Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-925/2025 05.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlu (sədrlik edən və məruzəçi), hakimlər Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı QSC-nin cavabdehlər «X1 Servis» MMC-yə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinə qarşı «müqavilə üzrə borcun tutulması» tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı QSC cavabdehlər «X1 Servis» MMC-yə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinə qarşı «müqavilə üzrə borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaranmış əsas borca görə 5171326,52 manat, hesablanmış cərimə məbləği 8172112,29 manat, hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 6768,00 manat, əlavə zərərlərin və itirilmiş gəlirlərin kompensasiyası qismində 300000 manat və ödənilmiş dövlət rüsumuna görə 7618,91 manat cəmi 13.657.825,72 manat pulun iddiaçının xeyrinə müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 28 iyul 2025-ci il tarixli, e-2-2(113)-3703/2025 nömrəli qərardadı ilə İddiaçı QSC-nin cavabdehlər «X1 Servis» Məhdud Məsuliyyətli Cəmiyyətinə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinə qarşı «müqavilə üzrə borcun tutulması» tələbinə dair iş üzrə cavabdeh «X1 Servis» MMC tərəfindən verilmiş vəsatət qismən təmin edilmiş, iş üzrə kompleks məhkəmə tikinti-texniki mühəndislik və əmtəəşunaslıq ekspertizaları təyin edilməsi qərara alınmışdır. Qeyd olunan qərardaddan İddiaçı QSC şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin 28 iyul 2025-ci il tarixli, e-2-2(113)-3703/2025 saylı «ekspertiza təyin edilməsi əsası ilə iş üzrə icaatın dayandırılması» barədə qərardadının tamamilə ləğv edilməsi, iş üzrə məhkəmə hazırlıq iclası təyin edilməsi, məhkəmə baxışının davam etdirilməsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3703/2025 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3703/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə Kollegiyası, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, iddiaçının öz öhdəliklərini tərəflər arasında bağlanılmış subpodrat müqaviləsinin və həmin müqaviləyə 1 nömrəli əlavənin tələblərinə uyğun qaydada icra edib-etmədiyinin müəyyən olunması xüsusi bilik tələb edir. Mübahisənin düzgün həllinin təmin edilməsi üçün iş üzrə məhkəmə tikinti-texniki mühəndislik və əmtəəşunaslıq ekspertizasının keçirilməsi zəruridir. Şikayətin dəlillərində isə iddiaçı qeyd etmişdir ki, işlər tərəflər arasında bağlanmış müqavilə və müqaviləyə 1 nömrəli əlavənin tələblərinə riayət olunmaqla, qüsursuz şəkildə görülmüşdür, çəkilən qaz xətti istismara yararlı şəkildə təhvil verilmişdir, belə bir şəraitdə cavabdehin əsassız və hüquqi dəlillərdən məhrum olan vəsatəti əsasında ekspertizanın təyin edilməsi və ekspert rəyi alınanadək icraatın dayandırılması yalnız cavabdeh tərəfin maraqlarına xidmət edir, işin lüzumsuz uzanmasına, nəticə etibarı ilə ədalətli məhkəmə araşdırması, sübutlara obyektiv yanaşma və tərəflərin bərabərliyi kimi konstitusion prinsiplərin də pozulmasına gətirib çıxarır. Məhkəmə Kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Birinci instansiyası məhkəməsi tərəfindən işdə olan sənədlərə istinad edilərək, müvafiq məhkəmə ekspertizasının keçirilməsinin zəruriliyi kifayət qədər əsaslandırılmışdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, «X1 Servis» MMC (podratçı) ilə İddiaçı QSC (subpodratçı) arasında bağlanmış 22 iyun 2023-cü il tarixli 004/23 №-li «Tikinti işləri üçün subpodrat müqaviləsi»nə əsasən, podratçı 3 istiqamət üzrə işləri icra etməlidir. İ istqamət – «Horadiz-Laçın» qaz kəmərinin və üzərlərində QPS-lər quraşdırmaqla «Cəbrayıl QPS», «Zəngilan QPS», «Mincivan QPS», «Qubadlı QPS» və «Laçın QPS» qaz kəməri qollarının tikintisi» (Boru D530 mm, L=132,5 km; D325mm, L=45 km), İİ istiqamət – «Böyük Bəhmənli-Şuşa» magistral qaz kəmərinin, həmin kəmərdən ayrılan «Füzuli» və «Ağoğlan (Hadrut)» qaz kəməri qollarının, həmçinin kəmər və qollar üzərində quraşdırılacaq «Şuşa», «Füzuli» və «Ağoğlan» qaz paylayıcı stansiyaların tikintisi» (Boru D530mm, L=79,2 km; D325 mm, L=24 km), İİİ istiqamət – «Azadqaraqoyunlu-Ağdam» qaz kəmərinin və üzərində QPS quraşdırılmaqla «Ağdam QPS» qaz kəməri qolunun tikintisi» (Boru D530 mm, L=31,3 km). Müqavilənin 1-ci bəndinə əsasən Subpodratçı, Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavədə göstərilən işləri Müqavilənin şərtlərinə uyğun olaraq yerinə yetirilməsini və Podratçıya təhvil verilməsini öhdəsinə götürür. Yerinə yetirilmiş işlər Müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, Subpodratçı aşkar olunan qüsurların Müqavilənin şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir. Müqaviləyə xx.xx.2023-cü il tarixli 01 saylı Əlavəyə əsasən görüləcək işlərin həcmləri və qiymətləri müəyyən edilmişdir. «X1 Servis» MMC ilə İddiaçı QSC arasında imzalanmış 24 yanvar 2025-ci il tarixli Qarşılıqlı borcların üzləşmə aktına əsasən «X1 Servis» MMC-nin İddiaçı QSC-yə xx.xx.2025-ci il tarixə olan borc qalığının 6.102.165,29 manat olması müəyyən edilmişdir. Akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq vurğulayır ki, iddiaçının öz öhdəliklərini tərəflər arasında bağlanılmış Subpodrat Müqaviləsinin və həmin Müqaviləyə 1 nömrəli Əlavənin tələblərinə uyğun qaydada icra edib-etmədiyinin müəyyən edilməsi xüsusi bilik tələb edir. Bu da öz növbəsində mübahisənin düzgün həllinin təmin edilməsi üçün iş üzrə məhkəmə tikinti-texniki mühəndislik və əmtəəşunaslıq ekspertizasının keçirilməsini şərtləndirir. Bundan başqa, qeyd edilməlidir ki, yuxarıda qeyd edilən qərardaddan yalnız icraatın dayandırılması hissəsindən şikayət verilə bilər. MPM-nin 255.0.5-ci maddəsinə əsasən isə iş üzrə ekspertiza təyin edildiyi halda məhkəmə tərəfindən iş üzrə icraat dayandırıla bilər. Prosessual hüquq normasının təsbit etdiyi şikayət vermək hüququndan istifadə olunmaqla məhkəmə ekspertizasının təyin edilməsi barədə qərardadın ümumilikdə mübahisələndirilməsi (dolayı və ya birbaşa şəkildə) yolverilməzdir. Bu səbəbdən xx.xx.2025-ci il tarixli qərardaddan verilən şikayət əsaslı deyil və təmin oluna bilməz. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, Bakı Kommersiya Məhkəməsi müvafiq məhkəmə ekspertizasının təyin edilməsi və ekspert rəyi alınanadək iş üzrə icraatın dayandırılması barədə düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla qərardadın ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qərara aldı: İddiaçı QSC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3703/2025 saylı qərardadı dəyişiklik edilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-925/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-925/2025
05.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver