Məhkəmə qərarları › İş №2-2(103)-91/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-91/2023

10.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-91/2023 10.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı (üçüncü şəxs "xxxx" ASC) “maddi zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil və üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2301/2022 saylı qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. 23.11.2020-ci il tarixdə "xxxx" ASC ilə Cavabdeh arasında icarə müqaviləsi bağlanmışdır. Qeyd edilən icarə müqaviləsi üzrə "xxxx" ASC-yə məxsus Biləsuvar rayonu, Səmədabad kəndi, Biləsuvar Quşçuluq ASC-nin mülkiyyətində olan sahəsi 25.198,2 kvadrat metr olan, 2 ədəd böyütmə sexi və avadanlıqları, 10 ədəd sənaye sexi və avadanlıqları, 4 ədəd transfarmator binası, 1 ədəd yumurta anbarı, 1 ədəd su stansiya binası, 1 ədəd sanitar buraxılış məntəqəsi və 1 ədəd keçid buraxılış məntəqəsi 2.11.2030-cu il tarixədək, aylıq 1000 (min) manat olmaqla Cavabdeh icarəyə verilmişdir. Sonradan qeyd edilən icarə müqaviləsinə xx.xx.2021-ci il tarixdə dəyişiklik edilmiş və icarəyə verilən əmlakın icarəçi tərəfindən icarəyə verə bilməsi imkanı nəzərdə tutulmuşdur. Bundan sonra "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə yuxarıda qeyd edilmiş əmlakın icarəsinə dair müqavilə bağlanmış və aylıq icarə haqqı 6.000 manat, müqavilənin müddəti isə xx.xx.2023-cü il tarixdək müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı (üçüncü şəxs "xxxx" ASC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 308.460 manat məbləğində maddi zərərin və 400 (dörd yüz) manat mediasiya prosesi ilə bağlı xərcin tutularaq Siyəzən Broyler ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı bildirir ki, tərəflər arasında müqavilə bağlandıqdan sonra 2021-ci ilin sentyabr ayında 325.850 baş (ədəd) 1 günlük cücələri Biləsuvar Quşçuluq ASCnin mülkiyyətində olan istehsal sahələrinə müqavilə əsasında yerləşdirmişdir. İlkin fəaliyyət dövründə icarəyə verən tərəfindən hər hansı maneə və ya məhdudlaşdırma halları ilə üzləşilməmişdir. Müqavilənin vaxtından əvvəl xitamı ilə bağlı tərəflərdən biri digərinə yazılı xəbardarlıq etməmişdir. İstehsal ardıcıllığının təmin edilməsi üçün icarə müqaviləsinə əsasən Biləsuvar Quşçuluq ASC-nin mülkiyyətində olan broyler sexlərinə bir günlük cücələrin yerləşdirilməsi məqsədi ilə 15, 16, 17 oktyabr 2021-ci il tarixlərdə "xxxx" ASC "xxxx" MMC-dən və "xxxx" MMC-dən 80 qəpiyə aldığı damazlıq broyler yumurtalarını özünə məxsus inkubatoriyada yerləşdirmişdir. İnkubatoriyadan çıxım dövrü 2021-ci ilin 5, 6 və 7 noyabr tarixlərini əhatə etmiş, diri cücələrin çıxım sayı isə 385.575 baş (ədəd) olmuşdur. 2021-ci ilin noyabr ayının əvvəlində "xxxx" ASC Biləsuvar Quşçuluq ASC-nin bank yüklülük sənədlərinə əsasən onlara məxsus olduğunu bidirdilər. Hüquq mühafizə və icra (ədliyyə) orqanlarının tələbi ilə "xxxx" ASC-nin inzibati ərazisini 3 ay vaxt verilmədən dərhal tərk etməyi tələb etdilər və həmin inzibati ərazidə fəaliyyətə icazə vermədilər. Cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməməsi səbəbindən 385.575 baş (ədəd) diri broyler cücələrini quş damlarına yerləşdirə bilmədiyi və başqa sahələrdə saxlama imkanları olmamasından həmçinin biogüvənlik və yolxucu xəstəliklərdən qorunmaq məqsədi ilə xüsusi şəraitdə müvafiq qaydalara uyğun yandırılaraq məhv edilmişdir. Cavabdeh Siyəzən Broyler ASC-yə vurduğu zərərin məbləği 385.575 baş (ədəd) X 80 qəpik = 308460 manat təşkil edir.

4. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, icarə müqaviləsi üzrə nəzərdə tutulmuş sahəni "xxxx" ASC-yə təhvil vermiş, icarəçini qeyd olunan sahədən çıxarmamışdır. Dəymiş ziyanla bağlı onun hər hansı bir məsuliyyəti yoxdur.

5. Üçüncü şəxsin nümayəndəsi də iddiaya etiraz edir və "xxxx" ASC-nin banka olan borcuna görə, tələbin "xxxx" ASC-nin təsis paylarına yönəldiyini və hərracdan bank tərəfindən alındığını və xx.xx.2021-ci il tarixdə onlara keçən qeyd olunan əmlakın mühafizəsinin təmin edilməsi məqsədi ilə ora gedildiyini, gedilən zaman sexlərin boş olduğunu və yeni gələcək quşların ora yerləşdirilməsinə etiraz etmədiklərini və yalnız "xxxx" ASC-nin ora “mübahisəli” olduğundan quş yerləşdirməkdən imtina etdiklərini qeyd edir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-2301/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

7. İddiaçı "xxxx" ASC həmin qətnamədən apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə etdi, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil və üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 isə apellyasiya şikayətinə etiraz etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

12. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

13. Həmin Məcəllənin 700.1-ci maddəsinin tələblərinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

14. Həmin Məcəllənin 699.1-ci maddəsinə əsasən kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Əldə edən öz öhdəliklərini yerinə yetirmədikdə kirayəyə verən əldə edən tərəfindən əvəzi ödənilməli zərər üçün zamin kimi məsuliyyət daşıyır. Bu cür məsuliyyət mülkiyyət hüququnun keçməsinin kirayəyə verənə məlum olmasından altı ay keçənədək mövcud olur.

15. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir.

18. Belə ki, zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən Mülki Məcəllənin 21.2-ci maddəsinin, həmçinin hazırkı mübahisə üzrə xüsusi norma kimi çıxış edən Mülki Məcəllənin 443-cü maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.

19. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.

20. Lakin hazırkı işdə bu əsaslar mövcud deyildir.

21. Belə ki, əvvəla, qeyd olunan maddələrin məzmunundan da göründüyü kimi iddiaçı ilk növbədə zərərin mövcud olmasını sübut etməlidir.

22. Lakin o bunu təsdiq edən mötəbər sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

23. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən 05 noyabr, 06 noyabr, 07 noyabr 2021-ci il tarixlərə aid "xxxx" ASC tərəfindən tərtib edilmiş və əməkdaşları tərəfindən imzalanmış 385.575 ədəd cücənin boğularaq yandırılması üçün yandırılma sexinə verilmə barədə akt isə iş üzrə mötəbər sübut qismində qəbul edilə bilməz.

24. Çünki həmin akt birtərəfli qaydada iddiaçı "xxxx" ASC-nin özünün əməkdaşları tərəfindən tərtib olunaraq imzalanmışdır.

25. Bundan əlavə kollegiya qeyd edir ki, hətta həmin cücələrin iddiaçı tərəfindən yandırılması faktı qəbul edilsə belə, iddiaçının həmin hərəkəti məhz son zərurət kimi etdiyini, yəni həmin tarixlərdə cücələrin saxlanılması üçün hazırki icarə obyektindən başqa heç bir yer olmadığını (digər sexlərdə planın tam ödənildiyini) təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir.

26. Bundan başqa birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi məhv edilmiş cücələr heç Biləsuvar rayonuna gətirilməmiş, Siyəzən rayonunda inqubatoriya sexindən çıxdıqdan sonra məhv edilmişdir. Yəni "xxxx" ASC ən azından həmin cücələri həmin icarə obyektinə gətirməklə, qeyd edilən sahədə sənədləşmə apararaq və ya video çəkiliş etməklə onların həmin sexə buraxılmadığını və sexin çatışmaması səbəbindən cücələrin məhv edilməli olması zərurətini əsaslandıra bilərdi. Hazıkı halda isə iddiaçı ümumiyyətlə sübut edə bilməmişdir ki, məhv edilmiş 385.575 ədəd cücə məhz Biləsuvar rayonuna gətirilməsi üçün nəzərdə tutulmuş cücələr olmuş və bu cücələr həqiqətən də sağ vəziyyətdə yumurtadan çıxmışlar.

27. Həmçinin kollegiya qeyd edir ki, hətta özü-özlüyündə zərərin mövcud olması faktı təsdiq olunsa belə, həmin zərərin məhz cavabdehin öhdəliyi pozulması nəticəsində vurulması və zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması müəyyən olunmur.

28. Çünki iddiaçı "xxxx" ASC-nin əməkdaşlarının icarə obyektinə gələrək, onların obyektdən istifadəsinə maneə yaratmasını və hüquq mühafizə və icra (ədliyyə) orqanlarının tələbi ilə oradan çıxmalarını tələb etmələrini bildirsə də, bu halları da təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Eyni zamanda iş materialları ilə də həmin hallar təsdiq olunmur.

29. İcarəyə götürülmüş sahənin mülkiyyətçisinin dəyişməsi isə icarə müqaviləsinin xitamına səbəb olmur və əldə edən mülkiyyəti əldə etdiyi andan icarəyə verəni əvəz edərək icarə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur (Mülki Məcəllənin 699.1-ci maddəsi).

30. Bu baxımdan, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

31. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2301/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar