Məhkəmə qərarları › İş №2-2(103)-928/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-928/2021

30.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-928/2021 30.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-971/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 29 iyun 2021-ci il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçınin Azərbaycan Respublikasındakı Filialı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən İddiaçınin Azərbaycan Respublikasındakı filialına vurulmuş zərərin əvəzi qismində 226868,63 manat məbləğində pul vəsaitinin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 226898,63 manat məbləğdə pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin bank hesablarında olan 216745,67 manat məbləğində pul vəsaitinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 10.03.2021-ci il tarixli e-2-2(113)-971/2021 saylı qərardadı ilə ərizə təmin edilərək, Cavabdeh bank hesablarında olan pul vəsaitlərinin üzərinə 216745,67 manat həcmində həbs qoyulmuşdur. Cavabdeh MMC şikayət verərək, həmin qərardadın ləğv edilməsi və iddianın təmini tədbiri barədə ərizənin təmin edilməməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, e-2-2(113)-971/2021 nömrəli qərardadı ilə şikayət geri qaytarılmışdır. Cavabdeh MMC həmin qərardaddan da şikayət vermiş və Bakı Kommersiya Məhkəməsinin 12.07.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 şikayətə etiraz etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, işin 287-ci vərəqəsində olan “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışlardan görünür ki, Bakı Kommersiya Məhkəməsinin 10.03.2021-ci il tarixli e-2-2(113)-971/2021 saylı qərardadı Mülki Prosessual Məcəllənin 135.8-ci maddəsinin tələblərinə uyğun olaraq 16 mart 2021-ci il tarixdə saat 12:05-də cavabdehin nümayəndəsi və vəkili Vəkil1 məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir. Cavabdeh MMC-nin şikayəti isə 09.04.2021-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi şikayət Mülki Prosessual Məcəllənin 268.1-ci maddəsində göstərilən 10 günlük müddətdə verilməmişdir. Çünki Cavabdeh MMC üçün şikayət verilməsi müddəti 29 mart 2021-ci il tarixdə bitmişdir (26 mart 2021-ci il qeyri-iş gününə düşdüyünə görə). Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsində isə təsbit olunmuşdur ki, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmişdir. Şikayətdə göstərilən dəlillər isə əsassızdır. Belə ki, hazırki işdə Mülki Prosessual Məcəllənin 135.8-ci maddəsinə riayət olunmuş və 10.03.2021-ci il tarixli qərardad cavabdehin nümayəndə və vəkilinin elektron kabinetlərində yerləşdirilərək ona bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada çatdırılmışdır. Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsində isə təsbit olunmuşdur ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göründüyü kimi kommersiya mübahisələri üzrə bütün sənədlərin, o cümlədən, şikayətin məhkəməyə göndərilməsi və qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Sözügedən norma kommersiya mübahisələri üzrə iddia ərizəsinin (ərizənin), şikayətin və ona əlavə edilmiş sənədlərin məhkəməyə göndərilməsinin başqa qaydasını nəzərdə tutmur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-971/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 29 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar