Məhkəmə qərarları › İş №2-2(103)-932/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-932/2022

14.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-932/2022 14.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: podrat müqaviləsi, iddianın faktiki əsası, birinci instansiya məhkəməsində təqdim edilməyən yeni sübutlar) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1844/2022 nömrəli iş üzrə 19 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ

1. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli İNT/P/034/18 nömrəli podrat müqaviləsinə əsasən, podratçı (iddiaçı) sifarişçinin (cavabdeh) tapşırığı ilə hazırkı müqavilənin 1.2-ci bəndində (1 saylı Əlavədə) göstərilmiş işlərin icrasını, sifarişçi isə həmin işin nəticəsini qəbul etməyi və ödəməyi öhdələrinə götürmüşlər. Müqavilənin: - 1.2. Podratçı Bakı şəhəri Şirin Mirzəyev küçəsində tikilən “Komfort” yaşayış kompleksində müqavilənin 1 saylı əlavəsində göstərilən suvaq, hamarlanma və digər işlərin icrasını öhdəsinə götürür; - 2.1. Bu müqavilə ilə nəzərdə tutulmuş işlər tərəflər arasında razılaşdırılacaq müvafiq mərhələlərlə yerinə yetirilməlidir; - 3.2. Sifarişçi hər 30 təqvim günlük dövr üzrə görülmüş işlərin dəyərini tərəflərin müvafiq aralıq aktları (forma 2) təsdiq olunduqdan sonra 10 bank günü ərzində podratçıya aşağıda göstərilən çıxılacaq məbləğlər nəzərə alınmaqla ödəyir: - 3.2.1 Yerinə yetirilmiş işlərin keyfiyyət zəmanəti kimi sifarişçi tərəfindən podratçıya hər aralıq təhvil-təslim aktları əsasında ödəniləcək məbləğdən 5% tutulacaqdır və müqavilənin 3.3. bəndində göstərilən hallar istisna olmaqla, toplanmış məbləğlər yekun təhvil-təslim aktı imzalanma tarixindən etibarən 12 ay keçdikdən sonra 10 bank günü müddətində podratçıya ödəniləcəkdir.

2. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli KY-413/2019 nömrəli müqaviləyə görə, cavabdeh ümumi sahəsi 86,02 kv.m. olan 333 nömrəli mənzilin əsaslı tikintisinin lazımi qaydada apararaq mənzilin gələcəkdə mülkiyyətçisi ola biləcək iddiaçıya əsaslı tikilmiş formada, lazımi qaydada və hazırkı müqavilədə göstərilmiş müddətdə təhvil verməyi, iddiaçı isə mənzilin tərəflər arasında razılaşdırılmış məbləğini cavabdehə ödəməyi öhdələrinə götürmüşlər. Müqavilənin: - 1.3.1. Tərəflər arasında bağlanmış İNT/P/034/18 nömrəli 10 oktyabr 2018-ci il tarixli podrat müqaviləsi üzrə iddiaçı tərəfindən yerinə yetirilən və təhvil-təslim aktı əsasında təhvil verilən işlərin dəyəri bu Müqavilə üzrə iddiaçıya təqdim ediləcək mənzilin dəyərinə yönləndiriləcəkdir. İşlərin dəyəri bu müqavilə üzrə təqdim edilən mənzilin dəyərinin tam ödənilməsinə kifayət etmədiyi halda iddiaçı əksik məbləği cavabdehə mənzil təhvil-təslim aktı əsasında ona təqdim edilənə kimi tam ödəyir.

3. xx.xx.2019-cu il tarixli 008 nömrəli, xx.xx.2019-cu il tarixli 025 nömrəli, xx.xx.2019-cu il tarixli 062 nömrəli, xx.xx.2019-cu il tarixli 066 nömrəli icra aktlarından görünür ki, iddiaçı tərəfindən müvafiq olaraq aktlar üzrə 66.627,18 manat, 2.727,81 manat, 2.726,64 manat 2.726,64 manat, ümümilikdə 74.808,27 manat dəyərində işlər görülmüşdür. İddiaşı tərəfindən Məhkəməyə xx.xx.2019-cu il tarixli 008 nömrəli iki - 67.040,18 və 66.627,18 manat dəyərdə iki akt təqdim olunmuşdur, onlardan dəyəri 67.040,18 manat təşkil edən aktın üzərinə əl ilə iri hərflərlə “ləğv edisin” sözləri yazılmışdır.

4. Cavabdehin xx.xx.2019-cu il tarixli 413/01 nömrəli maliyyə arayışına görə, iddiaçı Bakı şəhəri Nizami rayonu Şirin Mirzəyev və M.Şərifli küçələrinin kəsişməsində inşa edilən "Komfort" yaşayış kompleksinin İİİ-cü blok 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 86,02 kv.m. təşkil edən 333 nömrəli mənzilə görə tərəflər arasında bağlanmış İNT/P/034/18 nömrəli xx.xx.2018-ci il tarixli podrat müqaviləsi üzrə iddiaçı tərəfindən yerinə yetirilən və təhvil-təslim aktı əsasında təhvil verilən işlərin dəyərindən 6.214,85 manat mənzilin dəyərinə yönləndirilib silinmiş və cavabdehə 88.407,15 manat borcu qalmışdır.

5. Cavabdehin xx.xx.2020-ci il tarixli 413/02 nömrəli maliyyə arayışına əsasən, iddiaçı Bakı şəhəri Nizami rayonu Şirin Mirzəyev və M.Şərifli küçələrinin kəsişməsində inşa edilən "Komfort" yaşayış kompleksinin İİİ-cü blok 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 86,02 kv.m. təşkil edən 333 nömrəli mənzilə görə tərəflər arasında bağlanmış İNT/P/034/18 nömrəli xx.xx.2018-ci il tarixli Podrat müqaviləsi üzrə iddiaçı tərəfindən yerinə yetirilən və təhvil-təslim aktı əsasında təhvil verilən işlərin dəyərindən 8.892 manat mənzilin dəyərinə yönləndirilib silinmiş və cavabdehə 79.515,15 manat borcu qalmışdır.

6. İddiaçı tərəfindən imzalanan xx.xx.2019-cu il tarixli 04956 nömrəli və xx.xx.2019cu il tarixli 04288 nömrəli kassa məxaric orderlərinə görə, cavabdeh tərəfindən iddiaçıya “Komfort” yaşayış kompleksi mənzillərinin təmirinə görə müvafiq olaraq 2.804,66 manat və 60.412,34 manat, ümumilikdə 63.217 manat məbləğdə ödəniş edilmişdir.

7. xx.xx.2020-ci il tarixli 04983 nömrəli kassa məxaric orderinə əsasən, cavabdeh tərəfindən iddiaçıya 214, 250, 252, 256 nömrəli mənzillərin təmirinə dair xx.xx.2020-ci il tarixli 180 nömrəli akta əsasən 8.892,7 manat məbləğdə ödəniş edilmişdir.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 71.960 manat pulun və 400 manat mediasiya xərcinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddianın əsaslarına görə, iddiaçı ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixli 034/18 nömrəli podrat müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehin göstərdiyi işlərin icrası podratçı kimi iddiaçıya tapşırılmışdır. Görüləcək işlərin əvəzində cavabdeh tərəfindən iddiaçıya Bakı şəhəri Şirin Mirzəyev küçəsində tikilən “Komfort” yaşayış kompleksinin İİİ blok 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 86,02 kv.m. təşkil edən 333 nömrəli mənzil ayrılmışdır. Görüləcək işlər həmin mənzilin dəyərindən çıxılmalı idi. Lakin, ilkin olaraq mənzilə görə iddiaçı tərəfindən 15.000 manat ödənilmişdir. İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ümumilikdə 56.960 manat dəyərində iş görülmüşdür. xx.xx.2019-cu il tarixədək görülmüş işlərin dəyəri olan 6.214 manat pul vəsaiti iddiaçıya verilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışına görə ayrılmış mənzildən çıxılmışdır. Daha sonra 27.346 manat dəyərində işlər görülmüşdür. Bundan başqa, “Komfort” yaşayış kompleksində 23.400 manatlıq iş görülmüş, həmin işlərin dəyəri isə nəğd qaydada ödənilməli idi. Lakin, cavabdeh öz öhdəliyini pozmuş, iddiaçı ilə mübahisə yaratmış, görülmüş işlərin keyfiyyətsiz olmasını əsassız olaraq iddia etmişdir. Görülmüş işlər keyfiyyətli olmuş, işlər görüldükdən sonra cavabdeh işləri qəbul etmiş, əgər işlər keyfiyyətsiz idisə cavabdeh həmin işləri qəbul etməzdi. Cavabdeh qəsdən iddiaçı ilə mübahisə yaratmış, əsassız iddialar irəli sürmüş, mənzilin iddiaçıya verilməsindən imtina etmiş, iddiaçıya ayrılmış mənzili başqa şəxsə satmış, iddiaçı tərəfindən görülmüş işlərin dəyərini isə ödəməmişdır. Cavabdehin sifarişi əsasında iddiaçı tərəfindən xx.xx.2018-ci il tarxdən xx.xx.2020-ci il tarixədək “Komfort” yaşayış kompleksində görülmüş işlərin dəyəri 56.960 manat təşkil edir. Həmçinin, görüləcək işlərin əvəzində veriləcək mənzilə görə iddiaçı cavabdehə 15.000 manat da ödəmişdir. Ümumilikdə, cavabdehin görülmüş işlərə görə iddiaçıya 71.960 manat borcu yaranmışdır.

10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 71.960 manat məbləğdə pul və 400 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

11. Qətnamənin əsaslarına görə, “İddiaçı tərəfindən işlərin görülərək təhvil verilməsini və iddiaçı tərəfindən işlərin təhvil alınmasını, eyni zamanda görülmüş işlərə görə muzdun məbləğini və cavabdehə ödənilmiş 15.000 manat mübahisələndirmir. Tərəflərin arasındakı mübahisə yalnız görülmüş işlərə görə muzdun ödənilibödənilməməsi barədədir. Mübahisənin mahiyyətini görülmüş işlərə görə muzdun ödənilməsinə dair fikir ayrılığı təşkil edir. Belə ki, cavabdeh muzdun artıqlaması ilə ödənildiyini, iddiaçı isə muzdun ödənilmədiyini bildirir. Ona görə də mübahisənin düzgün həll edilməsi üçün görülmüş işlərə görə muzdun ödənilib-ödənilməməsinin müəyyən edilməsi üçün tərəflərin məhkəməyə təqdim etdikləri sübutlar araşdırılmalıdır. ... Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi tərəflər muzdun ödənilməsini cavabdeh tərəfindən iddiaçıya satılması nəzərdə tutulmuş mənzilin dəyərinə yönəldilməklə, yəni görülmüş işlərin dəyəri əvəzində mənzilin verilməsi razılaşdırılmışdır. Lakin iş materiallarından, eyni zamanda tərəflərin izahatlarından göründüyü kimi həmin mənzil muzdun əvəzi kimi iddiaçıya təqdim edilməmiş və bu hal işin mübahisələndirilməyən halıdır. Cavabdeh muzdun iddiaçıya ödənilməsinə dair məhkəməyə xx.xx.2019-cu il tarixli 04956 nömrəli, xx.xx.2019-cu il tarixli 04288 nömrəli və xx.xx.2020-ci il tarixli 04983 nömrəli kassa məxaric orderləri təqdim etrmiş və həmin orderlərə görə cavabdeh tərəfindən iddiaçıya 2.804,66 manat, 60.412,34 manat və 8.892,7 manat, ümumilikdə 72.109,7 manat məbləğdə ödəniş edilmişdir. Lakin orderlər cavabdeh tərəfindən təsdiq edilməmişdir. Eyni zamanda orderlərin tarixlərini nəzərə aldıqda orderlər işin hallarına uyğun gəlmədiyindən mötəbər hesab oluna bilməz. Belə ki, iddiaçı tərəfindən görülmüş işlərin dəyəri xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixlərdə mənzilin dəyərinə yönəldilmiş və mənzilin dəyərindən silinmişdir (xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli Maliyyə arayışları). Bundan başqa, orderlər üzrə cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə 2.804,66 manat, xx.xx.2019-cu il tarixdə isə 60.412,34 manat, ümumilikdə 63.217 manat iddiaçıya pul ödənildiyi (iddiaçının göstərdiyi görülmüş işlərin dəyərindən, yəni 56.960 manatdan artıq) halda, iddiaçı ilə cavabdeh arasında görülən işlərə görə muzdun mənzilə yönəldilməsinə dair xx.xx.2019-cu il tarixli, KY-413/2019 nömrəli müqavilə bağlanmışdır. Cavabdehin nümayəndəsi göstərilən hallara münasibət bildirə bilməmiş, bu halları təkzib edən faktları sübut edə bilməmişdir.”

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 442, 752.1, 755-ci maddələrinə istinadla əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir.

14. Şikayətin dəlillərinə görə, iş materialları ilə xx.xx.2019-cu il tarixli 04956 nömrəli, xx.xx.2019-cu il tarixli 04288 nömrəli və xx.xx.2020-ci il tarixli 04983 nömrəli kassa məxaric orderləri ilə tam təsdiq olunur ki, məhkəmənin təmin etdiyi iddia tələbi tamamilə haqsız tələbdir, həmin kassa məxaric orderlərindən görünür ki, iddiaçının tələbi 71.960 manat olduğu təqdirdə, cavabdeh tərəfindən iddiaçıya 72.109,7 manat məbləğdə ödəniş edilmişdir. Lakin birinci instansiya məhkəməsi mötəbər olan həmin sübutlara düzgün qiymət verməmiş, iddiaçının dediklərini əsas sübut kimi qəbul etmişdir. Məhkəmənin öz qətnaməsinin 5-ci səhifəsinin 5-ci abzasında qeyd etdiyi orderlər üzrə cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə 2.804,66 manat, xx.xx.2019-cu il tarixdə isə 60.412,34 manat, ümumilikdə 63.217 manat iddiaçıya pul ödənildiyi (iddiaçının göstərdiyi görülmüş işlərin dəyərindən, yəni 56.960 manatdan artıq) halda, iddiaçı ilə cavabdeh arasında görülən işlərə görə muzdun mənzilə yönəldilməsinə dair xx.xx.2019-cu il tarixli KY-413/2019 nömrəli müqavilə bağlanmışdır arqumenti qəbul edilməzdir. Məhkəmənin bu hala istinad etməsi bir daha sübut edir ki, cavabdeh tərəfindən iddiaçının gördüyü işlərin dəyəri tamamilə ödənilmişdir. Belə ki, iddiaçı öz iddiasının əsası kimi xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2029-cu il tarixli və xx.xx.2019-cu il tarixli təhvil-təslim aktlarına (məhkəmə qətnaməsində hakim icra aktı kimi də qeyd edir) istinad edərək ona borc yarandığını və ödənilmədiyini iddia edir. İş materiallarında olan həmin sübutlarla isə sübut edilir ki, iddiaçının istinad etdiyi həmin icra aktlarına əsasən cavabdeh tərəfindən ona xx.xx.2019-cu il tarixdə 2.804,66 manat, xx.xx.2019-cu il tarixdə isə 60.412,34 manat, ümumilikdə 63.217 manat pul ödənilmişdir. Məhz işə baxan məhkəmə də özü bunu təsdiq edir. Belə olan halda MMC iddiaçıya bir işə görə iki dəfə pul ödəməməlidir. Bundan əlavə, işə baxan məhkəmənin iddiaçı ilə cavabdeh arasında görülən işlərə görə muzdun mənzilə yönəldilməsinə dair xx.xx.2019-cu il tarixli KY-413/2019 nömrəli müqavilə bağlanmışdır arqumenti isə tamamilə iş üzrə iddiaçının iddiasının əsası kimi istinad etdiyi xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2029-cu il tarixli və xx.xx.2019-cu il tarixli təhvil-təslim aktlarına uyğun təhvil-təslim edilmiş icra aktlarının və ödəniş qəbzlərinin mahiyyətinə uyğun deyil, yəni xx.xx.2019-cu il tarixli KY-413/2019 nömrəli müqavilə üzrə görüləcək işlərin dəyərinə aidiyyəti yoxdur. Belə ki, tərəflər bağlanmış podrat müqaviləsindən irəli gələn xx.xx.2019-cu il tarixli müqaviləyə dair heç bir işin təhvil-təslimini həyata keçirməmişlər və iddiaçı həmin müqavilə üzrə mənzilin dəyərindən çıxılacaq xidmət göstərməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, ona uyğun izahat vermiş, iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətini qəbul etməyib, təmin olunmamasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

18. MPM: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 53. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Maddə 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər; Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın; Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

19. “Dövlət rüsumu haqqında” AR Qanunu: Maddə 1.1. Dövlət rüsumu - dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir); Maddə 9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarı: “Apellyasiya institutu əksər dövlətlərin mülki prosessual qanunvericiliyində öz əksini tapmış və onun iki növü nəzərdə tutulmuşdur - tam və natamam apellyasiya. Tam apellyasiya zamanı (Fransa, İtaliya) mövcud prosessual hüquqda nəzərdə tutulmuş apellyasiya icraatının əhəmiyyəti işə mahiyyəti üzrə yenidən baxılmasından ibarətdir. ... Natamam apellyasiya zamanı (Avstriya və Almaniya) sübutetmə prosesi birinci instansiya məhkəməsində cəmlənib, apellyasiya məhkəməsi isə birinci instansiyada tərəflərin təqdim etdiyi faktiki materiallar əsasında işə yenidən baxaraq onun səhvlərini və nöqsanlarını aradan qaldırmalıdır. Apellyasiya məhkəməsinin vəzifəsi birinci instansiyada işin mahiyyətinə aid olmayan hallardan təmizlənmiş və apellyasiya şikayətinin həcmində mübahisənin predmetinə baxılmasından ibarətdir. ... Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini MPM-in 371 və 372-ci maddələri müəyyən edir. Bu hədləri üç qrupa bölmək olar: - yeni və əlavə sübutların təqdim olunmasında məhdudiyyətlər; - məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri; - birinci instansiya məhkəməsi tərəfindən işə baxılmanın predmeti olmayan yeni tələblərin təqdim edilməsinin qadağan olunması. ... Apellyasiya məhkəməsində yeni və əlavə sübutların təqdim olunmasında və yoxlanılmasında məhdudiyyətlər tam apellyasiyanın olmamasına dəlalət edir.”

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli Qərarı: “Apellyasiya məhkəməsində yeni və əlavə sübutların təqdim olunmasında və yoxlanmasında məhdudiyyətlər ölkəmizdə natamam apellyasiyanın olmasına dəlalət edir. Tam apellyasiyadan fərqli olaraq natamam apellyasiya zamanı apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini əvəz etmir, onun vəzifəsi birinci instansiyada işin mahiyyətinə aid olmayan hallardan təmizlənmiş və apellyasiya şikayətinin həcmində mübahisənin predmetinə baxılmasından ibarətdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, yeni tələb birinci instansiya məhkəməsi tərəfindən baxılmadığı üçün apellyasiya instansiyası məhkəməsi işi bu tələb üzrə həll etmək və bununla da birinci instansiya məhkəməsini əvəzləmək hüququna malik deyildir. Lakin MPM-in 372.5-ci maddəsinin mahiyyətinə görə dispozitivlik, çəkişmə, tərəflərin bərabərlik prinsiplərinin təmin edilməsi məqsədilə apellyasiya instansiyası məhkəməsi müstəsna hallarda yeni tələbi qəbul edə və ona baxa bilər. Belə müstəsna halı MPM-in 372.2-ci maddəsi müəyyən edir. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair MPM-in 372-ci maddəsində tərəflər üçün başqa müstəsna hal nəzərdə tutulmadığından Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, MPM-in 372.5-ci maddəsində nəzərdə tutulmuş yeni tələb apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilə bilər ki, ərizəçi həmin tələbin birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Başqa yanaşma birinci instansiya məhkəməsinin prosessual əhəmiyyətinin aşağı salınmasına gətirib çıxara bilər.”

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2022-ci il tarixli Qərarı: “Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 2012-ci il 27 avqust tarixli Qərarı). ... Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. ... İddianın predmetinin və əsasının yalnız iddiaçı tərəfindən dəyişdirilməsinə dair qayda həm də mülki prosesin digər fundamental prinsipi olan çəkişmə prinsipinin təmin olunmasına yönəlmişdir. ... Məhkəmənin iddianın predmetini və ya əsasını dəyişdirmək imkanının mövcud olması eyni zamanda bərabərlik prinsipinin pozuntusu kimi qiymətləndirilə bilər. Bu halda cavabdeh işə baxılması zamanı nəinki iddia ərizəsində irəli sürülən əsas və dəlillərə qarşı, həmçinin hüquq münasibətlərinin məhkəmə tərəfindən müəyyən edilən fərqli tövsiflərinə qarşı müdafiə olunmaq məcburiyyəti ilə üzləşəcək.”

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmir, iş üzrə mövcud olan faktlar qətnamədə qeyri-mötəbər sübutlarla təsdiq edilmişdir ki, bu da qətnamənin ləğv olunması üçün əsasdır.

25. İlk olaraq, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında əks olunan hüquqi mövqeləri rəhbər tutaraq bildirir ki, qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. Qüvvədə olan mülki prosessual qanunvericiliyə əsasən, məhkəmə tərəflərin hüquqlarının realizəsinə yönələn bir sıra prosessual səlahiyyətlərə malikdir. Bununla belə, məhkəmə heç bir halda tərəflərə məxsus prosessual səlahiyyətləri öz üzərinə götürə bilməz. İddianın əsasının və ya predmetinin dəyişdirilməsi iddiaçının müstəsna səlahiyyətinə aiddir. İddianın predmetinin və ya faktiki əsasının məhkəmə tərəfindən dəyişdirilməsinin mümkünlüyü mülki mühakimə icraatının əsas prinsiplərindən olan dispozitivlik və çəkişmə prinsiplərinin pozulmasına səbəb olar. Dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edirlər. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Dispozitivlik prinsipi baxımından pozulmuş maddi hüququn müdafiəsinin üsulu iddiaçı tərəfindən müəyyən edilir İddianın predmetinin və əsasının yalnız iddiaçı tərəfindən dəyişdirilməsinə dair qayda həm də mülki prosesin digər fundamental prinsipi olan çəkişmə prinsipinin təmin olunmasına yönəlmişdir. Məhkəmənin iddianın predmetini və ya əsasını dəyişdirmək imkanının mövcud olması eyni zamanda bərabərlik prinsipinin pozuntusu kimi qiymətləndirilə bilər.

26. Qeyd olunanlardan hərəkətlə, hazırkı iddia ilə 71.690 manat cəmi məbləğ iki əsasla tələb olunur: həmin məbləğin 56.960 manat hissəsi xx.xx.2018-ci il tarixli İNT/P/034/18 nömrəli podrat müqaviləsinə, 15.000 manat hissəsi isə xx.xx.2019-cu il tarixli KY-413/2019 nömrəli mənzilin alqı-satqı müqaviləsinə əsaslanır.

27. İddianın 56.960 manat məbləğdə pul tələbi ilə bağlı hissəsinin faktiki əsası kimi iddiaçı iddia ərizəsində iki dəfə təkrarlayaraq qeyd edir ki, “İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ümumilikdə 56.960 manat dəyərində iş görülmüşdür.”, “Cavabdehin sifarişi əsasında iddiaçı tərəfindən xx.xx.2018-ci il tarxdən xx.xx.2020-ci il tarixədək “Komfort” yaşayış kompleksində görülmüş işlərin dəyəri 56.960 manat təşkil edir.”

28. İddiaçı cavabdehə göndərdiyi xx.xx.2021-ci il tarixli pretenziyada da eyni cümlələrə yer vermiş, lakin pretenziyasında xx.xx.2018-ci il tarixli müqavilədən əvvəl də 8.000 manatlıq iş gördüyünü irəli sürmüş, bununla da cəmi 64.690 manat pul tələb etmiş, başqa sözlə, onun məhkəmədən əvvəl cavabdeh ilə xx.xx.2019-cu il tarixli mənzilin alqısatqı müqaviləsinə istinad edən 15.000 manat məbləğlə bağlı mübahisəsi olmamışdır.

29. İşdən o da müəyyən olunur ki, xx.xx.2018-ci il tarixli podrat müqaviləsi üzrə iddiaçı tərəfindən yerinə yetirilən və təhvil-təslim aktı əsasında təhvil verilən işlərin dəyərindən 6.214,85 və 8.892 manat olmaqla, cəmi 15.106,85 manat xx.xx.2019-cu il tarixli mənzilin alqı-satqı müqaviləsinə əsasən mənzilin dəyərinə yönləndirilib, silinmişdir. Bundan çıxan nəticə ondan ibarətdir ki, həmin 15.106,85 manat xx.xx.2018-ci il tarixli podrat müqaviləsi üzrə təhvil verilən işlərin dəyəri olaraq iddiaçıya ödənilmiş, ödənilmə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən mənzil üzrə iddiaçının qalıq borcuna yönəldilmişdir.

30. xx.xx.2019-cu il tarixli mənzilin alqı-satqı müqaviləsi qüvvədədir, tərəflər üçün məcburilik ifadə edir, iddiaçı müqavilənin qanuniliyini mübahisə etmir, 15.000 manat məbləğdə pulun qaytarılmasını müqavilənin hər hansı şərtinin pozulması ilə yox, xx.xx.2018-ci il tarixli podrat müqaviləsi üzrə ona ödənilməyən borc məbləği ilə əsaslandırır.

31. Əksinə, cavabdeh birinci instansiya məhkəməsinə xx.xx.2019-cu il tarixli mənzilin alqı-satqı müqaviləsinin ləğvi tələbini ehtiva edən qarşılıqlı iddia ərizəsi təqdim etsə də, xx.xx.2022-ci il tarixli qərardadla qarşılıqlı iddia qaytarılmışdır.

32. Göründüyü kimi, iddia 15.000 manat pul tələbi hissədə həmin məbləğ iddiaçıya ödənildiyi üçün əsassızdır. Əgər iddiaçı hesab edirsə ki, 15.000 manat xx.xx.2019-cu il tarixli mənzilin alqı-satqı müqaviləsinə zidd olaraq 333 nömrəli mənzilin dəyərinə yönləndirilib silinmişdir, o halda o, adıçəkilən müqaviləni mübahisələndirmək yolu ilə hüquqlarının məhkəmə müdafiəsindən istifadə edə bilərdi.

33. Güman olunsa ki, 15.000 manat pul tələbi hissədə iddianın faktiki əsasını xx.xx.2019-cu il tarixli mənzilin alqı-satqı müqaviləsi yox, xx.xx.2018-ci il tarixli podrat müqaviləsi təşkil edir, o halda iddia eyni hissədə həmin məbləğin iddiaçıya ödənildiyi sübuta yetirildiyi üçün əsassız olacaq.

34. İddia 56.960 manatın ödənilməsi tələbi hissədə də əsaslı deyil. Belə ki, iddiaçının bildirdiyi kimi o, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ümumilikdə 56.960 manat dəyərdə iş görmüşdür, bunun qarşlığında isə ona xx.xx.2019 və xx.xx.2019cu il tarixli kassa məxaric orderləri ilə cəmi 63.217 manat ödənilmişdir.

35. İddiaçı həmin 63.217 manatın əvvəllər görülmüş başqa işlərin dəyəri olaraq ödənildiyini bildirərək, apellyasiya instansiyası məhkəməsinə xx.xx.2019-cu il tarixli 378/02 nömrəli maliyyə arayışını və xx.xx.2018-ci il tarixli aktı təqdim etmiş, həmin yeni sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra və sübuta edə bilmədiyi üçün, qeyd olunan sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilməmişdir, həmin hüquqi fakta münasibətdə məhkəmə kollegiyasının qəti mövqeyi bundan ibarətdir.

36. Fərz olunsa ki, sözügedən iki sübut apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilə bilərdi, o halda həmin sübutlar da iddianın əsaslılığını təsdiq etməyəcəkdi. Belə ki, qeyd edildiyi kimi, iddia ərizəsində tələbin faktiki əsası kimi iki hüquqi fakta istinad olunur: xx.xx.2018-ci il tarixli podrat müqaviləsi və xx.xx.2019-cu il tarixli 333 nömrəli mənzilin alqı-satqı müqaviləsi.

37. İddia ərizəsindən o da məlum olur ki, “xx.xx.2018-ci il tarixli 034/18 saylı podrat müqaviləsinə ... əsasən ... görüləcək işlərin əvəzində cavabdeh tərəfindən iddiaçıya ... 333 saylı mənzil ayrılmışdır. Görüləcək işlər həmin mənzilin dəyərindən çıxılmalı idi. Lakin, ilkin olaraq mənzilə görə iddiaçı tərəfindən 15.000 manat ödənilmişdir. ... Daha sonra 27.346 manat dəyərində işlər görülmüşdür. Bundan başqa, “Komfort” yaşayış kompleksində 23.400 manatlıq iş görülmüş, həmin işlərin dəyəri isə nəğd qaydada ödənilməli idi.”

38. Göründüyü kimi, iddia ərizəsində xx.xx.2018-ci il tarixli podrat müqaviləsi ilə yalnız 333 nömrəli mənzilin alqı-satqı müqaviləsi əlaqələndirilmiş, habelə iddianın yalnız 15.000 manat hissəsi mənzillə bağlı olmuşdur, qalan 50.746 manat isə nağd qaydada ödənilməli idi, yəni hər hansı mənzilin dəyərinə yönəldilməmişdir.

39. xx.xx.2019-cu il tarixli 333 nömrəli mənzilin alqı-satqı müqaviləsində də yalnız xx.xx.2018-ci il tarixli podrat müqaviləsinə istinad olunmuşdur.

40. Lakin xx.xx.2019-cu il tarixli maliyyə arayışında ödənişin 368 nömrəli mənzillə bağlı həyata keçirildiyi göstərilmişdir ki, həmin mənzilə dair fakta iddia ərizəsində istinad edilməmiş və fakt birinci instansiya məhkəməsində də araşdırma predmeti olmamışdır.

41. Bundan əlavə, iddiaçı, əgər xx.xx.2019-cu il tarixli maliyyə arayışı mövcud idisə, xx.xx.2019-cu il tarixli kassa məxaric orderini imzalayaraq, 60.412,34 manat məbləğdə pulu qəbul etməsini də izah və əsaslandıra bilməmişdir. Hər iki, yəni həm xx.xx.2019-cu il tarixli maliyyə arayışının, həm də xx.xx.2019-cu il tarixli kassa məxaric orderinin ortaq cəhətləri bundan ibarətdir ki, həmin məbləğdə pullar iddiaçıya ödənilmişdir, birində mənzilin borcundan azaldılmaqla, digərində nağd qaydada. Bu mənada, birinci instansiya məhkəməsinin mötəbərliyi hətta iddiaçı tərəfindən mübahisə edilməyən adıçəkilən kassa məxaric orderlərinə münasibətdə “Lakin orderlər cavabdeh tərəfindən təsdiq edilməmişdir.” məzmunda mövqeyi qanunsuz və əsassız olmuşdur.

42. xx.xx.2018-ci il tarixli aktdan isə aydın olur ki, tərəflər arasında xx.xx.2018-ci il tarixli 331/18 nömrəli, xx.xx.2018-ci il tarixli 332/18 nömrəli və xx.xx.2018-ci il tarixli 340/18 nömrəli podrat müqavilələri də bağlanmış, həmin müqavilələr üzrə borclar 3 ədəd ikiotaqlı mənzillə əvəzləşdirilmiş, bundan əlavə cavabdeh 95.327 manat nağd ödəniş etmiş, nəticədə 11.819 manat artıq ödəniş olmuşdur.

43. xx.xx.2018-ci il tarixli aktdan irəli gələn nəticəyə görə, hazırkı iddianın əsası kimi çıxış edən xx.xx.2018-ci il tarixli podrat müqaviləsindən sonra da tərəflər arasında xx.xx.2018 tarixli podrat müqaviləsi bağlanmış və həmin müqavilə icra olunmuşdur ki, xx.xx.2018-ci il tarixli podrat müqaviləsi icra olunub, mübahisə yaratmadığı halda, ondan əvvəl bağlanmış xx.xx.2018-ci il tarixli podrat müqaviləsi üzrə öhdəliyin cavabdeh tərəfindən yerinə yetirilməməsi ağlabatan və inandırıcı deyil.

44. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunsuz olmuşdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunmaqla, qətnamənin ləğvinə əsas verir. Bu səbəbdən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia əsassız olduğundan rədd edilməli, apellyasiya şikayəti təmin edilməli, iddia ərizəsinin verilməsinə və mediasiyaya görə xərclər iddiaçıya aid edilməlidir.

45. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1844/2022 nömrəli iş üzrə 19 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh MMC-yə qarşı cavabdehdən 71.960 manat pulun və 400 manat mediasiya xərcinin tutularaq ona ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. İddia ərizəsinin verilməsinə və mediasiyaya görə xərclər iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar