Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-919/2022 23.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və İkram Sabir oğlu Şirinovdan ibarət tərkibdə, Ayşəm Lehsan qızı Əliyevanın katibliyi, Cavabdeh Şirkətin direktoru X2, cavabdehinn nümayəndələri və vəkilləri Vəkil1 və Vəkil2 iştirakı ilə, İddiaçı "xxxx" Kiçik Müəssisəsinin cavabdeh "xxxx" Müstəqil Şirkətinə qarşı “müqavilə üzrə pul” tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-3758/2021 saylı 21 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə 23 noyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Kiçik Müəssisəsi cavabdeh "xxxx" Müstəqil Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4.083.922,98 manat əsas borc, 612.588,44 manat dəymiş ziyanın əvəzi olmaqla cəmi 4.696.511,42 manat tutularaq, iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə aralarındakı müqavilədən irəli gələn münasibətdən yaranmış öhdəlik üzrə borclu qaldığı ƏDV-siz 3.461.011 manat məbləğinin vaxtında ödənilməsini təmin etməmişdir. Belə ki, tərəflər arasında 2019-cu il 3 yanvar tarixdə bağlanmış mövcud 18 saylı Xidmət Müqaviləsi və 2020-ci il 10 may tarixdə bağlanmış 6F/2020/08/02 saylı alqı-satqı müqaviləsinə əsasən sifarişçi tərəfindən verilən sifarişlər icraçı tərəfindən tam şəkildə və vaxtında yerinə yetirilmişdir. Sifarişə əsasən yerinə yetirilmiş işlər və verilmiş mallara görə iradlar olmamışdır. Tərəflər arasında bağlanmış adıçəkilən 2019-cu il 3 yanvar tarixli 18 saylı Xidmət Müqaviləsinə əlavə olan 2019-cu il 3 yanvar tarixli qiymət razılaşdırma protokolu və 2020-ci il 10 may tarixli 6F/2020/08/02 saylı alqı-satqı müqaviləsinə əlavə olan 2020ci il 10 may tarixli Qiymət razılaşma protokoluna əsasən sifarişçi tərəfindən verilən sifariş əsasında icraçı tərəfindən göstərilmiş xidmətlər və satılmış mallarla bağlı görülmüş işlərin qiymət razılaşması ilə müəyyən edilən məbləğin bir hissəsi ödənilmişdir. Yerdə qalan 3.052.487 manat məbləğin ödənilməsi isə hər dəfə bir bəhanə ilə təmin edilməmişdir. Halbuki, qeyd olunan 2019-cu il 3 yanvar tarixli 18 saylı müqavilənin 14.2-ci bəndinin tələbinə əsasən obyektdə yerinə yetirilmiş işlərin 90 faizi işlər yekunlaşanadək, qalan 10 faizi isə bütün işlərin keyfiyyəti və həcmi yoxlanılandan sonra 30 gün müddətində Sifarişçi tərəfindən ödənilməlidir. 2020-ci il 10 may tarixli 6F/2020/08/02 saylı alqı-satqı müqaviləsinin 3.1-ci bəndinə əsasən çatdırılmış malın hesab-fakturası təqdim edildikdən sonra ödənilməsi nəzərdə tutulmuşdur. Lakin müqavilənin qeyd olunan bəndinə zidd olaraq, göstərilmiş xidmətlərin son tarixindən 90 gündən və son mal qəbulu fakturaların təqdim edilməsindən sonra uzun müddət ötməsinə baxmayaraq, cavabdeh tərəfindən malların dəyərinin ödənilməsi təmin edilməmişdir. Ödənişlə bağlı cavabdehə pretenziya verilmiş, lakin məsələ həllini tapmadığndan, mübahisə yaranmışdır. Ona görə də işin həcminə görə mövcud ödənilməmiş məbləğə ƏDV hesablanmaqla 4.083.922,98 manat cavabdehdən tam şəkildə iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, tərəflər arasında mövcud müqavilələrin ödənişlə bağlı şərtlərin tələbinə görə artıq iki ildir ki, cavabdeh iddiaçıya ödəməli olduğu ümumilikdə 4.083.922,98 manat pulu özündə saxlamaqla, ondan iddiaçının iradəsinə zidd istifadə edir və gəlir əldə edərək, ondan faydalanır, iddiaçının hesabına əsassız olaraq varlanır. İddiaçı isə gördüyü işlərə görə çəkdiyi xərclərə görə ziyanlarla üzləşmişdir. Bu ziyan bank uçot dərəcəsi ilə hesablanmalıdır. Cavabdeh pulu istifadəsində saxlamaqla, ondan faydalanmaqda davam etdiyindən, son iki il üçün Mərkəzi bankın bank uçot faiz dərəcəsinə uyğun məbləğ hesablanmalıdır ki, bu da 612.588,44 (4.083.922,98 x 15%) manat təşkil edir. Ona görə də borc məbləği ilə yanaşı, puldan razılaşma müddətindən artıq istifadəsinə görə hesablanmış faiz məbləği olaraq 612.588,44 manat da tam şəkildə cavabdehdən iddiaçının xeyrinə tələb olunmalıdır. Cavabdeh tərəfindən iddia tələbinə dair etiraz təqdim edilərək göstərilmişdir ki, hər iki müqavilə üzrə iddiaçı tərəfindən görülmüş bütün işlərin dəyəri cavabdeh tərəfindən tam şəkildə ödənilmişdir. Belə ki, görülmüş iş həcmləri tərəflərin nümayəndəsinin imzası və möhürü ilə təsdiq edildikdən, o cümlədən müvafiq qaydada elektron qaimələr təqdim edildikdən sonra cavabdeh tərəfindən köçürmə yolu ilə iddiaçının bank hesabına ödənilmişdir. Görülmüş iş həcmlərinə uyğun olaraq ümumilikdə 2.990.284.79 manat (ƏDV daxil) iddiaçıya ödəniş edilmişdir. Həmin ödənişlərin açıqlaması etiraza əlavə olunmuş cədvəldə əks olunmuşdur. Hazırda iddiaçı heç bir hüquqi əsas və sübut olmadan cavabdehdən əlavə olaraq 4.696.511,42 manat məbləğində pulun ödənilməsini tələb edir. İddiaçı tərəfin təqdim etdiyi məbləğin əsassız olması onunla təsdiq olunur ki, iddiaçının məhkəməyə təqdim etdiyi təhvil-təslim aktları tərəflər arasında bağlanmış 18 nömrəli, 2019-cu il 3 yanvar tarixli müqavilənin 4.1-ci bəndinin tələblərinə cavab vermir. Belə ki, həmin bəndin tələbində “İşlərin təhvil verilməsi hər iki tərəfdən ən azı iki nəfər səlahiyyətli şəxsin imzası (möhürü) ilə təsdiq edilən təhvil-təslim aktına əsasən həyata keçirilməsi" göstərildiyi halda, iddiaçının məhkəməyə təqdim etdiyi aktların böyük əksəriyyəti yalnız iddiaçının nümayəndəsi tərəfindən imzalanmış və qarşı tərəfdən hər hansı bir imza və möhür mövcud deyildir. İddiaçının təqdim etdiyi aktların az qismində isə qarşı tərəfdən imzalanması iddia edilən biri-birinə uyğun gəlməyən, şübhəli imzalar olsa da, həmin aktlar cavabdehin möhürü ilə təsdiq olunmamışdır. Bu fakt birmənalı şəkildə onu təsdiq edir ki, görülməsi iddia olunan və əvəzində əsassız olaraq külli miqdarda məbləğ tələb olunan işlər cavabdeh tərəfindən qəbul edilməmişdir. Qeyd edilən faktla yanaşı, o da qeyd edilməlidir ki, həmin işlər ümumiyyətlə mövcud olmamışdır. Həmin işlərin ümumiyyətlə mövcud olmaması onunla təsdiq olunur ki, tərəflər arasında olan müqaviləyə əsasən 2019-cu ilin aprelmay aylarında görülmüş işlər üzrə hər iki tərəfin imza və möhürü ilə təsdiq edilən akta əsasən iddiaçıya 109.027.40 manat (ƏDV daxil) ödənildiyi halda, iddiaçı yenidən əsassız olaraq həmin aylar üçün 311.818,54 manat pulun ödənilməsini tələb edir. Eyni ilə, müqavilə üzrə nəzərdə tutulmuş işlər üzrə 2019-cu il oktyabr, noyabr, həmçinin 2020-ci il yanvar ayları üzrə görülmüş işlərin məbləği hər iki tərəfdən müqaviləyə uyğun qaydada təsdiqlənərək, ödənildiyi halda, hazırda iddiaçı həmin aylar üzrə tərəflər arasında təsdiq edilmiş aktlardakı məbləğlərdən fərqli olan məbləğləri heç bir rəsmi sənədləşdirmə olmadan tələb etməkdədir. Bundan başqa, iddiaçı iddia ərizəsinə əlavə etdiyi və cavabdeh tərəfindən təsdiq edilməyən aktlar üzrə 2018-ci ilin may-iyun aylarında görülmüş işlər üzrə 483.033 manat məbləğin ödənilməsini tələb edir. Lakin tərəflər arasında müqavilə 2019-cu il 3 yanvar tarixdə bağlanmış və həmin tarixdən sonra işlərə başlanmışdır. Belə olan halda, müqavilənin bağlanmasından əvvəl 2018-ci ilin may-iyun aylarında işlərin görülməsi və üstəlik bu işlərə görə 2019-cu ilin fevral ayında akt tərtib edilməsi qeyri-mümkün olmaqla, tamamilə istisna olunur. Bundan əlavə, 2018-ci il 1 yanvar tarixdən 2020-ci il 1 aprel tarixə qədər təhvil verildiyi iddia olunan və pulu ödənilmədiyi mal-materialların siyahısı və dəyərini əks etdirən arayış cavabdehin imza və möhürü ilə təsdiqlənməmişdir. Eyni ilə də tərəflər arasında müqavilə bağlanmasından əvvəl 2018-ci ilin yanvar ayı üzrə görülmüş işlər üçün tərtib edilmiş akt tamamilə əsassızdır. Göstərilənlərlə yanaşı, ümumiyyətlə qeyd edilən 4.083.992,98 manat məbləğində işlər görülmədiyindən, həmin məbləğlə əlaqədar irəli sürülən 612.588,44 manat cərimə məbləği də tamamilə əsassızdır və cavabdeh tərəfindən qəbul olunmur. Göründüyü kimi, iddiaçı tərəfindən iddia tələbində qeyd edilənlərlə bağlı heç bir sübut məhkəməyə təqdim olunmamış və ümumiyyətlə belə bir sübutlar mövcud deyildir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3758/2021 saylı 21 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən ƏDV daxil 4.083.922,98 manat əsas borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianın heç bir hüquqi əsası yoxdur, nə iddia ərizəsində, nə də ki, iddiaya cavabdehin etirazından sonra iddiaçının təqdim etdiyi əlavə ərizələrdə hansısa hüquq normasına istinad olunmamışdır. İddiaçı yalnız ehtimal və fərziyyələrlə 4 milyondan artıq bir məbləği tələb etmiş, birinci instansiya məhkəməsi isə əsassız iddianı təmin etmək üçün iddiaçının əvəzinə hüquq norması axtarmaqla məşğul olmuş, nəticədə hüquq normalarını kənara qoymaqla, ciddi bir hüquq mübahisəsinə tərəflər arasında yaranmış adət-ənənə kimi qiymət verməklə, adətdən çıxış etmişdir. İddiaçı özü də iddiasında göstərmişdir ki, tərəflər arasında yaranmış öhdəliyin ardıcıllıqla icrasının nəticəsində cavabdeh, icraçı olan iddiaçıya 3.461.011 manat məbləğin vaxtında ödənilməsini (2 il müddətində) təmin etməmişdir. Bir daha qeyd edir ki, tərəflər arasında münasibətlər ardıcıllıqla aylar üzrə iki il müddətində davam edirsə və cavabdehin ödənilməyən borcu qalmışdırsa, iddiaçı bunu ardıcıllıqla davam edən növbəti aylarda tələb irəli sürməklə bildirməli idi. Lakin bununla bağlı iddiaçı hər hansı pretenziya, tələb irəli sürmədən, əksinə ardıcıllıqla davam edən növbəti aylar üzrə iş həcmlərini təsdiq etmiş, elektron qaimələr göndərmiş və cavabdeh tərəfindən də həmin növbəti ayların ödənişləri həyata keçirilmiş, iddiaçı ödənişləri qəbul etməklə razılaşmış və əlavə tələb, irad bildirməmişdir. Hazırkı iş üzrə tərəflər arasında bağlanmış müqavilədə işlərin təhvil-təsliminin rəsmiləşdirilməsi qaydası (səlahiyyətli şəxsin imzası və möhürünün olması) aydın şəklildə müəyyən edildiyi halda, həmin münasibətlərə hansısa işgüzar adətin tətbiqindən söhbət gedə bilməz və tərəflər ibtidai icma quruluşunda olduğu kimi hansısa işgüzar adət və ənənəyə uyğun yox, məhz müqavilə şərtləri çərçivəsində hərəkət etməlidirlər. Məhz müqavilə şərtləri çərçivəsində cavabdeh tərəfindən tərəflərin səlahiyyətli şəxsinin imzası, möhürü ilə təsdiq edilmiş aktlar əsasında işlər qəbul olunmaqla, ödəniş aparılmışdır. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək görülmüş və təqdim edilən dəyəri ödənilməyən mal-materialın siyahısına (siyahıya verilmiş beton məhlulu daxil edilməmişdir) dair arayışda yalnız iddiaçının möhürü və direktoru Qanuni nümayəndə imzası mövcuddur. Cavabdehin səlahiyyətli şəxsinin imzası və möhürü yoxdur. Bu fakt onu təsdiq edir ki, Qanuni nümayəndə həmin arayışda istənilən məbləği yazıb möhür vura bilər və bu halda həmin sənəd mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə birtərəfli qaydada tərtib olunmuş sənədə istinad etməklə, guya iddiaçı tərəfin cavabdeh üçün 3.645.340,96 manat həcmində iş görülməsinin və cavabdehin həmin məbləğdə borcunun yaranmasının əsaslandırılması tamamilə absurddur və məhkəmə tarixində görünməmiş bir haldır. İddiaçının təqdim etdiyi cavabdehin layihə rəhbəri M.Bilalov və iddiaçının direktoru Qanuni nümayəndə tərəfindən imzalanmış iddiaçı tərəfindən mayiyun aylarında 2018-ci il tarixinə kimi görülmüş torpaq iş həcmlərinin fevral 2019-cu il tarixində təsdiqinə dair aktdan görünür ki, qeyd olunan müddət ərzində iddiaçı tərəfindən görülmüş işlərin dəyəri ƏDV daxil 483.033 manat hesablanmışdır. Məhkəmədə iddiaya qarşı yazılı etiraz təqdim edərək, tərəflər arasında müqavilənin xx.xx.2019-cu il tarixdə bağlandığı halda xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək iddiaçı qarşısında cavabdehin hansısa öhdəliyinin yaranmasının mümkünsüzlüyü faktını məhkəmənin və iddiaçının diqqətinə çatdırdıqda, qeyd olunan faktla bağlı, yəni xx.xx.2019-cu il tarixli müqavilədən əvvəl hansı işlərin və hansı borcların olması ilə bağlı cavabdehin nümayəndəsi sualları cavablandıra bilmədi və konkret olaraq həmin hissədə sual qarşısında aciz qaldı. Növbəti məhkəmə iclasında isə qarşı tərəf yalnız öz imza və möhürləri ilə təsdiqlənmiş sənədlər təqdim edərək, əsaslandırmağa çalışdı ki, guya ki, cavabdehin "xxxx" MMC-yə borcu olmuş və həmin borcun iddiaçıya ötürülməsi ilə cavabdehin borcu yaranmışdır. Əvvəla qeyd olunmalıdır ki, cavabdehin "xxxx" MMC qarşısında heç bir borcu olmamışdır. Digər tərəfdən, məhkəmədə baxılan iş üzrə "xxxx" MMC tərəf kimi işə cəlb edilmədən həmin borcu müəyyən etmək mümkün deyil. Bundan başqa, təqdim olunan arayışda işlərin "xxxx" MMC tərəfindən görülməsi və nədən ibarət olması göstərilməli idi. Halbuki, arayışda xx.xx.2018-ci il tarixdən işlərin iddiaçı tərəfindən görülməsi göstərilmişdir ki, bu da aktın saxtalığını təsdiq edir. Bundan əlavə, işlər 2018 may-iyun ayında görülürsə, hansı səbəbdən 2019-cu ilin fevralında akt tərtib olunur. Həmin aktdan açıq-aşkar görünür ki, M.Bilalovun imzası oxşadılmaqla çəkilmişdir, cavabdehin isə möhürü aktda yoxdur, yəni akt tərəflər arasında olan müqavilə şərtlərinə cavab vermir. Bu səbəbdən həmin akt mötəbər sübut kimi qiymətləndirilə bilməz. İddiaçının təqdim etdiyi, cavabdehin layihə rəhbəri M.Bilalov və iddiaçının direktoru Qanuni nümayəndə tərəfindən imzalanmış, iddiaçı tərəfindən aprel-may aylarında 2019- cu il tarixdə yerinə yetirlimiş qazma-dolğu işlərinin qəbuluna dair aktan görünür ki, qeyd olunan müddət ərzində iddiaçı tərəfindən görülmüş işlərin dəyəri ƏDV daxil 161.619,88 manat hesablanmışdır. Təqdim olunan həmin aktların saxtalığı onunla təsdiq olunur ki, aktda göstərilən 2019-cu ilin aprel-may ayı üzrə görülmüş işlərin təhvil-təslimi ilə bağlı tərəflər arasında aktlar (forma 2) tərtib olunmuş, elektron qaimə təqdim olunmuş və xx.xx.2019-cu il tarixdə cavabdeh tərəfindən iddiaçıya ƏDV daxil 109.027,40 manat ödəniş edilmişdir. Üstündən 2 il keçəndən sonra iddiaçı həmin dövr üzrə guya 295.711,54 manat borcun olması barədə M.Bilalovun imzası oxşadılmaqla çəkilmiş, cavabdehin isə möhürü olmayan akt tərtib etməklə əsassız iddia irəli sürmüşdür. Təəssüflər olsun ki, məhkəmə tərəfindən tərəflər arasında olan müqavilə şərtlərinə və reallığa cavab verməyən həmin akt əsassız olaraq sübut kimi qiymətləndirilməklə, aktda göstərilən iddia tələbi təmin edilmişdir. Həmin aktların saxtalığı onunla təsdiq olunur ki, 295.711.54 manat, 16.107 manat, 161.619,88 manat dəyəri olan aktlar eyni dövrdə, 2019-cu ilin aprel-may ayında, eyni “qazma dolğu, kipləşdirmə işləri” ilə bağlı tərtib edilmişdir. Eyni ay ərzində eyni işin görülməsi ilə bağlı fərqli-fərqli aktların tərtib edilməsi faktı onu təsdiq edir ki, iddiaçı ürəyi istədiyi vaxt tarixləri uyğun gəlməyən aktlar tərtib etməklə məşğul olmuşdur. Bu səbəbdən həmin aktlar mötəbər sübut kimi qiymətləndirilə bilməz. İddiaçının təqdim etdiyi, cavabdehin layihə rəhbəri M.Bilalov və iddiaçının direktoru Qanuni nümayəndə tərəfindən imzalanmış, iddiaçı tərəfindən 01 iyun - 01 iyul aylarında 2019-cu il tarixində görülmüş torpaq işlərinin həcminə dair aktdan görünür ki, qeyd olunan müddət ərzində iddiaçı tərəfindən görülmüş işlərin dəyəri ƏDV daxil 100.645,28 manat hesablanmışdır. Həmin aktda göstərilən 2019-cu ilin iyun üzrə görülmüş işlərin təhvil-təslimi ilə bağlı tərəflər arasında aktlar (forma 2) tərtib olunmuş, elektron qaimə təqdim olunmuş və xx.xx.2019cu il tarixdə cavabdeh tərəfindən iddiaçıya ƏDV daxil 127.590,98 manat ödəniş edilmişdir. Üstündən 2 il keçəndən sonra iddiaçı həmin dövr üzrə guya 100.645,28 manat borcun olması barədə M.Bilalovun imzası oxşadılmaqla çəkilmiş, cavabdehin möhürü olmayan akt tərtib etməklə əsassız iddia irəli sürmüş, məhkəmə də tərəflər arasında olan müqavilə şərtlərinə və reallığa cavab verməyən həmin akt əsassız olaraq sübut kimi qiymətləndirilməklə, aktda göstərilən iddia tələbi təmin edilmişdir. Şikayətdə eyni xarakterli digər pozuntulara da istinad olunmuşdur. Daha sonra şikayətdə qeyd edilmişdir ki, məhkəmənin 4.083.922,98 manat pulu əsaslandırmaq məqsədilə istinad etdiyi aktlar ziddiyyətli, natamam olmaqla yanaşı, imzalar saxtalaşdırılmışdır, bir çox hallarda imzalar yoxdur və ümumiyyətlə cavabdehin möhürü ilə təsdiq olunmamışdır. Bəzi hallarda isə cavabdedeh tərəfindən ödənilmiş pullar təkrar olaraq ondan məhkəmə qətnaməsi ilə tutulmuşdur. Məhkəmənin qətnamədə göstərmiş olduğu 4.083.922,98 manat məbləğin içərisində cavabdehin ödədiyi 887.241,81 manat pul təkrar olaraq tutulmuşdur. Nəzərə alınmalıdır ki, fiziki şəxslərlə müqayisədə hüquqi şəxslərin öz statusuna görə fərqlənən xüsusiyyətləri mövcuddur. Belə ki, hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən möhürə və rekvizitlərə, o cümlədən təsis sənədlərinin və digər zəruri rekvizitlərin saxlanmasına maddi məsul olan şəxslərə malikdir. Hüquqi şəxsin rəsmi reyestrdə qeydə alınması və möhürə malik olmasının mahiyyəti ondan ibarətdir ki, onunla hüquq münasibətinə daxil olan fiziki və ya digər hüquqi şəxslərlə münasibətlərdə dövriyyədə olan sənədlərin mötəbərliyi və səlahiyyətli şəxs tərəfindən imzalanması yalnız müvafiq möhürlə təsdiq edildiyi halda hüquqi qüvvəyə malik olur. Hazırkı iş üzrə bir daha vurğulanır ki, iddiaçının təqdim etdiyi sənədlərdə cavabdehin möhürü mövcud deyil və belə olan halda həmin sənədləri mötəbər sübut hesab etmək olmaz. Sənədlərdə hüquqi şəxsin səlahiyyətli olub-olmaması, imzasının həqiqi olub-olmaması müəyyənləşdirilmədən hansısa işçisinin imzası olduğu halda belə, həmin imza hüquqi şəxsin rəhbəri tərəfindən möhürlə təsdiq edilməmişdirsə, belə çıxır ki, hüquqi şəxsin təmsilçisi həmin sənəddə göstərilənləri qəbul etməmişdir. Bir daha bildirir ki, iş materiallarında cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli Saziş adlı sənəd, sübut mövcud deyildir. O, cümlədən 483.033 manatla bağlı cavabdehin layihə rəhbəri M.Bilalov və iddiaçının direktoru Qanuni nümayəndə tərəfindən imzalanaraq təsdiq olunmuş hər hansı bir sənəd, sübut iş materiallarında mövcud deyil. Bundan əlavə, iddiaçının ilk olaraq iddiasına əlavə etdiyi və məhkəmənin də qətnamədə istinad etdiyi xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək görülmüş və təqdim edilən dəyəri ödənilməyən mal-materialın siyahısına dair arayışda iddiaçı “Texnikaların icarə haqqı üzrə” cavabdehin 1.085.600 manat borcunun olduğunu göstərmişdir. Lakin sonradan təqdim etdiyi saxta aktlar üzrə ümumilikdə texnikaların icarəsinə görə iddiaçı cavabdehdən 333.491,60 manat pul tələb etdiyini göstərmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh X10 Yol Depo tikintisinə başlayan zaman vəsaiti olmadığı üçün onun əvəzindən bütün xərcləri iddiaçı ödəyibdir. Məhz iş iddiaçıya bu razılığa görə verilmişdir. Cavabdehin ödənişlərin vaxtında təmin edilməsi üçün vəsaiti olmadığı üçün 2020-ci ilə qədər görülmüş işlərin bir hissəsinin ödəniş tələbi ilə bağlı elektron qaimə yazılmamışdır. Ona görə ki, vergi qanunlarına görə elektron qaimə yazılan kimi iddiaçı vergi ödəməli idi. Cavabdehin pul ödəmək imkanı yox idi, ona görə də elektron qaimə iş görülən ayda dərhal yazılmırdı. Hal-hazırda məhkəmə çəkişməsi getsə də belə, iddiaçı yenə də kipləşdiricı material və beton məhlulu cavabdehə verməyi davam etdirir. Ona görə ki, X7 tikintisi "xxxx" ASC-yə aid olduğundan, iddiaçı işi dayandırmır. Göründüyü kimi, 2 il pul tələb etmədən iddiaçının işləməsinin səbəbi yuxarıda göstərdikləridir. Görülmüş işlərin aktları cavabdehdə hazırlanırdı, layihə rəhbəri və geodist tərəfindən imzalanırdı, sonra göndərilirdi iddiaçıya, iddiaçı da imzalayırdı, möhür vurub qaytarırdı cavabdehin layihə rəhbərinə, sonradan onlar onu ya imzalayırdı, ya da imzalamırdı, bunun iddiaçıya heç bir aidiyyəti yox idi. Çünki pulu bu şəkildə ödəyirdilər. Cavabdehin layihə rəhbəri Məmmədrəsul müəllim olanda aktları təkcə özü imzalayıb iki nüsxə göndərirdi, iddiaçının rəhbəri imza atıb, möhürləyib, birini özündə saxlayaraq 2-ci aktı cavabdehə qaytarırdı. Onlar da həm akta görə görülmüş torpaqkipləşmə işləri və sair iddiaçının pulunu ödəyirdi. Ancaq İbad müəllim layihə rəhbəri olduqdan sonra xəritə mühəndisi də akta imza atırdı. Elə vaxtlar olub kı, iddiaçının direktoru da imza atıbdır. Hər bir halda akta kimin imza edilməsindən asılı olmayaq, pulun ödənilməsində iradlar edilməmişdir. Nəticə etibarı ilə pulu ödənilən və ödənilməyən aktlar eyni qayda ilə olaraq bir imza ilə möhürlə, eləsi də var ki, möhürsüz imza ilə təsdiqlənib. Cavabdehin apellyasiya şikayətində elə göstərilir ki, guya iddiaçı YLD-nin tikintisində iş görülməyib, saxta akt yazılıb, cavabdeh özünə sual qoymur kı, aktları kim yazırdı? Aktları və maliyyə arayışını cavabdehin layihə rəhbəri, xəritə mühəndisi, texniki şöbəsi yazırdı, baş mühasib təsdiq edirdi. Cavabdeh öz yazdığı maliyyə arayışı və aktı təzkib edir. İddiaçı beton məhluluna görə heç bir iddia qaldırmamışdır. Çünki bununla bağlı mübahisə yoxdur və hal-hazıra kimi də ödənişlər davam etməkdədir. Guya məhkəmə qətnaməsində göstərilir ki, 4.083.922,98 manat məbləğin içərisində onlar tərəfindən ödənilən 887.241,81 manat pula təkrar qərar qəbul olunmuşdur. Cavabdehin apellyasiya şikayətində yazdığı 887.241,81 manat məsələsi cavabdehin rəhbərinin formal düşüncəsinin məhsuludur. Belə bir hal mövcud deyil. Cavabdeh elə bir ödəniş nümayiş etdirməmişdir ki, ona əlavə iş həcmi də təqdim edilsin. Tam əksinə, bütün işlərə akt tərtib edərkən, bir qismini həmişə azaltmışlar. İddiaçı da əməkdaşlıq davam etsin deyə, həmişə güzəşt etmişdir. İndi də iddia tələbi yalnız çəkdiyi xərclərin məbləğidir. Göründüyü kimi, apelyasiya şikayəti formal mülahizələrdən ibarətdir və qanuni olan qətnamənin ləğvi üçün əsas ola bilməz. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-164/2022 saylı 17 yanvar 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3758/2021 saylı 21 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi qət edilmişdir. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(102)-528/2022 saylı 29 iyul 2022-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-164/2022 saylı 17 yanvar 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bununla bağlı hazırki işə apellyasiya qaydasında yenidən baxılması sonuncu dəfə xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. İşdə iştirak edən şəxslər hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə görə hazırki işə iddiaçı "xxxx" Kiçik Müəssisəsinin nümayəndsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, bildirmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi iddianın heç bir hüquqi əsası yoxdur, iddiaçı yalnız ehtimal və fərziyyələrlə 4 milyondan artıq bir məbləği tələb edir, birinci instansiya məhkəməsi isə əsassız iddianı təmin etmək üçün hüquq normalarını kənara qoymaqla, ciddi bir hüquq mübahisəsinə tərəflər arasında yaranmış adət-ənənə kimi qiymət verməklə, adətdən çıxış edərək hesab etmişdir ki, iddia qismən təmin olunmalıdır. İddiaçının iddiasına nəzər yetirdikdə görünür ki, o tərəflər arasında bağlanmış iki müqaviləni əsas götürməklə, cavabdehi müqavilə öhdəliklərini tam icra etməməkdə təqsirləndirmişdir. Bunlardan biri xx.xx.2019-cu il tarixdə bağlanmış 18 saylı Xidmət Müqaviləsi, digəri isə xx.xx.2020-ci il tarixdə bağlanmış 6F/2020/08/02 saylı alqı-satqı müqaviləsidir. Cavabdeh tərəf olaraq birmənalı şəkildə bildirmişdi ki, hər iki müqavilə üzrə öhdəliklər tam şəkildə icra olunmuş və müqavilə şərtlərinə uyğun olaraq görülmüş iş həcmləri, təhvil verilmiş mallar tərəflərin nümayəndəsinin imzası və möhürü ilə təsdiq edildikdən (Forma 2-lər), o cümlədən müvafiq qaydada elektron qaimələr təqdim edildikdən və iş həcmləri forma 3-lər üzrə qəbul edildikdən sonra həmin işlərin dəyəri cavabdeh tərəfindən köçürmə yolu ilə "xxxx" KM-nin bank hesabına ödənilmişdir. Qeyd olunmalıdır ki, cavabdeh tərəfindən ödənilmiş pul vəsaitləri də iddiaçı tərəfindən inkar edilməmiş və iddiaçı özü məhkəməyə təqdim etdiyi ərizəsində ümumilikdə 3.183.319,88 manat, həmçinin 572.997,58 manat ƏDV-nin ödənildiyini etiraf etmişdir. İddiaçı dəyəri ödənilmiş iş həcmlərindən əlavə, yalnız özünün möhürü mövcud olan aktlar, arayış, maliyyə arayışı təqdim etməklə hesab etmişdir ki, həmin sənədlərə əsasən cavabdeh tərəfindən ona əlavə olaraq 4.083.922,98 manat pul ödənilməlidir. Maraqlı fakt ondan ibarətdir ki, iddiaçının pul tələb etdiyi dövrlər üzrə, misal olaraq 2019-cu ilin aprel-may ayı üzrə tərəflər arasında forma-2 aktlar tərtib olunmuş, iş həcmləri tam müəyyən olunmuş, iddiaçının təqdim etdiyi elektron qaimələr üzrə ödəniş olunmuş və bu qaydada heç bir irad və tələb olmadan dövriliklə ödənişlər olunmaqla işlər 2020-ci ildə daxil olmaqla davam etmişdir. Yalnız 2021-ci ilin aprel ayında iddiaçı cavabdehdən pul tələb etməyə başlamış və tələb etdiyi ödənişin məhz 2019-cu ilin aprel-may aylarını əhatə etdiyini göstərmişdir. Belə olan halda cavabdeh tərəfin haqlı imtinası yaranmışdır ki, əgər 2019-cu ilin aprel-may ayları ərzində görülmüş işlərin həcmlərində ödənilməyən məbləğlər qalmışdırsa, hansı səbəbdən bu hallar 2019-cu ilin aprel-may aylarından sonrakı (iyun, iyul, avqust, sentyabr və s.) aylarda tərtib olunmuş sənədləşmələrdə göstərilməmişdir və yaxud hansı səbəbdən 2020-ci ildə də davam edən digər iş həcmlərini müəyyən edən sənədlərdə öz əksini tapmamış və bununla bağlı elektron qaimələr təqdim olunmamışdır. Əlbəttə bu sualların tutarlı cavabının olmaması, iddiaçının da nümayəndəsinin bununla bağlı sualları məhkəmədə cavablandıra bilməməsi onu təsdiq edir ki, iddiaçının özünün sonradan öz möhürü ilə təsdiq etdiyi iş həcmləri reallığı əks etdirmir. İddiaçı özü də iddiasında göstərmişdir ki, tərəflər arasında yaranmış öhdəliyin ardıcıllıqla icrasının nəticəsində cavabdeh "6-cı mərtəbə’” MŞ icraçı olan "xxxx" KM-nə 3.461.011 manat məbləğin vaxtında ödənilməsini (2 il müddətində) təmin etməmişdir. Bir daha qeyd etmişdir ki, tərəflər arasında münasibətlər ardıcıllıqla aylar üzrə iki il müddətində davam edirsə və cavabdehin ödənilməyən borcu qalmışdırsa, iddiaçı bunu ardıcıllıqla davam edən növbəti aylarda tələb irəli sürməklə bildirməli idi. Lakin bununla bağlı "Mavi- İşıq" KM hər hansı pretenziya, tələb irəli sürmədən əksinə, ardıcıllıqla davam edən növbəti aylar üzrə iş həcmlərini təsdiq etmiş, elektron qaimələr göndərmiş və cavabdeh tərəfindən də həmin növbəti ayların ödənişləri həyata keçirilmiş, "Mavi-İşıq" KM-də həmin ödənişləri qəbul etməklə razılaşmış və əlavə tələb, irad bildirməmişdir. Hazırki iddia ərizəsi ilə tələb olunan məbləğlə bağlı tərəflər arasında nə Forma-2 aktlar tərtib olunmuş, nə də ki, müvafiq qaydada elektron qaimələr təqdim olunmuşdur. Əksinə, tərəflər arasında 2020-ci ilin yanvar ayı ərzində tərtib olunmuş Forma 3 sənədində xx.xx.2019-cu il tarixli müqavilə üzrə hesabat ayı daxil olmaqla işlərin əvvəlindən həyata keçirilmiş iş həcmlərinin məbləğinin 2.572.450.74 manat təşkil etməsi tərəflərin, o cümlədən hazırki iş üzrə iddiaçı "Mavi İşıq” KM-nin möhürü və səlahiyyətli şəxsinin imzası ilə təsdiq edilmişdir. (Bu barədə sənəd məhkəmə iclasında təqdim olunmuşdur). Əsl həqiqətdə "6-cı Mərtəbə” Şirkətinin ödənilməmiş borcu qalsa idi, "Mavi-İşıq” KM-si həmin Forma 3 sənədini təsdiq etməməli idi. Bütün bunlarla təsdiq olunur ki, iddiaçının iddiası tamamilə əsassız və qanunsuzdur. Bununla bağlı cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv edilərək, həmin hissədə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Şirkətin direktoru X4, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 digər nümayəndə və Vəkil1 izahatı ilə razı olduqlarını və onun izahatına əlavələrinin olmadığını bildirmişlər. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclsında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Sonradan elektron kabinet vasitəsilə iddiaçının nümayəndəsi Nümayəndə1 izahatını təqdim edərək bildirmişdir ki, iş Gəncə şəhərində görülür, iş yerində layihə rəhbəri olur və işlər onun tərəfindən idarə olunur, cavabdehin ofisi isə Bakı şəhərindədir, sənədlər Gəncə şəhərində işin görüldüyü yerdə tərtib edilir və layihə rəhbərinə təqdim edilir, onun tərəfindən nəzarət yoxlanışından sonra imzalanıb və hesabat formasında cavabdehin Bakı şəhərində yerləşən ofisinə göndərilir. Yəni cavabdehin möhürünün sənədlərə vurulması mərasimi Gəncədə yox, Bakı şəhərində baş verməli idi. Məhz bu səbəbdən iddiaçıda qalan nüsxələrin əksəriyyətində cavabdehin layihə rəhbərinin imzası vardır, cavabdehin möhürü isə yoxdur, buna cavabdehin heç vaxt etirazı olmamış və eyni qaydada tərtib olunmuş sənədlər üzrə əvvəllər ödənişləri də həyata keçirmişdir, bu da tərəflər arasında bu şəkildə münasibətin formalaşmasına gətirib çıxarmışdır. Ali Məhkəmənin qərarında qeyd olunan mövqeyinə görə mübahisənin daha obyektiv həlli üçün iddiaçı tərəfin görülmüş işlərin ümumi həcminin yerində müəyyən edilməsi vacibdir və bunun üçün xüsusi sahə biliyinə malik mütəxəssislərin dəvəti ilə ekspertizanın keçirilməsinin mütləqliyini tapşırıq kimi qeyd etmişdir. Lakin cavabdeh tərəf hər dəfə olduğu kimi, bu dəfə də ekspertizanın keçirilməsinə qarşıdır. Çülki cavabdeh tərəfə yəqinliklə məlumdur ki, iddiaçı tərəfindən görülmüş işlərin həcmi yerində müəyyən edildikdə iddia tələbindən daha çoxdur. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən- iddianın təmin edildiyi hissədə ləğv edilərək, həmin hissədə iddia rədd edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki işdən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Belə ki, qətnamə iddianın təmin edilmədiyi hissədə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı iddianın təmin edildiyi, yəni, “cavabdehdən ƏDV daxil 4.083.922,98 manat əsas borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi” hissəsində yoxlanılır. İş materiallarında olan tərəflər arasında bağlanmış 2019-cu il 3 yanvar tarixli 18 nömrəli xidmət müqaviləsinə əsasən icraçı (iddiaçı) Gəncə şəhərində inşa olunan X6 Deposunun ərazisində torpaq qazma işlərini, dolğu işlərini, inşaat materialları ilə çirklənmiş torpağın emal edilməsi və landşaft işlərini icra edir və sifarişçi (cavabdeh) bu işlər müqabilində icraçıya müvafiq haqq ödəyir. Müqavilənin 1.3-cü bəndinə görə, hazırkı müqavilə hər iki tərəfdən imzalandığı və möhürlə təsdiq edildiyi andan etibarən qüvvəyə minir və müqavilə üzrə görüləcək işlərin icrası başa çatanadək qüvvədə olacaq; 2.1-ci bəndinə əsasən, göstəriləcək xidmətlərin haqqı tərəflər arasında imzalanan və bu müqaviləyə əlavə edilən Qiymət razılaşma protokolu əsasında həyata keçirilir; 4.1-ci bəndinə görə, işlərin təhvil verilməsi hər iki tərəfdən ən azı iki nəfər səlahiyyətli şəxsin imzası (möhürü) ilə təsdiq edilən təhvil-təslim aktına əsasən həyata keçirilir. Cavabdehin direktoru Y.Nəbiyev və iddiaçının direktoru Qanuni nümayəndə tərəfindən imzalanmış və möhürlənmiş 2019-cu il 3 yanvar tarixli 18 nömrəli Qiymətdə razılaşma protokoluna görə, tərəflər yeni DEPO-nun tikintisi ilə əlaqədar olaraq sifarişçinin tapşırığı əsasında icraçının tikinti sahəsində göstərəcəyi xidmət, görüləcək iş və veriləcək mal-materialın adı, qiyməti siyahıda göstərilmiş qaydada müəyyən edilmişdir. Cavabdehin layihə rəhbəri M.Bilalov tərəfindən imzalanmış və iddiaçının nümayəndəsi V.Novruzov tərəfindən imzalanmış və möhürlənmiş 2019-cu il 5 yanvar tarixli Qiymətdə razılaşma protokoluna əsasən X9 tikinti sahəsinin dolğu işlərinin icra edilməsində istifadə edilən texnikaları iddiaçı təmin edəcək, amma texnikaların hər biri üçün aylıq icarə qiymətlərinə uyğun (ƏDV daxil 54.280 manat) cavabdeh tərəfindən ödəniləcəkdir. Cavabdehin direktoru Y.Nəbiyev və iddiaçının direktoru Qanuni nümayəndə tərəfindən imzalanmış və möhürlənmiş 1 nömrəli Əlavəyə görə, 2019-cu il 3 yanvar tarixli xidmət müqaviləsinin 1.1-ci bəndində müəyyən edilmiş işlərin həyata keçirilməsi üçün iş prosesinə cəlb edilmiş texnikanın iş günləri üzrə günlük qiymətləri ƏDV daxil 112.524,8 manat razılaşdırılmışdır. Tərəflər arasında bağlanan 2020-ci il 10 may tarixli 6F/2020/08/02 nömrəli alqısatqı müqaviləsinə əsasən bu müqavilədə təchizatçı iddiaçı tərəfindən sifarişçi cavabdehin beton məhlulu və tikinti materialları ilə təmin olunması üçün ümumi şərt və müddəalar müəyyənləşdirilir. Müqavilənin 3.1-ci bəndinə görə, bu Müqavilə çərçivəsində ödəniş hər bir partiya üçün hər bir hesab-fakturadan çıxılmaqla həyata keçirilir, təchizatçıya təqdim edildikdən sonra ödəniş icra edilir. Cavabdehin direktoru Y.Nəbiyev və iddiaçının direktoru Qanuni nümayəndə tərəfindən imzalanmış və möhürlənmiş 6F/2020/08/02 nömrəli alqı-satqı müqaviləsinə 2020-ci il 10 may tarixli qiymət razılaşdırma protokolu olan 1 nömrəli əlavəyə görə, müqavilənin şərtlərinə əsasən C25 B30 və C15 B15 markalı beton məhlulunun alınması və qiyməti razılaşdırılmışdır. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 2019-cu il 2 iyun tarixli Hüquq və öhdəliklərin ötürülməsi barədə Sazişə görə, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış 2018-ci il 1 mart tarixli podrat müqaviləsi və 2018-ci il 16 mart tarixli alqısatqı müqaviləsinə əsasən, X11 ərazisində icra etdiyi 2018-ci ilin may iyun aylarına kimi yeni dəmir yol xəttinin altındakı metal borunun qazılıb çıxarılması, torpağın kənar əraziyə daşınması, həmin sahənin təkrar dolğu materialı ilə doldurulması, tikinti sahəsindən kanalizasiya xəttinin çıxarılması, həmin sahənin torpağının kənar sahəyə daşınması və əvəzinə dolğu verilməsi işlərinin, yeni Depoya gələn avtomobil yolunun planirovkası, yeni Depo yolunun dolğu materialı ilə doldurularaq bir neçə dəfə hamarlanması işlərindən cavabdehin 488.033 manat borcu yaranmışdır. Hal-hazırda cavabdehin ödəmə qabiliyyətinin olmaması, "xxxx" MMC-nin fəaliyyətini dayandırmaq niyyəti olduğu üçün, cavabdehə yazılmış 2019-cu il 2 iyun tarixli məktubuna əsasən, cavabdehin layihə rəhbəri də şirkətlərinin "xxxx" MMC-yə olan 488.033 manat borcunu yeni akt yazaraq, iddiaçının gördüyü iş kimi qəbul edib ödəmə etməyə razılıq verdiyi üçün, "xxxx" MMC-nin cavabdehdən alacağı 488.033 manat borcun iddiaçıya verilməsinə razılaşmışlar. İddiaçı 488.033 manatı qəbul etdikdən sonra "Şah-Tac E.A.F” MMC-yə ödənməsinə dair öhdəliyi qəbul etmişdir. Cavabdehin layihə rəhbəri M.Bilalov və iddiaçının direktoru Qanuni nümayəndə tərəfindən imzalanmış, iddiaçı tərəfindən may-iyun aylarında 2018-ci il tarixinə kimi görülmüş torpaq iş həcmlərinin fevral 2019-cu il tarixdə təsdiqinə dair akta əsasən, qeyd olunan müddət ərzində iddiaçı tərəfindən görülmüş işlərin dəyəri ƏDV daxil 483.033 manat hesablanmışdır. Göründüyü kimi, işin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, "xxxx" kiçik müəssisəsi ilə "xxxx" müstəqil şirkəti arasında xx.xx.2019-cu il tarixli 18 saylı xidmət və xx.xx.2020-ci il tarixli 6F/2020/08/02 saylı alqı-satqı müqavilələri bağlanmış, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 18 saylı xidmət müqaviləsinə əsasən icraçı Gəncə şəhərində inşa olunan X6 Deposunun ərazisində torpaq qazma işlərinin, dolğu işlərinin, inşaat materialları ilə çirklənmiş torpağın emal edilməsi və landşaft işlərini icra edir və Sifarişçi bu işlərin qarşılığında İcraçıya müvafiq haqq ödəyir. "xxxx" kiçik müəssisəsi ilə "xxxx" müstəqil şirkəti arasında bağlanan xx.xx.2020-ci il tarixli 6F/2020/08/02 saylı alqı-satqı müqaviləsi üzrə isə icraçının Şirkətinin beton məhlulu və tikinti materialları ilə təmin olunması və Təchizatçının malları təchiz etməsi, Sifarişçinin isə həmin mallara görə müqavilənin şərtlərinə uyğun surətdə ödəniş etməsi nəzərdə tutulmuşdur. İddiaçı həmin müqavilələrə əsasən cavabdehin ona ƏDV daxil cəmi 4.083.922,98 manat məbləğdə ödənilməmiş borcunun qaldığını bildirir. İddiaçı cavabdehlə mübahisəli podrat və alqı-satqı hüquq münasibətləri üzrə ümumi görülən işlərin və alınan məhsulların cəmi dəyərinin nə qədər olduğunu, həmin məbləğdən hansı hissəsinin cavabdeh tərəfindən ödənildiyini bildirmir. O, ümumi qaydada ƏDV daxil 4.083.922,98 manat məbləğdə borc qalığına istinad edir. İddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi sub-uçot hesabdan çıxarışda etdiyi qeydlərə əsasən cavabdeh həmin borc məbləğindən 3.183.319,88 manat əsas borc, 572.997,58 manat ƏDV olmaqla, cəmi 3.756.317,46 manat ödəmişdir (iş vərəqi - 1-ci cild, səhifə164). İddiaçının sözügedən qeydlərinə əsasən cavabdehin qalıq borc məbləği 327.605,52 manat (4.083.922,98- 3.756.317,46) təşkil edir. Cavabdeh də öz növbəsində təqdim etdiyi arayışda ondan tələb olunan borc məbləğinin 2019-cu il 3 yanvar tarixli 18 nömrəli xidmət müqaviləsi üzrə ƏDV daxil 2.990.284,79 manat və 2020-ci il 10 may tarixli 6F/2020/08/02 nömrəli alqı-satqı müqaviləsi üzrə ƏDV daxil 1.091.603,60 manat olmaqla, ƏDV daxil cəmi 4.081.888,39 manat hissəsini qəbul etdiyini, lakin qeyd olunan məbləği ödədiyini, 2020-ci il 10 may tarixli alqı-satqı müqaviləsi üzrə hazırda 62.206,65 manat borcunun qaldığını bildirir ki, sonuncu məbləğin də sonradan onun tərəfindən 52.717,50 manat əsas borc və 9.489,15 manat ƏDV şəklində ödənildiyi işdə olan 367258 və 367420 nömrəli ödəniş tapşırıqları ilə təsdiqini tapır. Tərəflər 2020-ci il 10 may tarixli alqı-satqı müqaviləsi üzrə hüquq münasibətlərinin davam etməkdə olduğunu, dövri olaraq malların (o cümlədən 62.206,65 manat dəyərdə beton məhlulunun) alınıb, dəyərinin ödənildiyini mübahisələndirmirlər, iddiaçı da cavabdehin apellyasiya şikayətinə yazılı etirazında beton məhluluna görə mübahisənin olmadığını və hal-hazıra kimi də ödənişlərin davam etməkdə olduğunu göstərir. Bundan əlavə, iddiaçının sub-uçot hesabdan çıxarışda etdiyi qeydlərə əsasən ödənilmiş məbləğlər 2021-ci il 31 mart tarixədək həyata keçirilmiş olduğundan, cavabdeh tərəfindən yanvar-mart aylarında verilmiş beton məhluluna görə 2021-ci il 13 sentyabr tarixdə 40.174,20 manat ƏDV (i.v-c.2, s.36) daxil cəmi 263.364,20 manat (i.vc.1, s.72) ödənildiyi, iddiaçının məhkəmənin gedişində bu ödənişlərə etiraz etmədiyi nəzərə alınarsa, cavabdehin qəbul etdiyi ƏDV daxil cəmi 4.081.888,39 manatdan heç bir borcunun qalmadığı aşkar olunur. Bununla yanaşı qeyd olunması zəruridir ki, iddiaçının özünün birinci instansiya məhkəməsinə təqdim etdiyi subuçot hesabdan çıxarışda etdiyi qeydlərə əsasən cavabdehin qalıq borc məbləği 327.605,52 manat (4.083.922,98 - 3.756.317,46) təşkil edir. Bu barədə Kollegiya qeyd edir ki, iddiaçı cavabdehdən tələb etdiyi ƏDV daxil cəmi 4.083.922,98 manat məbləğin ƏDV daxil 483.033 manat hissəsini əvvəlcə cavabdehin layihə rəhbəri M.Bilalov və iddiaçının direktoru Qanuni nümayəndə tərəfindən imzalanmış, iddiaçı tərəfindən may-iyun aylarında 2018-ci il tarixə kimi görülmüş torpaq iş həcmlərinin fevral 2019-cu il tarixdə təsdiqinə dair aktla əsaslandırsa da, sonradan iddia tələbinin bu hissədə faktiki əsasını dəyişərək, qeyd olunan məbləği iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 2019-cu il 2 iyun tarixli Hüquq və öhdəliklərin ötürülməsi barədə Sazişlə əsaslandırmışdır. Lakin hazırki işdən görünür ki, cavabdeh "xxxx" MMC-yə 488.033 manat borcunun olmasına etiraz edir, yəni belə bir borcunun olmadığını bildirir. Bu barədə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının həmin tələbinin hüquqi əsası o zaman keçərli ola bilər ki, tələbin güzəşti mübahisəsiz şəkildə qəbul olunardı. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin tələbinə görə, hüququn və tələbin güzəşti mövcud olan, mövcudluğu sual doğurmayan hüquq və tələblərə münasibətdə mümkündür. Hazırki işdə isə iddiaçının təqdim etdiyi arayışda işlərin "xxxx" MMC tərəfindən görülməsi və həmin işlərin də məhz nədən ibarət olması barədə məlumatlar mövcud deyil. Beləliklə, iddiaçı tərəf qeyd olunan məsələ ilə bağlı sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. İş üzrə birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən cavabdehin nümayəndələri tərəfindən ümumiyyətlə imzalanmayan 6 təhvil-təslim aktına istinad etmişdi hansı ki, həmin aktların cəmi məbləği 798.733,17 manat (15.753+3.469,2 +11.398,8 +230.689,87 +402.243,8+135.178,5) təşkil etmişdir. Bununla da, 1.281.766,17 manat (488.033+798.733,17) məbləğdə borcun birmənalı qaydada əsassızlığının təsdiq olunması kifayət edir ki, hətta iddiaçının özünün birinci instansiya məhkəməsinə təqdim etdiyi sub-uçot hesabdan çıxarışda etdiyi qeydlərə əsasən cavabdehin qalıq borc məbləği 327.605,52 manat olduğu halda belə, iddia eyni (327.605,52 manat) hissədə təmin edilməsin. Məhkəmə kollegiyası iddiaçının, cavabdehin əvvəllər layihə rəhbərləri tərəfindən imzalanan və möhürü vurulmayan aktlara əsasən ödənişlər etdiyini irəli sürərək, müqavilə şərtinə deyil, tərəflər arasında yaranmış işgüzar adətlərə istinadını da doğru saymır. Belə ki, 2019-cu il 3 yanvar tarixli 18 nömrəli xidmət müqaviləsinin 4.1-ci bəndinə görə, işlərin təhvil verilməsi hər iki tərəfdən ən azı 2 nəfər səlahiyyətli şəxsin imzası (möhürü) ilə təsdiq edilən təhvil-təslim aktına əsasən həyata keçirilməlidir. Mülki Məcəllə isə qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlərin tətbiq edilməsini qadağan edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarındakı hüquqi mövqeyi belə olmuşdur ki, “Müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Mülki qanunvericiliyə müvafiq olaraq müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar. Mülki qanunvericilik bu azadlığı mülki dövriyyə iştirakçılarına təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 2012-ci il 12 mart tarixli Qərarı). Qeyd olunmalıdır ki, müqavilə azadlığı prinsipi ilə yanaşı, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də “müqavilələr icra olunmalıdır (pacta sunt servanda)” prinsipidir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmaları Mülki Məcəllənin 5.3-cü maddəsində təsbit edilmişdir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” X1 Məhkəməsinin Plenumu göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab etmişdi ki, “tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.” Hazırki işdə cavabdeh tərəf məhkəmə araşdırmaları zamanı bildirmişdir ki, layihə rəhbərləri tərəfindən imzalanan və onun möhürü ilə təsdiq edilən (edilməyən) aktlara əsasən borclar, həmin şəxslər buna səlahiyyətli olduğuna görə deyil, iddiaçı tərəfindən sözügedən məbləğlərlə bağlı elektron qaimələr təqdim edildiyi üçün ödənilmişdir. İddiaçı isə cavabdehin apellyasiya şikayətinə yazılı etirazında bildirmişdir ki, “Cavabdehin ödənişlərin vaxtında təmin edilməsi üçün vəsaiti olmadığı üçün 2020-ci ilə qədər görülmüş işlərin bir hissəsinin ödəniş tələbi ilə bağlı elektron qaimə yazılmamışdır. Ona görə ki, vergi qanunlarına görə elektron qaimə yazılan kimi iddiaçı vergi ödəməli idi.” İddiaçının təqdim etdiyi cavabdehin layihə rəhbəri M.Bilalov və iddiaçının direktoru Qanuni nümayəndə tərəfindən imzalanmış iddiaçı tərəfindən may-iyun aylarında 2018-ci il tarixinə kimi görülmüş torpaq iş həcmlərinin fevral 2019-cu il tarixində təsdiqinə dair aktdan görünür ki, qeyd olunan müddət ərzində iddiaçı tərəfindən görülmüş işlərin dəyəri ƏDV daxil 483.033 manat hesablanmışdır. Tərəflər arasında müqavilənin xx.xx.2019-cu il tarixdə bağlandığı halda xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək iddiaçı qarşısında cavabdehin hansısa öhdəliyinin yaranması mümkünsüzdür. Digər tərəfdən, iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sənədlərdə cavabdehin möhürü mövcud olmadığı üçün bu hal cavabdeh Şirkət tərəfindən həmin sənədin məzmununda göstərilənlərin qəbul edilməməsi anlamına gəlir. Kollegiya xüsusilə vurğulayır ki, 483.033 manatla bağlı cavabdehin layihə rəhbəri M.Bilalov və iddiaçının direktoru Qanuni nümayəndə tərəfindən imzalanaraq təsdiq olunmuş hər hansı sənəd, sübut iş materiallarında mövcud deyildir. Bundan əlavə, iddiaçının ilk olaraq iddiasına əlavə etdiyi və məhkəmənin də qətnamədə istinad etdiyi xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək görülmüş və təqdim edilən dəyəri ödənilməyən mal-materialın siyahısına dair arayışda iddiaçı “Texnikaların icarə haqqı üzrə” cavabdehin 1.085.600 manat borcunun olduğunu göstərsə də, sonradan təqdim etdiyi aktlar üzrə ümumilikdə texnikaların icarəsinə görə cavabdehdən 333.491,60 manat pul tələb etmişdir. Qeyd olunmalıdır ki, cavabdeh tərəfindən ödənilmiş pul vəsaitləri iddiaçı tərəfindən inkar edilməmiş və iddiaçı özü məhkəməyə təqdim etdiyi ərizəsində ümumilikdə 3.183.319,88 manat, həmçinin 572.997,58 manat ƏDV-nin ödənildiyini etiraf etmişdir. İddiaçı dəyəri ödənilmiş iş həcmlərindən əlavə, yalnız özünün möhürü mövcud olan aktlar, arayış, maliyyə arayışı təqdim etməklə hesab etmişdir ki, həmin sənədlərə əsasən cavabdeh tərəfindən ona əlavə olaraq 4.083.922,98 manat pul ödənilməlidir. İddiaçının pul tələb etdiyi dövrlər üzrə, məsələn, 2019-cu ilin aprel-may ayı üzrə tərəflər arasında forma-2 aktları tərtib olunmuş, iş həcmləri tam müəyyən olunmuş, iddiaçının təqdim etdiyi elektron qaimələr üzrə ödəniş aparılmış və bu qaydada heç bir irad və tələb olmadan dövriliklə ödənişlər olunmaqla işlər 2020-ci ildə daxil olmaqla davam etmişdir. Yalnız 2021-ci ilin aprel ayında iddiaçı cavabdehdən pul tələb etməyə başlamış və tələb etdiyi ödənişin məhz 2019-cu ilin aprel-may aylarını əhatə etdiyini göstərmişdir. Belə olan halda cavabdeh tərəf haqlı olaraq etiraz etmişdir ki, əgər 2019-cu ilin aprel-may ayları ərzində görülmüş işlərin müqabilində az məbləğ ödənilmişdisə, nəticədə həmin dövr üzrə görülmüş işlərə görə borc məbləği qalmışdırsa, hansı səbəbdən bu hal 2019-cu ilin aprel-may aylarından sonrakı dövrdə, yəni iyun, iyul, avqust, sentyabr və s. aylarda tərəflər arasında sənədləşmələr aparılarkən, həmçinin 2020-ci ildə də davam edən digər iş həcmlərini müəyyən edən sənədlərdə öz əksini tapmamış və yaxud da bununla bağlı elektron qaimələrin təqdim olunmamasına səbəb nə olmuşdur? “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.6-cı bəndində də qeyd olunmuşdur ki, elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” rekvizitində öz əksini tapır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Beləliklə, aparılan məhkəmə araşdırmaları onu deməyə əsas verir ki, tərəflər arasında müqavilə üzrə işlərin qəbulunun rəsmiləşdirilməsi tərəflər arasında bir sıra hallarda müqavilədə nəzərdə tutulmayan qaydada aparılmış, tərəflər arasındakı işgüzar adətlər məhz ödənişi aparılan təhvil-təslim aktları hər iki tərəf qəbul etdiyi üçün həmin aktlar əsasında qəbul olunan işlərə görə elektron qaimələrin tərtib olunması və həmin sənədlər üzrə müvafiq ödənişlərin həyata keçirilməsi qaydasında olmuşdur. İddiaçının yalnız sonradan oxşar dövrlər üzrə birtərəfli qaydada tərtib etdiyi təhvil-təslim aktlarına istinad etməklə tərəflər arasında işgüzar adətlərin də belə birtərəfli aktların tərtib edilməsindən ibarət olması barədə dəlili iş materialları ilə öz təsdiqini tapmır. Ona görə də həmin birtərəfli aktlar iddiaçı tərəfindən oxşar dövrlər üzrə əlavə xidmətlərin göstərildiyini təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Bununla yanaşı, hazırki vəziyyətdə iddiaçının tələb etdiyi məbləğlə bağlı tərəflər arasında lazımi qaydada nə Forma-2 aktları tərtib olunmuş, nə də ki, müvafiq qaydada elektron qaimələr təqdim olunmuşdur. Əksinə, tərəflər arasında 2020-ci ilin yanvar ayı ərzində tərtib olunmuş Forma 3 sənədində xx.xx.2019-cu il tarixli müqavilə üzrə hesabat ayı da daxil olmaqla işlərin əvvəlindən həyata keçirilmiş iş həcmləri məbləğinin 2.572.450.74 manat təşkil etməsi tərəflərin, o cümlədən hazırki iş üzrə iddiaçı "Mavi İşıq” KM-nin möhürü və səlahiyyətli şəxsinin imzası ilə təsdiq edilmişdir. Tərəflər arasında yaranmış mübahisə ilə bağlı "6-cı Mərtəbə” Şirkətinin iddiaçıya ödənilməmiş borcu qalsaydı, "Mavi-İşıq” KM həmin Forma 3 sənədini təsdiq etməzdi. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2 (102)-528/2022 saylı 29 iyul 2022-ci il tarixli qərarında qeyd olunan göstərişlərlə bağlı məhkəmə kollegiyası bildirir ki, əvvəla, işin mübahisəsiz halıdır ki, müqavilə üzrə işlərin qəbulunun rəsmiləşdirilməsi tərəflər arasında bir sıra hallarda müqavilədə nəzərdə tutulmayan qaydada aparılmış və həmin sənədlərin xeyli hissəsi üzrə cavabdeh müvafiq ödənişləri həyata keçirmiş, həmin işlərə onlar icra olunub təhvil verilərkən, müvafiq xidmətlər göstərilərkən cavabdehin hər hansı bir iradı olmamış, cavabdeh bu işlərin başqa hüquqi şəxslər tərəfindən icra edilməsini də bildirməmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, hər dəfə təhvil-təslim aktları tərtib olunarkən həmin təhvil-təslim aktındakı qiymətlərə iddiaçı tərəf etraz etməsə də, hazırda həmin dövrlər üzrə özü tərəfindən birtərəfli qaydada tərtib olunan təhvil-təslim aktlarına əsasən cavabdehin borcunun olduğunu iddia edir. Halbuki bu halda iddiaçı tərəf təhvil-təslim aktlarında yazılan qiymətdən əlavə olaraq işlər gördüyünü və cavabdehin buna görə, həmçinin icarə ilə bağlı əlavə haqq ödəməli olduğunu sübuta yetirə bilməmiş, ümumilikdə ödənilməli olan məbləğin daha çox olması, lakin az məbləğin ödənilməsi ilə bağlı iddiaçının hər hansı iradı olmamış, bu barədə sözügedən aktlarda hər hansı qeyd də aparılmamışdır. Cavabdeh tərəf haqlı olaraq iddiaçının istinad etdiyi formal “işgüzar adətləri”, yəni birtərəfli təhvil-təslim aktları üzrə əlavə işlərin görüldüyünü inkar edərək iddiaçıya hər hansı borcunun olmadığını bildirir. İşin təkrar apellyasiya baxışı zamanı Kollegiya hesab etmişdi ki, tərəflər arasında bağlanmış müqavilələrə əsasən iddiaçı gördüyü bütün işlərin, göstərdiyi xidmətlərin həcmini müvafiq konkret sübutlara istinadla dəqiq göstərməli, hazırda cavabdeh tərəfin ödəməli olduğu borc məbləğinin nəyin əsasında, yəni tələb etdiyi borc məbləğinin hansı hissəsinin alqı-satqı, hansı hissəsinin isə xidmət müqaviləsi üzrə yarandığını konkretləşdirməli, borcun hansı hissəsinin zəruri sənədlərə istinadla torpaq işləri, texnikaların istifadəsi ilə bağlı olduğunu dəqiq göstərməlidir. Bununla bağlı iddiaçı tərəfə müvafiq halları təsdiq edən sübutları, o cümlədən iddia tələbinin açıqlamasını və onun əsaslandırmasını təqdim etmək təklif olunsa da, növbəti məhkəmə iclasında iddiaçının nümayəndəsi nəinki ona təqdim etməsi təklif olunan açıqlamanı və bu barədə müvafiq sənədləri təqdim etməmiş, hətta məhkəmə iclasında iştirakını belə təmin etməmişdir. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı tərəf müqavilələr üzrə tikinti sahəsində gördüyü işlərin faktiki, həqiqi həcminin müəyyən edilməsi üçün qiymətləndirici şirkətlərlə müqavilələr bağlasa da, bu araşdırmaların nəticələri ilə bağlı sənədləri də məhkəməyə təqdim etməmişdir. Halbuki Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış müqavilələr üzrə görülən işlərin və xidmətlərin həcminin dəqiq müəyyən edilməsi məqsədilə kassasiya instansiyası məhkəməsinin qərarında “müvafiq məhkəmə ekspertizasının keçirilməsi” ilə bağlı qoyulmuş göstərişə münasibətdə isə qeyd edir ki, iddia olunan işlər və göstərilən xidmətlər artıq onların görülməsindən xeyli vaxt keçdiyindən onların kim tərəfindən görülməsinin və həcminin xüsusi biliyə malik ekspert tərəfindən dəqiq müəyyən edilməsi mümkün deyildir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 752.3-cü maddəsinə əsasən podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdeh "xxxx" Müstəqil Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3758/2021 saylı 21 oktyabr 2021-ci il tarixli qətnaməsi qismən, iddianın təmin edildiyi - “cavabdehdən ƏDV daxil 4.083.922,98 manat əsas borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi” hissədə ləğv edilməli, həmin hissədə iddia rədd edilməli və cavabdeh tərəfindən ödənilmiş 15 (on beş) manat dövlət rüsumu ona aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh "xxxx" Müstəqil Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3758/2021 saylı 21 oktyabr 2021-ci il tarixli qətnaməsi qismən, iddianın təmin edildiyi - “cavabdehdən ƏDV daxil 4.083.922,98 manat əsas borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi” hissədə ləğv edilsin. Həmin hissədə iddia rədd edilsin. Cavabdeh "xxxx" Müstəqil Şirkəti tərəfindən ödənilmiş 15 (on beş) manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə İkram Şirinov
Məhkəmə qərarları › İş №2-2(103)-919/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-919/2022
23.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver