Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-924/2025 05.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlu (sədrlik edən və məruzəçi), hakimlər Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı «müqavilə üzrə borcun ödənilməsi» tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı «müqavilə üzrə borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 12 yanvar 2022-ci il tarixli, 01/22-TTS-GP saylı və 02 mart 2022-ci il tarixli, 04/22-TTS-GP saylı işlərin görülməsi (xidmətlərin göstərilməsi) haqqında müqavilələrə əsasən görülmüş işlərə görə 854.513,58 manatın, gecikdirilmiş 854.513,58 manat borcuna 01 mart 2023-cü il tarixdən başlayaraq 01 yanvar 2025-ci il tarixədək illik 5 faiz olmaqla 78.320 manat pulun İddiaçı MMC-nin xeyrinə tutulması, məhkəməyə ödənilmiş 1223 manat dövlət rüsumu və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 326 manat məbləğində pul vəsaitinin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-920/2025 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, Cavabdeh MMC-dən 854.513,58 manat əsas borc məbləği, borcun ödənişinin gecikdirilməsinə görə illik 5 % ilə hesablanan 78320 manat faiz, vəkil xərcinin əvəzi olaraq 326 manat və dövlət rüsumunun əvəzi olaraq 1223 manatın tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. xx.xx.2025-ci il tarixdə Cavabdeh MMC qeyd edilən qətnamədən apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə verilərək, Bakı Kommersiya Məhkəməsinin 05 mart 2025-ci il tarixli e-2-2(113)-920/2025 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi ilə bağlı buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi və verilmiş apellyasiya şikayətinin vaxtında verilmiş hesab olunaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-920/2025 saylı qərardadı ilə Cavabdeh MMC-nin müddətin bərpasına dair ərizəsi təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-920/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üzrə prosessual müddət Cavabdeh MMC-yə münasibətdə bərpa edilmiş və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin 7 gün müddətində işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı MMC həmin qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-cü il tarixli e-2-2(113)-920/2025 saylı qərardadının ləğv edilməsini, ərizənin rədd olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-920/2025 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-920/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə Kollegiyası, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır. İddiaçı şikayətin dəlillərində qeyd etmişdir ki, mübahisələndirilən qərardadla iddiaçının istinad edilən təməl hüquqları məhdudlaşdırılmışdır. Belə ki, heç bir əsas olmadan 2 aydır ki, qüvvəyə minmiş məhkəmə qətnaməsindən şikayət verilməsi müddəti bərpa edilməklə məhkəmə tərəfindən qərəzli, qanunsuz, əsassız nəticəyə gəlinmişdir. Məhkəmə hüquqi qeyri-müəyyən nəticə yaratmaqla, ümumiyyətlə gəldiyi nəticəni əsaslandırmamışdır. Göründüyü kimi, məhkəmə tərəfindən istinad edilən konstitusion maddi hüquq normalarının tələbləri pozulmuşdur. Məhkəmə qeyd edilən prosessual hüquq normalarının tələblərini pozmaqla qanunsuz, əsassız və qərəzli qərardad qəbul etmişdir. Verilmiş ərizənin təmin edilməsi üçün heç bir əsas mövcud olmadığı, halda, məhkəmə müddətin bərpası barədə qərardad qəbul etmişdir. Belə ki, cavabdeh apellyasiya şikayətində iddiaçı ilə razılaşdıqları, iddianın «formal» verildiyini, iddiaçı tərəfindən geri götürüləcəyi səbəbindən məhkəmə iclaslarına gəlmədiklərini etiraf edir. 15 may 2025-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuruGünay Abbaszadə tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və həmin tarixdə tələbin könüllü icrası haqqında cavabdehə bildiriş göndərilmişdir. Tələb 10 gün müddətində könüllü icra edilmədiyi üçün Yasamal Rayon İcra Şöbəsi Cavabdeh MMC-yə məxsus əmlakların üzərinə həbs qoyulması ilə bağlı təqdimatla Bakı Kommersiya məhkəməsinə müraciət etmişdir. Cavabdeh MMC könüllü icra barədə bildirişi alsa da bu müddət ərzində də apellyasiya şikayəti verməmiş, yalnız icra məmuru tərəfindən məcburi icra tədbirləri əmlaklarının üzərinə həbs qoyulacağı və digər icra tədbirləri ilə qarşılacağını gördüyü üçün apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin əsl məqsədi hazırki işi mübahisələndirmək yox, icra prosesinə mane olmaqdır. Cavabdeh MMC-nin öhdəliyini icra etməməsi iddiaçının maliyyə vəziyyətinə mənfi təsir göstərir, digər şirkətlər və işçiləri qarşısında öhdəliklərini icra etməyə maneə yaradır. Ərizəçi müddətin bərpasına dair vəsatəti iddiaçı ilə razılaşdıqları, iddianın formal xarakter daşıması və geri götürüləcəyi ilə əsaslandırmağa çalışmışdır. Sübut qismində isə heç bir sənəd əlavə edilməmişdir. İddiaçı ilə cavabdeh arasında belə bir razılıq olmamış, əksinə 29 avqust 2024-cü il tarixdə borcun üzləşdirilməsi həyata keçirilmiş və yekun məbləğ üzrə üzləşmə aktı hər iki cəmiyyət tərəfindən imzalanaraq möhürlənmişdir. Həmin ifadələr müddətin bərpasının əsası kimi qəbul edilə bilməz. Məhkəmənin qərardadında ümumiyyətlə cavabdehin vaxtında şikayət verilməsinə mane olan halın nədən ibarət olması şərh edilməmiş və münasibət bildirilməmişdir. İş materiallarından da məlum olur ki, iddiaçı tərəfindən bütün sübutlar təqdim edilmişdir və borcun üzləşdirməsinə dair akt da mövcuddur. İddia tələbi tam əsaslı olduğu üçün təmin edilmişdir. İşin apellyasiya instansiyasında araşdırılması üçün heç bir əsas mövcud deyil. Qeyd edilən hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, təqdim edilmiş sənədlərdən göründüyü kimi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-920/2025 saylı qətnaməsi Cavabdeh MMC-nin qeydiyyatda olduğu ünvana göndərilmiş, lakin xx.xx.2025-ci il tarixdə zərf məhkəməyə geri qayıtmışdır (poçt tərəfindən müvafiq qeyd edilməklə geri qaytarılmışdır). Elektron Məhkəmə İnformasiya Sistemində cavabdehin adına e-kabinet xx.xx.2025ci il tarixdə yaradılmış, apellyasiya şikayəti və müddətin bərpasına dair ərizələr isə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 357.1 və 357.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların «Elektron məhkəmə» informasiya sistemində yaradılmış «elektron kabinet»lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. 129.1-ci maddəsinə görə aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.6-cı maddəsinə görə prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi həmin dövrdə cavabdehə rəsmi şəkildə təqdim edilməmişdir. Məhkəmə tərəfindən müvafiq məktubla qətnamənin surəti cavabdehin rəsmi sənədlərdə olan ünvanına göndərilmiş, lakin zərf xx.xx.2025-ci il tarixdə məhkəməyə geri qayıtmışdır. Cavabdehin həmin dönəmdə EMİSdə elektron kabineti mövcud olmamışdır. Yuxarıda istinad edilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, Bakı Kommersiya Məhkəməsi buraxılmış prosessual müddətin üzürlü hesab edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Bu səbəbdən xx.xx.2025-ci il tarixli qərardaddan verilən şikayət əsaslı deyil və təmin oluna bilməz. Şikayətin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla qərardadın ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qərara aldı: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-920/2025 saylı qərardadı dəyişiklik edilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-924/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-924/2025
05.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver