Məhkəmə qərarları › İş №2-2(103)-912/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-912/2023

14.12.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-912/2023 14.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Hüseynin sədrliyi və məruzəsi ilə, X1 və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçı İrina Borisovanın Cavabdeh qarşı “müqavilənin ləğvi və pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 2901/2022 saylı, 29 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı İrina Borisova iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Borisova İrina ilə Cavabdeh Qalib oğlu arasında olan 03 mart 2021-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh Qalib oğlundan alqı-satqı müqaviləsinin dəyəri olan 12255 manat pul vəsaitinin, 87500,70 manat cərimənin, hüquqi yardım üçün ödənilmiş 510 manat pul vəsaitinin, mediasiya xərci üçün ödənilmiş 400 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İ.Borisova qida məhsullarının satışı ilə məşğuldur. Onunla Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi 2 il müddətinə bağlanılmışdır. xx.xx.2021-ci il tarixli qarşılıqlı üzləşmə aktına əsasən həmin tarixə Cavabdeh 12255 manat borcu olmuşdur, lakin bugünə qədər həmin borc ödənilməmişdir. İddiaçı İrina Borisova dəfələrlə Cavabdeh müqavilə öhdəliklərinin yerinə yetirilməsini tələb etsə də, cavabdeh aldığı malların dəyərini ödəməkdən yayınır, müxtəlif bəhanələr gətirməklə əlavə müddət istəyir. xx.xx.2021-ci il tarixində iddiaçı İ.Borisova Cavabdeh təklif məktubu göndərərək, 7 gün ərzində alqı-satqı üqaviləsi üzrə yaranmış borc məbləğini ödəməyi tələb edərək, əks halda alqı-satqı müqaviləsinin ləğvi və dəymiş zərərin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. Eyni zamanda, iddiaçı müqavilənin 3.3-cü bəndini rəhbər tutaraq ödənişin gecikdirilməsinə görə cərimə olaraq 87500,70 manat vəsait tələb edir. Qeyd etmək zəruridir ki, iddiaçının hazırda daha yüksək məbləğdə cərimə tələb etmək hüququ olmasına baxmayaraq, cərimə məbləğini qalan hissədə cavabdehə güzəşt etmişdir. Cavabdeh aldığı malların dəyərini vaxtında ödəmədiyi üçün iddiaçı İ.Borisova bir sıra problemlərlə üzləşib məhkəmədə iddia qaldırmaq üçün əlavə xərclər çəkib. Belə ki, iddiaçı İ.Borisova hüquqi yardıma görə vəkilə 510 manat, mediasiya xərci olaraq 400 manat ödəmişdir.

3. Cavabdeh nümayəndəsi, Vəkil2 iddia ərizəsinə etiraz vermiş, etirazında bildirmişdir ki, xx.xx.2021-ci il tarixli qarşılıqlı üzləşmə aktına əsasən həmin tarixə Cavabdeh 12255 manat borcu olmuşdur, lakin bu günə qədər ona ödənilməmişdir, işin həqiqi hallarını məhkəmənin nəzərinə çatdırırıq ki, iddiaçının iddia tələbini əsaslandırdığı qarşılıqlı üzləşmə aktı Cavabdeh iştirakı olmadan iddiaçı tərəfindən kağız daşıyıcıda tərtib edilərək ona təqdim edilmiş və alqı-satqı ilə bağlı digər sənədlərlə birlikdə təqdim edildiyindən cavabdeh tərəfindən imzalanmışdır. Müqavilənin 2.1.2-ci maddəsinə əsasən, mallarla birlikdə təhvil-təslim sənədləri (qaimə-faktura) verilməlidir. Lakin, işin materiallarından da göründüyü kimi hər hansı təhvil-təslim aktı həyata keçirilməmişdir. Bu da onu göstərir ki, iddiaçı Borisova İrina ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsi formal xarakter daşımış və müqavilənin predmentini təşkil edən qida məhsullarının alqı-satqısı həyata keçirilməmişdir. Beləliklə, satıcı tərəfindən müqavilədə göstərilən öhdəliklər yerinə yetirilmədiyindən alıcı yəni Cavabdeh qarşı qaldırılmış iddia tamamilə əsassızdır.

4. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2901/2022 saylı, 29 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İrina Borisova ilə Cavabdeh arasında bağlanmış 03 mart 2021-ci il tarixli 125 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh 12255 manat əsas borc, 1745 manat cərimə, 400 manat mediasiya xərci və 510 manat hüquqi yardımla bağlı cəmi 14910 manat məbləğində pulun tutularaq iddiaçı İrina Borisovaya (MYİ 0******) ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-2901/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları düzgün qiymətləndirməmişdir. Nəticədə cavabdehin hüquqlarının və qanunla qorunan mənafelərinin pozulması ilə nəticələnən əsassız məhkəmə qərarı qəbul edilmişdir. Belə ki, müqavilənin 2.1.2-ci maddəsinə əsasən, mallarla birlikdə təhvil-təslim sənədləri (qaiməfaktura) verilməlidir. Lakin, işin materiallarından da göründüyü kimi iddiaçı Borisova İrana tərəfindən hər hansı təhvil-təslim aktı təqdim edilməmişdir. Bu da onu göstərir ki, iddiaçı Barisova İrina ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsi formal xarakter daşımış və müqavilənin predmentini təşkil edən qida məhsullarının alqı-satqısı həyata keçirilməmişdir. Beləliklə, satıcı tərəfindən müqavilədə göstərilən öhdəliklər yerinə yetirilmədiyindən alıcı yəni Cavabdeh qarşı qaldırılmış iddia tamamilə əsassızdır. İddiaçının nümayəndəsi və vəkili bildirmişdir ki, xx.xx.2021-ci il tarixli qarşılıqlı üzləşmə aktına əsasən həmin tarixə Cavabdeh 12255 manat borcu olmuşdur, lakin bu günə qədər ona ödənilməmişdir. İşin həqiqi hallarını məhkəmənin nəzərinə çatdırırıq ki, iddiaçının iddia tələbini əsaslandırdığı qarşılıqlı üzləşmə aktı Cavabdeh iştirakı olmadan iddiaçı tərəfindən word formatda tərtib edilərək ona təqdim edilmiş və alqı-satqı ilə bağlı digər sənədlərlə birlikdə təqdim edildiyindən, həmçinin cavabdeh tərəfindən aktın mahiyyəti nəzərə alınmadan imzalanmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

9. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

11. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

12. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

13. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

14. Həmin Məcəllənin 598.3-cü maddəsinə görə əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.

15. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

16. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. Mülki Prosessual Məcəllənin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

18. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Cavabdeh apellyasiya şikayətinin sonunda qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, cavabdeh qətnaməni təmin edilmiş müqavilənin ləğv edilməsi hissəsində mübahisələndirməmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin qanuniliyinin və əsaslılığının əsas borcun və cərimənin tutulmasının təmin edilən hissəsində yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı həddində iddia əsaslıdır.

21. İşin müəyyən olunmuş halları ondan ibarətir ki, 03 mart 2021-ci il tarixli 125 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı İrina Borisova alıcı Cavabdeh pulun ödənilməsi müqabilində qida məhsullarını satışını həyata keçirmişdir.

22. Müqavilənin 2.1.2-ci maddəsinə əsasən satıcı mallarla birlikdə təhvil-təslim sənədləri (qaimə-faktura) verməlidir.

23. Müqavilənin 3.3-cü maddəsinə əsasən müqavilə üzrə ödənişin vaxtında aparılmamasına görə ödənilməyən məbləğə gündəlik 3% cərimə hesablanaraq tutulacaqdır.

24. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

25. xx.xx.2021-ci il tarixli İrina Borisova ilə Cavabdeh arasında bağlanmış qarşılıqlı üzləşmə aktından görünür ki, xx.xx.2021-ci il tarixə Cavabdeh İrina Borisovaya 12255 manat məbləğində borcu vardır.

26. Akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.

27. Cavabdeh iddiaçı İrina Borisovaya 12255 manat məbləğində əsas borcunun olması tərəflərin imza və möhürlə təsdiq etdikləri xx.xx.2021-ci il tarixli qarşılıqlı üzləşmə aktı ilə öz təsdiqini tapır.

28. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bildirdiyi “qarşılıqlı üzləşmə aktının Cavabdeh iştirakı olmadan iddiaçı tərəfindən word formatda tərtib edilərək ona təqdim edildiyini və alqı-satqı ilə bağlı digər sənədlərlə birlikdə təqdim edildiyindən, həmçinin cavabdeh tərəfindən aktın mahiyyəti nəzərə alınmadan imzalandığına” dair dəlilinə münasibətdə qeyd edir ki, həmin dəllil ağlabatan olmadığından əsaslı hesab edilə bilməz.

29. Dəbbə puluna münasibətdə kollegiya qeyd edir ki, cərimənin tətbiq edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 3.3-cü bəndində öz əksini tapmışdır.

30. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

31. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

32. Kollegiya həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq əsas borc məbləğinə münasibətdə 1745 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir.

33. İşin qeyd edilən halları belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh dəyəri tələb edilən malları iddiaçıdan təhvil almış, üzləşmə aktı ilə təsdiq edilmiş borcun ödənilməsi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən iddianın borcun tutulmasının təmin edildiyi hissədə qətnamə qanuni və əsaslı hesab edilir.

34. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

35. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

36. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2901/2022 saylı, 29 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aida Hüseyn Hakimlər Cəmilə Musayeva Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar