xxxx" MMC-yə verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sifarişçi İddiaçı MMC ilə “İcraçı” Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, 49 saylı “SMM” xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanmış və dərhal icrasına başlanmışdır. İddiaçı MMC tərəfindən müqavilə öhdəlikləri lazımı qaydada yerinə yetirildiyi halda Cavabdeh MMC tərəfindən müqavilədə nəzərdə tutulan xidmətlər lazımı səviyyədə göstərilməmişdir. Bu səbəbdən "xxxx" MMC xeyli müştərilərini itirmiş və külli miqdarda ziyanla qarşılaşmışdır. Halbuki həmin müqavilənin 3.1-ci maddəsinə görə İcraçı xidmətləri peşəkar səviyyədə və lazımı vaxtda yerinə yetirmək barədə üzərinə öhdəlik götürmüşdür. İş materiallarına əlavə edilmiş dekabr 2023-cii il tarixli xəbərdarlıq-pretenziya məktubundan göründüyü kimi cavabdehə müqavilə öhdəliklərinin yerinə yetirilməsi barədə sonuncu müddət verilməklə məlumatlandırılmışdır. Amma heç bir nəticə olmamışdır. Daha sonra Mediasıya prosesi keçirilmiş və hər hansı razılıq əldə olunmamışdır. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cii il tarixli 49 saylı "SMM xidmətlərinin göstərilməsinə dair" müqavilə öhdəlikləri cavabdeh tərəfindən yerinə yetirilmədiyindən ödənilmiş 4012 manat vəsait geri qaytarılmalıdır.
9. Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, habelə müqavilə üzrə 4366 manat əsas borc məbləği, 197,3 manat faiz borc məbləği, 10000 manat işgüzar nüfuzun ləkələnməsinə görə vurulmuş zərərin əvəzi olmaqla cəmi 14563,3 manat məbləğin, 300 manat vəkilə ödənilən xidmət haqqının, 133,69 manat qarşılıqlı iddia üçün dövlət rüsumu, 13,37 manat müvəqqəti təminat haqqında ərizə üçün dövlət rüsumu məbləğinin "xxxx" MMC-dən tutulub Cavabdeh MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli, 49 saylı “SMM" xidmətlərinin göstərilməsi barədə müqavilə (bundan sonra “Müqavilə”) bağlanmışdır. Daha sonra İddiaçı öz öhdəliklərini yerinə yetirməsinə baxmayaraq Cavabdeh tərəfindən iddiaçının müqavilə üzrə öhdəliklərinin yetirilməməsi əsası və edilən ödənişin – 4012 manatın geri qaytarılması ilə bağlı 08 dekabr 2023-cü il tarixi ilə pretenziya və mediasiya təklifi göndərmiş, ardınca cavabdeh Bakı şəhər Kommersiya Məhkəməsinə (bundan sonra Məhkəmə) iddiaçının müqavilə öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Müqaviləyə uyğun olaraq iddiaçı tərəfindən SMM xidmətləri göstərilmiş, belə ki 9 iyun-9 iyul 2023-cü il tarixləri arasındakı müddət ərzində ARTEAST GROUP MMC tərəfindən aşağıdakı işlər görülmüşdür: − “ADA” restoranı üçün 8-i post, 3-ü rils olmaqla ümumilikdə 11 post, 102 storilər hazırlanmış və 953-dən çox yeni abunəçi qazandırmışlar, − “Poseidon” restoranı üçün 7 post 9 rils olmaqla ümumilikdə 16 post, 110 storislər hazırlanmış, üstəlik səhifəyə 55 yeni abunəçi qazandırmış, − “Royal Palm” restoranı üçün 10 post, 12 rils olmaqla ümumilikdə 22 post və 142 storislər hazırlanıb paylaşılmış və səhifəyə 754 yeni abunəçi qazandırmış − “Event Hall” üçün 3 post, 5 rils olmaqla ümumilikdə 8 post, 38 storislər hazırlanıb paylaşılmış, səhifəyə 274 yeni abunəçi qazandırmış, − “X3 & Residence” üçün 4 post, 4 rils olmaqla ümumilikdə 8, 38 storislər hazırlanıb paylaşılmış, səhifəyə 1058 yeni abunəçi, − “Green Estate” üçün 3 post 1 rils olmaqla ümumilikdə 4 post, 14 storislər, 26 yeni abunəçi, − “Fitness & Spa” üçün ümumilikdə 6 post 1 rils olmaqla ümumilikdə 7 post, 22 storislər, səhifəyə 178 yeni abunəçi qazandırmışlar. Bunlardan əlavə foto və video üçün 8 çəkiliş günü olmuşdur, bu çəkiliş günləri “ADA” Restoranının səhər yeməyini, 8-9 iyul tarixlərində Royal Palm, X4, “Fitness&Spa”, “Poseidon” restoranında nahar yeməyini və Sunrise-ın 27 iyun açılışı ilə bağlı çəkilişləri əhatə edilmişdir. Əlavə olaraq isə “Restoran Poseidon” üçün dəvətnamələr hazırlanmış, “Brand Wall” üçün ümumi işləri, “Brend Wall” üçün 2 düzəliş və “Royal Palm” üçün ziyafət menyusu üzərində iddiaçı tərəfindən işlər görülmüşdür. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam, vicdanla həyata keçirildiyinə baxmayaraq Cavabdeh Müqavilə üzrə öhdəliyini tam yerinə yetirməmiş, müqaviləyə dair Qiymətləri razılaşdırılması protokolu №01-ə əsasən ödəməli olduğu ümumi 8378 manat məbləğin yalnız avans olaraq 4012 manat məbləğini iddiaçının bank hesabına köçürmüşdür. Ödənişin qalan hissəsi – 4366 manat məbləğ həyata keçirilmədiyindən İddiaçı tərəfindən 2023-cü ilin iyul ayından etibarən göstərilən xidmətlər dayandırılmışdır. Cavabdeh tərəflər arasında olan müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə bərabər iddiaçı haqqında şayiələr yayması və iddiaçı barəsində həmin müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsini əsas gətirərək iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi səbəbindən iddiaçıya zərər dəymiş, başqa müştərilərindən çata biləcəkləri gəlirlərdən məhrum olmuşdur. Belə ki, Cavabdehin hərəkəti səbəbindən İddiaçı ilə potensial müştəri arasında bağlanılan anlaşma memorandumundan digər tərəfdən iddiaçının işgüzar nüfuzunu əsas gətirərək imtina olunmuşdur. Müqavilə üzrə iddiaçının çata biləcəyi gəlir 12000 manat təşkil edirdi.
11. Qarşılıqlı iddia ərizəsinə dair verilmiş etiraz onunla əsaslandırılmışdır ki, “Sifarişçi” “FS Şirkətlər Qrupu MMC ilə “İcraçı” “ARTEAST GROUP" MMC arasında xx.xx.2023-cü il tarixli, 49 saylı “SMM" xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanmış və dərhal icrasına başlanmışdır. Qeyd olunan həmin müqavilənin 1.2-ci maddəsində ‘İcraçı tərəfindən Sifarişçi yə göstətiləcək Sosial Mediya Marketinq xidmələrinin ardıcıllıqla təsnifatı göstərilmişdir. İddiaçı MMC tərəfindən müqavilə öhdəlikləri lazımı qaydada yerinə yetirildiyi halda, Cavabdeh MMC tərəfindən müqavilədə nəzərdə tutulan həmin xidmətlər lazımı səviyyədə göstərilməmişdir. Bu səbəbdən FS Şirkətlər Qrupu MMC xeyli müştərilərini itirmiş və külli miqdarda ziyanla qarşılaşmışdır. Halbuki, həmin müqavilənin 3.1-ci maddəsinə görə “İcraçı” xidmətləri peşəkar səviyyədə və lazımı vaxtda yerinə yetirmək barədə üzərinə öhdəlik götürmüşdür. Bu səbəbdən iddaçı olaraq məhkəməyə müraciət olunmuş və ödənilmiş pulun geri qaytarılması tələb olunmuşdur. Cavabdeh bu tələbi əsassız hesab etməklə hüquqi əsası olmayan qarşılıqlı iddia tələbi vermişdir . Belə ki, müqavilənin predmetində sadalanan xidmətlər ardıcıllığında; -Sifarişçi üçün şəxsi səhifənin yaradılması və ya idarə olunması, -Marketinq planının və mərhələli şəkildə həyata keçirilməsinin metodlarının işlənib hazırlanması, -Sifarişçiyə məxsus xüsusi üslubunuzun (Çərçivə ,Font-Şirift və s) yaradılması, -Sifarişçinin fəaliyyətinə uyğun olaraq, sosial şəbəkələrdə (instaqram) məqalənin yazılması və məqaləyə uyğun şəkillərin dizayn edilməsi, (ayda 16 dəfə) -Müsabiqələrin və səhmlərin keçirilməsi, (ayda 2 dəfə) - Sifarişçinin fəaliyyətinə uyğun olaraq, sosial şəbəkələrdə (instaqram) ayda 20-25 storıs dizayn edilməsi, -Hədəflənmiş reklam qurğusu (l reklam kompaniyası-2 kreativ ilə), - İnfluenser Marketin-Blogerlərlə Reklam -Professional foto və video çəkliş, (ayda 1 dəfə). Bundan əlavə müqavilədə qeyd olunmuşdur ki, bu xidmətlər razılaşdırılmış protokol və icraçının təqdim etdiyi hesab faktura əsasında Sifarişçiyə verilmiş dolğun məlumatlar əsasında müəyyən olunur. Müqavilədə nəzərdə tutulan bu xidmətlər qismən olmaqla keyfiyyətsiz və başdansovdu şəkilində icra olunduğundan xidmətin icrası dayandırılmışdır. Bu səbəbdən məhkəməyə müraciət olunmuşdur. Göründüyü kimi tərəf müqavilədə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşdur. Belə olan halda həmin müqavilədə nəzərdə tutulan xidmətlərin yerinə yetirilməsi üçün beh kimi ödənilmiş pul geri qaytarılmalıdır. Bundan əlavə müqavilə öhdəlikləri pozulduğuna görə tərəflər arasında mübahisə olduğunda məhkəməyə müraciət etmək müstəsna hüququdur. Bu hüquqdan istifadə edildiyinə görə təzminat ödənilməməlidir.
12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 1138/2024 nömrəli qətnaməsi ilə (hakim Günay Namazova) İlkin iddia üzrə İddiaçı MMCnin Cavabdeh MMCyə qarşı ödənilmiş 4012 manat əsas vəsaitini və 60 manat dövlət rüsumunun geri qaytarılması barədə iddia ərizəsi rədd edilmiş, qarşılıqlı iddia ərizəsi qismən təmin edilmiş, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-dən 4366 manat əsas borc məbləği, 197,3 manat faiz borcu və dövlət rüsumunun əvəzi olaraq 66 manat tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilmiş, qarşılıqlı iddia ərizəsi qalan hissədə rədd edilmişdir.
13. Məhkəmə İlkin iddia üzrə İddiaçı MMC-nin Cavabdeh MMCyə qarşı ödənilmiş 4012 manat əsas vəsaitini və 60 manat dövlət rüsumunun geri qaytarılması barədə iddia ərizəsi rədd edilsin. Qarşılıqlı iddia ərizəsi qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-dən 4366 manat əsas borc məbləği, 197,3 manat faiz borcu və dövlət rüsumunun əvəzi olaraq 66 manat tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilsin. Qarşılıqlı iddia ərizəsi qalan hissədə rədd edilsiəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında SMM xidmətinin gösətrilməsinə dair xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İlkin iddiaçı cavabdeh tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş öhdəlikləri keyfiyyətli yerinə yetirmədiyi və buna görə də ödənilmiş avans məbləğinin geri qaytarılmasını, qarşılıqlı iddiaçının isə müqavilə üzrə yerinə yetirilmiş öhdəliklərə dair yaranmış borc məbləği ödənilməmiş, eyni zamanda ona qarşı iddia qaldırılması onun işgüzar nüfuzuna xələl gətidiyini və ona dəymiş ziyanın qarşılıqlı cavabdehdən tutulmasını məhkəmədə mübahisələndirmişdir.
14. Məhkəmə ilk olaraq ilkin iddia tələbinə hüquqi qiymət verərək qeyd edir ki, ilkin iddiaçının iddiasında və etirazında bir sıra dəlillərin irəli sürülməsi, həmin faktları məhkəmədə sadəcə şifahi (heç bir sübut təqdim edilmədən, müqavilə bağlanan zaman xidmətlərin keyfiyyət və digər göstəricilərinin əvvəlcədən razılaşdırmadan) müdafiə etməsi, onun hazırkı mübahisə predmeti üzrə haqlı olması anlamına gəlməməlidir.
15. Qarşılıqlı iddia ərizəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəf müqavilə ilə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirmişdir.
16. Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a. Apellyasiya şikayətlərinin dəlilləri
17. İddiaçı "xxxx" MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1138/2024 saylı qətnaməsini ləğv edərək, iddia tələbinin təmin edilməsinə, qarşılıqlı iddianın isə rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. İddiaçı "xxxx" MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 02 iyun 2023-cü il tarixli, 49 saylı Xidmət müqaviləsinin predmetinə aid 1.2-ci maddəsində 8 bənddən ibarət göstəriləcək xidmətlərin təsnifatı qeyd olunmuşdur. Müqavilənin şərtlərinə uyğun olaraq şərtləşdirilmiş qaydada ilkin olaraq 4012 (dörd min on iki) manat avans köçürülmüş və həmin xidmətlərin yerinə yetirilməsi tələb olunmuşdur. Təssüf ki, xidmət müqaviləsinin predmetinə aid 1.2-ci maddəsində 8 bənddən ibarət göstəriləcək xidmətlər aşağıdakı kimi yerinə yetirilmişdir. Görülmüş və görüləcək işlərlə bağlı aylıq yekun hesabat verilməyib. Paylaşılmış postlarda kifayət qədər qrammatik səhvlər olub. Heç bir mahiyyəti olmayan və gəlir gətirmə ehtimalı sıfıra bərabər olan sadə və bir o qədər də qeyriprofessional postlar paylaşılıb. “Green city” ilə bağlı yetəri qədər məlumat əldə etmədən və səhfələrin missiyasını bilmədən dəxlisiz postlar paylaşılıb. Bizə aid olan səhifədə bizə aid olmayan reklamlar paylaşılıb. “Green city” realestate səhfəsində “Hotelərlə bağlı” paylaşım olub, halbuki, dəfələrlə xəbərdarlıq olunmağına baxmayaraq, bu post yayımlanıb. Hotel və mənzil alqı satqısı eyni istiqamətdə olmadığı və bizim insanlarımız tərəfindən xoş qarşılanmadığı üçün paylaşım edilməsi istənilməyib. Razılaşdırılmadan post paylaşımları olub. “Royal Palm” restoranında müğənni səhnəyə çıxdıqdan 1 saat sonra paylaşım olub, halbuki, günlər öncəsində paylaşım edilməsi ilə bağlı xəbərdarlıq olunub. Nəticə etibarı ilə həmin gecə müştərilər bu gec paylaşımdan məlumatsız olub və məkana cuzi sayda müştəri gəlib. Hovuz ətrafında “DJ” gəlişi ilə bağlı paylaşım istənilib. Bayram ərəfəsi olduğu üçün və işçiləri evdən çalışdıqlarını bahanə gətirilərək paylaşım etməyiblər. Halbuki, onlar işə başlamaq üçün böyük bir həcmdə avans istədikləri zaman tərəflərindən rədd edilməyiblər və istədikləri avans tam həcmdə ödənilib. “Realestate” ilə bağlı "xxxx" MMC ilə çalışdığımız ərəfələrdə bir dənədə olsun müştəri zəngi və maraqlanan olmayıb. Bütün bunlar bir daha deməyə əsas verir ki, tərəf olaraq "xxxx" MMC müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək iqtidarında olmamış və ya bu işə qeyri-peşəkar yanaşmışdır. Bu işdən İddiaçı MMC olaraq nəinki bəhrələnmək, əksinə ziyan çəkmişik. Bütün bunlar cavabdeh tərəfindən məhkəməyə qədər və məhkəmə prosesində qismən etiraf olunmuşdur. Hətta bu faktlar cavabdeh tərəfindən etiraf olunduğundan aylıq xidmət haqqını tələb edən xx.xx.2023-cü il tarixli 02/23 saylı qalan məbləğ üçün 2360 manat hesab faktura və ümumilikdə - xx.xx.2023-cü il tarixli 875424 saylı 6372 manat elektron qayimə vulumuşdur.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. İlk iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.
20. İlk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.
21. Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1099.1 və 1099.2-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. Əsaslandırıcı hissə
25. Apellyasiya baxışının hədləri
26. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
27. Apellyasiya instansiya məhkəməsinin mövqeyi
28. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1138/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Məhkəmə kollegiyası ilkin iddia tələbinə münasibətdə qeyd edir ki, işdən göründüyü kimi ilkin iddiaçı cavabdeh tərəfindən müqavilə üzrə xidmətlərin göstərilməməsini deyil, göstərilmiş xidmətlərin keyfiyyətli yerinə yetirilmədiyini bildirir və buna görə də ödənilmiş avans məbləğinin geri qaytarılmasını tələb edir. Lakin, tərəflər arasında bağlanmış müqavilədə göstəriləcək hər bir xidmətin ayrı-ayrılıqda hansı meyarlara/keyfiyyətlərə cavab verməli olduğu müəyyən edilməmiş və ayrı-ayrı giymətləndirilməsi aparılmamışdır. Digər tərəfdən iddiaçı və cavabdeh arasında aparılmış yazışmalardan görünür ki, xidmətlər Sifarişçinin özü ilə razılaşdırılaraq icra edilmiş, Sifarişçi tərəfindən hər-hansı xidmət/sosial şəbəkələldəki paylaşımlar bəyənilmədiyi halda etiraz bildirilmiş və İcraçı tərəfindən həmin etirazlar nəzərə alınaraq düzəlişlər edilərək icra edilmişdir. Tərəflər arasında yaranmış münasibətin xüsusiyyət və xarakterinə istinadən (smm xidməti və əvvəlcədən hər bir xidmətin keyfiyyət və digər göstəricilərinin müəyyən edilməməsi) və xidmət nəticəsində sifarişçinin istəyinə uyğun nəticənin əldə edilməsi üçün bu cür təcrübənin formalaşmasını da məhkəmə əsaslı və məqsədəmüvafiq hesab edir, və hər bir xidmətə/reklama/paylaşıma dair sifarişçinin gözləntisinin əvvəlcədən müəyyən edilməsinin qeyri-mümkünlüyünü, zövqlərin müxtəlifliyini nəzərə alaraq münasibətlər dövrü zamanında xidmətlərə müvafiq iradların yaranmasını, düzəlişlərin edilməsi tələbini isə müqavilə şərtlərinin icraçı tərəfindən pozulması kimi giymətləndirilə bilməz (bu yalnız o halda ola bilərdi ki, sifarişçi tərəfindən irad bildirilərdi, icraçı tərəfindən isə iradlar nəzərə alınaraq düzəlişlər edilməzdi).
30. Bundan əlavə, ilkin iddiaçının qanuni nümayəndəsi məhkəmə iclaslarında göstərilmiş daha çox xidmətlərin bəyənilmədiyini bildirsə də, lakin xidmətlərin göstərildiyi bir ay müddətində nə müqavilədən imtina ediləcəyə, nə ödənilmiş avans məbləğinin geri qaytarılması barədə tələblər irəli sürülməmiş, əksinə ilkin iddiaçı tərəfindən ilkin cavabdehə göndərilmiş son whatsapp-yazışmasında təklif edilən paylaşımın bəyənilməsi bildirilmiş, həmçinin xidmətin dayandırılmasınından sonra xeyli müddət keçdikdən sonra (qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən bir aylıq xidmətin ödənişinin tamamlanmasını dəfələrlə tələb etdikdən sonra) məhkəməyə ilkin iddia ilə müraciət edilmişdir.
31. Qiymət razılaşması protokolunun sirafişçi tərəfindən imzalanmamasına dair məhkəmə qeyd edir ki, məhkəmə iclasları zamanı ilkin iddiaçının qanuni nümayəndəsi bir aylıq xidmət haqqının qiymətinin ədv-siz 7100 manat razılaşdırıldığını etiraf etmiş, bundan əlavə ödəniş edildiyi zaman istinad edilən hesab-fakturada da həmin məbləğ öz əksini tapmışdır.
32. Qeyd olunanlardan göründüyü kimi qarşılıqlı iddia üzrə cavabdeh tərəflər arasında müqavilə üzrə xidmətləri yerinə yetirilməsinə dair məhkəməyə sübutlar təqdim etmiş, o cümlədən buna dair yazışmalar da iş materiallarına əlavə edilmişdir.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarlarında göstərilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli, 2018-ci il 11 iyun tarixli qərarlarında sübutların qiymətləndirilməsi ilə bağlı məsələyə qiymət verilərkən göstərilmişdir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. “Məhkəmə, sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin motivləri, o cümlədən qərarın əsaslandırılması üçün hər hansı sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir.”
35. Göründüyü kimi ilkin iddiaçının iddiasında və etirazında bir sıra dəlillərin irəli sürülməsi, həmin faktları məhkəmədə sadəcə şifahi (heç bir sübut təqdim edilmədən, müqavilə bağlanan zaman xidmətlərin keyfiyyət və digər göstəricilərinin əvvəlcədən razılaşdırmadan) müdafiə etməsi, onun hazırkı mübahisə predmeti üzrə haqlı olması anlamına gəlməməlidir.
36. Məhkəmə qeyd edir ki, MPM-də çəkişmə prinsipi və bir başa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur və həmin prinsiplərə əsasən, məhkəmə icraatı zamanı işin halları yalnız tərəflərin bildirdikləri faktlar və təqdim etdikləri sübutlar əsasında müəyyən edilir.
37. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Huk Niderlanda qarşı” iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
38. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddianın dəlillərinin əsaslılığı sübuta yetirilmədiyi və məhkəmə tərəfindən sadəcə müqavilə üzrə qalan ödənişdən yayınmaq məqsədi kimi dəyərləndirildiyi üçün təmin edilməməlidir.
39. Qarşılıqlı iddia ərizəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddiaçı müqavilə üzrə göstərilmiş xidmətlərə dair sübutları (hesab-faktura, həmin faktura üzrə qismən ödəniş, instaqram səhifələrinin idarə olunması, paylaşımların skreençıxarışları, sifariçinin sosial şəbəkəsinin auditoriyasının artma hesabatı, tərəflər arasında yazışmalar, dəfələrlə müqavilə üzrə ödənişlərin tamamlanması üçün ilkin iddia üzrə cavabdehə müraciətlərin edilməsi), o cümlədən göstərilmiş xidmətlərin təsdiq olunmasına dair (əsas kimi 01/23 saylı hesab-fakturaya istinad olunan) elektron qaiməni sübut qismində məhkəməyə təqdim etmişdir. Elektron qaimədə göstərilən məbləğin hesabfakturada göstərilən məbləğlər arasında olan fərqləri isə qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi belə əsaslandırmışdır ki, tərəflər arasında əməkdaşlığın davam etməsi üçün və cəmi iki paylaşımışda (restorana gələcək müğənni ilə bağlı instaqram səhifəsində gec story(reklamın) paylaşımın edilməsini) qüsurların olmasına əvəz kimi və ödənişin tez edilməsi üçün daha az məbləğ yazıblar, lakin qarşılıqlı iddia üzrə cavabdeh ödənişləri etmədikləri üçün həmin güzəştdən də imtina edərək, hazırki qarşılıqlı iddia ilə cavabdehin də qəbul etdiyi qiymətlərin razılaşdırılması protokolunda və hesab-fakturada göstərilən tam məbləğin kəsir qalmış ödənişi tələb edirlər. Digər tərəfdən, həmin e-qaimədə əsas kimi birbaşa 01/23 sayl hesab fakturaya istinad edilir.
40. Beləliklə, məhkəmə iddiaçı və cavabdeh tərəfin izahatlarını, təqdim olunmuş sübutları əlaqəli şəkildə qiymətləndirərək belə qənayətə gəlir ki, İddiaçı MMC-nin argumentləri formal mülahizələrdən ibarət olmaqla əsassızdır, sadəcə borcun ödənilməsindən yayınmağa xidmət edir və etirazın əsası kimi irəli sürülən xüsusatlar qarşılıqlı iddianın rədd edilməsi üçün əsas ola bilməz. Qarşılıqlı iddia əsas borc hissəsində təmin olunaraq 4366 manat məbləğində pul vəsaiti "xxxx" MMC-dən tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-yə ödənilməlidir.
41. Bundan başqa qarşılıqlı iddiaçı gecikdirilmiş borca görə 197,3 manat məbləğində ona dəymiş zərərin məbləğini bank uçot dərəcəsinə əsasən hesablamışdır.
42. Məhkəmə iddia tələbini bu hissədə əsaslı hesab edir və buna dair aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri bilir.
43. Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
44. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.
45. Belə ki, məhkəmə hesab edir ki, 4366 manat əsas borca illin 5 faiz hesablamaqla tələb olunan 197,3 manat məbləğində faiz pulunun qarşılıqlı iddia üzrə cavabdehdən tələb etməsində iddiaçı haqlı olmuşdur.
46. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
47. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1138/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və kassasiya şikayəti verilə bilməz.