Məhkəmə qərarları › İş №2-2(103)-910/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-910/2024

10.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-910/2024 10.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1284/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ("xxxx" ASC) cavabdehlər Cavabdeh1 (Cavabdeh1 MMC), Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 588,85 manat məbləğində sığorta ödənişi, 40 manat mediasiya xərci və 0,2 (iyirmi qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 629,05 manat pulun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1284/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 588,85 manat (beş yüz səksən səkkiz manat səksən beş qəpik) sığorta ödənişi, 40 (qırx) manat mediasiya xərci olmaqla, cəmi 628,85 manat (altı yüz iyirmi səkkiz manat səksən beş qəpik) məbləğində pul vəsaitinin iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın Cavabdeh1nə və Cavabdeh3 münasibətdə təmin edilməməsi qət edilmişdir.

3. İddiaçı "xxxx" ASC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1284/2024 nömrəli qətnaməsinin iddianın təmin olunmamış hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, istinad edilən qanunvericilik normalarının, o cümlədən Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbləri baxımından cavabdehlər Cavabdeh3 və CARDİO RENT” MMC də Cavabdeh2 ilə birgə iddiaçı qarşısında dəymiş zərərə görə məsuliyyət daşımalıdırlar. Lakin məhkəmə qeyd edilən halları nəzərə almamış, qanunvericiliyin göstərilən normalarını düzgün tətbiq etməmişdir. Yol-nəqliyyat hadisəsi xx.xx.2023-cü il tarixdə baş vermişdir. Tərəfindən “elektron məhkəmə”informasiya sisteminə əlavə edilmiş “elektron portal”dan çıxarışdan və etibarnamənin surətindən müəyyən olunur ki, sığorta hadisəsi baş verən anda"xxxx" ASCdə “icbari sığorta”qaydasında sığortalanmış **-HG-*** dövlət qeydiyyat nişanlı “Kia K5 minik” markalı avtomobil Cavabdeh3 məxsus olmuş və Cavabdeh1 MMC-nin istifadəsinə verilmişdir. Belə olduğu halda istinad edilən qanunvericilik normalarının, o cümlədən Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbləri baxımından cavabdehlər Cavabdeh3 və CARDİO RENT” MMC də Cavabdeh2 ilə birgə iddiaçı qarşısında dəymiş zərərə görə məsuliyyət daşımalıdırlar.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

8. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

9. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

10. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

11. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

12. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

13. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edənzəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

17. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin yalnız iddiaçı tərəfindən verilməsini, qətnamə ilə iddianın qismən təmin edilməsini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı yalnız iddianın təmin edilməyən hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

20. İşin müəyyən edilən halları ondan ibarətdir ki, xx.xx.2022-ci il tarixdə bağlanmış PBA********** saylı icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, sığortalı qismində Cavabdeh3 Kia K5 markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022- xx.xx.2023-cü il tarixədək sığortaçı qismində "xxxx" ASC-də icbari qaydada sığortalamışdır. “Kia Optima” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası ərazisində idarə edilməsi üçün verilmişdir. Avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə 19:00 dəqiqədə Azadlıq prospektində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin növü toqquşma qeyd edilmişdir. Təqsirli olan şəxs (şəxslər) barədə məlumat bölməsində Kia K5 minik markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobil, mülkiyyətçisi – Cavabdeh3, hadisə baş verdiyi anda sürücü – Cavabdeh2, zərərçəkən şəxs (şəxslər) bölməsində isə X5 yük markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobil, mülkiyyətçi – X3 yazılmışdır. İddia ərizəsinə əlavə edilmiş subroqasiya tələblərinin reyestrindən müəyyən olunur ki, nettinqin nəticələrinə əsasən "xxxx" ASC tərəfindən **-OK-*** dövlət nömrə nişanlı, “X5 yük” markalı avtomobilə dəymiş zərərə görə 588,85 (beş yüz səksən səkkiz manat səksən beş qəpik) manat məbləğində sığorta ödənişi "xxxx" ASC-yə ödənilmişdir. Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı 12547/2023 nömrəli ödəniş aktından görünür ki, zərərçəkənin sığortaçısı "xxxx" ASC tərəfindən zərərçəkən X2 830 manat məbləğində ödəniş edilmişdir.

21. Qeyd edilənlər inzibati tənbeh vermə haqqında qərar, zərər aktı, təhvil-təslim aktı, sığorta müqaviləsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər sənədlərlə təsdiqlənmişdir.

22. Məhkəmə cavabdehlər Cavabdeh1nə və Cavabdeh3 subroqasiya qaydasında pulun tutulması tələbini rədd etmiş, pulun yalnız Cavabdeh2 tutulmasını qət etmişdir.

23. Məhkəmə hesab etmişdir ki, Cavabdeh2 təqsirli hərəkətləri nəticəsində sığorta hadisəsi zamanı digər şəxsə zərər dəymiş, iddiaçı əmlaka dəymiş zərəri ödəyərək, Mülki Məcəllənin 936.1-ci maddəsinin tələblərinə uyğun olaraq tələbetmə hüququnu əldə etmişdir.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, Cavabdeh2 maşına olan sahibliyi qanuni əsaslarla yaranmışdır. Hadisə baş verən zaman avtomobil digər cavabdehlərin sahibliyində olmamışdır. Qanunvericilik zərərə görə mülkiyyətçi və sahibin birgə məsuliyyətini müəyyən etməmişdir.

25. Belə ki, işin faktiki hallarından göründüyü kimi, sığorta hadisəsi baş verən zaman **-SV-*** dövlət qeydiyyat nişanlı, “Kia K5 minik” markalı avtomobilin sürücüsü Cavabdeh2 olmuş, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmiş və AR İXM-in 327.1 və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir, yəni əmlaka zərərin vurulması Cavabdeh2 təqsirli hərəkətləri nəticəsində baş vermişdir. Ona görə də faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya onun verdiyi sığorta ödənişi məbləğində keçdiyindən, məhkəmə əsaslı olaraq hesab etmişdir ki, məsuliyyət daşımalı olan şəxs Cavabdeh2 olduğundan iddia tələbi ona münasibətdə təmin edilməli, Cavabdeh2 588,85 manat (beş yüz səksən səkkiz manat səksən beş qəpik) pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia digər cavabdehlərə münasibətdə təmin olunmamalıdır.

26. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 25.1 və 25.1.3-cü maddələrinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır.

27. Həmin qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər.

28. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin İ hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir.

29. Məhkəmə kollegiyası vurğulayır ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “Hüququ olmayan şəxs” ifadəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsi nəzərdə tutur. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmur. Belə şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Sığorta hadisəsi baş verdikdə isə sığortaçı sığorta ödənişi verməli olur və son nəticədə sığortaçının əsaslı mənafeləri pozulmuş olur.

30. Bununla belə, qanunverici sığortaçının əsaslı mənafeyinin müdafiəsini təmin etmək üçün belə bir normanı qanuna daxil etmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə, hallara şamil olunur.

31. Qeyd edilənlərdən görünür ki, iddiaçının apellyasiya şikayətində qeyd etdiyi hallar iş materialları ilə təsdiqini tapmamış və əksinə inkar edilmişdir.

32. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

33. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

34. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

35. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1284/2024 nömrəli qətnaməsi (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar